Abbasqulu Aga Bakixanov - Wikipedia
Abbasqulu ağa Mirzə Məhəmməd oğlu Bakıxanov (təxəllüsü: Qüdsi; 21 iyun 1794[1], Əmircan – 31 may 1847[1], Məkkə, Həbəşistan əyaləti) — Azərbaycan şairi, yazıçı, alim, mütəfəkkir və tərcüməçi. Azərbaycanın ilk tarixçisi hesab olunur.[2] Bir çox məşhur Azərbaycan tarixi əsərlərinin müəllifi Azərbaycan tarix elminin əsasının qoyan ilk tarixçi XIX əsr Azərbaycan maarifçilərindən biri olan Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoymuşdur. "Qüdsi" təxəllüsü ilə Azərbaycan, ərəb və fars dillərində şeirlərin müəllifidir. Qubada "Gülüstan" adlı elmi-ədəbi məclisin (1835) təşkilatçılarından biri olmuşdur. 1820–1830-cu illərdə Çar Rusiyası ordusunda qulluq etdiyi zaman Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin imzalanmasında tərcüməçi kimi iştirak etmişdir.
Abbasqulu ağa Bakıxanov | |
---|---|
Təxəllüsü | Кудси |
Doğum tarixi | 21 iyun 1794[1] |
Doğum yeri | |
Vəfat tarixi | 31 may 1847[1] (52 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vəba |
Atası | II Mirzə Məhəmməd xan |
Fəaliyyəti | tarixçi, filosof, yazıçı, şair, hərbi qulluqçu |
Əsərlərinin dili | ərəb dili, Azərbaycan dili, fars dili |
Mükafatları | |
Abbasqulu ağa Bakıxanov Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAbbasqulu ağa Bakıxanov 1794-cü il 21 iyun Bakının Əmircan kəndində anadan olmuşdur. Onun atası II Mirzə Məhəmməd Xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Bakıxanov 8 yaşına qədər Bakıda yaşamış, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı kəndlərində keçirmişdir.1802-ci ildə atası xanlıq taxtı uğrunda vuruşmalarda öz əmisi oğlu Hüseynqulu xana məğlub olduğuna görə məcburiyyət qarşısında qalaraq Qubaya, vaxtı ilə dayısı Fətəli xanın ona bağışladığı Amsar kəndinə köçməli olmuşdur. Abbasqulu ağa 1819-cu ilədək Qubada, Amsar kəndində yaşamış, yarımçıq qalan təhsilini davam etdirmişdir. Burada o ərəb və fars dillərini mükəmməl öyrənmiş, bu dillərdə yazılmış xeyli ədəbiyyat oxumuşdur. Şərq dilləri ilə yanaşı ədəbiyyat, ilahiyyat və fəlsəfəni mükəmməl öyrənməyə səy göstərmişdir.[3]
1819-cu ildə Bakıxanov o zamankı Qafqazın baş hakimi general A. Yermolovun dəvəti ilə Tiflisə gəlib Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri üzrə tərcüməçi vəzifəsinə qəbul olunmuş və 26 il bu vəzifədə çalışmışdır.[3] Tiflis mühiti, Avropa və rus şair və ziyalıları ilə görüş onun dünyagörüşündə dərin iz buraxmışdır. Həmçinin, burada o A. S. Qriboyedovla tanış olmuşdur; hətta sonuncu öz əsərlərinin ilkin variantını A. Bakıxanova oxumuşdur. Həmin dövrdə Tifilsdə yaşamış alman şairi Fridrix Bodenştedt özünün "Şərqdə min bir gün" adlı əsərində A. Bakıxanov yaradıcılığına yüksək qiymət verir. A. Bakıxanov A. S. Qriboyedov, F. Bodenştedt, Fazil xan Şeyda, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə və başqaları ilə dostluq etmişdir. O, 1827-ci ildə Cənubi Azərbaycanda olmuş[3], 1833–1834-cü illərdə Varşavada və Peterburqda yaşamış, rus şairi A. S. Puşkinin ailəsi ilə tanış olmuşdur.[4] 1835-ci ildə Qubaya qayıdaraq elmi və ədəbi yaradıcılığını davam etdirməklə yanaşı "Gülüstan" adlı ədəbi məclis yaratmışdır. Bir jurnalist kimi o, "Tiflisskiye vedomosti", "Zakavkazskiy vestnik", "Kavkaz" qəzetlərinin fəaliyyətində iştirak etmişdi. 1847-ci ildə Abbasqulu ağa Bakıxanov Məkkədən Mədinəyə gedərkən Vadiyi-Fatma adlanan yerdə vəba xəstəliyinə tutulub vəfat etmiş və həmin yerdə dəfn olunmuşdur.
- General-leytenant Cəfərqulu ağa Bakıxanovun və general Abdulla ağa Bakıxanovun qardaşıdır.
- General-mayor Həsən ağa Bakıxanovun, polkovnik Əhməd ağa Bakıxanovun əmisidir.[5]
Bədii yaradıcılığı
redaktəAbbasqulu ağa Bakıxanov çoxcəhətli bədii və elmi yaradıcılığa malikdir. Bədii əsərləri arasında "Riyazül-Qüds", "Mişkatül-ənvar"adlı poeması, "Qüdsi" təxəllüsü ilə yazdığı qəsidə, qitə, qəzəl, rübai, məsnəviləri, avtobiorafik şeirləri, mənzum hekayələri, təmsilləri öz əksini tapmışdır.
Poemaları
redaktəA. Bakıxanovun Varşavada olarkən yazdığı "Merace-xəyal" ("Xəyalın uçuşu"),"Məclisi-firəng" ("Firəng məclisi") poemaları xüsusi əhəmiyyət kəsb edir. Fars dilində yazılmış bu poemalar avtobioqrafik səciyyə daşıyır. Onlar öz məzmununa, bədii strukturuna, dil və üslub xüsusiyyətlərinə görə klassik Şərq ədəbiyyatında geniş yayılmış "Şikayətnamə"ləri, "Ərzi-hal"ları xatırladır. Qüdsi bu poemalarında Varşavadakı həyat tərzini, məşğuliyyətini, mənəvi-əxlaqi düşüncə, axtarış və iztirablarını və nəhayət, Şərq və Qərb dünyası barədə görüşlərini təqdim etmişdir.[6] Və Yaradıcılığının ilk illərində onun dünyagörüşü üçün dini sxolastika və mistika səciyyəvi idisə, bu əsərlərinə dini mistikadan çox uzaqlaşır. A. Bakıxanov "Firəng məclisi" poemasında həyat təcrübəsi çox məhdud olan bir gənc zadəganın günlərini əyan məclislərində, eyş-işrətlə keçirən, sərbəst, mənasız həyat sürən ərli gözəl bir xanıma aşiq olması, onun uğursuz məhəbbət macəraları, keçirdiyi hiss və həyəcanları, mənəvi iztirabları romantik üslubda əks olunub. Poemalarından aydın görünür ki, o, Avropa zadəgan təbəqələrində hökm sürən sevgi, ailə münasibətlərini, əxlaq normalarını bəyənməmişdir, lakin o, Avropa zadəgan təbəqələrinin məişətini və adət-ənənələrini təsvir edərkən tünd satirik boyalara müraciət etməmişdir. O, belə hesab edirdi ki, hər bir xalqın özünəməxsus həyat tərzi, adət-ənənələri, əxlaq normaları vardır və onlar həmin xalq üçün xoşdur, əzizdir.[6] Şair "Firəng məclisi" poemasını mənalı, ibrətamiz bir sonluqla bitirir:
Həqiqət axtarana lazımdır möhkəm dəlil, Haqqı rədd ya qəbulla anlamaq mümkün deyil.
Yaxşıya da, pisə də bir pərdə çəkilmişdir. Özgəyə ayıb tutmaq özü də ayıb işdir.
Təsəvvürdə, təftişdə zənn etmə düz yoldasan, Təkcə sən öz əqlinə arxalanma heç zaman.
Ağılla dərk edirik nöqsan cəhətləri biz, Nöqsanını dərk edən ağıllıdır şübhəsiz.— "Məclisi-Firəng" ("Firəng məclisi")
"Xəyalın uçuşu" poemasında isə şair Rusiyanı səyahət edərək Lehistana (Polşaya) getməsindən və bir neçə ay Varşavada yaşayaraq şəhərin ağıllı, savadlı, mötəbər dövlət nümayəndələri və alimləri ilə tanış olmasından, yüksək zadəgan məclislərində iştirak etməsindən bəhs edir. Polşanın baş hakimi vəzifəsində çalışan Paskeviçi yüksək ləyaqətə malik olan dövlət xadimi kimi tərifləyir, polyak zadəgan xanımlarının gözəlliyinə məftun olduğunu bildirir.[6] Şair Varşavada maraqlı, mədəni bir mühitə düşməsinə baxmayaraq buradakı həyatından, taleyindən razı deyildir. O, burada mənəvi rahatlıq tapa bilməyib, ağır mənəvi iztirablar keçirir. A. Bakıxanov Varşavada keçirdiyi bu daxili mənəvi təlatümü, ruhi sıxıntıları əsərdə maraqlı bir şəkildə əks etdirmişdir.[7] Poemada öz doğma diyarının, kəndinin parlaq, əlvan, romantik boyalarla təsvir və tərifini verən şair bu əsərini vətənpərvər misralarla bitirir:
Bir əhd etdim xəyalıma bu axşam, Bu səfərdən əgər mən sağ qayıtsam, O guşədə sakit qərar tutaraq, Yaşayaram qovğalardan mən uzaq. Qalan ömrü keçirərəm firavan Şükür edərəm Allahıma hər zaman. Qüdsi, xoşdur Əmsar adlı məskənin, Şəhərlərdən çox üstündür öz kəndin.
Təmsilləri
redaktəAbbasqulu ağa Bakıxanov "Tülkü və qoyun", "Qurd və ilbiz", "Yersiz iftixar" kimi təmsillərin müəllifidir. Onun qələm yaradıcılığından çıxan hər bir əsər zövq oxşayır. A. Krılovun "Eşşək və bülbül" təmsilini tərcümə etmişdir. Onun "Tatar nəğməsi" adlı şeiri polyak şairi Lado Zablotski tərəfindən polyak dilinə çevrilmişdir.
Elmi əsərləri
redaktəAbbasqulu ağa Bakıxanov Azərbaycan elmi tarixində mühüm rolu olan böyük alimdir. "Qanuni-Qüdsi", "Əsrarül-məlaküt", "Təhzibül-əxlaq", "Eynül-mizan", "Gülüstani-İrəm" kimi əsərləri ilə böyük şöhrət qazanmışdır. Abbasqulu ağa Bakıxanovun dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və sair elmlərə aid əsərləri onun ensiklopedik biliyə malik bir alim olduğunu göstərməkdədir.
"Qanuni-Qüdsi" əsəri
redaktəOnun birinci elmi əsəri fars dilinin qrammatikasına aid yazdığı "Qanuni-Qüdsi" əsəridir. Əsər [1828]-ci ildə yazılmışdır. Fars dilinin qanunlarını öyrədən bu əsər müəllifin kiçik, lakin dərin məzmunlu girişindən, "Hərflər" (fonetika), "Kəlmələr" (morfologiya) və "Cümlə" (sintaksis) adları altında ayrı-ayrı üç fəsildən ibarətdir. Girişdə müəllif dilin yığcam elmi tərifini verdikdən sonra, bu əsəri nə münasibətlə, nə kimi şəraitdə və hansı prinsiplər əsasında yazdığı haqqında qısa və aydın elmi izahat verir. Həmin girişdən yenə aydın görünür ki, müasir dilçilik elminin tələbləri nöqteyi-nəzərindən çıxış edən alim bu əsərini yazarkən fars dilinin qanunlarını kitablardan deyil, canlı danışıq dilindən öyrənmişdir. 1826 — Rusiya – İran müharibələri zamanı o tez-tez İrana gedərək bu dil üzərində müşahidə aparmış və zəngin material toplamışdır. "Qanuni-Qüdsi"də fars dilinin qanunları haqqında çıxardığı hökm və nəticələrini həmin materialdan istifadə edərək, bu dilin təbiətinə uyğun şəkildə vermişdir. "Qanuni-Qüdsi" əsərini özü rus dilinə ("Краткая грамматика персидского языка") tərcümə etmişdir.
"Kəşfül-Qəraib" əsəri
redaktəCoğrafiya elminə aid onun iki əsəri var. Bunlardan biri "Kəşfül-qəraib", digəri "Ümumi coğrafiya"dır. Hər iki əsər fars dilində yazılmışdır. İki fəsildən ibarət olan "Kəşfül qəraib" Amerikanın Xristofor Kolumb (1451–1506) tərəfindən kəşf olunmsından və Yer kürəsinin qərb hissəsini təşkil edən bu qitənin vəziyyətindən bəhs edir. Amerikanın kəşfinə dair olan bu əsəri Abbasqulu ağa Bakıxanov "Məriz" təxəllüslü şair-alim Mirzə Məhərrəm ilə birlikdə fars dilində yazmışdır: Əsər təkcə Amerikanın kəşfi hadisəsi ilə bitmir. Burada Xristofor Kolumbun (1451–1506) başına gələn əhvalatlar, o zamankı Amerika ərazisində yaşayan qəbilələrin ənənə və mərasimlərindən, əxlaq normalarından, coğrafi və iqlim şəraitindən geniş bəhs edilir. Əsər sadə xalq dilində qələmə alındığından maraqla oxunur və tarixi oçerk təsiri bağışlayır. "Ümumi coğrafiya" — fars dilində yazdığı bu qiymətli əsəri əlimizdə yoxdur. "Gülüstani-İrəm"də verilən məlumatdan aydın olur ki, alim bu əsərində dünyanın təbii və siyasi əhvalından, cəmiyyət quruluşundan, qitə və sərhədlərdən, maddələrin tərkib və vəziyyətindən. bəhs etmişdir. Yarımçıq qalan "Ümumi coğrafiya" əsəri haqqında müəllif özü belə məlumat verir: "Bu əsər farsca olub, dünyanın riyazi, təbii və siyasi əhvalından, əcramın vəziyyətlərindən, ünsürlərin xassələrindən, məvalidin məhsulatından, iqlimlərin hüdüdunu təyin etmək və Yer kürəsi əhalisinin siniflərini müəyyən etməkdən və hər bir ölkənin yaşayış tərzindən bəhs edir". Bakıxanovun yaradıcılığı ciddi tədqiq edildikdə aydın oldur ki, müəllif ərəb dilində "Əsrarül-Mələkut"u yazarkən özünün "Ümumi coğrafiya" əsərindən müəyyən qədər istifadə etmişdir.
"Əsrarül-məlaküt" əsəri
redaktəƏsərinin müqəddiməsində həmin əsərin "Ümumi coğrafiya" kitabının "riyazi hissəsindən" götürüldüyü qeyd olunur. Bu əsər ərəb dilində qələmə alınmışdır. Əsərdə müəllif islamın ehkamlarının əksinə olaraq heliosentrik nəzəriyyəyə tərəfdar çıxmışdır. 30-cu illərdə Abbasqulu ağa Bakıxanov kainatın quruluşu və vəziyyətindən bəhs edən əsərlərlə maraqlanır, qədim yunan və ərəb alimlərinin bu sahədə yazdıqları əsərləri mütaliə edir. Yeni inqilabi kəşfləri ilə məşhur olan Nyuton, Qaliley, Kopernik, Kepler və s. məşhur alimlərin əsərləri ilə tanış olur. Maraqlıdır ki, o bu əsəri 1832-ci ildə yazmış və özü ilə 1846-cı ildə Türkiyəyə aparmış və Osmanlı sultanı Sultan Əbdülməcidə təqdim etmişdir. Əsər 1848-ci ildə Türkiyədə "Əfkarül-cəbarut fi əsrarül-məlakut" adı ilə İstanbulda nəşr olunmuşdur. O bu çapı görə bilməmişdir. Müəllifin qeyd etdiyinə görə əsərin farsca da variantı olmuşdur, lakin həmin variant əlimizdə yoxdur. Onun ərəb dilində yazılmış digər elmi əsəri "Eynəl-mizan" adlanır. Əsər məntiq elminə həsr olunub. Abbasqulu ağa Bakıxanov pedaqoji məsələlərlə bir alim kimi məşğul olmuş, uşaqların və gənclərin tərbiyəsi ilə əlaqədar olan iki əsər yazmışdır ki, bunlardan biri "Təhzibül-əxlaq", digəri isə "Kitabi-nəsihət"dir.
"Təhzibül-əxlaq" əsəri
redaktə1831-ci ildə yazılmışdır və onu Abbasqulu ağa Bakıxanovun əsas əxlaqi-fəlsəfi əsəri hesab etmək olar. Bu əsərdə o, cəmiyyət haqqındakı fikirlərini bir sistem şəklində şərh edərək, gənclər arasında nəcib əxlaq normalarını, onun gözəl cəhətlərini təbliğ edir. Əsər müqəddimə və xülasədən başqa 12 fəsildən ibarətdir. Müqəddimədə kitabın yazılma səbəbləri və hikmət qanunları, xülasədə isə bilik əldə etməyin sirləri haqqında danışılır. Fəsillərin adlarından aydın olur ki, A. Bakıxanov bu əsəri yazarkən klassik Şərq ədəbiyyatında bu səpkidə yazılmış bir çox kitabları araşdırmışdır. O, əsərdə bir əxlaq müəllimi kimi faydalı məsləhət və nəsihətləri ilə oxucunu düz yola dəvət edir, onu əməyə rəğbət, dostluğa sədaqət, böyüklərə hörmət, təvaze və ədalətə çağırır. İnsan qəlbini ləkələyən, onu cəmiyyət içərisində xar edən tənbəllik, riya, paxıllıq, nankorluq, yalançılıq kimi alçaq sifətlərdən çəkindirməyə çalışır və öz fikirlərini elmi surətdə, dərin fəlsəfi izah və sübutlarla möhkəmləndirir, bir çox məsələlərdə dünyəvi əxlaq cəbhəsində duraraq ümumbəşəri əxlaq normalarını təbliğ edir. Əsərdə yeri gəldikcə Şərqin Sənai, Əttar, Rumi, Sədi, Hafiz kimi məşhur şairlərinin şeirlərindən istifadə edir və əxlaq gözəlliyi ifadə olunmuş bu şeir parçaları ilə oxucunun qəlbinə daha çox təsir göstərməyə çalışır. "Təhzibül-əxlaq" müəllifin pedaqogika və psixoogiyaya aid elmi və nəzəri məsələləri əhatə edən fəlsəfi əsəridir. Əsər fars dilində yazılmış müqəddimə, on iki fəsil və nəticədən ibarətdir. "Təhzibül-əxlaq" əsərinin əsas məqsədi gəncləri pis əməllərdən çəkindirmək, onlarda nəcib və gözəl əxlaqi normaları tərbiyələndirməkdir. Şəxsiyyətin bütövlüyü, vicdan təmizliyi, doğruluq, ədalət, mərdlik, yoxsul və məzlumlara hamilik, insanlarla yaxşı rəftar, düşkün ehtiraslardan özünü saxlamaq, dünya malına tamah salmamaq, şöhrətpərəstlikdən çəkinmək, təvazökarlıq, zəhməti sevmək, elm və maarifin bayrağını hər şeydən uca tutmaq, vətənə və xalqa məhəbbət və s. bu əsərin irəli sürdüyü əsas əxlaqi məsələlərdəndir. "Təhzibül-əxlaq" əsərində müqəddimədən sonra gələn "E`tidala riayət", "Yaxşı işlərin fəziləti", "Can sağlığının qazanılması", "Şöhrətin bəyanı" fəsilləri əxlaq nəzəriyyəsi onun insanlığa, vətənə və xalqa olan məhəbbəti, maarifi və demokratik dünyagörüşü ilə bağlıdır. O bu nəzəriyyəsi ilə gənclərdə elə gözəl əxlaqi sifətlər tərbiyə etmək istəyir ki, onlar müasir cəmiyyətin faydalı və xeyirxah üzvləri olsunlar, onlardan xalqa zərə yetişməsin. Bu əsərdə Abbasqulu ağa Bakıxanov nəzəriyyə ilə təcrübənin qarşılıqlı əlaqə və münasibətini təyin etməyə çalışır. Elmlə əməlin bir-birindən asılı olduğunu izah edərkən, elmə üstünlük verir. Kainat və ilahiyyat məsələlərinin qısa fəlsəfi şərhindən ibarət olan "Xatimə"də müəllif kainatın maddi bir varlıqdan ibarət olduğunu, əşya və maddənin haldan-hala keçərək dəyişməsini, varlıqda yoxluğun olmamasını təsdiq edir. Burada Abbasqulu ağa Bakıxanovun qədim yunan materialist filosofları Demokrit və Empedoklun əsərləri ilə tanış olduğu aydın hiss olunmaqdadır, lakin bu materialist dünyagörüşü onda müntəzəm və ardıcıl surətdə axıra qədər davam etmir, idealist dünyagörüşü ona qalib gəlir. "Təhzibül-əxlaq"dan sonra Abbasqulu ağa Bakıxanovun ikinci pedaqoji əsəri "Nəsayeh", "Kitabi-nəsihət" və ya "Nəsihətnamə"dir. Bu əsəri "Təhzibi-əxlaq"dan çıxarış da hesab etmək olar. "Kitabi-nəsihət"də 103 nəsihət vardır. Əsər müəllifin kiçik müqəddiməsindən sonra dini nəsihətlərlə başlanır. Dini nəsihətlərdən sonra dövlət başçısına, ata-anaya, böyüklərə itaət və ehtiramın vacibliyinə aid, daha sonra isə həyat və məişət məsələləri ilə əlaqədar olan əxlaqi nəsihətlər verilir. Əxlaqi nəsihətlərin əksəriyyəti "Təhzibül-əxlaq"dakı əxlaqi nəzəriyyə ilə sıx bağlıdır. "Kitabi-nəsihət"in girişində müəllifin əsərinin izlədiyi əsas məqsəddən danışarkən tərbiyə və təlimə dair yazılan kitabların uyğunsuzluğundan, çətin dildə yazılmasından şikayət edir. Uşaqların əxlaqını yaxşılaşdıran və onlarda nəcib xasiyyətlərin yaranmasını təmin edən belə nəsihətlər bu gün də öz əhəmiyyətini itirməmişdir.
"Gülüstani-İrəm" əsəri
redaktəAzərbaycan və Dağıstan xalqlarının tarixinə aid olan "Gülüstani-İrəm" Abbasqulu ağa Bakıxanovun ən böyük elmi əsəridir. Əsər ilk məxəzlər əsasında, müəllifin uzun illər bu sahədə apardığı ciddi tədqiqatın nəticəsində yazılmışdır. Müəllif özü dövlət başçısına və müasirlərinə yazdığı müraciətnamələrində əsər haqqında "mənim uzun illər zəhmətimin məhsuludur" – deyə qeyd edirdi. Müəllif bu əsərini yazarkən bir neçə dəfə arxeoloji tədqiqat işləri aparmış, tarixi abidələrdən, köhnə binaların qalıqlarından, sikkələrdən, padşahların və xanların fərmanlarından, milli əfsanələrdən, dini kitablardan, "Avesta"dan, qoca kişilərin nağıl və rəvayətlərindən, səyyahların verdiyi xəbərlərdən, gürcü və ləzgi salnamələrindən, çoxlu şərq mənbələrindən, qədim yunan, Roma, Azərbaycan, erməni və rus alimlərinin əsərlərindən istifadə etmişdir.[8] Bu əsəri də Abbasqulu ağa Bakıxanov müqəddimə ilə başlayır. Müəllif yığcam, lakin dolğun məzmunlu bu müqəddimədə tarix elminə qısa bir tərif verir, onu cəmiyyət və xalq üçün ən faydalı elmlərdən sayır. Tarixə müasir elmin tələbləri nöqteyi-nəzəri ilə yanaşan müəllif bəşəriyyətin keçmiş həyatını təcrübə adlandırır. Hazırkı və gələcək həyatı yaxşı qurmaq üçün, bu təcrübədən istifadə etməyi lazım bilir. "Gülüstani-İrəm"in müqəddiməsində Azərbaycanın və Dağıstanın qısa coğrafi təsviri, qədim yunan, erməni, ərəb və rus mənbələrinə istinad edilərək bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqqında maraqlı məlumat verilir. Azərbaycan və Dağıstan xalqlarını tarixini Abbasqulu ağa Bakıxanov bu xalqların öz daxili həyatlarına və tarixin ümumi inkişafına görə deyil, mühüm tarixi hadisələrə görə 5 dövrə ayırmış və buna əsasən də əsərini 5 fəslə bölmüşdür:
- İslam dövlətinin zühurundan ərəb qoşunlarının gəlməsinə qədər Şirvan və Dağıstan ölkələrində baş verən qədim hadisələr.
- Ərəb qoşunlarının Azərbaycana gəlməsindən başlayaraq monqolların istilasına qədər.
- Monqol istilasından Səfəvilərin zühuruna qədər. Şirvanşahlar sülaləsi və onların səltənətinə aid hadisələr.
- Səfəvilər dövlətinin zühurundan Nadir şahın vəfatına qədər.
- Nadir şahın vəfatından "Gülüstan" adlı yerdə Rusiya və İran dövlətləri arasında bağlanan sülh müahidəsinə qədər.
Əsərin birinci fəslində "Tarixi-Təbəri", "Tarixi-güzidə", "Nizamüt-təvarix", "Kitabi-məsalikül-məmalik", "Xəritətül-əcaib" kimi qədim Şərq mənbələrinə istinadən Nuhun tufanı, onun övladları, Yasəf, Ham və Sam nəsilləri, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti və s. haqqında yarımelmi, yarıməfsanəvi məlumat verilir. Bu fəsil müqəddiməyə və əsərin sonrakı fəsillərinə nisbətən zəif işləmişdir. Əsərin ikinci fəsli Azərbaycan və Dağıstan ölkələrinin ərəb işğalçıları tərəfindən istila olunması, ümumiyyətlə, ərəblərin bu ölkələrdəki hakimiyyəti dövrünün tarixinə həsr olunmuşdur. Həmin fəsildə ərəb xəlifələrinin buraya göndərdiyi hakimlər, ərəblərin xəzərlərlə vuruşmaları, xarici işğalçıların istilasına qarşı Babəkin mübarizəsi, onun Bağdadda əziyyətlə öldürülməsi və s. haqqında məlumat vardır, lakin məşhur Babək üsyanı haqqında verilən məlumat həm müxtəsər, həm də çox ruhsuz və sönükdür. Bu məlumat uzun illər ərəb işğalçılarına qarşı qarşı amasızcasına vuruşan və ərəb xəlifəsinin əmri ilə zülm və işgəncələrlə öldürülən bu cəsur xalq qəhrəmanının fəaliyyəti tarixini qətiyyən işıqlandıra bilmir. Bunun səbəbi müəllifin tarixi hadisələrə xalq azadlıq hərəkatı nöqteyi-nəzərindən yanaşa bilməməsidir. Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm"də məşhur Azərbaycan coğrafiyaşünası Zeynalabdin Şirvaninin "Riyazüs-səyahə" əsərinə əsaslanaraq, Azərbaycan sözünü Babəkin adı ilə əlaqələndirir. Üçüncü fəsil hülakülərin və teymurilərin hakimiyyəti dövrünü işıqlandırır və Şirvanşahların səltənət və nəsibinə dair tarixi məlumat verir. Bu fəsildə Ağqoyunlular və Qaraqoyunluların mənşəyi və məşhur alim Xacə Nəsirəddin Tusi haqqında da məlumat vardır. Əsərin ən böyük bir hissəsini təşkil edən dördüncü fəsil Səfəvi padşahlarının və onların süqutundan sonra İran taxtına oturan Nadir şah Əfşarın hakimiyyəti tarixinə həsr olunur. "Fütuhati-Əmini", "Tarixi-aləm-arayi-Abbasi", qolikovun "Böyük Pyotrun fəaliyyəti", Ustryalovun "I Pyotrun səltənət tarixi" və s. rus, fars və osmanlı mənbələrindən istifadə edilərək, fəsildə I Şah İsmayıl, I Şah Abbas və Nadir şahın hərbi səfərləri, Rusiya və Türkiyə qoşunlarının Dağıstan və Azərbaycan ölkələrinə hücumları, Sultan Səlim Yavuzun qoşunları ilə I Şah İsmayılın qoşunları arasında Təbrizin yaxınlığında gedən məşhur "Çaldıran" döyüşü, bəhs olunan dövrdə yerli əmir və hakimlərin fəaliyyəti haqqında zəngin məlumat toplanılmışdır. "Gülüstani-İrəm"in beşinci və son fəsli Nadir şahın ölümündən (1747) ta 1813-cü ildə Rusiya və İran dövlətləri arasında bağlanan "Gülüstan" sülh müqaviləsinə qədər 60 ildən artıq bir dövrü əhatə edir. Beşinci fəsil "Gülüstani-İrəm"in ən orijinal hissəsidir. Xanlıqlar dövrünün işıqlandırılması nöqtəyi-nəzərindən beşinci fəslin böyük elmi əhəmiyyəti vardır. "Gülüstani-İrəm" "Nəticə" adı ilə gedən sonluqla bitir, lakin bu "Nəticə" əsərdə verilən məlumatın yekunu və ya xülasəsindən ibarət deyildir. Bu əsərdə sadəcə bir əlavədir. əlavədə Azərbaycanın məşhur alimi, yazıçı və şairləri haqqında qısa məlumat verilir. Azərbaycan və rus dillərində nəşr edilmiş bu əsər sonrakı dövrdə yaşayan tarixçilərimizin stolüstü kitablarından olub, əsasən islamın meydana gəlməsindən tutmuş 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan sülh müahidənaməsinə qədərki dövrdə xalqımızın tarixini tədqiq və təhlil etmək işində mühüm mənbələrdən biridir. O bu əsəri Lado Zablotski ilə birlikdə rus dilinə tərcümə etmişdir.[9][10][11][12]
Abbasqulu ağa Bakıxanov kitabşünas kimi
redaktəA. Bakıxanov dövrünün ən yaxşı bibliofillərindən idi. Onun zəngin kitabxanası olmuşdur. XIX əsrin 40-cı illərində bir neçə gün A. Bakıxanovun qonağı olmuş prof. İ. Berezin onun çap kitablarından və əlyazmalarından ibarət kitabxanası ilə tanış olmuş və özünün "Dağıstana və Zaqafqaziyaya səyahət" əsərində həmin kitabların siyahısını vermişdir. 270 nüsxədən ibarət qiymətli əlyazmalarını əhatə edən bu kitabxanada Ənvəri, Cami, Savəci, Dövlətşah Səmərqəndi və başqa Şərq klassikləri ilə birlikdə Nizami, Saib Təbrizi, İsgəndər bəy Münşi kimi azərbaycanlı müəlliflərin də əsərləri olmuşdur.[13] iran-Rusiya müharibələri zamanı A. Bakıxanov İranda diplomatik xidmətdə olmuş, 1828-ci ildə Ərdəbildə məşhur Şeyx Səfi kitabxanasında tədqiqat aparmışdı. Bu kitabxana sonralar məşhur "Ağıldan bəla" komediyasının müəllifi A. S. Qriboyedovun "təşəbbüsü" ilə Tiflisə köçürülmüş, burada Bakıxanov onunla birlikdə həmin əlyazmalar üzərində böyük iş aparmış və onların kataloqunu tərtib etmişdi. Tədqiqatçılar A. Bakıxanovun Axalsix kitabxanasının əlyazmaları üzərində işlədiyini yazırlar (bax: Axalsıx kitabxanası əlyazmalarının siyahısı, Saltıkov-Şedrin adına Dövlət kitabxanası, Əlyazmaları şöbəsi, siyahı I, qovqul 4, vər. 3–4[14]). Ədibin bu qiymətli elmi işi o zaman "Tiflisskiye vedomosti"də işıqlandırılmışdı.[13]
Nəşrləri
redaktəAzərbaycan dilində
redaktə- Gülüstani-İrəm (tərc. ed. Musa Əsgərli; red. Əjdərəli Ələsgərzadə). Bakı: Azərbaycan SSR Elmlər Akademiyası, 1951.
- Hind əfsanəsi (tərc. ed. Məmmədağa Sultanov; red. Y. Məmmədov). Bakı: Uşaqgəncnəşr, 1957.
- Bədii əsərlər (tərt. ed., fars dilindən tərcümə, müqəddimə, lüğət və şərhlərin müəll. Məmmədağa Sultanov ; red. Qafar Kəndli). Bakı: Azərnəşr, 1964.
- Hind əfsanəsi (tərc. ed. M. Sultanov; red. Y. Məmmədov). Bakı: Gənclik, 1972.
- Nəsihətlər (tərcümə ed. M. Sultanov; red. A. Ramazanov). Bakı: Yazıçı, 1982.
- Seçilmiş əsərləri (tərt. ed., fars dilindən tərc., müqəddimə, qeyd və şərhlərin müəl. M. Sultanov; red. Ə. Əhmədov, R. Sultanov). Bakı: Yazıçı, 1984.
- Qurd və İlbiz (tərt. və tərc. ed. M. Sultanov). Bakı: Gənclik, 1985.
- Əsraru-l-mələkut ("Kainatın sirləri"; ərəb dilindən tərc. S. Atakişiyeva; tərc. red. N. Vəlixanova, T. Həsənov). Bakı: Elm, 1985.
- Hind əfsanəsi (tərcüməçi, ön söz və tərtibçi. M. Sultanov). Bakı: Gənclik, 1991.
- Gülüstani-İrəm (tərc. edən. M. Əsgərli; red. Ə. Ələsgərzadə; burax. məs. H. Ə. D. İbrahimov). Bakı: Minarə, 2000.
- Gülüstani-İrəm (tərc. edən. M. Əsgərli; red. Ə. Ələsgərzadə; ön sözün müəl. R. Ağayev). Bakı: Möminin, 2001.
- Seçilmiş əsərləri (tərt. ed., fars dilindən tərcümə, müqəddimə, qeyd və şərhlərin müəl. M. Sultanov; red.: Ə. Əhmədov, R. Sultanov). Bakı: Avrasiya Press, 2005
- Gülüstani-İrəm (tərc. edən. M. Əsgərli; red. Ə. Ələsgərzadə; buraxıl. məs. V. Bəhmənli; red. Ə. Əsədzadə). Bakı: Xatun Plyus, TəkrarNəşr, 2010.
- Təhzibi-əxlaq və nəsihətlər. Bakı: [s. n.], [?].
- Gülüstani-İrəm. Bakı: Kitab Klubu, 2016; Bakı: Kitab Klubu, 2019 (ikinci nəşri).
- Gülüstani-İrəm (tərc. M. Əsgərli). Bakı: Qanun, 2020.
- Gülüstani-İrəm. Bakı: Mücrü, 2023.
- Mirat ül-cəmal (fars. میرات الجمال; farsca orijinaldan elmi-tənqidi mətnini hazırl., Azərb. dil. tərc. ed. və şərh. müəl. Hədiyyə Zəhra Əhmədi (ön söz), Ş. Oromi (ön söz); tərc. red. Gülnar Əqiq Cəfərzadə). Bakı: Apostrof-A, 2024.
- Təhzibi-əxlaq (fars. تهذیبی-اخلاق; farsca orijinaldan elmi-tənqidi mətnini hazırl., Azərb. dil. tərc. ed. və şərh. müəl. Hədiyyə Zəhra Əhmədi (ön söz), Ş. Oromi (ön söz); tərc. red. Gülnar Əqiq Cəfərzadə). Bakı: Apostrof-A, 2024.
fars dilində
redaktə- Qanuni-Qüdsi (fars. قانون قدسی). Tiflis: [s.n.], 1831.
- Gülüstani-İrəm (fars. گلستان ارم; mətni çapa hazırlayanlar: Əbdülkərim Əlizadə, Məmmədağa Sultanov, Məhəmməd Azərli, Əjdərəli Əsgərzadə, Fazil Babayev; red. və müqəddimənin müəll.: Əbdülkərim Əlizadə; göstəricilərin müəll.: Məhəmməd Azərli). Bakı: Elm, 1970.
- Gülüstani-İrəm (fars. گلستان ارم). Tehran: Xarici İşlər Nazirliyinin Sənədlər və Araşdırma Xidmətləri Mərkəzi, 2012.
- Gülüstani-İrəm: Şirvan və Dağıstanın əvvəldən İran-Rusiya müharibələrinə qədər tarixi (fars. گلستان ارم: تاریخ شیروان و داغستان از آغاز تا جنگهای ایران و روس). Tehran: Enteşaratı-Ğeğenos, 2013.
- Gülüstani-İrəm: Şirvan və Dağıstanın əvvəldən İran-Rusiya müharibələrinə qədər tarixi (fars. گلستان ارم: تاریخ شیروان و داغستان از آغاز تا جنگهای ایران و روس). Tehran: Enteşaratı-Ğeğenos, 2020.
rus dilində
redaktə- Краткая грамматика персидского языка сочинённая и переведённая с персидского майором Аббас-Кули Агою Бакихановым. Тифлис: Типография Я. и Д. Арзановых, 1841.
- Гюлистан-Ирам. Баку: Общества обследования и изучения Азербайджана, 1926.
- Сочинения, записки, письма (сост. и подг. текстов, примечания и указатели Э. М. Ахмедова. Баку: Элм, 1983.
- Гюлистан-и Ирам (редакция, комментарии, примечания и указатели З. М. Буниятова). Баку: Элм, 1991.
ingilis dilində
redaktə- The Heavenly Rose-Garden: A History of Shirvan & Daghestan. Translated by Willem Floor & Hasan Javadi. Mage Publishers, Washington, DC, 2009.
Mükafatları
redaktə- III dərəcəli Müqəddəs Anna ordeni (1828)
- IV dərəcəli Müqəddəs Vladimir ordeni (1828)
- İmperator taclı II Müqəddəs Anna ordeni (1829)
- III dərəcəli Müqəddəs Stanislav ordeni
- Almaz və briliantla bəzədilmiş I dərəcəli "Günəş və Şir" ordeni[15] (1829)
Filmoqrafiya
redaktə- Adilə(film,2008)
- Səbuhi (film, 1941)
- Nişanlanmış siyahı elementi
- Sonuncu orden (film, 2002)
- Əhməd Bakıxanov (film, 2003)
- Qüdsi (film, 2007)
- Daşdan tikilmiş şəhər (film, 2008)
- Sübhün səfiri (film, 2012)
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 3 4 Педагоги и психологи мира (rus.). 2012.
- ↑ Yaddaş müharibəsi: Zaqafqaziyada miflər, identiklik və siyasət Arxivləşdirilib 2022-01-31 at the Wayback Machine V. A. Şnirelman, səh 103
- ↑ 1 2 3 Məmmədov Z. Azərbaycan fəlsəfəsi tarixi. Bakı: Şərq-Qərb, 2006, 328 s. səh. 305
- ↑ Mirəhmədov Ə. Azərbaycan jurnalistləri və naşirləri. Bakı:"Ərgünəş", 2013, 272 s. səh.34
- ↑ "İttifaq Mirzəbəyli. Tofiq Bakıxanov-80. Xalq qəzeti.- 2010.- 30 iyun.- S. 7". 2018-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-09.
- ↑ 1 2 3 Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə. IV cid. Bakı: "Elm", 2011. s.123
- ↑ Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə. IV cid. Bakı: "Elm", 2011. s.124
- ↑ "Gülüstani-İrəm". 2019-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-27.
- ↑ Azərbaycan tarixi, S. Əliyarlının redaktəsi ilə. Bakı, 2009. 861 səh.
- ↑ "Azərbaycan tarixi, 7 cilddə – IV cild. Bakı,2007. səh 504". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-17.
- ↑ F. Qasımzadə – XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1974. 486 səh.
- ↑ "Görkəmli azərbaycanlılar" (PDF). 2019-03-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-04-17.
- ↑ 1 2 Mirəhmədov Ə. Azərbaycan jurnalistləri və naşirləri. Bakı: "Ərgünəş", 2013. 272 s. səh. 35
- ↑ Əhmədov Ə. A. Bakıxanovun dünyagörüşü, doktorluq dissertasiyası, s.1661
- ↑ "Orden". 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-14.
Mənbə
redaktə- Köçərli F. Ə. Azərbaycan ədəbiyyatı. İki cilddə. I cild. Bakı: "Elm" nəşriyyatı. 1978. 289–306.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- A. A. Bakıxanov – Gülüstani-İrəm(5-ci hissə), rus dilində
- A. A. Bakıxanov — Gülüstani-İrəm(5-ci hissə), Azərbaycan Türkcəsində. Bakı: Minarə, 2000. Arxivləşdirilib 2013-06-26 at the Wayback Machine
- Bakıxanov A. A. Seçilmiş əsərləri. Tərtib edəni, fars dilindən tərcümələr, müqəddimə, qeyd və şərhlərin müəllifi: M. Sultanov. Bakı: "Avrasiya Press" nəşriyyatı, 2005, 488 s. ISBN 9952421034