Balaxani - Wikipedia
Balaxanı — Bakı şəhərinin Sabunçu rayonunda şəhərtipli qəsəbə. Neft bumundan əvvəl əhalinin əsas məşğuliyyəti əkinçilik, bağçılıq və bostançılıq olmuşdur.
Şəhər tipli qəsəbə | |
Balaxanı | |
---|---|
Balaxanı | |
40°27′42″ şm. e. 49°55′12″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Abşeron yarımadası |
Rayon | Sabunçu rayonu |
Daxili bölgüsü | Aşağı məhəllə, Yuxarı məhəllə, Qotro, Yeni Balaxanı, Artyom, Kələmli |
Tarixi və coğrafiyası | |
Sahəsi | 19 km² |
Mərkəzin hündürlüyü | 57 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 14.123 nəfər (2015) |
Milli tərkibi | tatlar |
Etnoxronim | Balaxanılı |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 012 451 |
Poçt indeksi | AZ1038 |
Digər | |
www.balakhany.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafi mövqeyi və tarixi
redaktəBakının ən qədim qəsəbələrindən sayılır.
Qəsəbə Bakının şimal—şərqində, Abşeron yarımadasının ortasında yerləşir, Sabunçu qəsəbəsi, Ramana kəndi, Zabrat qəsəbəsi, Digah və Məmmədli kəndləri ilə qonşudur. Şimal səmtindəki yüksəklikdə kəndi iki — "Yuxarı" və "Aşağı" — məhəlləyə bölən qədim qəbiristanlıq var. Balaxanının şimal hissəsi "Rzaqulu məhəlləsi", cənub hissəsi əhali tərəfindən "Canhüseyn məhəlləsi" adlanır. Kənd demək olar ki, bu günə qədər özünün ənənəvi plan-forma quruluşunu saxlaya bilib. Evlər bir-birinə yaxın, ensiz küçələr, ənənəvi həyətyanı sahələri, mövcud məhəllə sistemi ilə seçilir. 1989-cu ildən başlayaraq, qəsəbənin qərb hissəsində Yeni Balaxanı adlanan yaşayış massivi formalaşmağa başlamışdır. Yeni Balaxanı massivi (Fazenda) Qədim Balaxanıdan fərqli olaraq, eni 10–15 metr olan paralel küçələr şəklində salınmışdır.
- Kəndin adının mənası Qılman İlkinin "Bakı və bakılılar" kitabında qeyd olunub: "bala" —yuxarı, hündür, "xana" — ev deməkdir. Yerli balaxanılılar isə öz dillərində bu kəndə "Bəəxonə" deyir ki, Bəə — yuxarı Xonə — ev deməkdir. Balaxana qədim zamanlarda karvansarayların giriş qapısı üstündə olan kiçik otağa (mezonin, yaxud antrosol) deyərdilər. Bunlar yarım mərtəbə şəklində olardı. Hazırda belə otaqlar Bakının 40 kilometrliyində, 1439–1440-cı illərdə tikilmiş Səngəçal karvansarayının və Suraxanıdakı 1713-cü ildə inşa edilmiş Atəşgahın qapısı üstündə var.
Abşeronda neft istehsalından əvvəlki dövrdə (XIX əsrin ortalarınadək) kənd əhalisinin əsas məşğuliyyəti ənənəvi olaraq əkinçilik, bağçılıq, bostan bitkiləri əkini və maldarlıq olub. Kəndin kənarındakı Böyükşor gölünün yaxınlığında üzümlüklərdə məşhur üzüm növləri becərilirmiş.
Vaxtilə Böyükşordan bir az yuxarıda iki kiçik göl də olub ki, bunlara "Qoşanohur" deyirmişlər. Hazırda həmin ərazi quruyub. Kənddən təxminən 1 km şimalda 4 böyük bağ olub ki, onları suvarmaq üçün 15 quyu qazılıbmış. Həmin quyulardan kənd camaatı da istifadə edirmiş. İndi buralarda neft buruqları ucalır.
Həmçinin kəndin qərbində "Norazan dərə" adlanan yerdə də bərəkətli bağlar, dərənin cənubunda isə "Pür—Qübbə" adlanan yüksək bəhrəli əkin sahələri olub. "Qırməki" adlanan yerdən keyfiyyətli qır çıxarılarmış və onunla kənddəki evlərin damları qırlanarmış.
XIX əsrin 70-ci illərindən başlayaraq, Balaxanı Bakının əsas neft çıxarma mərkəzlərindən birinə çevrilməyə başlamışdır. 1869-cu ildə Balaxanıda ilk dəfə olaraq mexaniki vurma üsullu quyu qazılır. Quyudan neft çox sürətlə çıxmış və üç gün ərzində həmin quyu ətrafı neft gölünə döndərmişdir. 1873–1878-ci illərdə Balaxanıda 47 belə güclü neft quyusu qazılıb. Bu dövrdə xarici şirkətlər Balaxanıda çoxlu torpaqlar əldə ediblər, Nobel qardaşları, Rotşild, Rokfeller kimi milyonçular, rus kapitalistləri mədənlər salıblar. Robert Nobel 1873-cü ildə Bakıya gələrək Balaxanıda neft istehsalı ilə məşğul olmağa başlamışdır. Artıq XX əsrin əvvəllərində Balaxanıda onlarca yerli və xarici neft şirkətləri və onların mədənləri, karxanaları fəaliyyət göstərirdi.
Balaxanıda ilk neft quyusunun şərəfinə abidə qoyulub. Lakin hazırda bu abidədən iz qalmayıb.
Azərbaycanın ilk dəmir yolu Bakını Balaxanı, Sabunçu və Suraxanı mədənləri ilə birləşdirirdi. Əvvəllər bu yol ilə yalnız neft məhsullarının daşınması üçün nəzərdə tutulmuşdur. Lakin neft mədənləri ilə Qara şəhərdəki neftayırma zavodları arasında neft kəmərlərinin geniş şəbəkəsi yaradıldıqdan sonra "Neft sahəsi" dəmir yolu xətləri ilə sərnişin daşınmasına da başlanmışdır.
XX əsrin əvvəlində Bakıda sol (bolşevizm) təmayüllü inqilabi hərəkat genişlənəndə Balaxanı neft mədənləri bu hərəkatın mərkəzinə çevrilib. Balaxanıda inqilabi hərəkata başlayanlardan biri də keçmiş SSRİ-nin rəhbəri İosif Stalin olub. Stalin Balaxanıda inqilabi iş aparanda onun partiya ləqəbi "Koba" olub. Mühacirətdə yaşamış Azərbaycan yazıçısı Əsəd bəy "Stalin" adlı kitabında onun Balaxanıdakı fəaliyyətindən geniş bəhs edir. Elə inqilabi mövzuda çəkilmiş "Səhər" filmi də Balaxanıda lentə alınıb.
Tarixi abidələr
redaktəHacı Şəhla məscidi Balaxanı qəsəbəsinin qəbiristanlınğında hündür bir təpənin üzərində tikilmiş XIV əsr memarlıq abidəsi. Türbə iki hissədən ibarətdir — daxili otaqdan və geniş portaldan.
Giriş qapısının üstündə vaxtilə iki sətirlik kitabə olub ki, onun mətni belədir: Bu imarət Hacı Şəhla bin Şakir bin Mustafa Köşkinindir. Yeddi yüz səksən yeddinci il (787–1385/86).
Bu kitabədən bir az solda, qapı çərçivəsindən bir az aralı ərəbcə bir kitabə də olub ki, bu da imarəti tikən ustaların adını bildirir. İki sətirlik bu kitabə belə oxunub: Ustad Arif bin ustad Musa Cibalın işidir. Üzərində olan kitabələrdə məscid imarət adlandırılıb.
Balaxanı qəbiristanlığında yerləşən Şakir ağa türbəsi 1427–1428-ci ildə tikilib və 1385–1386-cı ildə tikilən Hacı Şəhla məscidindən altı metr məsafədə yerləşir. Şakirağa türbəsi memarlıq baxımından Balaxanı abidələrinin ən qiymətlisi hesab olunur.
İmarətin tağlı giriş qapısının üstündə ərəbcə iki sətirlik kitabə var ki, mətni belə oxunur: Bu imarətin tikilməsinə millət və din böyüklərinin hamısı Miriraxur Şakir ağa ibn-mərhum Mürtəza əmr etmişdir. Səkkiz yüz otuz birinci il (831–1427/28).
Başqa bir mənbədə deyilir ki, İbrahim Şirvanşahın vəziri 1427-ci ildə oğlunun şərəfinə ucaltdığı Şakir ağa türbəsi xalq arasında İmarət adlandırılır.
Abidə planda xaçvaridir. Abşeronun daxili quruluşu xaç şəklində olan bir neçə abidə var (Nardaranda Xan bağı köşkü, Şirvanşahlar sarayı kompleksində türbə və s.). Lakin, Azərbaycanda Şakir ağa türbəsi kimi həm daxili, həm də xarici quruluşu xaç şəklində olan ikinci bir abidə yoxdur.
Türbəyə giriş şimal tərəfdən portaldandır. Portalın iç məkanında, hər iki tərəfində oxvari arkaya ilə tamamlanan səkkizgüşəli prizma şəkilli taxçalar yerləşdirilib. Türbənin içində də müxtəlif ölçülü düzbucaqlı 8 ədəd taxçalar mövcuddur.
Giriş alçaq oxvari tağ ilə tamamlanan qapıdandir. Qapıüstü tağ bütöv bir daşdan yonulub. Daşın üz səthi bitki ornamentilə bəzədilib. Giriş tağ daşının üstündə iki sətirli epiqrafik yazılı daha bir daş yerləşdirilib. Giriş və üstündəki yazı daşı profilli iri daş bloklarla çərçivəyə alınıb.
Şah Səfi karvansarası
redaktəŞah Səfi karvansarası 1635–36-cı ildə usta Bürhan və sərkər Behbud tərəfindən inşa edilmişdir. Onun inşasına Əlihüseyn Bahadirxan şah Səfiəddin əmr etmişdir. Yerli əhəng daşı materiallarından tikilmiş bina tağ tavanlı, düzbucaqlı şəklindədir. Yerli əhalinin "Xacə Ruhulla" imarəti də adlandırdığı abidə kəndin mərkəzində yerləşir. Uzun illər bu karvansaradan anbar kimi istifadə edilib. Amma sonradan kənd sakinlərinin səyi nəticəsində karvansaranın içi təmizlənərək ətrafında abadlıq işləri aparılıb.
Abidənin çatma tağlı taxta qapısı üzərində vaxtilə kitabə olmuşdur. Hal-hazırda bu kitabə yerində olmasa da onun foto-neqativi AMEA-nın Tarix İnstitunun elmi arxivində "Şah Səfi karvansarası" adı altında 68–14 saylı invertar kimi saxlanılır.
Bu dövrdə karvasaranın məhz Balaxanı ərazisində yerləşməsi Böyük İpək Yolu-nun məhz bu yerdən gəlib keçdiyinə bir sübutdur. Tacirlər məhz burada "mehmanxana"-da qalardılar.
Onun tarixi mədəniyyət abidəsi kimi qorunub saxlanılması üçün 1968–69-cu illərdə bərpa edilmişdir.
AMEA-nın Tarix İnstitutunun elmi arxivində 68–14 saylı invertar kimi saxlanılan kitabənin oxunuşu:
- Bu binanı inşa etməyi əmr etdi. Əzəmətli sultanım, şöhrətli şahanşahımızın hakimiyyəti günlərində:
- Şah Səfi əd-Din-əl-Hüseyn, əl-Bahadır — Xan tanınmış Haca Ruhullanın dayağı:
- Mövlanə Hikmət Allah Badu-Kubeyi, Rəcəb ayı — min qırx beşinçi Hicri ilində, ustad — Burhan, Sərkar Behdud düzəldib.
Ovdan
redaktəŞirvanşah əmiri Xaçə Zeynəddinin göstərişi ilə XIV əsrdə tikilmiş ovdan. Balaxanıdakı 40 pilləkanlı su ovdanı insanların suya olan tələbatına görə inşa edilib. Su quyusunun ortasında olan çarxa sakinlər at bağlayaraq suyu çəkiblər. Su arxlara, eləcə də Qum hamamına da gedərdi. Uzun illər su övdanı zibilliklərin içərisində olub. Kənd sakinlərinin köməkliyi sayəsində su övdanı təmizlənib və ondan XIV əsrdən XIX əsrin sonuna qədər, eləcə də 1920-ci ilin aprel işğalına qədər istifadə olunub. Yeddi metr dərinliyi olan bu ovdan Balaxanı sakinləri üçün təmiz sudan istifadə üçün nəzərdə tutulmuşdu.
- Balaxanıda vaxtilə 18 hamam olub, hər məhəllədə inşa edilən hamamlar sakinlərin tələbatını ödəyərmiş. Balaxanıda inşa edilən hamamlar həm adları, həm də arxitektura üslubuna görə bir—birindən fərqlənib. "Xan" qızı və ya El hamamı əsasən şirin su bulağı ilə əhatələnib. Digər hamamlar isə duzlu su ilə təchiz olunub. Bu hamamların əksəriyyəti dağıdılaraq yalnız bəziləri günümüzədək salamat qalıb.
Qum hamamı
redaktəTorpağın altında tikilən Balaxanıda nadir hamamlardan sayılan Qum hamamını da böyükdən kiçiyə kimi hamı yaxşı tanıyır. Bu qədim sərvətimiz bir zamanlar qorunurdusa, artıq uzun illərdir ki, baxımsızlıq ucbatından sökülüb dağılıb. Ərazisi dəmir dirəklərlə əhatələnərək xüsusi mülkiyyətə çevrilib.
Kənddə camaata xidmət etmiş bir neçə hamamın adları: "Xan qızı", "Hacı Nəcəfqulu", "Hacı Həsən", "Bala Rza", "Şirəli", "Nurbala" hamamları və s.
- Kəndin cənubundakı "Boq—boqi" adlanan yerin yaxınlığında vaxtilə Suraxanı atəşgahına bənzər abidə olub. Kəndin cənub hissəsindəki köhnə qəbiristanlıqda "Pirə Moulo" piri, kəndin ortasındakı böyük tut ağacının yanında olan "Sənqıran" piri olub.
Mədəniyyəti
redaktəTədqiqatçılar qeyd edirlər ki, Balaxanıda lap qədim zamanlardan mədrəsələr fəaliyyət göstərirmiş. Ədəbiyyat tarixindən məlumdur ki, Mirzə Ələkbər Sabir 1910-cu ildə Balaxanı məktəblərində çalışmışdır. Bir çox məşhur şeirlərini də o, məhz Balaxanıda yazmışdır.
Balaxanında ilk fəhlə özfəaliyyət dərnəyi hələ 1904-cü ildə qurulub. Bununla belə hazırda kəndin ayrıca Mədəniyyət evi və klub binası yoxdur. Mədəniyyət evi kənddəki şadlıq evində fəaliyyət göstərir. Əvvəllər Balaxanıda böyük mədəniyyət klubu olub və orada respublikanın bir çox görkəmli sənətkarları — Şövkət Ələkbərova, Mirzə Babayev, Məmmədbağır Bağırzadə və başqaları çıxış ediblər. 1990–1991-ci illərdə mədəniyyət klubu fəaliyyətini dayandırıb, sonra isə həmin vaxtı ilə məscid olan binanı bərpa edib, məscidə çeviriblər. Həmin binada məscid bu gün də fəaliyyət göstərir.
Kino
redaktəAzərbaycanda ilk dəfə olaraq kino 2 avqust 1898-ci ildə Balaxanı kəndində "Balaxanıda yanğın" filmi çəkilmişdir. Həmin film qısa metrajlıdır. Moskva arxivində saxlanılır. Ilk dəfə bu məlumat 1898-ci ilin avqust ayında Bakıda çap olunan "Kaspi" qəzetində çap olunmuşdur. Hazırda həmin qəzetin nüsxələri Moskva dövlət arxivində saxlanılır.
1898-ci ildə Balaxanı-Sabunçu Polis İdarəsi süvari qorodovoylarının at oynatmaları qısametrajlı sənədli filmi çəkilmiş və avqustun 6-da Balaxanıda Benkendorfun neft fəhlə klubunda nümayiş etdirilmişdir.
Balaxanıda çəkilmiş filmlər
redaktə- 1898 — 1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı
- 1960 — Səhər
- 1997 — Hər şey yaxşılığa doğru
Teatr
redaktəBalaxanıda teatr ilk dəfə 1908-ci ildə yaradılmışdır.
Tanus Dadaşovun yazdığı "Kəpənək" pyesi yerli həvəskarlar tərəfindən oynanılmışdır. Yaşlı Balaxanlıların dediyinə görə sonralar pyes Maştağa, Suraxanı, hətta həmin həvəskarlar tərəfindən Qubada yaşayan yəhudilər üçün də oynanmışdır.
M. Ə. Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evi teatr kimi də fəaliyyət göstərir.
Din
redaktəBəhailik
Oktyabr İnqilabından əvvəl Balaxanıda Qafqazdakı ən böyük bəhailər icması yaşayırdı.[1] Maarifçi şair Mirzə Ələkbər Sabir Balaxanıdakı bəhai icması ilə sıx əlaqədə olmuş, bir müddət icmanın dəstəyini almışdır. Şair icmanın üzvü, ilk Balaxanı bəhaisi Kərbəlai İmran Cəfərovla daha yaxın dost olmuş, onunla dinin prinsiplərini tez-tez müzakirə etmiş və bir müddət onun evində yaşamışdır.[2]
İslam
1890—1907 illərdə nəşr olunan Brokgauz və Efronun Ensiklopedik Lüğətinə əsasən, Balaxanıda yalnız azərbaycanlı-şiələrdən ibarət olan, həmin lüğətdə "tatarlar" kimi göstərilən 2276 sakin vardı.[3]
İqtisadiyyatı
redaktəBalaxanı kəndi Bakının əsas sənaye istehsalı və neft mərkəzlərindən biri idi. Bakı milyonçularının Balaxanıda neft mədənləri, neft emal edən zavod və qurğuları olmuşdur.
2009-cu ildə Bərk məişət tullantılarının yandırılması zavodununun inşasına başlanılmışdır. Bərk məişət tullantılarının toplandığı ərazidə – Balaxanı poliqonunda zavodun inşası üçün 20 hektar torpaq sahəsi ayrılıb. Zavodu tenderdə qalib gəlmiş Fransanın CNİM şirkəti inşa edir. Müəssisədə hər il 500 min ton tullantının emal edilməsi nəzərdə tutulur. Tullantılar zavodda çeşidlənərək yandırılmaq və təkrar emal üçün ayrılacaq. Yandırılacaq tullantılardan ildə 231 min 500 meqavat elektrik enerjisinin alınması planlaşdırılır.
Əhalisi
redaktəBalaxanıda əhali artımı
İl | Əhali sayı |
---|---|
1810 | 107 ev, 482 adam [4] |
1816 | 792 [5] |
1830 | 992 [6] |
1842 | 1219 [7] |
1859-1864 | 396 ev, 1925 adam [8] |
1886 | 513 ev, 2832 adam [9] |
1897 | 3000 [10] |
1912 | 6578 [11] |
1968 | 11,300 [12] |
2018 | 14,300 [13] |
Balaxanıda doğulanlar və Balaxanılılar
redaktəAd, Soyad | Təvəllüd | Peşəsi |
---|---|---|
Bayram Qasımxanlı | 29 avqust 1946 | rəssam |
Bala Nəzərov | 10 avqust 1921 – 26 noyabr 2005 | Tibb elmləri namizədi. Azərbaycan SSR-nin Əməkdar həkimi |
Cahangir Cahangirov | 20 iyun 1921 – 25 mart 1992 | bəstəkar, pedaqoq, xormeyster |
Cavanşir Hadıyev | 18 aprel 1969 | aktyor, Azərbaycan Respublikasının Əməkdar artisti |
Rəhman Hadıyev | 29 yanvar 1949 | rəssam |
Elmira Qafarova | 1 mart 1934 – 1 avqust 1993 | Sovet partiya və dövlət xadimi, Azərbaycan Respublikasının dövlət xadimi |
German Helkvist | 5 oktyabr 1894 – 21 oktyabr 1968 | Sovet alimi, geoloq və coğrafiyaşünas |
Hacı Sultanəli | 1851–1921 | Xeyriyyəçi |
Həbib Cəbiyev | 1899 – 21 aprel 1938 | İnqilabçı, "Kommunist" qəzetinin redaktoru |
Hüseyn Axundov | 28 aprel 1921 – 6 fevral 2015 | Rusiya və Azərbaycan rəssamlıq və kino sənətinin görkəmli nümayəndəsi |
Kazım Abdullayev | 6 aprel 1953 | Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti |
İlhüseyn Hüseynov | 1925 – 25 sentyabr 2006 | Azərbaycan SSR-in və Azərbaycan Respublikasının 1-ci Milli Təhlükəsizlik Naziri |
Lev Landau | 22 yanvar 1908 – 1 aprel 1968 | Fizik, fizika üzrə Nobel mükafatçısı |
Lidiya Rəsulova | 4 dekabr 1941 – 5 fevral 2012 | Təhsil naziri |
Oqtay Murtuzayev | 4 mart 1952 | Xalçaçı rəssam |
Rahib Qədimov | 1920–1988 | Xeyriyyəçi, neft maqnatı Məşədi Kampanın nəvəsi, karikaturaçı rəssam. |
Rəfiqə Mustafayeva | 21 iyun 1936 – 20 avqust 2019 | Professor, "Respublikanın Əməkdar müəllimi" |
Sadıq Rəhimov | 27 sentyabr 1914 – 11 iyun 1975 | Azərbaycan SSR dövlət xadimi, Azərbaycan SSR Nazirlər Sovetinin Sədri (1954–1958) |
Firuzə Kərimova | 1907–1965 | neftçi, filantrop |
Tarix | Hadisə |
XIII əsr | Abşerona səfər edən ərəb tarixçisi Məhəmməd Bekran öz kitabında Balaxanıda neft çıxarma quyusu haqqında bəhs edir. |
1594 | Bakının Balaxanı qəsəbəsində dərinliyi 35 m olan neft quyusunda üzərində quyunun qazılma tarixi — 1594-cü il və ustanın adı — Allahyar Məmməd Nuroğlu qeyd olunmuş daş tapılır. |
1823 | Balaxanıda "Xələfi" quyusunun yaxınlığında üzərində "quyu 200 il bundan qabaq yenidən qurulub" sözləri yazılmış daş tapılıb. |
1837 | Balaxanıda Nikolay Voskoboynikovun Abşeronda və dünyada ilk neftayırma zavodu işə düşür (ABŞ-də ilk analoji zavod 1855-ci ildə Samuel Kayer tərəfindən tikiləcəkdi). |
1851 | Mayın 1-də Londonda Ümumdünya sərgisində dünyada ilk dəfə olaraq "Kimya məhsulları" bölməsində 32) Bakı qəzasının Şamaxı quberniyasından Balaxanı, Binəqədi və Bibi-Heybət sahələrindən qara neft; və 33) Suraxanı sahəsindən ağ neft nömrələri altında Rusiya (Azərbaycan) neftinin nümunələri nümayiş etdirilib. Sərginin Rusiya bölməsinə Qafqaz canişini, knyaz M. S. Voronsov rəhbərlik edirdi. |
1873 | İyunda Balaxanıda üç ay ərzində 90 mln. Pud neft vermiş ilk güclü "Vermişevski" fontanı vurur. |
1878 | Tanınmış mühəndis A. V. Bari Nobel qardaşları üçün Rusiyada uzunluğu 9 km və diametri 3 dm olan ilk Balaxanı — Qara şəhər neft kəmərini layihələndirir və çəkir. |
1879 | Uzunluğu 12 km olan ikinci Balaxanı – Qara şəhər neft kəməri istismara verilir. 1884-cü ilə Balaxanı mədənlərinin sutkada 200 min puddan artıq neft ötürmək qabiliyyətinə malik 5 neft kəməri var idi. (Bütün neft kəmərləri istedadlı mühəndislər A. V. Bari və V. Q. Şuxovun rəhbərliyi altında tikilib). 18 mayda əsas kapitalı 3 mln. Rubl olan ikinci " Nobel qardaşları neft istehsalı ortaqlığı" səhmdar şirkəti (bundan sonra qısa olaraq – "Nobel qardaşları" firması) yaradılıb. |
1888 | 8 – 9 oktyabr tarixində Rusiya imperatoru III Aleksandr ailəsi ilə birlikdə Bakıda olur. O Qara şəhərdə "Nobel qardaşları" firmasının zavodlarında; Balaxanı və Sabunçuda Rotşildin "Xəzər-Qara dəniz cəmiyyətinin" və Şəmsi Abdullayevin neft mədənlərinə baş çəkir. |
1900 | Bakıda İ. S. Dembot və L. Y. Liliyenştern Balaxanıda A. M. Benkendorf ticarət evinə məxsus neft mədənlərinin istismarı üçün "Abşeron neft cəmiyyəti" (əsas kapitalı 2,7 mln. Rubl olmaqla) təsis edirlər. Balaxanıda neft mədənlərinin istismarı üçün " The Balakhani Syndicate, Limited" ingilis səhmdar cəmiyyəti (əsas kapitalı 100 min funt sterlinq olmaqla) təsis olunub. |
1905 | Dünya neft sənayesi praktikası tarixində ilk dəfə Balaxanıda kompressor istismarı tətbiq olunur. |
1910 | "Nobel qardaşları" firmasının Balaxanı neft mədənində ilk dəfə olaraq dartaylama üçün yeni qurğu – Leynveber aparatı quraşdırılır və avqustun əvvəllərindən işləməyə başlayır. |
1926 | İyulda SSRİ-də Bakının Balaxanı, Suraxanı və Sabunçu neft rayonları ilə əlaqələndirən ilk elektrik dəmir yolu işə düşür. |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Гиясаддин Гейбуллаев. Топонимия Азербайджана: историко-этнографическое исследование. Б.: «Элм». 1986. 108.
- ↑ "Azərbaycan bəhailəri". Azərbaycan Bəhai İcması. 2024-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.10.2024.
- ↑ Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. //
- ↑ Искандерова, Марзия. Бакинское Ханство (rus). Баку: Çaşıoğlu. 1999.
- ↑ Чумакова, Ольга. "Нефтяные колодцы — провозвестники промышленной нефти". vyshka.azeurotel.com. «Вышка», №18. 2001-05-11. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-28.
- ↑ Академия Наук Азербайджанской ССР. Доклады. Б.: Издательство Академии Наук Азербайджанской ССР. 1966.
- ↑ Институт географии (Академия наук СССР). Азербайджанская ССР: экономико-географическая характеристика. Государственное издательство географической литературы. 1957. ISBN 978-0-598-87635-5.
- ↑ Кавказский Календарь 1859-1864 (PDF) (rus). 1865. 2024-06-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-10-27.
- ↑ Сводъ Статистический Данных О Населении Закавказскаго Края (rus). Тифлисъ. 1893. 287.
- ↑ Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. //
- ↑ Şablon:Книга:Кавказский календарь
- ↑ Şablon:БСЭ3
- ↑ 1 2 "Balaxanı qəsəbəsi". Sabunçu İcra Hakimiyyəti. İstifadə tarixi: 27.10.2024.