Branobel - Wikipedia
"Branobel" və ya tam adı ilə "Nobel qardaşlarının neft istehsalı şirkəti" — Lüdviq Nobelin qardaşı Robert Nobel ilə birlikdə qurduğu şirkət.
Branobel | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | səhmdar cəmiyyəti |
Sənaye | neft sənayesi[d] |
Məhsulu | Neft məhsulları |
Təsis tarixi | 1876 |
Bağlanma tarixi | 1959 |
Baş qərargahın yeri | |
Rəhbərlik | |
Təsisçilər | |
Vikianbarda əlaqəli mediafayllar |
Onların sifarişi ilə İsveçdə tikilən və Xəzərə gətirilən "Zorastr" gəmisi dünyada ilk neft daşıyan tanker idi.
Nobel mükafatının gəlirlərinin əsas mənbəyi "Branobel" şirkəti olub. Şirkət gəlirlərinin əsas hissəsini Bakı neftindən əldə edib.
Nobellərin Bakıya gəlməsi XIX əsrin 70-ci illərinin əvvəlinə — iltizam sistemi buxovlarından azad olmuş neft sənayesinin tədricən inkişaf etməkdə olduğu vaxta təsadüf edir. Robert Nobel Lüdviq tüfəng zavodunda qundaq hazırlanmasında adətən istifadə edilən və xaricdən gətirilən qoz ağacını başqası ilə əvəz etmək üçün Azərbaycanın dağlıq rayonlarına yola düşdü. Lakin bu səfər uğursuz oldu, çünki az sonra hökumət bu məqsədlə daha asan başa gələn ağcaqayın ağacından istifadə etməyi qərara almışdı. Robert Nobel Bakıda neft sənayesinin vəziyyəti ilə yaxından tanış olmuş və başa düşmüşdü ki, yaxın gələcəkdə bu sahə yaxşı mənfəət gətirəcəkdir. 1873-cü ildə Peterburq a gələn Robert qardaşı Lüdviq Nobeli Bakı neft sənayesinə sərmayə qoymağa razı salmış və 1875-ci ildə onun razılığı ilə Sabunçu da bir neft sahəsi alaraq orada qazma işinə başlamışdı. Bundan əlavə, Robert Nobel 25 min rubla ağ neft istehsal edən kiçik zavod almış və neft emalçıları sırasına qoşulmuşdu.
Tezliklə Nobel qardaşları başa düşmüşlər ki, neft işinin texniki təchizatını yeniləşdirmək və bu sahədə əsaslı dəyişikliklər aparmaq lazımdır. Neft sənayesində bir sıra yeni ideyaların geniş miqyasda reallaşdırılması onların adı ilə bağlıdır.
1870-ci illərdə neftin mədənlərdən zavoda və dəniz sahilinə çatdırılması, habelə onun başqa şəhərlərə daşınması üçün çəlləklərdən istifadə edilirdi. Nəticədə sənayeçilər arabaçılardan və çəllək istehsalçılarından asılı vəziyyətə düşür, bu isə onların geniş miqyasda fəaliyyət göstərməsinə mane olurdu. Lüdviq Nobel neft sənayeçilərinə təklif etdi ki, mədənləri zavodlar və dəniz limanları ilə birləşdirən birgə boru kəməri inşa edilsin. Neft sənayeçiləri onun bu təklifini dəstəkləmədilər, buna görə də Nobel 1878-ci ildə öz vəsaiti hesabına ayrıca neft kəməri çəkdirdi. Bunun ardınca başqaları da ondan nümunə götürdü. Bir ildən sonra artıq üç neft kəməri inşa edilmişdi. Nobel neft məhsullarının maye daşıyan xüsusi nəqliyyat vasitələri ilə daşınmasını da geniş tətbiq edirdi. Onun sifarişi ilə 1877-ci ildə İsveçdə "Zərdüşt" adlı ilk neftdaşıyan paroxod istehsal olunmuşdu. Nobel öz qərarının düzgün olmasını yəqin edəndən sonra Qryaze-Tsaritsın dəmir yoluna 100 vaqon-sistern buraxmış və iri anbarlar tikmişdi.
Beləliklə, Nobellərin Azərbaycan neft sənayesinə gəlişindən sonra bu cavan sahənin texniki təchizatı işində bir sıra mühüm dəyişikliklər baş vermiş, onların yenilikləri həmin sahənin gələcək inkişaf istiqamətlərini qabaqcadan müəyyən etmişdir.
1879-cu ildə Nobellər "Nobel qardaşlarının neft istehsalı şirkəti" ni təsis etdilər. Əsas kapitalının məbləği 3 milyon rubla bərabər olan bu şirkətin təsisçiləri 3 qardaş — Lüdviq, Robert və Alfred Nobellər, həmçinin çar ordusunun polkovniki baron P.A.Bilderlinq idi.
"Nobel qardaşları" şirkəti mövcud olduğu ilk illərdən başlayaraq neft sənayesində bütün əsas sahələri ələ keçirməyə çalışırdı. Firmanın başlıca vəzifəsi Amerika ağ neftini Rusiyadan sıxışdırıb çıxarmaq və öz neft məhsullarının xaricə daşınmasına başlamaq idi. Artıq 1880-ci illərin əvvəlində "Nobel qardaşları" şirkəti güclü donanma yaradaraq Rusiyanın daxili bazarında ağ neft ixracı üzrə hakim mövqe tutmuşdu.
Eyni zamanda, xarici bazarlara neft məhsulları ixracının artırılması üçün yollar axtarılmağa başlanmışdı. 1892-ci ilin dekabr ayında Rostov-Donda "Nobel qardaşları" şirkəti başda olmaqla "Yeddi firma ittifaqı" yaradılması barədə müqavilə imzalandı. Bu sindikata, həmçinin "S.M.Şibayev" şirkəti, "Kaspi şirkəti", A.İ.Mantaşev, H.Z.Tağıyev, Q.M.Lianozov və Budaqov qardaşları daxil idi. Sazişin məqsədi birgə fəaliyyət yolu ilə xarici ticarəti tənzimləmək idi. Sindikatda ən çox səs "Nobel qardaşları" şirkətinə məxsus idi.
Bununla bərabər, Nobel ittifaqın nümayəndəsi kimi, kiçik zavodlarla onların istehsal etdiyi bütün ağ neftin ona təhvil verilməsi barədə sazişlər bağlayırdı. Sazişin şərtlərinə görə, Nobel zəruri hesab etdiyi hallarda öz kontragentlərinin illik istehsal həcmini azaltmaq və ya onların fəaliyyətini dayandırmaq hüququna malik idi.
Saziş iştirakçıları ölkənin daxili bazarlarında vəziyyətin sabitləşdirilməsi məsələləri barədə də razılığa gəlmişdilər. "Nobel qardaşları" firması istisna olmaqla, digər neft sənayeçilərinin demək olar ki, hamısı Rusiyanın daxilində ağ neft ticarətini müstəqil şəkildə deyil, komisyonçu və alverçilər vasitəsilə həyata keçirirdi. Hər bir firmanın əsas satış bazarlarında öz nümayəndələri var idi ki, onların saxlanmasına xeyli pul xərclənirdi. Müqavilə iştirakçıları daxili bazarda ağ neft alverinin Nobel tərəfindən yaxşı təşkil edilməsini nəzərə alaraq "Rusiyada bütün ticarəti "Nobel qardaşları" firmasına etibar etməyi" qərara aldılar.
Beləliklə, "Yeddi firma ittifaqı"nın yaradılması sayəsində "Nobel qardaşları" şirkəti Bakı neft sənayeçilərinin ən iri firmalarından istifadə etməklə daxili bazarda öz mövqelərini möhkəmlətmək imkanı qazandı. Bu vəzifəni sirkət hələ XIX əsrin 80-ci illərinin ortalarında qarşıya qoymuşdu. Lakin "Yeddi firma ittifaqı"nın ömrü qısa oldu və o, tezliklə dağıldı.
Bir tərəfdən, hakim dairələrin xaricə ağ neft ixracını artırmaq marağı, digər tərəfdən — 1890-cı illərin əvvəlində neft sənayeçilərinin düşdükləri çətin vəziyyətdən qurtarmağa çalışması yeni sindikat birliyinin yaradılmasına gətirib çıxardı. "Bakı ağ neft zavodu sahibləri ittifaqı" adlanan bu birliyin bütün işlərini, müvafiq surətdə 9610 və 5870 paya malik olan Nobel və Rotşild idarə edirdi.
Müxtəlif qruplaşmalar arasında ziddiyyətlər 1897-ci ildə sindikatın dağılmasına səbəb oldu. Onun fəaliyyətindən ən çox səmərə götürən "Nobel qardaşları" şirkəti "ittifaqın" köməyi ilə Avropa bazarlarında öz mövqeyini möhkəmlətdi. XIX əsrin 90-cı illərinin axırlarında Nobelin firması Azərbaycan neft sənayesində ən iri müəssisəyə çevrilmişdi. 1899-cu ildə firmanın tarixində neft hasilatının ən yüksək səviyyəsi — 93.260 min pud qeydə alınmışdır. Bu, bütövlükdə Rusiya üzrə neft hasilatının 17,7 faizinə və dünya üzrə hasilatın 8,6 faizinə bərabər idi. Daxili bazarlarda ağ neft satışının 50,1 faizi bu firmanın payına düşürdü.
XIX əsrin 80–90-cı illərində Azərbaycan neft sənayesi ndə mühüm mövqe tutan "Nobel qardaşları" şirkəti öz təsir dairəsini genişləndirmiş və XX əsrin əvvəlində müxtəlif sahələrə aid 20-dən çox firmanı birləşdirən ən iri konsernə çevrilmişdi. 1917-ci ildə bilavasitə Nobel konserninin tərkibinə daxil olan firmaların əsas kapitalının ümumi məbləği 130 milyon rubla, keçmiş "Oyl" trestinin nəzarəti altında olan müəssisələrlə birlikdə isə 215,6 milyon rubla çatırdı.
Belə bir fakt da diqqəti cəlb edir ki, Nobelin firması fəhlə və qulluqçuların uşaqlarının ali məktəblərdə təhsil almasını və elmi-tədqiqat işlərinin aparılmasını maliyyələşdirməyə xüsusi diqqət yetirirdi. Firma bəzi universitetlərdə təqaüdlər təsis etmiş, Elmlər Akademiyasına böyük xidmət göstərmiş, Bakıda və Krasnovodskda üç seysmik stansiya tikdirmişdi. Nobel Rusiyada astrofotoqrafik şəkillərin ölçülməsi üçün ilk cihazın alınmasına çox kömək etmişdir.
Nobellər Bakı şəhərinin yaşıllaşdırılmasına da töhfə vermişlər. Firmanın işçilərinin istirahəti üçün 1882–1883-cü illərdə Qaraşəhər yaxınlığında "Villa Petrolea" (Neft villası) adlı qəsəbə yaradılmışdır. Bu villanın yaradılmasına rəhbərlik edən məşhur mütəxəssis E.Bekle o vaxta qədər Varşavada bir sıra bağ və parklar salmışdı. Beklenin təklifi ilə Lənkəran, Tiflis və Batumidən, habelə Rusiyanın və Avropanın tingliklərindən müxtəlif növ ağaclar gətirilmişdi. Parkda cəmi 80.000-ə yaxın kol və ağac, o cümlədən meyvə ağacları da əkilmişdi.
Yaradılmış park Bakı şəhərinin və Abşeronun yaşıllaşdırılmasına əlverişli təsir göstərmiş, bu ərazidə şəhərətrafı villalar tikintisi genişlənmişdi.
Nobel qardaşlarının fəaliyyətində 1875-ci ildə kiçik bir ağ neft zavodunun təməlini qoymaqla başlanmış Bakı dövrü onları bütün dünyada məşhurlaşdırmışdır. Nobel qardaşları öz fərasətləri sayəsində neft sənayesində əsaslı dəyişikliklər aparmağa, bu işi səmərələşdirərək qabaqcıl mövqe tutmağa nail olmuşlar.
Əsas istehsal bazası Bakı müəssisələrindən ibarət olan şirkətin yüksək maliyyə göstəriciləri Alfred Nobelin ölümündən sonra Nobel Mükafatları Fondunun təsis edilməsinə imkan yaratdı. 1897-ci ildə "Nobel qardaşları" şirkətinin kapitalı artıq 32 milyon rubla bərabər idi. Buna görə də Alfred Nobelin adına toplanmış məbləğin götürülməsi bu şirkətin gələcək fəaliyyəti üçün heç bir çətinlik törətmirdi.
1879-cu ildə "Nobel qardaşları" şirkəti təsis edilərkən Alfred Nobelin adına cəmi 115 min rubl məbləğində səhm alınmışdı. Şirkətin əsas kapitalının (3 milyon rubl) cəmi 3,8 faizinə bərabər olan bu rəmzi "səhm paketi"nin dəyəri 17 il ərzində artaraq 3 milyon 740 min İsveç kronuna çatmışdı.
Fondun təsis edildiyi vaxtda mərhum Alfred Nobelin bütün əmlakının dəyərinin 31 milyon İsveç kronuna bərabər olduğunu nəzərə alsaq, asanlıqla yəqin etmək olar ki, bu böyük məbləğin 12 faizdən çoxu təkcə firmanın "maliyyə dahiləri" sayəsində deyil, ilk növbədə Bakı fəhlələrinin əməyi ilə qazanılmışdır. Buna görə də isveçli tarixçi və maliyyəçi, Nobellərin ailə arxivinə giriş imkanı olmuş E.Bergenqren öz kitabında məxsusi olaraq qeyd edir ki, məhz "Nobel qardaşları" şirkəti rəhbərliyinin Alfred Nobelin vəsaitlərinin Rusiya şirkətindən mükafat fonduna verilməsi haqqında qərarı "ümumiyyətlə Nobel mükafatlarının yaranmasında həlledici amil olmuşdur".
İstinadlar
redaktəXarici keçidlər
redaktə- http://www.merdekan-belediyyesi.org/baku.htm Arxivləşdirilib 2006-06-16 at the Wayback Machine
- [1]