Isvec - Wikipedia
İsveç, rəsmi adı İsveç Krallığı (İsveçcə: Konungariket Sverige (konunqariket svəriye)) — Şimali Avropada Skandinaviya yarımadasında yerləşən konstitusiyalı monarxiyalı dövlət. Ölkə qərbdən Norveç Krallığı, şimal – şərqdə Finlandiya ilə quru sərhədlərinə malikdir. Şərqdə Botnik körfəzi və Baltik dənizi, cənub- qərbdə Skagerrak, Balt və Öresund boğazlarına çıxır. Cənub-qərbdə Öresund körpüsü vasitəsilə Danimarka ilə quru nəqliyyat yollarına malikdir.
İsveç | |||||
---|---|---|---|---|---|
Konungariket Sverige | |||||
| |||||
"För Sverige - i tiden" "İsveç üçün - zamanla" |
|||||
Tarixi | |||||
• Kalmar Birliyindən müstəqillik | 6 iyun 1523 | ||||
Rəsmi dilləri |
|
||||
Paytaxt | Stokholm | ||||
İdarəetmə forması | Unitar parlamentli konstitusiyalı monarxiya | ||||
Kral | XVI Karl Qustav | ||||
Baş nazir | Ulf Kristersson | ||||
Sahəsi | Dünyada 55-ci | ||||
• Ümumi | 450,295 km² | ||||
• Su sahəsi (%) | 8.67 | ||||
Əhalisi | |||||
• Əhali | 10,622,592 nəfər (89-cu) | ||||
• Siyahıyaalma (31 dekabr 2019) | 10,379,295 nəf. | ||||
• Sıxlıq | 25 nəf./km² (202-ci) | ||||
• Ümumi | 636.856.236.396 $[1], 585.939.170.124 $[1] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 627.949 milyard dollar (31-ci) | ||||
• Adambaşına | 61,474 dollar (13-cü) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2022) | 603.897 milyard dollar (24-cü) | ||||
• Adambaşına | 58,601 dollar (12-ci) | ||||
İİİ (2021) | 0.947 (0.003; 7-ci) | ||||
Demonim | İsveçli | ||||
Valyuta | İsveç kronu | ||||
İnternet domeni | .se | ||||
ISO kodu | SE | ||||
BOK kodu | SWE | ||||
Telefon kodu | +46 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][2] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
1995-ci ildən Avropa Birliyinin üzvüdür. 450.295 km² ərazisi olan İsveç Avropa Birliyi ölkələri arasında ərazisinə görə üçüncü ən böyük dövlətdir. Əhalisi 9.4 milyon nəfərdir. Əhali sıxlığı aşağıdır, lakin ölkənin cənub hissəsində sıxlıq daha böyükdür. Əhalinin 85%-i şəhərlərdə yaşayır və ölkədə urbanizasiya artır. Ən böyük şəhəri Stokholmdur (şəhər əhalisi 1.3 milyon, metropoliya əhalisi 2 milyon nəfər). İsveç inzibati olaraq 21 ərazi vahidindən ibarətdir: Blekinge, Dalarna, Gavleborg, Gotland, Halland, Jamtland, Jönkoping, Kalmar, Kronoberg, Norrbotten, Örebro, Östergotland, Skan, Sodermanland, Stokholm, Uppsala, Varmland, Vasterbotten, Vasternorrland[3].
İsveçin uzun müddətli müstəqillik ənənələri var, ölkə öz müstəqilliyini hələ orta əsrlərdə əldə etmişdir. XVII əsrdə İsveç öz torpaqlarını genişləndirərək imperiya halına gətirmişdir. Lakin sonradan XVIII və XIX əsrlərdə İsveç öz ərazilərinin çox hissəsini itirmiş, ölkənin şərq torpaqlarının demək olar hamısı Rusiya tərəfindən işğal olunmuşdur. İsveçin daxil olduğu sonuncu müharibə 1814-cü ildə baş verib, həmin tarixdən bəri İsveç bütün müharibələrdə neytral mövqe tutmaqdadır.
Tarixi
redaktəOrta əsrlərdə indiki İsveç ərazisində vikinqlərin güclü dövləti mövcud idi. Vikinqlər VIII əsrdən başlayaraq üç əsr müddətində İsveçdə hakim qüvvə olmuşlar. Onların hakimiyyəti XI əsrdə xristianlıqın yayılması ilə başa çatmışdır. Müasir İsveç dövləti 1397-ci ildə yaradılmış Kalmar Birliyinin XVI əsrdə dağılmasından sonra yaranmışdır. İsveçin müstəqil krallıq kimi formalaşmasında kral Qustav Vusanın əhəmiyyətli rolu olmuşdur. Qustav Vasa 1523-cü ildə hakimiyyətə gəldikdən sonra Roma Katolik Kilsəsi ilə əlaqəni kəsmiş və kilsədə reformasiyaya başlamışdır. 1527-ci ildə kilsəyə məxsus torpaqlar ondan alındı. 1538 və 1558-ci illərdə vergi sistemində dəyişikliklər edildi. Ölkənin xarici ticarətini əldə saxlayan monopolist qüvvələr ölkədən qovuldu. Kral Qustavın dövründə İsveç dünyada ilk müasir ordu quruculuğuna başlayan ölkə oldu. İsveç Vasa sülaləsinə malik hökmdarlar tərəfindən 1523–1654-cü illərdə idarə olunurdu. Kral Qustav müasir İsveçin qurucusu hesab olunur.
XVII əsrdə İsveç Avropada superdövlət olaraq yüksəlməyə başladı. Bundan əvvəl İsveç şimalda yerləşən, seyrək əhaliyə malik kasıb bir ölkə idi. İsveç imperiyası kral Qustav II Adolfun dövründə yüksəlməyə başladı, o Rusiya və Reç Pospolita ilə 30 illik müharibə nəticəsində böyük ərazilər işğal etdi. Həmçinin bu müharibə nəticəsində İsveç Müqəddəs Roma imperiyasına daxil olan dövlətlərin yarısını işğal etdi. Kral Qustav II Adolf Müqəddəs Roma imperiyasını tamamilə işğal edərək onun yeni imperatoru olmaq istəyirdi. Lakin o buna nail ola bilmədi, 1632-ci ildə imperator Lützen döyüşündə öldürüldü. Bu müharibə nəticəsində Almaniyaya böyük ziyan dəydi, İsveç qoşunları Almaniyanın üçdə birini tamamilə xaraba qoydu. Müharibədən sonrakı dövrdə İsveç imperiyası Danimarkanı, Finlandiyanı, Baltikyanı ölkələri, Şimali Almaniyanın bəzi ərazilərini ələ keçirdi. 1720-ci ildə İsveçin əhalisi (işğal olunmuş əraziləri saymadan) 1.4 milyon nəfər idi, əhalinin böyük əksəriyyətinin məşğuliyyəti isə əkinçilik olaraq qalmışdı.
1700-cü ildə Böyük Şimal müharibəsi başladı. Müharibə Rusiya, Polşa və Danimarkanın birləşmiş qüvvələrinin İsveçə hücümu ilə başladı. Həmin ildə Narva döyüşü baş verdi. Müasir Estoniya ərazisində baş vermiş bu döyüşdə 35.000 rus əsgəri ilə 10.000 nəfərlik İsveç qoşunu üz-üzə gəldi. İmperator XII Karlın şəxsən rəhbərlik etdiyi İsveç qoşunu döyüş ərzində rusları mühasirəyə alaraq onları darmadağın etdi. Bu döyüşdə 10.000 rus əsgəri öldürüldü, 20.000 əsgər isə isveçlilərə əsir düşdü, həmçinin böyük miqdarda silah və sursat isveçlilərin əlinə keçdi. İsveçlilərin itkisi təxminən min nəfər idi. Təxminən dörd il sonra rus imperatoru çox böyük ordu yığaraq Narvaya yenidən hücum edib, böyük itkilər hesabına onu geri ala bildi. Lakin Müharibənin həlledici döyüşü olan Poltava Döyüşündə ruslar qalib gəldilər. Bundan sonra imperator XII Karl 1716-cı ildə Norveçə hücum etdi, lakin döyüşlərin birində öldürüldü. 1721-ci ildə müharibənin başa çatması ilə Niştadt müqaviləsi imzalandı. Bu müharibə nəticəsində İsveç imperiya kimi öz yerini itirdi, müqavilənin şərtlərinə görə Rusiyaya böyük ərazilər verildi, həmçinin müharibə dövründə təxminən 200.000 nəfər isveçli öldürüldü.
1809-cu ildə Rusiya yenidən hücum edərək İsveçə daxil olan Finlandiyanı işğal etdi. İsveçə mədəni və iqtisadi cəhətdən çox yaxın olan Finlandiya 1 əsrdən artıq bir müddət ərazində Rusiyanın zülmü altında qaldı. 1814-cü ildə İsveç Norveçə müharibə elan etdi, müharibə nəticəsində hər iki ölkənin daxil olduğu və 1905-ci ilə kimi mövcud olan birlik yarandı. Bu İsveçin daxil olduğu sonuncu müharibə idi.
19-cu əsrin sonlarından başlayaraq isveçlilər Amerikaya köçməyə başladılar. 1850-ci ildən 1910-cu ilə qədər təkcə ABŞ-yə 1 milyon isveçli mühacirət edib.[4] 1870-ci ildən etibarən İsveçdə sürətli iqtisadi inkişaf başladı. 20-ci əsrdə baş verən hər iki dünya müharibələrində İsveç neytral mövqedə oldu, lakin bəziləri 2-ci Dünya müharibəsində İsveçin Almaniyanı dəstəklədiyini iddia edir. İsveç ABŞ ilə sıx əlaqələrə malik olsa da, Soyuq Müharibə dövründə də neytral qaldığını elan etdi. 1995-ci ildə İsveç Avropa Birliyinə daxil oldu.
Şəhərləri
redaktəCoğrafiyası və iqlimi
redaktəİsveç Şimali Avropada, Baltik dənizi ilə Botnik körfəzi arasında yerləşir. Çox uzun (təxminən 8000 km) sahil zolağına malikdir. Qərbdə İsveçi Norveçdən ayıran Skandinav Dağları yerləşir. 449,964 km2 əraziyə malik olan İsveç, dünya sıralamasına görə 55-ci, Avropada isə 4-cü yeri tutur.[5] Ərazisinin 65%-i meşələrdən ibarətdir. Ərazisinin 9%-i çay və göllərdən ibarətdir.
İsveç Skandinaviya yarımadasının 5/8 hissəsini tutur. Şimal-qərbi dağlıqdır. Kjölen dağları və Skandinaviya Alplarının şərq yamacları bu hissədədir. Kjölen dağında İsveçin ən yüksək təpəsi olan Kebneka (2123 m) yerləşir. Şimal bölgəsində çoxlu çaylar vardır. Bu çaylar cənubda Bothnia körfəzində tökülür. Əsas çayları Klark, Une, Angerman, Dal, İndals, Pite, Lüle, Kalij, Torn və Skellettedir. Kjölen dağlarının yüksək yamaclarında yüzlərlə kiçik buzlaq düzənlikləri vardır. Böyük göllər hissəsini bir çox göl meydana gətirmişdir. Bu göllərdən ən böyüyü 5545 km²-lik Vanern gölüdür. Digər əhəmiyyətli gölləri isə Vattern, Jalmar və Malardır. Qumlu sahil olan Czania istisna olmaqla, İsveç sahilləri qayalıq və kiçik adalarla doludur. Baltik dənizində olan Scania, Gotland və Oland adaları düz torpaqlardan meydana gəlmişdir.
İsveç şimalda — Sibirlə eyni en dairəsində yerləşməsinə baxmayaraq mülayim iqlimə sahibdir. Qışda havanın temperaturu bəzən −50 dərəcəyə qədər düşür. İsveçin iqlimi 3 tipə ayrıla bilər. İsveçin cənub ərazilərində okean iqlimi, mərkəzi hissələrində quru kontinental iqlim və şimalda olan subarktik iqlim mövcuddur.
Təbii ehtiyatları
redaktəİsveç mədən qaynaqları baxımından zəngin bir ölkədir. Xüsusilə dəmir filizi başlıca yer tutur. Mis və sink baxımından zəngin olan İsveçdə qızıl, gümüş, volfram, nikel və kömür yataqları var.
İqtisadiyyatı
redaktəİsveç ixrac yönümlü, kapitalizm ilə sosializmin qarışmasından ibarət, yaxşı təşkil olunmuş xarici və daxili kommunikasiyaları olan iqtisadiyyata malikdir. İqtisadiyyatının əsasını təşkil edən resurslar meşələr, hidroelektrik stansiyaları və dəmir filizidir. Əsas məhsulları maşınlar, tibbi ləvazimatlar, ağac məhsulları və telekommuniksiyalardır. Hər iki dünya müharibəsində neytral mövqedə durması onun iqtisadiyyatını dağılmaqdan xilas etmiş və inkişafının davamlı olmasını təmin etmişdir. İsveç dünyada ən yüksək həyat şəraitinə malik ölkələrdən biridir, bununla bərabər ölkədə çox yüksək vergilər mövcuddur. Vergilərin yüksəkliyinə görə İsveç dünyada Danimarkadan sonra ikinci yeri tutur. 2009-cu il məlumatlarına görə Ümumi Daxili Məhsulu 333 milyard dollar olmuşdur, bunun 76%-i xidmət sahələrinin, 23%-i sənayenin, 1 faizi isə kənd təsərrüfatı məhsullarının payına düşür. Ölkədə əmək qabiliyyətli insanların sayı 4.9 milyon nəfərdir, onların üçdə biri ali məktəb təhsili almış şəxslərdir. İsveçin pul vahidi İsveç Kronudur, 2003-cü ildə avronun əsas pul vahidi kimi qəbul olunmasına dair keçirilən referenduma gələnlərin əksəriyyəti bunun əleyhinə səs verdilər. İsveçin əsas xarici ticarət partnyorları Almaniya, Böyük Britaniya, Danimarka, ABŞ və Norveçdir. İşsizlik İsveçdə həmişə aşağı olmuşdur, bu göstərici uzun müddət 4–5% arasında dəyişirdi. Lakin son illər dünyada baş verən iqtisadi tənəzzülə görə 2009-cu ildə işsizlik ölkədə 9%-ə qədər qalxıb, 15–25 yaş arasında olan gənclərdə isə bu göstərici hətta 30%-dir.
Enerji
redaktəİsveçin enerji istehsalı özəl şirkətlərin əlindədir. İstehsal olunan elektrikin 44%-i Su Elektrik Stansiyalarının, 47%-i isə Atom Elektrik Stansiyalarının payına düşür. Bununla yanaşı bioyanacaq, torf kimi yanacaqdan alınan enerji 9%, külək enerjisindən alınan elektrik enerjisinin payı isə 1% olub. Bioyanacaqdan ancaq istixanalarda yaşayış sahələrini qızdırmaq üçün istifadə olunur. Bundan başqa İsveç 2025-ci ilə kimi neft və neft məhsullarından istifadəni tamamilə dayandırmaq qərarını verib. [2] Arxivləşdirilib 2012-01-17 at the Wayback Machine
Təhsil
redaktə1–5 yaş arasındakı uşaqlar üçün pulsuz bağçalar mövcuddur. 6–16 yaş arasındakı uşaq və gənclər isə məcburi orta təhsillə təmin olunurlar. 9 illik təhsili başa vuran gənclərin 90 faizi daha sonra 3 il davam edən yuxarı siniflərdə təhsili davam etdirirlər. Yuxarı siniflər İsveçdə gymnasium adlandırılır. Buranı bitirən tələbələrə isə həm iş əldə etmək imkanı qazanır, həm də ali təhsil almaq üçün müraciət hüququ əldə edirlər. İsveçdə çoxlu sayda universitet və kolleclər fəaliyyətdədir, onlardan ən böyük və ən qədim olanları Uppsala Universiteti, Göteborq Universiteti, Stokholm Universiteti, Lund Universiteti və Kral Texnologiya Universitetidir. İsveçdə ali təhsil alan bütün tələbələr təhsil haqqından azaddırlar, lakin İsveç parlamentində yeni qəbul olunmuş qaydaya əsasən bundan sonra pulsuz təhsil Avropa Birliyindən və İsveçrədən olan tələbələrə şamil olunacaq.[6]
Demoqrafiya
redaktə2010-cu il üçün İsveçin əhalisi 9.401.925 nəfər olmuşdur.[7] İsveçdə əhalinin sayı 12 avqust 2004-cü ildə 9 milyona çatmışdır. Əhalinin sıxlığı hər km² üçün 20.6 nəfərdir və bu göstərici ölkənin cənubunda şimalına nisbətən daha yüksəkdir. Ölkənin ən böyük şəhəri paytaxt Stokholm, 2-ci və 3-cü böyük şəhərləri isə müvafiq olaraq Göteborq və Malmödür. 2007-ci il statistikasına görə ölkə əhalisinin 13,4%-i (1.23 milyon) İsveçdən kənarda doğulub. İkinci Dünya Müharibəsindən öncə İsveç emiqrasiya ölkəsi olsa da, müharibədən sonra immiqrasiya ölkəsinə çevrilib. 2008-ci ildə immiqrasiya İsveçdə pik nöqtəsinə çatıb, həmin il ölkəyə 101.171 nəfər köç edib. İsveçdəki gəlmə əhalinin çoxusu Finlandiya, İraq, Polşa, İran, Bosniya və Herseqovina, Danimarka, Norveç, Çili, Tailand, Somali və Livandandır. İsveçdə immiqrantlar əhali artımında çox vacib rol oynayır, belə ki, ölkədəki illik əhali artımının 25%-i təbii artımın hesabınadırsa, 75%-i immiqrantların ölkəyə axın etməsinin nəticəsidir. İsveçdən kənarda çoxlu sayda isveçli yaşayır. Onların böyük hissəsi 1820–1930-cu illərdə Amerikaya köç edənlərdir. Hal-hazırda ABŞ-də 4.4 milyon[8], Kanadada isə 330.000 isveçli yaşayır.[9]
İsveçdə rəsmi dil İsveç dilidir, bu dil Danimarka və Norveç dilinə çox yaxındır. Rəsmi dil İsveç dili olsa da, fransız, alman və fin dili də işlədilir. Finlər İsveçdə rəsmi olaraq tanınmış milli azlıqdır, həmçinin Fin dili etnik azlıqların dili kimi rəsmi olaraq tanınıb. Bundan başqa isveçlilərin böyük əksəriyyəti ingilis dilini başa düşür və həmin dildə danışa bilir. Və qloballaşmanın təsiri ilə daha çox ingiliscə danışılır.
Din
redaktəXI əsrə qədər isveçlilər bütpərəst sayılırdılar. İsveç bütpərəstlərinin mərkəzi Uppsala şəhərində yerləşən məbəd idi. XI əsrdə ölkə xristianlğı qəbul etdi, bütün digər dinlər isə qadağan olundu. Bu qadağa XIX əsrin sonuna qədər qüvvədə qaldı. XVI əsrdə isə ölkədə reformasiya dalğası başlandı. Roma-Katolik Kilsəsi ləğv olundu, dövlət və din bir-birindən ayrıldılar. Lakin ölkədə din azadlığı yalnız 1951-ci ildə yarandı. Həmin tarixə qədər isə İsveçdə hər hansı insanın xristianlıqdan çıxması qəti olaraq qadağan idi. 2000-ci ildə isə rəsmi olaraq dövlət dindən ayrıldı. 2009-cu il statistikasına görə İsveç əhalisinin 71,3%-i xristianlığın Lüteran məzhəbinə məxsus idilər, bu rəqəm son 20 ildə hər il davamlı olaraq 1% azalmaqdadır.[10]
İsveçdə ən sürətlə yayılan din isə İslam dinidir. Son illər çoxlu sayda müsəlman immiqrantın ölkəyə axın etməsi və onlar arasında təbii artımın yerli isveçlilərə nəzərən daha yüksək olması bunun əsas səbəbləridir. 2009-cu ildə İsveçdə müsəlman əhalinin sayı 500.000 nəfər çatmışdır ki, bu da ümumi əhalinin 5%-nə bərabərdir.[11] Müsəlman əhalinin ən sıx toplandığı şəhərlər Stokholm və Malmödur. Tək Malmö şəhərinin əhalisinin 25%-ni müsəlmanlar təşkil edir. Son illər İsveçdə müsəlmanların sayının artması ilə əlaqədar olaraq müsəlmanlara və İslama qarşı irqçi hücumların sayı kəskin şəkildə artmışdır.
İsveçdə həmçinin 300 ilə yaxın bir müddətdə yəhudi diasporu mövcud olmuşdur. Hal-hazırda onların bir çoxu İsrailə köçsə də, İsveçdə qalanların sayı təxminən 20.000 nəfərdir. Bundan başqa azsaylı buddist, hinduist və siqh diasporaları mövcuddur.
Silahlı qüvvələri
redaktəİsveç Silahlı Qüvvələri (Försvarsmakten) İsveç Müdafiə Nazirliynə tabe olan və hərbi əməliyyatların keçirilməsinə cavabdeh olan dövlət qurumudur. Əsas öhdəlikləri ölkə daxilində və xaricində hərbi qüvvələrin hazırlanması və yerləşdirilməsidir. Silahlı qüvvələr üç yerə ayrılırlar. Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Donanması. Soyuq Müharibə dövründə İsveçin daimi hərbçilərinin sayı 45.000 nəfər olsa da, hal-hazırda bu rəqəm 15.000 nəfərə enib. Soyuq Müharibə illərində yüksək döyüş hazırlığında olan İsveç Ordusu, müharibə başlayacağı təqdirdə 1 milyon nəfərlik ordu yığmağa hazır vəziyyətdə idi. Hal-hazırda isə bu rəqəm 60.000 nəfərə endirilib. Həmçinin 1 iyul 2010-cu ildən qüvvəyə minən qanuna görə İsveç Ordusu tamamilə könüllü əsgərlərdən ibarət olacaq. Həmçinin Soyuq Müharibənin bitməsi ilə ordudakı xidmət edən kişi əsgərlərin faiz nisbəti azalıb, qadın əsgərlərin sayı isə artıb.
Biznesi
redaktəBeynəlxalq aləmdə İsveçin tanınan şirkətləri arasında bunları sadalamaq mümkündür: "Volvo", "Saab", "Atlas Copco", "IKEA", "Absolut", "Scania".
Mədəniyyəti
redaktəİsveç musiqi sahəsində də inkişaf etmişdir. ABBA, "Roxette", "The Cardigans", "Opeth" qrupları beynəlxalq arenada tanınmışlar.
Bayramları
redaktə1916-cı ildən 1983-cü ilə qədər 6 İyun İsveç Bayrağı Günü "Svenska flaggans dag" adı altında milli bayram kimi qeyd olunurdu. Həmin gün 1983-cü ildən İsveçin Milli Bayramı olaraq rəsmi qeyd olunmaqdadır.
Şəkillər
redaktə-
Ənənəvi İsveç evi
-
Uppsala şəhərində kafedral
-
Stokholmdan görünüş
-
Stokholmun tarixi hissəsi
-
The towers
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
- ↑ http://chartsbin.com/view/edr.
- ↑ [1] Arxivləşdirilib 2021-04-15 at the Wayback Machine İsveçə səyahət
- ↑ "Avropalıların Emiqrasiyası". 2008-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-15.
- ↑ "Ərazisinə Görə Ölkələrin Siyahısı". 2010-06-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-13.
- ↑ "Sweden introduces tuition fees and offers scholarships for students from outside EU/EEA". 2010-06-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-18.
- ↑ "İsveç Əhalisinin Statistikası". 2013-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-04-23.
- ↑ ABŞ Əhalisinin Statistikası [ölü keçid]
- ↑ "Kanada Əhalisinin Etnik Tərkibi". 2016-08-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-22.
- ↑ "İsveçlilər Xristianlığı Sürətlə Tərk Edir". 2010-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-22.
- ↑ "ABŞ Dövlət Departamentinin Din Azadlığı Hesabatı". 2009-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-07.