Xristianliq - Wikipedia
Erkən Dövr
Tarix və Ənənələr
Məzhəblər və Hərəkatlar
Əsas mövzular
|
Xristianlıq (yun. Χριστός — məsh olunmuş) İsa Məsihin Əhdi-Cədid digər adı ilə İncil (anlamı xoş müjdə) dini kitabında əksini tapmış həyatının təsvirinə və baxışlarına əsaslanan monoteist dünya dini. Digər adları: məsihçilik, məsihilik, nəsranilik, nəsraniyyət,[1] tərsa. Üç əsas dünya dinlərindən (Yəhudilik və İslamla bərabər) biri, İbrahimi dini kimi də sayılır.
Xristianlar inanırlar ki, Nazaretli olan İsa "məsh olunmuş ilahi varlıqdır (Məsihdir)", Tanrının Kəlamıdır, bəşər olmuş Kəlamdır, Tanrıdır, Tanrının oğludur və bəşəriyyəti xilas edəcək Məsihdir.
Bibliya və İsanın əqidələri ətrafında mərkəzləşdirilmiş, dünyada tərəfdarlarına görə (2007-ci ildə təqribən 2.1 milyard nəfər) birinci dindir[2]. Avropada, hər iki Amerikada, cənubi Afrikada və Okeaniyada üstün inancdır.
Xristianlığın üç əsas cərəyanları Katoliklik , Pravoslavlıq və Protestantlıqdır. Demək olar ki, hər Xristian məzhəbi kilsə formada təşkil olunur. Xristianlıq Üçlü Birliyə digər adı ilə Üç üqnuma, yəni, tək Tanrının üç ilahi Şəxsiyyətdə var olmasına inanır.
Xristianlıq bizim eranın I əsrində Roma İmperiyasının tərkibində olan Fələstin torpağında, yəhudilərin arasında yaranıb. Sonradan o digər əyalətlərdə və xalqların arasında yayılmağa başladı.
Xristianlığın məzhəbləri
redaktəXristian dinində 3 məzhəb var:
Xristianlığın əsas ehkamı odur ki, İsanın ölümü və dirilməsi vasitəsilə günahkar insanlar Ata ilə barışmış, əbədi həyatı əldə etmişlərdir. Xristianlar inanırlar ki, bəşəriyyətin nicatına görə məsh edilmiş İsa Əhd-i ətiq peyğəmbərliyini yerinə yetirmək üçün dünyaya gəlmişdir. Onlar həmçinin inanırlar ki, o şəxslənmiş Tanrıdır, həmçinin tamamilə ilahi və tamamilə insani. Bu o deməkdir ki, İsanın iki təbiəti vardır: ilahi və insani. Nicat ilahi iltifat vasitəsilə nail olunur. Esxatologiyasında adamın ölümündən sonra onun ruhu cənnətə və ya cəhənnəmə gedir (katolisizmdə həmçinin əraf var). Məhşərdən sonra ölülər dirilmiş olacaqlar.
Tarixi
redaktəİlk dövrlər
redaktəXristianlığın tarixi köklərinə və yaranmasına diqqət yetirdikdə, onun bir tərəfdən qədim Yəhudi Dininə, başqa bir tərəfdən isə antik dövr dünyagörüşü və fəlsəfəsi ilə sıx surətdə əlaqədar olduğu məlum olur. Bununla yanaşı başqa dini ənənələrin (məs. mitraizmin) də xristian təliminin formalaşmasında təsiri olmuşdur. Tarixdən məlum olduğu kimi, I əsrdə Yəhudi Dövləti Roma imperiyası tərəfindən işğal edilmişdi. Bundan sonra yəhudi cəmiyyəti parçalanmışdı və dərin böhran içində idi. Yəhudilər də Roma imperiyası tərəfindən işğala məruz qalmış bütün xalqlar kimi azadlığa can atırdılar. Çünki imperiyada hər addımbaşı ədalətsizlik və istibdad hökm sürməkdə idi. Nəticədə isə, imperiyadaxili çəkişmələrin sayı artır, cəmiyyətin təbəqələşməsi və parçalanması getdikcə daha da dərinləşirdi. Bütün bu proseslər yəhudi cəmiyyətində özünü daha da qabarıq şəkildə göstərirdi. Bu cür acınacaqlı vəziyyətdən çıxmaqdan ötrü imperiyada yaşayan xalq kütlələri öz ümidlərini daha çox dinlərə bağlayırdılar. Bu səbəbdən də yəhudi xalqı arasında İsraili xilas edən Məsihin gəlməsinin yaxın olduğu ideyası geniş yayılmışdı. Hətta o zamanlar bir neçə şəxs özlərini peyğəmbər elan edərək üsyan etməyə cəhd etsələr belə, sonda fəaliyyətləri məğlubiyyət ilə nəticələnmişdi.
Erkən Dövr
Tarix və Ənənələr
Məzhəblər və Hərəkatlar
Əsas mövzular
|
|
Bu cür gərgin ictimai-siyasi vəziyyətdə, yəhudilər arasında İsa adlı bir adam peyğəmbərlik edərək, bir sıra yeni dini və etik prinsipləri ifadə etmişdir. O, qədim yəhudi dininin bəzi müddəalarına yeni baxışlarla çıxış etmişdir. Rəvayətlərə görə İsa özünü bir Məsih kimi təqdim etmişdi. Xristianlığın Müqəddəs Kitabı olan İncil adlı Kitab, İlahi olaraq qəbul edilmişdir. Bu gün mövcud olan müxtəlif İncil adlı kitablar var, bunların əsasən ilk 4-ü ivrit dilində, digər hissələri isə (məktubları) yunan dilində yazılıması heç də sirr deyildir. İsanın yunan dilində danışdığı ilə bağlı məlumat yoxdur. İsanın fəaliyyətindən narazı olan yəhudi kahinləri çox çəkmədi ki, İsanı öldürmək fikrinə düşdülər və bu işi həyata keçirmək üçün Roma imperiyasının Fələstində olan canişininə müraciət etdilər. Məqsəd isə İsanın İsraili xilas edən Məsih olmadığını sübut etmək idi. Onlar inanırdılar ki, məğlub olan adam Məsih ola bilməzdi. Məsih yalnız xalqı xilas edən adam olmalı idi. Onların inancına görə Məsih yenidən görkəmli İsrail Dövləti qurmalı idi amma İsa bunu etmədikdə onların İsanın Məsih olmasına inancıda qalmamışdı. Bu məqsədlərinə nail olmaqdan ötrü böyük qəzəblə Ponti Pilata müraciət etdilər. Bunun ardından onlar, İsanın tutularaq edam olunmasına nail oldular. Belə bir hadisənin baş verdiyinin, hətta şahidlərinin belə olduqları barədə məlumatlar Xristian ənənəsində də öz təsdiqini tapdı. İsanın ardıcılları arasında onun ölümü, və ya qeybə çəkilməsi haqqında vahid fikir yox idi. Daha sonralar İsanı artıq peyğəmbər kimi qəbul etmiş bəzi yəhudilər, öz əqidələrini Roma imperiyasının müxtəlif yerlərində yaymağa başladılar. Belə ki, çoxlu sayda dini dəvətçilər bu işi həyata keçirməyə başladı. Nəticədə isə, dərin mənəvi böhran keçirən Roma imperiyasının müxtəlif sosial təbəqələri arasında yeniləşmiş yəhudi dininə meyillər günü-gündən artmağa başlamışdı. Ənənəyə görə Xristianlığı yaymağa həvarilər Pyotr və Pavel başlamışdılar. Roma imperiyasının müxtəlif bölgələrində İsanın ilk ardıcılları yığıncaqlarını keçirirdilər və özləri bütpərəstliyə qarşı etiraz səslərini ucaldırdılar. İsanı onlar Xristos adlandırırdılar. Bu söz isə yəhudilərin "Maşiax" (Məsih) sözünün yunancaya tərcüməsidir. Roma imperiyasında Xristianlıq əvvəlcə qullar, miskinlər arasında yayılırdı. Dözülməz şəraitdə yaşayan bu adamlar Xristianlıqda nicat yolunu tapırdı, bu ideya onlara mənəvi qida verirdi. Lakin sonra Xristianlığı tədricən varlı zümrələrin nümayəndələri də qəbul etməyə başladılar. Məsələ bundadır ki, Roma imperiyasında ənənəvi yayılmış bütpərəst inanclar artıq cəmiyyətdə təsir gücünü itirmişdi. Onlar artıq Roma imperiyasında hökm sürən ədalətsizliyin və istibdadın rəmzinə çevrilmişdi. Buna görə də imperiyada müxtəlif qeyri-ənənəvi dinlər yayılmışdı. Onların arasında Misir tanrıları İzida və Osiris, İran tanrısı Mitranın kultlarını xüsusilə qeyd etmək lazımdır. Belə ki, bir vaxtlar onlar Xristianlıqla ciddi rəqabət aparır, hətta bəzi tədqiqatçılara görə, məsələn mitraizmin bəzi inancları sonralar Xristianlığa daxil olmuşdur. Belə ki, məsələn, ölən və dirilən tanrı ideyası mitraizmin əsaslarından biri idi. Lakin sonda Xristianlıq bu rəqabətdən qalib çıxa bildi.
Romada geniş xalq kütlələri tərəfindən Xristianlığın qəbul edilməsi prosesi kilsənin və keşiş zümrəsi olan klerosun (yepiskoplar, arxiyepiskoplar və s.) yaranması ilə nəticələndi. Getdikcə bu dində təşkilatlanma prosesi gücləndi və onun strukturları imperiyanın ictimai-siyasi həyatında aparıcı rol oynamağa başladı. İmperator Konstantinusun (lat. Constantinus) (306–337) hakimiyyəti zamanı isə, kilsələrin dövlət maraqlarına qulluq etməsi məqsədilə, Xristianlıq rəsmi dövlət dini elan edildi. Bundan sonra bütün bütpərəst məbədlərinin bağlaması prosesi başlandı. Nəhayət 451-ci ildə Kalkedon Ümumdünya Kilsə Yığıncağı son olaraq Romanın həm Qərbində, həm də Şərqində Xristianlığı rəsmi dövlət dini kimi təsdiq etdi. Cənubi Qafqazda yeni din yaranandan yayılmağa başlamışdır. Albaniyalı həvari Yelisey, Yerusəlimin birinci patriarxı həvari Yaqub tərəfindən Qafqaz Albaniyası patriarxı təyin olunmuşdu. 313-cü ildə çar Urnayr Xristianlığı Qafqaz Albaniyasında dövlət dini elan etdi. Qeyd etmək lazımdır ki, Xristianlıqla bütpərəstliyin mübarizəsi təkcə ideoloji mübarizə müstəvisində aparılmırdı. Məsələn, imperatorlardan Nero (54–68), Domitianus (81–96), Trayan (98–117), Markus Aurelius (161–180), Septimi Sever (193–211), Maksimus (235–238), Valerian (253–260), Dialektian (284–305) öz hakimiyyətləri zamanı Xristianlara qarşı təqiblər və zorakılıqlar həyata keçirməklə yadda qalmışdırlar. Bunun əsas səbəbi isə, Xristianların imperatorları Tanrı kimi tanınmamaları idi. Öz növbəsində Xristianlıq da qalib gələndən sonra bütpərəstliyə qarşı hücuma keçdi. Belə ki, bütpərəstlərin məbədləri məhv edilir, kahinləri öldürülür, ədəbiyyatları isə yandırılırdı. Məsələn, II Teodosiusun və III Valentinusun əmri ilə 448-ci ildə Porfirinin məşhur "Xristianların Əleyhinə" kitabı tonqallarda yandırılmışdı. 30 il ondan qabaq isə Misirin İsgəndəriyyə şəhərində Hipatiya adlı tanınmış riyaziyyatçı alim qadın Xristian yepiskopu Kirilin (Cyril) iştirakı ilə təəssübkeş kütlə tərəfindən vəhşicəsinə öldürülmüşdür. Bu hadisələrdən sonra Avropada azadfikirlilik qadağan olunmuş və hamı Xristianlığı qəbul etmək məcburiyyətində qalmışdı.[3]
Xristianlığın parçalanması
redaktə858-ci ildə Konstantinopolis kilsəsinin patriarxı vəzifəsinə Fotius (lat. Photius) adlı dünyəvi bir adam təyin olunmuşdu. Patriarx olması üçün onu, altı günün ərzində qiraətçidən yepiskopa qədər bütün kilsə rütbələrindən keçirmişdilər. Ondan öncəki patriarx İqnatius (lat. Ignatius) isə, imperator III Mixaellə birlikdə imperiyanı idarə edən, dayısı Varda ilə olan ixtilafdan sonra vəzifəsindən getmişdi. Lakin onun tərəfdarları buna qarşı etiraz edərək, Fotiusu qəsbkar elan etmişdilər. Bundan sonra kilsədə parçalanma baş vermişdi. 859-cu ildə Konstantinopolisdə (İstanbulda) yığılan Kilsə Məclisi İqnatiusun tərəfdarlarını pisləmişdir. Lakin, onlar Roma papasına müraciət edərək, 861-ci ildə daha bir Kilsə Məclisinin yığılmasına nail oldular. Bu dəfə də onların mövqeyi pislənmişdi. Lakin Roma papası Nikolas 863-cü ildə hər iki Kilsə Məclislərinin qərarlarını etibarsız elan etdi. Bundan sonra Qərb və Şərq Kilsələri arasında ilk dəfə olaraq, və sonda kilsənin parçalanmasına gətirən, bir ixtilaf baş vermiş oldu. Papas Nikolas bu addımı Bolqarıstan Kilsəsinin üzərində hakimiyyəti əldə etmək və bu Kilsəni Bizans patriarxlarının hakimiyyətindən almaq üçün atmışdı. Əslində isə, Xristian Kilsəsinin bölünməsi artıq bir zərurətə çevrilmişdi. Məsələ bundadır ki, həm Roma papaları, həm də Konstantinopolis patriarxları bütün Xristian dünyası üzərində başçılıq etmək istəyirdilər və onların arasındakı rəqabət getdikcə dərinləşirdi.
Papa Nikolasın hərəkətinə cavab olaraq, patriarx Fotiusun tərəfdarları 867-ci ildə Konstantinopolisdə daha bir Kilsə Məclisi çağırdılar. Orada papaz Nikolasın vəzifəsindən azad olunması haqqında qərar qəbul edildi. Lakin bundan sonra, Bizansda saray çevrilişi baş verdi və bunun nəticəsində Fotiusun özü vəzifəsindən devrildi. Bundan sonra 869–870-ci illərdə Romanın təkidi ilə Konstantinopolisdə daha bir Kilsə Məclisi yığılmışdı. Bu məclisi Qərb (katolik) kilsəsi VIII Ümumdünya Kilsə Məclisi kimi tanıyır. Şərq (ortodoks, və ya pravoslav) kilsəsi isə, onu Ümumdünya Kilsə Məclisi kimi tanımır. Məclisin qərarı ilə, Fotius kəskin surətdə pislənib, vəzifəsindən azad edilmişdi. Onun yerinə Konstantinopolis patriarxı vəzifəsinə İqnatius bərpa edildi. Buna baxmayaraq, Fotius Konstantinopolisdə böyük nüfuza malik idi. 877-ci ildə, İqnatiusun ölümündən sonra, o yenidən patriarx oldu. Bundan sonra, 879–880-ci illərdə daha bir Kilsə Məclisi yığıldı. Bu məclisdə papa Nikolasın nümayəndələri, onun taxtdan salınmasına görə Fotiusdan üzr istəməsini tələb etdilər. Lakin Fotius üzr istəmədi. Bu Məclisdə Şərq kilsəsinin nümayəndələri Qərbdə yayılmış bəzi inancları və ayinləri də pisləmişdirlər. "Filioque" adlanan inanc xüsusilə pislənmişdi. Məsələ bundadır ki, Şərqdə və Qərbdə Kilsə ənənələri, bəzi ayinlər, bir-birindən fərqlənirdi. Bu amil də Kilsənin parçalanmasında müəyyən rol oynamışdı. Bu Kilsə Məclisi Qərbdə əvvəlcə Ümumdünya Kilsə Məclisi elan olunmuşdur. Lakin sonra, bu keyfiyyətdə, Fotiusun əvəzinə İqnatiusu patriarx kimi yenidən tanıyan, 869–870-ci illərdə keçirilən, Məclis tanınmışdı.
Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi, Xristianlığın ehkamları və inanclarının əsasları da Qərb və Şərq Kilsələrinin mübahisə obyektinə çevrilmişdir. Məlum olduğu kimi, Xristianlar Tanrının üç sifətdən ibarət olduğunu iddia edirlər. Bu sifətlərin üçüncüsü olan Müqəddəs Ruh, həyatverici keyfiyyətlərinə malik olan sifətdir. Onun Atadan və ya Oğuldan çıxması haqqında gərgin mübahisələr, Kilsənin əqidə nöqteyi-nəzərindən parçalanmasına gətirib çıxarmışdı. Qərbdə Ambrosius, Hiyeronimus, Avqustinus kimi kilsə ataları, Müqəddəs Ruhun təkcə Atadan deyil, həm də Oğuldan çıxmasını (lat. filioque) iddia edirdilər. VII əsrdə İspaniyanın Toledo şəhərində keçirilən Kilsə Məclisində filioque Xristian əqidəsinin əsaslarına (simvoluna) daxil edilmişdir. Buna dəlil olaraq İsanın sözləri gətirilirdi:
"Bunu dediyi zaman, onlara üfürdü və: "Müqəddəs Ruhu qəbul edin", – dedi.
Lakin şərq Kilsəsi filioqueni qəbul etməmişdi. Onların fikrincə Müqəddəs Ruh yalnız Atadan çıxır, Oğuldan çıxmaz. Qərb atalarının filioque haqqında dediklərini isə, Kilsənin deyil, onların şəxsi fikirləri olduğunu deyirdilər.
Bolqarıstan üzərində Qərb və Şərq Kilsələri arasında gedən mübahisələr isə, sonda, Şərq Kilsəsinin xeyrinə həll olundu. Bolqarıstan kilsəsi Konstantinopolisin nəzarəti altına keçdi. X əsrdə də Qərb və Şərq Kilsələri arasında sülh əldə edilməmişdi. Konstantinopolis keşişləri Roma papasına yalnız müstəsna hallarda müraciətlər edirdilər. Bu amil isə Kilsələri biri-birindən daha da uzaqlaşdırırdı. XI əsrdə Qərb və Şərq kilsələri arasında münasibətlər bir qədər fəallaşdırmışdır, lakin bu fəallaşma sonda onların parçalanması ilə nəticələnmişdir. O dövrdə Roma papası olan IX Leo Cənubi İtaliyada Konstantinopolis patriarxının tabeliyində olan kilsələrdə Qərb (latın) ayinlərinin icra olunmasını tələb etmişdir (qeyd olunduğu kimi Qərb kilsələrin bəzi dini ayinləri Şərq ortodoks ayinlərindən fərqlənirdi). Öz növbəsində Konstantinopolis patriarxı Mixael Kelluarios (lat. Michael Cerullarios) Konstantinopolisdə papanın tabeliyində olan kilsə və monastırların bağlanması haqqında sərancam vermişdir. Vəziyyətin gərginləşməsini görən Bizans imperatoru Konstantine Monomaxus (lat. Constantine Monomachus) Qərblə münasibətlərini pozmaq istəmirdi. O, papa ilə danışıqlar apararaq, Konstantinopolisə papa tərəfindən göndərilmiş nümayəndələri qəbul etməyə hazır olduğunu bildirmişdi. Lakin nümayəndələrin gəlişindən sonra, onların Şərq (yunan) keşişləri ilə şiddətli ixtilafı baş vermişdir. Bu ixtilaf nəticəsində papanın nümayəndələri Konstantinopolis patriarxını və ona tabe olan bütün Şərq Kilsələrini heresdə (bidətçilik) və dinsizlikdə ittiham edərək, onların Xristian kilsəsindən xaric edilməsi haqqında məktub yazaraq onu rəsmi ibadət zamanı Konstantinopolisin Müqəddəs Sofiya (Aya Sofya) kilsəsində yunan keşişlərinə təqdim etdilər. Öz növbəsində patriarx Mixael Kelluarios 1054-cü ildə Kilsə Məclisi yığaraq papanın nümayəndələrini lənətləmiş, Roma kilsəsi ilə bütün əlaqələrin kəsilməsi haqqında sərəncam vermişdir. Bu hadisələrdən sonra Xristian kilsəsi parçalanmışdır. Şərq (yunan) kilsəsi ortodoks (pravoslav), Qərb (latın) kilsəsi isə katolik adlandırılmışdır.[4]
Simvolları
redaktə1. Xaç. Xaç Xristianlığın ən geniş yayılmış rəmzidir, İsanın edam edildiyi alətin təsviridir. Lakin bu rəmz Xristianlıqdan öncə qədim Misirdə həyat simvolu olmuşdur və Ankh adlanırdı. Xaçın yuxarısında olan dairə qadın, aşağı hissəsi isə kişi başlanqıcını simvolizə edir. Ümumiyyətlə xaçın təsvirini Xristianlar misir ənənəsindən almışdılar. Xristianlıqda xaçın rəmz kimi yaranma tarixi II–III əsrlərə təsadüf edilir. Xaçların bir neçə növləri vardır. Latın xaçı, yunan xaçı, Qolqofa (İsanı edam edilən təpəliyin adı) xaçı və ya pilləli xaç, Rus ortodoks (pravoslav) kilsəsinin xaçı, Roma papazlarının xaçı, xaç suyuna salınma mərasiminə aid olan xaç, Qələbənin rəmzi olan Yunan xaçı, Kürə üzərində qələbənin simvolu olan xaç, Müqəddəs Petrusun çevrilmiş xaçı, Yeruşalaim (Qüds) xaçı və sair.
2. Balıq. Balıq ilk Xristian simvollarından biri olmuşdur. O İsanın rəmzi mənasını daşıyırdı. Buna səbəb şəkildə göstərilən yunan hərflərinin abreviatursıdır (İXTUS). Bu abreviatur yunan dilində "Xilaskar İsa Məsih Tanrının oğludur" sözlərinin birinci hərflərindən yaranmışdır. "İXTUS" sözü isə yunanca balıq deməkdir. Eyni zamanda İsanın ilk ardıcıllarının bir neçəsi balıqçı olmuşdur. Buna görə Xristianlar özlərini "insan ruhunu tutanlar" adlandırırdılar.
3. Gəmi. Gəmi də Xristianlığın ən qədim rəmzlərindən (simvollarından) biridir. Məsələn məşhur roma ilahiyyatçısı Hippolitus (III əsrdə yaşamışdır) Xristian kilsəsini "dalğalar üzərində üzən və heç zaman batmayan" gəmiyə bənzədirdi. Başqaları onu "nicat gəmisi" adlandırırdılar
4. Labarum. Labarum (latın sözüdür) imperator Konstantinusun bayrağı olmuşdu. Onun hakimiyyəti dövründən başlayaraq, Xristianlığın rəmzinə çevrilmişdir. Bayrağın üzərində "Xristos" sözünün yunanca ilk iki hərfi və "Hoc vince" (Bununla qələbə çalacağıq) sözləri yazılmışdır. Rəvayətlərə görə 312-ci ildə Milviya körpüsü yaxınlığında baş verən döyüşdən öncə imperator Konstaninus və onun 40 minlik ordusu göydə böyük bir xaçı gördülər. Bu xaç hətta günəşi də bağlamışdı. Başqa rəvayətə görə, bu döyüşdən öncə Konstantinus yuxuda labarumumu görərək In hoc signo vinces (Bu rəmzlə qələbə çalacaqsan) sözlərini eşitmişdi. Bu yuxunu görəndən sonra, Konstantinus öz əsgərlərinə gördüyü labarumu öz qalxanlarının üzərində təsvir etməyi əmr etmişdi. Bu döyüş onun qələbəsi ilə bitmişdi və bundan sonra Konstantinus roma imperatoru olmuşdu. Onun hakimiyyəti dövründə də Xristianlıq dövlət dini statusunu almışdı.[5]
Azərbaycanda xristianlıq
redaktəXristianlıq Azərbaycan ərazisinə eranın ilk əsrlərindən, hələ İsa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə nüfuz etmişdir. 70-ci ildə Yerusəlimin (Qüdsün) süqutundan sonra yəhudilərin Qafqaza köçürülməsi güclənir. Gələnlər İsanın göstərdiyi möcüzələrdən danışırlar. Bu cür təbliğin təsiri altında bölgədə ilk Xristian icmaları yaranır.
Albaniyada Xristianlığın yayılmasında bu dövr həvari (sirofil) dövrü adlanır və həvarilərdən Varfolomey və Faddeyin adları ilə bağlıdır. Həvari Faddeyin şagirdlərindən olan Yelisey Yerusəlimin birinci patriarxı Yəqubun xeyir-duası ilə yeni dini təbliğ edə-edə Aqvan diyarına gəlib çıxmış və Kiş adlı yerdə kilsə tikmişdir. Bu kilsə Ermənistandakı birinci Xristian kilsəsindən qabaq tikilmişdir.
Sonra Yelisey Çolaya (Dərbəndə) yollanmış, daha sonra isə Samurçayı keçib dinin təbliğini davam etdirmiş, Helmes kəndində bütpərəstlər tərəfindən öldürülərək bir çalaya atılmışdır. Sonralar Alban məliki Vaçaqanın göstərişi ilə Yeliseyin cəsədinin qalıqları Xruq kəndində torpağa tapşırılmış, çalanın üzərində isə kiçik bir məbəd tikilmişdir.
313-cü ildə Roma imperatoru Konstantin Xristianlığa etiqad üzərindən qadağanı götürəndə Alban hökmdarı Urnayr xristianlığı dövlət dini elan edir. Bu vaxtdan etibarən Azərbaycanda Xristianlığın yayılmasının qrekofil dövrü adlanan yeni dövrü başlanır. Akademik Z. Bünyadov göstərir ki, Urnayr, II Vaçe və III Vaçaqan ölkədə Xristianlığı yaymaq üçün mübarizə aparmışlar. IV–V əsrlərdə ruhanilik və kilsə iyerarxiyası təşəkkül tapır. Katolikosun göstərişi ilə feodallar öz ərazilərində kilsə üçün xüsusi yerlər ayırırdılar. Bölgədə kilsələr tikilir, dini kitablar siryani, arami və yunan dillərindən Alban dilinə tərcümə edilirdi. Sinayda aşkar edilmiş "Alban yazısında və Alban dilində" leksionari dünyada Xristianlığın ən qədim kütləvi qiraət kitablarından sayılır.
451-ci ildə Xalkidon kilsə toplantısında Albaniya monofizitliyə üstünlük verir. V–VI əsrlərdə ölkə əpazisində monofizitlərlə diofizitlər arasında mübarizə güclənir. VI əsrin sonu – VII əsrin əvvəllərində Alban kilsəsi diofizitliyi qəbul edir. Alban katolikosunun iqamətgahı Çoqay şəhərində yerləşirdi. 552-ci ildə iqamətgah Bərdəyə köçürülmüşdür. İslam fütuhatlarından, xüsusilə Alban məlikliyinin süqutundan sonra ölkədə Xristianlığın rolu zəifləmiş, Alban dili sıxışdırılıb çıxarılmışdır. VIII–IX əsrlərdə Azərbaycan ərazisində müstəqil dövlətlər yarananda Alban kilsəsi yenidən avtokefal kilsə statusunu bərpa etmişdir.
X–XI əsrlərdə bölgədə şərq xristianlığı nüfuzunu müəyyən dərəcədə qoruyub saxlaya bilmişdi. Bu durum XVIII əsrə kimi beləcə davam etmişdir. 1836-cı ildə çar hökuməti Sinodun təqdimatı ilə Alban kilsəsini ləğv edir, kilsənin bütün əmlakı Eçmiədzin katolikosluğuna verilir. XX əsrin 80–90-cı illərində Alban kilsəsi bir daha bərpa olunur. 2003-cü ildə Alban-udi Xristian icması dövlət qeydiyyatından keçir. Bu, Şəkidəki Kiş kilsəsinin bərpasından sonra olmuşdur. Hazırda Qəbələ rayonunun Nic kəndindəki kilsənin də bərpası davam etdirilir.
Azərbaycanda Xristianlıq özünün Pravoslavlıq, Katoliklik və Protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunmuşdur. Dövlət qeydiyyatında 5 qriqorian icması vardır. Pravoslavlıq Azərbaycana XIX əsrin əvvəllərindən etibarən rus çarizminin bölgədə yeritdiyi "köçürmə siyasəti" çərçivəsində nüfuz etməyə başlamışdır. Bakıda ilk pravoslav kilsəsi 1815-ci ildə fəaliyyətə başlamışdır. Rus pravoslav kilsəsində baş verən parçalanmanın ağır nəticələrindən sığortalanmaq üçün sektant Xristianların Qafqaza sürgünü başlanır. Azərbaycanda ilk rus köçkünləri 1834-cü ildə Şamaxı qəzasında Altı-Ağac kəndini, 1838-ci ildə Lənkəran qəzasında Vel kəndini, 1842-ci ildə Yelizavetpol quberniyasında Rus Borisi, 1844-cü ildə isə Slavyanka kəndlərini salırlar. 1868-ci ildə Bakı quberniyasının ərazisində 21 sektant kəndi var idi ki, burada 13 min sektant yaşayırdı.
Katolisizm. Bakıda ilk Roma-katolik prixodu XIX əsrin 50-ci illərində rus ordusu tərəfindən hərbçi katoliklərin Qafqaza sürgün edilməsi ilə əlaqədar olaraq yaradılmışdır. Prixod Tetri-Skarodakı (Gürcüstan) Roma-katolik hərbi prixoduna tabe idi. 1882-ci ildə Bakı prixodu müstəqilləşir. 1895-ci ildə Müqəddəs Məryəmin Bakirə Hamiləliyi şərəfinə kilsə, 1903-cü ildə isə Bakı qəbiristanlığında Müqəddəs Xaç kilsəsi tikilir. 1909–1912-ci illərdə Bakının gözəl memarlıq abidələrindən sayılan yeni Müqəddəs Məryəmin Bakirə Hamiləliyi kilsəsi qotik üslubda inşa edilir. Sovet dövründə kilsə dağıdılmışdır. 1999-cu ildə Bakıda Roma-katolik icması yenidən bərpa olunur. 2001-ci ildə icma öz ibadət evini yaradır. Hazırda Bakıda Roma-katolik kilsəsinin inşası üçün torpaq sahəsi ayrılmışdır. 22–23 may 2002-ci ildə Roma-katolik kilsəsinin sabiq başçısı Papa İoann II Pavel Bakıda rəsmi səfərdə olmuşdur.
Baptizm. İncilçi-lüteran kilsəsinin ardıcılları Bakıya hələ XIX əsrin ikinci yarısında neft yataqlarının istismarında iştirak edən alman sənayeçiləri sırasında gəlmişlər. Onların gəlişinin bir səbəbi də XIX əsrin əvvəllərində Almaniyada baş vermiş siyasi və dini iğtişaşlar sayılmalıdır. O vaxt ölkədə belə bir mövhumi şayiə yayılmışdı ki, Qərbdə qiyamət günü yaxınlaşır, nicat ancaq Şərqdədir. Əhali, xüsusilə sektant dindarlar Rusiyaya və Qafqaza köçməklə qiyamət gününün sorğu-sualından yaxa qurtarmağa çalışırdılar. 1819-cu ilin əvvəlində Azərbaycanda 209 alman ailəsi vardı. Bakıda İncilçi-lüteran icması 1870-ci ildə yaradılmışdır. 1899-cu ildə icmanın üzvləri şəhərdə öz məbədlərini – kirxanı (indiki Kamera və orqan musiqisi zalı) tikmişlər. Yelenendorfda (indiki Xanlar) kirxa daha əvvəl tikilmişdir. 1937-ci ildə Lüteran kilsəsinin keşişləri başqa dini icmaların nümayəndələri ilə birlikdə sürgün edilmiş, güllələnmişlər. 1994-cü ildə lüteran icması Bakıda yenidən fəaliyyətə başlamışdır.[6]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti". 2024-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-24.
- ↑ "http://www.adherents.com/Religions_By_Adherents.html". 2008-06-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-09.
- ↑ Aydın Əlizadə. Xristianlıq: Tarix və fəlfəsə I Fəsil, İlk Xristianlığın qısa tarixi icmalı Arxivləşdirilib 2021-10-18 at the Wayback Machine
- ↑ Aydın Əlizadə. Xristianlıq: Tarix və fəlfəsə VIII Fəsil, Qərb və Şərq arasında ixtilaflar və xristian kilsəsinin parçalanması Arxivləşdirilib 2021-10-18 at the Wayback Machine
- ↑ Aydın Əlizadə. Xristianlıq: Tarix və fəlfəsə Xristianlığın simvolları Arxivləşdirilib 2021-10-18 at the Wayback Machine
- ↑ "AZƏRBAYCANDA DİNLƏRİN TARİXİ". 2016-11-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-21.
Ədəbiyyat siyahısı
redaktə- Candida R. Moss. The Myth of Persecution: How Early-Christians Invented a Story of Martyrdom. San Francisco: HarperOne, 2013. 308 s. — ISBN 978-0-06-210452-6
- Av. Mahmut Yılmaz. Hukuk Tarihi Açısından Hristiyanlık. Sosyal Araştırmalar ve Davranış Bilimleri Dergisi Journal of Social Research and Behavioral Sciences. — ISSN 2149–178X
- Dr. Thomas MICHEL. Hristiyan Tanrı Bilimine Giriş. Birinci Baskı Aralık 2012. — ISBN 978-605-86445-0-2
- Eliade, Mircea, Dinsel İnançlar ve Dünceler Tarihi II, (çev. Ali Berktay), Kabalcı Yayınlar, İstanbul 2003.
Xarici keçidlər
redaktə- Yeniheyat.com
- Azerincil.net Arxivləşdirilib 2012-05-11 at the Wayback Machine