Fridrix Bodenstedt - Wikipedia
Fridrix Bodenştedt (alm. Friedrich Martin von Bodenstedt; 22 aprel 1819[1][2][…], Payne, Aşağı Saksoniya[1] – 18 aprel 1892[1], Visbaden, Prussiya[1][3][…]) – Alman yazarı və tədqiqatçısı.
Fridrix Bodenştedt | |
---|---|
alm. Friedrich Martin von Bodenstedt | |
Doğum tarixi | 22 aprel 1819[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 18 aprel 1892[1] (72 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | yazıçı, şair, tərcüməçi, universitet müəllimi[d], slavyanşünas |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və yaradıçılığı
redaktəBodenştedt 1819-cu il aprelin 28-də keçmiş Hannover krallığında anadan olub. Almaniyanın ən yaxşı universitetlərində, Kettingendə, Münhen və Berlində təhsil alan Bodenştedt bir neçə dil və ədəbiyyatı öyrənir. Sonra 1841-ci ildə Moskvaya gedərək, knyaz Mixail Qolitsınin uşaqlarının tərbiyəsi ilə məşğul olur. Üç ildən sonra müşahidəçi qismində Tiflisə gəlir və burada xarici dilləri tədris etməyə başlayır. O, burada Şərq dillərini öyrənmək fikrinə düşür. Sonralar Xatirələrində belə yazmışdır:
O zaman mən Tiflisdə yaşayan yeganə alman idim ki, Şərq dillərini öyrənmək istəyirdim. Mən tatar (türk) dilindən başladım, çünki bu dil Qafqazda müxtəlif millətlərdən olan insanlarla ünsiyyət saxlamaq üçün vacib sayılırdı. Bu dili bilən hər kəs rus dilini bilmədən də hər yerdə baş çıxara bilərdi. |
Bodenştedtin tanışları müəllim seçmək lazım gəldikdə ona bir neçə başqa şəxslə birlikdə Mirzə Şəfini də məsləhət görürlər. Çünki onun Gəncədə və Tiflisdə fərdi dərs deməkdə böyük təcrübə qazandığı məlum idi. Mənə məsləhət görülənlər içərisində ən münasibi Mirzə Şəfi idi. O, mənim çox xoşuma gəldi. Ucaboy və ciddi bir adam idi deyə Bodenştedt yazırdı. Mirzə Şəfi həftədə üç dəfə Bodenştedtə və digər tələbələrinə dərs keçir. Az sonra müəllim öz qərib qonağı ilə o qədər yaxınlaşır ki, Bodenştedt Mirzə Şəfi "Divan"ına tam hüquqlu üzv olur.
Divani-hikmət ədəbi məclisinin yığıncaqları canlı fəlsəfi diskussiyalar şəklində keçirdi. Mirzə Şəfi Firdovsi, Xəyyam, Sədi, Füzuli kimi dahi şairlərin şerlərini əzbərdən avazla oxuyurdu. Şəfi öz şerlərinə də yer ayırırdı. "Mən hələ onun dil dərslərinə kitab gətirdiyini görməmişdim. Bodenştedt yazırdı o, həmişə nə deyirdisə, nə diqtə edirdisə, nəyi sitat gətirir və sübut etməyə çalmşırdısa, öz yaddaşına arxalanırdı.
Yüksək savad sahibi olan Bodenştedt öz müəllimi ilə keçirdiyi vaxtdan səmərəli istifadə edir. O eşitdiyi söhbətləri və şerləri yazıya alır, qeydlər aparır. Çox zaman Mirzə Şəfi öz şerlərini də ona diqtə edirdi və qonaq bunları da yazırdı. Belə tədris üsulunun effekti uzun əsrlər boyu işlənmişdi və buna görə də Bodenştedt çox tezliklə Azərbaycan və fars poeziyasının gözəlliklərini anlamağa başlayır. Buna görə də o, səmimi bir şəkildə özünün "Hikmət açarı" adlandırdığı kitabını qonağa hədiyyə verir. "Bu dəftərçə bizim müəllimimizin bütün dünyaduyumunu özündə əks etdirirdi." Bodenştedtin xatirələrində həmin kitab haqda belə deyilir. Kitabın girişində şair ön söz verir. Sonralar Bodenştedt həmin ön sözü alman dilinə tərcümədə çap edəcəkdi. Burada deyilirdi: "Mərhəmətli və rəhmdil Allahın adı ilə başlayıram. Yerin və göyün yaradanına həmd və səna olsun ki, biz bu kitabın həqiqi mahiyyətini və təbiətini açırıq. Dostumuz və tələbəmiz Bustan əfəndinin (allah onun ömrünü uzun eləsin) təkidi ilə Mirzə Şəfi bu kitabda idrak və hikmət qaynağı olan qəsidə, qəzəl, müqəttəat, məsnəviyyat və rübaiyyatını yazıb topladı. Qoy ağılsızlar oradan ağıl, müdriklər isə həzz alsınlar. Bu topluda məhəbbət nəğmələri, gözəllik və xeyirxahlıq sevinci, həmçinin bütün pis və mənfur şeylərin lənətlənməsinə dair şərqilər yığılıb. Buradakı hikmət toxumları bilik yanğısından yaranmış tarlada səpilmək və anlayış şırımlarına atılmaqdan ötrü nəzərdə tutulmayıb. Buradakı mahnılar o adamlar üçün yaranmayıb ki, poeziya və natiqlik sənətinin arasında qızıl ortanı tapmaq istəyirlər, o adamlar üçündür ki, öz atlarının başını sözlü-söhbətli yollarda boşuna buraxırlar."
1845-ci ildə Bodenştedt Almaniyaya qayıdır və Tiflisdə keçirdiyi illərin yekunu kimi "Şərqdə 1001 gün" adlı kitab yazır. O, Mirzə Şəfi Vazehdən tərcümə etdiyi şerləri də həmin kitaba salır. Bodenştedt o zaman hələ tam səmimi bir tərzdə Mirzə Şəfiyə müraciət edirdi:
Ey gəncəli müdrik Mirzə Şəfi! Yenə xəyalımda surətin canlanır. Sənin sözlərin həqiqət oldu, bizə vəd etdiklərinin hamısı həyata keçdi. Sənin nəğmələrin bizim qız-gəlinlərimizin ürəklərində özünə yuva tapdı. Sənin adın Qərb dünyasında şərəflə səsləndi. Mənə bağışladığın çiçəklərdən çələnglər hördüm, qarşımda səpdiyin mirvariləri sənin şərəfinə sapa düzdüm, insanlara sevinc bəxş etdim. |
Bu kitabda Bodenştedt digər Azərbaycan və fars şairlərindən etdiyi tərcümələri də toplamışdı. O, hər bir şerin nəinki Mirzə Şəfi də daxil olmaqla müəllifini dəqiq göstərir, hətta həmin əsərləri hansı şəraitdə və haçan qeydə aldığını da ətraflı təsvir edir. Beləliklə, qərib qonağın və sevimli şagirdin səyləri sayəsində bütün Avropa XIX əsrin ən görkəmli Azərbaycan şairlərindən biri ilə tanış olur.
Bodenştedt əvvəllər də ədəbi fəaliyyətlə və tərcümə ilə məşğul olmuşdu, lakin heç zaman belə tanınmamışdı. Onu yalnız ədiblərin dar dairəsində tanıyırdılar. Və birdən hətta müəllifin gözləmədiyi bir şəkildə kitab görünməmiş bir uğur qazanır. Sevincindən uçmağa qanad tapmayan Bodenştedt naşirinin təklifi ilə kitabı təkrarən nəşr etdirmək fikrinə düşür. Daha doğrusu, yeni bir kitab – "Mirzə Şəfinin nəğmələri" kitabı yaranır ki, bu da Bodenştedtə şöhrət gətirir. "Nəğmələr"in müəllifi və tərcüməçisi cəmi bir neçə ilin içərisində bütün dünyada ad-san qazanırlar. Kitab fransız, ingilis, İsveç, holland, Danimarka, ispan, portuqal, rus, çex, macar, yəhudi dillərində nəşr olunur.
"Nəğmələr"dən bir neçəsini hətta qədim yəhudi dilinə tərcümə edirlər. Yalnız Almaniyada həmin kitab 1922-ci ilə qədər 169 dəfə nəşr olunur. Həmin ölkədə bu kitabın uğuru o qədər böyük idi ki, bəzən kitabı bir ildə bir neçə dəfə təkrar nəşr etmək lazım gəlirdi. Belə ki, 1868-ci ildə kitab 6 dəfə, 1876-cı ildə isə 12 dəfə nəşr olunmuşdu. Məşhur şair haqqında hətta "Die lideq des Miqza Sshaffu" adlı operetta da yazılır ki, onun da premyerası 1887-ci ildə baş tutur. 1879–1880-cı illərdə Amerika Birləşmiş Ştatlarında səfərdə olur. Bodenştedt 1892-ci ilin 19 mart tarixində Visbaden şəhərində vəfat edir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 Краткая литературная энциклопедия (rus.). Москва: Советская энциклопедия, 1962. Т. 1.
- ↑ 1 2 Friedrich Martin von Bodenstedt // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Боденштедт Фридрих // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
Xarici keçidlər
redaktəKitabları
redaktə- Die Völker des Kaukasus und ihre Freiheitskämpfe gegen die Russen (1849)
- Ada, die Lesghierin: Ein Gedicht (1853)
- Shakespeare's zeitgenossen und ihre werke; in charakteristiken und übersetzungen (1858)
- Duftkörner aus persischen Dichtern gesammelt (1860)
- Gesammelte Schriften (1865): Band 1-2, Band 3-4, Band 5-6, Band 7-8, Band 9-10, Band 11-12
- Die Lieder des Mirza-Schaffy (1875)
- Aus dem Nachlasse Mirza Schaffy's
- Die Lieder und Sprüche des Omar Chajjam (1881)
- Vom Atlantischen zum Stillen Ocean (1882)
- Aus Morgenland und Abendland, neue Gedichte und Sprüche (1884)
- Erinnerungen aus meinem Leben (1890)