Kitabi Esgeriyye - Wikipedia
"Kitabi-Əsgəriyyə" — Azərbaycanlı alim və maarifçi Abbasqulu ağa Bakıxanovun 1837-ci ildə yazdığı hekayə.[1] Bu Bakıxanovun Riyazül-Qüdsdən sonra ikinci nəsr əsəridir.[1] "Kitabi-Əsgəriyyə" hekayəsində Bakıxanov sevgi azadlığı haqqında yazırdı və xurafata qarşı çıxırdı.[2]
Kitabi-Əsgəriyyə | |
---|---|
Janr | Hekayə |
Müəllif | Abbasqulu ağa Bakıxanov |
Orijinal dili | Azərbaycan dili |
Yazılma ili | 1837 |
Nəşr ili | 1861 |
Hekayə ilk dəfə Mirzə Əbülhəsən bəy Vəzirovun 1861-ci ildə Peterburqda çap olunan "Qəvaidi-Zöviyyə ("Zövi qaydaları") adlı türk dili dərsliyində ixtisarla və bəzi hissələri sadələşdirilərək verilmişdir.[3] Hekayənin Quba şəhərindəki Ərdəbillilər məscidindən tapılıb. AMEA-nın Nizami adına Ədəbiyyat və Dil İnstitutunun Əlyazmalar fondunda saxlanılan nüsxəsinin mükəmməl tənqidi mətni ilk dəfə Həmid Araslının transfonoliterasiyası ilə 1946-cı ildə İnstitutun əsərlərinin birinci cildində nəşr olunmuşdur.[4]
Azərbaycan ədəbiyyatında Azərbaycan türkcəsi ilə yazılmış ilk hekayə və ya povest (uzun hekayə) sayılan bu əsərdə iki gəncin məhəbbətindən bəhs edilir. Əsərdə, klassik məsnəvilərdə olduğu kimi iki qəhrəmanlı məhəbbət hekayəsi təsvir olunmuşdur. Lakin digər əsərlərdən fərqli olaraq, bu hekayə bir tərəfin və ya hər ikisinin ölümilə nəticələnmir. Burada da aşiq və məşuq bir-birini sevir, lakin onların görüşməsinə mane olan məhəllə sakinləridir.
Əsərin tədqiqi
redaktəKitabi-Əsgəriyyə 1837-ci ildə Azərbaycan türkcəsində yazılıb. Əsərdə Azərbaycanın Quba şəhərində yaşayan dəmirçi oğlu Əsgərin sevgi hekayəsindən bəhs olunur. Hekayə ilk dəfə Mirzə Əbül-Həsən bəyin tərtib etdiyi “Uçebnik Tatarskogo-Azerbaydjanskogo Nareçiya” (Qəvaid-i Zöviyyə) adlı kitabda 1861-ci ildə Peterburqda yayımlanır.[5] Əsərin bir nüsxəsi 974-cü ildə Təbriz Milli Kitabxanasından da tapılmışdır. Əsərin bir digət nüsxəsi isə Quba şəhərindəki Ərdəbillilər məscidindən tapılıb və hal-hazırda AMEA-nın Nizami adına Ədəbiyyat və Dil İnstitutunun Əlyazmalar fondunda saxlanılır.[6]
Firidun Bəy Köçərli, əsər ilə bağlı “Azərbaycan Ədəbiyyatı ”adlı əsərində belə yazır:
"Kitab-ı Əsgəriyyə Quba əhlindən Əsgər adlı bir cəvanın keyfiyyəti-hali və güzarişi-meali haqqında tərtib olunmuşdur. Bu, xırdaca və baməze, Türk lisanında nəsrən və nəzmən təlif olunmuş bir hekayədir. Mərhum Mirzə Əbülhəsən bəy Vəzirov "Zövi" təxəllüsü ilə "Qəvaidi-Zöviyye" adlı məcmuada çap etdirmişdir."[7] Köçərli, bu əsərin eşq mövzusunda yazılmasına xüsusilə önəm verir.
Yusif Vəzir Çəmənzəminli, 1935-ci ildə nəşr etdirdiyi məqaləsində Abbasqulu Ağa Bakıxanovun (Qüdsi) Azərbaycan ədəbiyyat tarixindəki mövqeyini yüksək qiymətləndirir. O, Bakıxanovu, Mirzə Fətəli Axundovdan sonra Şərq və Qərb elmlərinə bələd olan bir şəxs kimi tanıyır. Bakıxanovun türk, rus, fars və ərəb dillərini bilməsi və geniş mütaliəsi sayəsində müasirlərindən üstün mövqe tutduğunu vurğulayır.[6][8]Eyni zamanda Çəmənzəminli, Bakıxanovun "Kitabi-Əsgəriyyə" əsəri haqqında məlumatları Firidun bəy Köçərliyə əsaslanaraq verir. Çəmənzəminli əlavə olaraq bildirir ki, Lazerev 1866-cı ildə Moskvada çap etdirdiyi "İntixabül-təsanif türki lisanda" adlı əsərində Kazım bəy Vəzirovun əsərləri ilə birlikdə Bakıxanovun "Əsgəriyyə"sindən də bir parçanı dərc etmişdir.
Əsərin Quba şəhərindəki Ərdəbillilər məscidindən tapılıb, AMEA-nın Nizami adına Ədəbiyyat və Dil İnstitutunun Əlyazmalar fondunda saxlanılan nüsxəsinin tam tənqidi mətni ilk dəfə Həmid Araslının transfonoliterasiyası ilə 1946-cı ildə İnstitutun əsərlərinin birinci cildində çap olunmuşdur. Həmid Araslı, əlindəki əlyazmanı Mirzə Əbülhəsən bəy Vəzirovun "Qəvaidi-Zöviyyə" əsərində ixtisarla verilmiş nümunə ilə müqayisə edərək oxuculara təqdim etmişdir. Məlum olmuşdur ki, "Qəvaidi-Zöviyyə"də təqdim edilən nümunə ilə əlyazma arasında yalnız bəzi şeir parçalarda fərqlər mövcuddur.[4]
Feyzulla Qasımzadə, 1956-cı ildə yayımlanan monoqrafiyasında Abbasqulu Ağa Bakıxanovun "Kitabi-Əsgəriyyə" əsərini ilk bədii nəsr nümunəsi olaraq təhlil etmişdir. O, əsərin əlyazmasının SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Şərq Əlyazmaları Şöbəsində saxlandığını qeyd etmişdir. Qasımzadə bu nüsxədən istifadə edərək əsərin janrını lirik hekayə kimi təsnif etmiş və Füzuli ənənələrinin davamı olaraq görmüşdür. O, həmçinin aşiq və məhəbbətin real şəraitdə cərəyan etdiyini vurğulamışdır.[9]
"Kitabi-Əsgəriyyə" əsəri müxtəlif aspektlərdən tədqiq olunan bir nümunədir və bu sahədəki əsas alimlərdən biri Hidayət Əfəndiyevdır. O, Abbasqulu Ağa Bakıxanovun ədəbi-bədii yaradıcılığını araşdıraraq Azərbaycanda yeni üslub, müasir maarifçi-realist və satirik ədəbiyyatın inkişafını onun adı ilə əlaqələndirir. H. Əfəndiyev, Bakıxanovu XIX əsr Azərbaycan bədii nəsrinin önəmli fiqurlarından biri sayır.[10] H. Əfəndiyevin tədqiqatı "Kitabi-Əsgəriyyə"nin nəşri və öyrənilməsi tarixini zəngin faktlarla doldurması ilə diqqət çəkir. O, "Qəvaidi-Zöviyyə" adlı kitabda, əsərin bəzi hissələrinin qısaldılmış və sadələşdirilmiş şəkildə təqdim edildiyini qeyd edir. Əsərin yazılış tarixini isə 1837-ci il ilə, yəni Bakıxanovun yaradıcılığının son dövrü ilə əlaqələndirir.[10]“Əgər Bakıxanovun “Riyazül-qüds”ü onun yaradıclığının ilk illərini xarakterizə edirsə, “Kitabi-Əsgəriyyə” onun yaradıcılıq fəaliyyətlərinin ikinci dövrünü parlaq bir şəkildə səciyyələndirir. "Kitabi-Əsgəriyyə" müəllifini artıq 1819-1820-ci illərin, "Riyazül-Qüds" dövrünün Bakıxanovu deyildi. On səkkiz illik xidmət həyatı, Tiflis mühiti, dahi rus ziyalısı Qriboyedov, Puşkin və Bestujevlə tanışlıq və dostluq, rus ictimai və demokratik fikrinin qabaqcıl nümayəndələrinə yaxınlığı, hərbi səfərlər, səyahət, şəxsi mütaliə Bakıxanovun həyatında, dünyagörüşündə, zövqündə, bədii yaradıcılığında böyük dəyişikliklər əmələ gətirmişdi.”[5]
Abbasqulu Ağa Bakıxanovun bütün bədii əsərləri ilk dəfə 1984-cü ildə Məmmədağa Sultanovun tərtibatı və tərcüməsi ilə işıq üzü görüb. Sultanov "Kitabi-Əsgəriyyə"nin Azərbaycan ədəbiyyatında ilk povest ola biləcəyini irəli sürür və onun, İsmayıl bəy Qutqaşınlının "Rəşid bəy və Səadət xanım" (1835) hekayəsindən əvvəl yazıldığını düşünərək, Bakıxanovu müasir bədii nəsrin əsas banilərindən biri kimi qiymətləndirir.[11]
Vəli Həbiboğlunun “Abbasqulu Ağa Bakıxanov” adlı əsəri "Kitabi-Əsgəriyyə"nin yazılma səbəbi və tarixi ilə bağlı maraqlı faktlar təqdim edir. Həbiboğlunun tədqiqatında Bakıxanovun bu əsəri, erkən yaradıcılıq dövründə yazdığı və Dərbəndin nüfuzlu din xadimi Məhəmməd Tağı ibn Məhəmməd Qasımın *Kitabi-Zərbəli* hekayəsinin təsiri altında meydana gəldiyi vurğulanır. Bu baxımdan, Həbiboğlunun araşdırması əvvəlki tədqiqatlardan fərqlənir.[12]Vəli Həbiboğlu hekayənin Bakıxanovun erkən yaradıcılıq dövrünə aid olduğunu qeyd edərək, "Məhəmməd Tağının əsərinin təsiri altında yazılan bir mövzu on il fasilədən sonra ortaya çıxa bilməzdi" fikrini irəli sürür. Buna əsaslanaraq, Bakıxanovun 1820-ci ildə "Kitabi-Zərbəli" əsərini oxuduqdan sonra bu mövzuya müraciət etdiyini bildirir. Lakin Könül Nəhmətova bu fikirlə razılaşmayaraq qeyd edir ki, hekayə o illərdə yazılsaydı, onun adı yazıçının "Gülüstani-İrəm"də verdiyi əsərlər siyahısına daxil edilərdi.[13]
Məzmunu
redaktəHadisələr Bakıxanovun özünün yaşadığı Quba şəhərində baş verir. Qubanın Ərdəbillilər məhəlləsində mərsiyəxan işləyən kişinin bir qızı və iki oğlu var. Hekayənin qəhrəmanı Dəmirçi oğlu Əsgər bu mərsiyəxanın şagirdi olub evinə gələn gəncdir. Bu vaxt o, mərsiyəxanın qızına aşiq olur və qızın da onu sevdiyini anlayır. İki gənc bir-birinə sevgilərini bildirir və tez-tez görüşməyə başlayırlar. Qızın atası qəfil dünyasını dəyişəndə qızı, arvadı, Hüseyn və Abbas adlı oğulları qalır. Əsgər müəllimi vəfat etdikdən sonra onun yerində mərsiyəxan işləməyə başlayır və müəlliminin evinə gedərək sevgilisini necə görəcəyini düşünüb məyus olur. Sevgilisi ilə vaxtaşırı görüşə bilsə də, məhəllə camaatının reaksiyası ilə Əsgərin naməhrəm kimi bu evə girməsi qadağan edilir. Dedi-qodu hər yerdədir. Aşiqlər bu problemə çarə tapmağa çalışarkən bəzi uşaqca həll yollarına əl atırlar. Əsgər sevgilisinə çarəsizliyini, nə etməli olduğunu deyəndə qız inildəyib: “Ay ata, lütfən, başını məzardan qaldır, gör bu vəfalı Ərdəbillilər bizə nə edirlər”. deyir. Bu vaxt qardaşı Hüseyn də gəlib bacısının niyə ağladığını soruşur. Qız cavabında “Ay qardaş, sənin kimi yararsız uşaq ölsəydi, bu günləri görməsəydi” deyir və qardaşına aşiq olduğunu və məhəllə camaatının münasibətini bildirir. Əsgər sevgilisinin bu vəziyyətinə dözə bilməyib, “Atanızdan miras qalan mərsiyə paltarını geyinib elə qarğış oxuyum ki, düşmənlərimizdən bir nəfər belə sağ qalmasın” deyir. Sevgilisi ona bu sözlərin kömək etməyəcəyini və görüşləri üçün çarə tapmalı olduqlarını söyləyir.[9] Əsgər belə bir həll tapır:
- İcazə verin, sənə biraz pul verim. Nə vaxt gəlib o pulu səndən istəsəm, sən bir bəhanə ilə geri verməyi gecikdir. Beləliklə, bir-birimizi görmək fürsəti əldə edək.[14]
Beləliklə, daha bir müddət görüşürlər. Bu dəfə məhəllədən bəziləri Əsgəri məhəllə rəisinə şikayət edir. Rəis əsgərlərini göndərir və Əsgəri həbs edib cəzalandırmağı əmr edir.[14]
Müəllif hekayədə bəzən araya girərək “izdirablı Əsgərdən naqildir ki" şəklində ifadə ilə hadisələri Əsgərin özündən eşitdiyini bildirir. Buradan da Əsgərin rəisin hüzuruna çıxmasını müəllifə birbaşa danışdığını öyrənirik. Əsgər bir gün əlinə bir parça çörək alıb, üstünə kərə yağı çəkərək rəisin yanına gedir və “Əgər Haqqın bu əziz nemetini unudaraq məni tutmağa çalışsan, bu çörək sənin gözlərinə dursun və qısa zamanda öləsən.” deyərək onu xəbərdar edir. Rəis onun bu halını görüb “Qorxma, rahat ol, heç kim səni bundan sonra narahat etməyəcək.” deyir. Sevgililər bir müddət daha rahat görüşsələr də, sonunda dedi-qodular pik nöqtəyə çatır və sevgilisi Əsgərdən və vətənindən ayrılaraq başqa bir yerə sefer edir. Bir müddət uzaqlarda ahu-nələ edərək ömür keçirir. Bir gün ayrılığa dözə bilməyərək sevgilisini ziyarət etmək istəyir. Şəhərə yaxınlaşdıqda həsrətdən beli bükülmüş, gözlərindən qan yaşları axan Əsgər sevgilisinin şəhərə gəldiyini eşidərək əlində asa ilə onu qarşılamağa çıxır. Sevgilisinin karvanını görüb, özünü onun ayaqları altına atır. Bir-birini qucaqlayan iki sevgilinin ahı göylərə yüksəlir, sevgilisi Əsgərin pərişan halı qarşısında niyə belə olduğunu soruşur. Əsgər isə sevgilisindən ayrı qalmağın onu bu hallara saldığını bildirir. “Mən də sənin həsrətindən pərişan oldum,” deyən sevgilisi Əsgərə “Artıq bir tədbir gör, rahat rahat bir-birimizi görə bilək. Anam da sənin atan haqqında eşidib ona aşiq olub. Əgər dinən uyğun olarsa, sən məni aldıqdan sonra atan da anamı alsa və əhl-i beyt arasında ayrılıq düşməsə, Abbas ilə Hüseyin bir-birindən ayrılmasa.” deyir.[9][15]
Əsgər bu vəziyyətdə xeyir olduğunu düşünərək dövrün ziyalılarından biri ilə məsləhətləşməyə gedir. Bu şəxs də məsələni eşq pirinin fətvasına havalə edir. Lakin heç bir nəticə əldə etmirlər. Ayın, ulduzlu bir gecəsində bütün xalq yatarkən, dərdli aşiq Əsgər ah edib inləyərkən, göz yaşları tökərkən, gah fələkdən şikayət edib, gah da sevgilisinin üzünü xəyallarında canlandırarkən birdən bitkin düşüb özündən gedir. Yuxuda müəlliminin qəbirdən qalxaraq, məscidə gedib onu axtardığını görür. Min bir hörmət və ehtiramla müəlliminin hüzuruna çıxdıqda müəllimi ona “Ey gözümün nuru, mən yeganə qızımı sənə nikahladım. Bundan sonra malım və ailəm sənə əmanətdir. Amma Abbasımı əziz tutacaq və incitməyəcəksən.” deyir. Səhər açılan kimi Əsgər bu yuxunu dostlarına danışır və Allahın lütfünə sığınaraq sevgilisinə qovuşacağı günü gözləməyə başlayır.[15][9]
Hekayənin sonunda müəllif yenə araya girərək “Ümid edirəm ki, qısa zamanda bu sevgililər bir-birinə qovuşar və mən də onları təbrik edərək bu mövzuda yeni şeirlər yazaram” deyərək Allah’a həmd və dualarla əsəri bitirir.[9]
Quruluşu və dili
redaktəƏsər klassik bir müqəddimə və Kutsinin bu dünya və bəşəriyyət haqqında nəsihətləri ilə başlayır. Bu müqəddiməni öz məzmununa görə 2 hissəyə ayırmaq olar. Birinci hissə ərəbcə yazılmışdır. Böyük olan allaha həmd və səna, şükür və niyaz ilə başlayan bu parça peyğəmbərin şəninə deyilmiş tərif sözlərilə bitir. Əsərin məzmunu ilə heç bir əlaqəsi olmayan minacat və nət ilə başlayan bu cür müqəddimələrə demək olar ki, bütün klassiklərimizin əsərlərində rast gəlmək mümkündür. Öz hekayəsində yeni dövrün problemlərinə toxunan ədibin minacat və nətə yer verməsi göstərir ki, o hələ də klassik ədəbiyyatın ənənələrindən bütünlüklə uzaqlaşmayıb.[16] Müqəddimənin ikinci hissəsi məzmunu etibarilə birinci hissədən fərqlənir. Bu hissə ilk əvvəl oxucuya mücərrəd və ümumi görünsə də məzmun etibarilə hekayənin məzmunu ilə əlaqəlidir. Burada müəlif oxuculara müraciət edərək onları əzmkar olmağa, çətinliklərdən qorxmamağa, maneələr qarşısında acizlik göstərməməyə dəvət edir. Müqəddimədən sonra ədib əsərin sujetini təşkil edən əsas hadisənin şərhinə keçir. Hadisənin təsvirinə isə əsas qəhrəmanının qısa xasiyyətnaməsilə başlayır.[17]
Müəllif əsərdə hekayəni maraqlı bir əhvalat üzərinə qurub. Bu əhvalat “Quba əhlindən Əsgər adlı bir cavanın keyfiyyəti halı və güzarişi-məalı, onun öz müəllimi-mərsiyəxan qızına eşq yetirməsi ilə” əlaqlədar olan maraqlı bir hadisədən ibarətdir. Bu hadisə hekayənin sujetinin aparıcı xəttini təşkil edir. Əsərə salınmış epizodlar, lövhələr hamısı bu xəttin açılmasına və inkişafına xidmət edir. Əsərdə Əsgər və mərsiyəxan qızının məhəbbəti dinc şəraitdə inkişaf etmir. Onlar hər addımda çətinliklə, maneə ilə üzləşir. Feodal-patriarxal mühitin bütün fiqurları onların münasibətini pozmağa çalışır. Müəllif də əsərdə başdan sona öz qəhrəmanlarından tərəf durmuşdur. O, feodal-ruhani cəmiyyət şəraitində, dini fanatizm zənciri ilə əl-qolu bağlı gəncliyin müdafiəçisi kimi meydana çıxır. Müəllif həmçinin ailə təşkilində qarşılıqlı sevginin rolunu da olduqca müsbət qiymətləndirir.[18]
Əsgəri və mərsiyəxan qızını müəllif sona qədər diqqət mərkəzində saxlayıb. Müəlllif hər iki qəhrəmana hadisələrin inkişafında eyni mövqe vermiş, hər ikisini eyni hərarət, məhəbbətlə təsvir etmişdir. Baş qəhrəmanlar kimi ikinci dərəcəli fiqurlar da müsbət və mənfi qütblər arasında mütənasib şəkildə yerləşdirilmişdir. Əgər məhəllə rəisi öz xəyanətkar və ədalətsiz hərəkətilə qəhrəmanların qovuşmasına mane olursa, qızın qardaşı Hüseyn bütün imkan və vasitələrlə bacısı və Əsgərə kömək etməyə çalışır. Əgər “bivəfa ərdəbillilər” Əsgərin yoluna çıxıb onları ayırmağa cəhd göstərirsə, qızın atası “qəbirdən qiyam edib” məclisə gəlir, öz qızını Əsgərə vermək istədiyini bildirir.[19]
Hekayə “Leyli və Məcnun” məsnəvisində olduğu kimi mənzum və nəsr qarışığında yazılmışdır. Əsərdə nəsrlə yazılan hissələr nəzmdən çoxdur. Aşiqlərin dilindən şeirlər bir çox yerdə qarşımıza çıxır.[20] Bu şeirlər ümumilikdə 232-235 misra civarındadır.[21] Əsərdə bəzən çətin bir dildən istifadə olunsa da, situasiyadan asılı olaraq söhbət hissələrində ictimai dilə yaxın üslubdan istifadə olunur. Mətndə beyt hissələri daha çox qəzəl formasında yazılsa da, əsərdə fərd başlığı altında mətlə və beytlər, müstəzat və məsnəvi mənzum formada yazılmış şeirlər də var. Qəzəllərdən bir neçəsi tam, digərləri isə yarımçıqdır. Qəzəllərdə işlənən rediflər “olmuş”, “gəldi”, “yandırar”, “düşdü”, “olubdur”, “sənsiz”, “üzməz”, “dönüb”, “məni”, “mənə”, "artırır", "olmasın" , "olmuş", "yetişməz", "olsun", "nə bilirsən", "olmaz", "eylədir könül" şəklindədir.[6] Müəllifin bu hekayədəki qəzəllərinin çoxu Füzuli qəzəllərinə olaraq nəzirə olaraq qələmə alınıb. Dialoqlarda məhəllilik və xalq dilinə yaxınlıq görünür. Əsər çağdaş bir hekayə deyil, klassik ənənədə danışılan "Əsgərin hekayəsidir", yəni Əsgərin keçdiyi sevgi macərasıdır. Müəllif bu hekayəsində sevgini ön plana çıxarsa da, əslində bir çox başqa məsələlərə də toxunur. Əsərin əsas mövzusu bir-birini sevən iki gəncin yaşadıqlarıdır. Hekayə real hadisə üzərində qurulmuş, realist hekayədir.[22]
İstinadlar
redaktə- ↑ 1 2 Nəhmətova, 2013. səh. 3
- ↑ БАКИХАНОВ Arxivləşdirilib 2016-10-05 at the Wayback Machine // Краткая литературная энциклопедия. — Советская энциклопедия, 1962. — Т. I. — С. 411. (rusca)
- ↑ Nəhmətova, 2013. səh. 4
- ↑ 1 2 Nəhmətova, 2013. səh. 10
- ↑ 1 2 Əfəndiyev, 1963. səh. 86
- ↑ 1 2 3 Bayram, 2013. səh. 153
- ↑ Köçərli, 1978. səh. 293
- ↑ Nəhmətova, 2013. səh. 9
- ↑ 1 2 3 4 5 Qasımzadə, 1956. səh. 130
- ↑ 1 2 Əfəndiyev, 1963. səh. 85
- ↑ Nəhmətova, 2013. səh. 23
- ↑ Nəhmətova, 2013. səh. 24
- ↑ Nəhmətova, 2013. səh. 25
- ↑ 1 2 Bayram, 2013. səh. 154
- ↑ 1 2 Bayram, 2013. səh. 155
- ↑ Qasımzadə, 1956. səh. 138
- ↑ Əfəndiyev, 1963. səh. 98
- ↑ Qasımzadə, 1956. səh. 135
- ↑ Əfəndiyev, 1963. səh. 101
- ↑ Əfəndiyev, 1963. səh. 103
- ↑ Əfəndiyev, 1963. səh. 105
- ↑ Qasımzadə, 1956. səh. 136
Mənbə
redaktə- Qasımzadə F. S. Abbasqulu ağa Bakıxanov Qüdsi. Bakı: Uşaqgəncnəşr. 1956. səh. 168.
- Əfəndiyev H. Ə. Azərbaycan bədii nəsrinin tarixindən. Bakı: Azərnəşr. 1963. səh. 236.
- Köçərli F. Ə. Azərbaycan ədəbiyyatı. İki cilddə. I cild. Bakı: "Elm" nəşriyyatı. 1978. səh. 600.
- Nəhmətova K. A. Abbasqulu Ağa Bakıxanovun “Kitabi-Əsgəriyyə” hekayəsi. Bakı: "Elm və təhsil" NPM. 2013. səh. 116.
- Bayram, Pərvanə. ABBASKULU AĞA BAKÜHANOV’UN HAYATI, ESERLERİ VE “KİTAB-I ASKERİYE” HİKÂYESİ (türk). Erciyes: Uluslararası Sosyal Araştırmalar Dergisi. 2013. ISSN 1307-9581.