Veba - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Vəba və ya xolera (lat. cholera) — Vibrio cholerae adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeksion xəstəliyidir. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə müşahidə edilir.
XBT-10 təsnifatı | ||
---|---|---|
A00.0 | Törədicisi lat. Vibrio cholerae olan O:1, Biovar vəba | |
A00.1 | Törədicisi lat. Vibrio cholerae olan O:1, Biovar eltor | |
A00.9 | Vəba, digərləri | |
XBT-10 onlayn (ÜST — 2006-cı il versiyası) |
Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur.
Xəstəlik, ümumiyyətlə, nəcis bulaşmış çirkli su ya da bu suyla yuyulmuş qidalar vasitəsilə yayılır. Buna görə kanalizasiya və ya su təmizləmə sistemlərindəki hər hansı bir səhv vəbanın qısa müddətdə geniş əraziyə yayılmasına yol aça bilər. Vəbanı asanlıqla müalicə etmək mümkündür, lakin müalicə edilməzsə, %50 nisbətində ölümlə nəticələnə bilər.
Tarixi
redaktəVəba çox qədim tarixə malik bir xəstəlikdir. Vəba haqqında e.ə. 5-ci əsr aid yazılar (sanskrit dilində) aşkarlanmışdır. Tarix boyunca çoxlu sayda vəba epidemiyası baş vermişdir.
- Vəba epidemiyası, çox güman ki, ilk dəfə Hindistan yarımadasında başlamışdır. Hələ e.ə. 5-ci əsrdə Qanq çayı deltasında yaşayan insanlar vəba haqqında yazmışdırlar. Xəstəlik ilk dəfə 1817-ci ildə Rusiyaya ticarət yolları ilə (həm quru, həm də su vasitəsilə) yayılmışdır. Daha sonra vəba Avropanın digər hissələrinə, Avropadan Şimali Amerikaya və bütün dünyaya yayılmışdır.
- Ötən 200 il ərzində 7 vəba pandemiyası baş vermişdir. Ən sonuncusu İndoneziyada 1961-ci ildə başlamışdır. Xəstəlik bir neçə dəfə ciddi şəkildə baş qaldırmışdır. Xəstəlik son zamanlarda 2010-cu ildə Haitidə baş verən zəlzələdən sonra kəskin şəkildə baş qaldırmışdır. 2010-cu ilin oktyabrından 2015-ci ilin avqustuna qədər 700000 çox haitili vəbaya yoluxmuş və 9000-dən çoxu dünyasını dəyişmişdir. Xəstəliyin baş qaldırmasına BMT-nin nepallı əsgərlər yaşayan bazası səbəb olmuşdur. Əsgərlər insan tullantılarını bir çox haitilinin suyundan içmək, yemək bişirmək və çimmək üçün istifadə etdiyi Artibonit çayına atmışdılar.
- Vəba 19-cu əsrdə yayılmağa başlayandan bəri 10 milyonlarla insanın həyatına son qoymuşdur. Sadəcə Rusiyada 1847–1851-ci illər arasında 1 milyondan çox insan vəbadan dünyasını dəyişmişdir. Xəstəlik 1827–1835-ci illər arasında davam edən ikinci pandemiya dövründə 150000 amerikalının həyatına son qoymuşdur. Hindistanda 1900–1920-ci illər arasında 8 milyondan çox insan vəbadan dünyasını dəyişmişdir.
- 1854-cü ildə ilk dəfə Con Snou adlı ingilis həkim vəbaya çirkab sularının səbəb olduğunu aşkarlamışdır. Müasir dövrdə Avropa və Şimali Amerika ölkələri su təchizatlarını filterdən keçirir və xlor əlavə edirlər. Bu səbəbdən vəba bu ölkələrdə çox nadir hallarda baş verir.
Dünyada hələ də çoxlu sayda insan vəbaya yoluxur. 2010-cu ildən bəri aparılan hesablamalar göstərir ki, hər il 3 milyondan 5 milyona qədər insan vəbaya yoluxur və hər il 58000 və 130000 arası insan bu xəstəlikdən vəfat edir. Müasir dövrdə vəba pandemiya adlanır. Lakin o, əsasən, inkişafda olan ölkələrdə, xüsusilə, uşaqlar arasında geniş yayılmışdır.
Səbəbləri
redaktəVəbaya vəba vibrionu adlanan bakteriya səbəb olur. Xəstəliyin ölümcül nəticəsi bu bakteriyaların nazik bağırsaqda ifraz etdiyi CTX adlanan güclü zəhərə görədir. CTX normal natrium və xlorid axınına qarışaraq bağırsağın divarlarına yapışır. Bakteriya nazik bağırsağın divarlarına yapışdığı zaman, bədən bol miqdarda su ifraz edir ki, bu da öz növbəsində ishala və sürətli maye və duz itkisinə səbəb olur.
İnsanlar adətən təmiz olmayan ərzaqları yeməklə yaxud çirkli su içməklə vəbaya yoluxurlar. İnsanlar vəbaya yoluxduqları zaman kəskin ishal müşahidə edilir və vəba bakteriyası onların nəcislərində canlı qalır. İnkişafda olan ölkələrdə kanalizasiya adətən yaxşı vəziyyətdə olmur. İshal digər insanların istifadə etdiyi suya qarışdığı zaman, vəba yayıla bilər. Məsələn, çirkab suları (insan tullantıları) çoxlu sayda insanın istifadə etdiyi çayın suyuna qarışarsa, insanlar aşağıdakı hallarda vəbaya yoluxa bilərlər:
- Çayın suyundan içməklə
- Həmin çayın suyunda yuyulmuş ərzaqları yeməklə
- Çayda yaşayan balıqları yeməklə (vəba bakteriyasını öldürməyə kifayət edəcək dərəcədə yaxşı bişirilmədiyi təqdirdə)
Bu, inkişaf etmiş ölkələrdə vəbanın ən geniş yayılmış səbəbidir. İnsanlar tərkibində vəba bakteriyası olan sudan tutulmuş və inkişaf etmiş ölkələrə satılmağa göndərilən istridyə kimi dəniz məhsullarını yeyirlər.
Təbii şəraitdə vəbanı yayan mənbələr xəstə və ya vibrionlar gəzdirən adamlardır. Vəba ilə yoluxma ancaq ağız-nəcis vasitəsilə olur. İlin isti vaxtlarında vəbanı milçəklər də yayır. Lakin vəba vibrionlarının tətbiq imkanlarını zəiflədən faktorlar mövcuddur – vəba törədiciləri xarici mühit və fiziki-kimyəvi vasitələrin təsirinə çox davamlı deyildirlər, həmçinin vəbaya qarşı vaksinlər də vardır.
Simptomları
redaktəVəba vibrionu bakteriyasının bir çox növü vardır. Onların bəziləri digərlərinə nisbətən daha ciddi xəstəliklər törədirlər. Buna görə də, vəbaya yoluxmuş bəzi insanlarda heç bir simptom müşahidə edilmir; bəzilərində o qədər də kəskin simptomlar olmadığı halda, digərlərində çox kəskin simptomlar özünü göstərir.
Böyük miqdarda sulu ishal vəbanın ən çox müşahidə edilən simptomudur. Ən pis halda, ishal o qədər kəskin ola bilər ki, insan bir neçə saat ərzində dehidrasiyadan ölə bilər. Vəba çox nadir hallarda birbaşa insandan insana yoluxur.
Çox kəskin ishal və şəffaf maye qusmaq vəbanın əsas simptomlarıdır. Bu simptomlar adətən qəflətən başlayır. Onlar insan yoluxduqdan sonra 12 saatdan 5 günə qədər müddətdə özünü göstərməyə başlayır (bu, vəbanın "inkubasiya mərhələsi" adlanır).
Müalicə edilmədiyi təqdirdə, çox ağır vəbalı insanların təxminən yarısı vəfat edir. Çox ağır vəbalı şəxslərdə kəskin ishal müşahidə edilir ki, onların bədənlərində sağ qalmağa kifayət edəcək qədər su və elektrolit (duz) qalmır. Vəbadan ölən şəxslər böyük miqdarda bədən mayesi itirdiklərinə görə dəriləri mavi-boz rəngə çalır, bu səbəbdən vəbaya "mavi ölüm" adı verilmişdir. Digər simptomlara daxildir:
- Letargiya (enerjinin olmaması)
- Çökmüş gözlər, quru ağız və sallanmış dəri (dehidrasiyaya görə)
- Tənəffüsdə baş vermiş dəyişikliklər
- Şüur bulanıqlığı (konfuziya)
- Hipotenziya (aşağı qan təzyiqi)
- Taxikardiya (ürəyin sürətlə döyünməsi)
- Dehidrasiyanın səbəb olduğu sarsıntı (hipovolemik sarsıntı adlanır)
- Ürəkbulanması və qusma
- Susuzluq
- Əzələlərin qıc olması
Uşaqlarda adətən böyüklər kimi eyni vəba simptomları özünü göstərir. Lakin uşaqlarda həmçinin aşağıdakı simptomlar da müşahidə edilə bilər:
Proqnoz
redaktəVəbalı şəxlər yaxşı və cəld müalicə edildikdə, xəstəlikdən 1 faizdən az insan dünyasını dəyişir. Lakin vəba müalicə edilmədiyi təqdirdə, xəstələrin ən azı yarısı (50% — 60%) ölür. Vəba vibrionu bakteriyasının bəzi növləri digərlərinə nisbətən daha fərqli genlərə malikdir və daha təhlükəlidirlər. Vəba bakteriyasının daha təhlükəli növləri 2010-cu ildə Haitidə və 2004-cü ildə Hindistanda epidemiyaya səbəb olmuşdu. Vəbanın bu növünə yoluxmuş şəxs xəstələndikdən 2 saat sonra vəfat edə bilər.
Müalicə
redaktə- Vəba asanlıqla müalicə oluna bilən xəstəlikdir. Rehidrasiya duzları ağız vasitəsilə qəbul edildiyi zaman 80 faizdən çox xəstə müvəffəqiyyətlə müalicə oluna bilər.
- Dehidrasiyanı müalicə etmək üçün ya ağız vasitəsilə, ya da damara inyeksiya vasitəsilə maye yeritmək (damardaxili). Orqanizmi kəskin şəkildə susuzlaşmış xəstələrə damardaxili maye vurulmalıdır.
- Kalium xlorid və natrium xlorid (duz) kimi əhəmiyyətli elektrolitlər vermək
- Antibiotik vermək (bəzən). Onlar simptomların daha tez yox olmasını və kəskin olmamasını təmin edəcək. Lakin orqanizm həddən artıq susuzlaşmadığı təqdirdə, insanlar antibiotiklərsiz də sağala bilərlər. Buna görə də, antibiotiklər kəskin vəbalı və orqanizmi həddən artıq susuzlaşmış şəxslər üçün məsləhət görülür. Çoxlu miqdarda antibiotik qəbulu məsləhət görülmür.
- Xəstələr yeməyə davam etməlidirlər; bu bağırsaqların normal fəaliyyətə geri dönməsinə kömək edəcək.
- Müalicənin vaxtında həyata keçirilməsini təmin etmək üçün xəstəlik yayılmış yerlərdə Vəba Müalicə Mərkəzləri (VMM) tikilməlidir. Düzgün müalicə həyata keçirildiyi zaman ölüm halları 1 faizdən aşağı olur.
Müdafiə
redaktəFərdlər
redaktəVəba əleyhinə ağız yolu ilə qəbul edilən vaksinlər vardır. O, təxminən 6 ay müddətində vəbaya yoluxma riskinin qarşısını almağa kömək edir. İnsanlar, həmçinin vəbanın qarşısını almaq üçün digər tədbirlər də görə bilərlər. Məsələn:
- Tualetə getdikdən sonra, ərzaqlara və ya yeməyə toxunmazdan əvvəl əlləri sabun yaxud kül ilə yumaq.
- İçmək, yumaq və yemək bişirmək üçün istifadə edilən suyu sterlizə etmək (bakteriyaları məhv etmək). Bunun ən yaxşı və ən ucuz üsulu suyu qaynatmaq yaxud ona xlor əlavə etməkdir. Bu mümkün deyilsə, parça filterdən istifadə etmək heç nə etməməkdən daha yaxşıdır.
- Meyvə və tərəvəzi təmiz su ilə yumaq. Yeməzdən əvvəl təmiz meyvənin qabığını soymaq.
- Ümumdünya Səhiyyə Təşkilatı və Xəstəliklərə Nəzarət və Onlardan Müdafiə Mərkəzləri kimi ictimai səhiyyə təşkilatlarının vəbanın (yaxud digər xəstəliklərin) yayılmasının qarşısının alınmasına dair bütün məsləhətlərinə əməl etmək.
Dövlətlər
redaktəDövlətlər epidemiyaların baş verməsinin qarşısını ala bilərlər. Məsələn, inkişaf etmiş ölkələrdə vəbaya çox nadir hallarda rast gəlinir, çünki bu ölkələrdə kanalizasiya sistemləri yaxşı vəziyyətdədir və onlar bakteriyaları öldürmək üçün suya kimyəvi maddələr əlavə edirlər. Hətta insanlar vəbaya yoluxmağa başladıqdan sonra belə, dövlət xəstəliyin yayılmasının qarşısını aşağıdakı yollarla ala bilər:
- Sterilizasiya: vəbalı xəstəyə toxunmuş hər bir əşya dizinfeksiya edici vasitələrlə təmizlənməli və qaynar suda, mümkündürsə, xlor ağardıcısından istifadə etməklə yuyulmalıdır.
- Vəbalı xəstələrə yaxud onların geyim və ya yorğan kimi əşyalarına toxunmuş əllər diqqətlə təmizlənməli və xlorlu su ilə yaxud digər effektiv mikrob əleyhinə vasitələrlə (bakteriyaları məhv edən kimyəvi maddələrlə) dizinfeksiya edilməlidir.
- Çirkab suları: çirkab suları vəba bakteriyasını məhv edə bilən xlor yaxud ozon kimi antibakterial kimyəvi maddələr ilə təmizlənə bilər.
- Mənbələr: çirkli su mənbələrinin ətrafında mümkün vəba riski barəsində üzərində qaynatma yaxud mümkün istifadə üçün xlor əlavə etmək kimi üsullarla sudakı bakteriyanı necə məhv etmək barəsində təlimatlar olan xəbərdarlıqlar asılmalıdır.
Diqqət çəkən hallar
redaktə- Pyotr Çaykovskinin ölümü bir qayda olaraq vəba ilə əlaqələndirilir, o, çox güman ki, bir neçə gün əvvəl çirklənmiş su içməklə bu xəstəliyə yoluxmuşdur. "Su qaynadılmadığına və vəba Sankt-Peterburqu cənginə aldığına görə, bu cür əlaqələndirmə tamamilə ağlabatandır…" Çaykovskinin anası vəbadan dünyasını dəyişmiş, bu vaxt atası da xəstəliyə yoluxmuş, lakin tamamilə sağalmışdır. Lakin ingilis musiqişünası və Çaykovskinin həyat və yaradıcılığını araşdıran doktor Devid Braun və bioqraf Entoni Holden də daxil olmaqla bəzi alimlər ölüm səbəbinin intihar olduğunu irəli sürürlər.
- 2010-cu ildə baş vermiş zəlzələdən sonra BMT bazasının səbəb olduğu vəba Haitini cənginə aldı. Bu, müasir tarixdə ən dəhşətli vəba epidemiyası olaraq, o cümlədən müasir səhiyyə tarixində ən yaxşı sənədləşdirilmiş vəba epidemiyası kimi iz qoydu.
Vəba səbəbilə vəfat etdiyi hesab edilən digər məşhur şəxslərə daxildir:
- Termodinamikanın banisi, fizik, Sadi Karnot (ölüm tarixi – 1832)
- Fransa kralı X Şarl (ölüm tarixi – 1836)
- Birləşmiş Ştatların 11-ci prezidenti Ceyms Noks Polk (ölüm tarixi – 1849)
- Prussiya əsgəri və alman hərbi nəzəriyyəçi, Karl fon Klauzevits (ölüm tarixi – 1831)
- Streyts məntəqəsinin baş hakimi Elliot Bovill (ölüm tarixi – 1893)