Dunyagorusu - Wikipedia
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Dünyagörüşü — çox geniş anlamlı bir anlayışdır, dünyaya və insanın buradakı yeri haqqında baxışlar sistemidir. Çeşidli baxışların, dəyərlərin, davranışların toplusudur. Toplumun və hər bir kəsin düşüncəsində yaranan mürəkkəb və bəsit nə varsa, dünyagörüşüdür. O hər kəsə ya da topluma məxsus ola bilər. Hər bir dönəmin də öz dünyagörüşü vardır. Insanın dünyagörüşünün hər bir hissəciyi başqaları ilə sıx bağlıdır, onların hamısı bir-biri ilə əlaqədədirlər.[1] Hər bir kimsənin ya da toplumun intellektual, bilik və mədəni səviyyəsi nə qədər yüksəkdirsə, bir o qədər onların dünyagörüşü əsaslı təməllərə arxalanır. Bu səviyyələr olmayanda isə, insanlar öz fikirlərini, baxışlarını, həyat prinsiplərini əsaslandıra bilmirlər, öz fantaziyalarına, mövhumatlara qapanıb, ziddiyətlərdən çıxa bilmirlər.
Eyni zamanda, dünyagörüşü təkcə düşüncəyə və biliyə deyil, həm də emosiyaların üzərində qurulur. Çünki hər bir kəsin əsəb, sevgi, nifrət və s. kimi duyğuları vardır. Buna görə də intellektual biliklər bunlarla sintezə girib birgə ifadə olunurlar. Bununla da dünyanın duyulması və anlaşılması prosesi baş verir.
Bununla belə, dünyagörüşü durğunluqda qalmır, dəyişkən olur. Burada həyat boyu olan şübhələr böyük rol oynayır. Öncə aydın olan hər bir şey, zaman keçdikcə şübhə altına düşə bilər və bu normal prosesdir. Bunu etiraf edib dəyişən insanlar şübhələrə cavab axtarıb irəliləyirlər. Şübhələri boğanlar isə irəlləyişi əldə etməyərək ehkamlarda qalırlar.[2]
Dünyagörüşünün üç çeşidi vardır. Bunlar mifoloji, dini və fəlsəfidir. Mifoloji dünyagörüşü ictimai inkişafın ilkin mərhələsidir, dünyanı anlama üsuludur, ictimai düşüncəsinin formasıdır. Mifologiya əski toplumların əfsanə və əsatirlərini içəriləyir. Orada tanrılardan, igidlərdən və başqa əfsanəvi personajlardan söhbət açılır. Ancaq bu əsatirlərdə, artıq dünya yükümlü problemlərə cavablar vermək cəhdləri də yer almışdır.
Mifologiyanın özəlliyi dünya ilə insanın, düşüncə ilə emosiyaların, biliklə təzahürlərin, obyektlə subyektin fərqlərinə varılmamasındadır.
Əsatirlər ibtidai düşüncədən doğur. Onlar əski çağlarda millətlərin dünyagörüşünün formalaşmasında böyük rol oynamışdırlar. Əsatirlərin vasitəsilə çeşidli xalqların mənəviyyatı və mədəniyyəti formalaşmışdır, dəyərlər sistemi yaranmışdır. Onlar incəsənətin, poeziyanın, musiqinin inkişafında böyük rol oynamışdırlar.
Dini düşüncə də insanların dünyagörüşünü formalaşdırır. Dini dünyagörüşün özəlliyi bütün varlığın "dünyəvi" və "səmavi" müstəvilərə bölməsindədir. Burada "səmaviliyin" rolu daha çoxdur. Bütün dinlərin təməlində bir Tanrıya ya da çox tanrılara və başqa güclərə inancdır. Onlar insanın və bütün varlığın işlərinə qarışır, onları idarə edirlər, qanunlar qoyurlar. Dini dünyagörüşündə olan insanın bütün həyatı, düşüncələri, davranışları inancdan irəli gəlir.
Mifoloji və dini dünyagörüşlərindən fərqli olaraq, fəlsəfi dünyagörüşü daha çox düşüncəyə, intellektual fəaliyyətə, təhlilə arxalanan baxışlar sistemidir. Fəlsəfi dünyagörüşü gerçək müşahidələrə, məntiqi təhlilə dayanıb fantaziyaları, xəyalları, mövhumatı sıxışdırıb ortalıqdan çıxarır. Xalqın arasında yayılmış əsatirlərə belə yeni rasional və düşünülmüş don geyindirir, oturaqlaşmış ənənələrə yeni nəfəs verir. Məqsəd isə hər şeyin kökünə varıb, onu olduğu kimi anlamaqdır.Mifologiya
Beləliklə, fəlsəfi Dünyagörüşü həyatın təcrübəsi və çalışmalarla əldə olunan biliklər üzərində qurulur. Əski dönəmlərdən bəri sağlam düşüncəyə və gündəlik təcrübəyə arxalanan baxışlar toplusu olmuşdur. Buna "həyat fəlsəfəsi" deyilir. Böyük kütlələri bürüyən "həyat fəlsəfəsinin" vacib olsa belə, o sistemsiz, qarışıq olaraq ortalığa çıxır. O nəzəri təməllərə arxalanmır. Buna görə də burada məntiqsizlik, emosiyalar yer alır. Bu səbəblə kütlələr arasında yanlışlığa gətirən baxışlar da yayılır. Bundan başqa, kütlələr arasında hər bir təcrübə sonda ehkamlaşa, adət halını ala da bilər. Bu da yüzilliklər boyu əsatirlərin yaranmasına gətirmişdir. Bu səbəblərdən də "həyat fəlsəfəsi" qlobal problemlərin çözülməsində yetərsiz olur. Qlobal problemlər yalnız nəzəriyyələrə arxalanaraq çözülə bilərlər. Bunun üzərində qurulmuş dünyagörüşü artıq elmə, nəzəri sistemlərə arxalanır. Fəlsəfi dünyagörüşü ən yetkin, doğruluğu olduğu kimi açan baxışlar toplusu kimi dəyərləndirilməkdədir.
Mənbə
redaktə- Aydın Əlizadə. Dünyagörüşü / Fəlsəfə tarixi kursu üzrə mühazirələr // Fəlsəfə üzrə elmlər doktoru Aydın Əlizadənin səhifələri.
Ədəbiyyat
redaktə- Cobern, W. World View, Metaphysics, and EpistemologyPDF (50.3 KB)
- inTERRAgation.com—A documentary project. Collecting and evaluating answers to "the meaning of life" from around the world. Arxivləşdirilib 2017-09-19 at the Wayback Machine
- The God Contention—Comparing various worldviews, faiths, and religions through the eyes of their advocates.
- Cole, Graham A., Do Christians have a Worldview? A paper examining the concept of worldview as it relates to and has been used by Christianity. Contains a helpful annotated bibliography.
- World View article on the Principia Cybernetica Project Arxivləşdirilib 2010-01-05 at the Wayback Machine
- Worldviews – An Introduction from Project Worldview
- "Studies on World Views Related to Science" (list of suggested books and resources) Arxivləşdirilib 2010-02-04 at the Wayback Machine from the American Scientific Affiliation (a Christian perspective)
- Eugene Webb, Worldview and Mind: Religious Thought and Psychological Development. Arxivləşdirilib 2010-01-13 at the Wayback Machine Columbia, MO: University of Missouri Press, 2009.
- Benjamin Gal-Or, "Cosmology, Physics and Philosophy", Springer Verlag, 1981, 1983, 1987, ISBN 0-387-90581-2, ISBN 0-387-96526-2.
- Богомолов А. С., Ойзерман Т. И. Основы теории историко-философского процесса. М., 1983.
- Борн М. Размышления и воспоминания физика. М., 1971.
- Бройль Л. Революция в физике. М., 1965.
- Дильтей В. Типы мировоззрения и обнаружение их в метафизических системах. — В сб.: Новые идеи в философии, № 1. СПб., 1912.
- Митрохин Л. Н. Философия религии. М., 1995.
İstinadlar
redaktə- ↑ "Dünyagörüşü". https://www.wikimedia.az-az.nina.az/D%C3%BCnyag%C3%B6r%C3%BC%C5%9F%C3%BC.html (Azərbaycan dili). www.wikimedia.az-az.nina.az. 21 avqust, 2021. (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ Ağayar Şükürov. I // Fəlsəfə (Azərbaycan dili). II. Bakı: Elm. 2011. səh. 18.