Abdulla Aga Bakixanov - Wikipedia
Abdulla ağa Bakıxanov (1824, Tiflis, Gürcüstan quberniyası – 20 iyul 1879, Tiflis) — Rusiya imperiyasının azərbaycanlı hərbi xadimi, general-mayor, məşhur azərbaycanlı ictimai xadim Abbasqulu ağa Bakıxanovun qardaşı (ata xətti ilə), yazıçı və maarifçi.
Abdulla ağa Bakıxanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1824 |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Tiflis, Rusiya imperiyası |
Fəaliyyəti | hərbi qulluqçu |
Atası | II Mirzə Məhəmməd xan |
Anası | Xeyirnisə xanım |
Ailəsi | Bakıxanovlar |
Dini | İslam |
Hərbi xidmət | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Qoşun növü | Süvari |
Rütbəsi | General-mayor |
|
|
Təltifləri |
Həyatı
redaktəAbdulla ağa Bakıxanov 1824-cü ildə Bakı xanlığının üçüncü xanı II Mirzə Məhəmməd xanın ailəsində anadan olmuşdur.[1] Hərbi xidmətə başladıqdan sonra Qafqaz ordusunun süvari bölməsində yer almışdır. 1843-cü ilin martında zabit, 1859-cu ildə polkovnik, 1871-ci ildə general-mayor rütbəsinə yüksəlməyi bacarmışdır. Abdulla ağa 1877-1878-ci illərdə Rusiya-Osmanlı müharibəsi zamanı Qafqaz ordusunun[2] süvari alayında[3] xidmət etmiş, Qafqaz müharibəsində yer almışdır.
Cəfərqulu ağanın vəfatından sonra Bakıxanovlar nəslinin qanuni varisi Abdulla ağa olmuşdur. Onun general olmasını təsdiq edən iki arxiv sənədi var.
- Birincisi Azərbaycan Dövlət Tarix Muzeyindədir. Həmin sənəd 29 aprel 1894-cü ilə aiddir. Sənədə əsasən 1859-cu ildə qubalı zadəgan, polkovnik Ağabəy Sadıqov Quba qəzasındakı Xudat adlı kəndini hazırda general-mayor rütbəsində olan Abdulla ağa Bakıxanova dövlət qanunu ilə satmışdır.
- İkinci sənəd isə Respublika Əlyazmaları İnstitutunda saxlanan general-mayor Abdulla ağa Bakıxanovun görkəmli maarifçi Həsən bəy Zərdabiyə yazdığı məktublarıdır. Birinci məktubda – 4 may 1873-cü ildə general Abdulla ağa yazır ki, qəzet nəşr etmək xəbərini eşidəndə sevindim. Sizə mətbəə açmaqdan ötrü min manat vəsait göndərirəm.
XIX əsrin 50-70-ci illərdin Quba şəhərində yerləşən irsi mülkündə yaşamışdır. O, Qubanın ən böyük mülkə sahib mülkədarlarından biri olmuşdur. Burada yaşadığı dövrdə öz kəndliləri arasında maarifçi fəaliyyət göstərmişdir. İlk Azərbaycan türkcəsində nəşr edilən qəzet olan Əkinçi qəzetinin nəşrə hazırlanmasına yardım etmişdir.[4]
"Əkinçi" qəzetinə dəstəyi
redaktə24 oktyabr 1873-cü il tarixli ikinci məktubunda general-mayor Abdulla ağa Bakıxanov Zərdabiyə bildirir ki, Əkinçi"ni çıxartmaq üçün heç şeydən, xüsusilə maddi çətinlikdən çəkinməsin, lazım gələrsə əlavə yenə pul verməyə hazırdır. Qəzetin kütlələrə, xüsusilə Azərbaycan xalqına böyük kömək edəcəyini yaxşı başa düşən general Abdulla ağa Bakıxanov müxtəlif idarələrə müraciət edib "Əkinçi"nin çıxması üçün var qüvvəsi ilə çalışmışdır. Zərdabiyə isə abunəçi toplamaqda çar çinovniklərini "narahat" etməməyi məsləhət görmüşdür. Məktubların məzmunundan məlum olur ki, maarifpərvər Zərdabi ilə general A.Bakıxanov yaxın dost olmuşlar. 19 iyul 1875-ci il tarixli məktubunda o yazırdı:
"Əziz və istəkli Həsən bəy!
Sizin məktubunuzu Tiflisdə aldım. Qəzetin nəşri haqqında elan isə Qubada mənə məlum oldu. Ona görə də mən Tiflisdən məktub yazmaq imkanından məhrum oldum. Qubaya gəldikdə öyrəndim ki, Əhməd ağa onları paylamış, bir neçə nüsxəni isə özündə saxlamışdır. Elə burada da öyrəndim ki, elanların paylanması üçün, siz hökumətə müraciət etmisiniz və onların vasitəsi ilə abunəçi toplamısınız. Onu da deməliyəm ki, yuxarı dairələri narahat etməkdənsə qəzetin labüdlüyünü dərk etdirmək yolu ilə abunəçilər axtarmaq daha yaxşı olardı. Onda xeyrini dərk edən xalq könüllü olaraq sizin qəzeti qəbul edərdilər. Qəzet möhkəm zəmin üzrə yayılardı. Nə isə, bu mənim şəxsi mülahizəmdir. Ona görə də sizi vadar etmirəm. Hər halda mən sizin tədbirə kömək etməyə çalışacağam. Allah eləsin ki, müsəlman əhalisi arasında savadlanma geniş yayılsın. Sonra sizin qəzetin sadiq abunəçiləri olacaqdır. O zaman sizin qəzetin xalq kütlələrinə mənfəət gətirəcəyini inamla söyləmək olar.Başladığınız işdə sizə səmimi qəlbdən muvəffəqiyyət arzulayıram. Baxmayaraq ki, ilk vaxtlar bəzi uğursuzluqlar da ola bilər. Yaxşı, olar ki, ruhdan düşməyərək həmişə olduğu kimi xeyirxah işi inamla davam etdirəsiniz.
Sizin sadiq nökəriniz A.Bakıxanov.
İki nüsxə göndərin: birini mənim, o birini isə Əhməd ağanın adına". 19 iyul 1875-ci il. Quba."
1877-ci il iyunun 23-də "Əkinçi" qəzeti birinci səhifəsində belə bir elan dərc etmişdi:
"Cənab şahzadə sərəskər, Qafqazın ixtiyarında hesab olunan general Abdulla ağa Bakıxanov Bakı quberniyasına gəlib. Quba şəhərində olan zaman Qafqazda zəxmdar (yaralılar – Ş.N.) olan əsgərlər üçün oranın müsəlmanlarından 233 manat siyahı ilə cəm edib, iyun ayının üçündə qubernatora göndərib. Cənab qubernator isə o məbləği və siyahını cənab sərdarın övrətinin qofmeysteri Tolstoya göndərib ki, zəxmdar olanlara məsrəf olunsun".
Ölümü
redaktəAbdulla ağa Bakıxanov 1876-cı ilin mayına qədər Qafqaz ordusunun baş komandanının sərəncamında idi. 1879-cu il iyulun 20-də general-mayor Abdulla ağa Bakıxanov Tiflisdə vəfat etdi. İyulun 24-də mərhumun dostları onun meyitinin müsəlman şiə məscidindən müsəlman qəbiristanlığına aparılmasına icazə verilməsini xahiş ediblər.[5][6]
İstinadlar
redaktə- ↑ Акты, собранные Кавказской археографической комиссией.Под ред.Берже.Тифлис.1873.том.V,страницы,1119
- ↑ Современники о Г. Зардаби / Под редакцией З. Б. Геюшева. — Б.: Элм, 1985. — С. 225. — 235 с.
- ↑ С.В.Волков.Генералитет Российской империи.Энциклопедический словарь генералов и адмиралов от Петра I до Николая II, Том 1.Центрполиграф,2009
- ↑ Современники о Г. Зардаби. Современники о Г. Зардаби. Bakı: Elm. З. Б. Геюшева. 1985. səh. 225.
- ↑ С. В. Волков. Генералитет Российской империи. Энциклопедический словарь генералов и адмиралов от Петра I до Николая II. 1. Центрполиграф. 2009. səh. 98.
- ↑ Мамука Гогитидзе. Военная элита Кавказа. Генералы и адмириалы из Грузии / Под ред. Николая Джавахишвили. — Тбилиси: Научно-исследовательский центр истории грузинско-кавказских отношении, 2007, s.71.