Satira - Wikipedia
Satira (lat. satira) — müəllifin hadisə və adamlara gülüş və qınaq yaradan münasibətinin daha sərt obrazıdır. Bədii gülüşün bir növüdür.
Satiranın yumordan fərqi onun açıq tənqid, rəqib və düşmən sözü kimi deyilə bilməsi, öz obyektini ifşa niyyəti daşımasıdır. Satirik obraz sosial məzmun daşıyır, yazıçının siyasi və əxlaqi, dini əqidəsinin əks qütbünü göstərən bir obraz olur. Satirik obraz romanda bir və ya bir neçə surət də, bütün bir hekayə də, dramda personaj da, şeirlə yazılmış əsər də olur.
Satiraya ən gözəl misal S.Ə.Şirvanini " Köpəyə ehsan" şeiri sayıla bilər. Harınlamış bəy öz sevimli itini kənd qəbiristanında basdırır. Kənd camaatı narazılıqla mollaya müraciət edir. Bəy mollanın ağzını yummaq üçün ona bir toğlu göndərir. Tamahkar molla toğlunu görən kimi fikrini dəyişib deyir:
İt demə, ol dəxi bizim birimiz!
Belə ölmüşlərə fəda dirimiz!
Seyid Əzim mollanın öz dili ilə onun əqidəsinin və rəyinin alına və satıla bildiyini göstərir. Satiradan ədəbi və ictimai mübarizələrdə geniş istifadə edilməsi onun ciddi sosial məzmun daşımasına səbəb olmuşdur. Məsələn, XIX–XX əsrlərdə Azərbaycan maarifçiləri mürtəce ruhaniyyəti, feodal dərəbəyiliyini, maarif və məktəbin düşmənlərini, cəhaləti satirik əsərlər – şeir, felyeton, hekayə və s. formada tənqid etmişlər. Ona görə XIX əsr Azərbaycan satirik ədəbiyyatının qızıl dövrü sayılır. Q.B.Zakir, S.Ə.Şirvani, M.Ə.Sabir satirik poeziyanın böyük ustaları olmuşlar.[1]
İstinadlar
redaktə- ↑ "Əliyev R. Ədəbiyyat nəzəriyyəsi. Bakı:Mütərcim, 2008. s. 259" (PDF). 2021-06-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-11-08.