Isgender Bey Munsi - Wikipedia
İsgəndər bəy Münşi Türkman — Azərbaycan[1] türkman tayfasından olan Səfəvi[2] tarixçisi, şair və xəttat.
İsgəndər bəy Münşi | |
---|---|
İsgəndər bəy Türkmən Məhəmməd Yusif Müvərrix Münşi | |
Digər adı | İsgəndər bəy Türkman |
Doğum tarixi | |
Doğum yeri | Təbriz, Təbriz bəylərbəyliyi, Səfəvilər dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Təbriz, Təbriz bəylərbəyliyi, Səfəvilər dövləti |
Vətəndaşlığı | Səfəvilər |
Milliyyəti | azərbaycanlı |
Dini | İslam |
Fəaliyyəti | məhkəmə katibi, salnaməçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəTanınmış Səfəvi tarixçisi, məşhur "Tarixe-aləmaraye-Abbasi" ("Dünyanın bəzəyi olan Abbasın tarixi") əsərinin müəllifi İsgəndər bəy Münşit 1560/1561-ci ildə türkman tayfasının tanınmış ailələrindən birində doğulmuşdur.
Erkən yaşlarında, hələ ilkin təhsilini də bitirməmiş İsgəndər o zaman "siyaq" adlanan mühasib sənətini öyrənmək işinə girişir və sonradan buna da peşman olur. Dövrünün iqtisadi biliklərinin əsaslarını mənimsəyən İsgəndər Münşi bir çox dövlət xadimləri ilə bir sırada çalışır, hətta hərbi yürüşlərdə də iştirak edir. Sonradan, professor Əbülhəsən Rəhmaninin də yazdığına görə, o, "yorucu mühasiblik sənətindən üz döndərir və dövrünün oxumuş adamlarının təsiri altında cidd -cəhdlə katiblik sənətini öyrənməyə girişir. Az sonra epistolyar ustalığın bütün incəliklərinə yiyələnir ki, Şah Abbasın dəftərxanasında xidməti işə girə bilsin. "1592–1593-cü ildə İsgəndər Münşi I Şah Abbasın sarayında "böyük katib" (münşi) vəzifəsinə götürülür və paytaxt İsfahana köçürülərkən şahla birlikdə oraya gedir. Burada ev-eşik sahibi olan İsgəndər bəy ailəsi ilə bütün ömrünü İsfahana bağlayır.
Münşinin doğulduğu ailəsi barədə məlumatlar çox azdır. Özünün "Tarix"ində İsgəndər bəy yaxın qohumlarından biri Gilan vəziri olmuş qardaşı oğlu Məhəmməd Saleh barədə o dövrün ən savadlı adamlarından biri kimi bəhs edir. İsgəndər bəy Münşi dostları arasında böyük Azərbaycan alimi Nəsirəddin Tusinin nəslindən olan şahın birinci vəziri Hatəm bəy Ordubadini yada salır. Bəzi tədqiqatçıların fikrincə, məhz onun himayədarlığı sayəsində İsgəndər bəy "münşilər" sırasına daxil ola bilib. İsgəndər bəy birinci vəzirin birbaşa rəhbərliyi altında çalışır və Hatəm bəyin ömrünün sonuna qədər (1610/1611) hər yerdə onu müşayiət edir. Onlar I Şah Abbasın hərbi yürüşlərində, ölkə daxilindəki səyahətlərində, səfərlərində, ovlarında, saraydakı qəbullarında bir yerdə iştirak edirlər. Hərbi səfərlərdən birində, Gəncə və İrəvanın Osmanlı türklərindən azad olmasından sonra Hatəm bəy şahı öz vətəni Ordubada dəvət edir. İsgəndər bəy də orada olur və Ordubadın "səfalı təbiətini, bərəkətli meyvə bağlarını, şəffaf və xoş sulu bulaqlarını" böyük həvəs və məhəbbətlə təsvir edir. Bundan başqa. o. öz əsərində Hatəm bəyin şəcərəsini də verir və onun soyunun Səfəvilər dövlətinin yaranıb formalaşmasındakı xidmətlərini göstərir.
İsgəndər Münşinin karyerası Şah İsmayıl Xətainin yaratdığı möhtəşəm Qızılbaşlar dövləti (Səfəvilər dövləti) daxili çəkişmələr və mərkəzi hakimiyyətin zəifləməsi nəticəsində siyasi və iqtisadi böhran keçirdiyi bir vaxtda başlanır. Təbriz də daxil olmaqla az qala bütün Azərbaycan Osmanlı türkləri tərəfindən işğal olunmuşdu. Belə bir vəziyyətdə hakimiyyətə gələn Şah Abbas qızılbaş əyanlarının təsir dairəsini xeyli daraldır, paytaxtı 1598-ci ildə İsfahana köçürür və Səfəvilərin keçmiş şöhrətini qaytarmaq uğrunda mübarizəyə başlayır.
İsgəndər bəy Münşi Şah Abbası onun Azərbaycanı osmanlılardan geri almaq uğrunda apardığı 5 illik bütün mübarizəsi boyunca müşayiət edir. O, Azərbaycanı qarış-qarış gəzir, Təbriz, Ərdəbil, Naxçıvan, Əhər, Xoy, Maku, Gəncə, Ordubad, Şamaxı, Bakı və digər şəhərlərdə olur. Şah Abbasın 1599–1601-ci illərdəki Xorasan və 1625-ci ildəki İraq yürüşlərində iştirak edir. İrana, İraqa və digər yaxın ölkələrə səyahətlər edir, burada baş verən bir çox tarixi hadisələrdən xəbər tutur, şahın qəbullarında, ov səfərlərində onun yanında olur. Bütün bunlar ona özünün şah əsəri olan "Tarixi-aləm arayi-Abbasi" ("Dünyanı bəzəyən Abbasın tarixi") əsərini yazmaq üçün zəngin material verir. Tarixçi həmin əsərində bütün müşahidələrini və Səfəvi dövlətinin ilk dörd hökmdarının zamanında baş verən ictimai-siyasi hadisələri təsvir edir. Bundan başqa o, həmin əsərində öz oxucularını dövrün ən görkəmli siyasətçiləri, din xadimləri, şairləri, rəssamları, xəttatları, musiqiçiləri və müğənniləri ilə tanış edir.
Müəyyən iqisadi təhsilə yiyələnmiş İsgəndər bəy Münşi ölkənin maliyyə problemlərinin həllində də yaxından iştirak edir. Həmin bilikləri bəzi məqamlarda bu tarixi əsəri yazmaqda da ona kömək edir.
İsgəndər bəy Münşinin əsəri iki cilddən ibarətdir və Səfəvilər dövlətinin tarixi üzrə olduqca qiymətli bir mənbədir. Bu əsər həmin dövrün oxşar tarixi əsərlərindən fərqlənir. Tanınmış Azərbaycan tarixçisi Oqtay Əfəndiyevin də yazdığı kimi:
"O, öz sələflərinin yazdıqlarını sadəcə olaraq, təkrarlamır, çalışır ki, tarixi materialları dərk etsin, bir çox hallarda isə hadisələrə öz yozumunu verir. O, bəzən hətta ictimai hadisələrin zahiri cəhətlərindən sərf-nəzər edir, xronoloji qeydlərə uymur, əksinə, hadisələrin məzmun və mahiyyətini açmağa cəhd göstərir. Bu mənada o, öz dövrünün yalnız faktları sadalamaqla kifayətlənən, bununla da xronist olan digər tarixçilərindən bir baş yuxarıda durur."
Bundan başqa, həmin kitabı oxşar əsərlərdən fərqləndirən əsas cəhət bütövlükdə ölkənin və onun ayrı-ayrı vilayətlərinin iqtisadi həyatını dərindən təhlil etmək cəhdidir. Burada Şah Abbasın vergi siyasəti, vergilərin yığılması yolları, sənətkarların, tacirlərin və başqa peşə adamlarının maliyyə vəziyyəti, məmurların maliyyə fırıldaqları barədə məlumatlar tapmaq mümkündür. Kitaba xas olan cəhətlərdən biri də tarixçinin şah fərmanlarından, çoxlu sayda rəsmi sənədlərdən sitatlar gətirməsidir.
Münşinin başqa bir əsəri "Zeyli tarixi aləm arayi-Abbasi" (Dünyanın bəzəyi olan Abbasın tarixinin davamı) adlanır. Bu əsər I Səfinin hakimiyyət dövründən bəhs edir. Əsər müəllifin qəfil ölümü ilə tamamlanmamış qalmışdır.
İsgəndər Münşi də o dövrün əksər oxumuş adamları kimi şerlər yazmış və xəttat sənətinin texnikasına dərindən bələd olmuşdur. Münşinin qələminə məxsus şerlərə məşhur tarix əsərinin ayrı-ayrı yerlərində rast gəlinir, ancaq onun ayrıca "Divan"ı olduğu məlum deyil. Sənətkarın çağdaşlarından birinin verdiyi məlumata görə isə Münşi nəstəliq xətti ilə gözəl yazmış, sürətli yazı qaydalarını kamil bir tərzdə mənimsəmişdi.
İsgəndər bəy Münşi 1634-cü ildə Təbrizdə ömrünün 75-ci ilində vəfat etmişdir.
Tarix elminin görkəmli abidəsi sayılan "Tarixi aləm arayi-Abbasi" kitabının müxtəlif əlyazma nüsxələri dünyanın bir çox iri kitabxana və muzeylərində saxlanır. Bu əsər dünyanın bir çox dillərinə tərcümə edilmişdir. Dünyanın ən görkəmli alimləri XVI–XVII əsrlər Azərbaycanının sosial-iqtisadi, siyasi və mədəni həyatına dair ən qiymətli mənbə kimi bu əsərə istinad edirlər.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ И. П. Петрушевский "Очерки по истории феодальных отношений в Азербайджане и Армении в 16 начале XIX века" Восточный факультет Ленинградского государственного университета 1949 г. стр 18. "Искендер-бек-Туркеман, по прозванию Мунши ("секретарь"). Этот крупнейший из представителей сефевидской придворной историографии родился около 968 г. х. (1560/61 г. н. э.) и происходил из азербайджанского кочевого племени туркеман"
- ↑ Петрушевский И. П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI — начале XIX вв. — Л., 1949. — С. 20.
Ədəbiyyat
redaktəN. K. Singh, NK Singh, A Samiuddin. Encyclopaedic Historiography of the Muslim World, p. 484