Xalca - Wikipedia
Xalça — dekorasiya və ya istilik yaratmaq məqsədilə divardan asmaq və ya döşəməyə sərmək üçün müxtəlif yun və ya ipək saplardan toxunmuş naxışlı qalın parça növü.
Xalçalar firavanlıq simvolu, yaşayış yerlərinin bəzədilməsi və isidilməsi üçün ən qədim ixtiralardan biri olmaqla yanaşı çox əsrlər boyunca həm də incəsənətin ən yaxşı növlərindən biri olmuşdur. Yaxın keçmişə qədər xalçaların toxunması uzun müddətli vaxt və zəhmət tələb edən əl işlərindən biri hesab edilirdi.
Tarixi
redaktəXalçaçılıq – kənd daxmalarında yaranan və zaman ötdükcə incəsənətin ən mühüm növlərindən birinə çevrilən sənətdir.
Xalçaçılıq qədim və geniş yayılmış sənət növüdür. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların bəzədilməsindən başlamış, habelə yaşayış evlərinin, sarayların və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir, eyni zamanda yüksək estetik əhəmiyyət kəsb edərək muzeylərdə saxlanılır. Xalçaçılığa aid ən qədim və qiymətli arxeoloji materiallar keçmiş SSRİ-nin ərazisində Dağlıq Altay kurqanlarındakı daimi buzlaq rayonlarında əldə edilmişdir. Bütöv halda qalmış xalça Pazırık kurqanlarında tapılmışdır və o, hazırda Sankt-Peterburqun Ermitaj muzeyində saxlanılır.[1] Xalçaçılıq Azərbaycanda da ən qədim sənət sahələrindən biridir. Əcdadlarımız bu sənət sahəsi ilə çox qədim zamanlardan məşğul olmağa başlayıblar.[2]
Xalça toxuculuğundan ilk əvvəl təkcə estetik və dekorativ məqsədlərə deyil, əsasən soyuqdan müdafiənin etibarlı üsulu kimi istifadə edirdilər. Hələ qədim zamanlardan yaxşı toxunmuş xalçaların miqdarı ailənin rifahı və firavanlığı üçün əsas göstəricilərdən hesab olunurdu. Bütün orta əsrlər dövründə əhali vergiləri xalçalarla və xalça məmulatları ilə ödəyirdi.[3] Əhalinin həyat tərzi xalçaçılığın xüsusiyyətlərini də şərtləndirirdi. Baxmayaraq ki, xalça və xalça məmulatları şah və feodal saraylarını, tacir və sənətkar evlərini, maldar çadırlarını, kənd evlərini eyni dərəcədə bəzəyirdilər, onlar ölçülərinə, tiplərinə, funksional xüsusiyyət və keyfiyyətlərinə görə müxtəlifliyi ilə seçilirdilər. Zadəganlar məişətdə böyük, bahalı xovlu xalçalardan, maldarlar isə əsasən daha yüngül xovsuz xalça və xalça məmulatlarından (çuval, məfrəş, heybə və s.) istifadə edirdi.[4]
Dünyanın ən qədim xalçası
redaktəXX əsrin ortalarında Altayda yerli türklərin Pazırıq (Basırıq) dediyi yerdə qazıntı aparan rus arxeoloqları qədim kurqandan hamını heyrətə salan əşyalar aşkar etdilər. Saqa (skit) boylarına məxsus bu sənət əsərləri içərisində salamat qalmış və rəngini itirməmiş bir xalı da vardı.[5] Bu 2500 il öncə Qarabağda toxunmuş Bərdə (saqa-oğuz) xalısı idi.
Etimologiyası
redaktəDigər türk dillərində olduğu kimi, Azərbaycan dilində düzəltmə isimlər əsasən isimlərə və fellərə leksik şəkilçilər artırmaqla yaranır. Xalça sözü düzəltmə isimdir. Bu söz xalı (sözün kökü) sözündən düzəldilmişdir. Söz kökünə -ça şəkilçisi artırılmaqla kiçiltmə (kiçiltmə-əzizləmə) mənalı isim düzəldilmişdir.[6]
Söz kökü olan xalı – ənənəvi xalça məmulatlarının ölçü etibarı ilə ən böyük növü olub,[7] çox vaxt dəst halında toxunardı. Əsasən, evin döşəməsinə salındığından xalının boyu otağın ölçüsünə müvafiq olaraq, 4,5 arşından 6, bəzən isə 7 arşına çatırdı. Xalı adətən, dəst halında işləndiyindən o, "miyanə xalılar", yaxud "ortalıq xalılar" adlanmaqla, 2 arşın enində toxunurdu.[8] Kiçiltmə mənalı isim olan xalça – əsasən divara vurmaq, bəzən isə döşəməyə salmaq üçün müxtəlif rəngli yun, ipək, pambıq ipliklərlə toxunmuş naxışlı döşənəcəkdir.[9]
Bu gün dilimizdə xalı kimi işlənən söz vaxtı ilə dilimizdə və bütün türkdilli xalqların dilində xali, qali və yaxud da qalı formasında rast gəlinir. Böyük xovlu xalçalar Ərəb əlifbalı türk ədəbiyyatında "qalı" kimi yazılmış, müəyyən zaman ərzində "xalı" formasını almışdır. "Qalı" sözü qalmaq sözü ilə də səsləşir ki, bu da xovlu xalçalara xas olan uzunömürlülük, davamlılıq mənasını ifadə edir. Bu gün də indiki İran ərazisində böyük xovlu xalçaları "qali" adlandırırlar.[10]
Azərbaycanda (Muğan, Qarabağ bölgəsində, Gəncə və Qazax rayonlarında), həmçinin Türkiyənin bir sıra bölgələrində uzunsov böyük xovlu xalçaları gəbə (gəvə, qaba, qebe, kebe, kepe) adlandırırlar. "Gəbə" sözünə əsasən istər Azərbaycan şifahi xalq ədəbiyyatında, istər keçmiş, istərsədə bugünkü yazılı ədəbiyyatda rast gəlinir.
Gəbə sözü qaba sözünün dəyişikliyə uğramış formasıdır. Qaba – yəni kobud, olduqca qalın mənalarını ifadə edir. Xovsuz xalçalarla müqayisədə xovlu xalçalar olduqca kobud və qalın olduğundan onu qaba və ya gəbə adlandırmışlar. Bəzi Orta Asiya xalçaçıları gəbə sözünü səhvən Kəbə (Ka'ba) sözü ilə əlaqələndirirlər.[11] Olduqca kobud və qalın olan böyük xalı və yaxud da xalçanı cığatay türkləri və əfqanlar hələ də "qalın" ("qalin") adlandırırlar.
Məlum olduğu kimi türk xalqları ilk öncə xovsuz xalçalar (palaz, kilim, cecim, sumax və s.) toxumuşlar ki, bu növ xalçalar olduqca yüngül, nazik və yumuşaq idilər. Xovlu xalçalar isə xovsuzlara nisbətən iki-altı dəfə qalın və ağır, sıx toxunuşlu, dözümlü idilər. Qeyd edildiyi kimi xovlu xalçalar xovsuz xalçalardan xeyli sonra yarandığından xovlu xalçaları xovsuz xalçalardan fərqləndirmək məqsədi ilə onu "qalın" adlandırmışlar[12]
Hal hazırda Azərbaycanın Quba rayonunun ərazisində böyük olmayan xalını yerli əhali "qalınça" (yəni xalça) adlandırırlar.[10] Aparılan uzun müddətli tədqiqatların nəticələri göstərir ki, şərq xalqları xalça termininə aid onlarla bir-birindən bir az fərqli terminlərdən istifadə edirlər (yerli dialektlər bura daxil deyildir). Bu xalqlar arasında ən çox hamı tərəfindən başa düşülən və istifadə edilən "qalı", "xalı" və "halı" terminləridir.[13]
Orta Asiyada, Qafqazda, həmçinin Kiçik Asiyada türklər qədim vaxtlardan öz qızlarını ərə verərəkən onların cehizinin içərisində xalça və xalça məmulatlarını ən bahalı və dəyərli əşyalar sayardılar.[12]
Xalça növləri
redaktəXalçalar insanların həyat tərzi ilə sıx bağlı idi. Azərbaycan xalçaları da azərbaycanlıların adətləri, ənənələri və inanclarının ayrılmaz hissəsi olmuşdur. Xalça insanı bütün həyatı boyu – həm kədərində, həm də sevincində müşayiət edirdi. Azərbaycanda hər bir əhəmiyyətli tarixi yaxud hadisəni tərənnüm etmək üçün xüsusi xalça toxumaq ənənəsi vardır: uşağın doğulması münasibətilə toxunan xalçalar, gələcək gəlinlərin cehizlik üçün toxuduqları xalçalar, elçilərin qarşısına sərilən xalçalar, məscid və kilsələr üçün toxunan xalçalar və toy yaxud yas mərasimləri üçün toxunan xalçalar.[14]
Şərq xalçaçılıq sənətinin bir qolu olan Azərbaycan xalçaları əsasən aşağıdakı növlərə ayrılır:
- Xalça məmulatları, buraya mərfəş, xurcun, heybə, taxtüstü, yəhərüstü, duz torbası, çul, örkən, çömçədan, yun corablar, pərdələr və s. daxildir.[15][16]
- Xovsuz xalçalar xovlulardan daha çox qədim olan xovsuz özünəməxsus naxışı və parlaq koloriti ilə fərqlənir. Xovsuz xalçaları həm də xalqın gündəlik həyatı və fəaliyyəti ilə bağlı olaraq "məişət xalçaları" adlandırırlar.[17] Bu növ xalçalara çətən, həsir, palaz, kilim, ladı, zili, vərni, sumax, şəddə və başqaları aid edilir.[18] Xovsuz xalçalar digər xalça növlərindən asan toxunur, ancaq bu xalçalarda xovlu xalçalar kimi də yüksək istismar keyfiyyətlərinə malikdirlər.
- Xovlu xalçalar, buraya yerə döşənən və divardan asılan xalçaları, gəbələri, dəst xalı-gəbələri, namazlıqları və s. kimi növlər aid etmək olar.
Xovlu xalçalar xalçaçılıq sənətinin inkişafında ən yüksək mərhələni əks etdirir. Məişətdə işlətmək üçün nəzərdə tutulan pərdələri, taxtüstləri və digər bu kimi əşyalarda xovlu xalçalar növünə daxildir. Çoxsaylı kompozisiyalı sxemlərdə və zəngin ornamentli motivlərlə olan xovlu xalçalar digər xalça növlərindən xüsusilə seçilirlər. Xovlu xalçalar toxunma texnikasına görə daha mürəkkəbdir. Xovlu xalçalar bu gün də müxtəlif ölçülərdə toxunur.[19]
- Süjetli xalçalar, Azərbaycanda tematik xalçaların yaranma sənəti zəngin keçmişə malikdir. İlk süjetli xalçalar Cənubi Azərbaycanda, Təbriz şəhərində istehsal olunurdu. Onların istehsalının tərəqqi dövrü XVI əsrə aid edilir. O zaman dekorativ sənətin müxtəlif sahələrində işləyən rəssam – miniatürçülərin və sənətkarların əsas qüvvələri Təbrizdə cəmləşmişdir.[20]
Xalça toxumaq üçün alətlər
redaktəXalça toxumaq üçün aşağıdakı alətlər lazımdır:
- Həvə və ya toxmaq (toxucuların sayına uyğun);
- Kirkid və ya daraq (toxucuların sayına uyğun);
- Qayçı (toxucuların sayına uyğun);
- Bıçaq (toxucuların sayına uyğun);
- Qarmaqlı bıçaq (toxucuların sayına uyğun);
- Divar hanası, yaxud da yer hanası.
Həvə xalça, palaz və s. toxuyarkən ilmələri döyüb yerində bərkitmək üçün (bəzi heyvanların buynuzundan, yaxud da metaldan və s.-dən hazırlanan) ucu kəsik, dişli alətdir[21]. Azərbaycanın bəzi bölgələrində bu aləti toxmaq da adlandırırlar.
Keçmişdə birinci arğacı vurmaq üçün möhkəm oduncaqdan hazırlanan dişli həvələrdən istifadə edirdilər.
Primitiv həvələrin (toxmaqların) sapı (tutacağı) istifadə zamanı narahat idi, dişlər arasındakı məsafə ərişin sıxlığına hər zaman uyğun gəlmirdi. Zaman keçdikcə digər alətlər kimi bu alətlərində forma və texniki xüsusiyyətləri təkmilləşmiş, həvənin (toxmağın) dişlərinə metal ucluqlar əlavə edilmişdir. Arğacın hamar salınması üçün nəzərdə tutulan texnoloji tələblərə tam cavab vermədiyi üçün bu alət sonda tam metaldan hazırlanmış, müasir həvələrin (toxmaqların) ilk nümunələri meydana gəlmişdir.
Metal həvələr (toxmaqlar) XV – XVI əsrlərdən başlayaraq xalça emalatxanalarında istifadə olunmuş və XIX əsrdə isə metal həvələr (toxmaqlar) tam təkmilləşmişdir.
Xalçanın hər kvadratmetrində olan ilmələrin (düyünlərin) sıxlığına uyğun olaraq metal həvələrdəki (toxmaqlardakı) dişlərin sayını, qalınlığını və onun çəkisini nəzərə alırdılar.
Kirkid xalça toxuyarkən toxunmuş ilmələri sıxlaşdırmaq üçün işlədilən alətdir.[22] Azərbaycanın bəzi bölgələrində bu aləti daraq da adlandırırlar.
Adətən, ikinci arğacı salmaq üçün də kiriddən istifadə edirdilər. Əvvəllər kirkidi ağacdan və yaxud da buynuzdan hazırlayırdılar. Kirkidin iki, üç və ya dörd dişi olur. Zaman keçdikcə digər alətlər kimi bu alətlərində forma və texniki xüsusiyyətləri təkmilləşmiş, kirkitin dişlərinə metal ucluqlar əlavə olunmuşdur. Arğacın hamar salınması üçün nəzərdə tutulan texnoloji tələblərə tam cavab vermədiyi üçün bu alət sonda tam metaldan hazırlanmış, müasir kirkidlərin ilk nümunələri meydana gəlmişdir.
Xalça toxunuşunun ilk dövrlərində qayçıdan istifadə edilməsədə sonralar xalçaların xovunun hamarlığını əldə etmək üçün evdə işlənən adi qayçılardan istifadə edildi. Əvvəllər adi qayçıların istifadəsi xalçanın keyfiyyətinə yaxşı təsir etsədə barmaqların sərbəst hərəkətini çətinləşdirdi. Belə qayçılar xalçanın keyfiyyətini bir qədər aşağı salırdı. Adi qayçılar tədricən təkmilləşirdi və XIX əsrdə xüsusi xalça qayçıları meydana gəldi. Hal-hazırda Azərbaycan xalçaçılığında yüngül və rahat qayçılardan istifadə edilir. Bu cür qayçının qolları sərbəst hərəkət edir, qolların arxasındakı halqalar kəsici hissələrə nisbətən hündür olur . Texniki normalara uyğun gələn xovun əldə edilməsi üçün bu cür qayçılar çox rahatdır.
Əvvəllər ilmələrin bağlanması və xovun kəsilməsi barmaqlarla, heç bir qurğu olmadan həyata keçirilirdi. Bu isə xalçanın toxunuş keyfiyyətini aşağı salır, estetik səviyyəsinə təsir göstərir. Xalça toxuculuğunun inkişafı nəticəsidə iplərin kəsilməsi üçün əvvəlcə sadə bıçaqlar tətbiq olumağa başladı.
Yaxın keçmişə qədər xalça toxuculuğu zamanı ipliklərin kəsilməsi məqsədilə dəmirçilərin düzəltdiyi sadə bıçaqlardan istifadə edilirdi. Toxuculuq inkişaf etdikcə ipliklərin kəsilməsi üçün adi mətbəx və cib bıçaqları, XIX əsrin əvvəlində isə qarmaq bıçaqlardan istifadə edilməyə başlanmışdır.
Adi bıçaqlar kənd yerlərində əsas hallarda köhnə dəryazdan (kərənti) hazırlanırdı. XIX əsrin əvvəlində istifadə edilməyə başlanan müasir bıçaq – qarmaq, kəsən hissə və tutacaqdan ibarətdir və bıçağın qarmağından səhvi düzəltmək, ilmələri açıb yenidən bağlamaq üçün də istifadə olunur. Müasir bıçaq – qarmaq vasitəsilə əriş iplikləri tutur, ilmə bağlayır və ipliyi kəsir.
Sadə bıçaqların sapı (tutacaqları) adətən ağacdan, təsadüfi hallarda sümükdən olardı. Müasir bıçaqların sapı (tutacaqları) isə ağacdan, plasmasdan və ya fibradan hazırlanır. Bundan başqa hər bir toxucu öz əlinin ölçüsündən asılı olaraq bıçaqların sapının (tutacağının) və tiyəsinin uzunluğunu müəyyənləşdirirdi.
Qarmaqlı bıçaqlar əsasən iki formada olur: ilmələrin bağlanması və ilmələrin açılması üçün bıçaq. İlmələrin bağlanması üçün nəzərdə tutulan bıçaq xalça toxuculuğunda əsas alət hesab olunur və ondan xovlu ilmələrin bağlanması üçün istifadə olunur.
İlmələrin açılması üçün istifadə edilən boğazı uzun, tiyəsi küt bıçaqlar yalnız xalçaların restavrasiyasıda və səhvlərin düzəldilməsində istifadə edilir. Belə bıçaqlardan xaça toxunması zamanı istifadə edilmir.
Adi bıçaq və qarmaqlı bıçaqdan əlavə xalça toxuculuğunda və xalçaların restavrasiyası zamanı bölgülü sapı (tutacağı) olan bıçaqlardan da istifadə edilir. Toxucular bu bıçaqlardan xovun uzunluğunu, xalçanın sıxlığını, eləcə də bəzək detallarını ölçmək üçün istifadə edirlər.
Qədim zamanlardan bizim günlərə qədər əllə toxunan xalçaları hana adlanan sadə dəzgahlarda toxuyurdular. Hana, paralel və əks tərəfləri olan dördbucaqlı şəklində toxucu dəzgahdır. Hananın iki növü mövcuddur; yer hanası (üfiqi dəzgahlar) və divar hanası (şaquli dəzgah). İlk öncə yer hanası meydana gəlmiş, toxuculuqda ondan geniş istifadə edilmişdir. Yer hanası aşağıdakı əsas hissələrdən ibarət olur:
- "Qılınc" adlanan zərbə aləti (1 ədəd).
- Köndələn dolağac (2 ədəd).
- Dirək (mıxça) (4 ədəd).
- Vərəngalan (1 ədəd).
- Küjü (kücü) ağacı (1 ədəd).
- "Çatma" adlanan qollar (3 ədəd).
- Asma iplər (2 ədəd).
- Ağız çubuğu (1 ədəd).
- Çarpaz çubuq (1 ədəd)[23].
Daha sora yer hanası təkmilləşmiş və zaman keçdikcə şaquli şəklə salınaraq divar hanası adlanan toxucu dəzgah şəklinə düşmüşdür. Divar hanası isə aşağıdakı hissələrdən ibarət olur:
- Qollar (2 ədəd);
- Oxlar (2 ədəd);
- Yan ağacları (2 ədəd);
- Vərəngalan (1ədəd); Vərəngalanın uzunluğu oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır.
- Çubuq (2 ədəd); Çubuqlar oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır..
- Küjü ağacı (1ədəd)[24];
Şaquli toxucu dəzgah olan divar hanası əriş saplarla dartılmış dördbucaqlı taxta çərçivədir. Toxucu dəzgah olan divar hanası ustalara təsvirin xətləri və rəngləri ilə çevik işləmək imkanı verir. Hər bir hana ensiz hamar çubuq ilə təchiz olunmuşdur. Arğac ipliyin keçirilməsi üçün əriş saplarda boşluğun yaradılması bu çubuq vasitəsilə həyata keçitrilir.
Xalça toxumaq üçün məmulatlar
redaktəXalça toxuculuğunda istifadə edilən materiallara (təbii və süni olmasından asılı olmayaraq) və onlarda əmələ gələn müxtəlif növ ipliklər xalça toxuculuğu məmulatları adlanır. Xalça toxuculuğunda istifadə edilən məmulatların alınması mənşəyi və kimyəvi tərkibinə görə iki qrupa bölünür: təbii məmulatlar və süni məmulatlar. Təbii məmulatlar elə materiallardan alınır ki bunlar əsasən təbii yolla insanın bilavasitə iştirakı olmadan təbiətin özündə formalaşmış materiallardan hazırlanır. Təbii materiallar üç qrupa bölünür: 1-bitki mənşəli məmulatlar 2-heyvan mənşəli məmulatlar 3-mineral mənşəli məmulatlar. Süni məmulatlar isə zavod şəraitində əsas etibarı ilə kimyəvi yolla insanların bilavasitə iştirakı ilə alınır. Süni məmulatlar təbii, yaxud süni materialların mürəkkəb kimyəvi və fiziki emalı nəticəsində alınır.
Qədim xalçaların toxunması zamanı ancaq təbii iplikdən, həmçinin təbbi məmulatlardan istifadə edilmişdir. Belə xalçaları toxumaq üçün aşağıdakı məmulatlar lazımdır:
Müxtəlif növ (əsasəndə zərif növlü), müxtəlif rəngdə (ağ, qara, boz, çal, qonur, qumral və s. rəngdə olmaqla) yun, müxtəlif rənglərdə rənglənmiş ipliklər (ipək, pambıq), əriş və arğaclar.
Xalça toxunuşunda yun, ipək, pambıq ipləri ilə yanaşı ağac qabığı və budağı, at quyruğu, çətənə, qızıl və gümüş tellər, qiymətli daş-qaşlar, qadının baş tükü və s. tətbiq olunur.
Əllə toxunmuş qədim xalçaların istehsalında ən tez-tez rast gəlinən material qoyun yunudur. Düzgün ipliyin seçilməsi və onun işlənməsi çox vacibdir, çünki yun ipinin keyfiyyətindən xalçanın möhkəmliyi, yumşaqlığı və rəng çalarların parlaqlığı asılıdır. Son dövrlərdə çox vaxt, arğac bünövrəsi üçün pambıq iplikdən istifadə olunur. Xalçaların istehsalında ipəkqurdunun baramasından hazırlanmış ipəkdən də istifadə olunur. İpək daha davamlı olduğu üçün ondan alınan ipliklər daha möhkəm olur və bu ipliklər mürəkkəb naxışlı xalçaların istehsalında işlənilir. Süni boyaların geniş yayılmasına baxmayaraq, xalçaçılıq sənayesində bəzi fərdi toxucular və istehsalçılar bu günə qədər, keçmişdən qalmış adətlər üzrə hazırlanan, təbii boyalardan istifadə edirlər.
Müasir xalçaların toxunuşu zamanı müxtəlif təbii və süni iplik materiallardan, eləcədə onların qarışığından istifadə edilir. İplik materialların seçilərkən onların kimyəvi və mexaniki cəhətdən xeyli davamlılığı, zahiri görnüşünün gözəl olması, həmçinin istehsalının sadəliyi və dəyərinin ucuz olması nəzərə alınır. Bu nöqteyi-nəzərdən əsasən poliamidin (neylon) və polipropilendən, yun və yun qarışıqlardan, poliesterdən və bunlara bənzər digər süni ipliklərdən daha çox istifadə edilir.
Yundan ipliklərin alınması
redaktəYundan ipliklərin alınması aşağıdakı ardıcıllıqla həyata keçirilir:
- Yunun təmizlənməsi
- Yunun daranması
- Əlçimlərin əyrilməsi
- Kələflərin hazırlanması
İstifadə ediləcək yun təmiz olanadək yuyulmalıdır. Yunun ilkin yuyulması məqsədilə bəzən yazda, əsasən isə payız qırxımı zamanı qoyunları qırxmazdan əvvəl bir neçə dəfə çayda yuyurlar. Adətən yapağı (yazda qırxılmış yun belə adlanır) yundan istifadə edilir. Bu yun daha keyfiyyətli və daha zərif olur.
Yunun yuyulması çox zəhmət tələb edən prosesdir. Yunu kənd və rayonlarımızda adətən, çay qırağında, bulaq başında yuyurlar. Bəzi rayonlarda yunun yuyulması hətta yağış suyu ilə həyata keçirilirdi. Yunun yağsızlaşdırılması üçün onu əvvəlcə ilıq suda, sonra soyuq suda yumaq lazımdır. Yunun yuyulma prosesində ənənəvi olaraq iki nəfər həyata keçirir. Yunu hissə–hssə böyük daşın üstünə qoyur, üzərinə su tökür və ağır ağacla, dəyənəklə vururdular. Bəzən yunu ayaqlarla döyəcləyirlər. Bu proses yundan tərtəmiz su axana qədər davam edir. Yun yalnız bundan sonra yuyulmuş hesab olunur və elə çayın sahilində daşların, otların, kolların, hətta xüsusi olaraq sərilmiş palazların üzərində qurudulur. Yunun yuyulması evdən kənarda həyata keçirilən yeganə prosesdir.
Yuyulmuş yun quruyandan sonra onu əvvəlcə ağacdan hazırlanmış nazik çubuqlarla (yun çubuğu) çırpır və daha sonra didilir. Bunun üçün yaxın qonşularla iməcilik edilir. Didilmə zamanı yun müxtəlif yad əşyalardan (tikan, pıtraq və s-dən)təmizlənir.
Yunun daraqda daranması mühüm hazırlıq əməliyyatlarından biridir. Yunu daramaq üçün xüsusi daraqdan (yun darağından) istifadə edirdilər. Didilib hazırlanmış yunu yun darağı ilə darıyırlar. Daranma zamanı yun sümək və ya əlçim (əlçək) şəklinə salınır.[25]
Yunun daranması aşağıdakı kimi həyata keçirilir: bir dəstə yun darağın dişinə keçirilir və hər iki əllə iki tərəfə dartılır. Sonra alınmış iki yun dəstəsini yenidən üst-üstə qoyub əməliyyatı təkrar edirlər. Proses bütün yun dəstəsi daranana qədər və yun telləri bir-birinə paralel olana qədər davam etdirilir. Yunun daranma proses ağır zəhmət tələb etdiyinə görə onu yaxın qohumların və qonşuların köməyi ilə həyata keçirirdilər. Belə qarşılıqlı kömək iməclik adlanırdı.
Yun daranması prosesi başa çatdıqdan sonra hazır əlçimlər əyrilməyə hazırlanır. Əlçimlərin əyrilməsi yunun növündən və nəzərə alınmış ipliyin növündən asılı olaraq əyiricilik əsasən üç üsulla: əl ilə (daha kustar usulla), cəhrə ilə (kustar üsulla) və yeni dəzgahlar (müasir üsulla) vasitəsi ilə yerinə yetirilir.
Əyrilmiş iplik nisbətən yoğun və tiftikli olan düyçələr şəklinə salınır.
Düyçələrdə ki, ipliyin daha yaxşı hamarlığını əldə etmək üçün onu "kırtız" ("qırtız") adlanan xüsusi alətlə cilalayırdılar (kırtızlayırlar). Bu metal çubuğun köməyi ilə sapın həddən artıq xovluluğu və müxtəlif növ bərkimləri aradan qaldırılır, iplik eyni qalınlıqda və eyni hamarlılıqda olur. Bu iş üçün bəzən cağ və yaxud da mildən də istifadə edilirdi. "Kırtızlanıb" ("qırtızlanıb") hazırlanmış ip düyçələrindəki iplər iki qat olmaq şərtilə yumaqlanır.
Xalçanı toxumaq üçün istifadə ediləcək ipliklər yumaqlandıqdan sonra ipliyin yaxşı boyanması üçün kələflənməlidir. Bunun üçün əsas halda bardaş quraraq əyləşir, ip yumaqlarını soldan sağa və yaxudda əksinə olmaqla dizlərin ətrafına dolayaraq kələfləyirlər. Bu zaman iki üsuldan: sadə və mürəkkəb üsuldan istifadə edilir. Sadə üsul – ipliklər dizlərin ətrafına dairəvi sarınmaqla, mürəkkəb üsul isə – ipliklər dizlərin ətrafına səkkizvari şəkildə sarınmaqla icra edilir.
Sonda kələf qılçalardan çıxarılır, ipliyin son ucundan tutmaqla qolu yarımbükülü vəziyyətdə saxlayır və əlin içərisindən keçirməklə dirsəkdən 8-10 dəfə qatlayırlar (ipliui qırmamaq şərti ilə). Qatlanmış ipliyi qoldan çıxarıb hazır kələfin ortasından keçirib ilgək vurmaqla bağlayırlar. Bu gələcəkdə kələfləri yumaqlayan zaman işi asanlaşdırır.
İpliklərin boyanması
redaktəXalça toxunması zamanı ipliklərin boyanması əsas işlərdən biri hesab olunur. Qədim zamanlardan başlamış XIX əsrin axırlarından XX əsrin əvvəllərinə qədər toxucular müxtəlif bitkilərin yarpaq, çiçək, tumurcuq, meyvə, toxum, qabıq, oduncaq, kök və digər hissələrindən çox sənətkarlıqla alınan boyaq məhsulları hazırlayıb yun, ipək və pambıq ipliklərin boyanmasında istifadə etmişlər. Hələ qədim zamanlardan ipboyama (boyaqçılıq) üsullarının ibtidai vəziyyətdə olmasına baxmayaraq boyanmış iplər öz rənglərinin möhkəmliyi, şuxluğu, rəng müxtəlifliyi, dolğunluğu ilə seçilirdi.
İpliklərin boyanması prosesini üç əsas mərhələyə ayırmaq olar: ipliklərin boyanmaya hazırlığı mərhələsi, ipliklərin boyanbması mərhələsi, boyanmış ipliklərdə boyağın möhkəmləndirilməsi mərhələsi.
Qədim Azərbaycan ərazisində hələ qədim dövrlərdən bəri boyamanın sirlərinə bələd olması haqqında hətta Herodot (e.ə. V əsr) belə yazırdı: "…O yerlərdəki meşələrdə ağaclar elə yarpaqlarla örtülüb ki, həmin yerlərin adamları bu yarpaqları yuyub və su ilə qarışdırdıqdan sonra əmələ gələn məhlul ilə öz geyimləri üzərində naxışlar çəkirdilər: bu naxışlar yuyulmurdu və materiyada, əsasən yun parçalarda elə bil əvvəlcədən toxunub." Duzlu bataqlıqlarda çox qeyri-adi həşərat olan "qırmızı böcək" (koşenil yastıcası) əldə edib, məhz ondan çox qiymətli tünd qırmızı rəngi alırdılar. Yazın erkən çağında çöl çiçəklərini, otun köklərini, payızda isə sarı rəngi almaq üçün tut ağacının saralmış yarpaqlarını yığırdılar. Sarı rəngi həmçinin yabanı almanın qabığından, sarı-yaşıl rəngi isə kəndəlaşın meyvələrindən alırdılar. Yun ipliyi boyamaq üçün şalğamaoxşar soğanın qabığından, üzüm tənəyinin, yovşan və zirincin qısa budaqları, narın qurudulmuş qabığı və təzəcə yetişən qozun yaşıl qabığından istifadə edirdilər. Minerallar, həmçinin ağaclar – çinar, palıd, söyüd ağacı və başqaları "boyayıcı potensiala" malik idilər.
Adətən ipliklər xalq üsulu ilə təbii yolla, əsasən də bitki mənşəli boyaq tərkibləri ilə boyanır. Zahirən sadə görünən bu iş üsulu boyaqçıdan böyük məharət tələb edir. Xalçalarda istifadə edilən qırmızı, yaşıl, sarı, göy, sürməyi, qara, ağ kimi 7 növ əsas rəngin və onların çalarlarının alınması üçün qoz qabığı, nar qərzəyi, indiqo, tut, heyva, qoz ağaclarının yarpaqlarından, "boyaqotu" kolunun köklərindən və müxtəlif vasitələrdən istifadə edilir. Məsələn, sarı və bu rəngin yarım tonlarını almaq üçün soğan qabığı, alma qabığı, sarıçöp və payızda yığılmış tut yarpaqlarından, qırmızı və çəhrayı rəngləri almaq üçün boyaqotudan, sürməyi, mavi və yaşıl rəngləri almaq üçün isə indiqodan istifadə edilir.
İpliklərin boyama, həmçinin boyanmaya hazırlıq prosesi zamanı daha keyfiyyətli boyanmış ip almaqdan ötrü ipin keyfiyyətinə xüsusi fikir verməli, boyaq bitkilərini vaxtlı-vatında toplamalı, boyaq məhlulunu keyfiyyətli hazırlamalı, iplikləri boyanmaya hazırlamaq üçün aşqarlamaq (rəngablamaq) lazımdır. Aşqarlamaq (rəngablamaq) üçün boyaqçılar adətən ip kələflərini zəy məhluluna və yaxud da zəy məhluluna turş alça lavaşanası qarışdırılmış məhlula salınırdı. Alça lavaşanası olmadıda onu alça, ərik və zoğal suyundan hazırlanmış turş qatıməhluldan, eləcə də ayran, duz, zəy və ya sirkə kimi bərkidici maddələrdən istifadə etmək olar.
Bundan başqa, hər bir meyvənin, hər bir ağacın və hər bir bitkinin toplanması və istifadə olunma vaxtını bilmək lazım idi. Çünki bundan rənglərin açıq və ya tünd alınacağı asılıdır. Payız fəslində qoz, kələndaş, yazda isə – palıd, söyüd və alma ağacının dövrü idi. Zəfəran, alça və heyvanı yalnız çiçəkləndiyi vaxt istifadə etmək lazım idi. Lakin bəzi çiçəkləri isə əksinə, yalnız solduqdan sonra istifadə etmək olardı. Onları yığıb qurudurdular və boyaq maddəsi kimi istifadə etmək üçün uzun müddət saxlayırdılar. Onları yalnız müəyyən miqdarda müəyyən qablarda, məsələn mis qazanlarda qaynatmaq lazım idi. Bütün bunların öz mənası var idi: oksidləşmə prosesləri ilə əlaqədar kimyəvi reaksiyalar və mis qazanlarının yavaş-yavaş qızması və soyuması xüsusiyyəti. Hər bir halda bir çox yüzillik ərzində insanlar tərəfindən yığılan qiymətsiz təjrübənin qanunları yün ipliyinin yüksək keyfiyyətli boyanmasını və nətijə etibarilə, yüksək keyfiyyətli materiala malik xalçaların toxunmasını təmin edirdi. Yun və yun ipliyinin əyrilməsi də heç də asan proses edyildi – bütün bunlar minillik təcrübəyə, müdafiə olunmamış dissertasiyaların, yazılmamış tədqiqatların və nəşr olunmamış kitabların nəticələrinə, həmçinin bir çox nəsillər tərəfindən aparılan diqqətli müşahidələrinin nəticələrinə əsaslanır.
İpliklərin boyanmaya hazırlığı prosesi başa çatdıqdan sonra ipliklərin boyanması prosesi başlayır. İpliklərin boyanması adətən payız fəslinin sonlarına təsadüf edərdi. Buna birinci səbəb bütün boyaq bitkilərinin, meyvələrin və digər bitki hissələrinin toplanıb başa çatdırılmasıdır.İkinci səbəb isə heyvandarlıqla məşğul olan əhalinin boş vaxtının qış fəslində daha çox olmasıdır.
İplikləri boyaq bitkiləri ilə boyamaq üçün aşağıdakı üsullar mövcud olmuşdur: birincisi bəzi boyaq bitkiləri ipliklərlə birlikdə qaynadılır; ikincisi isə bəzi bitkilərdən əvvəlcə məhlul hazırlanır, sonra isə ipliklər həmin məhlulda qaynadılır.
İpliyi boyamaq üçün əvvəlcə ip boyanacaq qabın seçilməsi lazımdır. Adətən ipliklər küpədə, mis qazanlarda və s.-də boyanır. Boyaqçılar uzun illərin təcrübəsinə əsaslanaraq boyama işini paxır mis qazanlarda aparmağa üstünlük verirdilər. Bu üsul ilə boyama işində mis boyaq məhluluna təsir edir və aşqarlama (rəngablama) işinə öz təsirini göstərirdi.
İplikliklərin boyanmasında sonuncu mərhələ boyanmış ipliklərdə boyağın möhkəmləndirilməsi mərhələsidir. Boyanmış ipliklərin rəngini tündləşdirmək, açıqlaşdırmaq və möhkəmləndirmək üçün kül suyundan, mal sidiyindən və mineral sulardan istifadə edilirdi. Boyadılmış ip bu məhlullarda bir sutkaya qədər saxlanılırdı. Bu iş bəzən hazır toxunmuş xalçalar üzərində icra edilirdi.
1871-ci ildən etibarən dövlət tərəfindən alizarin boyaları satışa buraxıldı. Artıq 1872-ci ildə boyaq sənayesində anilin rənglərindən kütləvi surətdə istifadə edilməyə başlandı[26]. Süni boyaqların – alizarin və anilin maddələrinin kəşfi ilə əlaqədar olaraq, boyaq bitkilərinin demək olar ki, hamısı boyaqçılıqda sıradan çıxdı. Ancaq bu süni boyaqlar heç də təbii boyaq bitkilərini əvəz edə bilmədi. Belə ki, ucuz qiymətə, boyama texnologiyasının asanlığı, rənglərin əlvanlığı ilə fərqlənən süni boyalarla boyanmış ipliklərin rəngi keyfiyyətsiz olur və tez solur, günəş şüasının təsirinə olduqca tez məruz qalır, əsasların və turşuların təsirinə acizdir, sabun və müxtəlif kimyəvi yuyucularla təsir etdikdə rənglər bir-birinə qarışır. Bütün bu amillər xalçaların daxili və xarici bazarlarda qiymətinin tamamilə aşağı düşməsinə səbəb oldu.
Boyanmış kələflərin xüsusi dolablarda suyunun sıxılması və açıq hava şəraitində qurudulması üçün əlverişli hava şəraiti hər zaman nəzərə alınmışdır. Ona görə də hava şəraiti hər zaman yaxşı olanda bu işlər yerinə yetirilir. İpliyə boyaq maddəsini tam hopması, rəngin bərkidilməsi prosesi xalçanın yüksək bədii və texniki keyfiyyətinə zəmanət verən amillərdən biridir.
Boyanmış iplikdə ki, rənglər Azərbaycanın ayrı-ayrı bölgələrinin əsrarəngiz mənzərələrin, güllü-çiçəkli bağların, yaşıl meşə və çəmənliklərinin xalçalar üzərində bədii əksidir. Təbii üsulla alınan bu boyaq maddələr toxunduqları xalçaların kompozisiyasında emosional təsir gücünü artırır, parlaq və dolğun rəng həllini tamamlayır, xalçaya ecazkar görkəm verir.
Xalçanın toxunması
redaktəXalçanın toxunma prosesi bir neçə hissədən ibarətdir:
- Xalçanın toxunmasına hazırlıq işləri;
Xalçanı toxuyan şəxs xalça toxumaq üçün məmulatlar hazırlayan zaman gələcək xalçanın ölçüsünü, onun ilmələrinin sıxlığını, naxışların və kompozisiyanın xarakterini (çeşnisini) və bir çox digər amilləri nəzərə almalıdır.
Xalçanın toxunması zamanı əriş və arğac ipliklərin hanada (toxuculuq dəzgahında) bir–birinə ardıcıl olaraq toxunması nəticəsində xalçaların quruluşu formalaşır, toxuculuq işi həyata keçirilir. Hal-hazırda isə müxtəlif xalçaların istehsalı üçün olduqca müxtəlif növ hanalardan (toxucu dəzgahlarından) istifadə olunur.
- Xalçanın uzadılması;
Hananın uzadılması xalçanın toxunması zamanı əsas işlərdən biridir. Divar hanasında (dik hanada) müxtəlif ölçülü xalça-palaz məmulatı toxunduğundan onun qollarının yuxarı hissəsində açılmış yarıqlar vasitəsilə üst oxun mövqeyi dəyişdirilir və beləliklə də məmulatın boyuna müvafiq ölçüdə əriş düzümü qurulurdu. Əriş iplikləri divar (dik) hanasına, adətən, 2-3 nəfər qadın köməkli düzürdü. Onlardan ən səriştəlisi alt oxun önündə oturub əlindəki yumaqdan açdığı ərişin ilgəyini hananın qarşısında ayaq üstə dayanan qadına, o isə öz növbəsində üst oxa yaxın olan üçüncü qadına ötürürdü. Üst oxun üstündən hananın arxasına aşırılmış ilk əriş tayının ucu alt oxun önündə ağız çubuğuna bağlanırdı. Yuxarıda dayanan qadın qəbul etdiyi növbəti əriş ilgəyini üst oxun üzərindən aşırıb ikinci dəfə aşağı qaytarırdı. İkinci qadın onu alt oxun arxasından fırlatmaq üçün birinci qadına ötürür, o isə öz növbəsində ərişin ilgəyini ağız çubuğuna salırdı. Qadınların ən səriştəlisi yumaqdan çözələdiyi əriş taylarını qoşalayıb yenidən ayaq üstə dayanana, o isə özündən yuxarıdakı qadına ötürürdü. Bu qayda ilə hana oxlarına məmulatın eninə kifayət edəcək müvafiq miqdarda əriş düzülürdü. Əriş düzümü tamam olandan sonra sonuncu tayın ucu ağız çubuğunun başına bağlanırdı. Arğac ipini əriş taylarının çarpazlarının arasından keçirmək və ilmə "vurmaq", başqa sözlə, rəngli bəzək ipini bənd etmək üçün hananın qabaq tərəfinə düşən əriş tayları ağız çubuğu vasitəsilə alt-üst (erkək-dişi) olmaqla, iki qismə bölünürdü. Bundan sonra hananın orta hissəsindən bir qədər aşağıda küjü çubuğu (gücü çubuğu) və küjü (gücü) ipinin köməyi ilə ərişin qabaq tayları küjülənirdi (gücülənirdi).
- Xalçanın toxunması;
Toxuma prosesi arğac ipinin əriş taylarının arasından keçirilməsi ilə başlanırdı. Bu məqsədlə müvafiq rəngli arğac ipləri xırda kələfcə halına salınırdı. İlk arğacın ucu ağız çubuğunun sağ kənarına bağlanandan sonra dal ağacı yuxarı qaldırılaraq əl ilə əriş taylarının üzərindən basılırdı. Bunun sayəsində küjü ağacının (gücü ağacının) alt hissəsində əriş taylarının dal-qabaq vəziyyəti dəyişib bir-birindən azca aralanırdı (əlin sərbəst işləməsi üçün). Arğac ipi əriş taylarının arasından hissə-hissə, sağdan sola və əksinə olmaqla keçirildikcə kirkid vasitəsilə döyəcləyib aşağı yatızdırılırdı. Bir qayda olaraq, xalça-palaz məmulatının "dəhnə" adlanan "ağız" (baş) və ayaq hissələri kətansayağı bəsit toxuma texnikası ilə hazırlanırdı. Bir başa ötürülən arğac keçirmələrindən fərqli olaraq, rəngli ilmə ipləri xüsusi qaydada dolama üsulu ilə hər dəfə bir cüt ərişə bənd edilirdi. Bunun üçün sol əlin orta və şəhadət barmağı ilə, alt-üst olmaqla, bir cüt əriş tayı götürülüb müvafiq ilmə ipinin sərbəst ucu onların arasından içəri keçirilərək, əvvəlcə ərişin sol tayına dolanıb geri qaytarılır, sonra isə sağ tayın ətrafına fırladılmaqla yenidən qoşa tayların arasından bayıra çıxarılırdı. İlmə aşağı dartışdırılıb arğacın üzərinə endiriləndən sonra ilmənin ucu qarmaqlı bıçaq ilə kəsilirdi. Bu qayda ilə çeşnini əmələ gətirən bəzək ünsürlərinin tələbindən asılı olaraq, müvafiq rəngli iplə növbəti ilmələr yan-yana qoşa əriş taylarına bənd edilirdi. Bu əməliyyat toxuculuq sənətində "ilmə çalma" adlanırdı. Bir çin ilmə düzümü əriş taylarına bəndlənib qurtarandan sonra xovların ucları çəkişdirilirdi. Hər ilmə çininin üzərindən əvvəlcə sağdan sola, sonra isə soldan sağa olmaqla, bir cüt arğac keçirilib kirkit və həvə vasitəsilə döyəclənirdi. İlməni döyəcləyib bərkitmək məqsədilə üç və ya dördqat bükdərilmiş xüsusi "küjü (gücü) ipi" işlənirdi. Hər 2-3 ilmə çini hazır olandan sonra xovların ucu səriştəli toxucu tərəfindən xüsusi ilmə qayçısı ilə müvafiq uzunluqda xov saxlanılmaqla qırxılıb bərabərləşdirilirdi. İki-üç çərək toxunandan sonra üst oxun çivləri (pazları, paraları) boşaldılıb əriş taylarının düzümü sərbəstləşdirilir və məmulatın toxunmuş hissəsi vərəngalanın köməyi ilə fırladılaraq hananın alt oxunun arxasına keçirilir. Sonra çivlər (pazlar, paralar) yerbəyer edilərək bərkidilir və hana yenidən tarazlanır və toxuma prosesi bu qayda ilə davam etdirilir.
Xalçaların toxunuşu zamanı vurulan ilmələr (düyünlər) əsasən iki üsulla toxunur: "Simmetrik" ("Türkbaf") və "Assimmetrik" ("Farsbaf").
"Simmetrik" ("Türkbaf") ilmə toxunuşu (düyün vurulması) qüllabi ilməyə (düyünə) müasir xalça elmində verilən addır.[27] Bu növ ilmə toxunuşu (düyün vurulması) əsasən türk xalqları ilə əlaqələndirilir. Farslar da xalça toxunuşunda "simmetrik" ("türkbaf") toxunuş üsulundan istifadə etmişlər.
Xalça toxuculuğunda ilmələrin düyünlənməsi əsasən "simmetrik" ("türkbaf" və ya "yandansalma") üsulu ilə həyata keçirilir. "Simmetrik" ("Türkbaf") üsulu ilə toxunan xalçalarda ilmələr ərişin iki sapı ətrafında bağlanır. "Simmetrik" ("türkbaf" və ya "yandansalma") üsulunda ilmənin uclarından biri ərişin bağlanan sapları arasından keçirilir.
"Assimmetrik" ilmə və ya "farsbaf" (düyün) adlanıb və xovlu xalça toxunuşunda istifadə edilən ılməyə 1980-cı illərdən sonra mütəxəssislər tərəfindən verilən addır.[28] "Asimmetrik" ("Farsbaf") ilmə (düyün) farsların adı ilə bağlıdır, bu cür toxunuşu həmçinin Sennehi (Sehna) və yaxud da sadəcə fars düyünü adlandırırlar.
"Aradansalma" üsulu rəsmin və ornamentin böyük dəqiqliyi tələb olunan zaman, köhnə xalçaların restavrasiyasında, həmçinin ipək saplarla aparılan işlərdə tətbiq olunur. Əmək məhsuldarlığını artırmaq, bütün prosesi sürətləndirmək məqsədilə və istehsalın effektivliyi üçün "yandansalma" üsulu tətbiq olunur.
- Xalçanın kəsilməsi;
Xalçaya axırıncı ilmələr vurulmaqla toxuma işi yekunlaşır. Xalçanı kəsmək (bəzi bölgələrdə bu proses hananın kəsilməsi adlandırılır) üçün hazırlıq işləri aparılır. Bunun üçün bir neçə çərək arğac ipi əriş taylarının arasından keçirilərək kirkid və həvə ilə möhkəmcə döyəcləyib aşağı oturdulmaqla bərkidilir. Sonra qayçı vasitəsi ilə əriş ipliklər kəsilir. Hərdən bir (bir neçə satimetrdən bir) arğac ipliklərin sökülməməsi üçün kəsilmiş ərişlər düyünlənir. Xalça kəsildikdən sonra geniş və təmiz bir yerə sərilərək toz və ip qırıntılarından təmizlənir.
Əl ilə toxunan əksər xalçalar zərif və elastik ipək və ya yundan hazırlandıqları üçün onlarda eninə və ya uzununa qeyri mütənasiblik-əyrilik müşahidə edilir.
Bu qüsurun aradan qaldırılması üçün xalçalar taxta döşəmələr üzərində baş və ətək, yaxud hər iki yanından yerə tarım çəkilir. Düz mərkəzindən isə köməkçi ağaclar vasitəsilə xalça qaldırılaraq bu yaranmış hündürlükdə arxa tərəfindən ütülənir və yenidən yerə tarım çəkilərək təxminən iki gün bu vəziyyətdə saxlanılır. Nəticədə xalçada müşahidə edilən əyrilik aradan qaldırılır, onun bütün sahəsi bərabər vəziyyət alır.
Xalçanın hissələri
redaktəXalçaların çeşnisi yaddaşda qalan təsvir əsasında toxunmuş, nəbati, həndəsi , bədii üslubunda və astral, totemik, zoomorf motivlərin sistemində təzahür etmiş spesifik xüsusiyyətlərə malikdirlər. Toxunmuş xalçalar müxtəlif hissələrə bölünür və hər bir hissənin öz adı, xüsusiyyəti, xalça üzərində tutduğu yer mövcuddur. Haşiyə zolaqları, yerlik, göl, buta, kətəbə və s.
Haşiyə bəzəkli çərçivə daxilində, mətn ətrafında bəzəkli naxışlardır.
Azərbaycanın şimal-şərqində "şam", "ələm", Qarabağda "yelən", Cənubi Azərbaycanda isə "haşiyə" adlanan enli və ensiz zolaqlara deyilir.
Bütün dekorativ sənət abidələrində xüsusi ilə xalça və memarlıq sənətində geniş mövqe tutmuş naxış silsiləsindən təşkil olunmuş minlərcə kompozisiyalardan ibarətdir. İstər müstəvi, istərsə də həcmli formada olan sənət nümunələrinin bəzəyində haşiyə zolaqları böyuk rol oynayır. Bunlar sahələri çərçivələndirir, onu müxtəlif istiqamətlərdə (şaquli, üfiqi, maili) hissələrə bölür və yaxud sərbəst və bitkin bir kompozisiya kimi əşyalar üzərində mövqe tuturlar. Xalçalardakı enli və nazik haşiyələr bunlardır:
Göl dekorativ və tətbiqi sənət nümunələrində, o çümlədən, xalçaçılıq sahəsində geniş yayılan naxış elementlərindən biridir. Göl müxtəlif vaxtlarda və müxtəlif bölgələrdə müxtəlif cür adlandırılmışdır.Türkdilli xalqların, o çümlədən azərbaycanlıların gölə (medalyona) verdikləri addır. Xalça sənətində gölü "medalyon", "xonça", "türünc", nadir hallarda isə "tabaq", farslar isə "torənc" (torang) adlandırırlar. Kiçik ölçülü gölə (medalyona) isə "gölçə" adı verilmişdir. Göl xalçaçılıq sahəsində geniş yayılan naxış elementləri olmaqla yanaşı digər dekorativ və tətbiqi sənət nümunələrində də istifadə ounur. Gölün "kvadrat biçimli göl", "dəyirmi biçimli göl" kimi növləri vardır.
Hindistan, İran və Azərbaycan ornament sənətində geniş yayılmış badama-bənzər naxış elementi olan buta xalçaçılıqda daha geniş istifadə olunmuşdur. Xalçalarda yüzdən artıq bir-birindən fərqlənən buta rəsmləri vardır: "evli buta", "arvaduşaqlı buta", "gülabdan buta", "həmli buta" və s.
İslimi Yaxın Şərq, o cümlədən Azərbaycan dekorativ-tətbiqi sənətinin bütün sahələrində istifadə edilən yarpağa bənzər bir və ya iki qanadlı naxış elementidir.
İslimi ornament sənətində doldurucu və həm də bağlayıcı elementlərdən hesab edilir. İslimi elementlərinin formasına görə mürəkkəb olub xalçaların arasahəsində və haşiyə qurşaqlarında geniş tətbiq olunur. Ən çox Cənubi Azərbaycan xalçalarında yayılmışdır. İslimin ən yayılmış formaları bunlardır:
- Sadə islimilər;
- Qanadlı islimilər;
- Haçalı islimilər;
- Hörmə islimilər;
- Butalı islimilər;
- İslimibəndlik.[29][30]
Kətəbə – ornament sənətində əsas elementlərdən biridir. Quruluşu uzunsov formalı "gölə" oxşayır. Bir qayda olaraq şer və tarixi rəqəmlər kətəbənin daxilində yazılır. Kətəbədən ən çox Təbriz xalçaçılıq məktəbinin xalçalarının hasiyələrində istifadə edilir.
Xalça xüsusiyyətlərinin analizi
redaktəXalça xüsusiyyətlərinin analizi zamanı əsasən hər bir xalçanın üç əsas xüsusiyyəti analiz edilir: ilk istehsalı (istehsal edildiyi ərazi), bədii analizi, texniki analizi.
Xalçanın ilk istehsalı dedikdə onun ilk dəfə istehsal olunduğu ölkə, bölgə, qəsəbə və ya kənd haqqında məlumatlar nəzərdə tutulur. Eləcə də sonrakı dövrlərdə xalçanın istehsalı və saxlandığı muzeylər haqqında olan məlumatlarda bura daxildir.
Xalçaların bədii analizi zamanı xovlu xalçaların bədii təsviri zamanı ilk növbədə orta sahə, orta sahədə yerləşdirilmiş müxtəlif naxış və simvollar barədə, sonra isə müxtəlif endə olan bir neçə enli və ensiz zolaqdan ibarət haşiyələr haqqında geniş məlumat verilir.
İstənilən xalçanın və xalça məmulatının texniki xüsusiyyətlərinin analizi zamanı əsasən onun uzunluq və en ölçüləri göstərilir. Xovlu xalça məmulatlarda toxunmuş məmulatın hər kvadratdesimetrə, yaxud da hər kvadratmetrə düşən ilmələrin sıxlığı göstərilir. Bu halda ilmələrin (düyünlərin) sayı ilə yanaşı şaquli çəkilmiş ipliklər, yəni əriş və üfiqi çəkilən ipliklərin, yəni arğacın miqdarı da hesablanır. Bu hesablama xalça məmulatının arxa üzündə (xovsuz üzdə) aparılır.
Son dövrlərdə xalçaların xovunun uzunluğuda qeyd olunur.[31]
Xalça naxışının aydınlığı üçün uzununa və eninə düyün simmetriyası izlənilməlidir. Xalçanın astarına baxmaqla bunu asanlıqla yoxlamaq olar.
Xalça xüsusiyyətlərinin analizi üçün xalçaların ornament, rəng və kompozisiya prinsiplərini də nəzərə almaq lazımdır. Bir-birini tamamlayan bu üç amil, ümumiyyətlə xalçaların, o cümlədən Şərq xalçalarının bədii və texniki xüsusiyyətlərini tam analiz etməyə imkan verir. Hər bir xalça kompozisiya cəhətdən müxtəlif cür toxunur. Adətən xalçadan harada və hansı məqsəd üçün istifadə ediləcəyindən asılı olaraq onun ümumi kompozisiyası, ölçüsü, bəzəkləri və hətta rəngi də seçilərək boyanır. Azərbaycan xalçaları cürbəcürdür. Məsələn: a) həcmcə balaca olan namazlıq xalçaları; b) divar xalçaları; v) qonaq otaqlarını bəzəmək üçün bir neçə xalçadan ibarət dəst xalılar ölçüsünə, formasına və kompozisiyasına görə müxtəlif olur; otağın orta hissəsinə sərilmiş iri xalça (xalı), yuxarı tərəfdə yerə salınan "baş xalçaları" və ortadakı iri xalçanın yanlarında salınan "kənarə xalçaları".
Müasir xalçalar
redaktəMüasir xalçaların toxunuşu zamanı müxtəlif təbii və süni iplik materiallardan, eləcədə onların qarışığından istifadə edilir. İplik materialların seçilərkən onların kimyəvi və mexaniki cəhətdən xeyli davamlılığı, zahiri görnüşünün gözəl olması, həmçinin istehsalının sadəliyi və dəyərinin ucuz olması nəzərə alınır.
Müasir xalçaları toxumaq üçün yun qırxımından başlayaraq xalçaların yuyulmasıda daxil olmaqla bütün proseslər müxtəlif aqreqat,dəzgah və aparatlar vasitəsi ilə yerinə yetirilir.
Dəzgah üsulunda aparılan əyiricilikdə yun, ən əvvlcə didilir. Bundan sonra müxtəlif növlü yunlar yaxud yun ilə başqa liflər qatışdırılır. Sonra bu qatışıq kütlə yağlanır. Burada xüsusi emulsiya tətbiq olunur. Yağlamaqda məqsəd yun liflərinin bir–birinə dolaşmasının qarşısını almaqdan ibarətdir. Qatışdırılmış yun kütləsi sonra darayıcı maşınlara verilir. Daranmış yun ayrı–ayrı lentlərə bölünür ki, bunlar da hamar lif kütləsinə və ipliyə çevrilir. Aparat əyiriliciyi, başlıca olaraq, qısa yunu emaldan keçirir. Burada iplik nisbətən yoğun və tiftikli olur. Müasir dövrdə xalçalar əllə toxumaqla yanaşı Cakkard tipli maşınlar vasitəsilə də toxunur.[1]
"Azərxalça" Elmi Yaradıcılıq İstehsalat Birliyinin (AEYİB)[32][33], "Azər-İlmə" Məhdud Məsuliyyətli Cəmiyyətinin[34][35], "Lətif Kərimov adına Azərbaycan xalça sənətinin inkişafı Fondu" İctimai Birliyinin[36] və digər birlik və təşkilatların təşkili müasir Azərbaycan xalçaçılıq sənəti tarixində önəmli hadisələrdən biridir. Təşkil edilmiş bu birlik, təşkilat və fondlar Azərbaycanın qədim xalçaçılıq ənənələrinin qorunub saxlanılmasında və müasir xalçaçılığın daha da inkişaf etdirilməsində mühüm xidmətlər göstərir.
Xalça bayramı
redaktəDünyanın bir çox ölkələrində xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və yaranmış müəyyən çatışmamazlıqları aradan qaldırmaq üçün müxtəlif dövrlərdə bir çox tədbirlər həyata keçirilib. Xalçaçılıq ənənəsinin yaşadılması və qorunması məqsədilə xalça muzeyləri yaradılır, xalça sərgiləri təşkil edilir, beynəlxalq tədbirlər keçirilir.
Xalçaçılığı qorumaq məqsədilə hələ 1967-ci ildə Azərbaycanda Xalça və Tətbiqi Sənət Muzeyi yaradılıb. Azərbaycan Respublikası müstəqillik qazanandan sonra isə xalçaçılığın qorunub saxlanması və inkişafı məqsədilə qanun qəbul olunub.[37]
Azərbaycan Respublikası prezidentinin 7 dekabr 2004-cü il tarixli, 799-IIQD saylı fərmanı ilə təsdiq edilmiş "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında Azərbaycan Respublikasının qanunu”nun altıncı maddəsinin birinci bəndinin ikinci hissəsində qeyd edilir ki, ənənəvi "Xalça bayramı" keçirilsin.[38][39]
1992-ci ildən etibarən Türkmənistan Respublikasında da rəsmi şəkildə Xalça Bayramı keçirilməkdədir. Xalçaçılıq Bayramı hər ilin may ayının sonuncu bazar günü ənənəvi olaraq Türkmənistanın Aşqabad şhərində keçrilir. Bayram keçirilən zaman böyük bir Xalça sərgisi təşkil edilir. Türkmənistan Respublikasının dövlət adamlarıda sərgidə iştirak edir. Xalçaçılıq Bayramında dünyada məşhur olan Türkmənistan xalçaları nümayiş etdirilir.[40]
Azərbaycanda xalça sənətinin inkişafı ilə əlaqədar xalça muzeyləri yaradılması, xalça sərgiləri təşkil edilməsi, beynəlxalq tədbirlər keçirilməsi ilə yanaşı digər bayram və tədbirlərdə də xalçaların nümayişi nəzərdə tutulur.
Xalça tibbdə
redaktəToxuculuq iplikləri xalçaların xidmət müddətinə, onların gigiyenik və estetik xassələrinə çox böyük təsir göstərir. Bu səbəbdən də tibbi-gigyenik xüsusiyyətlərinə görə xalçaların iki xüsusiyyətini nəzərə almaq lazımdır: Xalçaların insan orqanizminə müsbət və mənfi təsiri.
- Xalçaların insan orqanizminə müsbət təsiri;
Xalça rahatlığı, firavanlığı təmin edir, istiliyi qoruyur, yerimə zamanı addımlamağı rahatlaşdırır, otaqda və diğər yaşayış obyektlərində gözü oxşayaraq, insanın estetik zövqünün formalaşmasında əhəmiyyətli rol oynayır.
Xalça haqda bir sıra elmi əsərlərin müəllifləri öz əsərlərində xalçanın insan orqanizminə müsbət təsir göstərdiyini qeyd etmişlər. Təbii boyaqlarla boyanmış, təbii ipliklərlə toxunmuş xalçalar təkcə istilik və ya gözəllik üçün deyil, həm də gözəl müalicə vasitəsidir. Bir çox ölkələrdə bəzi xəstəliklərin müalicəsi və profilaktikası zamanı xalça üzərində gəzməyi məsləhət görürlər. Ayaq altında bir çox sinir ucları yerləşir ki, xalça üzərində ayaqyalın hərəkət etdikcə həmin nöqtələr masaj olunur. Həmçinin qış mövsümündə, xüsusəndə uzun müddət çəkmələrin içərisində havasız şəraitdə qalan, tərləyən ayaqlar üçün bu üsul çox yaxşıdır. Körpə vaxtı uşaq bitkilərdən hazırlanmış boyaqlarla boyanmış, təbii iplilərlə toxunmuş xalçaya ayağını qoyarsa, xalça üzərində iməkləyər, oturar və oynayarsa sağlam böyüyər.[37],
- Xalçaların insan orqanizminə mənfi təsiri;
Müasir xalçaların bir çoxunda toxunma zamanı texnoloji proses düzgün aparılmır və insan orqanizminə ziyanlı kimyəvi liflərlə zəngindir. Bu kimyəvi liflər insan orqanizminə öldürücü təsir göstərir. Qan-damar sisteminin zəifləməsinə, nəfəs borularına və s. mənfi təsirini göstərir. Kimyəvi birləşmələrdən hazırlanmış bu liflər güclü tozsoran vasitəsilə təmizlənərkən, naxışların itməsinə gətirib çıxarır. Bu üsulla toxunmuş xalçalar müasir xalçaçılığa mənfi təsir göstərir.[41][42]
Bir çox sintetik xalçalar toksik hopdurmalara malikdir və güclü elektrikləşmə hiss olunur. Bu xalçalar saxlanan və satılan anbar, yaxud da dükandan lak-boya məhsullarını xatırladan kəskin iy gəlir. Otaq və anbarlarda olan hava kütləsi tam mənada yapışdırıcıdan ayrılan toksik maddələrlə zəhərlənir.
Kəskin qoxusu olan təzə xalça mağazadan evə gətirdikdən sonra onu yataq otağına salmaq olmaz. Belə xalçalar yuxusuzluq, əsəbilik və allergik reaksiyalara səbəb olur. Ona görədə yeni alınmış sintetik xalçaları bir neçə həftəlik nadir hallarda istifadə edilən otaqda və ya bağ evində açılmış vəziyyətdə saxlamaqla zəhərli iylərin müəyyən qədər çəkilməsinə nail olmaq mümkündür.[43] Divardan asılmış və ya da döşəməyə sərilmiş xalça olan otaqda çəkilən siqaret isə ən təhlükəli vəziyyətlərdən biridir. Siqareti otaqda çəkərkən təbii ki, onun tüstüsü və bu tüstü ilə ondan ayrılan zəhərli maddələr otağın içərisinə, əsasən də döşəmədəki və divardakı xalçalara hopur. Həmin otaqda uşaq və yaxud körpə yaşayır, xalçanın üzərində oynayır, iməkləyirsə bu zaman onun həyatı təhlükə ilə üz-üzə qalır.[44]
Qoyun yunu ən təhlükəli allergenlərdən biri olduğundan allergiyalı, astmalı xəstələr və uşaqlar yaşayan otaqda yun xalça və xalça məmulatlarından istifadə etmək olmaz.
Xalça dində
redaktəMüxtəlif ədəbiyyatlarda həsir, kilim, xalça, heyvan dərisi və digər bunlara bənzər əşyalar üzərində namaz qılındığı haqqında müxtəlif məlumatlar var. Bir çox xalçalar dini mərasimlərdə, eləcə də namaz qılma mərasimində istifadə olunur. Namaz qılan zaman səcdəyə durarkən istifadə olunan xalçalar toxunarkən müxtəlif naxışlı kompozisiyalardan istifadə olunurdu. "Namazlıq xalçaları" adlandırılan belə xalçalar namaz qılma mərasimində istifadə olunduğu üçün əsasən kiçik ölçüdə hazırlanırdı. Bu səbəbdən də "Namazlıq xalçaları" xalq arasında "Namazlıq", "Çaynamaz", "Ceynamaz" (namaz qılınan yer), "Ləçəkli", "Mehrabi" ("Mehrablı"), həmçinin (əsasən də Ərəbistanda) "Səccadə" ("Səcdacadə)[45], İranda isə "Taqi", "Canamaz" adlandırılır. Müxtəlif bölgələrdə olan məscidlər və evlər üçün toxunan "Namazlıq xalçaları" burada yaşayan əhalinin İslam dövrü mədəniyyətini əks etdirir. Məscidlər üçün toxunan xalçalar ("Kollektiv Namazlıq xalçalrı") müstəsna hallarda toxunsada, evlər (ailə üçün "Ailəvi Namalıq xalçaları", bir insan üçün "Namazlıq xalçaları")[46] üçün toxunan xalçalar daha çox toxunmuşdur.[47]
Bir çox insanlar yerdə (torpaq üzərində) haram ola biləcəyindən ehtiyat edərək bundan qorunmaq üçün təkcə bayırda deyil, evdə, hətta məsciddə də xalçanın üzərində namaz qılmağı vacib hesab edirlər. Bu məqsədlə namaz qılma mərasimini xüsusi şəkildə toxunmuş "Namazlıq xalçalar" üzərində yerinə yetirərlər. "Namazlıq xalçalrı" üzərində toxunmuş naxışları din xadimləri müxtəlif cür qarşılayırlar. Bəziləri xalça üzərində namaz qılmaqda heç bir müşkül, yanlışlıq olmadığını, bəziləri xalçanın üzərində canlı varlıqların (insan, heyvan şəkli) surətlərinin, xalçanın üzərində ibadət edənin diqqətini cəlb edəcək və onu namazdan yayındıracaq bəzək və naxışların olmamasına, həmçinin torpağın üstündə namaz qılmamaq üçün hər bir kəsin xalça üzərində namaz qılmasına, digərləri isə hətta xalça üzərində namaz qılmağın düzgün olmadığı fikrini söyləyir.[48]
Əvvəllər "Ərdəbil xalçası" adlandırılan Şeyx Səfi xalçası 1539 cu ildə Səfəvi hökumdarı I Təhmasibin sifarişi ilə Kaşani Maqsud adlı bir şəxs tərəfindən kollektiv namaz qılmaq və xeyriyəçilik məqsədi ilə "Şeyx Şəfi" məsçidi üçün toxunmuşdur. 1893 cü ildə həmin xalçanı ingilislər alaraq Londona aparmışlar.Hal-hazırda "Şeyx-Şəfi xalçası"nın orijinalı Londonda Viktoriya və Albert muzeyində saxlanılır.[49][50]
"Şeyx Şəfİ mavzoleyi" Azərbaycan və İran şiələri üçün ikinci ibadət yeri idi (birinci Məşhəddə yerləşən İmam Rza mavzoleyi hesab olunur). Ancaq xalça toxunan zaman Kaşani Maqsud ustalara xalıya öz adını və beyt yazdırmağı tapşırmışdı: "Mənim sənin kandarından savayı başqa sığınacağım yoxdur, başımı qoya biləjəyim bu evdən başqa mənim başqa məskənim yoxdur". XIV əsr şairi Hafiz Şirazinin (1300–1389) iki sətrli 65 qəzəli. Aşağıda isə "Bu evin qulu Maqsud Kaşaninin işi və rəqəm 946 (1539)" bu əlavə yamaq kimi qəbul olunur.
"Şeyx-Şəfi xalçası"nın eskizi istedadlı rəssam tərəfindən çəkilmişdir, xalça isə Təbriz xalçaçılıq məktəbinin Təbriz, bəlkə də Ərdəbil qrupunun xalça sənətkarları tərəfindən toxunmuşdur.
Hal-hazırda "Şeyx-Şəfi xalçası"nın orijinalı Londonda Viktoriya və Albert muzeyində saxlanılır. Azərbaycan xalçaçılıq mədəniyyətinin əvəzsiz incisi olan bu mükəmməl sənət əsərinin təkrar nüsxəsi yaradılmışdır. Hazırda həmin üzü köçürülmüş nücxə Azərbaycan Müasir Incəsənət Muzeyində sərgilənir.[51]
Xalça şifahi xalq ədəbiyyatında
redaktəXalça insan həyatında təkcə qiymətli əşya deyil, sənət əsəri, istilik, gözəllik, hədiyyə, müalicə vasitəsi sayılır. Xalçalar haqqında müxtəlif əfsanələr, atalar sözləri, tapmacalar və digər hikmətli kəlamlar deyilib, söylənib. Xalqın həyatda sınanmış, müdrik və nəsihətli fikirləri, həcmcə kiçik, mənaca hikmətli ifadə olan atalar sözləri arasında xalça haqqında söylənmiş fikirlər var: "Xalına bax, xalı toxu", "Xalını xovuna sığallarlar", "Xalça salan özü oturar", "Xalçalı gəl, xalçalı get".[52]
Xalça Azərbaycan şifahi xalq ədəbiyyatında, aşıq yaradıcılığında və dastanlarımızda da mövcuddur. "Koroğlunun gözü uzağı çox yaxşı görürdü, anası onu üç yaşınadək xalça üstündə böyütmüşdü. Ayağı torpaq görməmişdi...". Bu sətirlər Koroğlu dastanındandır. Koroğlunun tək gözü iti olmayıb. Gözəl səsi, qüvvətli qolu, güclü iradəsi var idi.[37]
Şifahi xalq ədəbiyyatının lirik qolunun geniş vüsət tapan çoxçeşidli janrlarından biri olan bayatılar və sayaçı sözləri arasında xalça, gəbə haqqında nümunələrə rast gəlinir:
Hanam haçaq kəsilib,
Üzü saçaq kəsilib,
Üstə çinar toxunub
Əyri budaq kəsilib.[53]
Nənəm,a dəli qoyun,
Dolanıb gəli qoyun.
Gəlinlər güzəmində
Toxuyar xəli, qoyun.[54]
Şifahi xalq ədəbiyyatının geniş yayılmış şəkillərindən biri olan və çoxvariantlılığı ilə seçilən tapmacalar arasında toxuculuq sənətinə dair müxtəlif izlər tapmaq olur. Belə ki, qədim insan toxuculuqla məşğul olmuş, ip hazırlamış, gəbə, xalı və xalça toxumuşdur. Məhz buna görədir ki, gəbə və xalça haqqında onlarca tapmaca yaranmışdır:
Xalça xalq inamında
redaktə"Uçan xalça" sözü artıq uşaqlıq illərindən hər bir kəsə tanışdır. Bu xalçaların inanılmaz dərəcədə sehirli olması Azərbaycan nağıllarında daha çox söylənilmişdir. Nağıllarda bu tip xalçaların olması barədə çox danışılmışdır, lakin indiki zamanda isə buna demək olar ki, heç kim inanmır. Müasir dövrdə təyyarələr bu əfsanəvi xalçaları əvəz etmişdir. Aparılmış tədqiqatlar nəticəsində dünya nağıllarındakı uçan xalça gerçəkləşə bilər. Prinston Universitetinin alimləri tərəfindən plastik materialdan hazırlanmış "uçan xalça" ("sehrli xalça") sınaqdan keçirilib. ABŞ-nin Prinston Universitetində bu istiqamətdə tədqiqatlar davam etdirilir. Aspirant Noa Cafferisin təqdim etdiyi şəffaf plastik təbəqə əks istiqamətlərdə hərəkət edən elektrik yükü sayəsində hərəkət edir. Elektrikin yaratdığı dalğa havanı hərəkətə gətirir və bu da xalçanı itələyir. Tədqiqatlar uğurla aparılarsa, gələcəkdə "uçan xalça"nın şəhərdaxili nəqliyyat vasitəsi kimi istifadə edilməsi nəzərdə tutulur.[57][58][59][60][61]
Yuxuda xalça görmək qazanc və dar gününüzdə sizə yardım edəcək varlı dostlara işarədir. Xalça üzərində gəzmək xoşbəxtlik və çiçəklənməyə işarədir. Yuxuda xalça almısınızsa, bu, böyük gəlirə işarədir. Əgər xalça satmısınızsa, sizi xoş və əlverişli səyahət gözləyir. Gənc qadın yuxuda xalça görübsə, bu, onun tezliklə gözəl bir ev sahibi olacağına işarədir.
Yuxuda bahalı xalçalar görmək o deməkdir ki, arzu etdiyiniz dəbdədəli həyat tərzi üçün yaranmısınız. Əgər yuxuda tez-tez xalça görürsünüzsə, bu sizin həyatda bütün arzuları həyata keçirəcəyinizə işarədir. Əgər qız yuxuda xalçalar asılmış otaq görürsə, tezliklə varlı və adlı-sanlı adama ərə gedəcək.[62][63]
Yuxuda xalça görmək – səfərə çıxmaq xəbəridir. Xalça üstündə uçmaq həm də murada yətmək nişanəsi sayılır.[64]
Azərbaycan xalçaları
redaktəAzərbaycan qədim xalçaçılıq mərkəzidir. Azərbaycan xalçalarının mənşəyi Bürünc dövrünə təsadüf edir. Arxeoloji tapıntılar və yazılı mənbələrə görə, eramızdan əvvəl ikinci milleniumda Azərbaycan ərazisində yaşayan qədim insanlar müxtəlif növ xalça toxumuşlar.
Qədim sənət nümunəsi kimi Azərbaycan xalçaları bütün dünyada məşhurdur. XIII-XIV əsrlərdə Azərbaycandan xarici ölkələrə çoxlu xalça və xalça məmulatı ixrac edilmişdir. Bu gün də Azərbaycanda müxtəlif toxunuş və ornamentlərlə zəngin olan saysız-hesabsız xalça növləri toxunmaqdadır.[65]
Azərbaycan xalçaları hər zaman toxunma prosesində yunun keyfiyyəti, boya komponentləri, boyaq və toxuma texnologiyaları, dizayn, orijinal həndəsi naxışlar və obrazları ilə bir-birindən fərqlənmişdir. Bütün bunlara görə Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə şərti olaraq bir neçə xalçaçılıq məktəbinə bölünür. Əvvəllər bu xalçaçılıq məktəbi dörd qrupa ayrılsada, sonrakı dövrlərd şərti olaraq 7 xalçaçılıq məktəbinə bölünmüşdür. Bu xalçaçılıq məktəblərinin özləri də bir neçə alt qrupa ayrılır.[66][67][68][69]
Dünyanın ən qədim xalçası
redaktəXX əsrin ortalarında Altayda yerli türklərin Pazırıq (Basırıq) dediyi yerdə qazıntı aparan rus arxeoloqları qədim kurqandan hamını heyrətə salan əşyalar aşkar etdilər. Saqa (skit) boylarına məxsus bu sənət əsərləri içərisində salamat qalmış və rəngini itirməmiş bir xalı da vardı.[5] Bu 2500 il öncə Qarabağda toxunmuş Bərdə (saqa-oğuz) xalısı idi.
Dünyanın ən böyük xalçası
redaktəXalçaçılıq sahəsində dünyanın ən aparıcı ölkələri xalçaları gözəlliyi, keyfiyyəti ilə yanaşı ölçüsünə görədə qiymətləndirməyə çalışmışlar. Ölçüsünə görə müxtəlif vaxtlarda müxtəlif xalçalar "dünyanın ən böyük xalçası" adını daşımışdıər. Təbrizdə toxunmuş "Ləçəktürünc" kompozisiyalı, Təbriz xalçaçılıq məktəbinin şah əsəri, məşhur "Ərdəbil xalçası" uzun müddət "dünyanın ən böyük xalçası" adını daşımışdır.[70]
Müasir dövrdə İran toxuma, xüsusilə də xalçaçılıq sahəsində dünyanın ən aparıcı ölkələrindən biri kimi qəbul edilib. Ona görədə İranda müxtəlif illərdə toxunmuş "dünyanın ən böyük xalçaları" maraq doğurmuşdur.[71][72]
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu Dabidə dünyada ən böyük məscidlərdən birində dünyanın ən böyük kollektiv namazlıq xalçası döşənib. İranın Xorasan şəhərində 1200 qadın tərəfindən iki ilə toxunan xalçanın sahəsi 6 min kvadratmetr, ağırlığı isə 45 tondur. Xalçanın 8 milyon dollar qiyməti var və eyni vaxtda 9 min mömin bu xalçanın üstündə ibadət edə bilər.[73]
2001-ci ildə Türkmənistanda toxunulan bir xalça, "Ginnesin Rekordlar Kitabı"na düşmüşdür. Bu xalçanın çəkisi 1 ton 200 kiloqram, sahəsi isə 301 kvadratmetri idi.[74]
Bəzi ölkələrdə xalçaların böyüklüyünü rənginə görə fərqləndirirlər. Romada film festivallarının ən əhəmiyyətli ünsürlərindən biri olan qırmızı xalça seremonisi olmuşdur. Film festivalının açılışı üçün salonun girişinə dünyanın ən böyük (1300 kvadrat metrlik) qırmızı xalça sərilmişdir.[75]
Dünyanın ən nazik xalçası
redaktəTürkiyənin İstanbul şəhərində keçirilən Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində dünyanın ən nazik xalçası təqdim edilib. Əldə toxunma xalça Türkiyənin Kocaeli bölgəsinin Hərəkə kəndindən gətirilib. Əl işi "dünyanın ən nazik xalçası" kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Xalçanı toxuyan Nuray Kıvancın sözlərinə görə, xalçanın hər santimetrinə 1024 ilmə vurulub. Kıvanc onun təkcə ən nazik deyil, həm də ən yüngül xalça olduğunu deyir. Çəkisi 15 qram olan xalçanın toxunmasına gündə 10 saat olmaqla, 5 il vaxt sərf edilib.[76]
Qeyri adi xalçalar
redaktəQeyri adi, maraqlı, qəribə xalçalar artıq dünyaya "qiymətli əl işi" kimi tanıdılır. İran, Hindistan, Çin, Azərbaycandakı peşəkar toxucular tərəfindən toxunan qeyri adi xalçalar öz qəribə və maraqlı xüsusiyyətləri ilə daha çox fərqlənir. Qiymətləri yüksək olan bu qeyri adi xalçalar adi ipliklərdən hazırlanmış xalçalar kimi muzey və sərgilərdə nümayiş etdirilməklə yanaşı onların bir çoxu hər bir evi öz qeyri adiliyi ilə bəzəyir.[77][78][79]
Qədim zamanlardan bəri toxunan xalçalar adətən bir üzlü olur. Son zamanlar toxunan xalçaların bəzilərini arxası da üzü kimi xovlu olmaqla öz qeyri adiliyi ilə seçilir. Belə xalçalara ikiüzlü xalça deyilir.[80]
Afrikada hörümçək torundan xalça hazırlanıb. Dörd il ərzində xalçanı hazırlayan afrikalılar, əsasən hörümçək torundan istifadə edib. Xeyli əmək sərf olunan xalçanın hazırlanmasına 500 min ABŞ dolları həcmində xərc çəkilib. Yüksək sənət əsəri olan bu xalça, hazırda ABŞ-nin "Nyu-York" muzeyində saxlanılır.[81]
ABŞ-nin Virciniya ştatındakı Riçmond şəhərində Çinin ən məşhur və nüfuzlu rəssamlarından biri sayılan Syuy Bin 50 min siqaretdən pələng dərisinə bənzəyən xalça "toxuyub". Bu unikal əsəri yaratmaqda məqsəd insanları siqaret çəkmək kimi zərərli vərdişdən əl çəkməyə çağırmaqdır. 199,5 kq ağırlığı olan xalça hazırda Virciniya İncəsənət Muzeyində nümayiş olunur.[82]
Belçikanın paytaxtı Brüsseldə 1971-ci ildən bu günə qədər təşkil edilən "begonia" (“beqoniya”) çiçəkləriylə möhtəşəm xalça toxunur. Xalça təxminən 800 min begonya çiçəyindən tək-tək düzməklə şəhərin mərkəzində, məşhur Grand Place meydanında onlarla könüllü tərəfindən toxunur. Çiçəkdən toxunan xalçanın sahəsi 2 min kvadrat metr olur. Çiçəkdən düzəldilən xalça hər il fərqli motivlərlə toxunur.[83]
Xalça muzey və şəxsi kolleksiyalarda
redaktəMüxtəlif xalça nümunələri London, Berlin, Nyu-York, Vaşinqton, İstanbul və s. şəhərlərdəki dünyanın ən məşhur muzeylərində və çoxsaylı şəxsi kolleksiyalarda saxlanılır.
Muzeylər toxuculuq sənətinin bir qolu, xalçaçılıq mədəniyyətinin daşıyıcısı olan xalça və xalq tətbiqi sənəti nümunələrini qədim dövrlərdən bu günədək bütün zənginliyilə özündə qoruyub saxlayır. Muzey xalça və xalq tətbiqi sənətinin nümayiş edildiyi ən zəngin ekspozisiyaya malik bir yerdir.
Bu günə qədər yüzlərlə xalça müxtəlif muzeylərdə saxlanılır. Azərbaycan qadın ustalarının əlləri ilə yaradılan gözəl xalçalar və xalça məmulatları Sankt-Peterburqda Ermitaj, Londonda Viktoriya və Albert, Vaşinqtonda Tekstil, Parisdə Luvr, İstanbulda Topqapı kimi dünyanın böyük muzeylərini, habelə Bakıda Azərbaycan xalçaları muzeyini və Azərbaycan tarixi muzeylərini bəzəyir.[84][85]
Dünyada ilk dəfə olaraq professor Lətif Kərimovun təşəbbüsü ilə Azərbaycanda Xalça Muzeyi (hal-hazırda bu muzey Lətif Kərimovun adını daşıyır) yaradılmışdır.[86] Dənizkənarı Milli Parkın ən görkəmli yerində Lətif Kərimov adına Xalça Muzeyinin yeni binası inşa edilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü və YUNESKO-nun dəstəyi ilə inşa olunan bina bükülmüş xalçanı xatırladır.[87][88]
Xalça alarkən
redaktəXalça alarkən aşağıda qeyd edilən əsas keyfiyyət və xüsusiyyətlərə fikir vermək lazımdır:
- Xalçanı diqqətlə yoxlamaq, sapların keyfiyyətinə, ilmələrin sıxlığına, rəng çalarlarına, naxışların gözəlliyinə diqqət yetirmək.
- Hansı növ xalça olmasını yoxlamaq – xovlu (qalın tüklü və yumşaq) və yaxud xovsuz (nazik və şumal). Xovsuz xalçalar arasında digərləri ilə yanaşı kilim və sumax texnikaları geniş yayılmışdır. Ətraflı məlumatları satıcıdan öyrənmək lazımdır.
- Xalçanın qalınlığına və sıxlığına diqqət yetirmək (ilmələrin hər dm2 sıxlığı); ilmələrin hər m2 sıxlığı 90 mindən 160 min ilməyə (düyünə) çatması xalçanın yüksək keyfiyyətli olmasını sübut edir.
- Xalçanın hansı sapdan hazırlanmasını öyrənmək; ipək saplarla toxunulmuş xalçalar çox yüngül olmalı və tərpətdikdə rəngləri işıq düşdüyü istiqamətdən asılı olaraq cüzi dəyişməlidir.
- Xalçanın yaşını öyrənmək; yaşı 100 ildən artıq olan xalça əntiq xalçalar sayılır. Bu cür xalçaları Azərbaycandan kənara cıxartmaq qadağandır.
- Xalça alarkən satıcıdan sertifikat verməsini xahiş etmək – bu, xalçanı problem olmadan ölkə hüdudlarından kənara çıxartma imkanı yaradacaq.
- Xalçanı istehsal olunduğu emalatxanadan və yaxud fabrikdən almaq daha sərfəlidir, çünki mağazada qoyulan qiymətlərdən 3–5 dəfə ucuz qiymətə əldə etmək olar.[68]
Tamamilə yundan hazırlanmış xalçaların əllə və yaxud maşınla toxunmasını araşdırıb aydınlaşdırmaq bir qədər çətindir. Diqqətlə və eyni zamanda yaxından xalçanın arxa üzünə (çeşnisinə) baxmaqla bunu müəyyənləşdirmək bir qədər asandır.[89]
Xalçaları saxlama qaydaları
redaktəXalçalar əsasən anbar, muzey və məişət şəraitində saxlanılır.
Xalça saxlanan anbar binaları təmiz quru və birqaydalı təbii, yaxud süni işıqlı olmalıdır. Bu binalarda havanın nisbi rütubəti ən çox 60-65% olmalıdır.
Anbarda saxlanan xalçalar taxta üzərində yığılmalı və divardan bir az aralı yerləşdirilməli, tozdan, kirdən və düz düşən gün şüalarından qorunmalıdır. Xalça saxlanan zaman güvə və gəmiricilərə qarşı mübarizə məsələsinə ciddi fikir verilməlidir və habelə yanğına qarşı tədbirlər nəzərdə tutulmalıdır.
Muzey eksponatı kimi nümayiş olunan xalça məmulatlarının güvədən və digər ziyanvericilərdən qorunması üçün ən yaxşı vasitə sintetik materialdan və ya adi şüşədən hazırlanmış vitrinlərdir. Vitrinlərdən istifadənin üstün cəhəti ondan ibarətdir ki, onlar eksponatları tozdan, güvədən və digər ziyanvericilərdən qoruyur və eyni zamanda çox sayda nümunələrin sərgiyə qoyulması ilə yanaşı ekspozisiyanın dəyişdirilməsini asanlaşdırır.[90]
Məişət şəraitində xalçanı yayda yığışdırmaq üçün onu bükmək lazımdır. Heç bir halda xalçanı dördqat qatlamayın. Əks halda xalçanın xovu əzilər və bürüşər. Xalçanı uzun müddətə bükərkən güvəyə qarşı vasitələrdən istifadə etmək lazımdır. Güvə ilə ən geniş yayılmış mübarizə vasitəsi naftalindir. Lakin onun istifadəsi səhiyyə orqanları tərəfindən tövsiyə olunmur. İnsan orqanizmi üçün zərərli olan kanseroqen xassələr aşkar edildiyindən naftalin qadağan olunmuş preparatlar sırasına daxil edilmişdir.[91]
Xalq arasında uzun zamandır istifadə olunan yovşan bitkisinin qurudulmuş budaqları, lavanda, ətirşah yarpaqları, portağal qabıqları və ya çiyələk sabunu ən yaxşı halda kəpənəyi qaçıra bilər. Sürfələrlə mübarizədə istər təbii, istərsədə kimyəvi vasitələr yetərincə təsirə malik deyildir.[92]
Mixək də güvəyə qarşı da pis vasitə deyil. Qönçələrini cuna kisəyə yığaraq xalçaların arasına qoymaq olar.[93]
Müasir dövrdə muzeylərdə, mənzillərdə və ictimai binalarda, anbar və mağazalarda güvə ilə mübarizənin ənənəvi üsulu xalçaların saxlandığı yerlərdə fumiqasiya təsirli insektisid preparatların (uçan güvələri hürküdən) tətbiq edilməsinə əsaslanmışdır.
Xalçalara qulluq
redaktəXalçalara qulluq məsələsi onun hazırlanması qədər vacib məsələlərdən biridir. Xalçaların vaxtlı- vaxtında təmizlənməsi onun istifadə müddətini artırır. Xalçalar təmizlənərkən iki əsas qrupa ayrılır: Təbii ipliklərdən hazırlanmış xalçalar, Süni (sintetik) ipliklərdən hazırlanmış xalçalar.
Əgər bir neçə sadə qaydalara əməl edilsə, təbii ipliklərdən əl ilə toxunmuş xalçalar bir neçə yüz il ömür sürər.
Qışda xalçaları qarla təmizləmək daha əlverişlidir. Bunun üçün xalçanın həyətə çıxarılması yaxşı olar. Xalça iki və daha çox adamın köməyi ilə çırpılır. Sonra xalça qalın qarın üstündə üzü yuxarı yerə sərilir, süpürgə ilə süpürülür. Yenidən xalçanın üzərinə qar səpilir və süpügə ilə təmizlənir. Bu xalça təmizə çıxana qədər davam etdirilə bilər. Adətən, xalçaları, xüsusilə də yumşaq tüklü xalçaları xovun əks istiqaməti ilə süpürmək və yaxud təmizləmək olmaz.
Müasir xalça təmizləmə vasitələri ilə təmizləmə daha asan və sərfəlidir. Xalça və xalı örtükləri indi müasir peşəkar avadanlıqlar vasitəsi ilə yerində, qısa müddət ərzində təmizlənir. Xalçanın təmizliyində ekoloji təmiz və iysiz maddələrdən istifadə olunur. Amma bu vasitələrdən istifadə etmək məsləhət deyildir. Belə vasitələr xalçaların daha tez sıradan çıxmasına kömək edir. Ona görə də bu vasitələr köhnə və ya yeni toxunmuş bütün xalçalara hər zaman tətbiq oluna bilmir. İsti və yaxud qaynar su ilə xalçaların yuyulmasıda düzgün deyildir. Bu zaman xalçalar tez köhnəlir və rəngləri solur. Həmçinin xalçalar yuyulduqdan sonra günəş şüalarının altında yox, kölgədə qurudulmalıdır. Əks halda ipliklərin rəngi solar və keyfiyyəti zəifləyər.
Təbii yun ipliklərdən toxunmuş xalçaları rütubəti çox olan otaqlarda və zəhərləyici kimyəvi maddələrin saxlandığı və istifadə edildiyi otaqda saxlamaq və sərmək olmaz. Ayaq altına salınmış xalçaları qeyri-bərabər sürtünmələrdən qorumaq üçün 2-3 ildən bir onları dayandığı yerdə 90-180 dərəcə fırlatmaq lazımdır. Bükülü saxlanan yun xalçaları ən azı ildə bir dəfə (yazda olsa daha yaxşı olar) açıq havaya sərmək, büküb götürən zaman içərisinə güvəyə qarşı kimyəvi və yaxud da təbii (yovşan bitkisi) vasitələr qoymaq lazımdır. Bükülmədən öncə çubuqla çırpılmalı, yumuşaq fırça və tozsoranla təmizlənməlidir. Təbii yun xalçalar su "sevmirlər", bu səbəbdən də onları heç bir zaman nəm fırça və ya əsgi ilə simək olmaz. Suyun əvəzində təmiz ağ neftdən istifadə etmək daha məqsədəuyğundur. Ağ neft həmçinin güvəyə, mikrob və viruslara qarşı yaxşı vasitədir. Çıxılmaz vəziyyətdə yuyulmuş, və yaxud da sulu və nəm əsgi ilə silinmiş xalçaları təbii yolla kölgəbasar bir yerdə qurutmaq məsləhətdir.
Xalçanı yumadan öncə xalçadan çirki, tozu və qırıntıları tozsoranla təmizləmək lazımdır.
Xalçanı yumaq üçün su təmiz, şəffaf və iysiz olmalıdır. Suda maqnezium, kalsium, dəmir duzları olmamalıdır. Keçmişdə xalçaları yumaq üçün yağış suyundan və ya ərimiş qardan istifadə edirdilər. Yaz leysanlarında ildırımın elektrikindən dolmuş damlalar yüksək keyfiyyətli olur. Bu su xalçaların yuyulması üçün xüsusilə faydalıdır.
Yuma zamanı ən yaxşısı vasitə gilabı gilindən istifadə etməkdir. Gilabı xalça məmulatları üçün yerli əhalinin qədimdən bəri istifadə etdiyi ən yaxşı təmizləyici vasitədir. Gilabı gili elmdə bentonit gil adı ilə məlumdur.
Müasir zamanda sintetik xalçalardan istifadə daha əlverişlidir. Onları güvədən qorumaq üçün heç bir tədbir və təmizləmə işinə ehtiyac yoxdur. Yuma və təmizləmə işləri olduqca asanlıqla həyata keçirilir. Bunun üçün sintetik xalçaları yuyan tozsoranla, müxtəlif kimyəvi təmizləyici vasitələrlə, xüsusi xalça şampunları ilə və adi nəm əski, yaxud da cod fırçalarla asanlıqla təmizləmək olar. Müasir sintetik xalçalar dəhliz üçün olduqca yararlıdır. Çünki onları hər gün xüsusi vasitələrlə təmizləmək olduğundan bayırdan ayaqla gətirilən çirklər digər otaqlara keçmir. Sintetik xalçalar kimyəvi təmizləməyə davamlı olduğundan onları ildə bir və ya iki dəfə kimyəvi təmizləmə yolu ilə təmizləmək olar.
Xalçaların xidmət müddəti
redaktəXalçalara verilən ən mühüm tələblərdən biri də onlara verilən istismar müddəti və ya xidmət müddətidir. Xalçaların xidmət müddəti dedikdə xalça və xalça məmulatlarının dağılana qədərki (yararsız hala düşənə kimi) istismar müddəti başa düşülür. Xalça və xalça məmulatları olduqca davamlı olduğundan onların istismar müddəti on illərlə və ya əsrlərlə təyin edilir. Xalçanın vaxtından əvvəl yararsız hala düşməsi müxtəlif səbəblərdən ola bilər. Xalçanın toxunuşu zamanı materialların davamlı olmaması, xalçanın istifadə xarakterindən, istismar şəraitindən (yararsız rütubət, temperatur, kimyəvi maddələrlə və s.), xalçalarla düzgün rəftar qaydasından, xalçanın fərdi xüsusiyyətindən və sairələrdən asılıdır.
Xalçaların xidmət müddəti müxtəlif təsirlərə qarşı göstərdiyi müqavimətlə təyin edilir ki, buraya da mexaniki, fiziki, mikrobioloji və s. təsirlər aiddir. Uzun müddət istismara qarşı davamlılıq, həmçinin, sosioloji amillərdən də çox asılıdır. Maraqlıdır ki, xidmət müddəti çox olan xalçalar ən qədim, əntiq xalçalardır. Axı onların hazırlanma prosesidə sınaqdan keçirmə mərhələsi olmuşdur. Doğrudur, təbbii liflərdən olan xalçalar çirki daha tez götürür, eyni zamanda çətin təmizlənir. Sintetik liflərdən olan xalçalar isə çirki az götürür və asan təmizlənir.
İstinadlar
redaktə- ↑ 1 2 Mənəvi sərvətimiz olan xalçalarımız[ölü keçid]
- ↑ "Xalçaçılıq tarixindən". 2015-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-22.
- ↑ "Tarix". 2012-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-11.
- ↑ Tanış olun:Azərbaycan xalçaları[ölü keçid]
- ↑ 1 2 "Bərdə (saqa-oğuz) xalısı". 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-01.
- ↑ "Azərbaycan dilinin tədrisi məsələləri. Бакы – Mütərcim – 2009. səh.43–44. Düzəltmə isimlər" (PDF). 2022-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-01-05.
- ↑ Azərbaycan dilinin izahlı lüğəti, Dörd cilddə. Şərq-Qərb Nəşriyyatı, Bakı 2006. II cild, səh.417.
- ↑ Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. I cild. səh. 447. ISBN 978-9952-34-152-2
- ↑ Azərbaycan dilinin izahlı lüğəti, 4 cilddə. Şərq-Qərb nəşriyyatı. —Bakı, 2006. II cild, səh.416.
- ↑ 1 2 Лятиф Керимов, "Азербайджанский ковер" (Том II). Баку, "Гянджлик", 1983, ст.64. (rus.) (ing.)
- ↑ Лятиф Керимов, "Азербайджанский ковер" (Том II). Баку, "Гянджлик", 1983, ст.66. (rus.) (ing.)
- ↑ 1 2 Лятиф Керимов, "Азербайджанский ковер" (Том II). Баку, "Гянджлик", 1983, ст.65. (rus.) (ing.)
- ↑ Лятиф Керимов, "Азербайджанский ковер" (Том II). Баку, "Гянджлик", 1983, ст.55. (rus.) (ing.)
- ↑ "Sehirli ilmələr". 2011-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-08.
- ↑ "Xalça məmulatları". 2012-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-27.
- ↑ Xalça məmulatları[ölü keçid]
- ↑ "Xalça növləri". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.
- ↑ "Xovsuz xalçalar". 2011-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-22.
- ↑ "Xovlu xalçalar". 2016-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-30.
- ↑ ""Süjetli xalçalar"". 2016-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.
- ↑ Azərbaycan dilinin izahlı lüğəti, Dörd cilddə. Şərq-Qərb Nəşriyyatı, Bakı 2006. II cild, səh.378.
- ↑ Azərbaycan dilinin izahlı lüğəti, Dörd cilddə. Şərq-Qərb Nəşriyyatı, Bakı 2006. II cild, səh.710.
- ↑ Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. I cild. səh. 435. ISBN 978-9952-34-152-2
- ↑ Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. I cild. səh. 449. ISBN 978-9952-34-152-2
- ↑ "Xalçaçılıq sənəti". 2007-10-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-30.
- ↑ Mayis Qasımov, Azərbaycanın boyaq bitkiləri. Azərbaycan dövlət Nəşriyyatı, Bakı 1987, səh.4.
- ↑ "Simmetrik düyün". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-04.
- ↑ "Assimmetrik düyün". 2016-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-04.
- ↑ Лятиф Керимов, "Азербайджанский ковер" (Том II). Баку, "Гянджлик", 1983, ст.73. (rus.) (ing.)
- ↑ "İslimi". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-25.
- ↑ "Təsvirin standartları". 2012-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-21.
- ↑ Xalça müəssisələri[ölü keçid]
- ↑ "Azərxalça". 2011-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-22.
- ↑ Azər-İlmə[ölü keçid]
- ↑ "Azərilmə". 2012-04-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-04-02.
- ↑ "Lətif Kərimov fondu". 2012-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-04-02.
- ↑ 1 2 3 Şan-şöhrətini itirmiş Azərbaycan xalçaları[ölü keçid]
- ↑ "Azərbaycan Respublikasının Qanunu". 2012-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-02-19.
- ↑ "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında". 2023-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
- ↑ "Dünyanın ən böyük xalçası". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-02-19.
- ↑ Xalçaçılıq sənətimiz YUNESKO-nun dünyanın şah əsərləri sırasına daxil ediləcək[ölü keçid]
- ↑ "İtə ataram, yada satmaram..."[ölü keçid]
- ↑ "Evinizdə olan 10 təhlükəli əşya". 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-04.
- ↑ "Evinizdəki xalçalar zəhər mənbəyi ola bilər". 2010-07-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-31.
- ↑ Лятиф Керимов, "Азербайджанский ковер" (Том II). Баку, "Гянджлик", 1983, ст.67. (rus.) (ing.)
- ↑ "Moskva Şərq Xalqları İncəsənəti Dövlət Muzeyi səh.94-98" (PDF). 2021-10-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-02-04.
- ↑ "Namazlıq". 2011-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-02-04.
- ↑ "Xalçanın üstündə namaz qılmaq". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-02-04.
- ↑ Azərbaycan Milli Ensiklopediyası, Bakı, 2007, səhifə.780-781.
- ↑ "Qürbətdə olan sərvətim". 2012-06-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-02-12.
- ↑ Azərbaycan xalçaçılığının ilk mərkəzlərindən biri
- ↑ Əbülqasım Hüseyzadə, Atalar sözü. Bakı Yazıçı-1985, səh.626.
- ↑ Azərbaycan Xalq Ədəbiyyatı, Azərbaycan bayatıları. "Elm" nəşriyyatı, Bakı–1984. səh.252.
- ↑ Bayatılar. "Yazıçı" nəşriyyatı, Bakı–1985. səh.174.
- ↑ Nurəddin Seyidov, Tapmacalar. "Elm" nəşriyyatı, Bakı–1971. səh.167.
- ↑ Nurəddin Seyidov, Tapmacalar. "Elm" nəşriyyatı, Bakı–1971. səh.169.
- ↑ "Uçan xalça" gerçək oldu[ölü keçid]
- ↑ Tədqiqat aparılır.[ölü keçid]
- ↑ "Uçan xalça"[ölü keçid]
- ↑ Xəyallarınızdakı "uçan xalça" real oldu[ölü keçid]
- ↑ "Azərbaycan nağıllarındakı uçan xalça gerçəkləşə bilər". 2011-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-02-04.
- ↑ Yuxuda xalça görmüsünüz?[ölü keçid]
- ↑ Yuxu yozumları, Ensiklopediya. Bakı, Gənclik – 1992. Səh.210.
- ↑ "Yuxuyozmalar". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-02-12.
- ↑ Azərbaycan xalçaları[ölü keçid]
- ↑ "Azərbaycanda xalça sənətinin inkişafı". 2010-10-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-01-01.
- ↑ "Xalçaçılıq". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.
- ↑ 1 2 "Xalçalar haqqında". 2012-03-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-22.
- ↑ "Carpets in Azerbaijan". 2019-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-28.
- ↑ "Təkcə Azərbaycanda". 2022-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-26.
- ↑ Dünyanın ən böyük xalçası[ölü keçid]
- ↑ İranda dünyanın ən böyük xalçası toxunmuşdur[ölü keçid]
- ↑ Dubayda dünyanın ən bahalı məscidi[ölü keçid]
- ↑ "Türkmənistanda". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-02-19.
- ↑ Dünyanın ən böyük qırmızı qalçası Romadadı[ölü keçid]
- ↑ "Dünyanın ən nazik xalçası satıldı". 2012-02-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-02-19.
- ↑ Qəribə xalçalar[ölü keçid]
- ↑ "Qeyri adi xalçalar". 2012-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-02-19.
- ↑ "Maraqlı xalçalar". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-19.
- ↑ "İkiüzlü xalça Bakıda". 2010-11-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-05.
- ↑ "Hörümçək torundan xalça". 2012-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-02-19.
- ↑ "Ən qəribə xalça yaradıldı". 2011-12-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-02-19.
- ↑ "Belçikada begonya çiçəyindən xalça..." 2012-04-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-04-08.
- ↑ "Azərbaycan xalçaları". 2008-08-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-01-01.
- ↑ "Азербайджанские ковры в музеях мира". 2020-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-11.
- ↑ "Lətif Kərimov anıldı". 2010-11-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-31.
- ↑ Xalça muzeyi[ölü keçid]
- ↑ "Bakıda möhtəşəm Xalça Muzeyi". 2012-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-31.
- ↑ "Ковры ручной работы – отличия от машинных". 2020-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-11.
- ↑ "Saxlama". 2012-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-20.
- ↑ "Naftalin". 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-04.
- ↑ "Güvəyə qarşı vasitələr". 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-04.
- ↑ Möcüzəli ədviyyat-mixək[ölü keçid]
Mənbə
redaktə- Xalça sənəti Arxivləşdirilib 2009-01-08 at the Wayback Machine
- Azərbaycan xalçaları Arxivləşdirilib 2008-08-08 at the Wayback Machine
- Azərbaycan xalçaları dünya muzeylərində[ölü keçid]
- Azərbaycan xalçası Arxivləşdirilib 2010-01-17 at the Wayback Machine
- Azərxalça Arxivləşdirilib 2011-10-10 at the Wayback Machine
- Xalçaçılıq sənəti Arxivləşdirilib 2007-10-15 at the Wayback Machine
- Xalçalar haqqında[ölü keçid]
Xarici keçidlər
redaktə- Münhen Muzeyində Xalçalar Arxivləşdirilib 2013-11-10 at the Wayback Machine
- Münhen Muzeyində Xalçalar Arxivləşdirilib 2013-11-05 at the Wayback Machine
- Münhen Muzeyində Xalçalar Arxivləşdirilib 2013-09-17 at the Wayback Machine
- Münhen Muzeyində Xalçalar[ölü keçid]
- Yun qırxımı və yunun yuyulması
- İpliyin hazırlanması
- İpliyin boyanması
- Xalçanın toxunmağa hazırlanması
- Xalçanın toxunması
- Azərbaycan xalçaları
- Azərbaycan xalçaları, rejissor Mehriban Ələkbərzadə Arxivləşdirilib 2011-10-13 at the Wayback Machine