Novruz Bayrami - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Novruz bayramı (tərcümə: Yeni Gün bayramı, Bahar bayramı; fars. نوروز (Novruz), özb. Navruz, türkm. Nowruz, qaz. Naurız, qırğ. Nooruz, kürd. Newroz, krımtat. Navrez) — Qədim İran və Türk mənşəli xalqlara məxsus bayram.
Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın — yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.
2009-cu il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir. Novruz bayramı Azərbaycanda geniş miqyasda qeyd olunduğu üçün bayram ərəfəsi qeyri-iş günləri elan olunur. Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar.
Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan Əl Biruni Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən, onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir.
Nizamülmülk "Siyasətnamə" əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.
Novruz bayramında müxtəlif oyunlar keçirilir. Bunlara atırma, halay, bənövşə, cıdır-ənzəli, Kosa-kosa və bu kimi oyunlar aid edilir.
Çərşənbələr
redaktəNovruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Ümumiyyətlə, Çərşənbə günlərində və xüsusilə son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə hörmətsizlik edilməməsi lazım olduğuna inanırlar. Çərşənbələr yazın gəlişindən xəbər verir.
Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar müasir ənənələr daxildir. Etnoqraflar çərşənbələrə dörd ünsürün adının Azərbaycanda müasir dövrdə bir neçə şəxs tərəfindən qoyulmasını, nə Cənubi Azərbaycanın, nə də türk dünyasının digər bölgələrinin istər qədim, istərsə də müasir Novruz ənənələrində Novruz çərşənbələrinin dörd ünsürlə adlandırılması hallarının mövcud olmadığını əsaslandırırlar.[1] Əvəzində isə türk dünyasında od, istilik, Günəş anlamını verən "cəmrə" anlayışı mövcuddur. Fevralın 20-də, yəni kiçik çillənın çıxdığı gün cəmrə havaya baxır, yəni hava isinir. Bundan bir həftə sonra, yəni fevralın 27-də cəmrə suya, martın 6-da isə torpağa baxır və Günəşin vasitəsilə havanın, suyun, torpağın isinməsi baş tutur.[2] Tədqiqatçıların araşdırmalarına görə, qədimdən, Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür: 1) Yalançı çərşənbə; 2) Xəbərçi çərşənbə; 3) Ölü çərşənbəsi (və ya Qara çərşənbə, həmin gün qəbirlər ziyarət olunur); 4) İlaxır çərşənbə.[3][4]
- Su çərşənbəsinə Yalançı çərşənbə, Əzəl çərşənbə də deyirlər. Bahara doğru buzlar əriyir, çayların donu açılır, torpaq ağaclarla birlikdə oyanır hər yer yavaş-yavaş canlanır. Torpaq yavaş-yavaş islanmağa başlayır. Adət olaraqsa qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.
- Od çərşənbəsi xalq arasında Xəbərçi çərşənbə, Üskü çərşənbə adlanır. Bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir şam yandırardılar. Xonçalar düzəldilərdi.
- Üçüncüsü yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir. Üçüncü çərşənbə Azərbaycanın bir sıra bölgələrində günümüzdə də Ölü çərşənbəsi (Qara çərşənbə, Gül çərşənbə) kimi qeyd olunur. Həmin gün insanlar yaxınlarının məzarlarını ziyarət edər, qəbirləri qışın palçığından, toz-torpağından təmizləyər, ölənlərin ruhuna dualar oxuyarlar. Ölü çərşənbəsində yaslı ailələr də ziyarət olunar, onların yasdan çıxması və qarşıdan gələn bayramı hamı ilə birgə qeyd etmələri təmin olunar.[5]
- Dördüncüsü torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar "Səməni, saxla məni, ildə göyərdərəm səni" deyib buğda isladardılar. Tədqiqatçı Xeybər Göyyallının yazdığı kimi, sonuncu çərşənbə digər çərşənbələrdən fərqli olaraq daha təntənəli keçirilir. Axırıncı çərşənbə özünəməxsus ayin və mərasimləri ilə digər çərşənbələri geridə qoyur. Soyuqdan, şaxtadan olmazın əzab-əziyyətini görmüş, məşəqqətini çəkmiş insan qışı yola saldığına sevinir, şadlığını bayram səviyyəsinə qaldırır. Bir çox regionlarda İlaxır çərşənbənin təntənəsi Novruzu belə üstələyir. Bu çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək diləyərlər. Axır çərşənbənin gecə mərasimləri də dəbdəbəli keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə torba atılır, qız-gəlinlər qulaq falına çıxırlar. Axır çərşənbədə evlərdə şam yandırılır, xonça düzəldilir. El-obada camaatın gur yığışdığı və yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyunları keçirilir. İnsanlar məişətdə və təsərrüfatlarda köklü yeniliklər edirlər. Qız-gəlinlər ev-eşikdə təmizlik işlərinə başlayarlar. Ev-eşik silinib-təmizlənər, yorğan-döşək gün altına atılar, ev-eşikdə nə varsa suya çəkilər, qapı-baca açıq qoyular, evin havası dəyişilər. Kişilər də həyət-bacada əsaslı işə başlayarlar. Bağ-bağata əl gəzdirilər, həyət-baca səliqə-sahmana salınar. Bağ-bağatda ağacların qol-budağı budanar, artıq nə varsa yandırılar, ağacların dibi bellənər. Axır çərşənbədə torpağa əlahiddə bir sevgi ilə qayğı göstərilər. Bağ-bağatda, əkin-biçin yerlərində torpaq daşlardan təmizlənər, əkin üçün yararlı yerlər əkilib hazırlanar.
Axır çərşənbə
redaktəAxır çərşənbə – Novruz bayramından əvvəlki çərşənbənin adıdır. Xalq arasında "kül çərşənbə", "küləşə çərşənbə", "tərs çərşənbə" adı ilə də tanınır. Deyilənə görə, axır çərşənbə necə qeyd olunarsa, il o cür keçər. Ona görə imkanı olmayan ailələr belə evin qapısını (keçmişdə qapı çətin tapılırdı) satıb mütləq o günü qeyd etmişlər. Bununla əlaqədar, axır çərşənbəyə bəzi bölgələrdə qapı satılan təki deyilir. Həmin gün evdən kimsəyə pay verilməz, onda evin xeyir-bərəkəti verilmiş sayılır. İnanca görə, axır çərşənbədə Allah ruzi paylayır. Ona görə kolxoz dövründə insanlar Novruz bayramında sahəyə çıxmazdılar, amma axır çərşənbədə mütləq tarlaya gedərdilər. Tarlaya çıxmayanlar həyətdə ağacları budayar, onların dibini yumşaldar, əkin əkərdi ki, Allah ruzi paylayanda onlara da pay düşsün. Həmin gün yumurta bişirməzdilər, deyilənə görə, Allah onda yumurta qabığı həcmində ruzi verir. Toyuq kəsməzdilər ki, evin xeyir-bərəkəti qaçır. Həmin gün qurumamış, yaşıl bir ağac kəsmək günah sayılıb. Axır çərşənbədə günorta on ikini keçəndən sonra yaşlı insanlar deyərdilər ki, artıq gün çərşənbəyə çevrildi. Ondan sonra sac qoyub buğda qovurardılar. Qovurğalıq buğda hələ yaydan ən yaxşı buğdadan seçilərək saxlanardı. Evə bolluq gətirməsi üçün qovurulmuş ilk buğdadan yeddi dənə götürüb evin müəyyən yerlərinə qoyar, buğda xaralının içinə atardılar. Yaxud, buğda qovurulanda yetkin qızların adına saca buğda atardılar. Hansı buğda tez çırtlasa, həmin qızın tez də ərə gedəcəyinə inanılardı. Bəzi bölgələrdə kasaya yeddi cür bayram neməti – buğda, boyanmış yumurta, qoz, fındıq, peçenye kimi şirniyyatlar yığıb yeddi qapıya pay verərdilər. Bayram payını öncə yası düşmüş ailələrə göndərər, sonra qonşulara, imkansız ailələrə paylayardılar. Kirvəliyin güclü olduğu bölgələrdə bayram payı birinci kirvə evinə göndərilərdi. Axır çərşənbə bir sıra inanclarla da yadda qalır. Həmin gün bar verməyən ağacı kəsməklə qorxudardılar, onda ağacın bar verəcəyinə inanılardı. Axır çərşənbədə qızlar, gəlinlər qulaq falına çıxardılar. İnanca görə, həmin gün eşidilən söz gerçək çıxar. Yaxud biri ürəyində niyyət tutub qabdakı suyu qəfildən kimisə üstünə atardı, həmin adamın dilindən çıxan sözə görə niyyətinin hasil olub-olmayacağını müəyyən edərdi. Ona görə böyüklər gənclərə, cavanlara həmişə məsləhət görərdilər ki, axır çərşənbədə ağızlarını xeyrə açsınlar, xoş söz danışsınlar. Axır çərşənbədə kimsə küsülü qalmazdı, küsülü olanları da ağsaqqallar, böyüklər yığışıb barışdırardı.[6]== İstinadlar ==
- ↑ "Məhərrəm Qasımlı: "Tarixdə od, su, külək, torpaq çərşənbələri olmayıb"". 2023-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-22.
- ↑ "Bu gün xəbərçi çərşənbədir?". 2023-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-22.
- ↑ "Arxivlənmiş surət". 2016-03-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-26.
- ↑ "Arxivlənmiş surət". 2017-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-18.
- ↑ "Arxivlənmiş surət". 2022-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-18.
- ↑ İlkin Rüstəmzadə. Azərbaycan etnoqrafiyası, Qarabağ: folklor da bir tarixdir. 3 kitab, 10-cu ildə. Bakı: Şərq-Qərb,Elm və təhsil. 2007,2018. səh. 63-66.
- Novruz bayramında xüsusi şirniyyatlar bişirilir. Axır çərşənbə və bayram xonçaları bu şirniyyatlarla bəzədilir. Bayramda bişirilməsi mütləq olan şirniyyatlar bunlardır, qoğal, şəkərbura, badambura, paxlava. Hər bir bişirilən şirniyyatlar bir səma cisimlərinə bənzədilir. Qoğal günəşi, şəkərbura ayı, paxlava ulduzları tərənnüm edir.
- Kosa və Keçəl Novruz atributlarıdır. Keçəl qışı, Kosa isə yazı ifadə edir.
Adətləri
redaktəNovruz bayramında aşağıdakı adətlər yerinə yetirilir:
- Torba atmaq. Sonralar torba, xurcun papaqla əvəz olunub. Ancaq Azərbaycanda namus, qeyrət rəmzi olan papağın qapılara pay üçün atılmağı birmənalı qarşılanmır və tənqid edilir. Qapıya atılan torbanı boş qaytarmazlar.
- Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir.
- Tonqaldan tullanmaq. Tonqaldan tullarkən bu ifadə deyilir: "Ağırlığım — uğurluğum odda yansın".
- Üzük falına baxmaq. Qızlar üzüyü saç telinə bərkidib su ilə dolu stəkanın üstündə saxlayarlar. Üzük stəkana neçə dəfə dəysə, bu həmin qızın o yaşda ərə gedəcəyinə işarədir.
- Səməni yetişdirmək. Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir.
- Yumurta döyüşdürmək. Oyunun nəticəsində tərəflərdən biri digərinin tələblərini yerinə yetirir.
- Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar.
- Yaşlıları ziyarət etmək. Yaşlı və xəstə insanları ziyarət olunar, bayramları təbrik edilir.
- Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar.
- Küsülülərin barışması. Novruzda heç kim küsülü qalmamalıdır. Bütün küsülülər barışmalıdır.
- Yallı getmək. Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi rəqsdir. Bunun mənası insanların birliyidir.
- Xoruz döyüşdürmək. Bunun üçün xüsusi döyüş xoruzları böyüdülür
Dünya xalqlarının bayramı kimi
redaktəNovruzu qeyd edən hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsum və mərasim nəğmələri yaratmışdır.
Novruz Azərbaycanla yanaşı İranda, Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd edilir.
Novruz dünyanın əksər ölkələrində bu xalqların nümayəndələri tərəfindən geniş şəkildə qeyd edilir. Bu cür məkanlar arasında Los-Anceles, Toronto, Londonu saymaq olar. Los-Anceles şəhərinin ocaq qalamağa dair sərt qərarları var, heç bir kəsə öz mülkündə ocaq qalamağa icazə verilmir. Buna baxmayaraq Cənubi Kaliforniyada yaşayan və Novruzu qeyd etmək istəyən azərbaycanlılar və iranlılar Kaliforniyanın çimərliklərinə gedir və ocaq qalamağa icazə verilmiş yerlərdə bayram ocağı qalayırlar.
Azərbaycanda
redaktəAzərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı ("gün çıx!" nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.
İranda
redaktəİranda süfrələrdə fərqli bir səməni olur və bu səməni ən çox mərcidən göyərdilir.
Əfqanıstanda
redaktəƏfqan süfrəsi isə adətən stolun üstündə olmur. Süfrə yerə sərilir və ona dəstərxan deyirlər. Əfqan süfrəsində kompota bənzər bir təam da olur. Həmin təamın adı "həft meyvə", yəni yeddi meyvədir. Amma quru meyvələrdən hazırlanır. Əfqanlar bunu ilin heç bir ayrı ayında hazırlamırlar, ancaq Novruzda hazırlayırlar. "Həft meyvə" — ərik qurusu, kişmiş, qoz, iydə və sairdən hazırlanır. Əfqanıstanda da Azərbaycandakı kimi yumurta döyüşdürülür.
Qırğızıstanda
redaktəQırğız süfrəsində məxsusi olaraq Novruzda bişirilən beşbarmaq olur. Bu – quzu ətindən və makarona oxşar un məmulatından bişirilir. Əllə yeyildiyinə görə bu yeməyə beşbarmaq deyilir.
Tacikistanda
redaktəTacikistanda isə Novruz martın 20-də başlayır, 3–4 gün davam edir. Uşaqlar yaz çiçəklərindən dərib yığır, qapıları döyür – ev sahibinə çiçəklərdən verir, ev sahibi də onlara ya konfet, ya yumurta, ya da pul verir.
Özbəkistanda
redaktəÖzbəkistanda Novruz süfrəsi üçün "nişala" hazırlayırlar. Nişala şəkərdən bişirilir – ağ şokolad kimi olur.
İncəsənətdə
redaktəMusiqidə
redaktə- Üzeyir Hacıbəyov — Bahar nəğməsi
- Məmməd Quliyev (bəstəkar) — "Aldanmış ulduzlar" (1977) operasında yazmış və əsərə Novruz bayramı ilə bağlı olan xalq səhnələri daxil edilmişdir
- Vasif Adıgözəlov — Rəfiq Zəka Xəndanın sözlərinə dörd hissəli "Novruzum" kantatası (1993)
- Fikrət Əmirov — "Gülür ellər" mahnısı
- Ramiz Mirişli — "Bayram axşamlarında"
- Oqtay Zülfüqarov — "Uşaq mahnı topluları"
- Elnarə Dadaşova — Hüseyn Cavidin sözlərinə "İlk bahar", Abdulla Şaiqin sözlərinə "Səməni" ("Uşaq albomu" mahnı silsiləsindən), Səməd Vurğunun sözlərinə "Bahar şərqisi" və "Elimə novruz gəlir"
- Rəhilə Həsənova — "Kos-kosa" balet-pantomima
- Sərdar Fərəcov — simli kvartet üçün 5 hissəli süita (1984): yallı, deyişmə, məzə, qulaq falı, rəqs.
- Cəlal Abbasov — "Bahar mərasimi" kantatası (1986), rus dilində "Şən bahar" uşaq operası
- Azər Dadaşov — 2 soprano və orkestr üçün "Bahar duası" ariyası, Vahid Əzizin sözlərinə "Bahar tonqalı" və M. Ə. Sabirin sözlərinə "Gəl, gəl, a, yaz günləri" uşaq mahnıları
- Şəfiqə Axundova — "Xoş gəlmisən" mahnısı
- Əfsər Cavanşirov — "Xoş gəldi yaz bayramı"[1]
Filmlərdə
redaktəQalereya
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Köçərli R. Azərbaycan bəstəkarlarının yaradıcılığında "Novruz" mövzusu. "Musiqi dünyası" jurnalı". 2013-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-10.
Xarici keçidlər
redaktə- Novruz Bayramy-Baku pages
- Celebration That Would Not Die
- Novruz adətləri Arxivləşdirilib 2012-03-14 at the Wayback Machine
- Novruz Bayramı mənşəyi, tarixi və adətləri
- Bayramlar-Novruz Arxivləşdirilib 2009-10-24 at the Wayback Machine
- شمارش معکوس تا تحويل سال 1392 شمسی Nowruz Countdown to March 20, 2013