Poct Markasi - Wikipedia
Poçt markası — poçt ödəniş nişanı.
Markanın yaranması və onun poçt ödəniş nişanı kimi istifadəsinin tarixi barədə müxtəlif fikirlər dolaşmaqdadır. Bəzi mütəxəssislər poçt markasının avstriyalı Lourens Kaşmir, bəziləri isə ingilis Ceyms Çalmers tərəfindən yaradıldığını iddia edirlər, lakin bir sıra faktlar onu göstərir ki, poçt markası məhz Roumend Hillin öz layihəsini təcrübədən keçirdikdən sonra İngiltərədə yaranıb.1840-cı ildə Londondakı İngilis Poct İdarəsinin sonradan idarəçisi olan Sir Rovland Hill, maraqlı bir hadisəyə şahid olmuşdu. Şotlandiyaya etdiyi bir səfər əsnasında, gənc bir qızın daşıma ödənişini ödəyə bilmədiyi üçün nişanlısından gələn məktubu poçtalyona öncə verdiyini gördü. Bunun üzərinə ödənişi özü ödədi. Gənc qız ona təşəkkür etdi və bu pula ehtiyac olmadığını söylədi. Çünki, zərfin üzərindəki ünvanda bir tənzimləmə edərək, nişanlısından gələn məktubu pul ödəmədən də ala biləcəyini bilirdi. Bu hadisəyə şahid olan Hill, məktub yollanırkən, pul ödənməsini zəruri edəcək bir üsul inkişaf etdirilməsi lazım olduğunu düşündü. Daşıma haqqının, zərfin üstünə yapışdırılan kiçik bir etiket əvəzi olaraq, məktubu göndərən tərəfindən ödənilməsi prinsipini təklif etdi. Bu üsul İngilis Hökuməti tərəfindən qəbul edildi. Belə ki, 1837-ci ildə R. Hill Londonda "Poçt idarəsinin (müəssisəsinin) reformu, onun əhəmiyyəti və həyata keçirilməsi" adlı layihəni dərc etmişdir. O, ölkə üzrə poçtu vahid şəkilə salmağı — məktubun üzərinə poçt markası və möhür vurularaq yola salınması layihəsini xüsusi qeyd etmişdir. Qeyd edək ki, reformda parlament üzvlərinin və saray əhlinin poçtdan pulsuz istifadəsinin ləğv olunması da təklif olunmuşdur. R. Hill bu bəndə görə öz reformunun həyata keçirilməsi uğrunda mübarizəsini 3 ildən artıq davam etdirmiş və nəhayət istəyinə nail olmuşdur.
Beləliklə, 1840-cı il mayın 6-da ilk dəfə olaraq üzərinə pul şəkli (1 penni) təsvir olunmuş poçt markası rəsmi şəkildə İngiltərədə məktubların üzərinə vurulmaqla poçt ödəniş nişanı kimi istifadə edilməyə başlamışdır. Bununla da demək olar ki, Roumend Hill poçt markasının "atası" kimi tarixə düşmüşdür. Onu İngiltərədə "mister poçtalyon" adlandırırlar.
R. Hill bu gün haqqında öz xatirəsini gündəliyində belə ifadə edir: "Bu gün əhali üçün marka ilk dəfədir çıxır. Poçtamtda elə qarışıqlıqdır ki…" Marka çıxan gün 30–40 məktub göndərilmişdir. Üzərinə 1 penni təsvir olunmuş markanın qara boya ilə çap edilməsi bir sıra mübahisələrə səbəb olmuşdu. Ona görə də onu kiçik tac formasında mavi rəngdə boya ilə çap etdilər. Uzun müzakirələrdən sonra qara rəngdə markanın üzərində 1 penni, mavi rəngdə markanın üzərində isə 2 penni təsvir olundu. Bu çeşidləmə çox davam etmədi. Bir qədər sonra isə markalar çəhrayı rəngdə çap edilməyə başlandı. Ondan sonra poçt göndərişlərinin üzərinə vurulan möhür də qırmızı rəngdə, daha sonralar isə qara və göy rənglərdə oldu.
Üzərində Mavrikiyanın təsviri olan marka dünyada uzun müddət ən qiymətli markalardan biri hesab olunmuşdur. Hazırda onun dəyəri təqribən 15 milyon dollardır.
R. Hill markanın gələcəkdə daha geniş şəkildə yayılacağını təsəvvür etməzdi. Belə ki, sonralar marka 1843-cü ildə Braziliya və İsveçrədə, 1847-ci ildə ABŞ-də, 1849-cu ildə Belçika, Almaniya, Fransada, 1850-ci ildə Avstriya, Avstraliya, İspaniyada, 1851-ci ildə Danimarka, Kanadada çap edilməyə başlanılmışdır. İlk markaların üzərində bir qayda olaraq pul vahidlərinin və ölkə rəhbərlərinin şəkilləri təsvir olunmuşdur.
İlk dəfə marka yığmaq tembrofliya və ya tembrologiya (Fransız dilindən tərcümədə tembr — poçt markası deməkdir) adlandırılmışdır. Sonradan marka yığmaq markamaniya adlandırılmışdır. 1864-cü ildə fransalı Jorj Erena marka yığmağı filateliya adlandırmışdır.
1899-cu ildə bütün dünyada filatelistlərin sayı 1 milyona yaxın olmuşdur. On il sonra isə İngiltərənin "Ştamp Adventiser" jurnalının yazdığına görə marka yığanların sayı daha 500 min nəfər artmışdır. Birinci dünya müharibəsindən sonra isə marka yığanların sayı 2,3 milyon, 1940-cı ildə 7,5 milyon, 1967-ci ildə "İtaliya filateliyası" jurnalının yazdığına görə isə marka yığanların sayı 18 milyon nəfərə çatmışdır.
Hal-hazırda aparılmış araşdırmalara görə marka yığanların sayı 100 milyon nəfərə yaxındır.
Filatelistlər hər hansı ölkənin poçt markasını topladıqda istər-istəməz həmin ölkənin tarixini, memarlığını, flora və faunasını, dahi şəxsiyyətlərini, idman aləmində nailiyyətlərini öyrənir. Filateliya dünyada dərin məzmunlu bir elm sahəsi kimi tanınır. Markalarda dövrlər üzrə yaranan ən yeni texnologiyaların təsvir olunması onu toplayanlarda istənilən sahə üzrə dərin biliklər, ensiklopedik məlumatlar toplamasında kömək edir.
Dünyada Rokfeller, Ruzvelt, Yelizavetta, Monako şahzadəsi marka kolleksiyaları toplamışlar.
Azərbaycanda Aslan Vəzizadə, Rüfət Ələkbərov məşhur marka kolleksionerləri olublar. Hal-hazırda Riyad Ələkbərov, Rövşən Əhmədov, Rauf Musayev, Nazim Axundov marka kolleksiyası zəngin olan filatelistərimizdir.
1926-cı ildə Beynəlxalq Filateliya Federasiyası təsis olunmuşdur. Azərbaycanda ilk filatelistlər dərnəyi 1957-ci ildə yaradılmış, 1958-ci ildə isə Bakı şəhər kolleksiyaçılar cəmiyyətinə çevrilmişdir.1966-cı ildə Ümumittifaq filatelistlər cəmiyyətinin Bakı şöbəsi kimi yenidən təşkil olunmuşdur.
1937-ci ildə Stalin Çkalov adlı təyyarəçi ilə Ruzveltə məktub göndərir. Təyyarə o dövr üçün çox uzaq olan Moskvadan San-Fransiskoyadək olan bir məsafə qət etməli idi. Təyyarə sağ-salamat mənzil başına yetişir. Onun şərəfinə üzərinə Çkalovun şəkli təsvir edilmiş San-Fransisko-Moskva marşrutu göstərilən məhdud sayda marka buraxılmışdır.
Azərbaycanda ilk marka Azərbaycan Demokratik Respublikasının yaranması münasibətilə 1919-cu ilin oktyabrında çap olunmuşdur. Həmin markanın üzərində əlində üçrəngli bayraq olan əsgər təsvir olunmuşdur.
Ümumiyyətlə, Azərbaycanda baş verən tarixi hadisələrə müvafiq olaraq markaların təsviri və tarifi kataloqlarda üç xronoloji bölmə ilə göstərilmişdir.
- Kataloqun birinci bölməsi ADR-in poçt markalarının emissiyaları dövrünü-1919-cu ilin oktyabr ayından 1920-ci ilin aprel ayınadək olan dövrü əhatə edir. Bu dövr 4 bədii rəqəmlə işlənmiş 10 bədii marka ilə təmsil olunur. Markaların üzərində insan əməyindən və fəaliyyətindən bəhs edən süjetlər, memarlıq abidələri təsvir olunmuşdur.
Kataloqun ikinci bölməsi Azərbaycan SSR-nin poçt markalarının 1920-ci ilin dekabrından 1923-cü ilin sentyabr ayınadək olan dövrünü əhatə edir. Bu dövrün emissiyaları aşağıdakı markalarla təmsil olunur:
- Azərbaycan Demokratik Respublikasının 1919-cu ildə buraxılan və xalqın sosial fəaliyyətindən süjetləri, xalq təsərrüfatı obyektlərini və tarixi abidələri əks etdirən ilk bədii poçt markalarının 10 nominalda təkrar buraxılışı. Kataloqun ikinci bölməsində 27 əsas poçt markasının və 131 ədəd tarifli şərti və rəqəmli yeni nominalların təsviri verilmişdir. 15 sentyabr 1923-cü ildən 1992-ci ilədək olan dövrdə poçt markaları buraxılışının əvvəl ZSFSR, sonra isə SSRİ-nin poçt müəssisələri tərəfindən həyata keçirilməsi ilə əlaqədar həmin markalar bu kataloqa düşməmişdir. Ümumi ardıcıllığın pozulmaması üçün (1919–1923 illərin poçt markaları 1-dən 158-dək) yeni kataloqda markaların nömrə ardıcıllığı 159-dan başlayır.
Kataloqun üçüncü bölməsi 1992-ci ildən başlayır.
- Rabitə Nazirliyinin müvafiq əmri ilə 1992-ci ildə "Azərmarka" şirkəti yaradılmışdır. İndiyədək Azərbaycan markalarının vahid, toplu baza kataloqunun işlənib hazırlanmasını şirkətin prezidenti İntiqam Bağırlının rəhbərliyi ilə yaradıcı kollektivin üzvləri yüksək səviyyədə həyata keçirmişlər.
Üzərinə "1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasında dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul edilmişdir" yazılmış marka Azərbaycanın müstəqillik qazanmasından sonra çap olunan ilk markadır. Markaların çap olunması üçün ilin əvvəlində tematik plan tərtib olunur. Plan əsasında markanın dizaynı "Azərmarka" şirkətində hazırlanır və təsdiq olunması üçün nazirliyə göndərilir. Tematik plan nazirlikdə müvafiq sərəncamla təsdiq olunduqdan sonra müxtəlif mövzuları əks etdirən markalar əlamətdar günlər qabağı çap olunur.
Bu bölmənin poçt markalarının tematikası ən müxtəlif çalarlarda təmsil olunur; burada siyasi motivlərə, dövlət hakimiyyətinin atributlarına, xadimlərə, idmana, faunaya, floraya, memarlığa və tarixə dair zəngin təsvirlər var. 1992-ci ildən indiyədək 516 növ marka çap olunmuşdur.
Dünya filatelistləri arasında Azərbaycan poçt markalarına böyük maraq var. Azərbaycan Rusiyada, Fransada, Almaniyada, İngiltərədə, Çində, İsraildə, İspaniyada, Belçikada və.s ölkələrdə keçirilən ümumdünya filateliya sərgilərində iştirak etmiş və böyük uğurlar əldə etmişdir. Statistikaya görə 2000-dən çox əcnəbi filatelistdə Azərbaycanın tarixi xronologiyasını əks etdirən marka toplusu var. Dünya filatelistləri həmin marka toplusunu çox yüksək dəyərləndirib.