Yeddi Gozel Nizami - Wikipedia
Yeddi gözəl (fars. هفت پیکر, translit. Həft Peykər) — Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan dördüncü poema. Əsər 1197-ci ildə, fars dilində yazılmışdır. Nizami bu poemanı Ağsunqurlar sülaləsindən olan Marağa hakimi Əlaəddin Körpə Arslana həsr etmişdir. Poemanın adını hərfi şəkildə həm "Yeddi Portret", həm də "Yeddi Gözəl" kimi tərcümə etmək olar. Əsərin adında metaforizm vardır. Nizami bilərəkdən söz oyunu edərək, əsərə bu cür iki anlamlı ad vermişdir.[1] Poema həm də "Yeddi Gümbəz", Baburnamədə "Həft Elahah" (azərb. Yeddi İlahə) adı ilə tanınır.[2][3]
Yeddi gözəl | |
---|---|
هفت پیکر Həft Peykər | |
Janr | məsnəvi |
Müəllif | Nizami Gəncəvi |
Orijinal dili | fars dili |
Yazılma ili | 1197 |
Nəşr ili | 1197 |
Əvvəlki | Leyli və Məcnun |
Sonrakı | İsgəndərnamə |
Yeddi gözəl Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Əsərin süjetinin əsasında Sasani şahı Bəhram Gur (420–439) haqqında əfsanə durur. Poemanın demək olar ki, yarısı, qədim mifologiyaya uyğun olaraq hərəsi bir planetə və ya həftənin gününə uyğun rəngli saraylarda yaşayan yeddi gözəlin hekayələrindən ibarətdir.[4] Yeddi gözəl poeması erotik ədəbiyyatın şah əsərlərindən biri olsa da, ciddi mənəvi anlama malikdir.[5]
Məzmunu
redaktəUzun müddət yolu gözlənilən Bəhramın doğulmasından sonra, təlim və tərbiyə görməsi üçün onu ərəb hökmdarı Nemanın yanına göndərirlər. Nemanın göstərişi ilə yeni, möhtəşəm saray – Karnak inşa olunur. Bir gün sarayın otaqlarından birində Bəhram yeddi müxtəlif ölkədən olan yeddi şahzadənin portretlərini görür və aşiq olur.[1]
Atasının ölümündən sonra Bəhram İrana qayıdır və taxta çıxır. Hakimiyyətə gəldikdən sonra Bəhram yeddi şahzadənin axtarışına başlayır, onları tapır və evlənir. O, memarlara yeni arvadlarının hər biri üçün möhtəşəm sarayların inşa olunmasını əmr edir. Memarlar bildirirlər ki, astrologiyaya görə yer kürəsinin hər hissəsi bir planetin idarəsi altındadır və Bəhrama məsləhət görürlər ki, sarayların hər birini gözəllərin gəldikləri ölkələrə təsir edən planetlərin rənginə uyğun bəzətdirsin. Əvvəl Bəhram bu təklifə şübhə ilə yanaşsa da, sonradan arvadları üçün belə sarayların inşa olunmasına razılıq verir.[1]
İnşaat işlərinin tamamlanmasından sonra gözəllər öz saraylarında məskunlaşırlar. Bəhram həftənin hər gününü gözəllərdən birinin yanında keçirir: şənbə günü qara günbəzli sarayda Saturnun hökm etdiyi Hindistan gözəli ilə, bazar günü sarı günbəzli sarayda Günəşin hökm etdiyi Türkistan[6] (Çin)[7] gözəli ilə, Bazar ertəsi yaşıl günbəzli sarayda Ayın hökm etdiyi Xarəzm gözəli ilə, çərşənbə axşamı qırmızı günbəzli sarayda Marsın hökm etdiyi Slavyan gözəli ilə, çərşənbə günü firuzəyi günbəzli sarayda Merkurinin hökm etdiyi Məğrib gözəli ilə, cümə axşamı səndəl ağacı rəngli günbəzli sarayda Yupiterin hökm etdiyi Rum (Bizans) gözəli ilə və cümə günü ağ günbəzli sarayda Veneranın hökm etdiyi İran gözəli ilə. Bəhram gözəllərin yanına gələrkən onların saraylarının rənginə uyğun paltar geyinir. Şahzadələrin hər biri sarayın rənginin yaratdığı əhvala uyğun hekayələr danışır.[1] Novella-hekayələrin hər birinin məzmunu sevgi olsa da, qara gümbəzli saraydan ağ gümbəzli saraya doğru irəlilədikcə kobud ehtiraslı sevgi, ülvi ilahi sevgiyə dəyişir.[4] Bəziləri bununla şairin insanın qaranlıqdan işığa, təmizliyə doğru keçməli olduğu yolu göstərdiyini düşünürlər. Təbii olaraq şah da bu yola keçərək yüksək mənəvi keyfiyyətlər qazanır. Acı, məğlubiyyət, xəyanət və digər hissləri yaşayan Bəhram macəra həvəskarı olan bir adamadan müdrik hökmdara çevrilir.[8] Beləliklə, poemanın ikinci mövzu xətti yüngül xasiyyətli Bəhramın, özbaşınalıq və zorakılıqla mübarizə aparan ədalətli hökmdara çevrilməsidir.[4]
Lakin, şahın öz arvadları ilə məşğul olduğu müddətdə illər keçir və onun vəzirlərindən biri taxtı ələ keçirir. Bəhram görür ki, onun hökmdarlığında işlər o qədər də yaxşı deyil, qonşu hökmdarlar isə onun dövlətinin ərazisini tutmağa çalışırlar. Baş verən hadisələri təhlil edən bəhram vəzirin bütün pis işlərin günahkarı olduğunu düşünür. O, qəddar vəziri ölüm cəzasına məhkum edir və ölkəsində qayda-qanun yaradır. Bundan sonra, Bəhram arvadları üçün inşa etdirdiyi yeddi sarayı tanrıya ibadət üçün yeddi zərdüştülük məbədinə çevirmək qərarına gəlir, özü isə ova çıxır və dərin mağarada itir. Mağarada vəhşi eşşəyi (gur) tapmağa çalışan Bəhram öz qəbrini (gor) tapır.[1]
Sıra | Həftənin günü | Göy cismi | Rəng | Ölkə | Gözəlin adı |
---|---|---|---|---|---|
1 | Şənbə | Keyvan (Saturn) | qara | Hindistan | Furək |
2 | Yekşənbə | Günəş | sarı | Rum (Bİzans) | Humay |
3 | Düşənbə | Ay | yaşıl | Xarəzm | Nazpəri |
4 | Seşənbə | Məğrib (Mars) | qırmızı | Slavyan | Nəsrinnuş |
5 | Çərşənbə | Ütarid (Merkuri) | firuzəyi | Məğrib | Azəryun |
6 | Pəncşənbə | Müştəri (Yupiter) | səndəl | Çin | Yəğmənaz |
7 | Cümə | Zöhrə (Venera) | ağ | İran | Dürsət |
Yazılma tarixi və ithaf
redaktəPoemanın yazılma tarixi mübahisəlidir. Baxmayaraq ki, Nizami Gəncəvi yaradıcılığının tacı hesab etdiyi "İskəndərnamə"ni 1202-ci ildə tamamlamışdır, məhz "Yeddi gözəl"in şairin son əsəri olması iddia edilir.[1] Əsərin başlanğıcında Nizami Körpə Arslanın göndərdiyi qasidin gələrək şahın təklifini çatdırmasını təsvir edir. Bu poema qeyri-adi incəliyi ilə seçilməli idi. Sifarişin yaxşı yerinə yetiriləcəyi təqdirdə, şairə böyük hədiyyə də vəd olunmuşdu. Həmçinin, Nizamiyə mövzü seçimi azadlığı da verilmişdi.[9]
Bu məlumata uyğun olaraq, poemanın bir neçə əlyazma nüsxəsində ("B" qruppası, bax: bölmə "Tərcümələr və nəşrlər") əsərin Marağa hakimi Əlaəddin Körpə Arslan ibn Ağsunqura itham olunması haqqında qeyd vardır.[2].
Nizami 1208-ci ildə vəfat edib, əsərin tamamlanmasını isə
“Beş yüz doxsan üçdə qalxıb ər kimi Yazdım bu əsəri igidlər kimi. Ramazan ayının on dördü vardı, |
sözləri ilə ifadə edib ki, bu da hicri təqvimlə 14 ramazan 593-cü il (1197-ci ilin əvvəlləri) anlamına gəlir. Ola bilsin ki, bu məlumat dəqiqdir.[1] Lakin, bəzi əlyazmalarda ("A" qrupu) əsərin ithaf edildiyi hökmdarın adı dəyişdirilib (və ya düz göstərilməyib); poemanın Qızıl Arslana ithaf edildiyi qeyd edilib.[1]
Mənbələrdə
redaktəXIII əsr ərəb coğrafiyaşünas-kosmoqrafı Zəkəriyyə əl-Qəzvini "Əcaib əl-məxluqat" (I redaksiya 1263-cü il, II redaksiya 1275-ci il) adlı əsərində "müdrik şair Əbu-Məhəmməd Nizami"nin ədəbi fəaliyyəti haqqında məlumat verir və "Yeddi gözəl" də daxil olmaqla şairin "misilsiz dörd poema (dastan)" yazmasını ("İskəndərnamə" qeyd edilmir) qeyd edir.[7] "Xəmsə"nin "Yeddi gözəl" də daxil olmaqla ən qədim əlyazması 1400-cü ilə aiddir. Ən qədim nüsxəsi (1400) də daxil olmaqla, Nizaminin əsərlərinin əlyazmaları İsveçrə şərqşünası Çarlz Ryenin[ing.] 1881-ci ildə Londonda nəşr edilmiş "Catalogue of the persian manuscripts in the British museum" adlı əsərinin ikinci cildində toplanmışdır.[7]
XVII əsr fransız şərqşünası Bartelemi de Molenvil d’Erbelonun[ing.] tərtib etdiyi "Bibliothèque Orientale" ensiklopediyasında (1697-ci ildə nəşr edilib) Nizami Gəncəvi haqqında yazılmış məqalədə şairin "Yeddi gözəl" ("Həft peykər") də daxil olmaqla üç poemasının adı qeyd edilir. Şairin əsərlərinin d’Erbelo tərəfindən təqdim edilən siyahısını Uilyam Cons da özünün "A grammar of the persian language" əsərində (London, 1775) təkrar etmişdir. Uzun müddət Osmanlı imperiyasında yaşamış baron Samuel Russo[ing.] özünün "The flowers of persian literature" adlı əsərində (London, 1801) məlumat verir ki, ser Con Şor 1794-cü ilin mayında Kəlküttə Asiya cəmiyyətində "The five poems of Nezzaumee" açıqlamasında şairin beş poemasını qeyd etdiyini yazır.[7]
Tədqiqi
redaktəNizami Gəncəvinin Xəmsəsi |
---|
Sirlər Xəzinəsi |
Əruz vəzninin Xəfif bəhrində yazılan "Yeddi gözəl" poeması müxtəlif hesablamalara görə 4637–5136 beytdən ibarədir.[2] Əsərin tənqidi nəşrinə yazdığı ön sözdə Almaniya şərqşünası Hellmut Ritter "Yeddi gözəl"i "yeni fars ədəbiyyatının ən yaxşı və ən gözəl eposu" kimi təsvir edir və eyni zamanda "şərqi hind-avropa ədəbiyyatının ən vacib bədii əsərlərindən biri" olduğunu göstərir. Poemanı yazarkən Nizami müxtəlif qədim mənbələrdən istifadə edib ki, onların da arasında Firdovsinin "Şahnamə"si və şairin çoban və sadiq olmayan it haqqında hekayəni götürdüyü güman edilən Nizam-əl-Mülkün "Siyasətnamə"sini qeyd edirlər. Ola bilsin ki, Nizami yeddi gözəlin danışdığı novellaları da yazarkən hansısa daha qədim ədəbi abidələrdən yararlanmışdır, lakin, məlum olan qədim şərq ədəbiyyat nümunələrinin heç biri ilə paralellər qurmaq mümkün olmamışdır.
Nizami tərəfindən yazılmış hekayələr sonrakı dövrdə farsdilli ədəbiyyat, şərq ədəbiyyatı və dünya ədəbiyyatının inkişafına ciddi təsir göstərmişdir. Məsələn, dördüncü (slavyan) şahzadənin söylədiyi qəddar şahzadə haqqında hekayə qərbdə Pöti de la Kruanın tərcüməsində "Turandot" adı ilə məşhur olsa da[11], müəllifin Nizami olduğu bilinməmişdir.[1]
Nizaminin əsərləri də daxil olmaqla, şərq ədəbiyyatının qərb ədəbiyyatına tədqiqini İtaliya tədqiqatçısı İtalo Piççi tədqiq etmişdir. "Storia de la poesia persiana" adlı əsərinin (Turin, 1894) ikinci cildində Piççi Bəhram Gurun vəhşi eşşəyi qovarkən ölməsi hekayəsi ilə , paqan qot əfsanəsində qotların kralı Böyük Teodorixin Ravennadakı səmavi saraydakı kral ziyafəti üçün tanrı Votanın qara atını kəsməsi arasında paralel qurur. Piççinin digər iddiası isə, Nizaminin rus hökmdarının (eyni zamanda Turan hökmdarının) qızı haqqında hekayəsi ilə bağlıdır. Belə ki, o, Karla Qozzi[ing.] tərəfindən yazılmış “Turandot”[ing.] dramının əsasında duran və sonradan Fridrix Şiller tərəfindən işlənmiş süjetin Nizaminin "Yeddi gözəl" poemasından yox "Min bir gecə" nağıllar toplusundan götürüldüyünü yazır. O, "Yeddi gözəl"in daha yaxın təsirlərindən bəhs edərkən əsərin Covanni Bokkaççonun “Ameto”[rus.] povestinin yazılmasında təsirli olduğunu vurğulayır. Belə ki, həmin povestdə gənc ovçu olan Ameto hər biri müxtəlif rəngli paltarlar geyinmiş yeddi gözələ vurulur və gözəllər ona sevgi haqqında hekayələr söyləyirlər. Bununla belə, Piççi qeyd edir ki, bu qədim şərq süjeti siciliyalı ərəb ibn Zaferin (XII əsr) toplusunda da yer almışdı.[7]
"Yeddi gözəl" erotik ədəbiyyatın şah əsərlərindən biri hesab edilir, bununla belə, əsərdə xeyli əxlaqi fikirlər də yer almışdır.[1] İslam Ensiklopediyasında görə Nizami yenilikçi xüsusiyyətinə sadiq qalaraq, mümkün qədər erotik məzmunu məhdudlaşdırmış, daha çox hedonistik zövqlərə — dövlətin idarə olunmasındakə məsuliyyətə diqqət çəkməyə çalışmışdır. Baxmayaraq ki, şair şahın kef məclislərini təsvir edir, poemanın əsas məzmunu fiziki ehtirasın yalnız ərdəmli, sadə və mehriban işlərə istiqamətləndiriləcəyi təqdirdə əsl zövq verəcəyini göstərməklə bağlıdır.[2]
İslam kosmologiyasına görə Yer kürəsi yeddi planetin mərkəzində dayanır: Ay, Merkuri, Venera, Günəş, Mars, Yupiter və Saturn onun ətrafında dövr edir. Bu planetlərin Tanrının bələdçiləri hesab edilirdilər və onların hərəkətlərinin yerdəki canlılara və hadisələrə təsir etdiyinə inanırdılar. Nizami dünyanın vahidliyinin hesab, həndəsə və musiqi vasitədiylə dərk edilə bilinəcəyinə inanırdı. Rəqəmlər kainatla ünsiyyətin açarı hesab edilirdi; rəqəmlər vasitəsiylə çoxluq təkliyə, ixtilaflar isə harmoniyaya çevrilir. Nizami Şərqdə həmişə xüsusi mövqeyə malik olmuş, İslamda ilk mükəmməl rəqəm hesab edilən yeddi rəqəmini əsas motiv kimi istifadə etmişdir.[2] Bəzi müasir tədqiqatçıları poemanı astrologiya haqqında ədəbi traktat kimi nəzərdən keçirirlər, lakin tədqiqatçı Fransua de Blua bu mövqeni qəbul etmir.[1]
Fransua de Bluanın fikrincə əsərin məzmunu Bəhramın ulduzların göstərişi ilə yaşamaq və xoşbəxt olmaq cəhdinin uğursuzluqla nəticələnməsi ilə bağlıdır. Tamamilə yeddi ulduzun xüsusiyyətlərinə uyğun olaraq inşa edilmiş yeddi günbəz sonradan Bəhramı ölümə istiqamətləndirir. De Blua son olaraq qeyd edir ki, yalnız yeddi gümbəz altında əyləncələrdən imtina etmə və tiranlığın yeddi qurbanının şikayətlərinin dinlənilməsi Bəhrama əsl qəhrəman statusu verir. Həmçinin antifatalistik məzmun ikinci gözəlin dilindən söylənən hekayənin də əsasını təşkil edir. Belə ki, bu hekayədə xəbər verilən bədbəxtlik üzündən öz arvadından imtina edən hökmdar, sonradan qul qızla evlənərək astroloqların fikirlərinə qarşı çıxır və taleyini öz əlinə alır.[1]
İslam Ensiklopediyasında qeyd edilir ki, poemanın qəhrəmanı Bəhramda hər dəfə gözəllərin yanına getdikcə əmələ gələn fantasmaqorik dəyişiklik Tanrının qaranlıq və sirrli böyüklüyü ilə ağ və aydın təkliyi arasındakı simvolik yolu təmsil edir. Poemada gözəllərin sarayları gümbəzlərlə örtülüb ki, bu da kainatın təcəssümüdür, Nizami öz əsərində məhz bu şəkildə kainatdakı harmoniyanı təsvir etmişdir.[2]
Baxmayaraq ki, hekayələrdə (xüsusilə yeddinci gözəlin hekayəsində) bəzi təsəvvüfi elementlər də var, ümumilikdə əsərə sufi alleqoriyası kimi baxmaq da yanlışdır. De Blua qeyd edir ki, möhkəm köklərlə bu dünyaya bağlı olan bu sənət əsəri və onun etik məzmunu prinsipial şəkildə dini yox, dünyəvi xarakter daşıyır.[1]
Sovet şərqşünası Yevgeni Bertels qeyyd edir ki, baxmayaraq ki, "Yeddi gözəl" Nizaminin poemaları arasında "ən yüngül və sadə əsər" təsiri bağışlayır və məhəbbət mövzusunda yazılmış novellaların yalnız oxucuları əyləndirmək məqsədi daşıdığı görünür, əslində, şair bu qabığın içinə, adətən fəlsəfi traktatları oxumayan kütlələr üçün ciddi fəlsəfi məzmun yükləmişdir.[12]
Azərbaycan alimi Heydər Hüseynov isə qeyd edir ki, "Məzarda belə bir qarışqa yoxdur ki, üzərində şiddət nişanı daşımasın" sözləri ilə Nizami həmin dövrdə olan zülm və haqsızlığı təsvir edir.[13].
Tərcümə və nəşrləri
redaktəAğıldır hər kəsin dövləti, malı.
Kim ki, yetişmədi ağıldan bara,
Oxşar insan sifət əjdahalara.
Zirək adam, insan mələkdir, mələk
Zirəklik gözəldir, əcəbdir gerçək.
Məmməd Rahimin tərcüməsi
1832-ci ildə "Yeddi gözəl" poemasından slavyan gözəlinin hekayəsi şərqşünas Frans Erdman[rus.] tərəfindən alman dilinə tərcümə edilmiş və Qazanda "Bəhram Gur və rus şahzadəsi" adıyla nəşr olunmuşdur (ikinci dəfə yenidən həmin şəhərdə 1844-cü ildə nəşr edilmişdi)[7]. 1846-cı ildə Londonda, uzun müddət Hindistan və İranda yaşamış ser Qor Ouslinin[ing.] "Biographical Notices of Persian Poets" adlı əsəri müəllifin ölümündən sonra işıq üzü görmüşdür. Bu kitabda poemanın əvvəlində verilmiş bəzi hissələr – Bəhram Gurun qonşu ərəb hökmdarı Noman tərəfindən böyüdülməsi, Çin gözəlinin danışdığı "Xeyir və Şər hekayəsi" və Hökmdar və vəzir haqqında hekayə (poemanın bağlanış hissəsi) hərfi tərcümə ilə ingilis dilində təqdim edilir.[7] Almaniya filoloqu Pol Horn[türk.] özünün "Fars ədəbiyyatının tarixi" ("Geschichte der persischen Litteratur", Leypsiq, 1901) əsərində "Yeddi gözəl" poemasının kifayət qədər dolğun məzmununu verir.[7]
Poemanın tənqidi mətni Helmut Ritter[alm.] və Yan Rıpka tərəfindən on beş əlyazma nüsxəsi əsasında hazırlanmış və 1848-ci ildə Bombeydə əldə edilmiş litoqrafiyalarla birlikdə 1934-cü ildə Praqada hazırlanmış və həmin ildə İstanbulda nəşr edilmişdir.[1] Bu nəşr ciddi tekstual-tənqidi metodologiya əsasında hazırlanmış azsaylı klassik farsdilli mətnlərdən biridir: mütəxəssislər əlyazmaları "A" və "B" adlandırdıqlar iki qrupa bölmüşdür. Yalnız hər iki qrup əlyazmalarda yer alan beytlər orijinal hesab edilmişdir. "B" qrupunda yer alan əlyazmalar nəşr üçün əsas hesab edilmiş, "A" qrupunda yer alan əlyazmalardan əlavə olunmuş beytlər isə kvadrat mötərizələrlə işarələnmişdir. "A" qrupu üçün xarakterik olan beytlər tənqidi hissələrlə verilmişdir.[1]
1936-cı ildə İran alimi Vahid Dəstgirdi əsəri nəşr etdirmiş və bu nüsxə sonralar da bir neçə dəfə təkrarən nəşr olunmuşdur. Dəstgirdi "hicri 700–1000-ci illəri əhatə edən" on üç qədim əlyazma nüsxəsindən istifadə etmişdir.[14]
Əsər Azərbaycan dilinə 1987-ci ildə T. A. Məhərrəmov tərəfindən tərcümə edilmiş və Moskvada nəşr olunmuşdur. Bu nəşr on dörd qədim əlyazma nüsxəsi, Ritter-Rıpkanın tənqidi mətni və Vahid Dəstgirdinin nəşrinə əsaslansa da, Məhərrəmov əlyazmaları qruplara bölməmişdir və bu xüsusiyyəti ilə əsərin azərbaycan dilində nəşri Praqa nəşrindən fərqlənir. Əsər 1994-cü ildə Tehranda Barat Zəncani tərəfindən nəşr edilmişdir. Bu nəşr Praqa nəşrinə əsaslanmışdır.[1]
"Yeddi gözəl"in Qərbi Avropa dillərinə tam şəkildə üç klassik tərcüməsi vardır. Poema ilk dəfə Çarlz Eduard tərəfindən 1924-cü ildə kobud formada (burada "kobud" anlayışı tərcümə zamanı orijinalda olan ölçü və melodikliyin saxlanmamasını ifadə edir) ingilis dilinə tərcümə olunmuşdur. Sərbəst şer şəklində həyata keçirilmiş bu tərcümə iki cild şəklində nəşr edilmiş və bəzi istisnalarla orijinalı tamamilə əks etdirmişdir.[7] Birinci nəşrdə tərcümə, ikinci nəşrdə isə şərhlər verilmişdir. Bu tərcümə sonradan bir neçə dəfə təkrar nəşr edilmişdi.[15] Qeyd edək ki, tərcüməçi, kifayət qədər geniş həcmli şeiri ilkin olaraq latın dilinə tərcümə etmişdir.[1] Poema, Oksford Universitetinin professoru Culi Skott Meysami tərəfindən də ingilis dilinə tərcümə olunmuş və bu tərcümə 1967-ci ildə, təkrarən isə 1995-ci ildə Böyük Britaniya və ABŞ-də nəşr edilmişdir.[16] Ritter-Rıpka nəşrinə əsaslanan bu tərcümə də sərbəst şeir şəklində həyata keçirilmiş, bəzən qafiyə izlənmiş, bəzən isə izlənməmişdir.[1] Poema üçüncü dəfə Elsi Mattin və Corc Hill tərəfindən ingilis dilinə tərcümə olunmuş və 1976-cı ildə nəşr edilmişdir.[17]
"Yeddi gözəl" 1976-cı ildə Alessandro Bauzani[it.] tərəfindən italyan dilinə tərcümə olunmuşdur.[18] Nəsrlə edilmiş bu tərcümə də Ritter-Rıpka nəşrinə əsaslanmışdır.[1] Çoxsaylı qismən tərcümələr arasında Rudolf Qelpkenin zərif şəkildə alman dilinə tərcüməsini qeyd etmək olar. Bu tərcümə 1959-cu ildə Sürixdə nəşr edilmişdir.[19]
1922-ci ildə Moskvada poemanın bir hissəsi nəzmlə, "Nizami – Yeddi gözəl. Hind şahzadəsinin hekayəsi" adı ilə nəşr edilmişdir. Bu tərcümə hələ Birinci Dünya Müharibəsindən əvvəl Rusiya Ədəbiyyat Sevərlər Cəmiyyətinin üzvü Aleksey Qruzinski tərəfindən "Sabaşnikov" nəşriyyatı üçün həyata keçirilmişdi.[7] 1923-cü ildə[7] "Vostok" jurnalında poemanın bəzi hissələri rus dilində nəşr edilmişdir. Bu nəşri Yevgeni Bertels həyata keçirmişdi.[20] Poema rus dilinə tam şəkildə Rüstəm Əliyev (nəsrlə, 1983-cü ildə Bakıda nəşr edilib) və Vladimir Derjavin[rus.] (nəzmlə, 1959-cu ildə Moskvada nəşr edilib, sonradan bir neçə dəfə təkrar nəşr olunub) tərəfindən tərcümə edilmişdir.[1]
Poemanın Azərbaycan dilinə bədii tərcüməsi Məmməd Rahim[21] tərəfindən həyata keçirilmişdir. Məmməd Rəhimin tərcüməsində poema 1983, 2004, 2006 və 2013-cü illərdə Bakıda nəşr edilmişdir.[22][23]
İncəsənətdə
redaktəOrta əsr miniatür sənətində
redaktəƏsrlər boyunca "Yeddi gözəl" əsərinin əlyazma nüsxələrini bəzəyən Təbriz, Şiraz, Herat, İsfahan, Yəzd, Buxara və digər şəhərlərdən olan miniatürçü-rəssamlar poemanın müxtəlif səhnələrini əks etdirən əsərlər yaratmışlar. Uzun müddət bu rəssamlar arasında "Bəhram şir ovunda", "Bəhramın əjdahanı öldürməsi", "Bəhram ovda", "Bəhramın tacı qoruyan şirlərlə mübarizəsi" kimi mövzular daha məşhur olmuşdur. Bu süjetlərə daha çox yer verilməsi ənənəsi 1197-ci ildə Nizaminin poemanı tamamlamasından sonra formalaşmışdır. Bu süjetlərə həm də Firdovsinin "Şahnamə"sinin əlyazma nüsxələrində tez-tez rast gəlinir.[8]
Uzun müddət Bəhramın əjdaha ilə təsvir edilməsi səhnələri geniş yayılmışdır. Bu süjet XV əsrdə məşhur rəssam Behzad tərəfindən (Londondakı Britaniya kitabxanasında saxlanılır) və 1444–1445-ci illərdə Yəzd miniatür məktəbinə məxsus naməlum rəssam tərəfindən (Mançesterdəki Con Raylen kitabxanasında saxlanılır), 1675-ci ildə Məhəmməd Zaman tərəfindən (Britaniya muzeyində saxlanılır) çəkilmiş miniatürlərdə rast gəlmək mümkündür. Məhəmməd Zaman tərəfindən işlənmiş miniatürdə Avropa kətan rəssamlığının təsiri hiss edildiyindən həmin miniatür bu səhnənənin təsvir olunduğu ənənəvi miniatürlərdən ciddi şəkildə fərqlənir (əjdaha atlının ayağı altında göstərilib ki, bu da fars rəssamlığı üçün ənənəvi deyil). [8]
Behzadın çəkdiyi miniatürdə isə personajlar peyzajla müqayisədə kiçildilib ki, elementlərin yerləşdirilməsində sıxlığa yol verilməyib və bu da uzunsov miniatürdə genişlik təsiri yaradır. Əjdaha və at qismən göstərilsə də, Bəhram tam təsvir olunub. Bu miniatürdə Behzadın ətraf mühitin insana nəzərən formalaşdırılmasına əsaslanan yeni dünyagörüşüəks olunur və Bəhramın bu təsviri sayəsində həmin görüş sonradan geniş yayılır.[8]
"Yeddi gözəl" poemasına miniatür çəkən rəssamlar arasında Bəhramın ov etməsi səhnəsi də məşhur olmuşdur. Qeyd edək ki, Bəhramın ov etməsi səhnəsi yalnız miniatürlərdə deyil, digər janrlarda (məsələn tarixi) olan əsərlərin bəzədilməsi üçün də istifadə edilmişdir. Məsələn, "Yeddi gözəl" poemasından Bəhrama aid miniatür Təbərinin "Salnamə"sinin Nyu-Yorkun Metropoliten muzeyində saxlanan əlyazmasının bəzədilməsi üçün istifadə olunmuşdur.[8]
Lakin, "Fitnənin öküzü qaldırması" miniatürünə yalnız "Yeddi gözəl" əlyazmalarında rast gəlinir. "Bəhramın Fitnəni sərkərdəyə verməsi" səhnəsinə Sultan Məhəmmədin çəkdiyi Təbriz miniatüründə (1527, Topqapı kitabxanası, İstanbul) və naməlum rəssam tərəfindən işlənmiş İsfahan miniatüründə (Rusiya Milli Kitabxanası, Sankt-Peterburq) rast gəlinir. Fitnə və öküzün təsviri poemanın özünəməxsus simvollarından birinə çevrilmişdir. Bu səhnənin ənənəvi təsviri poemanın bütün məzmununu ifadə edir. XV əsrin birinci yarısında İran rəssamlığının cənub miniatür məktəblərində "Fitnənin öküzü qaldırması" səhnəsinin bir neçə variantı işlənmişdir. 1442-ci ilə aid Yəzd miniatüründə (Keyr kolleksiyası) Fitnənin öküzü çiynində yox, əlində daşıdığı göstərilib. 1435-ci ilə aid İsfahan miniatüründə (Çester Bitti Kitabxanası, Dublin) və XV əsrə aid Şiraz miniatüründə (Dövlət Kitabxanası, Berlin) isə Bəhram və Fitnəni ayıran əfsanəvi altmış pilləkən göstərilməmişdir. [8]
Rəssamların tez-tez müraciət etdikləri süjetlərdən biri də Bəhramın hökmdar tacı uğrunda döyüşməsidir. Bu miniatürlərdə Bəhramın şirlərlə döyüşməsi göstərilir. Xəmsənin 1481-ci il əlyazmasında (Rusiya Milli Kitabxanası) yer alan miniatürdə bir detal istisna olmaqla bu süjet ənənəvi şəkildə verilir: arxa planda sahibini gözləyən hökmdar taxtı, taxtın qarşısında isə onu qoruyan şirlər, lakin şirlər zəncirlənmiş şəkildə göstərilib ki, bu mövzu üçün qeyri-adidir. 1671-ci ilə aid Mavəraünnəhr miniatüründə (Çester Bitti kitabxanası) Bəhram öldürdüyü şirlərin yanında dayanaraq qazandığı tacı nümayiş etdirir.[8]
Bəhramın gözəllərin saraylarını ziyarət etmələri süjetlərində rəssamların diqqətini daha çox əyləncə səhnələri çəkmişdir. Gözəllərin söylədikləri hekayələrin süjetlərinə isə nadir hallarda diqqət yetirilmişdir. Bəhram və yeddi gözəl mövzusunda olan miniatürlər daha çox koloritli həlli ilə diqqəti çəkir. 1435–1436-cı illərə aid İsfahan "Antologiya"sında Bəhram altı dəfə at üstündə gözəllərin sarayları önündə təsvir edilir. Lakin, Bəhram daha çox gözəllərlə birgə ya təbiət qoynunda, ya da köşkdə təsvir edilir.
Gözəllər tərəfindən nəql edilən hekayələr fantastik məzmuna malikdirlər. Həmçinin onlar folklor materialı əsasında işlənmişlər. Ənənəvi ədəbi süjetlərdən fərqli olaraq, bu hekayələr təsviri sənətdə stabil yer tuta bilməmişlər, lakin onların təfsiri orijinallığı və ixtiraçılığı ilə seçilir. Bu isə, hər şeydən əvvəl ona əsaslanır ki, ədəbi material özü-özlüyündə qeyri-adidir.[8]
Xəmsənin 1648-ci ilə aid əlyazma nüsxəsində (Rusiya Milli Kitabxanası) Mahanın (Firuzəyi saray) qulyabanılar ölkəsində sərgüzəştləri təsvir olunub: təsvirdə tilsimli bağa gəlmiş mahanın ifrit tərəfindən qucaqlanması göstərilir. Mahanı qucaqlamış canavar adama bənzər bədheybət ulduzların sayrışdığı, ilanların ağaca dolandığı qeyri-adi mühitdə daha güclü və sirrli görünür. Xəmsənin XV əsrin 40-cı illərində Yəzddə hazırlanmış əlyazma nüsxəsi (Topqapı kitabxanası) digər əlyazmalardan fərqli bir xüsusiyyətə malikdir: belə ki, bu əlyazmada təkcə gözəllərlə kef məclisləri yox, həm də onların danışdıqları hekayələrə çəkilmiş miniatürlər yer almışdır.[8]
Bişrin Malihi xilas etmək cəhdi haqqındakı hekayəni XV əsrin sonlarından etibarən quyunun içində cəsəd şəklində təsvir edirdilər. Lakin, XV əsrə aid Təbriz miniatüründə yalnız təəccüblü şəkildə yerə baxan Bişr göstərilmişdi. Ağ sarayda danışılan hekayayə (Gənclərin çimən qızları izləmələri) çəkilmiş miniatürdə (Topqapı kitabxanasındakı əlyazma) rəssam iki səhnəni bir əsərdə vermişdir, belə ki, miniatürün aşağı hissəsində çimən qızlar, yuxarı hissəsində isə onları izləyən gənclər göstərilib. Bu təsvir miniatür sənətində, müxtəlif hadisələrin bir səhifədə təsvir edilə biləcəyini göstərir.[8]
Bəhramın əjdahanı öldürməsi. XVI əsr. Təbriz məktəbi. Əlyazmalar İnstitutu, Bakı. | Mahan tilsimli bağda. 1648. Buxara məktəbi. Rusiya Milli Kitabxanası, Sankt-Peterburq. | Təcrübə mükəmməlləşdirir. 1530–1540. Bruklin Muzeyi, Nyu-York. | Bəhram Gurun əjdahanı öldürməsi. 1650-ci illər. İsfahan məktəbi. Kristis hərracı. | Bəhram Gurun öküz qaldıran Fitnəyə baxması. XVI əsr. Təbriz məktəbi. Valters Sənət Muzeyi, Baltimor. |
Təsviri sənətdə
redaktəŞəki şəhərində yerləşən XVIII əsrə aid Şəkixanovların evinin ikinci mərtəbəsinin mərkəzi zalının divarları[24] poemanın qəhrəmanlarının portretləri ilə bəzədilmişdir.[25]
Qəzənfər Xalıqovun[26] eskizi əsasında heykəltaraş A. Xrünov tərəfindən hazırlanmış və Bəhramın əjdahanı öldürməsi təsvir edilən barelyef, Nizaminin 1949-cu ildə Bakıda ucaldılmış heykəlinin postamentini bəzəyir.
1959-cu ildə Bakıda "Yeddi gözəl" poemasının qəhrəmanı Bəhram Gurun nəhəng ilana bənzər əjdahanı öldürdüyü təsvir edilən[27] "Bəhram Gur" heykəl-fəvvarəsi ucaldılmışdır. Heykəlin müəllifləri Aslan Rüstəmov, Albert Mustafayev və Qorxmaz Sucəddinovdur[28]. Bu heykəl, Azərbaycanda, Nizami Gəncəvinin poemalarının qəhrəmanlarından birinin şərəfinə ucaldılmış ilk abidədir.[29]
1979-cu ildə[30] Azərbaycan rəssamı Mikayıl Abdullayevin rəsmləri əsasında Bakı metropolitenin "Nizami" stansiyasının yeraltı zalında Nizami Gəncəvinin poemaları əsasında on səkkiz mozaik kompozisiya işlənmişdir.[31][32] Mozaik pannolardan üçündə "Yeddi gözəl" poemasının qəhrəmanları təsvir edilib. Bunlar Bəhramın əjdahanı öldürməsinin təsvir olunduğu "Bəhram və əjdaha", Bəhramın iki şiri məğlub edərək tacı əldə etməsinin təsvir olunduğu "Bəhramın qələbəsi" və Fitnənin öküzü qaldırmasının təsvir olunduğu "Fitnə" mozaikalarıdır.
Nizaminin doğma şəhəri Gəncədə yerləşən türbəsi[28] yaxınlığında heykəltaraş Qorxmaz Sucəddinov tərəfindən emal edilmiş qranit və bürüncdən 22 metr hündürlüyündə çoxfiqurlu abidə yaradılmışdır: abidənin mərkəzində yerləşən Nizaminin oturmuş heykəli ətrafında Xəmsənin[33] qəhrəmanlarını təsvir edən fiqurlar yerləşdirilib. Fiqurlardan birində "Yeddi gözəl" poemasının qəhrəmanı Fitnənin[33] öküzü qaldırması göstərilib.
20 iyul 2012-ci ildə Bakıda heykəltaraş Nailə Ələkbərovanın bir-birinin üstünə yığılmış yeddi Azərbaycan milli çay stəkanı olan "armudu" stəkanın təsvir edildiyi "Yeddi gözəl" adı heykəli ucaldılmışdır. Armuda bənzər bu stəkanlar çılpaq qadın bədənini xatırladır və Nizami Gəncəvinin eyni adlı poemasındakı yeddi gözəli təmsil edir.[34]
Nizami Gəncəvinin Bakıdakı heykəlinin postamentində "Bəhram Gurun əjdahanı öldürməsi" barelyefi. Qəzənfər Xalıqovun eskizi əsasında A. Xryunov tərəfindən hazırlanıb, 1949 | Bəhram Gurun heykəli, Heykəltəraşlar Aslan Rüstəmov, Albert Mustafayev və Qorxmaz Sücəddinov, 1959 | Bakının Nizami küçəsindəki yeraltı keçiddə "Yeddi Gözəl" barelyefi | "Bəhram Gur və əjdaha". Bakının Nizami metrostansiyasında mozaik təsvir. Rəssam Mikayıl Abdullayev, 1979 | Nizami məqbərəsi yanında Öküzü çiynində qaldıran Fitnə heykəli |
Musiqidə
redaktəCakomo Puççininin Turandot operasının orijinal süjeti Nizami Gəncəvinin "Yeddi gözəl" əsərindəki slavyan gözəlinin hekayəsindən götürülmüşdür[35][36][37][38]. Hekayədə qəddar, gözəl, hiyləgər şahzadə qızın adı çəkilməsə də bütün keyfiyyətləri ilə librettodakı Turandota bənzəyir. Fransız şərqşünas alimi Fransua Pöti de La Krua tərəfindən edilmiş tərcümədə sözü gedən personaj Turandot kimi təqdim edilmişdir.[1]
1940-cı illərin əvvəllərində Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov Nizami Gəncəvinin "Yeddi gözəl" poemasından yeddi gözəl obrazına uyğun olaraq, Nizaminin sözlərinə yeddi romans bəstələməyi planlaşdırmışdı.[39] Bəstəkar hər bir musiqili portret formasında vokal miniatür şəklində gözəllərin psixoloji vəziyyəti, xarakterləri, hissləri, daxili dünyaları və mənəvi gözəlliklərini təsvir etmək məqsədini qarşısına qoymuşdu. Lakin, Hacıbəyov yalnız iki romans – "Sənsiz" (1941) və "Sevgili canan" (1943) yaza bilmişdir.[39][40]
1949-cu ildə Azərbaycan bəstəkarı Qara Qarayev "Yeddi Gözəl" süitası yazır, 1952-ci ildə isə eyni adlı poemanın motivləri əsasında "Yeddi gözəl" baletini (librettonun müəllifi İsmayıl Hidayətzadə, Yuri Slonimski və Sabit Rəhmandır) yazır.[41] Balet ilk dəfə 7 noyabr 1952-ci ildə Bakı Opera və Balet Teatrında səhnələşdirilir.[42] Baletin ikinci redaksiyası da 1959-cu ildə həmin teatrda səhnələşdirilir. SSRİ dövründə balet Moskva, Leninqrad, Novosibirsk, Lvov, Daşkənd, Praqa, Brmo və başqa şəhərlərin teatrlarında da səhnələşdirilir[43], lakin 1990-cı illərdə repertuarlardan itir. Balet yenidən 2008-ci ildə Bakıda (yeni librettonun müəllifi Yana Temiz)[44] səhnələşdirilmişdir. 21 fevral 2011-ci ildə yenilənmiş "Yeddi gözəl" baleti ilk dəfə Moskvanın "Böyük teatr"ının[45][46][47] səhnəsində nümayiş etdirilir. Musiqişünas Elmira Abbasova qeyd edir ki, Nizami poemasının humanist obrazları əsasında yaradılmış "Yeddi gözəl" baletinin musiqisi "xalq musiqisinin meloslarına əsaslanır".[42]
Teatr
redaktə7 dekabr 2012-ci ildə Bakıda, S. Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Litva rejissoru Yonas Vaytkusun[rus.] Nizaminin "Yeddi gözəl" poeması əsasında hazırladığı və şairin 870 illik yubileyinə həsr edilmiş "Yeddi gözəl" tamaşasının premyerası baş tutmuşdur. Tamaşada Nizami rolunu Azərbaycan Respublikasının Əməkdar Artisti Fuad Osmanov, yedi gözəlləri Azərbaycan Respublikasının Əməkdar Artisti Naina İbrahimova və teatrın başqa aktrisaları canlandırmışlar. Bəhram şah rolunu Murad Məmmədov oynamışdı. Tamaşada Hacı Murad Yagizarov, Yuri Baliyev və Oleq Əmirbəyov kimi aktyorlar da rol almışlar. Tamaşada Qara Qarayevin "Yeddi gözəl" baletindən də hissələr istifadə edilmişdi.[48] 2013-cü ildə tamaşanın Moskvanın Kiçik teatrında premyerası baş tutmuşdu.[49]
Kinomatoqrafiyada
redaktə1970-ci ildə[50] "Azərbaycanfilm" poemada Bəhram və Fitnənin hekayəsi əsasında "Fitnə" adlı cizgi filmi istehsal etmişdi.
1975-ci ildə "Ekran" yaradıcı birliyi tərəfindən "Əfsanələr aləmində" adlı film-balet istehsal edilmişdir. Filmdə Qara Qarayevin "Yeddi "gözəl" poeması əsasında yazılmış eyni adlı baletindən vals və digər səhnələr göstərilmişdir. Rəqslərin quruluşunu RSFSR-in Əməkdar İncəsənət Xadimi Pyotr Qusev vermiş, Bəhram şah rolunu Azərbaycan SSR-in Əməkdar Artisti Vladimir Pletnyov, Gözəllər gözəli rolunu isə Azərbaycan SSR-in Əməkdar Artisti Çimnaz Babayeva canlandırmışlar. Digər rolları Bakı Opera və Balet Teatrının artistləri canlandırmışlar.[51]
1982-ci ildə tamamilə Qarayevin "Yeddi gözəl" baleti əsasında çəkilmiş "Yeddi gözəl" film-baleti təqdim edilmişdir. Film, SSRİ televiziya və radio dövlət komitəsi tərəfindən "Azərbaycanfilm"ə sifariş edilmişdi. Filmin librettosu və xoreoqrafiyası Rəfiqə Axundovaya və Maqsud Məmmədova, ssenari müəllifliyi Maqsud və Rüstəm İbrahimbəyovlara aiddir. Kostyumlar və səhnə dizaynını Toğrul Nərimanbəyov işləmişdi. Bəhram rolunu Vadim Qulyayev, Aişə rolunu Nataliya Bolşakova, Vəzir rolunu Qali Abaydulov canlandırmışlar. Filmdə həm də Bakı Opera və Balet Teatrının artistləri rol almışlar.[52]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 François de Blois. Haft Peykar Arxivləşdirilib 2011-11-17 at the Wayback Machine (anql.) // Encyclopædia Iranica. — 15 dekabr 2002. — Т. XI. — С. 522–524.
- ↑ 1 2 3 4 5 6 Nizami Gandjawi (англ.) // The Encyclopaedia of Islam / Edited by C. E. Bosworth, E. van Donzel and W. P. Heinrichs and G. Lecomte. — Лейден, 1995. — Т. VIII. — С. 79. — ISBN 9004098348.
- ↑ "The Baburnama : memoirs of Babur, prince and emperor / translated, edited, and annotated by Wheeler M. Thackston ; introduction by Salman Rushdie. Bāburnāmah. English Babur, Emperor of Hindustan, 1483–1530. Thackston, W. M. 1944 English Turkish. Printed:New York : Modern Library, 2002". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-15.
- ↑ 1 2 3 Бертельс. А. Е. Низами Гянджеви Arxivləşdirilib 2021-11-28 at the Wayback Machine // Большая советская энциклопедия. — М.: Советская энциклопедия.
- ↑ François de Blois. Haft Peykar Arxivləşdirilib 2018-01-16 at the Wayback Machine // Encyclopædia Iranica. — 15 December 2002. — V. XI. — pp. 522–524.
- ↑ Бороздина П. А. Очерки истории литератур народов СССР. — Издательство Воронежского университета, 1991. — С. 83. — 476 с.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 Крымский, 1981
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Додхудоева, 1985
- ↑ Бертельс Е. Э. Низами о художественном творчестве // Выдающиеся русские учёные и писатели о Низами Гянджеви / Составитель, автор предисловия и редактор Рустам Алиев. — Б.: Язычы, 1981. — С. 98–100.
- ↑ Nizami Gəncəvi - Yeddi gözəl Arxivləşdirilib 2017-01-10 at the Wayback Machine, tərc. M. Rahim, Bakı, Lider, 2004, səh.295
- ↑ Pöti de la Krua Les mille et jours (Paris, 1710–1712) adlı külliyyatını İran səfəri zamanı tərtib etmişdir. Turandot mövzusunun ən ilkin fars nəsr versiyası Ovfinin Nizaminin ölümündən qısa müddət sonra tərtib etdiyi "Hekayələr külliyyatı"ndadır.
- ↑ Бертельс Е. Э. Низами о художественном творчестве // Выдающиеся русские учёные и писатели о Низами Гянджеви / Составитель, автор предисловия и редактор Рустам Алиев. — Б.: Язычы, 1981. — С. 102.
- ↑ Гусейнов Г. Н. К вопросу о социальных воззрениях Низами // Известия Азербайджанского филиала Академии наук СССР. — Б., 1943. — № 4. — С. 59.
- ↑ Рыпка Я. Опыт текстологического разбора первой главы поэмы "Хафт Пайкар" // Краткие сообщения Института народов Азии : Сборник памяти Е. Э. Бертельса. — М., 1964. — Т. 65. — С. 148.
- ↑ Nizami of Ganja Haft Paikar / C. E. Wilson. — Kessinger Publishing, 2003. — Т. 2. — 528 с. — ISBN 076617736X, 9780766177369.
- ↑ Niẓāmī Ganjavī, Julie Scott Meisami The haft paykar: a medieval Persian romance / Julie Scott Meisami. — Oxford University Press, 1995. — 307 с.
- ↑ The Story of the Seven Princesses, Oxford, 1976
- ↑ Nezami di Ganje Le sette principesse / Alessandro Bausani. — Bari: Leonardo da Vinci, 1967. — 265 с.
- ↑ Die sieben Geschichten der sieben Prinzessinnen, Zurich, 1959
- ↑ От составителя // Е. Э. Бертельс. Избранные труды. Низами и Фузули / Ответственный редактор Г. Араслы. — М.: Издательство восточной литературы, 1962. — Т. II. — С. 5.
- ↑ Мамед Рагим. — Писатели Советского Азербайджана. — Б.: Азербайджанское государственное издательство, 1959. — С. 103. — 212 с.
- ↑ Низами Гянджеви. Семь красавиц. Перевод с персидского Мамед Рагима. — Б.: Язычы, 1983.
- ↑ Низами Гянджеви. Семь красавиц. Перевод с персидского Мамед Рагима/ Под ред. Х. Юсифли. — Б.: Lider nəşriyyat, 2004. — 336 с. — ISBN 9952-417-07-X.
- ↑ Шәкихановларын еви / Под ред. Дж. Кулиева. — Азербайджанская советская энциклопедия: Главная редакция Азербайджанской советской энциклопедии, 1987. — Т. 10. — С. 505.
- ↑ Город Нуха. Дом Шекихановых // Азербайджан (Исторические и достопримечательные места) / Под общей редакцией М. А. Казиева.. — Б.: Издательство АН Азербайджанской ССР, 1960. — С. 113
- ↑ Габибов Н. Д., Наджафов М. К. Искусство Советского Азербайджана. — М.: Искусство, 1960. — С. 132. — 198 с.
- ↑ Эфендизаде Р. М. Архитектура Советского Азербайджана. — М.: Стройиздат, 1986. — С. 108. — 316 с.
- ↑ 1 2 Алиева С. Он просил у судьбы времени Arxivləşdirilib 2014-01-10 at the Wayback Machine // Зеркало : газета. — 23 апреля 2010. — С. 8.
- ↑ Ефремова Л. К. Внешний облик советского человека // Искусство и быт : альманах. — 1963. — С. 167.
- ↑ Абдуллаев Микаил Гусейн оглы // 225 лет Академии художеств СССР. Каталог выставки. — Изобразительное искусство, 1985. — Т. II. — С. 6.
- ↑ Эфендизаде Р. М. Архитектура Советского Азербайджана. — М.: Стройиздат, 1986. — С. 289. — 316 с.
- ↑ Габибов Н. Д. (живопись, театрально-декорационное искусство, графика), Новрузова Д. Г. (скульптура), Эфендиев Р. (декоративно-прикладное искусство), Саламзаде А., Мурадов В. (архитектура). Искусство Азербайджанской Советской Социалистической Республики // История искусства народов СССР / Под ред. Б. В. Веймарна, Л. С. Зингера. — Изобразительное искусство, 1984. — Т. IX. — С. 188.
- ↑ 1 2 "Микеладзе Г. Духовная память мегаполиса // Каспий : газета. — 23 сентября 2013". 2014-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-26.
- ↑ Р. А. В рамках "012 Baku Public Art Festival" представлено произведение художника Наиля Алекперова "Семь красавиц" Arxivləşdirilib 2014-02-28 at the Wayback Machine // The First News : Информационное Агентство. — 20 июля 2012.
- ↑ [1] [ölü keçid] The play The Seven Princesses, written by the Belgian poet and playwright Maurice Maeterlinck in 1891 AD, is inspired by Haft-Peykar. Also, the opera Turandot (Turandokht) by Giacomo Puccini is inspired by one of the stories in Haft-Peykar
- ↑ [ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid] ency.cl Turandot (ing.)[ölü keçid]
- ↑ ["Turnadot - The Free Online Dictionary and Encyclopedia ... (ing.)". 2015-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-28. Turnadot — The Free Online Dictionary and Encyclopedia … (ing.)]
- ↑ ["Turandot - Turkcebilgi English Section (ing.)". 2014-05-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-28. Turandot — Turkcebilgi English Section (ing.)]
- ↑ 1 2 "Романс-газелла". Электронная библиотека Узеира Гаджибекова. 2014-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-18.
- ↑ Сафарова З. Узеир Гаджибеков. — Баку: Язычы, 1985. — С. 61. — 64 с.
- ↑ Абасова Э. А., Касимов К. А. Очерки музыкального искусства Советского Азербайджана 1920–1956. — Б.: Элм, 1970. — С. 131. — 178 с.
- ↑ 1 2 Абасова Э. А. Караев К. А. // Музыкальная энциклопедия / Под ред. Ю. В. Келдыша. — М.: Советская энциклопедия, Советский композитор, 1973–1982.
- ↑ Абасова Э. А., Касимов К. А. Очерки музыкального искусства Советского Азербайджана 1920–1956. — Б.: Элм, 1970. — С. 142. — 178 с.
- ↑ Московская премьера балета Кара Караева "Семь красавиц" // Azeri.ru. — 22 февраля 2011.
- ↑ Балет "Семь красавиц" Arxivləşdirilib 2014-01-10 at the Wayback Machine // Радио "Эхо Москвы". — 22 февраля 2011.
- ↑ "Семь красавиц" в Москве Arxivləşdirilib 2014-01-10 at the Wayback Machine // Театр Классического Балета.
- ↑ красавиц" в Москве — триумф![ölü keçid] // Эхо : газета. — 1 марта 2011. — С. 8.
- ↑ Вугар Иманов. В Баку состоялась премьера спектакля Йонаса Вайткуса "Семь красавиц" — современный взгляд на произведение Низами Arxivləşdirilib 2013-04-16 at the Wayback Machine // Trend News Agency. — 8 декабря 2012.
- ↑ Агаев Р. В Москве состоялся показ спектакля "Семь красавиц" Азербайджанского театра русской драмы Arxivləşdirilib 2014-04-07 at the Wayback Machine // SalamNews. — 27 сентября 2013.
- ↑ Мамедов Назим Дадаш оглы // Энциклопедия отечественной мультипликации. — Алгоритм, 2006. — С. 415.
- ↑ "Фильм «В мире легенд»". YouTube. 2016-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-09.
- ↑ "Семь красавиц". YouTube. 2015-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-09.
Ədəbiyyat
redaktə- Крымский, А. Е., Низами и его современники, Б.: Элм, 1981
- Крымский, А. Е., Низами и его изучение // Выдающиеся русские учёные и писатели о Низами Гянджеви / Составитель, автор предисловия и редактор Рустам Алиев, Б.: Язычы, 1981
- Додхудоева, Л. Н., Поэмы Низами в средневековой миниатюрной живописи / Ответственный редактор О. Ф. Акимушкин, Москва: Наука, 1985
- Гянджеви, Низами, Семь красавиц. Перевод с фарси В. Державина, Москва: Художественная литература, 1986
- Гянджеви, Низами, Семь красавиц. Перевод с фарси В. Державина, Б.: Азернешр, 1989
- de Blois, François, Haft Peykar, Москва: Encyclopædia Iranica, 26 dekabr 2014 Т. XI. — С. 522–524.
Xarici keçidlər
redaktə- Nizami, Gəncəvi. Xəlil, Yusifli (redaktor). Yeddi gözəl ( (az.)). tərc.:Məmməd Rahim. Bakı: Lider. 2004. səh. 336 səh. ISBN 978-9952-417-07-X. İstifadə tarixi: 2014-12-19.
- Nizami, Gəncəvi. Təhsin, Mütəllimov (redaktor). Yeddi gözəl (nəsrlə) (PDF) ( (az.)). tərc.:Mir Cəlal. Bakı: Adiloğlu. 2008. səh. 176 səh. ISBN 978-9952-25-087-9. İstifadə tarixi: 2014-12-19.