Baburname - Wikipedia
"Baburnamə" (fars. بابر نامہ; "Baburun kitabı" və ya "Baburun məktubu") — Moğol imperiyasının banisi və Əmir Teymurun nəticəsi Zəhirəddin Məhəmməd Baburun (1483-1530) yazdığı əsər. "Baburnamə" türk və İslam ədəbiyyatında memuar janrında yazılmış ilk əsərdir.[1]
"Baburnamə"nin mənası "Baburun kitabı" deməkdir və əsər öz adını hər iki anlamda, həm "Babur haqqında yazılmış kitab", həm də "Baburun yazdığı kitab" kimi doğruldur.[2] Türk və islam ədəbiyyatı tarixində memuar janrında yazılmış ilk əsər olan "Baburnamə" 1494-1529-cu illər ərzində Mərkəzi Asiya, Əfqanıstan və Hindistanda baş vermiş bütün mühüm hadisələri, müəllifin özünün, eləcə də dövrün ən ünlü siyasi xadimlərinin, elm və sənət adamlarının həyat və fəaliyyəti, əsil-nəsəbi, xarakteri, hətta zahiri görkəmi haqqında dəqiq və ətraflı məlumat verməklə region ölkələrinin tarixi, coğrafiyası, təbiəti, xalqları, etnoqrafiyası barədə ən zəruri bilikləri əhatə edir. Bu baxımdan "Baburnamə" təkcə ədəbi yox, həm də haqlı olaraq nüfuzlu elmi-tarixi mənbə kimi qiymətləndirilir.
Baburnamə, müəllifin həyat və fəaliyyətinin mərhələlərinə müvafiq olaraq, üç hissədən ibarətdir:
- "Fərqanə" adlanan birinci hissə 10 iyun 1494-cü ildən 14 iyun 1504-cu ilə qədər;
- "Kabil" adlanan ikinci hissə 14 iyun 1504-cü ildən 12 dekabr 1520-ci ilə qədər;
- "Hindistan" adlanan üçüncü hissə isə 8 oktyabr 1526-cı ildən 5 sentyabr 1529-cu ilə qədər olan dövrləri əhatə edir.
Baburun bu xatirələri necə və nə zaman yazdığı barədə dəqiq məlumat yoxdur. Məlum olan budur ki, memuarlar müəllifin illər uzunu müntəzəm olaraq yazdığı xüsusi gündəlik əsasında qələmə alınmışdır.
"Baburnamə" 1589-cu ildə Baburun doğma çağatay dilindən fars dilinə tərcümə edilib.[1]
Avropa alimləri Baburun memuarı ilə XIX əsrin əvvəllərində tanış olublar.[1] Bundan sonra 1826-cı ildə kitab çağatay dilindən ingilis dilinə, 1871-ci ildə isə əsər fransız dilinə tərcümə edilib.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Heydər Əliyev Mərkəzində 57 miniatürdən ibarət sərgi açılıb Arxivləşdirilib 2021-09-17 at the Wayback Machine. modern.az, 26.12.2015 (az.)
- ↑ ""Baburun kitabı" Azərbaycan dilində". 2020-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-20.