Azerbaycan Klassik Musiqisi - Wikipedia
Azərbaycan klassik musiqisi — klassik musiqinin qollarından biri. XX əsrin əvvəllərində ictimai-siyasi və mədəni yüksəliş şəraitində Üzeyir Hacıbəyov müasir Azərbaycan peşəkar musiqi mədəniyyətinin əsasını qoydu və şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratdı.[1]
Azərbaycan musiqisi | |
---|---|
Ümumi mövzular | |
Janrlar | |
Xüsusi formalar | |
Milli musiqi | |
Alt janrlar | |
Media və təqdim etmə | |
Musiqi festivalları | |
Musiqi mediası | Mədəniyyət TV |
Millətçilik və vətənpərvərlik mövzusunda mahnılar | |
Milli himn | Azərbaycan himni |
Tarixi
redaktəXX əsrin erkən illəri
redaktəXX əsrin əvvəllərində ictimai-siyasi və mədəni yüksəliş şəraitində Üzeyir Hacıbəyov müasir Azərbaycan peşəkar musiqi mədəniyyətinin əsasını qoydu və şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratdı.[1] Sovet dövründə mədəni-maarif işinin musiqi sahəsində geniş vüsət alması ilə maarifçilik hərəkatı sanki yeni bir təzahür formasında üzə çıxır.[2] Üzeyir Hacıbəyov anlayışınca, məqsəd yalnız Avropa texnikası, janrları və formalarında əsər yazmaqda deyil, bu əsərləri qavrayaraq, yeni musiqini anlaya biləcək, onu əxz edərək mənən zənginləşə biləcək, bununla da inkişafı tələb və təmin edəcək kütləvi mədəni-bədii mühitin – elitar deyil, məhz Azərbaycan xalqının bütün zümrələrini əhatə edə biləcək mühitin və dinləyicinin yetişdirilməsi idi.[2]
Yeni Avropa ənənələrinin yeni milli ənənələr kateqoriyasına keçidi təmin edən Ü.Hacıbəyov məhz sovet quruluşunun potensial imkanlarından çox gözəl və qətiyyətlə istifadə etdi.[2] 1900-cü ildə Bakıda açılmış Yermolayevanın musiqi məktəbi ilə yanaşı azad sənətkar Şefferlinqin musiqi məktəbi, azad sənətkar Semyonovun musiqi məktəbi, azad sənətkar Rozinin musiqi məktəbi fəaliyyət göstərirdi. Onların müdavimləri arasında azərbaycanlıların olması haqqında mövcud ədəbiyyatda heç bir məlumat verilmir.[2] Üzeyir Hacıbəyov bu xüsusda yazırdı:
Bu məktəb (RMC nəzdində Yermolayevanın məktəbi nəzərdə tutulur) Bakıda iyirmi beş sənəlik uzun bir müddət ömr sürüb müntəzəm bir surətdə yaşadığı halda qapılarını musiqi təhsili arzusunda bulunan türk balaları üçün daima bağlı saxlardı. Bu qədər uzun bir zaman içində bu məktəbdə bir nəfər də olsun yerli türklərdən oxuyan və məktəbi bitirən olmadı.[3] |
1920-ci illər
redaktəAzərbaycan musiqi mədəniyyətinin 1920-30-cu illərini əhatə edən mərhələsi üçün musiqişünaslıqda sabitləşmiş tarixi səciyyə vardır.[2] Bu mərhələ iki onilliyə bölünür: 1920-ci illər – «təşkilatçılıq illəri», 1930-cu illər isə birmənalı olaraq çiçəklənmə mərhələsi kimi qəbul olunmuşdur.[2] Bu tarixi qiymətləndirmə sovet tarixşünaslığının ümumi konsepsiyasına tam uyğun idi.[2]
1920-ci ildə Azərbaycanda Azərbaycan Dövlət Simfonik Orkestri, 1921-ci ildə Azərbaycan Dövlət Konservatoriyası, yeni ifaçılıq kollektivləri, 1926-cı ildə isə ölkədə ilk xor yaradılmışdır.[1] Həmin ildə pianoçu Xədicə Qayıbovanın təşkil etdiyi «Şərq musiqi kursları» və ya «Şərq konservatoriyası» isə ənənəvi şərq üslubunda şifahi şəkildə tədris aparırdı.[2] İlkin mənbələr 1920-ci illərdə kifayət qədər geniş əks-səda doğurmuş tarixi polemikanın ilk ümumiləşdirilməsinin Məmməd Səid Ordubadiyə məxsusluğunu qeyd edir. Məhz O, ilk dəfə «Üzeyir bəyin cərəyanı» və «həqiqi şərq musiqidanlığından dəm vuran və onuyla daima işğal edən tar, kamançaçı və xanəndələrin cərəyanıdır» ifadələrini işlətmiş, hər iki istiqamətin qısa da olsa səciyyəsini vermişdir.[4]
Separat inkişaf nəzəriyyəsinin yaradıcıları Aleksandr Ohanezaşvili və Bakıda hələ əsrin əvvəllərindən fəaliyyət göstərən rus musiqiçiləri – S.Paniyev, Nikolayev, Moroz, M.E. Popov, habelə bir çox muğam ifaçıları idi.[2] A.Ohanezaşvili bu tendensiyanın ən fəal ifadəçisi, hətta ideoloqu adlandırıla bilər.[2]
1920-ci ilin iyun ayında «Əxbar»-ın səhifələrində Aleksandr Ohanezaşvili, bir neçə məqalə ilə çıxış etmiş, onun opponentləri Zülfüqar Hacıbəyov və Məmməd Səid Ordubadi olmuşlar.[4] Xalq Maarif Komissarlığı tərəfindən Konservatoriya nəzdində, A.Ohanezaşvilinin rəhbərliyi ilə Şərq musiqiçiləri İttifaqının yaradılması ideyası Üzeyir Hacıbəyov, Zülfüqar Hacıbəyov, Müslüm Maqomayev tərəfindən dəstəklənmir, İttifaq rəsmi qeydiyyatdan keçmir.[4] Əsas məsələ milli musiqi alətlərində tətbiq olunacaq sistemin fərqliliyindən gedirdi.[2] A.Ohanezaşvili və onun mövqeyinin tərəfdarlarının fikrincə:
şərq musiqi alatını dəyişilməmiş bir surətdə saxlamaq və həmin alatı notalar ilə çalmaqdan ötrü kitablar hazırlamaq və bizə yetişən şərq muğamatını yazıb musinini nota ilə ifa etmək qaydasını musiqiçilər arasında nəşr etmək lazımdır; tainki bir nəğmə qanuni bir surətdə olaraq məktəblərdə, teatrlarda və evlərdə bir səs versin.[5] |
Konservatoriyada açılmış şərq musiqi bölməsində əsas mübahisə və kəskin fikir ayrılıqları da elə prinsipial xarakter daşıyırdı.[2] Ohanezaşvili şərq musiqi alətlərini dəyişdirmədən saxlamaq, qeyri-temperasiya sistemini rəhbər tutaraq tədrisi təşkil etmək, Üzeyir Hacıbəyov isə tar alətində temperasiya sisteminin tətbiqi ilə tədrisin avropa sisteminə uyğunlaşdırmaqla aparılmasını təklif edirdi.[2] Müzakirələr elə miqyas almışdı ki, M.S.Ordubadi bu məsələ ilə əlaqədar 1920-ci ilin iyulunda böyük məqalə ilə çıxış edərək yazırdı:
Bir ay yarımdır ki, Vətənimizin yarısı əlifba və Şərq musiqisi məsaili ilə uğraşmaqdadır. Hətta bu günlər bizim qəzetə sütunlarına qədər əksəndaz olub (rezonans doğurub), həftələr ilə bir neçə sütunumuzu işğal elədi.[4] |
Z.Hacıbəyovun cavab və aydınlaşdırma məqsədilə yazdığı böyük bir məqalə hadisələrin əsl mahiyyətini üzə çıxarmağa imkan verir.[2] «Şərq musiqi kursuna dair» məqaləsində əsas məsələ kimi milli musiqi alətlərində, habelə muğamların tədrisində not savadı və not dəqiqliyi imkanlarının istifadə olunması əsaslandırılır və bu sahədə xüsusi bir kitabın yazılmasının zəruriliyini bəyan edir:
Böylə ki, kitabın təlifi tar alətinin pərdələrini (bəndlərini) – ladı – «fortopyanoya rast edib» qamma və və ladalarını bir səsdə bərabərləşdirib ikmal etdikdən sonra hər bir pərdənin eşidilən səsini ayrı- ayrı nota ilə təyin etməlidir. Həmçinin kamança, zurna və qeyr alətlərin bu tərz üzrə ladaları bəlli olmalıdır.Bu üsul ilə musiqimizi öyrənmək istəyən bir şəxs təbiidir ki, döğru bir yol ilə «Segah», «Çahargah» və qeyri milli havacatımızın hanki pərdədə hanki nota ilə çalınmasını bilib, musiqimizin nə dərəcədə zəki və müqtədir olduğunu başa düşə biləcəkdir.[6] |
1920-ci il iyulun 14-də keçirilmiş böyük bir iclasda hər iki mövqelər üzləşir.[2] Ü.Hacıbəyova qarşı etikadan uzaq ittihamlar irəli sürməkdən çəkinməyən A.Ohanezaşvili öz platformasını qəbul etdirə bilmir.[2] 1920-ci illərdə əsas məsələ azərbaycanlıların musiqi təhsilinə cəlb edilməsi idi.[2] 1920-ci illərin əvvəlində Bakıda Konservatoriya açılanda da vəziyyət dəyişmədi.[2] Üzeyir Hacıbəyov bunu görür və yazırdı:
Ümumi musiqi sənət təliminin Azərbaycan türkləri arasında nə qədər lazım və vacib olduğunu iqrar edərik... Bunun üçün Azərbaycanın paytaxtı olan Bakıda Konservatoriya deyilən ali musiqi məktəbi açılıbdır. Orada 7 minə qədər mütəəlim və mütəəllimələr şəhərimizin məşhur musiqi müəllimləri vasitəsilə musiqi sənətini öyrənməyə məşğuldurlar. Fəqət bu 7 min nəfər şagirdin ən cüzi qismini təşkil edən müsəlmanlardır.[7] |
Milli musiqi təhsilinin milli xarakter daşıması üçün təhsili rus dili, rus-Avropa modeli çərçivəsindən çıxarıb «Şərq musiqimizdən ibarət olan milli musiqimizin tərəqqisi yolunda elmi, fənni, nəzəri və əməli surətdə çalışmaq»[7] məcrasına yönəltmək işinin təşəbbüskarı və icraçısı Üzeyir Hacıbəyov oldu.[2] Rus dilini bilməyən gənclər hətta qəzetə müraciət edirlər. «Cocuq şikayəti» adlı məqalədə konservatoriyaya qəbul edilmiş iki qardaş və bir bacı yazırdılar:
Biz nə rusca biliriz, nə də müəllimələrimiz türkcə bilmiyorlar. Ona görə də bizə heç bir şey oyrədə bilmiyorlar. Demək ki, oxuya bilməyəcəyiz. Gərək mədrəsədən çıxaq. Yaxşı olardı ki, biz türk balalarından ötrü xüsusi bir musiqi şöbəsi açılaydı: orada da müəllim və müəllimələrimiz türkcə bilən türk müəllimləri olaydı... biz də böylə bir ali nemətdən məhrum olmayaydıq.[8] |
Məktuba Xalq Maarif komissarı Dadaş Bünyadzadənin cavab verməsi məsələnin doğrudan da böyük təşviş doğurmasından xəbər verirdi:
Hökumətin ali musiqi mədrəsəsində dərs verənlərin həpsi türkcə bilməyənlərdir. Çalışırıq ki, başqa idarələrimiz kimi buranı da milliləşdirək. Lakin nə edək ki, özümüzdən musiqi müəllimi hazırlamaq çox vaxt istəyor. Hər halda hələlik bir az da olsa ehtiyacatımızı dəf etmək üçün biz bir də Şərq ali musiqi mədrəsəsi açmışıq, bəlkə sizlər gedib orada təhsilə məşğul olasınız.[9] |
1922-ci ildə konservatoriyada şərq bölümü ləğv edildi. Üzeyir Hacıbəyov buna qarşı kəskin etirazını bildirir. O yazırdı:
Avropa və Şərq konservatoriyalarını birləşdirmək, bir tərəfdən Şərq musiqisinə lazım olan xidməti əsirgəmək, digər tərəfdəndə musiqi sənətinə hamıdan çox ehtiyacı olan türk balalarının təhsilinə mümanəət göstərməkdir.[10] |
Üzeyir Hacıbəyov Azərbaycan dilində tədrisin aparılması, azərbaycanlıların da ali musiqi təhsilində bərabərhüquqlu iştirakını təmin etmək üçün bazanın hazırlanması üçün Türk musiqi məktəbinin açılmasına nail olur.[2] Məhz bu məktəbin yetirmələri sonradan konservatoriyaya daxil olaraq ilk ali təhsilli milli kadrlar kimi milli musiqi mədəniyyətinin müxtəlif sahələrində yeni yollarla inkişafı təmin etdilər.[2]
Klassisist kompleks Ü.Hacıbəyov musiqisində üslubun təməlyüklü komponentidir.[11] Hacıbəyov ənənələrini davam etdirən Asəf Zeynallının da üslubu bu istiqamətdə formalaşırdı.[11] Tədqiqatçı Lalə Rzayeva A.Zeynallı üslubunun «klassisist» xarakteri haqda maraqlı müşahidələr irəli sürür.[11] Eyni zamanda məhz bu mərhələdə artıq gənc bəstəkarların yaradıcılıq maraqlarında formalaşmaqda olan dəst-xətlərində milli üslubun aktivinə sonrakı mərhələdə daxil olacaq üslub prioritetləri də işarələnirdi.[11] Qara Qarayevin, Cövdət Hacıyevin, Niyazinin ilk qələm təşəbbüslərində, Asəf Zeynallının əsərlərində dünya musiqi ənənələrinin yeni qatlarının təsiri aydın hiss olunur.[11] Bu istiqamətdə A.Zeynallının əsərləri bu üslub yeniləşməsinin ilk nümunələri – polifoniya, romantizmlə bağlı dil, janr və forma prinsiplərindən bəhrələnmə ilə diqqəti cəlb edir.[11] Q.Qarayevin «Tsarkoye selo heykəli» fortepiano pyesində, sonatinada Prokofyev üslubu, impressionizm cizgiləri, C.Hacıyevin Simfoniyasında Sergey Prokofyev, Dmitri Şostakoviç üslubunun dramatik simfonizm əlamətləri, Niyazinin fortepiano əsərlərində List-Şopen ənənələri və s. misal ola bilər.[11]
1930-cu illər
redaktə1930-cu illər Azərbaycan musiqisinin yeni yüksəliş dövri kimi səciyyələnir.[1] 1931-ci ildə ilk notlu Xalq Çalğı Alətləri Orkestri və Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini toplamaq və tədqiq etmək məqsədilə elmi-tədqiqat musiqi kabineti edildi.[1] 1934-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqı yarandı.[1] 1936-cı ildə rəqs ansamblı və Azərbaycan Dövlət Filarmoniyası cəmləşdirildi.[1] Daha sonra, 1938-ci ildə Musiqili Komediya Teatrı və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, 1939-cu ildə isə Xalq Yaradıcılığı evi yaranmışdır.[1][12] 1930-cu illərin sonu Avropa musiqisinin aparıcı təmayülləri - neoklassisizm, dodekafoniya, seriya texnikası milli zəmində işlənməsi maraqlı sənət tapıntıları ilə nəticələnir.[13]
1940-cı illər
redaktəİkinci dünya müharibəsi dövrü qəhrəmanlıq və vətənpərvərlik mövzusu mahnılarda, Üzeyir Hacıbəyov və Səid Rüstəmovun xalq çalğı alətləri üçün yazılmış əsərlərdə, Qara Qarayev və Cövdət Hacıyevin "Vətən" operasında, Qara Qarayev, Cövdət Hacıyev və Soltan Hacıbəyovun Azərbaycan musiqisində simfonik janrın ilk örnəkləri olan — Birinci simfoniyalarında öz əksini tapmışdır.[1] Niyazinin "Xosrov və Şirin" operası, Üzeyir Hacıbəyovun "Sənsiz" və "Sevgili canan" romans qəzəlləri də müharibə illərinin məhsuludur.[1] Yeni qəzəl-romans janrının yaradıcısı Ü.Hacıbəyov bu əsərlərdə nitqi, şeriyyatı yüksək sənətkarlıqla işləyərək musiqi dilinə çevirmiş, deklomasiya ilə kantilena tipli melodiyanın sintezini yaratmışdır.[1]
1944-cü ildə Tiflisdə keçirilən Zaqafqaziya Respublikaları musiqisi ongünlüyündə səslənən Qara Qarayevin, Cövdət Hacıyevin və Soltan Hacıbəyovun təxminən eyni vaxtda meydana gələn birinci simfoniyaları ilk Azərbaycan simfoniyaları kimi tarixdə əhəmiyyətli yer tuturlar.[13] Məhz dodekafoniyanın istifadəsi Qara Qarayevin simfoniyasında öz təzahürünü tapıb.[13] 1946-cı ildə Soltan Hacıbəyovun simfonik yaradıcılığında "2-ci simfoniya" — İkinci dünya müharibəsi mövzusu dramatik planda açılmış, digər simfonik əsərlərinin musiqisi isə parlaq janr boyaları ilə aşılanmışdır.[1]
1950-ci illər
redaktə1950-ci illərdə simfonik musiqi sahəsində xüsusi inkişaf qeyd edilir. Dövrün mühüm ictimai-siyasi mövzuları bəstəkarların müxtəlif səpgili simfonik əsərlərində öz ifadəsini tapır.[1] Fikrət Əmirov musiqi tarixində unikal simfonik muğam janrının yaradıcısı kimi məşhurdur.[1] Bəstəkar muğamların məqam, mövzu və digər üslub xüsusiyyətlərini sənətkarcasına simfonik inkişafa uğratmışdır.[1] Əmirov simfonizminə xas orkestr boyalarının əlvanlığı, janr rəngarəngliyi, obraz zənginliyi bu dövrdə yazılan əsərlərində öz ifadəsini tapır.[1]
Bu dövrdə Cövdət Hacıyev simfonizmi obrazlarının dərin psixoloji fikir yönümü, musiqi inkişafının gərgin dramatizmi, melodikasının geniş epikliyi ilə fərqlənir.[1] 1956-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının 1-ci qurultayı keçirilir.[1] 1957-ci ildə ilk Dövlət simli kvarteti yaradılır. SSRİ xalq artistləri Firəngiz Əhmədova, Leyla Vəkilova, əməkdar incəsənət xadimi Çingiz Hacıbəyov və başqaları ilə təmsil olunmuş yeni ifaçılar nəsli yetişir.[1]
Xor musiqisinin inkişafında Cahangir Cahangirov "Arazın o tayında" vokal-simfonik poemasının, "Füzuli" və “Nəsimi” kantatalarının, "Sabir" və "Hüseyn Cavid-59" əsərləri ilə əhəmiyyətli rol oynamışdır.[13]
1960-cı illər
redaktə1960-ci illər Azərbaycan musiqisi yaşlı nəsil bəstəkarlarının yaradıcılıq fəallığı, yeni bəstəkar qüvvələrinin meydana gəlməsi, bütün janrlarda önəmli uğurlar qazanılması, beynəlxalq əlaqələrin genişlənməsi ilə seçilir.[1]
Qara Qarayev yaradıcılığında 60-cı illərin əvvəllərində ilk əlamətləri «24 prelüd» silsiləsindən axırıncı dəftər, skripka və fortepiano üçün sonata, "Don Kixot" simfonik qravürlərində sezilən üslub dəyişiklikləri – yeni mərhələni açan III simfoniya ilə nəticələnir.[11] Azərbaycan bəstəkarlarının Xruşşov mülayimləşməsi nəticəsində XX əsrin yeni üslub qatları və informasıyası ilə tanışlığının "laboratoriya" mərhələsi başlanır.[11] 1965-ci ildə ifa olunmuş Qara Qarayevin III simfoniyası ilə "yeni Azərbaycan" musiqisinin təməli qoyulur.[11] Bu əsər Azərbaycan bəstəkarları tərəfindən XX əsrin bədii təfəkkürü və dünyagörüşünü əks etdirən ənənələrin fəal mənimsənilməsinə təkan verir.[11] Azərbaycan avanqardı da elə bu illərdə formalaşır.[14]
1970-ci illər
redaktəBu altbaşlığı genişləndirmək lazımdır. |
1980-cı illər
redaktəBu altbaşlığı genişləndirmək lazımdır. |
1990-cı illər
redaktəBu altbaşlığı genişləndirmək lazımdır. |
2000-ci illər
redaktə2006-cı ildə Bakıda musiqiçi Mstislav Rostropoviçin təşəbbüsü ilə Şostakoviç Festivalı keçirilmişdir.[1] Festival rus bəstəkarının anadan olmasının 100 illik yubileyinə həsr olunmuşdur.[1]
2007-ci ildə İtaliyada "Vela festival" festivalında Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Üzeyir Hacıbəyov, Qara Qarayev və Fikrət Əmirovun əsərləri uğurla ifa edilmişdir.[1] 2007-ci ildə Bakıda Vokalçıların Bülbül adına Dördüncü Beynəlxalq Müsabiqəsi keçirilmişdir.[1] Bu müsabiqədə Rusiyadan, Ukraynadan, Gürcüstandan, Belarusiyadan, Türkiyədən, Özbəkistandan, Qazaxıstandan 70 vokalçı iştirak edirdi.[1] 2007-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda Birinci Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçirilmişdir.[1] Festival çərçivəsində Azərbaycan Dövlət Opera və Balet Teatrında bəstəkar Firəngiz Əlizadənin «Qarabağnamə» operasının premyerası keçmişdir.[1] 2007-ci ildə F.Əlizadə "UNESCO"-nun “Dünyanın artisti” adına layiq görülmüşdür.[1]
2009-cu ildən Azərbaycanda Üzeyir Hacıbəyov Beynəlxalq musiqi festivalı və Qəbələ Musiqi Festivalı keçirilir.[15][16][17]
2010-cu illər
redaktə2010-cu illərdə Azərbaycanda klassik musiqi mədəniyyəti böhran dövrünü yaşayır.[18] İdeoloji məngənədən qurtuluş, bəstəkar və ifaçıların öz yaradıcılıq mövqelərinə görə təqibi, dünyaya çıxış və tanınmaq məhdudiyyətinə son qoyulsa da, ideoloji senzura iqtisadi çətinliklərlə əvəz olunub.[18]
2018-ci ildə Azərbaycan klassik musiqisi ilk dəfə Nigeriyada səslənib.[19]
Azərbaycan klassik musiqisinin janrları
redaktə1948-ci ildə bəstəkar Fikrət Əmirov “Şur” və “Kürd ovşarı” simfonik muğamlarında ilkin mənbəyə istinad edərək bu əsərləri özünəməxsus bəstəkarlıq texnikası yaradıcı təxəyyülü ilə zənginləşdirmiş, orkestr boyalarının əlvanlığına nail olmuşdur.[20] 1971-ci ildə O, “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamında muğam şöbələrini kontrakt ardıcıllıq prinsipini saxlamış, meldokiasını kiçik lövhələrlə şərh edərək muğamı sərbəst inkişaf etdirmişdir.[20]
Simfonik muğam – iki musiqi məntiqinin həyata keçirilmiş sintezidir, qavrayışın iki növünün qarşılıqlı əlaqəsidir.[21] Üslub planında simfonik muğamlar avropa coxsəsliyinin və ənənəvi şərq monodiyasının əlaqəsini müvəqqəti-məkan kimi nümayiş etdirir.[21] Tematizm planında, simfonik muğamlarda sitatlar muğam ənənəsinin kanon improvizasiyasına istinad edir.[21] Sitat muğam improvizasiyasını əks etdirir, lakin ənənəvi deyil, ümumiləşmiş, ilkin mənbənin tematik modelinin bəstəkar təfəkkürü ilə fərdiləsimiş şəkildə verilir.[21] Simfonik muğamlarda sitat simvolik əlavə kimi qeyd edilmir. Muğam üslubu müəllif təfəkkürünün ayrılmaz komponentinə çevrilir.[21]
Görkəmli sənətçilər
redaktəŞəxslər
redaktəBəstəkarlar
redaktəFikrət Əmirov · Tofiq Quliyev · Əfrasiyab Bədəlbəyli | ||||
Emin Sabitoğlu · Asəf Zeynallı · Müslüm Maqomayev |
- Aqşin Əlizadə
- Arif Məlikov
- Arif Mirzəyev
- Asəf Zeynallı
- Cahangir Cahangirov
- Cövdət Hacıyev
- Eldar Mansurov
- Emin Sabitoğlu
- Əfrasiyab Bədəlbəyli
- Ələkbər Tağıyev
- Əli Səlimi
- Faiq Sücəddinov
- Fərəc Qarayev
- Fərhad Bədəlbəyli
- Fikrət Əmirov
- Firəngiz Əlizadə
- Hacı Xanməmmədov
- Hüseynqulu Sarabski
- Qara Qarayev
- Müslüm Maqomayev
- Məmməd Quliyev
- Nailə Mirməmmədli
- Rauf Hacıyev
- Səid Rüstəmov
- Soltan Hacıbəyov
- Süleyman Ələsgərov
- Şəfiqə Axundova
- Tofiq Bakıxanov
- Tofiq Quliyev
- Üzeyir Hacıbəyov
- Vaqif Gərayzadə
- Vasif Adıgözəlov
- Xəyyam Mirzəzadə
- Zülfüqar Hacıbəyov
Dirijorlar
redaktəMusiqiçilər
redaktəOrkestrlar
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 "MUSİQİ SƏNƏTİNİN İNKİŞAFI TARIXI". www.azerbaijan.az. www.azerbaijan.az. 9 January 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 January 2016.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 "XX ƏSRİN 20-30-CU İLLƏRİNDƏ AZƏRBAYCANDA MUSİQİ-TARİXİ PROSESLƏR HAQQINDA BƏZİ QEYDLƏR". www.musigi-dunya.az. www.musigi-dunya.az. 28 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 January 2016.
- ↑ Üzeyir Hacıbəyov. Azərbaycanda musiqi təhsili. Əsərləri. II cild. Bakı: Azərb SSR Elmlər Akadem. Nəşr., 1965
- ↑ 1 2 3 4 M.S.Ordubadi. Biz tələsirik. // Əxbar, Bakı, 1920, 28 iyul
- ↑ A. Ohanezaşvili. Müttəhid qüvvə ilə vahid yol seçməlidir // Əxbar, Bakı, 1920, 24 iyul
- ↑ Z. Hacıbəyov. Sənaye-nəfisə və musiqi qismi. // Əxbar, Bakı, 1920, 26 iyun
- ↑ 1 2 Ü. Hacıbəyov. Vəzifeyi-musiqiyyəmizə aid məsələlər. Əsərləri. II cild. Bakı: Azərb SSR Elmlər Akadem. Nəşr., 1965
- ↑ B.Racibzadə. Cocuq şikayəti. «Kommunist» qəzeti, 1921, 10 mart
- ↑ D.Bünyadzadə. Məktub. «Kommunist» qəzeti, 1921, 16 mart
- ↑ Ü.Hacıbəyli. Konservatoriyaların birləşdirilməsinə dair. «Kommunist» qəzeti, 1922, 14 iyul
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 "XX ƏSR AZƏRBAYCAN MUSIQISININ DÖVRLƏŞDIRILMƏSINƏ DAIR MÜLAHIZƏLƏR". www.musigi-dunya.az. www.musigi-dunya.az. 25 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 January 2016.
- ↑ "Şəkidə "İpək yolu" IV Beynəlxalq musiqi festivalı". shrem.io.ua. shrem.io.ua. 1 March 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 January 2016.
- ↑ 1 2 3 4 Məhərrəmova, Təranə. "Qədim, zəngin və özünəməxsus mədəniyyət". anl.az. Kaspi. 25 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 January 2016.
- ↑ Nizami Cəfərov. Azərbaycanşünaslığa qiriş. Bakı, AzAtaM.2002. s.470.
- ↑ "Uzeyir Hajibeyov International Music Festival". Austrian Embassy Baku. 2017-10-02 tarixində arxivləşdirilib.
- ↑ "3rd Uzeyir Hajibeyli International Music Festival in Baku". APA. 2012-07-12 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Gabala International Music Festival programme". News.Az. 2010-07-20. 2010-08-01 tarixində orijinalından arxivləşdirilib.
- ↑ 1 2 Khalilova, Aynur. "ZAMAN HƏRƏKƏT TƏLƏB EDIR…". www.musigi-dunya.az. www.musigi-dunya.az. 25 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 January 2016.
- ↑ "Azərbaycan klassik musiqisi ilk dəfə Nigeriyada səslənib". sia.az. sia.az. 2019-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2018.
- ↑ 1 2 Mir-Bağırzadə S.A. İncəsənət tarixi. Dərslik. Bakı, MSA, 2012.
- ↑ 1 2 3 4 5 Maharramova, Inara. "F.ƏMIROVUN SIMFONIK MUĞAMLARININ BƏZI ÜSLUB XÜSUSIYYƏTLƏRI". www.musigi-dunya.az. www.musigi-dunya.az. 25 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 January 2016.