Istiqlaliyyet Kucesi Baki - Wikipedia
İstiqlaliyyət küçəsi — Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən tarixi küçə. Küçə öz başlanğıcını indiki BMT-nin Əlliilliyi küçəsindən götürür və Əziz Əliyev küçəsində isə tamamlanır. Küçənin uzunluğu 1,3 km-dir.
İstiqlaliyyət küçəsi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Rayon | Səbail |
Uzunluğu | 1,3 km |
metro | İçərişəhər |
XIX əsrin sonlarında Bakının genişlənməsi nəticəsində salınan ilk küçələrdən biri olan İstiqlaliyyət küçəsi , artıq 100 ildən çoxdur ki, Bakının ən gözəl və önəmli küçələrindən biridir. İçərişəhər ətrafı şəhər magistralının mühüm hissəsini təşkil edən İstiqlaliyyət küçəsinin böyük bir hissəsi həm də Bakı Şəhər Halqasına daxildir.
Bakıda ilk çoxmərtəbəli bina burada tikilmiş (Mirzəbəyovun mədaxil evi), ilk park burada salınmış (Filarmoniya bağı), ilk heykəl burada ucaldılmış (Mirzə Ələkbər Sabirin heykəli) və ilk hərbi parad bu küçədə keçirilmişdir. Küçə ilk dəfə İmperator I Nikolayın şərəfinə Nikolayevski adlandırılıb. SSRİ dövründə küçə Kommunistiçeskaya adlandırılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə küçənin adı növbəti dəfə dəyişdirilərək İstiqlaliyəət adlandırılıb.
Memarlıq-planlaşdırma quruluşu və həcmli-məkan sistemi kimi İstiqlaliyyət küçəsi, Bakı şəhərinin özünəməxsus ensiklopedik şəhərsalma formasını təşkil edir. XIX–XX əsrin əvvəllərinin əsas memarlıq təzahürləri, indiki dövrə qədər öz stilistik cizgilərini tam olaraq qoruyub saxlamış bu bədii panoramada əksini tapmışdır. Küçədə milli-romantik, barokko və neoqotika üslublarından istifadə edilərək stilistik istiqamətlərin müxtəlifliyinin yaradılmasına baxmayaraq, küçənin inşasında klassik memarlıq üsullarına üstünlük verilmişdir.
Tarixi
redaktəİstiqlaliyyət küçəsinin yerləşdiyi ərazinin mənimsənilməsində 1870-ci illərdən başlanılmışdır.[1] 1878-ci ildə memar Ferdinand Lemkul tərəfindən kustar emalatxana sıralarının inşa layihəsi hazırlanmışdır.[1] 1882–1883-cü illərdə burada Taurekin sirki üçün taxtadan sirk binası inşa edilmişdir.[1] 1890-cı illərin əvvəllərində inzibati-ictimai tikililər üçün yer ayrılması ilə İstiqlaliyyət küçəsinin yerləşdiyi ərazinin (təxminən 3 ha) nizama salınması layihəsinə başlanmışdır.[1] Layihəyə əsasən küçədə Qubernator evi, Şəhər Duması və Upravasının binaları, realnı məktəb, məscid və ticarət sıralarının inşası nəzərdə tutulurdu.[1] Bu tikililər üçün Bakı qalası divarları boyunca yer ayrılmış, küçənin əks tərəfində isə yaşayış binalarının tikilməsi qərarlaşdırılmışdı.[1] Sonrakı iyirmi il ərzində küçə möhtəşəm ictimai, mülki və yaşayış binaları ilə tikilib abadlaşdırılmışdır.[1] Küçə ansambl xüsusiyyətinə malikdir, burada yerləşən tikililər isə tarix və memarlıq əhəmiyyətinə malik abidələr kimi dövlət qeydiyyatına alınmışdır.[1]
İçərişəhər ətrafı dairəvi magistralın bu hissəsinin şimal-qərbindən cənub-şərqinin küncünə kimi yerləşən bütün binalar mühüm şəhərsalma mövqeyi tuturlar.[1] Memarlıq xüsusiyyətləri ilə seçilən binalar arasında Sadıqov qardaşlarının mədaxil evi (Q. Ter-Mikelov, 1910–1912), Azərbaycan Dövlət Akademik Filarmoniyasının binası (Q. Ter-Mikelov, 1910–1912), Bakı Şəhər İcra Hakimiyyətinin binası (Y. Qoslavski, 1900–1904), Zeynalabdin Tağıyevin qız məktəbinin binası (Y. Qoslavski, 1898–1901), İsmailiyyə sarayı (İ. Ploşko, 1907–1913) binalarını qeyd etmək mümkündür. Küçədə milli-romantik, barokko və neoqotika üslublarından istifadə edilərək stilistik istiqamətlərin müxtəlifliyinin yaradılmasına baxmayaraq, küçənin inşasında klassik memarlıq üsullarına üstünlük verilmişdir.[2]
Memarlıq-planlaşdırma quruluşu və həcmli-məkan sistemi kimi İstiqlaliyyət küçəsi, Bakı şəhərinin özünəməxsus ensiklopedik şəhərsalma formasını təşkil edir. XIX əsrin sonları XX əsrin əvvəllərinin əsas memarlıq təzahürləri, indiki dövrə qədər öz stilistik cizgilərini tam olaraq qoruyub saxlamış bu bədii panoramada əksini tapmışdır. Memarlar Dmitri Buynov, İosif Qoslavski, İosif Ploşko, Yevgeni Skibinski, Qavriil Ter-Mikelov, Məşədi Mirzə Qafar İsmayılov, Həsən Məcidov öz yaradıcılıqları ilə Bakı şəhərinin tarixi ərazisində şəhərsalma ansamblının yaradılmasına nail olmuşlar.[3]
Tarix və memarlıq abidələri
redaktəÜnvan | Bina | Qısa təsvir | Şəkil | Koordinantları |
---|---|---|---|---|
1 | Gülüstan Sarayı | "Gülüstan" sarayı 1980-ci ildə tikinti işləri üzrə Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir[4][5]. Sarayın memarları olaraq Nazim Hacıbəyov və Hafiz Əmirxanov, inşaat işləri üzrə konstruktorlar isə Novruz İsmayılov və Kamil Kərimov seçilmişdilər[6]. Binanın layihəsi "Bakgiproqor" institutunda hazırlanmışdır[7]. 1982-ci ildə sarayın müəllif kollektivi (memarlar Nazim Hacıbəyov və Hafiz Əmirxanov, konstruktorlar Novruz İsmayılov və Kamil Kərimov, Fira Rüstəmbəyova və Teodor Şarinskinin başçılığı altında mühəndislərdən ibarət işçi qrupu, eləcə də inşaatçılar Tofiq Əhmədov və Armais Kevorkov) Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür[6][7]. Layihənin müəllifləri sarayın arxitekturasında Azərbaycan milli memarlığı üçün ənənəvi vahid motivləri tətbiq etmişdilər: tağ sırası ilə çərçivələnmiş eyvanlar, binanın ümumi fasadına özünəməxüsus görkəm bəxş edirlər. | 40°22′53″ c. e. 49°50′29″ q. u.HGYO | |
2 | Azərbaycan Dövlət Akademik Filarmoniyası | Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakının ən qədim konsert kompleksidir. Filarmoniya binası 1910–1912-ci illərdə mülki-mühəndis Qavriil Ter-Mikelovun layihəsi əsasında Niyazi küçəsi (keçmiş Sadovaya küçəsi) və İstiqlaliyyət küçəsinin kəsişməsində, sonradan Filarmoniya bağı adlandırılmış park (keçmiş adı Qubernator bağı) ərazisində inşa edilmişdir. Palladiya ruhunda İtaliya intibahı, memarın layihəsini işlədiyi tikilinin obrazlı həllinə son dərəcə yaxşı uyğun gəlirdi. Bu həll, memarlıq-planlaşdırma ideyasını, tikili üçün ayırılan torpaq sahəsinin yeri – yerin uduşlu relyefini və iqlim xüsusiyyətlərini əvvəlcədən müəyyən edir. Bina dənizə, mənzərəli Bakı buxtasına tərəf yönəlib. Cənub tərəfdən o, klassik orderləri istifdə etməklə incə və zərif şəkildə ayrın göstərilmiş təntənəli çoxyaruslu kompozisiya kimi qəbul edilir. Əsas həcm memarlıq kütlələrinin artan ritmik özəyi üzərində — yan qanadlardan mərkəzə doğru inşa edilib. Bütün həcmli-məkan quruluşu dekorativ fənərlə birgə günbəz və minarə üslublu cinahlardan çıxan düzgün quruluşlu qüllələr tamamlayıb.[1] | 40°22′53″ c. e. 49°50′29″ q. u.HGYO | |
4 | Bakı Şəhər İcra Hakimiyyətinin binası | Bakı Şəhər İcra Hakimiyyətinin binası saray tipli inzibati binadır. Bina 1900–1904-cü illərdə memar İosif Qoslavskinin layihəsi əsasında barokko stilində inşa edilmişdir. Bina memar Qoslavskinin son əsəridir. 1904-cü ildə Qoslavskinin ölümündən sonra layihənin tamamlanması işinə əvvəlcə Kazimir Skureviç, daha sonra isə İosif Ploşko rəhbərlik etmişdir. Kompozisiyanın ciddi klassik sxemini saxlayan Qoslavski Duma binasının fasadına simmetrik həll verərək əsas həcmin üfüqi bölünmələrinə qarşı oxu şaquli olaraq qüllə ilə ifadə etmişdir. Binanın həcmi ilə orqanik bağlanan qülləni binanın önündə yerləşdirməsi bütün kompozisiyanı gözəl həcmi həll ilə zənginləşdirdi, eyni zamanda küçənin uzaq məsafələrindən şaqulinin mənimsənilməsini əldə etdi. Qərbi səmtləşmədə binanın güclü plastikliyi, işıq və çıxan səthlərin kölgələrinin oynaması onun həcmi-məkani qabarıqlığını daha da gücləndirir. | 40°22′53″ c. e. 49°50′29″ q. u.HGYO | |
6 | Bakı real məktəbinin binası | Hazırda Azərbaycan Dövlət İqtisad Universiteti yerləşən və əsas fasadı İstiqlaliyyət küçəsində böyük bir ərazini tutan inzibati bina 1901–1904-cü illərdə mülki-mühəndis Dmitri Buynovun layihəsi əsasında realni məktəb binası kimi inşa edilmişdir.[8] Memar binanın ilkin layihəsini 1892-ci ildə təşkil etmiş, lakin həm layihədə həm də smetada əhəmiyyətli dərəcədə çatışmazlıqların və nöqsanların olması səbəbindən qəbul edilməmişdir.[8] 1900-cü ilin əvvəllərində Buynovun dəyişikliklər edərək İtalya İntibah memarlığı stilində işlədiyi layihə təsdiq edilmişdir. Bina, qırmızı xəttə boyunca lüçənin rəvan xəttinə daxil edilmişdir və yan qanadlarının bucaq altında yerləşmiş olduğu mərkəzi hissənin əzəmətliyi ilə xüsusi olaraq nəzərə çarpdırılmışdır. Fasadın klassik quruluşu birinci mərtəbənin çox əsaslı şəkkildə yonulmamış daş hörgüsü ilə açıq-aydın ifadə olunmuş kürsülük və Korinf pilyastrları və çox çıxarılmış pərvazla möhkəmləndirilmiş iri tağ yerləri ilə birgə tamamlayıcı yuxarı mərtəbə magistralın memarlıq-planlaşdırılma quruluşunda binanın əhəmiyyətini müəyyən etmişdir.[8] Fasadın gözəl plastikası, işlənmə mədəniyyəti və detalların aydın çəkilməsinə münasibət məktəb binasının bütün kompozisiyasında aşkar edilmişdir. Yüksək relyefdə daşdan düzəldilmiş, yan qanadların yuxarı künclərində klassik memarlıq motivinin kompozisiyasının dekorativ-ornamental inkişafı binanın memarlığında müstəsna diqqət cəlb edir.[8] | 40°22′53″ c. e. 49°50′29″ q. u.HGYO | |
8 | AMEA Əlyazmalar İnstitutu və Hüseyn Cavidin ev-muzeyi | Aleksandra imperator rus-müsəlman qız məktəbinin binası 1898–1901-ci illərdə memar Y. Qoslavskinin layihəsi əsasında inşa edilmişdir. Məktəb binası İstiqlal küçəsində qala divarları yaxınlığında inşası nəzərdə tutulan ilk tikililərdən biri idi.[9] Qoslavski binanın layihəsini 1896-cı ildə hazırlayaraq təhvil versə də, layihənin təsdiqlənməsi siyasi səbəblərə görə binanın təməlinin qoyulmasına kimi uzadılmışdır. Sahənin cənub hissəsində yerləşən, planda П-şəkilli olan məktəbin qala divarı sayəsində yaranan bağlı həyəti var. İnteryerlər müvafiq təvazölü, zövqlü tərtib olunmuş, karniz və detallar aydın göstərilmiş, binanın mərkəzi hissəsində yerləşən baş akt zalı şərq memarlıq üsul və formalarında təmtəraqlı şəkildə bəzədilmişdir.[10] | 40°22′53″ c. e. 49°50′29″ q. u.HGYO | |
9 | Yaşayış binası | Yüzbaşyanların malikanəsi[11] saray tipli yaşayış binasıdır. 1900–1901[12]-ci illərdə memar Qavriil Ter-Mikelovun[13] layihəsi əsasında inşa edilmişdir. | 40°22′53″ c. e. 49°50′29″ q. u.HGYO | |
10 | İsmailiyyə Sarayı | Musa Nağıyev tərəfindən, oğlu İsmayılın şərəfinə Qotik üslubda inşa etdirilmiş saray binasıdır. Binanın memarlıq layihəsinin müəllifi mülki memar İ. K. Ploşkodur. Saray ilkin dövrdə Müsəlman Xeyriyyə Cəmiyyətinin qərargahı kimi istifadə olunsa da, hal-hazırda AMEA-nın Rəyasət Heyətinin binası kimi istifadə edilir. Venesiya qotikası[14][15] üslubunda tikilmiş İsmailiyyə sarayının fasadı çox plastikdir və yaxşı işlənmişdir. Fasadın memarlıq kompozisiyasının inkişafı şaquli xətt üzrə yan rizalitlər şəklində ardıcıl səciyyəvi xüsusiyyətə malikdir. İ. Ploşko öz yaradıcılığında bu üsula tez-tez müraciət etmişdir. Fasadın hədsiz dərəcədə plastik işlənməsi ona xüsusi gözəllik və rövnəq qatır. Bina düşünülmüş həcm-məkan həllinə malikdir. Birinci mərtəbədə korpusun eninə çıxışında uzun dördbucaqlı formada vestibül yerləşir, daha sonra iri ionik sütunları olan foye açılır, ondan sonra geniş mərkəzi üçmarşlı giriş pilləkəni gəlir. Foyenin künclərində qapalı ikimarşlı pilləkənlər yerləşir. | 40°22′53″ c. e. 49°50′29″ q. u.HGYO | |
15 | Respublika Oteli | 1971[16]-ci ildə Həsən Məcidovun[17] layihəsi əsasında inşa edilmiş otel binasıdır. İlkin olaraq "Bakı mehmanxanası" adlandırılmışdır. 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə tarixi otel binasında əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. 12 mərtəbəli oteldə 30 nömrəlik geniş və yaraşıqlı otaqlar ən müasir standartlara cavab verən şəraitlə təmin edilmişdir. Oteldə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans salonu, restoran və kafelər fəaliyyət göstərir.[18] | 40°22′53″ c. e. 49°50′29″ q. u.HGYO | |
17/19 | Azərbaycan Respublikasının Prezident sarayı | Azərbaycan Respublikasının Prezident sarayı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və İşlər İdarəsinin yerləşdiyi inzibati binadır. Prezident sarayı əvvəllər Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi adlanırdı. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən və Azərbaycan SSR-in institusional strukturları ləğv olunduqdan sonra bu bina ali hakimiyyət iqamətgahı statusunu saxlamış və hakimiyyət orqanlarının yeni adlarına müvafiq olaraq, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası adlanmağa başlamışdır. 2005-ci ildən bina rəsmi olaraq Prezident sarayı adını almışdır. Prezident sarayı mərmər və qranit üzlüklü onikimərtəbəli binadır. Prezident sarayının tikilməsinə dair işlər 1977-ci ilin oktyabr ayında Fuad Orucovun (layihənin rəhbəri), Tahir Allahverdiyevin (memar) və Mədət Xələfovun (konstruktor) layihəsini bəyənmiş Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdır. Sarayın inşasına isə 1978-ci ildə başlanmış, 1986-cı ildə bina istifadəyə verilmişdir. | 40°22′53″ c. e. 49°50′29″ q. u.HGYO | |
21 | Yaşayış binası | Sadıqov qardaşlarının mədaxil evi 1910–1912-ci illərdə Qavriil Ter-Mikelovun layihəsi əsasında inşa edilmişdir. Bina fərqli kompozisiya quruluşu və memarlıq işləmələri, yerli memarlığın zərif elementləri və detalları ilə qeyd edilmişdir. Yaşayış evi zəngin həcmli plastikaya və yüksək tikinti mədəniyyətinə malikdir. Binanın yerləşdiyi ərazidə əvvəl qəbirsanlıq olub. Bina Milli-romantik memarlıq stilində inşa edilmişdir. 1909-cu ildə bu evin layihəsinin tərtib olunması üzrə ümumrusiya müsabiqəsi elan edilir, binanın müəllifi olan Qavriil Ter-Mikelov birinci mükafatı əldə edir.[19] | 40°22′53″ c. e. 49°50′29″ q. u.HGYO | |
23 | Yaşayış binası | Qrubşiçin evi[20] İstiqlaliyyət küçəsində ilk tikilmiş binalardan biridir.[20] Bina 1880-ci illərdə inşa edilsə də, 1896-cı ildə Kazimir Skureviçin layihəsi əsasında yenidənqurma işləri aparılmışdır.[20] Zəif klassik formalarda fasadın ilkin formasını saxlamaqla Skureviç, interyerləri tamamilə yenidən qurmuş və binanın daxili həyətini abadlaşdırmışdır.[20] Yerin relyefi sayəsində həyət sahəsinə dolğun memarlıq siması verməklə dirək divarları üsulundan istifadə edilmiş, bəzək heykəlləri əlavə edilmişdir.[20] Heykəllər istisna olmaqla həyətin ilkin memarlıq həlli dəyişilməz saxlanmışdır.[20] | 40°21′51″ c. e. 49°49′53″ q. u.HGYO | |
25 | Qərb Universitetinin binası | Yaşayış binası kimi 1892-ci ildə Yuzef Qoslavskinin layihəsi əsasında inşa edilmişdir.[21] Həxm-məkan və memarlıq həlli sayəsində şəhərin tarixi məhəllələrinin formalaşdırılmasında məsul şəhərsalma mövqeyi tutur. Əzəmətli və təntənəli şəkildə təfsir edilmiş klassik simmetrik fasad Bakı şəraitində mənzil tikintisinə tələbləri nəzərə almaqla gözəl cızılmış kompozisiya əsasında işlənmişdir. Fasadın simmetriyası üç mehvərlə xüsusi olaraq nəzərə çarpdırılmışdır: bu zaman mərkəzdəki rizalit və iki yana bərkidilmiş ikimərtəbəli erkerlər istifadə edilmişdir.[21] Klassik formalarda fasadın dolğun plastikası, daş detalların incə şəkildə aydın çəkilməsi, işləmə və mükəmməl səviyyəyə malik hörgü məharəti ilə əsl memarlıq abidəsi yaratmağa nail olmuş Qoslavskinin bu əsəri izləyicilərdə dərin emosional heyranlıq hissi doğurur.[21] | 40°22′53″ c. e. 49°50′29″ q. u.HGYO | |
27 | Beynəlxalq Əlaqələr Mərkəzi və "Vətən" Cəmiyyətinin binası | Yaşayış binası kimi 1893–1894-cü illərdə Yuzef Qoslavskinin layihəsi əsasında inşa edilmişdir.[21] Memarlıq kompozisiyası İstiqlaliyyət küçəsi 25 ünvanında yerləşən yaşayış binası ilə eyni üsulda, lakin özünəməxsus ifadəliliklə həll edilmişdir. Burada istər klassik kompozisiya üsulları, istərsə də order sisteminin element və formalarından məharətlə istifadə olunmuşdur.[21] Binanın inşası zamanı hər bir detal böyük məhəbbət və ustalıqla aydın çəkilmiş, fasadın daş hörgüsü naturalda elə ustalıqla yerinə yetirilmişdir ki, bina mühüm incəsənət əsərinə çevrilmişdir.[21] Mərtəbələrin nəcib çıxıntılı hörgüsü, pəncərələrin haşiyələrinin incə profilləri, kapitellər, friz klassik pərvaz daş üzərində dərin naxışlı oyma Azərbaycan memarlığının ən yaxşı ənənələrini əks etdirir.[21] Yuxarı mərtəbələrin irəli çəkilmiş eyvanları və metal məhəccərlərlə birgə irəli böyük çıxarılma ilə daş kronşteylər yaşayış binasına xüsusi rahat görüntü bəxş etmişdir.[21] 1990-cı ildə binanın təmiri zamanı yuxarı mərtəbənin eyvanı sökülmüşdür.[21] | 40°22′53″ c. e. 49°50′29″ q. u.HGYO | |
29/31 | Azərbaycan Respublikası Prokurorluğunun Cəzaların İcrasına Nəzarət İdarəsi, Bakı şəhər Sabail rayon Prokurorluğu, "Bakqiproqor" Dövlət Layihə İnstitutu, Yaşayış binası | Mirzəbəyovun mədaxil evi İstiqlaliyyət küçəsi, 29/31 və Şeyx Şamil küçəsi 3/5 kəsişməsində, Bakı metropoliteninin İçərişəhər metrostansiyası və Filarmoniya bağı ilə üzbəüz yerləşən yeddi mərtəbəli tarixi binadır. Əsası 1911-ci ildə qoyulmuş binanın inşasına Mirzəbəyov (Mirzabekyants) qardaşlarının sifarişi ilə başlansa da, 1915-ci ildə Birinci Dünya müharibəsinin başlanmasından sonra sifarişçi inşaatı hələ tamamlanmamış binanı Musa Nağıyevə sataraq Bakını tərk etmişdir. Binanın memarı mülki-mühəndis Vartan Sarkisovdur.[22] Klassik memarlıq elementlərindən geniş istifadə ilə intibah memarlığı üslubunda inşa edilmiş binanın fasadları İstiqlal və Şeyx Şamil küçələrinə baxır və tikili demək olar ki, bütöv bir kvartalı əhatə edir.[23] | 40°22′53″ c. e. 49°50′29″ q. u.HGYO | |
33 | 132–134 nömrəli təhsil kompleksi | Keçmiş Müqəddəs Nina məktəbinin binasıdır.[22] Əvvəl bina hərbi xəstəxana kimi tikilsə də, sonradan Dmitri Buynovun layihəsi əsasında yenidən qurularaq məktəb binasına çevrilmişdir.[22] Memar keçmiş hərbi xəstəxananın bir neçə korpusu arasında köməkçi binalar inşa edərək onları vahid bir kompleksdə birləşdirmişdir. Əsas fasadın kompozisiya quruluşunun əsas xüsusiyyəti Toskana orderinin dörd sütunlu portikidir. Memarlıq xüsusiyyətlərinə görə bina, detallara ayrılmada, lakin daha azad təfsirdə, pəncərə və detalların rəsmində klassik memarlıq ənənələrini əks etdirir.[22] | 40°22′53″ c. e. 49°50′29″ q. u.HGYO | |
35 | Yaşayış binası və Nəriman Nərimanovun ev-muzeyi | Şamaxıdan olan tacir Babayevin evi 1886-cı ildə Məşədi Mirzə Qafar İsmayılovun layihəsi əsasında inşa edilmişdir.[24] Bina, şəhərin mərkəzi magistralının şəhərsalma sisteminə daxil olmaqla yanaşı, həm də fəal memarlıq mövqeyinə malikdir.[24] Fasadların həllində klassik order sistemindən həll edilmişdir. incə və mütənasib detallara ayrılma, fasadların mənzərəli plastikası və incə işlənmiş memarlıq detallarına görə bina memarın ən yaxşı əsərlərindən biri kimi qiymətləndirilir.[24] | 40°22′53″ c. e. 49°50′29″ q. u.HGYO | |
37 | Yaşayış binası | 1890-cı illərdə inşa edilmiş yaşayış binası şəhərin tarixi mərkəzinin bədii simasını müəyyən edən şəhər magistralının əsas tikililərindən biridir. Binanın memarının kim olması məlum deyil. Yaşayış binası şəhərin bu sahəsinin şəhərsalma sistemində künc mövqeyi tutmaqla, üslub cəhətdən ətafın məzmun-məkan mühitinə daxil olmuşdur. Order sisteminin klassik fprmalarında inşa edilmiş bina, XIX əsrin sonu-XX əsrin əvvəllərində Bakıda inşaat ritmi və miqyasını son dərəcə yaxşı əks etdirir.[24] Frontonlarla birgə xüsusi olaraq nəzərə çarpdırılmış yan rizalitləri və mərkəz boyu irəli çıxarılmış daş eyvanlar Bakının memarlıq və iqlim xüsusiyyətləri nəzərə alınmaqla inşa edilmişdir.[24] Fasadların zəngin plastikası, detalların elementlərinin aydın çəkilməsinə yetirilmiş xüsusi diqqət, əhəngdaşından yerinə yetirilmiş naxışlı qabarıq oymalar yaşayış evini şəhərin bədii irsinə aid memarlıq abidəsinə çevirmişdir.[24] | 40°22′53″ c. e. 49°50′29″ q. u.HGYO | |
39 | Yaşayış binası | İstiqlaliyyət küçəsi, 39 və Murtuza Muxtarov küçəsi, 2 ünvanlarının kəsişməsində yerləşən yaşayış binası 1910-cu ildə inşa edilmişdir.[24] Memarı məlum deyil. Yaşayış evi sahədə order sisteminin klassik formalarında özünün gözəl həcm-məkan kompozisiyası ilə yerləşdirilmişdir. İki əsas küçənin tinini möhkəmləndirən bina Bakının tarixi mərkəzinin formalaşmasına şəhərsalma əhəmiyyəti daşıyır.[24] Erkerlərin bazasında yaradılmış və mərtəbələrdə onların eyvanlarını birləşdirən binanın tin hissəsinin maraqlı həlli, kanondan kənara çıxmayan formalardan istifadə və memar tərəfindən klassik formaların tam dərk edilməsi binanın bədii cizgilərini müəyyən etmişdir.[24] Birinci mərtəbənin itilənmiş qabarıq dueti, üzərindən ucalan Korinf orderi pilyastrları ilə yonulmuş tin vurğulanması ilə oxşayıcı boyalardan olan əhəngdaşının bütöv bloklarından və incə pilyastr tərəflərini tamamlayan açılmış pərvaz binanın şəhərin bədii simasını tamamlayan abidələrdən birinə çevirmişdir.[24] | 40°22′53″ c. e. 49°50′29″ q. u.HGYO | |
41 | Yaşayış binası (İstiqlaliyyət küçəsi, 41) | Yaşayış binası 1912-ci ildə memar İosif Ploşkonun layihəsi əsasında inşa edilib.[25] Yüksək memarlıq və bədii keyfiyyətlərə malik, şəhərin tarixi mərkəzinin formalaşmasında iştirak edən tikililərdən biridir. Bina iki zəif formada irəli çıxan rizalitlərlə birgə order sisteminin klassik üsulları əsasında həll edilmişdir. Fasadların memarlıq kompozisiyasının əsas elementi iki yuxarı mərtəbəni birləşdirən Korinf orderinin pilyastrlarıdır. Fasadın nəcib, təvazökar plastikası üçün detalların incə çəkilməsi səciyyəvidir.[25] Zəngin yapma ilə yarımdairə şəkilli pəncərələrin qıfıl daşlarının dekorativ maskaları, birinci mərtəbənin qabarıq hörgüsü fonunda gerblərin təsviri evin sahibinin mötəbərlitini və hansı mövqeyə sahib olduğunu göstərir. Əsas fasad boyu sürahi bəndlə birgə uzadılmış eyvanlar, üfüqiliyi xüsusi olaraq nəzərə çarpdıran əlavə memarlıq mövzusu olmaqla, kompozisiya quruluşunun vahidliyini təşkil edərək pilyastrların şaqulləri və İoniya yarımsütunları ilə həmahəng şəkildə uyğunlaşırlar.[25] | 40°22′53″ c. e. 49°50′29″ q. u.HGYO | |
43 | Yaşayış binası | Üç mərtəbəli yaşayış binası 1895-ci ildə inşa edilmişdir.[26] Memarı naməlumdur. Künc mövqeyi tutan bina küçənin şəhərsalma sistemində künc mövqeyi tutmaqla, üslub cəhətdən ətrafdakı binalarla oxşarlıq təşkil edir. Binanın birinci mərtəbəsində ticarət yerlər və təntənəli giriş vardır. | 40°22′53″ c. e. 49°50′29″ q. u.HGYO | |
45 | Yaşayış binası | Yaşayış binasının birinci mərtəbəsi 1895-ci ildə, digər iki mərtəbəsi isə XX əsrin əvvəllərində inşa edilmişdir.[27] Memarı naməlumdur. Binanin memarlığında həm orderli, hə də ordersiz sistemlərin təsiri hiss olunur. Fasadların ciddi şəkildə detallara ayrılması, həcmli detalların haşiyələri ilə pəncərə yerlərinin ahəngi və ümumi memarlıq kompozisiyası binanın həllinin daxili mahiyyətini meydana çıxarmışdır.[27] | 40°22′53″ c. e. 49°50′29″ q. u.HGYO | |
51 | Monolit yaşayış binası | İstiqlaliyyət küçəsi, 51 və Azərbaycan prospekti, 1 ünvanlarının kəsişməsində yerləşən monumental yaşayış binası 1947-ci ildə memar Konstantin İvanoviç Sençixinin (1905–1985) layihəsi əsasında inşa edilmişdir. Binanın inşasına başlanmazdan əvvəl onun yerində aparılan geoloji tədiqat zamanı sonradan binanın təməli kimi istifadə edilmiş nəhəng monolit daş çıxıntısı aşkarlanmışdır. Buna görə də tikilini "Monolit" adlandırmağa qərar verilmişdir.[28] Binanın orijinal memarlıq həlli — binanın arxa tərəfinin ölçüsünün ön tərəfin ölçüsündən bir qədər kiçik olması — böyük monumentallıq və nəhəng ölçü illüziyası yaradaraq ona xüsusi təntənəli görünüş bəxş etmişdir.[29] | 40°20′09″ c. e. 49°50′04″ q. u.HGYO | |
53 | Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi | Hazırda Ədəbiyyat muzeyi kimi istifadə olunan binanın iki mərtəbəsi 1860-cı illərdə memar Qasım bəy Hacıbababəyovun layihəsi əsasında karvansara kimi inşa edilmişdir.[30] 1915-ci ildə binada yenidənqurma və əlavə inşaat işlərinə başlanılmış, bu zaman tikiliyə daha iki mərtəbə əlavə olunmuşudur. Yenidənqurma işlərindən sonra keçmiş karvansara binasında "Metropol" oteli fəaliyyətə başlamışdır. 1918–1920-ci illərdə binada Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Kabinetinin işşçiləri yaşamış, 1920–1930-cu illərdə isə Azərbaycan Həmkarlar İttifaqları Şurası fəaliyyət göstərmişdir. 1939-cu ildə bina yeni yaradılmış Ədəbiyyat muzeyinə verilmiş və həmin il Sadıq Dadaşov və Mikayıl Hüseynovun layihəsi əsasında binada əsaslı yenidənqurma işlərinə başlanmışdır. Bu zaman binanın fasadında heykəllər quraşdırılmış, interyerlər isə Lətif Kərimovun layihəsi əsasında işlənmişdir. | 40°22′53″ c. e. 49°50′29″ q. u.HGYO |
Park və bağlar
redaktəFilarmoniya bağı
redaktə4.6 hektar sahəyə malik olan Filarmoniya bağı 1830[31]-cu ilin əvvəllərində o zaman Bakı qubernatoru olan Roman fon der Hovenin təşəbbüsü ilə iki qala divarları arasında (Bakı qalasının xarici divarları hələ sökülməmişdi) əkilmiş ağacların bazasında yaradılmışdır. Əvvəlcə Qubernator bağı, daha sonra isə Mixaylovski bağı (imperator II Nikolayın qardaşı Mixail Aleksandroviçin şərəfinə) adlandırılan Filarmoniya bağı son planlaşdırma quruluşu təşəkkül tapana kimi uzun formalaşma mərhələsi keçmişdir. Bağ ərazisində tut, zeytun, qovaq, əncir, akasiya, keçisöyüdü, həmçinin çoxlu sayda üzüm tənəkləri bitirdi.[20]
1859-cu ildə xarici qala divarları söküldükdən sonra bağın ərazisinin genişləndirilməsinə başlanmışdır. Həmin dövrdə şəhər bağının formalaşdırılmasında bədii cəhətlərə xüsusi diqqət yetirilmişdir. 1876-cı ildə bağda, açıq-aydın ifadə olunmuş relyefli sahələrdə hovuz və fəvvarələr, həmçinin kollonada inşa edilmişdir. 1904-cü ilin planı son olaraq formalaşmış landşaft üslublu yaşıl bağın yekun xüsusiyyətlərini müəyyən etmişdir.[20]
Sabir bağı
redaktəSabir bağı 1922-ci[32] ildə memar Ələsgərovun layihəsi əsasında "Kaspiy"[33] tipoqrafiyası binasının yerində qurulub və şəhərin bu hissəsinin yaşıllaşdırılmasına təkan verib.
Bağın formalaşması mərhələlər ilə baş verib. 1922-ci ildə bağda, qala divarının yanında Sabirin heykəli ucaldılır (heykəltaraş Yakov Keylixis, memar Y. Sırişev). 50-ci illərdə bağ olduqca genişlənir və onun ərazisi əlavə olaraq abadlaşdırılır və yaşıllaşdırılır. Yeni yaşıllaşdırma strukturu və qala divarına açılan yeni mənzərə bütün məkanın bədii-memarlıq görünüşünü daha da qabardır. Bununla əlaqədar şairin yeni heykəlinin ucaldılmasında zərurət yaranır. Yeni heykəl (heykəltaraş Cəlal Qaryağdı, memarlar Q. Əlizadə və E. İsmayılov) 1958-ci ildə bağın layihə kompozisiyasının mərkəzində yerləşdirilir.
Bağın ətrafında yerləşən tarixi memarlıq abidələri də onun formalaşmasında mühüm komponent rolunu daşıyır. Bağın memarlıq-landşaft görkəmini almasında vacib rolu həmçinin yaşıllaşdırma və abadlaşdırma ilə bağlı həyata keçirilən yenidənqurma tədbirləri[34] oynayıb.
Nizami bağı
redaktə1946–1954-cü illərdə Bakının mərkəzi küçələrinin abadlaşdırılması və yaşıllaşdırılması üçün xüsusi tədbirlər planı həyata keçirilmişdir.[35] Bu zaman İstiqlaliyyət küçəsində İsmailiyyə sarayı yaxınlığında yerləşən Sabir bağından Azərbaycan Ədəbiyyat Muzeyi binasına kimi küçənin hər iki tərəfində yerləşən əhəmiyyətsiz köhnə tikililərin sökülməsinə qərar verilmişdir. Söküntülər nəticəsində şəhərin qədim qala divarlarının bu hissədən keçən və Qoşa qala qapılarına kimi uzanan hissəsinin açılaraq üzə çıxarılması mümkün olmuşdur.[35] Bundan sonra yolun sağ tərəfində (Sabir bağı tərəf) terraslı bağ yaradılmış, hovuz və fəvvarə quraşdırılmış və yeni bağ Sabir bağına qatılmışdır. Həmin dövrdə İstiqlaliyyət küçəsinin sol tərəfində isə Azərbaycan prospektindən Məhəmməd Əmin Rəsulzadə küçəsi ilə kəsişmədə yerləşən Ədəbiyyat muzeyinin binasına kimi tikintilərdən təmizlənmiş hissədə Nizami bağı salınmış, bağda mütəfəkkir şairin abidə kompleksi ucaldılmışdır.[35] Nəticədə şəhərin bu hissəsində qala divarları, İsmailiyyə sarayı, Ədəbiyyat muzeyi, Monolit binası və iki şairin adını daşıyan Sabir və Nizami bağlarını əhatə edən yüksək landşaft-şəhərsalma ifadəliliyinə malik kompleks yaranmışdır.[35]
Nizami bağının yerləşdiyi ərazidə bağ salınması ideyası 1930-cu illərin sonlarında, Nizami Gəncəvinin 800 illik yubileyinin qeyd edildiyi ərəfədə meydana çıxmışdır. O zaman gələcək bağın ərazisində bir mərtəbəli karvansaralar və ticarət sıraları yerləşirdi.[36]
Bağın yuxarı meydançasında Nizami gəncəvinin heykəli (heykəltaraş F. Əbdürrəhmanov, memar S. Dadaşov və M. Hüseynov) ucaldılmışdır. On metrə qədər mailliyə malik[36] olan mürəkkəb ərazi bir-birinə söykənən dübucaqlı meydançalar şəklində həll edilmişdi. Nizaminin heykəli üzü şərq tərəfə yerləşdirilmişdir və hündür pyedestalı sayəsində bağın hər tərəfindən aydın görünür.[36] Bağın həcm-məkan həlli, yaşıllaşdırma işləri və yaxşı həyata keçirilmiş kiçik formaları burada landşaft və memarlığın harmonik birliyindən bəhs etməyə imkan verir. Ağac və kol bitkilərinin növləri uğurla seçilmişdir.[36]
1980-ci illərin sonlarında aparılan yenidənqurma işləri zamanı bağın şimal hissəsində geniş pilləkən eksplanada quraşdırılmış, şərq tərəfində isə terraslı su kaskadı inşa edilmişdir.[36]
Heykəl və monumentlər
redaktə-
Filarmoniya bağında kollonada və fəvvarə
Şairin adını daşıyan bağda ucaldılmış Mirzə Ələkbər Sabirin heykəli həm İstiqlaliyyət küçəsində, həm də ümumiyyətlə Bakıda ucaldılmış ilk şəhər heykəlidir.[37] Abidə 1922-ci ildə şairin vəfatının on illiyi ilə əlaqədar ucaldılmışdır.[38] 1958-ci ilə kimi parkda saxlanılmış və şairi ayaq üstə dayanan yerdə təsvir edən həmin əsərin müəllifi heykəltaraş Yakov Keylixis, memar isə Y. Sırışev olmuşdur. 1958-ci ildə parkın yenidənqurma və genişləndirilməsindən sonra həmin heykəlin yerində heykəltaraş Cəlal Qaryağdı, memar Q. Əlizadə və A. İsmayılovun müəllifi olduğu və şaiiri oturan yerdə təsvir edən ikinci heykəl ucaldılmışdır.[39]
1949-cu ildə Nizami bağında XII əsr mütəfəkkir-şairi Nizami Gəncəvinin müəllifləri heykəltaraş Fuad Əbdürrəhmanov, memar Sadıq Dadaşov və Mikayıl Hüseynov olan heykəli ucaldılmışdır. Heykəl 9 metrlik, səkkiz bucaqlı postament üzərində qoyulmuş 6 metrlik bürünc abidədir. Tuncdan tökülmüş Nizami Gəncəvinin fiquru ayaq üstə durmuş vəziyyətdə ucaldılmışdır. Nizaminin əlində lülə halında bükülmüş kagız vardı, onun nəzərləri Nizami muzeyinin Azərbaycan ədəbiyyatı klassiklərinin heykəlləri qoyulmuş eyvanına yönəlmişdi.[40]
1998-ci ildə İstiqlaliyyət küçəsində akademik Yusif Məmmədəliyevin müəllifləri heykəltaraş A. Əskərov, memar E. Əsədov və rəssam Ç. Fərzəliyev[41] olan heykəli ucaldılmışdır.
2007-ci ildə İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin açılışı olub.[42] Qranitdən və ağ mərmərdən yonulmuş, abidə üzərinə 28 may 1918-ci ildə Tiflisdə qəbul olunmuş Azərbaycanın İstiqlal Bəyannaməsinin həm ərəb, həm də latın qrafikalı Azərbaycan əlifbası ilə mətni həkk olunub.[42]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Fətullayev-Fiqarov, Şamil. Bakının Memarlıq Ensiklopediyası. Bakı: Şərq-Qərb. 2013. səh. 132.
- ↑ Кириченко, Е.И. Русская архитектура 1830-1910-х годов. Москва. 1978. səh. 128.
- ↑ А.П., Иваницкий. "Планировка г. Баку 1924-1927 гг". Ежегодник МАО (№ 5). 1928. (#accessdate_missing_url)
- ↑ Ред. колл. Е. И. Тамм, А. Х. Абуков, Ю. Н. Александров. Энциклопедия туриста. М.: Большая Российская энциклопедия. 1993. səh. 607. (#apostrophe_markup)
- ↑ Azad Sharifov. The Architectural Face of Modern Baku (ingilis). Azerbaijan International. Winter 1998. 50–51. 2017-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-03.
- ↑ 1 2 Эфендизаде, 1986
- ↑ 1 2 Седлецкая, 1985
- ↑ 1 2 3 4 Fətullayev-Fiqarov, Şamil. Bakının Memarlıq Ensiklopediyası. Bakı: Şərq-Qərb. 2013. səh. 138.
- ↑ Fətullayev-Fiqarov, Şamil, İ.V.Qoslavski-"Qafqazlı Rastrelli" (1865-1904), Bakı: Şərq-Qərb, 2013, səh. 24, ISBN 978-9952-32-053-4
- ↑ Fətullayev-Fiqarov, Şamil, İ.V.Qoslavski-"Qafqazlı Rastrelli" (1865-1904), Bakı: Şərq-Qərb, 2013, səh. 25, ISBN 978-9952-32-053-4
- ↑ ТЕР-МИКАЕЛОВ ГАБРИЕЛ МИКАЕЛОВ (1874-1949 гг.) (PDF). səh. 28. 2018-11-23 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 3 avqust 2018.
- ↑ "Почти мемуары с рассуждениями… (Часть 3)". inter-13.ru. 17.08.2012. İstifadə tarixi: 3 avqust 2018.[ölü keçid]
- ↑ "Армянский привкус бакинской нефти". rusarminfo.ru. 17.04.2016. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 avqust 2018.
- ↑ Ш. С. Фатуллаев. Жилые дома в застройке городов Азербайджана на рубеже XIX–XX веков. — Баку: Издательство Академии наук Азербайджанской ССР, 1963. — С. 63. — 117 с.
Так, одному из способнейших зодчих города И. Плошко, обладающему большим вкусом, незаурядным мастерством, принадлежат и общественные сооружения. Он построил здание "Исмаилия" в стиле венецианской готики…
- ↑ Моника Булай. Пальмы на проспекте нефтяников // Новая Польша : журнал. — 2004. — № 6. — С. 47.
Светлая венецианская готика — Исмаилия, которую называли "архитектурной симфонией", — стала шедевром другого польского архитектора, Плошко.
- ↑ "Хроника постройки зданий и памятников в городе Баку". ourbaku.com. İstifadə tarixi: 3 avqust 2018.[ölü keçid]
- ↑ "СПИСОК МАСТЕРОВ АЗЕРБАЙДЖАНСКОГО ЗОДЧЕСТВА И СОЗДАННЫХ ИМИ ПРОИЗВЕДЕНИЙ". uaa.az. Azərbaycan Memarlar İttifaqı. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 avqust 2018.
- ↑ "İlham Əliyev Respublika mehmanxanasının təmirdən sonrakı vəziyyəti ilə tanış olmuşdur". president.az. 20 iyul 2010. 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 avqust 2018.
- ↑ "Печальный очерк о бакинской улице Независимости". day.az. 1 июня 2007. 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2016.
- ↑ 1 2 3 4 5 6 7 8 Fətullayev-Fiqarov, Şamil. Bakının Memarlıq Ensiklopediyası. Bakı: Şərq-Qərb. 2013. səh. 143.
- ↑ 1 2 3 4 5 6 7 8 9 Fətullayev-Fiqarov, Şamil. Bakının Memarlıq Ensiklopediyası. Bakı: Şərq-Qərb. 2013. səh. 144.
- ↑ 1 2 3 4 Fətullayev-Fiqarov, Şamil. Bakının Memarlıq Ensiklopediyası. Bakı: Azərbaycan Memarlar İttifaqı. 2013. səh. 146.
- ↑ Сулейманов, Манаф. Дни минувшие (Исторические очерки). Баку: Азернешр. 1990. səh. 13. (#accessdate_missing_url)
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Fətullayev-Fiqarov, Şamil. Bakının Memarlıq Ensiklopediyası. Bakı: Azərbaycan Memarlar İttifaqı. 2013. səh. 147.
- ↑ 1 2 3 Fətullayev-Fiqarov, Şamil. Bakının Memarlıq Ensiklopediyası. Bakı: Azərbaycan Memarlar İttifaqı. 2013. səh. 151.
- ↑ "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI". e-qanun.az. Azərbaycan Respublikası Nazirlər Kabineti. 2017-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 avqust 2018.
- ↑ 1 2 Fətullayev-Fiqarov, Şamil. Bakının Memarlıq Ensiklopediyası. Bakı: Azərbaycan Memarlar İttifaqı. 2013. səh. 155.
- ↑ БУЛАНОВА, О. "Тайны Баку: «Монолит» — еще одна визитная карточка города". minval.az. газета «Эхо». 2016/08/29. 2017-08-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 avqust 2018.
- ↑ ""Монолит" - жилой дом на улице Гуси Гаджиева". ourbaku.com. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 avqust 2018.
- ↑ Шамиль Фатуллаев. Градостроительство Баку XIX—начала XX веков / Под ред. проф. В. И. Пилявского. — Ленинград: Стройиздат, 1978. — 215 с
- ↑ "Азербайджанская Государственная Филармония — Сад Филармонии" Arxivləşdirilib 2017-07-31 at the Wayback Machine, (az.)
- ↑ Эфендизаде Р. М. Архитектура Советского Азербайджана. — Стройиздат. — М., 1986. — С. 74.
- ↑ Шамиль Фатуллаев. Градостроительство Баку XIX—начала XX веков / Под ред. проф. В. И. Пилявского. — Ленинград: Стройиздат, 1978. — 215 с.
- ↑ А. А. Гасанова. Сады и парки Азербайджана / Под ред. проф. Ф. М. Гусейнова. — Баку: Ишыг, 1996. — 304 с.
- ↑ 1 2 3 4 ГАСАНОВА, А. А. САДЫ и ПАРКИ АЗЕРБАЙДЖАНА (история развития ландшафтной архитектуры). Баку: Ишыг. 1996. 54. ISBN 5-89650-266-4.
- ↑ 1 2 3 4 5 ГАСАНОВА, А. А. САДЫ и ПАРКИ АЗЕРБАЙДЖАНА (история развития ландшафтной архитектуры). Баку: Ишыг. 1996. 57. ISBN 5-89650-266-4.
- ↑ "Кейлихис (Кейхилис) Яков Израилевич (Иосифович)". artru.info. 2013-06-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-08-04.
- ↑ М. Тарланов, Р. Эфендиев. Изобразительное искусство Азербайджанской ССР. — М.: Советский художник, 1957. — С. 26. — 32 с.
- ↑ Агаев, Н. "Неподвластный волнам времени". anl.az. Бакинский рабочий. 2008 24 мая. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2018.
- ↑ "Monumental abidənin yeni həyatı". 2018-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-04.
- ↑ "Bakını bəzəyən heykəllər". ann.az. 04 Avqust 2015. 2021-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2018.
- ↑ 1 2 "«İstiqlal Bəyannaməsi» abidəsinin açılışı olub". www.azadliq.org. Azadlıq Radiosu. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 January 2016.
Ədəbiyyat
redaktə- В. С. Седлецкая; редактор Т. А. Гатова. Лучшие произведения советских зодчих 1981-1982 гг. М.: Стройиздат. 1985. 287. (#apostrophe_markup)
- Эфендизаде Р. М. Архитектура Советского Азербайджана. М.: Стройиздат. 1986. 316. (#apostrophe_markup)
- Манаф Сулейманов — Дни минувшие (Исторические очерки), Баку, Азернешр, 340 səhifə.
- Zapletin, Georgi, İosif Qoslavski. Bakı şəhərinin tarixindəki memar, Bakı: Şərq-Qərb, 2013
- Fətullayev-Fiqarov, Şamil, İ.V.Qoslavski-"Qafqazlı Rastrelli" (1865-1904), Bakı: Şərq-Qərb, 2013, ISBN 978-9952-32-053-4
- Fətullayev-Fiqarov, Şamil, Bakının memarlıq ensiklopediyası, Bakı: Şərq-Qərb, 2013
- Fətullayev-Fiqarov, Şamil, Bakı memarları XIX əsrin sonu-XX əsrin əvvəllərində, Bakı: Şərq-Qərb, 2013
- Fətullayev-Fiqarov, Şamil, Bakıda şəhərsalma – XIX əsr və XX əsrin əvəllərində, Bakı: Şərq-Qərb, 2013
- Fətullayev-Fiqarov, Şamil, Memar İ.K.Ploşko - "İsmailiyyə"nin memarı, Bakı: Şərq-Qərb, 2013, ISBN 978-9952-32-020-6