Sadiqov Qardaslarinin Medaxil Evi - Wikipedia
Sadıqov qardaşlarının mədaxil evi — Bakı şəhərində, İstiqlaliyyət küçəsi və Niyazi küçəsinin kəsişməsində, Filarmoniya bağı ilə üzbəüz yerləşən yeddi mərtəbəli tarixi binadır. Bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.
Sadıqov qardaşlarının mədaxil evi | |
---|---|
40°21′51″ şm. e. 49°49′50″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | İstiqlaliyyət küçəsi, 21 |
Aidiyyatı | Sadıqov qardaşları |
Memar | Qavriil Ter-Mikelov |
Tikilmə tarixi | 1912 |
Üslubu | Milli-romantik memarlıq[1] |
İstinad nöm. | 3288 |
Kateqoriya | Bina |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sadıqov qardaşlarının mənfəət evi 1910–1912-ci illərdə Qavriil Ter-Mikelovun layihəsi əsasında inşa edilmişdir. Bina fərqli kompozisiya quruluşu və memarlıq işləmələri, yerli memarlığın zərif elementləri və detalları ilə qeyd edilmişdir. Yaşayış evi zəngin həcmli plastikaya və yüksək tikinti mədəniyyətinə malikdir.
Tarixi
redaktəBinanın yerləşdiyi ərazidə əvvəl qəbirsanlıq olub. Ona görə də binanın inşasına başlandığı zaman yerli əhali sifarişçiyə xitabən deyir ki, "Ay Kərbəlayi, nə uğursuz yer seçmisən, boşuna pulu havaya sovurdun." O, isə cavabında bildirir ki, "Boş-boş danışmayın, lap da yaxşı yerdir. Hətta qubernator da, evin qabağında mənim üçün bağ saldırıb."[1][2]
Sadıqov qardaşlarının mənfəət evi 1910–1912-ci illərdə Milli-romantik memarlıq stilində inşa edilmişdir. 1909-cu ildə bu evin layihəsinin tərtib olunması üzrə ümumrusiya müsabiqəsi elan edilir, binanın müəllifi olan Qavriil Ter-Mikelov birinci mükafatı əldə edir.[3] SSRİ dövründə binada Azərbaycan SSR-in Mərkəzi İcrayə Komitəsi yerləşmişdir.[1]
Memarlıq xüsusiyyətləri
redaktəBina Niyazi və İstiqlaliyyət küçələrinin tinində inşa edilib və künc qüllə hissəsi ilə xüsusi olaraq diqqət cəlb edərək məsul şəhərsalma mövqeyi tutur. Bina şərq memarlığına xas xüsusiyyətlərə malik olsa da, memarın interpretasiyasında və yerli iqlim şəraitinin nəzərə alınması onun çoxlu eyvan və lodciyalara malik olmasına səbəb olmuşdur.[4] Bina fərqli kompozisiya quruluşu və memarlıq işləmələri, yerli memarlığın zərif elementləri və detalları ilə qeyd edilmişdir. Yaşayış evi zəngin həcmli plastikaya və yüksək tikinti mədəniyyətinə malikdir.
Onun planlaşdırma quruluşu ənənəvi şüşəbəndlərsiz otaqların iki sıralı düzülüşü ilə seçilir. Ön və yaşayış otaqları əla göstərilmiş interyerlərə malikdir. Düzgün çatmatağla xüsusi olaraq nəzərə çarpdırılmış ön giriş, ilk işıqla işıqlandırılmış mərmər pilləkənli vestibülə aparır.[5] Ter-Mikelovun yaradıcılığını tədqiq etmiş E. A. Tiqranyan yazır: "Sadıqov qardaşlarının evinin obyektiv memarlıq dəyəri Azərbaycan milli memarlığının realist inkişaf yoluna təkan verməsindədir."[2]
İstinadlar
redaktə- ↑ 1 2 3 "ЖИЛОЙ ДОМБРАТЬЕВ САДЫХОВЫХ". Baku: 62. 2019-01-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 iyun 2016.
- ↑ 1 2 "Жилой дом братьев Садыховых". baku.ru. 2018-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2016.
- ↑ "Печальный очерк о бакинской улице Независимости". day.az. 1 июня 2007. 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2016.
- ↑ "Современное использование особняков Баку XIX-XX-веков". vzglyad.az. 20.11.15. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2016.
- ↑ Fətullayev-Fiqarov, Şamil. Bakının Memarlıq Ensiklopediyası. Bakı: Azərbaycan Memarlar İttifaqı. 2013. səh. 141-13.
Ədəbiyyat
redaktə- Şamil Fətullayev-Fiqarov — Bakının Memarlıq Ensiklopediyası. Bakı, Azərbaycan Memarlar İttifaqı, 528 səhifə