Azerbaycan Respublikasi Nazirler Kabineti - Wikipedia
Azərbaycan Respublikasının Nazirlər Kabineti — Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədilə yaradılan, öz fəaliyyətində birbaşa Prezidentə tabe və onun qarşısında cavabdeh olan, iş qaydası Prezident tərəfindən müəyyənləşən yuxarı icra orqanıdır.
Nazirlər Kabineti | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yurisdiksiya | Azərbaycan Respublikası |
Yaradılma tarixi | 7 fevral 1991 |
Əvvəlki qurum | Azərbaycan SSR Nazirlər Soveti |
Tabelik | Azərbaycan Prezidenti |
Baş qərargah | Bakı |
Ünvan | Səbail rayonu, M.Lermontov 68 |
Rəhbərlik | |
Baş nazir | Əli Əsədov |
Baş nazirin birinci müavini | Yaqub Eyyubov |
Baş nazirin müavini | Şahin Mustafayev |
Rəsmi saytı | nk.gov.az |
Vikianbarda əlaqəli mediafayllar |
Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir. Onun iclaslarına, bir qayda olaraq, Baş nazir sədrlik edir. Baş nazir isə, öz növbəsində, Milli Məclisin razılığı ilə Prezident tərəfindən təyin edilir.
Ümumi qaydalar müəyyən etdikdə Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir. Nazirlər Kabineti dövlət büdcəsi layihəsini hazırlayıb Prezidentə təqdim edir, dövlət büdcəsi icrasını təmin edir, maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir, dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir, dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir, nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir.
Tarixi
Azərbaycan Prezidenti Ayaz Mütəllibov 1991-ci il fevralın 7-də Nazirlər Kabinetinin təsis olunması haqqında Qanun imzaladı. Qanuna əsasən Nazilər Kabineti qurulana qədər Azərbaycan SSR Nazirlər Soveti öz səlahiyyətlərini saxlayırdı.
1991-ci il mayın 22-də isə Nazirlər Kabinetinin üzvləri təsdiqləndi. Azərbaycan Ali Sovetinin sədri Elmira Qafarova tərəfindən imzalanan Qanuna əsasən Nazilər Kabinetinə Baş nazir, 2 nəfər birinci müavini, 3 nəfər müavini, 16 nazir və 10 Dövlət Komitəsinin sədri daxil edildi.
Nazirlər Kabinetinin statusu
Azərbaycan Konstitusiyasının 114-cü maddəsi Nazirlər Kabinetinin statusu haqqındadır.
- I. Azərbaycanın Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədilə Azərbaycanın Nazirlər Kabinetini yaradır.
- II. Azərbaycanın Nazirlər Kabineti Azərbaycan Prezidentinin yuxarı icra orqanıdır.
- III. Azərbaycanın Nazirlər Kabineti Azərbaycanın Prezidentinə tabedir və onun qarşısında cavabdehdir.
- IV. Azərbaycan Nazirlər Kabinetinin iş qaydasını Azərbaycanın Prezidenti müəyyənləşdirir.
— Azərbaycan Konstitusiyasının 114-cü maddəsi
Azərbaycan Konstitusiyasının 115-ci maddəsi Nazirlər Kabinetinin üzvləri haqqındadır.
- Azərbaycan Nazirlər Kabinetinin tərkibinə Azərbaycanın Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.
— Azərbaycan Konstitusiyasının 115-ci maddəsi
Nazirlər Kabinetinin səlahiyyətləri
Azərbaycan Konstitusiyasının 119-cu maddəsi Nazirlər Kabinetinin səlahiyyətləri haqqındadır.
- Azərbaycan dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycanın Prezidentinə təqdim edir;
- Azərbaycan dövlət büdcəsinin icrasını təmin edir;
- maliyyə və pul siyasətinin həyata keçirilməsini təmin edir;
- dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;
- dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir;
- nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir;
- Azərbaycan Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.
— Azərbaycan Konstitusiyasının 119-cu maddəsi
Nazirlər Kabinetinin üzvləri
Tabe qurumlar
Dövlət Tərcümə Mərkəzi
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Azərbaycanda müxtəlif sahələrdə tərcümə işini mərkəzləşdirilmiş qaydada və məqsədyönlü aparan dövlət qurumudur.
Azərbaycan Respublikasının Prezidentinin 23 may 2012-ci il tarixli Sərəncamı ilə yaradılmışdır[1].
Terminologiya Komissiyası
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimləyən və koordinasiya edən dövlət qurumudur.
Azərbaycan Respublikasının Prezidentinin 23 may 2012-ci il tarixli Sərəncamı ilə yaradılmışdır.[1]