Baki Seherinin Tarixi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bakı şəhəri — Azərbaycan Respublikasının paytaxtı. Müxtəlif dövrlərdə Bakı şəhəri Şirvanşahlar dövləti, Bakı xanlığı, Bakı quberniyası, Azərbaycan Demokratik Respublikası və Azərbaycan Sovet Sosialist Respublikasının mərkəzi olmuşdur. Hal-hazırkı dövrdə isə Bakı şəhəri Azərbaycan Respublikasının paytaxtıdır.
Adın etimologiyası
redaktəBakı adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. Fars dilində bu adın ilkin forması kimi Baqavan sözündən istifadə edilmişdir. Bu söz Tanrının şəhəri kimi tərcümə olunur.[1] Fars mənbələrində Bakı adının digər bir etimologiyası kimi Bādkube (بادکوبه) kimi yazılan Küləklər şəhəridir. Bakı şəhərinin eramızın V əsrində yarandığından Badükübə sözünü bu dövrdən etibarən istifadə olunduğu ehtimal olunur.[2]
Müxtəlif dövrlərdə şəhərin adlanırılması
redaktəƏsr və ya il | Mənbə | Bakının adı |
---|---|---|
V — VIII əsrlər | Movses Korenatsis | Beqavan |
930 | İstəxr | Bakuh |
943–944 | Məsudi | Bakuh |
942–952 | Əbu Dulaf | Bakuya |
982 | Hudud əl Ələm | Bakı |
985 | Müqəddəsi | Bakuh |
XII əsr | Xəqani | Bakı |
XIII əsr | Yaqut əl-Həməvi | Bakuya |
XIV əsr | Fəzlullah Rəşidəddin | Bakı |
XV əsr | Əbdürrəşid Bakuvi | Bakuya |
XVI əsr | Həsən bəy Rumlu | Baku |
XVIII əsr | Övliya Çələbi | Bakı |
Tarixi
redaktəAbşeron yarımadası ərazisində yazılmış arxeoloji materiallar buranın qədim yaşayış məskəni olduğunu sübut edir. Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Binəqədi, Əmircan və s. yerlərdə e.ə. 3–1 minilliklərə aid arxeoloji abidələr tapılmışdır.
Bakının salındığı tarix dəqiq məlum deyildir. "Bakı" adı çəkilərkən, bəzi cahillərin gözünün qarşısına gələn, yadına düşən yalnız və yalnız "Yasamal", "Sovetski", "Kubinka" və "Papanin" kimi məhəllələrdir. Lakin Bakı təkcə bu 4 məhəllədən ibarət deyil. Bakını "Bakı" edən onun "İçərişəhər"-i, "Qala divarları" və "Qız qalası"-dır. Onun möhtəşəmliyinə rəng qatanlar da elə məhz sırf bunlardırlar. Bəzi tədqiqatçılar Bakını Qaytara (Qanqara), Albana, Baruka və s. ilə eyniləşdirirlər. Bakıda tapılmış V–VII əsrlərə aid Sasani dəfinəsi o dövrdə buranın yaşayış məntəqəsi olduğundan xəbər verir. V–VI əsr mənbələrində Bakı "Bağavan" və "Atəş-i Baquan", ərəb mənbələrində (X əsr) "Bakuyə", "Bakuh", "Baku", rus mənbələrində (XV əsr) "Baka", Səfəvilər dövrü fars dilli mənbələrdə "Badi kubə" adlandırılır.
Tarixən Bakı Şərqin iri şəhərlərindən olub. Şəhər iqtisadiyyatında neft və duz istehsalı əsas yer tutub. Ərəb səyyahı Əbu Düləfin (X əsr) məlumatına görə, Bakıdakı iki neft yatağından ildə təqribən 720 min dirhəm gəlir əldə edilirmiş. Feodal münasibətlərin, ticarətin və sənətkarlığın inkişafı şəhərin çiçəklənməsinə şərait yaradıb. Beynəlxalq ticarətin yolayrıcında yerləşən Bakı Şərq və Qərb ölkələri arasındakı ticarət əlaqələrində mühüm rol oynayıb. Bakıya Xəzər, Slavyan, Bizans, Çin, İraq, Suriya, Genuya, Venesiya, İran, Hindistan tacirləri gəlib. Bakıdan İran, İraq və s. ölkələrə neft ixrac olunub.
IX əsrin 2-ci yarısında Abbasilər xilafətinin zəifləməsi və mərkəzi hakimiyyətdən uzaqlaşmaq meyllərinin qüvvətlənməsi Xilafətə tabe ölkələrdə bir sıra müstəqil dövlətlərin yaranmasına səbəb oldu. Belə dövlətlərdən biri də Şirvanşahlar dövləti idi. Bakı X əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə çevrildi. Əhali sənətkarlıq, ticarət, bağçılıq, bostançılıq, üzümçülük, baramaçılıq, əkinçilik, neftçıxarma, balıqçılıq və s. ilə məşğul olurdu.
Bakı X əsrdən liman şəhəri kimi məşhur idi. XI əsrin sonu, XIII əsrin əvvəllərində Bakı tərəqqi dövrü keçirirdi. 1191-ci ildə Qızıl Arslan Şamaxını tutduqda şirvanşah I Axsitan müvəqqəti olaraq paytaxtı Bakıya köçürmüşdü. Şirvanşahlar şəhərin möhkəmləndirilməsinə xüsusi diqqət verirdilər. XII əsrdə Bakı ikicərgəli qala divari və xəndəklə əhatə olundu.
Qız Qalası da şəhərin müdafiə sisteminə daxil idi. 1232–1235 illərdə Bakını dəniz tərəfdən qorumaq məqsədilə buxta daxilində möhkəmləndirilmiş qala tikildi. Şirvanşahlar Xəzər dənizində güclü donanma yaratdılar.
XIII əsrin 30-cu illərində monqollar Bakıya hucum edib, uzunmüddətli mühasirədən sonra şəhəri aldılar. Bakıda neftçıxarma və ticarət tənəzzülə uğradı. XIV əsrin ortalarına doğru Bakıda ticarət (xüsusilə dəniz ticarəti) yenidən canlandı. Gilan və Şamaxı ipəyinin beynəlxalq ticarətdə əhəmiyyətinin artmasi ilə əlaqadar Bakının iqtisadi mövqeyi möhkəmləndi. XIV əsrdən Bakıdan Qızıl Orda, Moskva knyazlığı, Avropa ölkələri və s. yerlərə müxtəlif mallar, xüsusən ipək, xalça və s. ixrac edilirdi. Bakıdan Həştarxana, Orta Asiyaya və Xəzərin cənub sahillərinə mal daşınırdı. XIV əsrin 2-ci yarısında Bakının iqtisadi və siyasi rolunun artması ilə əlaqədar olaraq Xəzər dənizi bəzən Bakı dənizi də adlandırılırdı (bu, 1375-ci ildə katalan dilində hazırlanmış atlasda göstərilir). Bakıda indiyədək qalan tarixi-memarlıq abidələri – Buxara karvansarası (XIV əsr), Qız Qalası yaxınlığında Multani (hind) karvansarası (XV–XVI əsrlər) və s. Şərq ölkələri ilə geniş ticarət əlaqələrinin mövcudluğundan xəbər verir.
Orta əsrlər
redaktəŞirvanşah I Xəlilüllahın dövründə (1417–1462) Bakıda mühüm tikinti işləri aparıldı. Şirvanşahlar saray kompleksi də bu dövrdə tikilmişdir. Bakıda ticarət, sənətkarlıq inkişaf edir, iqtisadi və mədəni həyat yüksəlirdi. XV əsrin 2-ci yarısında Böyük Moskva knyazlığı ilə ticarət daha da genişləndi və diplomatik əlaqələr yaradıldı. 1501-ci ildə Şah İsmayıl Şirvana hücum edərək Bakını aldı.
Səfəvi hökmdarı I Təhmasib 1538-ci ildə Bakının da daxil olduğu Şirvanı Səfəvilər dövlətinə birləşdirdi. Səfəvi-Osmanlı müharibələri zamanı 1578-ci ildə Osmanlı ordusu Bakını tutdu. 1607-ci ildə şəhər yenidən Səfəvilərin hakimiyyəti altına keçdi. Mərkəzi hakimiyyətin qüvvətlənməsi, məhsuldar qüvvələrin inkişafını ləngidən feodal çəkişləmələrinə, dağıdıcı müharibələrə son qoyulması XVII əsrin 40-cı illərində şəhərin yüksəlişinə təkan verdi. Səfəvilər dövründə Bakıda mis pullar buraxılırdı. Bakı və Abşeron əhalisinin xeyli hissəsi xalçaçılıqla məşğul olurdu. XVI–XVIII əsrlərdə sənətkarlıq, xüsusilə xalçaçılıq daha da inkişaf etdi. Bakıda toxuculuq da mühüm yer tuturdu. XVII–XVIII əsrlərə aid tarixi abidələr bu dövrdə Bakıda memarlıq, həkkaklıq və s.-nin inkişaf etdiyini göstərir.
Bakının zəngin təbii sərvətləri, habelə mühüm hərbi strateji əhəmiyyəti XVIII əsrin əvvəllərindən etibarən Rusiyanın diqqətini cəlb edirdi. Xəzərin cənub-qərb sahillərinə yiyələnməyə çalışan Rusiya çarı I Pyotr xüsusi hərbi dəniz ekspedisiyası yaradır. 1723-cü il iyunun 26-da I Pyotrun qoşunu Bakını işğal edir. Lakin, Rusiya və İran arasında bağlanan Gəncə məqaviləsinə (1735) görə Bakı yenidən İranın hakimiyyəti altına keçdi.
Bakı xanlığı
redaktəXVIII əsrin ortalarında Azərbaycanda bir sıra xanlıqlar, o cümlədən Bakı xanlığı yarandı. Ara müharibələri bütün Azərbaycanda olduğu kimi, Bakıda da iqtisadiyyat və mədəniyyətin inkişafına mane olur, əhalinin vəziyyətini son dərəcə ağırlaşdırırdı. XVIII əsrin II yarısında Bakıda şəhər həyatı və ticarət nisbətən canlandı. Lakin Ağa Məhəmməd Şah Qacarın Azərbaycana hücumları iqtisadiyyatın və ticarət əlaqələrinin yenidən tənəzzülə uğramasına səbəb oldu. 1796-cı ilin yazında Rusiya imperatriçası II Yekaterinanın əmri ilə general V. A. Zubovun komandanlıq etdiyi rus qoşunları Azərbaycana yürüş etdi.
Hərbi müdaxilə nəticəsində 13 iyun tarixində Bakı alındı. 1797-ci ilin əvvəlində general Pavel Dmitriyeviç Sisianov Bakının komendantı təyin olundu. II Yekaterinanın ölümündən sonra oğlu I Pavel V. A. Zubovu geri çağırdı. Çar qoşunları 1797-ci ilin martında Bakını tərk etdi. XIX əsrin əvvəlində I Aleksandr Xəzərsahili vilayətləri, ilk növbədə, Bakını tutmaq planı ilə xüsusi maraqlanırdı. Rusiya-İran müharibəsi (1804–1813) bu planın həyata keçirilməsini sürətləndirdi. 1805-ci ilin 12 avqust tarixində çar qoşunu Bakını mühasirəyə aldı, lakin müvəffəqiyyət qazanmayaraq geri çəkildi.
1806-cı ilin əvvəlində general P. D. Sisianovun qoşunları yenidən Bakıya yaxınlaşdı. Şəhəri təslim etmək haqqında Bakı xanı Hüseynqulu xan ilə danışıqlar zamanı general P. D. Sisianov öldürüldü. 1806-cı ilin 6 oktyabr tarixində Bakı Rusiya imperiyasına birləşdirildi. 1807-ci ildə Bakıda 500 ev, 300 000 əhali var idi. 1813-cü ildə bağlanmış Gülüstan sülhü ilə Şimali Azərbaycan, o cümlədən Bakının Rusiyaya birləşdirilməsi təsdiq edildi.
Bakının tarixi şəkilləri
redaktəRusiya imperiyası dövründə
redaktəRəhbərlər
redaktəƏdəbiyyat
redaktə- Alstadt, Audrey L. The Azerbaijani Bourgeoisie and the Cultural-Enlightenment Movement in Baku: First Steps Toward Nationalism.
- Henry, James Dodds. Baku: An Eventful History. A. Constable & Co., ltd., 1905.
- Манаф Сулейманов. Дни минувшие. Arxivləşdirilib 2007-03-22 at the Wayback Machine
- Ашурбейли, Сара. История города Баку. Период средневековья. Б., Азернешр, 1992.
- Тагиев Ф. А. История города Баку в первой половине XIX века (1806–1859). Б., Элм, 1999.
- Sarabski, Hüseynqulu. Köhnə Bakı. Bakı, 1958.