Fuad Ebdurrehmanov - Wikipedia
Fuad Həsən oğlu Əbdürrəhmanov (28 aprel (11 may) 1915, Nuxa – 15 iyun 1971[1], Bakı) — heykəltaraş, Azərbaycan SSR xalq rəssamı (1955), SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1949), Stalin mükafatı laureatı (1947, 1951).
Fuad Əbdürrəhmanov | |
---|---|
Fuad Həsən oğlu Əbdürrəhmanov | |
Doğum tarixi | |
Doğum yeri |
Nuxa, Yelizavetpol quberniyası, Rusiya imperiyası (hazırkı Şəki, Azərbaycan) |
Vəfat tarixi | (56 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | |
Fəaliyyəti | heykəltaraş |
Təhsili |
|
Janr | portret |
Tanınmış işləri | |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəFuad Əbdürrəhmanov 1915-ci il may ayının 11-də Nuxada (indiki Şəki şəhəri) anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1929–1932) və İ. Y. Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda (1935–1939) təhsil almışdır.1942–1948 illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs demişdir.
Yaradıcılığı
redaktəFuad Əbdürrəhmanov yaradıcılığa portret janrı ilə başlamış, 30-cu illərdə Azərbaycan mədəniyyət xadimlərinin büst-portretlərini (Əbdürrəhimbəy Haqverdiyev, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov, Asəf Zeynallı və b.), həmçinin "Atıcı" (1934), "Gənc aşıq" (1939) və ilk monumental əsəri olan Füzulinin heykəlini (1939, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin lociyasında) yaratmışdır. Sovet İttifaqı Qəhrəmanları G. Əsədovun, İ. Məmmədovun, Q. Məmmədovun, Böyük Vətən müharibəsi qəhrəmanı H. Əliyevin portretləri, Cavanşir, Babək və Koroğlunun barelyeflərində obrazlar dərin psixologizmi və ifadəliliyi ilə seçilir.
O, həm də mahir portret ustası kimi tanınmışdır. Səttar Bəhlulzadə (1947), R. Mustafayev (1947), Həzi Aslanov (qəbirüstü abidə, 1949), B. Bağırova (1951), Səməd Vurğun (1957), kubalı Xesus (1962) və başqalarının portretləri obrazların fərdi xüsusiyyəti, xarakterlərin dolğun həlli ilə səciyyələnir.
Fuad Əbdürrəhmanovun yaradıcılığında monumental heykəltaraşlıq mühüm yer tutmuşdur. Nizaminin Gəncədə və Bakıdakı abidələri (hər ikisi tunc, qranit, 1946, 1949; memarlar S. Dadaşov və M. Hüseynov), Bakıda S. Vurğunun abidəsi (tunc, qranit, 1961, memar M. Hüseynov) və s. əsərləri Azərbaycan monumental heykəltaraşlığının ən yaxşı nümunələrindəndir. 1950–1960-cı illərdə yaratdığı "Çoban" (gips, 1950, Azərbaycan İncəsənət Muzeyi; tunc , 1951, Tretyakov qalereyası, Moskva), "Azərbaycanlı qadın" (gips, 1951), "Azadlıq" (tunc, 1957; hər ikisi Azərbaycan İncəsənət Muzeyi), "Azad qadın" (tunc, qranit, 1960, memar Mikayıl Hüseynov) və s. əsərlərində milli xüsüsiyyətlər zəngindir.
Geniş yaradıcılıq diapazonuna malik olan Fuad Əbdürrəhmanov elm və mədəniyyət xadimlərinin, həmçinin müharibə və əmək qəhrəmanlarının surətlərini canlandıran heykəl qalereyası yaratmışdır.
Monqolustanın görkəmli dövlət xadimləri Suxe-Bator və marşal X. Çoybalsanın büst-abidələri (hər ikisi mərmər, 1954, MXR, Ulan-Bator), Rudəki (tunc, 1963), S. Ayninin (tunc, 1964) portretləri, Düşənbədə Rüdəkinin (tunc, qranit, 1964, memar M. Hüseynov; SSRİ Rəssamlıq Akademiyasının qızıl medalı), Buxarada İbn Sinanın (tunc, qranit, açılışı 1975 ildə olmuşdur; memar H. Muxtarov) abidələri və s. monumental əsərləri Fuad Əbdürrəhmanova şöhrət qazandırmışdır. Ömrünün son illərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin monumental abidəsini (tunc, qranit, 1973 ildə Bakıda açılışı olmuşdur; memar M. Hüseynov) yaratmışdır.
Mükafatları
redaktə- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" Fəxri fərman— 17 iyun 1945
- Stalin mükafatı (II dərəcə) — 1947 (Nizami Gəncəvinin 1946-cı ildə Kirovabadda ucaldılmış heykəlinə görə)
- Stalin mükafatı (III dərəcə) — 1950 (gips "Çoban" heykəlinə görə)
- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 30 aprel 1955
- "Şərəf nişanı" ordeni — 9 iyun 1959; 1960
- SSRİ Rəssamlıq Akademiyasının qızıl medalı — 1966
- Medallar
Əsərləri
redaktə-
Babək
-
İskəndərin Nüşabə ilə görüşü
(İskəndərnamə) -
Nuşirəvan və bayquşların söhbəti
(Sirlər Xəzinəsi) -
Leyli və Məcnun mədrəsədə
(Leyli və Məcnun) -
Fərhadın Bisitun dağını yarması
(Xosrov və Şirin) -
Bəhram Gurun əjdahanı öldürməsi
(Yeddi Gözəl) -
Nizami Gəncəvinin heykəli, Gəncə, 1946
-
Azad qadın heykəli, Bakı, 1960
-
Rudəki heykəli, Düşənbə, 1964
Mənbələr
redaktə- Məmmədov Ə., Xalıqov F. Əbdürrəhmanov Fuad Həsən oğlu // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — Səhifələrin sayı: 502. — Səh.: 111–112. — (Ş 3804200000/658(07)-068). — 1.000 nüsx.
- "Абдурахманов Фуад Гасан оглы - скульптор". 2012-06-15 tarixində orijinalından arxivləşdirilib.
- "Абдурахманов Фуад Гасан Оглы".
- "АБДУРАХМАНОВ ФУАД ГАСАН ОГЛЫ". azerbaijanworld.com. 2012-04-26 tarixində orijinalından arxivləşdirilib.
- Наджафов М. Ф. Абдурахманов. — М., 1955.
- Новрузова Дж. Фуад Абдурахманов. — Баку, 2004.
- Большая советская энциклопедия. — М., 1977.
- Большой энциклопедический словарь (БЭС). — М., 1979.
- Большая художественная энциклопедия. — М., 2009.
- Культура Советского Азербайджана. — Баку: Азербайджанское гос. изд-во, 1980. — С. 89. — 180 с.
- ↑ RKDartists (nid.).