Mesedi Ezizbeyov - Wikipedia
Məşədi Əziz bəy oğlu Əzizbəyov[1] və ya Məşədi bəy Əzizbəyov[2] (6 (18) yanvar 1876, Bakı – 20 sentyabr 1918, Krasnovodsk) — Azərbaycanda inqilabi hərəkatın görkəmli xadimi, ilk marksist azərbaycanlılardan biri;[3] BSE-nin birinci nəşrinə əsasən, o, türk inqilabçı ziyalılar nəslinə aid idi.[2] O, "Hümmət" təşkilatının rəhbərlərindən biri idi, RSDFP(b)-ın üzvü və "Ədalət" Sosial Demokrat Partiyasının MK-ın üzvü olmuşdur,[4] Bakı Şəhər Dumasının qlasnısı, quberniya komissarı və Bakı XKS-nin Daxili İşlər Komissarının müavini olmuşdur (1918).
Məşədi Əzizbəyov | |
---|---|
aprel 1918 – 31 iyul 1918 | |
Əvvəlki | bundan əvvəl Zaqafqaziya hökumətinin quberniya komissarı |
Sonrakı | Bakıda Sovet hakimiyyətinin süqutu |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 (18) yanvar 1876 |
Doğum yeri | |
Vəfat tarixi | 20 sentyabr 1918 (42 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri | Türkmənistan səhrasında, sonra Aşqabadda. Bakıdakı xatirə kompleksinin ərazisində və 2009-cu ildə Hövsan qəbiristanlığında yenidən dəfn olundu. |
Partiya | Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Atası | Əzizbəy Əzizbəy oğlu Əzizbəyov |
Anası | Səlminaz Hacı İmaməli qızı Əzizbəyova |
Həyat yoldaşı | Püstə xanım |
Uşaqları | Əzizağa, Aslan, Səfurə, Bəyimxanım |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Məşədi Əzizbəyovun inqilabi fəaliyyəti təhsil aldığı Peterburq şəhərində başladı. RSDFP-a qoşularaq, "Vetrova nümayişləri"ndən birində də daxil olmaqla siyasi çıxışlarda iştirak edirdi. Birinci rus inqilabının fəal xadimlərindən idi, həmin dövr ərzində "Hümmət" təşkilatının üzvü və daha sonra onun tanınmış simalarından biri oldu. İran inqilabçılarına dəstək göstərirdi; fəaliyyətində bilavasitə iştirak etdiyi "Nicat" Bakı Müsəlman Maarif Cəmiyyəti ilə sıx əlaqədə olurdu. Yeraltı inqilabi işini qanuni fəaliyyətiylə məharətlə uyğunlaşdırırdı. Bakı Şəhər Dumasının üzvü idi. Bakı Kommunasının görkəmli simalarından biri kimi Sovet hakimiyyətini qurmaqla yanaşı, Bakının müdafiəsini təşkil etməkdə də çoxlu işlər görmüşdür. "26 Bakı komissarı" sırasında edam edildi.
Həyatı
redaktəSoyu
redaktəMəşədi Əzizbəyov[Ş. 1] 6 (18) yanvar 1876-cı ildə (hicri təqvimi ilə 10 zülkədar 1254-cü ildə) Bakının[6] Asiya küçəsindəki (sonralar Pyotr Montin küçəsi, hazırkı 105 nömrəli ev, Əlövsət Quliyev küçəsi) 117 (131) nömrəli evdə usta Əzizbəy Əzimbəyovun (1844–1889)[7] ailəsində anadan olmuşdur. Anası Səlminaz Hacı İmaməli qızının tək övladı idi.[8] Valideynlərin hər ikisi heç bir təhsil almamışdılar.[9]
Məşədi Əzizbəyovun valideynləri — Əzizbəy (1844—1889) və Səlminaz (1850—1943)
|
Onu şəxsən tanıyan insanlar Məşədi Əzizbəyovun kasıb bir ailədən gəldiyini bildirirdi[10]; bu məlumata bioqrafik tipli də daxil olmaqla Sovet nəşrlərində rast gəlinir.[11][12] "SSRİ-də vətəndaş müharibəsi və hərbi müdaxilə" ensiklopediyasında qeyd olunur ki, o, fəhlələrdən idi.[13] Bununla birlikdə, sənədlərin birində M. Əzizbəyovun bəy oğlu olduğu göstərilir;[14] bəy mənşəyinə daha bir işarə onun daşıdığı soyaddır.[15] Üstəlik, onun həməsri Anastas Mikoyan yazırdı ki, M. Əzizbəyov varlı ailədən gəlir.[16]
Məşədi Əzizbəyovun nəvəsi Mehdi Əzizbəyovun dediyinə görə, babası nəcib bir ailədən idi. Məşədi Əzizbəyovun atası Əzizbəy milyoner H. Z. Tağıyevin dostu idi, M. Əzizbəyovun özü isə milyoner Zərbəliyevin qızı ilə evlənmişdi; Əzizbəyov ailəsi Suraxanıda neft yataqlarına, Balaxanı küçəsində metaləridən zavoduna və Şüvəlanda 10 hektar əraziyə sahib idilər, lakin Sovet hakimiyyəti illərində Əzizbəyovun nəcib mənşəyi gizlədilirdi.[17]
Onun atası 1888-ci ildə həbs olunmuş və Peterburqda keçirilən məhkəmədə ömürlük katorqa cəzasına məhkum edilmişdir. O, elə həmin il Sibir sürgünündə vəfat etdi.[18] Mehdi Əzizbəyovun dediyinə görə, Əzizbəyi şərləmişdilər və onu sifarişlə Sibirdə qətlə yetirmişdilər.[17]
Tələbəlik illəri
redaktə1883-cü ildə Məşədi ilk rus-tatar məktəbinə,[19] 1889-cu ildə isə Bakı real məktəbinə[Ş. 2] daxil oldu, 1894-cü ildə oranın əsas şöbəni bitirdikdən sonra Tiflis real məktəbinin əlavə sinfinə keçdi, çünki xəstəlik səbəbindən iqlimi dəyişməli idi. Yaranan həyat şəraiti onu həmin il Bakı real məktəbinə köçürülməsi üçün Qafqaz təhsil dairəsinin popeçitelinə müraciət etməsinə səbəb oldu.[20] Sonuncunu o, 1896-cı ildə bitirdi. O, Peterburq İnşaat Mühəndislər İnstitutuna daxil ola bilməyəndən sonra iki dəfə Peterburq Texnologiya İnstitutuna imtahan verdi, lakin qəbul ala bilmədi.[21] Yalnız 1899-cu ildə M. Əzizbəyov Texnologiya İnstitutuna daxil ola bildi. Övladını oxumağa göndərmək üçün anası kiçik torpaq sahəsini girov qoymuşdu.[18]
Peterburqda dolanmaq üçün vasitələri olmayan Məşədi Əzizbəyov təqaüd üçün Qafqaz təhsil dairəsinə və Bakı şəhər bələdiyyə başçısına müraciət etdi, lakin sorğusu rədd edildi. Bu vəziyyətdə o, özəl dərslər tədris etmək məcburiyyətində qaldı. Tələbə mühitində ona sevgi və hörmət bəslənirdi. Onu hətta Peterburq ali təhsil müəssisələri üzrə azərbaycanlı tələbələrinin həmyerlilər birliyinin rəhbəri seçmişdilər. Ali məktəb dostlarından biri mühəndis Y. B. Sarkisbəyov xatirələrində yazırdı:
Özünü dərslər və təsadüfi işlərlə birtəhər dolandıraraq o, başqalarına da kömək etməyə çalışırdı və onun yeganə dəyərli əşyası olan gümüş saatı tez-tez Peterburq lombardlarında dolaşırdı ki, ordan aldığı pulla ac qalan dostun imdadına çatsın. Büllur kimi dürüst, şəxsi mənfəət güdməyən yoldaş Məşədi Qafqaz tələbələri arasında xüsusilə hörmət qazanmışdır.[22] |
1901-ci ildə Peterburq Texnologiya İnstitutuna daxil olan digər məktəb yoldaşı Şahbaz bəy Rüstəmbəyovun xatirələrinə görə, M. Əzizbəyov onu tanımaq və necə yerləşdiklərini və nəyə ehtiyac duyduqlarını öyrənmək üçün yanına gəlmişdir. Onun fikrincə, Məşədi Əzizbəyov "bütün digər azərbaycanlı tələbələrdən daha çox acıqgözlü, bilikli və mədəni idi".[23] O, tələbələrə daha çox kitab oxumağı məsləhət görürdü, xüsusən də rus klassiklərin əsərlərini. O, gənclərə ictimai həyatdan xəbərdar olmağı və siyasi mövzularla daha dərindən maraqlanmalarını tövsiyə edirdi, çünki özünün də dəfələrlə söylədiyi kimi "bu yolla ictimai fəaliyyətlərə hazırlaşmaq və öz xalqına fayda vermək mümkündür".[23] M. Əzizbəyov sayəsində bir müddət təhsilinə fasilə verən Ş. Rüstəmbəyov ikinci kursa keçə bildi. Peterburqda olarkən M. Əzizbəyov teatrları (ən çox da Aleksandr Dram Teatrını), muzeyləri, kitabxanaları ziyarət edirdi.[23]
İnqilabi fəaliyyətinə başlaması
redaktəMəşədi Əzizbəyovun inqilabi fəaliyyətinin başlanğıcı kimi 1896-cı ildə İnşaat Mühəndisləri İnstitutuna daxil olmaq üçün Peterburqa gəldiyi vaxtı saymaq olar. Xüsusilə o vaxtlar o, Peterburq fəhlələrin qeyri-leqal marksist dərnəyinin dərslərinə qatılırdı.[19]
1897-ci ilin mart ayında Peterburq tələbələri kursistka Mariya Vetrovanın Pyotr və Pavel qalasında özünüyandırması səbəbiylə nümayiş təşkil etdilər, həmin xanımın ölümü bir sıra "Vetrova nümayişləri"nin keçirilməsinə səbəb oldu. M. Əzizbəyov müsəlman tələbələri bu aksiyada iştirak etməyə təşviq etdi.[24] Nümayişçilər cənazə duası oxumaq üçün Müqəddəs İsaak kafedralında yığışdılar,[25] amma onlara bunu etməyə qadağa qoyuldu. Bu zaman Əzizbəyov tələbələrə "Keşiş yoxdursa, mülki olanı oxuyarıq" sözləri ilə müraciət etdi.[26] Hər kəsin dilinə düşən bu çağırış tədricən "Əbədi xatirə" dini nəğməsi ilə əvəz olundu və bu oxuma ilə onminlik nümayiş baş kilsəni tərk etdi. Məşədi Əzizbəyov ətrafındakı qafqazlıları qruplaşdıraraq ümumi yürüşün önündə getməyə başladı. Aralarında atlı qorodovoyların da olduğu böyük polis dəstələri tədricən bu kütləni bir neçə yerə böldü; bir çox nəfər həbs olundu. M. Əzizbəyovun özü "Krestı" həbsxanasına düşdü.[25]
1898-ci ildə Peterburqda RSDFP-yə qoşuldu.[27] Alman tarixçi Yorq Baberovski sonradan onu milliyətçi kommunistlərə aid edirdi.[28] Peterburq Texnologiya İnstitutunun tələbəsi ikən M. Əzizbəyov bir sıra inqilabi çıxışlar iştirak etmişdir. Onunla yalnız 1901-ci ildə tanış olan bir məktəb yoldaşının fikrincə, Məşədi Əzizbəyov dəyişmişdir.[23] Ş. Rüstəmbəyovun xatirələrinə görə, nümayişlərin faydaları barədə sualına M. Əzizbəyov təxminən belə cavab verdi:
Bu nümayişlərin böyük siyasi və tərbiyəvi əhəmiyyəti var: onlar insanlara üzərində fikirləşməyə ehtiyacımız olan siyasi və sosial məsələlərin mövcudluğunu xatırladırlar; onun hüquqdan məhrum əzilmiş halını, istibdadını, ədalətsizliyi və çar hakimiyyətinin onun qarşı rişxəndini xatırladır; onlar ziyalıları, fəhlələri, kəndliləri və ümumiyyətlə bütün məzlum xalqı öz hüquqları üçün, daha yaxşı bir həyat uğrunda mübarizə aparmağa çağırırlar. Bu nümayişlər hakimiyyəti qorxudur və məcbur edir ki, istibdadı və rişxəndi əksiltsin və xalqın tələblərinə diqqət yetirsin.[23]. |
Həm Peterburq Texnologiya İnstitutuna girməzdən əvvəl, həm də təhsil aldığı müddətdə evə qayıdarkən o, burada aparılan inqilabi işlərə laqeyd qalmadı. Məsələn, 1898-ci ildə anasının xahişi ilə qısa müddətlik Bakıya gələrək o, fəhlə dərnəklərinin fəaliyyətində iştirak edirdi, gizli qəzet və jurnalların nömrələri ilə tanış olurdu və onların seçilmiş məqalələrini qiraət edərək təşviqatı ilə məşğul olurdu. Başqa səfərində Məşədi Əzizbəyov nümayişlərdə və siyasi çıxışlarda iştirak edirdi. Teatr xadimi, aktyor Murad Muradov xatirələrində bəhs edirdi ki, "1902-ci ildə biz sənətkar Ərəblinski ilə repetitsiyadan çıxdıq və gördük ki, indiki AHİŞ[Ş. 3] ilə üzbəüz küçədə qırmızı bayraqlı nümayiş keçirilir. Onların qabağında Əzizbəyov inqilabi mahnılar oxuyur. Onlar küçənin ortasıyla gedirdilər. Ərəblinski ilə biz onların ardınca getdik. İndiki Baksovetə yaxınlaşdıqda, dərhal atlı kazak peydə oldu və nümayişçilərin üzərinə getdilər".[29] 1902-ci ildə M. Əzizbəyov yenidən tutuldu və Pyotr və Pavel qalasına salındı.[23]
Bu gənc illərində o, həmçinin marksizm banilərinin əsərlərini öyrənirdi. Şəxsən M. Əzizbəyova məxsus olan bəzi kitabların boş səhifə qıraqlarında onun qeydlərini yazırdı. Onun bioqrafiyasının tədqiqatçısı olan M. Qəziyevin fikrincə, həmin qeydlər onun dərin nəzəri biliklərini və dialektik və tarixi materializm məsələlərini dərk etmə qabiliyyətini sübut edir və həmçinin marksizm müxaliflərinin baxışlarına və konsepsiyalarına tənqidi münasibətinə işarə edir.[30] Həmin kitablar sırasında Karl Marksın beş əsəri (onlar arasında "Siyasi iqtisadiyyatın tənqidinə", "Fəlsəfənin səfaləti", "Lui Bonapartın 18-ci brümeri"), Fridrix Engelsin iki əsəri (onlardan biri "Anti-Dürinq"), Vladimir Leninin "Rusiyada kapitalizmin inkişafı" monoqrafiyası, britaniyalı naturalist Alfred Vollesin "Ecazkar əsr" əsəri və s. yer alır.[30]
Onun başqa bir bioqrafı və onunla şəxsən tanış olan Sultanməcid Əfəndiyev Məşədi Əzizbəyovu marksizmin böyük nəzəriyyəçisi kimi görmürdü, amma qeyd edirdi ki, "qətiyyətlə inanmış bolşevik" olan M. Əzizbəyov iştirak etdiyi hər bir işə "fantastik şövq və temperament" qatırdı.[31] M. Əzizbəyovun özü də inqilabçı demokratların əsərlərinin onun dünyagörüşünün formalaşmasına təsirini xarakterizə edərək, söyləmişdir ki: "Səlminaz ilk anamdısa, Çernışevskinin "Nə edim?"i ikincidir". Onların hər ikisi məni böyüdüb yetişdirmişdir".[32]
Birinci rus inqilabı zamanı
redaktəRus-yapon müharibəsi səbəbindən Texnologiya İnstitutu 1904-cü ilin sonunda müvəqqəti olaraq bağlandı. M. Əzizbəyov təhsilini yarımçıq qoyaraq Bakıya qayıtdı. Evə qayıtdıqdan sonra "1905-ci ildə mühazirə dinləmək haqqını ödəmədiyi üçün institutdan qovuldu".[33]
Onun gəlişi monarxiyaya qarşı inqilabi çıxışların başlanğıcına təsadüf etdi. Qafqazda ermənilərlə azərbaycanlılar arasında qarşıdurmalar baş verdi. İctimaiyyət və xüsusilə inqilabçılar bu hadisənin sövq edilməsinə və yol verilməsinə görə çar hakimiyyətini günahlandırdı. Bakıda olan M. Əzizbəyov fəal şəkildə millətlərarası qarşıdurmanın qabağını almağa çalışırdı. İfadə protokollarından aydın olur ki, o, bütün günü qızışdırılmış və silahlanmış camaat arasında silahsız dayanaraq öyüd verirdi. Protokolda bunun bir çox insanı xilas etdiyi qeyd olunur, Məşədi Əzizbəyov isə "əsas sakitləşdirən" kimi təsvir olunur.[34]
Y. B. Sarkisbəyovun xatirələrinə görə, yaşadığı rayonda o, bir çox ermənini evində və tanışlarında gizlədərək xilas etdi. Y. B. Sarkisbəyov yazırdı ki, Məşədi Əzizbəyov deyərdi: "nə ermənilər, nə də türklərin baş verənlərdən günahı yoxdur. Günah əhalinin bir hissəsini digərinə qarşı qışqırtan rejimdədir".[34] Onun qəti inamını şahid qismində verdiyi ifadələrdən müşahidə etmək olar. Dindirilmə zamanı o, millətlərarası ziddiyyətlərin bu hadisələrin səbəbi olduğunu fikrini əminliklə rədd edir. Üstəlik, özü kazakların bir qrupu digərinə qarşı necə qışqırtdığını gördüyünü və bir çox tanışlarını ziyarət edərək, heç bir yerdə mümkün toqquşmalardan bəhs olunmadığını söyləmişdir.[35][34] Məşədi Əzizbəyov deyərdi: "Mən növündən asıllı olmayaraq istənilən milliyyət çəkişmələrin düşməniyəm.[36]
Hümmət Partiyası
redaktəHökumət əleyhinə nümayişlərin keçirildiyi dövrdə o, onlarda fəal iştirak edirdi. Eyni zamanda "Hümmet" sosial-demokratik qrupuna qatıldı və daha sonra onun liderlərindən biri oldu. Jandarm məlumatında deyildiyi kimi, M. Əzizbəyov "bu təşkilatın görkəmli xadimi" idi.[37] Qafqaz canişi dəftərxanasının xüsusi şöbəsinin gizli məlumatına əsasən, onun "Hümmət"dəki fəaliyyəti "əsasən siyasi cinayətkarlara dəstək verməyi ilə nəzərə çarpırdı (zaminə götürür, girov qoyur və s.)".[38]
Polyak tarixçi Tadeuş Svetoxovskinin fikrincə, "Hümmət"in məhz yeni iki üzvü (müəllifin bacarıqlı təşkilatçılar kimi qələmə verdiyi Məşədi Əzizbəyov və Nəriman Nərimanov) təşkilatın tərəfdar sayı artmağa başlayanda onun rəhbərliyini xeyli gücləndirmişdi. Tarixçi həmin görkəmli siyasi xadimləri.[39] Polis raportuna əsasən, "Hümmət"
siyasi şüurlu fəhlələrdən ibarət deyil, lakin tatarların (yəni azərbaycanlıların — qeyd), ləzgilərin və farsların böyük çoxluğu təşkilatın fikirlərini nəzərə alırlar... Onun tərəfindən vərəqələr çap olunur. Onun başında fəal şəxslər durur, hansılar ki lazımı qədər erudisiyalı olmasalar da xalq kütləsinə təsir göstərən güclü inqilabi temperamentə malikdir[39]. |
"Hümmət" fəhlələr üçün iş şəraitini yaxşılaşdırmaq üçün mübarizə aparırdı, onun fəalları isə yalnız sosial məsələlər deyil, həm də mədəni fəaliyyətlə də məşğul olurdular. Y. Baberovski hesab edirdi ki, hümmətistlərin çıxışları məzmununa görə, "prakitki olaraq müsəlman liberalların quruluşundan fərqlınmirdi. O, onları azərbaycanlıların maarifçilik baxışlarının radikal ifadəçiləri kimi görürdü.[40]
"Hümmət" və RSDFP arasında qarşılıqlı əlaqəni aydın şəkildə təyin etmək mümkün deyil, çünki onlar fərqli şəkildə təfsir edilirdi.[39] 1905-ci il tarixli polis raportlarında deyilir ki, "Hümmət" üzvləri ilə RSDFP-nin Bakı təşkilatı arasında praktiki olaraq heç bir əlaqə yoxdur, "Hümmət" üzvləri inqilabi fəaliyyətlə məşğul deyillər və bu səbəbdən naməlum qalırlar. Məşhurlar arasında Məşədi Əzizbəyov da daxil olmaqla yalnız dörd nəfərin adı çəkilirdi.[41] Yorq Baberovskinin fikrincə, "Hümmət" üzvləri bolşevik partiyasının proqramını sadəcə hədəflərinə uyğun şəkildə uyğunlaşdırdılar və ateist təbliğatdan imtina edərək partiyalarının ritorikasına İslami xüsusiyyətlər əlavə etdilər.[40] Görünür ki, təşkilatın imam Əliyə aid olan "Kişilərin birliyi dağı yerindən oynadar" sözləri təşkilatın şüarı kimi təsadüfən seçilməmişdir.[40] Bununla birlikdə, Y. Baberovski hesab edir ki, təşkilatın üzv sayı da o qədər da yüksək deyil idi. Belə ki, 1909-cu ildə Peterburq polis idarəsi tərəfindən alınan bir raporta əsasən, onun 100-ə yaxın üzvü var idi.[40]
1905–1907-ci illərdə
redaktəEvə qayıtdıqdan sonra Bakı milyoneri H. Z. Tağıyev ona xalçaçılıq fabrikində iş təklif etdi, lakin Məşədibəy bu təklifi rədd etdi[42] və 1905-ci ilin əvvəlində "Elektrik güc" (rus. «Электрическая сила») səhmdar cəmiyyətinin Bayıl elektrik stansiyasında işə düzəldi.[37] Elə həmin il onun təşəbbüsü ilə Bakıda Mirzəağa Əliyevin rəhbərlik etdiyi "Müsəlman Dramatik Sənətkarlar Cəmiyyəti" ("Həmiyyət") yaradıldı.[43] Dekabr ayında Məşədi Əzizbəyov da daxil olmaqla hümmətçilərin sosial-demokratik xarakterli təşviqat apardıqları "Uhuvvət" ("Qardaşlıq") adlı azərbaycanlı tələbələrin təşkilatı quruldu.[44]
1906-cı ildə o, müsəlman fəhlələr arasında "Azadlıq bayrağı"[24] adlı hərbi təşkilat qurdu və mənizlini onun baş qərargahı elan etdi.[45] Təşkilatın məqsədi Bakıda soyğunçuluq və qətllərin qarşısını almaqla yanaşı, varlıların tamahkarlığı ilə mübarizə aparmaq və "bütün millətlərdən olan məzlumların" maraqlarını qorumaq idi.[45] RSDFP-nin Bakı təşkilatının ümumşəhər hərbi drujinasının bir hissəsi olaraq onun hədəfləri fəhlələrə hərbi bilik və silah istifadəsi öyrətməklə yanaşı, silahlı üsyan zamanı fəhlələrin hərəkətlərinə rəhbərlik edə biləcək təcrübəli döyüşçülər yetişdirmək və qarayüzlərə qarşı müqaviməti təşkil etmək idi.[46] Məşədi Əzizbəyov drujinaçıların qarşısında çıxış edərək onlara belə səslənirdi: "Biz silahlanmalıyıq, biz öz mütəşəkkilliyimizi və öz gücümüzü öz düşmənlərimizə qarşı qoymalıyıq. Buna görə ən yaxşı yoldaşlardan ibarət döyüş drujinaları yaratmaq lazımdır".[46]
Bakı bolşevikləri və "Hümmət" qrupu "Dəvət-Qoç" ("Prizıv") adlı bolşevik qəzetinin azərbaycan və erməni dillərində nəşrini təşkil etdilər. Onun yaradıcıları arasında M. Əzizbəyov da var idi, hansı ki onun müntəzəm nəşri və yayılması üçün çoxlu işlər görmüşdür.[47] 19 sayı çıxdıqdan sonra qəzet 6 avqust 1906-cı il tarixində Bakı qubernatorunun əmri ilə "zərərli istiqamət" verdiyinə görə bağlanıldı.[47]
Eyni vaxtda M. Əzizbəyov gizli mətbəələr üçün dəzgahların istehsal olunduğu kiçik emalatxana təşkil etdi.[48] 1906-cı ilin sonunda RSDFP-nin Bakı Komitəsi gizli mətbəəsiz qaldı. Belə olan halda "Azadlıq bayrağı" döyüşçüləri "Bakı" qəzetinin mətbəəsinə basqın edərək çap maşını aldılar. S. Xmiladzenin xatirələrinə görə, Məşədi Əzizbəyovun özü də bu əməliyyatda iştirak etmişdir.[49] Yaz aylarında H. Z. Tağıyevin tekstil fabrikində tətil başladı, hansının ki hazırlanması və idarəedilməsində hümmətçilər iştirak etmişdilər. Tətil iştirakçılarından biri olan Əli Abbas Nağıyev daha sonra bildirirdi ki, tekstil fəhlələrinin yığıncaqlarına və mitinqlərinə tez-tez qonaq gedib ağızdolu danışanlar arasında M. Əzizbəyov da var idi. İki ay davam edən bu tətil general-qubernator və fabrik rəhbərliyinin tətilçilərin tələblərini yerinə yetirməsi ilə sona çatdı.[50] Sentyabr ayında Məşədi Əzizbəyov "Mücahid" adlı İran Sosial Demokrat Partiyasının Mərkəzi Komitəsinə üzv seçildi.[51]
İnqilabi dövrdə bolşeviklər fəhlələrin tətillərini təşkil etmək üçün kömək göstərməyə çalışırdılar. 1906-cı ilin noyabr ayında onlar Neft Sənayesi Fəhlələr Birliyini yaratmağı bacardılar, M. Əzizbəyov onun təşkilatçılığı və fəaliyyətində çalışqanlıq göstərirdi.[52] Eyni şəkildə 1906–1908-ci illərdə baş tutan Bakı məşvərətçi kampaniyasında iştirak edirdi. 1907-ci ilin may ayında Stepan Razin dağı yaxınlığında baş verən mayovka yığıncaqlarının başçılarından biri idi.[53] Onun o dövrdəki fəaliyyətləri heç də təşviqat işi ilə məhdudlaşmırdı. "Hümmət" təşkilatı tərəfindən nəşr olunan qəzet səhifələrində məqalələri çap olunurdu.[54] Müəssisələrin rəhbərliyindən Məşədi Əzizbəyov bu və ya digər fəhlə üçün vəsatət qaldırırdı. Belə ki, o, Musa Nağıyevin mədənlərinə rəhbərlik edən Talışxanova açıq məktub buraxdı, Nağıyevin özü ilə Əzizbəyov əvvəllər dəfələrlə görüşmüşdür. Bu məktubda o, "əsassız olaraq işdən qovulan fəhləni" himayəsinə götürdü. Talışxanov məktubu cırdıqdan sonra M. Əzizbəyov sonuncunun hərəkətlərinə etirazını bildirərək məktubun bir nüsxəsini "Kaspi" qəzetinə göndərdi, çünki "həmkarın və köhnə tanışın məktubunu ona təqdim edənin gözü qarşısında cırmaq mədəniyyətsizlikdən daha böyük şeydir" və ondan nəşr vasitəsilə mətbuata açıq izahat verməyini tələb etdi.[55][56]
Stolıpin irticası dövrü. "Nicat" Maarif Cəmiyyəti
redaktə1905-ci ildə baş verən uğursuz inqilabdan sonra ölkədə irtica başlandı. Peterburqa qayıdan Məşədi Əzizbəyov əsas ixtisası ilə yanaşı, elektrotexnikanı da öyrənməyə qərar verdi. O, yeganə azərbaycanlı idi ki, mühəndis adından əlavə elektrik adını da almışdır.[23] "İrşad" qəzeti hətta onun mədən mühəndisi diplomu aldığına dair şad xəbər yayımladı.[57] Lakin xalq maarif nazirinin xüsusi göstərişi ilə əvvəlcə diplom ona verilmədi. O, yalnız 1908-ci il may ayının sonunda Bakı Şəhər Polis İdarəsi vasitəsi ilə onu əldə edə bildi.[53] Evə qayıtdıqdan sonra M. Əzizbəyov şəhər idarəsində mühəndis vəzifəsinə işə düzəldi, lakin azərbaycanlı olduğu üçün onu ordan sıxışdırıb çıxartdılar.[23]
Məşədi Əzizbəyov Təbrizdəki konstitusionalistlərin inqilabına rəhbərlik edən Səttar xanın fədailərini dəstəkləyən "Bakı İran İnqilabçılarına Yardım Komitəsi"nin başında dururdu (Tiflisdə yerləşən digər komitəyə Tiflisə N. Nərimanov başçılıq edirdi). Onun mənzili İrana göndərilən silah və qeyri-leqal ədəbiyyat üçün əsas anbara çevrildi. O dövrdə oraya "Hərbi drujina qərargahı" deyilirdi. 1908-ci ilin may ayında Bakı Komitəsinin təlimatı ilə gəmi ilə qanunsuz yüklə Rəşt şəhərinə yola düşdü.[58] İranda M. Əzizbəyov Səttar xan və Bağır xanla görüşləri baş tutmuşdur.[59]
1910-cu ildə Nobelin firmasından Rəştdə elektrik stansiyası və mənzil tikmək sifarişi gəldi. M. Əzizbəyov ikinci dəfə İrana səfər etdi, eyniylə özüylə bir böyük silah partiyası və azərbaycan və fars dillərində qanunsuz ədəbiyyat keçirdi.[59] Ona hətta Rəştin bələdiyyə başçısı vəzifəsini təklif edildi, lakin Rəşt sakinlərinin bəzi şərtlərini rədd edərək geri döndü.[60] Serqo Orconikidze M. Əzizbəyovu "müsəlmanların azadlığının inqilabi işinə" fədakarcasına sədaqətli döyüşçü adlandırdı.[61]
Məşədi bəy Əzizbəyov ictimai və siyasi fəaliyyətlərlə yanaşı mədəni və maarifləndirmə işləri ilə də yaxından iştirak edirdi. O, Azərbaycan ziyalıları ilə əlaqələrini saxlamağa davam edirdi, "Nicat" mədəni-maarif cəmiyyətinin fəaliyyətində mühüm işlər görürdü. 1908-ci ilin may ayında bu cəmiyyətin idarə heyətinin sədr yoldaşı (müavini) seçildi, noyabr ayında isə maliyyə komissiyasına daxil oldu.[62]
M. Əzizbəyovun şəhər idarəsi nəzdindəki məktəbi komissiyasına, daha sonra II Alekseyevski şəhər məktəbinin nəzarətçisi Həbib bəy Mahmudbəyova müraciətləri nəticəsində "Nicat" cəmiyyəti nəzdində bu binada fəhlələr üçün axşam kursları açılmışdır. Dərslər rus və azərbaycan dillərini və hesab elmini öyrənməkdən ibarət idilər.[63] O, həmin axşam kurslarında pedaqoji və siyasi işlərinin çoxusuyla məşğul olurdu, cəmiyyətin məktəb komissiyasının rəhbər heyətinə daxil idi; özünün də dərs dediyi və mühazirə oxuduğu azərbaycanlı fəhlələr üçün bir sıra bazar məktəbləri təşkil etdi.[64] Məşədi Əzizbəyov cəmiyyətin teatr fəaliyyətinə çox diqqət yetirirdi. Teatr və kino aktyoru, SSRİ Xalq artisti Mirzəağa Əliyev sonralar xatırlardı:
Əzizbəyov "Nicat" maarif cəmiyyətinin sədr yoldaşı olan kimi bu cəmiyyətin işi xüsusilə yaxşılaşdı. Bakı teatr dərnəklərinin rəhbərləri müşavirəyə çağırılır və M. Əzizbəyov onları bu cəmiyyət nəzdində vahid teatr yaratmağı təklif edir. Bu əla təşəbbüs Bakıda yaxşı teatr truppasını yaratmağa imkan verir. O andan etibarən aktyorlar cəmiyyətdən maaş alır, tamaşalarıyla iş rayonlarına çıxırlar. "Nicat" maarif cəmiyyəti ehtiyacı olan aktyorlara pul ayırır və maddi dəstək verirdi. M. Əzizbəyov mənə və Ərəblinskiyə təhsil üçün Moskvaya getməyimizə kömək etmək niyyətində idi. Təəssüf ki, bu təşəbbüs "Nicat" maarif cəmiyyətinin mürtəce elementləri tərəfindən dəstəklənmədi.[65].
Öz növbəsində, başqa bir aktyor Murad Muradov xatırlayırdı ki, 1910-cu ildə Şekspirin "Otello" pyesi Azərbaycan teatrının səhnəsində qoyulmuşdur və orada baş rolu H. Ərəblinski canlandırmışdır. Həmin vaxt Məşədi Əzizbəyov hər kəsdən əvvəl səhnə arxasına gəldi və çıxışdakı uğura görə bütün iştirakçıları təbrik edib söylədi: "Azərbaycan qadınlarını səhnəyə cəlb etməyə çalışın. Bir azərbaycanlı qadın Dezdemona rolunu oynayanda səhnəmiz gözəl və zəngin olacaq".[66]
Şəhər Duması
redaktə1910-cu ilin yanvar ayında Bakı şəhərinin azərbaycanlı əhalisinin iclasında M. Əzizbəyov Şəhər Dumasının qlasnı (millət vəkili) namizədi elan edildi. Onun seçilməsinə milyoner H. Z. Tağıyevin rəhbərlik etdiyi böyük burjuaziyanın nümayəndələri qarşı çıxdı.[67] Məşədi Əzizbəyovun seçilməsi üçün Bakı müsəlmanları mitinqlər təşkil edirdilər və "Həqiqət" qəzetinin 9 fevral tarixli nəşrinin verdiyi məlumata əsasən, artıq 4 min müsəlman onu seçilməsi tələbini imzaladı.[68] Məşədi Əzizbəyov əhali arasında namizədliyinə səs vermək üçün təbliğat aparmaqda günahlandırıldı. Bu hadisələr əsnasında 29 yanvar tarixində o, "Bakı" qəzetində seçkiqabağı təşviqata qatılmaması barədə açıq məktub dərc etdi.[69]
1911-ci ildə Bakı Şəhər Dumasının qlasnısı seçildi. O, 642 "lehinə", 432 "əlehinə" seçki kürəsi topladı.[70] Paralel olaraq, 1912-ci ilin yanvarından noyabr ayına qədər şəhər elektrotexnika mütəxəssisi kimi işlədi.[69] Rusiya imperiyasının IV Dövlət Dumasına seçkilər zamanı Bakının ümumi kuriyası üzrə seçkiçi namizədliyi irəli sürüldü. 1912-ci il oktyabrın 15-də keçirilən seçkilərin nəticələri elan olunduğdan sonra ən çox səs toplayaraq ümumi kuriya üzrə seçkiçi seçildi.[71]
Sultanməcid Əfəndiyev M. Əzizbəyovun Şəhər Dumasında gördüyü işləri haqqında yazırdı:
Bakı Dumasının qlasnısı vəzifəsini aldıqdan sonra isə o, şəhər yoxsulları və kiçik əsnaflarla əlaqəli bütün məsələlərdə mühüm şəxsə çevrildi. Ona müraciət edən şikayətçilər arasında elə birisi yox idi ki, ona görə Məşədi bu və ya digər “sözükeçən adamlara" ya da təşkilata müraciət etməsin. Bu boz, adi, ölçüsü kiçik olan, amma ümumilikdə xeyirli olan bu iş ona əhalinin yoxsul təbəqəsi arasında ümumi sevgi və məşhur xalqçı sanı gətirdi... Onun evinə gedilirdi, К нему ходили в дом, küçədə də kömək üçün ona müraciət edirdilər… Əzizbəyov hər kəsi dinləyirdi, onlara ərizələr yazdırırdı, qurumları gəzirdi, bu və ya digər kasıb adamın işində vasitəçilik edərək, onlara qüdrətli varlıların mənafeyi və iradəsinə zidd olaraq vasitəçilik edirdi.[72]. |
Duma tribunasından Məşədi bəy çar rejiminin və neft mədənləri sahiblərinin siyasətinə qarşı çıxış edirdi, sosial-iqtisadi xarakterli məsələləri müzakirəyə qaldırırdı; şəhərin abadlaşdırılmasına, təhsilinə də diqqət yetirirdi. Onun çıxışları bəzi qlasnıları tərəfindən mənfi qarşılanırdı, M. Əzizbəyovun özünə qarşı isə burjuaziya düşmənçilik edirdi. Onlar bir tərəfdən onu Dumadan uzaqlaşdırmaq istəyirdi, digər tərəfdən də bunu etməkdən çəkinirdi, çünku "… fəhlə əhalisi arasında oç nüfuza sahib idi".[73]
Bakının içməli su təchizatı ilə problemlər olduğu üçün o, Şollar suyu kəməri[74] sisteminin ən sürətli çəkilməsinə israr edirdi və həmçinin su kəməri komissiyasının üzvü idi.[75] "Əhalinin nümayəndəsi olaraq" məmur sui-istifadə hallarına qarşı mübarizə aparılmasını və təftiş komissiyası tərəfindən su kəməri inşasına ayrılan vəsaitin xərclənməsinə ciddi nəzarətin yaradılmasını dəfələrlə tələb edirdi.[75] İnşaat işlərinin gecikməsinə etiraz edərək, 13 dekabr 1912-ci ildə su kəməri komissiyasından çıxma ərizəsini yazdı.[76] Buna baxmayaraq, 1916-cı ilin sonunda su kəmərinin inşası yenə də başa çatdı, növbəti ilin yanvar ayında isə istifadəyə verildi.
M. Əzizbəyov şəhərdə elektrik tramvayının inşasında da israr edirdi və bu tikintinin xarici konsessiyalara verilməsinə kəskin etiraz edirdi.
Xatirəsi
redaktə● Bakı, Sumqayıt, Oğuz, Şamaxı və Salyan şəhərlərində mərkəzi küçələrdən biri Məşədi Əzizbəyovun adını daşıyır.
● Bakı şəhərində Məşədi Əzizbəyovun adını daşıyan parklar mövcuddur.
Qeydlər
redaktə- ↑ Rəsmi sənədlərdə onun adı Məşədi Əzizbəyov kimi qeyd olunub və orda şəxsi adı "bəy" titulu ilə bitir. Məslən, doğum haqqında şəhadətnamədə Məşədi bəy Əzizbəy oğlu yazılıb; Bakı həqiqi məktəbinin əsas şöbəsinin məzuniyyət sertifikatında — Məşədi bəy Əzizbəyov; jandarm idarəsinin kartotekasındaki şəxsi kartoçkasında — Məşədi bəy Əzizbəyov[5] və s.
- ↑ O dövrdə məktəb Azərbaycan Beynəlxalq Bankının indiki binasının yerində yerləşirdi, Daha sonra Bakı real məktəbi yeni binaya köçürüldü, hazırda həmin yerdə Azərbaycan Dövlət İqtisad Universiteti yerləşir.
- ↑ AHİŞ — Azərbaycan Həmkarlar İttifaqları Şurası.1902-ci ildə orada "Metropol" hoteli yerləşirdi. Müasir zamanda orada Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi yerləşir.
Mənbə
redaktə- Məşədi Əzizbəyov Arxivləşdirilib 2011-11-17 at the Wayback Machine
- Məşədi Əzizbəyov // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. 440. ISBN 9952-417-14-2.
İstinadlar
redaktə- ↑ Əzizbəyov Məşədi Əzim-bəy oğlu — Böyük Sovet Ensiklopediyasından məqalə
- ↑ 1 2 Большая советская энциклопедия. 1 (1-е). М.: Советская энциклопедия. 1926. 668.
- ↑ Большая советская энциклопедия. 1 (2-е). М.: Советская энциклопедия. 1949. 489.
- ↑ Бурджалов Э. Двадцать шесть бакинских комиссаров. М.: Госполитиздат. 1938. 11.
- ↑ Мешади Азизбеков — пламенный борец…, 1976. səh. 155, 156—157, 172
- ↑ Мешади Азизбеков — пламенный борец…, 1976. səh. 155, 248
- ↑ Казиев, 1976. səh. 5
- ↑ Мешади Азизбеков — пламенный борец…, 1976. səh. 159
- ↑ Efendijev, 1930. səh. 3
- ↑ Мешади Азизбеков — пламенный борец…, 1976. səh. 141
- ↑ Казиев, 1976. səh. 7
- ↑ Большая советская энциклопедия. 1 (1-е). М.: Советская энциклопедия. 1926. 668.
- ↑ Гражданская война и военная интервенция в СССР: Энциклопедия. — М., 1983. — С. 27.
- ↑ Мешади Азизбеков — пламенный борец…, 1976. səh. 160
- ↑ Исмаилов Э. Азербайджан 1953—1956: Первые годы «оттепели». Баку: Адильоглы. 2006. 64.
- ↑ Микоян А. И. Дорогой борьбы. Кн. 1. М.: Политиздат. 1971. 232.
- ↑ 1 2 S.HİLALQIZI. "MƏŞƏDİ ƏZİZBƏYOV TARİXDƏN SİLİNİR?". Yeni Müsavat. 16 Yanvar 2012. 2016-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-04.
- ↑ 1 2 Мешади Азизбеков — пламенный борец…, 1976. səh. 248
- ↑ 1 2 Казиев, 1976. səh. 102
- ↑ Мешади Азизбеков — пламенный борец…, 1976. səh. 156—158
- ↑ Казиев, 1976. səh. 8
- ↑ Казиев, 1976. səh. 9—10
- ↑ 1 2 3 4 5 6 7 8 Мешади Азизбеков — пламенный борец…, 1976. səh. 134—139
- ↑ 1 2 Деятели Союза Советских Социалистических Республик и Октябрьской революции // Энциклопедический словарь Гранат. 41, Ч. I. М. 1924. 3.
- ↑ 1 2 Памятник борцам пролетарской революции, погибшим в 1917—1921 г.г. М.-Л. 1925. 4–5.
- ↑ Казиев, 1976. səh. 11—12
- ↑ Казиев, 1976. səh. 14
- ↑ Баберовски Й. Враг есть везде. Сталинизм на Кавказе. М.: Российская политическая энциклопедия (РОССПЭН), Фонд «Президентский центр Б.Н. Ельцина». 2010. 66. ISBN 978-5-8243-1435-9.
- ↑ Казиев, 1976. səh. 15
- ↑ 1 2 Казиев, 1976. səh. 12—13
- ↑ Мешади Азизбеков — пламенный борец…, 1976. səh. 149
- ↑ Азизбекова П., Мнацаканян А., Траскунов М. Советская Россия и борьба за установление и упрочение власти Советов в Закавказье. Баку: Азербайджанское гос. изд-во. 1969. 15.
- ↑ Казиев, 1976. səh. 17
- ↑ 1 2 3 Казиев, 1976. səh. 21
- ↑ Галоян Г. А. Сила интернационального единства (К событиям в Закавказье начала 1905 года) // Историко-филологический журнал. № 1. 1969. 78.
- ↑ Казиев, 1976. səh. 22
- ↑ 1 2 Казиев, 1976. səh. 19
- ↑ Казиев, 1976. səh. 31—32
- ↑ 1 2 3 Tadeusz Swietochowski. Russian Azerbaijan, 1905—1920: The Shaping of a National Identity in a Muslim Community. Cambridge University Press. 2004. 52–53.
- ↑ 1 2 3 4 Баберовски Й. Враг есть везде. Сталинизм на Кавказе. М.: Российская политическая энциклопедия (РОССПЭН), Фонд «Президентский центр Б.Н. Ельцина». 2010. 67. ISBN 978-5-8243-1435-9.
- ↑ Багирова И. С. Политические партии и организации Азербайджана в начале XX века (1900—1917). Баку: Элм. 1997. 31.
- ↑ Efendijev, 1930. səh. 7
- ↑ Абасова Э. Курбан Примов. М.: Советский композитор. 1963. 13.
- ↑ Багирова И. С. Политические партии и организации Азербайджана в начале XX века (1900—1917). Баку: Элм. 1997. 35.
- ↑ 1 2 Дарабади П. Военные проблемы политической истории Азербайджана начала XX века. Баку: Элм. 1991. 67.
- ↑ 1 2 Очерки истории Коммунистической партии Азербайджана. Баку: Азербайджанское гос. изд-во. 1963. 113.
- ↑ 1 2 Ибрагимов З. Революция 1905-1907 гг. в Азербайджане. Баку: Азербайджанское гос. изд-во. 1955. 186–187.
- ↑ Казиев, 1976. səh. 28
- ↑ Казиев, 1976. səh. 30
- ↑ История Коммунистической партии Азербайджана. Ч. 1. Баку: Азербайджанское гос. изд-во. 1958. 118–120.
- ↑ Казиев, 1976. səh. 105
- ↑ Казиев, 1976. səh. 32
- ↑ 1 2 Мешади Азизбеков — пламенный борец…, 1976. səh. 251
- ↑ Багирова И. С. Политические партии и организации Азербайджана в начале XX века (1900—1917). Баку: Элм. 1997. 35–36.
- ↑ Казиев, 1976. səh. 39
- ↑ Мешади Азизбеков — пламенный борец…, 1976. səh. 178—179
- ↑ Мешади Азизбеков — пламенный борец…, 1976. səh. 175—176
- ↑ Казиев, 1976. səh. 49
- ↑ 1 2 Мешади Азизбеков — пламенный борец…, 1976. səh. 113
- ↑ Мешади Азизбеков — пламенный борец…, 1976. səh. 188, 191
- ↑ Казиев, 1976. səh. 52
- ↑ Казиев, 1976. səh. 42—43
- ↑ Казиев, 1976. səh. 42
- ↑ История Азербайджана. 2. Баку: Изд-во АН Азербайджанской ССР. 1960. 658.
- ↑ Казиев, 1976. səh. 43—44
- ↑ Мешади Азизбеков — пламенный борец…, 1976. səh. 133
- ↑ Мешади Азизбеков — пламенный борец…, 1976. səh. 252
- ↑ Мешади Азизбеков — пламенный борец…, 1976. səh. 185
- ↑ 1 2 Казиев, 1976. səh. 108
- ↑ Казиев, 1976. səh. 46
- ↑ Мешади Азизбеков — пламенный борец…, 1976. səh. 255
- ↑ Казиев, 1976. səh. 47—48
- ↑ Мильман А. Ш. Политический строй Азербайджана в XIX — начале XX веков (административный аппарат и суд, формы и методы колониального управления). Баку: Азербайджанское гос. изд-во. 1966. 290.
- ↑ История Азербайджана. 2. Баку: Изд-во АН Азербайджанской ССР. 1960. 715.
- ↑ 1 2 Мешади Азизбеков — пламенный борец…, 1976
- ↑ Казиев, 1976
Xarici keçidlər
redaktə- Məşədi Əzizbəyov // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
Ədəbiyyat
redaktə- Казиев М. А. Мешади Азизбеков: жизнь и деятельность. Баку: Гянджлик. 1976. (ЖЗЛ)
- Искендеров М. С. Из истории борьбы Коммунистической партии Азербайджана за победу Советской власти. Баку: Азербайджанское гос. издат. 1958.
- Мешади Азизбеков — пламенный борец за власть Советов. Речи, документы и материалы. Баку: Азербайджанское гос. изд-во. 1976.
- Смирнов Н. Г. Ушедшие в бессмертие: Очерк истории Бакинской коммуны. М.: Юридическая литература. 1986.
- Efendijev S. M. Azərbajcan joksyllarƅ mənafei ygrynda mubarəzəçi (Məşədi Əzizbejovyn tərcuməji-halƅna dajir materiallar). Baqƅ. 1930.