Hebib Bey Mahmudbeyov - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mahmudbəyov Həbib bəy Hacı İbrahimxəlil bəy oğlu (29 iyul 1864, Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 30 iyul 1928, Bakı, Bakı qəzası, Azərbaycan SSR, SSRİ) — Azərbaycan maarifçisi, müəllim, Aleksandr Müəllimlər İnstitutunun məzunu.[1]
Həbib bəy Mahmudbəyov | |
---|---|
1924 – 1924 | |
Əvvəlki | Məmməd Əfəndiyev |
Sonrakı | Şərif Manafov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 iyul 1864 |
Doğum yeri | |
Vəfat tarixi | 30 iyul 1928 (64 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | pedaqoq, müəllim, publisist |
Uşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəHəbib bəy Mahmudbəyov 1864-cü ildə Şamaxı şəhərində anadan olmuşdu. Atası Hacı İbrahimxəlil bəy Şamaxının mötəbər şəxslərindən idi. Şirvan əsilzadələrindən olan ulu babası Hacı Sadıq məşhur Nadir şahın xəzinədarı imiş.
Səkkiz yaşında ikən Həbib bəy Şamaxının məhəllə məktəblərindən katib Mirzə Hüseyn adlı bir molla məktəbində oxuyur, sonra Şamaxının şəhər məktəbinə girir. 1872-ci il zəlzələsində şəhər məktəbinin binası dağılır və Həbib bəy Bakıya gələrək real məktəbə daxil olur. Bu məktəbdə altıncı sinifədək oxuduqdan sonra 1883-cü ildə Sultan Məcid Qənizadə ilə birlikdə Tiflisə gedərək oradakı Aleksandrov Müəllimlır İnstitutuna girir. 1887-ci ildə həmin institutu bitirərək yenə də Sultanməcid Qənizadə ilə bir yerdə Bakıya dönür və elə həmin il onlar ilk özəl rus müsəlman məktəbini açırlar. Bu, Azərbaycanda maarifin inkişafında böyük hadisə olur və maarifin gələcək inkişafının istiqamətini müəyyənləşdirir. Qısa müddətdə həmin məktəb məşhurlaşır və 1891-ci ildə dövlət təminatına keçirilir. Sonradan bu tip məktəblər Azərbaycanda geniş yayılır.
1896-cı ildə Həbib bəy Mahmudbəyov S. M. Qənizadə, İ. Məlikov və başqaları ilə birlikdə rus-müsəlman kitabxanası təşkil etdi.
1917-ci il oktyabr çevrilişinədək H. Mahmudbəyov böyük ictimai maarifləndirmə fəaliyyəti ilə məşğul olub, Bakı şəhər dumasında məktəb komissiyasının üzvü kimi Azərbaycan müəllimlərinin Birinci qurultayının (1906) hazırlanması və keçirilməsində fəal iştirak edib.
Azərbaycanda sovet işğal rejimi qurulduqdan(1920 il 28 aprel) sonra H. Mahmudbəyov respublikada xalq təhsilinin inkişafında yeni istiqamətlərin işlənib hazırlanmasının fəal iştirakçılarından olub. Respublikada ali pedaqoji təhsilin təşkilində onun böyük xidmətləri var. Uzun müddət müəllim, məktəb direktoru işləyib. Sosial təşkilat komissiyasının (1920) üzvü kimi o, pedaqoji institutun təşkilində fəal iştirak edib. Ali pedaqoji institut yarandıqda onun direktor müavini, sonra isə direktoru olub, eyni zamanda rus dili və ədəbiyyatından dərs deyib.[2] Həbib bəy Mahmudbəyov gecə kursları təşkil etmişdi. Bu kurslar bir zaman Həbib bəy Mahmudbəyovun müdir olduğu və Şamaxı yolundakı binada yerləşmiş (Yasamal rayonu 18 və sonralar 240 nömrəli) məktəbdə təşkil olunmuşdur.
Fəaliyyəti
redaktəHəbib bəy teatr həvəskarı idi. O, teatr truppasına rəhbərlik edirdi.Azərbaycan teatr aləmində canlanma bir də 1887-ci ildə müşahidə edilməyə başlayır. Əvvəlkindən fərqli olaraq, bu canlanmada mütəşəkkillik nəzərə çarpıb. Nəcəf bəy Vəzirovun, Sultan Məcid Qənizadənin, Nəcəfqulu bəy Vəliyevin, Həbib bəy Mahmudbəyovun rəhbərlik etdiyi teatr truppaları dövrün teatr proseslərini canlandırıb.
1890-cı ilin əvvəllərində Bakıda Həbib bəy Mahmudbəyovun və Sultan Məcid Qənizadənin təşkil etdikləri tamşalarda sonralar aktyor olmuş Rüstəm Kazımov edizodik rollarda oynamışdı.
Həbib bəy Mahmudbəyovun adı "Azərbaycan teatr tarixi" kitabına düşüb. Kitabda qeyd olunur ki, o dövrdə Azərbaycanda peşəkar teatr aktyorları da yetişmişdir ki, bunlardan Cahangir Zeynalovu, Əbülfət Vəlini və başqalarını göstərmək olar. Kitabda Həbib bəy Mahmudbəyov, Ağa Kərim Şərifov, Əsgər ağa Gorani, Qaflan Muradov, Sultan Məcid Qənizadə kimi şəxsiyyətlərin teatr sənətinin inkişafındakı xidmətləri tarixi faktlar əsasında açıqlanır.
Həbib bəy Mahmudbəyov xeyirsevər bir şəxsiyyət idi. O, kimsəsizlərin əlindən tutur, hərtərəfli yardım edirdi. Hüseyn Ərəblinskini Azərbaycan xalqına qazandıran o olub. Hüseynin həyatı uşaqlıqdan ehtiyac və sıxıntı içində keçmişdi. Atasını vaxtsız itirən Hüseyn anasının himayəsi altında böyümüşdü. Uşaqları böyük çətinliklə saxlamasına baxmayaraq, anası Hüseyni mollaxanaya qoyub. Bir neçə il burada oxuyan Hüseyn təhsil xərcini ödəyə bilmədiklərinə görə, mollaxanı buraxmağa məcbur olub. O illərdə "Üçüncü rus-tatar" məktəbinin müəllimi Həbib bəy Mahmudbəyov yoxsul uşaqlarının məktəbə götürülməsinə şərait yaradırmış. Bundan xəbər tutan Hüseyn də Həbib bəy Mahmudbəyova müraciət edir. Beləliklə, "Üçüncü rus-tatar" məktəbinə daxil olan Hüseyn burada eyni zamanda rusca oxuyub-yazmağı öyrənir. Məktəb illərində ədəbiyyata xüsusi marağı ilə seçilən gələcək sənətkar məhz o illərdə teatrla tanış olur. Bu, peşəkar teatrdan uzaq olan dərviş oyunları, səyyar sirk tamaşaları idi.
Hüseyn Ərəblinskinin sənətə gəlişinin səbəbkarı da Həbib bəy Mahmudbəyov olub. Belə ki, dövrünün qabaqcıl ziyalılarından olan Həbib bəy Cahangir Zeynalovla birgə M.F.Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" əsərini tamaşaya qoymaq istəyir. Əsas heyəti müəyyənləşdirsələr də, epizodik rollarda oynamağa aktyor tapmırlar. Mahmudbəyov epizodik rollara öz şagirdlərini cəlb eləmək qərarına gəlir. Bu şagirdlər sırasında Hüseyn Xələfov də olur. Hüseyn özünün ilk məşqlərini Cahangir Zeynalovun evində edir. Ancaq sonralar teatr tariximizdə ən görkəmli yerlərdən birini tutan Hüseyn Ərəblinski özünün ilk rolunu oynaya bilmir. Səhnədə çaşan Hüseyn susmağa məcbur olur. Hərgah bu, tamaşanı pozmur. Çünki Hüseynin rolu tamaşada, demək olar ki, nəzərə çarpmırmış.Həbib bəy ona ürək-dirək verib həyan olur.
Həsən bəy Zərdabi və müəllim Həbib bəy Mahmudbəyov da Dumaya qlasnı seçilmişdilər. Onlar əmlak sahibi kimi deyil, başçısı ölmüş varlı ailələrin qəyyumu kimi seçilmişdilər. Fərmanda varlı ailələrinə qəyyumların Dumaya seçilə biləcəyinə icazə verilirdi. Bakı Duması əvvəllər indiki Gənclər meydanında olan (indi bu mülkün yerində bağ salınmışdır) sonralar, yəni 1905-ci ildə onun üçün indiki İstiqlaliyyət küçəsindəki binaya (Hazırkı Bakı Sovetinin binası) köçmüşdü. Fərmanın verilmiş olduğu tarix də – yəni 1870-ci il onun fasadına həkk olunmuşdur. Bəziləri səhv salaraq bu tarixi binanın tikilməsi tarixi kimi başa düşürlər. Həbib bəy qlasnı kimi bir çox ictimai işlərdə fəal iştirak etmişdi.
Ailəsi
redaktəİstinadlar
redaktə- ↑ "Həbib bəy Mahmudbəyov (1864-1928)". teatrittifaqi.az. 2022-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2022.
- ↑ M. Əmrahov, M. Salahov, N. Əsədov. Azərbaycanda ali məktəb quruculuğu, ali pedaqoji təhsilin təşkili və inkişafı tarixinin oçerkləri (1917–1941-ci illər). Bakı: Mütərcim, 2007. — səh. 48.
Mənbə
redaktə- C.H.Cəfərov. Azərbaycan teatrı (1873–1973). (Tərtib, redaktə və əlavələr Y.Qarayev). Bakı, 1974
- Azərbaycan Sovet Ensiklopediyası. VI cild. Bakı, 1982.
- "S.M.Qənizadə və H.Mahmudbəyovun pedaqoji fikirləri". Yusif Talıbov, Fərahim Sadıqov, Sərdar Quliyev. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi. Bakı: Ünsiyyət, 2000. — səh. 261–268.