Mirzeaga Eliyev - Wikipedia
Mirzəağa Əli (Əmi) oğlu Əliyev (1883[1], Hövsan – 24 oktyabr 1954, Bakı[2]) — Azərbaycan teatr və kino aktyoru, SSRİ xalq artisti (1949), 2 dəfə "Stalin" mükafatı laureatı (1943, 1948).
Mirzəağa Əliyev | |
---|---|
Digər adları |
Mirzə Ağa Əliyev Mirzağa Əliyev |
Doğum tarixi | |
Doğum yeri | Hövsan, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Həyat yoldaşı | Gövhər Qazıyeva |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1901–1954 |
Teatr |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMirzəağa Əliyev 1883-cü ildə kəndli ailəsində doğulmuşdur. İlk təhsilini mollaxanada almış, Bakıda rus-müsəlman məktəbini bitirmişdir.
1901-ci ildə Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin" pyesinin tamaşaya qoyulması zamanı Şahmar bəy rolunda ilk dəfə səhnəyə çıxmışdır. Azərbaycan teatr xadimlərindən Nəcəf bəy Vəzirov və Cahangir Zeynalov onun aktyor kimi yetişməsinə təsir göstərmişdir. 1906–1907-ci illərdə "Həmiyyət" teatr truppasının rəhbəri və aktyoru olmuşdur. Bu truppa, əsasən, fəhlə rayonlarında tamaşalar verirdi. 1907–1912-ci illərdə "Nicat" cəmiyyətinin teatr truppasında çıxış etmişdir. 1912-ci ildə mütərəqqi ictimai fəaliyyətinə görə Həştərxana sürgün edilmişdir[3]. 1912–1916-cı illərdə Volqaboyu şəhərlərində, Tbilisidə, İrəvanda, İran və Türkiyənin bir sıra şəhərlərində tamaşalar vermişdi. 1916-cı ildə Bakıda tamaşaya qoyulmuş Cəlil Məmmədquluzadənin "Ölülər" komediyasındakı İsgəndər rolu onun yaratdığı klassik obrazlar silsiləsinə daxildir.
Azərbaycan sovetləşəndən sonra M. Əliyev Bakı Azad Tənqid Təbliğ Teatrının təşkilatçısı olmuş, burada aktual mövzulu kupletlərdə çıxış etmişdir. 1924-cü ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında çalışmış, Azərbaycan səhnə realizmi ənənələrini davam etdirmişdir. Mirzəağa Əliyev fitri komediya istedadına, milli koloritə, ifadəli yumor boyaları və zəngin səhnə nüanslarına malik aktyor idi.
M. Əliyev kino aktyoru kimi də məşhur olmuş, "Bismillah", "Hacı Qara", "Məhəbbət oyunu", "Almaz", "Bakının işıqları" və s. filmlərdə çəkilmişdir.[4]
Mirzəağa Əliyev 24 oktyabr 1954-cü ildə vəfat etmişdir.[5]
Xatirəsi
redaktə- Anadan olduğu Hövsan qəsəbəsində Mirzəağa Əliyev adına Mədəniyyət evi fəaliyyət göstərir.
- Bakının Yasamal rayonunda küçələrdən biri Mirzəağa Əliyevin adını daşıyır.
Mükafatları
redaktə- "SSRİ xalq artisti" fəxri adı — 22 iyul 1949
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 25 aprel 1933
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 26 yanvar 1926
- 2 dəfə "Stalin" mükafatı (2-ci dərəcə):
- 19 mart 1943 (Azərbaycan Dövlət Dram Teatrında Mirzə İbrahimovun "Məhəbbət" dramının tamaşasında Məşədi Qulamhüseyn rolunun ifasına görə)
- 1948 (Azərbaycan Dövlət Dram Teatrında Ənvər Məmmədxanlının "Şərqin səhəri" dramının tamaşasında Nəcəf bəy rolunun ifasına görə)
- 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni — 25 fevral 1946, 22 iyul 1949
- "Qafqazın müdafiəsinə görə" medalı — 1944
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1946
Filmoqrafiya
redaktə- Arşın mal alan (film, 1917) — Süleyman bəy
- Bismillah (film, 1925) — Molla Mirzə Əbdürrəhim
- Müxtəlif sahillərdə (film, 1926) — Amerikan fəhləsi
- Hacı Qara (film, 1929) — Hacı Qara
- Məhəbbət oyunu (film, 1935) — VVAQ müdiri
- Almaz (film, 1936) — məktəb direktoru Səməndər
- Arşın mal alan (film, 1945) — Məşədi İbad
- Bakının işıqları (film, 1950) — Əlibala
İstinadlar
redaktə- ↑ Faceted Application of Subject Terminology.
- ↑ Алиев Мирза Ага Али оглы // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Bakının teatr həyatı kataloq (PDF). Bakı: Ziya nəşriyyatı. 2013. səh. 207. ISBN 978-9952-8024-2-9. 2023-03-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-27.
- ↑ Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
- ↑ Мирзәаға Әми оғлу Әлийев // Коммунист. № 254 (9669). 26 октябр 1954-ҹү ил. С. 4.
Mənbə
redaktə- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 17.
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. Birinci cild. Bakı: Lider, 2004.- səh. 358–359.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 51.