Xezer Universiteti - Wikipedia
Xəzər Universiteti — Azərbaycanda rəsmi fəaliyyətə başlamış ilk özəl ali məktəbdir. Xəzər Universiteti Fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı tərəfindən təsis olunmuşdur.
Xəzər Universiteti | |
---|---|
Şüar | Hər gün, hər saat mükəmməlliyə doğru! |
Əsası qoyulub | 18 mart 1991 |
Tip | Özəl |
Rektor | İradə Xəlilova |
Şəhər | Bakı |
Ölkə | |
Ünvan | Məhsəti 11 |
Metro |
Neftçilər Nərimanov |
Sayt | khazar.org |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəKeçmiş SSRİ-də ilk ingilisdilli özəl ali məktəb olan Xəzər Universiteti 1991-ci il martın 18-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 41 saylı qərarı ilə, Azərbaycanda beynəlxalq standartlara uyğun kadrlara, eləcə də ingilisdilli mütəxəssislərə olan kəskin ehtiyacı ödəmək məqsədilə yaradılmışdır "Xəzər"in Sorağında. Bir qədər əvvəl – 1990-cı il dekabrın 20-də Nazirlər Sovetinin 286 saylı sərəncamına əsasən bu ali məktəbin yaradılması üçün hazırlıq işləri aparılmışdı. Bundan sonra Xəzər Universiteti bir neçə dəfə yenidən akkreditasiya edilmiş və fəaliyyətinə lisenziya verilmişdir:
- 10 aprel 1993-cü ildə Təhsil Nazirliyi yanında Dövlət Ali Ekspert Komissiyasının (DAEK) 9/1 saylı qərarı ilə özəl ali məktəb kimi qeydiyyatdan keçmiş, akkreditə edilmişdir.
- 4 mart 1995-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının 45 saylı qərarı ilə yenidən qeydiyyatdan qeydiyyatdan keçmiş, akkreditə edilmişdir.
- Təhsil Nazirliyinin 10 iyul 2002-ci il tarixli lisenziyası (seriya AB, № 019019) ilə bütün mövcud ixtisaslar üzrə kadr hazırlığına icazə verilmişdir.
- Təhsil Nazirliyinin 15 fevral 2011-ci il tarixli lisenziyası (qeydiyyat nömrəsi 112, № 070976) ilə bütün mövcud və bir sıra yeni ixtisaslar üzrə kadr hazırlığına icazə verilmişdir.
- Təhsil Nazirliyi Akkreditasiya Şurasının qərarına əsasən, nazirliyin 28 oktyabr 2011-ci il tarixli, 1726 saylı əmri ilə 5 il müddətinə akkreditə olunmuşdur.
- İqtisadiyyat Nazirliyi tərəfindən 25 fevral 2016-cı il tarixdə fəaliyyətinə müddətsiz lisenziya (№ 088871) verilmişdir.
- Təhsil Nazirliyinin 18 iyul 2019-cu il tarixli F-451 saylı əmri ilə özəl ali təhsil müəssisəsi kim 5 tədris ili üçün (2016/2017–2020/2021) akkreditə olunmuşdur.
Maddi-texniki baza
redaktəXəzər Universiteti Bakı, Sumqayıt və Gəncə şəhərlərində ümumilikdə 8 kampus və 13 binada fəaliyət göstərir.
- Neftçilər kampusu (ümumi sahəsi 9.300 m². olan 3 tədris binası) – Neftçilər metro stansiyasının yaxınlığında yerləşir. Ünvan: Məhsəti küçəsi 11 [1]
- Mərkəz kampusu (sahəsi 1.115 m². olan 1 tədris binası. Burada, həmçinin 283 nəfərlik Fikrət Əmirov konfrans-konsert mərkəzi fəaliyyət göstərir) – Bakı şəhərinin mərkəzində yerləşir. Ünvan: Bakı, Bəşir Səfəroğlu küçəsi 122
- Buzovna kampusu (ümumi sahəsi 3.140 m². olan otel, konfrans və istirahət mərkəzi, torpaq sahəsi 0,85 hektar). Ünvan: Bakı, Buzovna qəsəbəsi, dəniz kənarı
- Binəqədi kampusu – Xəzər Universiteti və Dünya məktəbi üzrə təhsil kompleksi (ümumi sahəsi 15.776 m² və 0,70 hektar torpaq sahəsi olan 3 tədris binası və 3 mərtəbəli idman kompleksi). Ünvan: Bakı, Naxçivani küçəsi 9
- Sumqayıt kampusu (ümumi sahəsi 3.157 m². olan tədris binası və 4,6 hektar torpaq sahəsi). Ünvan: Sumqayıt şəhəri, Bakı küçəsi 37, 44-cü məhəllə
- Yasamal kampusu (sahəsi 1.500 m² olan 1 tədris binası). Ünvan: Bakı, Həsən bəy Zərdabi 88A
- Nəsimi kampusu (sahəsi 2.200 m². olan 1 tədris binası). Ünvan: Bakı, Y. V. Çəmənzəminli küçəsi 11
- Gəncə kampusu (sahəsi 5.878 m². olan 1 tədris binası, sahəsi 300 m². olan qonaq evi, sahəsi 1000 m². olan 2 mərtəbəli idman kokpleksi və 1.62 hektar torpaq sahəsi. Ünvan: Gəncə şəhəri, Kəpəz rayonu, Atabəylər prospekti, 76
- Bakıda (Buzovna) 25.748 hektar özəl torpaq sahəsi (Burada universitet şəhərciyi tikintisi ilə əlaqədar layihə hazırlanmışdır, tikuntiyə hazırlıq işləri gedir)
- Binəqədi kampusunun yaxınlığında 3.200 m² (0.32 hektar) özəl torpaq sahəsi. Burada yeni tədris binasının tikintisinə hazırlıq işləri gedir.
Universitet geniş maddi-texniki bazaya malikdir. Burada nəşriyyat, mətbəə, elmi-tədris laboratoriyaları və muzeylər mövcuddur, üç dildə elmi-kütləvi jurnal və bir sıra elmi jurnallar nəşr olunur. Tələbələrə və tədqiqatçılara ən müasir xidmət göstərın zəngin kitabxanada Azərbaycan, rus, ingilis, fransız, alman, fars, türk, ərəb, yapon, ispan, italyan, çin və digər dillərdə 200 mindən çox kitab, minlərlə elmi jurnallara çıxışı təmin edən elektron məlumat bazası mövcuddur.
Himn
redaktə- Xəzər Universitəsinin himni Arxivləşdirilib 2013-02-08 at the Wayback Machine, Sözlər: Hamlet İsaxanlı; Musiqi: Vasif Adıgözəlov və Ramiz Mustafayev
- Xəzər Universitəsi Tələbə Valsı Arxivləşdirilib 2013-02-08 at the Wayback Machine, Sözlər: Hamlet İsaxanlı; Musiqi: Ramiz Mustafayev
İnstitutlar və Mərkəzlər
redaktəKitabxana İnformasiya Mərkəzi
redaktəXəzər Universiteti Kitabxana İnformasiya Mərkəzi universitet tədris binalarının hər birində yer tutur və fəaliyyət göstərir. Əsas tədris binasının (Məhsəti küçəsi 11) 5-ci və 6-cı mərtəbəsi bütövlükdə kitabxana-informasiya mərkəzinə məxsusdur. Dünyanın bir çox ölkələrindən alınıb gətirilmiş, elmin müxtəlif sahələrinə aid ən müasir dərslik və monoqrafiyalarla zəngin kitabxana təlim-tədris və tədqiqat prosesində, treyninqlərin keçirilməsində mühüm rol oynayır.
Kitabxana informasiya mərkəzi, Science Direct, Cambridge University Press, Oxford University Press, Bio One, AGORA, Ingenta və s. kimi zəngin verilənlər bazalarına çıxışı (əlçatanlığı) təmin edir. Universitenin tələbələrinin dünyanın müxtəlif yerlərində nəşr olunan 5000-dən artıq akademik və 3600-dən çox biznes jurnallarına çıxışı var. Universitədə mövcud olan 200.000-dən çox nüsxə kitabın böyük qismi yeni nəşrlərdir.
Elm və Sənət məclisi
redaktəXəzər Universitetində alim və ziyalıların elm, mədəniyyət və incəsənətin mühüm məsələləri haqqında mütəmadi olaraq keçirilən konfrans və ya seminarlar, onların müzakirə olunduğu məclisdir. Elm və Sənət Məclisi 2006-cı ildə Professor Hamlet İsaxanlı tərəfindən təsis edilmişdir. Bu məclis son illərdə Azərbaycanda elm və sənət adamlarının, ziyalıların məmnuniyyətlə gəldikləri bir yerdir. Adətən ayda bir və ya iki dəfə keçirilən "Elm və Sənət Məclisi"nin materialları çap olunur.
Elm və Sənət Məclisinin ilk toplantısı 2006-cı il oktyabrın 10-da keçirilib. İndiyə qədər Azərbaycandan olan tanınmış alimlərlə yanaşı, dünyanın bir sıra ölkələrindən, o cümlədən, ABŞ, Türkiyə, İngiltərə, Şotlandiya, İtaliya, Rusiya, Misir, Hollandiya, İran, Gürcüstan və s. ölkələrdən dəvət olunmuş, öz sahələrində böyük söz və nüfuz sahibi olan alimlər Elm və Sənət Məclisində müxtəlif mövzularda maraqlı mühazirələr oxumuşlar. Hazırda məclisin materiallarından ibarət 2 toplu kitab şəklində çap olunmuş, digəriləri çapolunma ərəfəsindədir.
Qafqaz Tədqiqat Resurs Mərkəzi
redaktəXəzər Universiteti nəzdində fəaliyyət göstərən və Bəşir Səfəroğlu 122 ünvanda yerləşən Qafqaz Tədqiqat Resurs Mərkəzinin (QTRM) əsas məqsədi yüksəksəviyyəli tədqiqat resurslarından istifadə etmək imkanlarının artırılmasına, sosial tədqiqatlarla və praktiki fəaliyyətlə məşğul olan alimlərin, mütəxəssislərin potensialının gücləndirilməsinə, dialoq və əməkdaşlığın genişləndirilməsinə yardım göstərir.
Təhsil Siyasəti İnstitutu
redaktəTəhsil Siyasəti İnstitutu tədrisin təkmilləşdirilməsi, təhsildə idarəetmə metodlarının inkişaf etdirilməsi məqsədilə tədqiqatlar aparır və treyninqlərin təşkili ilə məşğul olur.
Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzi
redaktəAvrasiya Hasilat Sənayesi Bilik Mərkəzi 2010-cu ilin sentyabrında Xəzər Universitəsi ilə ABŞ-nin Gəlirlərə Nəzarət İnstitutu (Revenue Watch Institute) arasında imzalanmış Anlaşma Memorandumuna əsasən yaranmışdır. Mərkəz Bakı şəhərində, Xəzər Universitetində yerləşir.[1] Mərkəzin əsas fəaliyyəti Avrasiya məkanında (əsasən əski Sovet Respublikaları) hasilat sənayesində (neft, qaz və dağ-mədən sənayesi) fəaliyyət göstərən qeyri hökumət təşkilatları, habelə media mənsublarının bu sahədə bilik və bacarığının artırılmasına yönəlib. Mərkəz dövrü olaraq təlimlər təşkil edir, beynəlxalq, regional və yerli səviyyədə tanınmış təlimçiləri dəvət edir, və ehtiyacı olan QHT və media işçilərini konkurs əsasında seçim edərək təlim kurslarına dinləyici kimi cəlb edir. Təlimin əsas mövzuları, neft-qaz, habelə dağ-mədən sənayesində sazişlər, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI), müstəqil rifah fondları və büdcə işidir.
Təlimlərin iştirakçşıları Qazaxıstan, Qırğızıstan, Monqolustan və Azərbaycandan, habelə regionun digər ölkələri Bolqarıstan, Rumıniya, Albaniya,Ukrayna və Əfqanıstandan dəvət edilir. Avrasiya Bilik Mərkəzi Gəlirlərə Nəzarət İnstitunun bu sahədə uzunmüddətli perspektiv strategiyasının tərkib hissəsidir, digər oxşar regional bilik mərkəzlər ilə birgə (Afrika-Qana, Cənubi Amerika-Peru) əməkdaşlıq edərək gələcəkdə Avrasiya regionun mühüm təlim mərkəzinə çevrilmək niyyətindədir.
Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin təşkil etdiyi ilk təlim 2011-ci il, fevralın 15-də başlamış və 22-də sona çatmışdır. Təlimdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Monqolustandan olan 15 nəfər vətəndaş cəmiyyəti üzvləri iştirak etmişdir. Xəzər Universiteti və ABŞ-nin Gəlirlərə Nəzarət İnstitutunun (Revenue Watch Institute) dəstəyi ilə təşkil olunan təlimdə iştirakçılara xarici ölkələrdən dəvət olunan təlimçilər və yerli təlimçilər, hasilat sənayesinin müxtəlif sahələrini əhatə edən təlimlər keçiblər. Təlim ərzində iştirakçılara resursların hasil olunub, olunmaması, kontraktların analiz olunması, hesabatların, gəlirlərin şəffaflığı, idarə olunması və yatırımların qiymətləndirilməsi barədə dərin biliklər verilib.
Regionşünaslıq mərkəzləri
redaktəAvropa Birliyi (AB) Araşdırmaları Mərkəzi, İranşünaslıq, Koreyaşünaslıq və Çinşünaslıq mərkəzləri Neftçilər kampusunda yerləşir və bu sahələr üzrə yüksək təhsil və tədqiqat aşılayır. Hal-hazırda Universitetdə İslam Dünyası Araşdırmalar Mərkəzinin yaradılması prosesi gedir. AB Araşdırmaları Mərkəzi Avropa İttifaqının TEMPUS layihəsi çərçivəsində yaradılıb. Bu mərkəz tələbə və alimlərin AB Araşdırmaları sahəsində tədqiqatlar aparması üçün nəzərdə tutulub. Aparıcı Avropa Universitetlərilə tərəfdaşlıq və tətbiqçi və alimlər ilə yeni ideyaların davamlı mübadiləsi mərkəzə öz tədqiqat məqsədləri gücləndirməyə və bütün əsas Aİ siyasəti bağlı konseptual və praktiki təcrübənın əlaqəsini yüksək səviyyədə təmin etməyə imkan yaradır. İranşünaslıq Mərkəzi tələbə və tədqiqatçıların İran və Fars dünyası haqqında öz biliklərini gücləndirməsinə kömək edir. Bu mərkəz dil dərsləri, mədəni və tarixi məsələlər haqqında yığıncaqlar təşkil edir.
Koreya Mərkəzi Koreya Respublikasının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə 2012-ci ildə təsis edilib və Koreyalılar tərəfindən idarə olunur. Bu mərkəz tələbələr üçün Koreya dili dərsləri və Koreya tarixi, siyasəti, iqtisadi və mədəniyyəti ilə əlaqəli seminarlar və mühazirələr təşkil edir. Bundan əlavə, 2013-cü ildə universitetdə Çin Xalq Respublikasının Azərbaycandakı səfirinin dəstəyi ilə Konfutsi İnstitutunun filialı açılıb. Bu, Çin dili, mədəniyyəti, tarixi və fəlsəfə tədqiqatları ilə bağlı bir mərkəzdir və Xəzər Universitetinin tələbələri, işçiləri və ümumi ictimaiyyəti üçün Çin dərsləri təşkil edir.
Konfutsi İnstitutu
redaktəXəzər Universiteti Konfutsi İnstitutu Bakı Dövlət Universitetinin nəzdində olan Konfutsi İnstitutunun filialıdır.[2]
İnstitut 2013-cü il aprelin 17-də Çin Xalq Respublikasının Azərbaycandakı səfirinin dəstəyi ilə yaradılmışdır.[2]
eiLink Tədqiqat və İnkişaf Mərkəzi
redaktəeiLink (Education Industry Link) Tədqiqat və İnkişaf Mərkəzi, Neft Mühəndisləri Cəmiyyətinin Azərbaycan bölməsi (NMC) dəstəyi ilə 2015-ci ilin dekabr ayında Xəzər Universitetində yaradılmışdır.
Tədqiqat mərkəzinin əsas məqsədi bir çox sahələr üzrə tədqiqatda qabaqcıl mövqeni almaq və yüksək keyfiyyətli təhsil verməkdir.
eiLink T&İ mərkəzi NMC də sənaye mütəxəssislərinin təlimatları ilə və onların keyfiyyətə nəzarəti altında Geoloji Kəşfiyyat, Lay Mühəndisliyi, Kompüter və İnformasiya Elmləri üzrə tədqiqatların aparılmasına başlayıb.
Keyfiyyətin Təminatı Mərkəzi
redaktəXəzər Universiteti Keyfiyyətin Təminatı Mərkəzi 1999-cu ildə Nottinqem Trent Universiteti (Böyük Britaniya) və Haarlem Universitetinin (Hollandiya) birgə əməkdaşlığı ilə həyata keçirilən TEMPUS proqramının "Xəzər Universitetində Keyfiyyətin Təminatı Mərkəzinin inkişafı" layihəsi (1999–2001) çərçivəsində yaradılmışdır.
2008-ci ildə TEMPUS proqramının "Azərbaycan universitetlərində təhsildə keyfiyyətin təminatı sistemlərinin yaradılması" layihəsi çərçivəsində Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universitetində Keyfiyyətin Təminatı mərkəzləri yaradılmaqla Xəzər Universitetində Keyfiyyətin Təminatı Mərkəzinin fəaliyyəti genişləndi. Vinçester Universiteti (Böyük Britaniya), III Karlos Universiteti (İspaniya) və Varşava Universiteti (Polşa) ilə sıx əməkdaşlıq keyfiyyətin təminatında təlim, nəzarət və mütəxəssis dəstəyi ilə nəticələndi. Digər ali məktəblər (Harvard Universiteti, Kaliforniya / Los Ancels Universiteti, Princeton Universiteti, və s) və Xəzərin professor-müəllim heyəti arasında bu sahədə əməkdaşlıqlar, məsləhətləşmələr davam edir.
İnformasiya Texnologiyaları Şöbəsi
redaktəİnformasiya Texnologiyaları departamentinin fəaliyyəti bu sahədə bir neçə əsas istiqamətdə ayrılır:
- Serverlərin tətbiqi;
- İnformasiya Sistemlərinin tətbiqi;
- İnformasiya təhlükəsizliyinin qorunması;
- İstifadəçilərin təhlükəsizliyi;
Departament öz növbəsində İT parkına aid olan bütün avandanlıqların düzgün qaydada çalışmasını, vaxtı vaxtında yenilənməsini, yarana biləcək problemlərin öncədən qarşısın alınmasını və istifadəçilərin rahat və problemsiz İT avadanlıqları ilə işləməsini təmin edir. Departament informasiya məxfiliyinin, habelə oğurlanmasının infrasturuktura dəyə biləcək ziyanı internet və lokal istiqamətdə analiz edir və qarşısını alır. Ziyan verici proqram təminatları, viruslar və internet üzərindən gələn hücumların qarşısını alır və mütəmadi olaraq təhlükəsizliyini artırır.
İnternet Təhsil Mərkəzi
redaktəİnternet Təhsil Mərkəzi Xəzər Universitetində tələbə məlumat mərkəzi yaratmaq, sayta nəzarət etmək, web layihələr reallaşdırmaq məqsədilə 1 oktyabr 2010-cu ildə Xəzər Universitetinin Direktor və Qəyyumlar şurasının sədri Hamlet İsaxanlının əmri ilə yaradılmışdır.
İnternet Təhsil Mərkəzi Xəzər Universitetinin Neftçilər kampusunda yerləşir (406-cı otaq).
Multimedia Mərkəzi
redaktəMultimedia Mərkəzi 1994-cü ildə Xəzər Universitetində yaradılmışdır.
Mərkəzin əsas fəaliyyəti aşağıdakılardan ibarətdir:
- Universitetlə bağlı tədbir və mərasimlərdə foto-video çəkilişin təmin edilməsi.
- Faktla bağlı portret və peyzaj şəkili və video-materialların toplanılması və sifariş edilməsi.
- Lentə alınmış foto-video materialların montaj edilərək ictimaiyyətə təqdim edilməsi.
- İşıqlandırılmış və montaj edilmiş materialların arxivləşdirilməsi.
- Media sahəsinə maraq göstərən tələbələrə təlimlərin keçirilməsi.
Ofislər
redaktəİnkişaf ofisi
redaktəXəzər Universiteti İnkişaf ofisi universitetin fəaliyyətinə və uğurlarına yaxından dəstək olmaq məqsədilə yaradılmışdır. Ofis universitetin rektoru və təsisçisinin birbaşa tabeliyindədir və təsdiq edilmiş inkişaf proqramını idarə edir, universitetin inkişafını nəzarətdə saxlayır, şura üzvləri, donorlar, məzunlar və administrasiya ilə məhsuldar əlaqələrin qurulmasını təmin edir.
İnkişaf ofisi aşağıdakı sahələrdə fəaliyyət göstərir:
- Fandreyzinq
- Məzunlarla əlaqələr
- Valideynlərlə əlaqələr
- Donorlarla əlaqələr
Təşkilati və korporativ əlaqələr İnkişaf ofisi fandreyzinq ilə bağlı olan bütün işləri, tədbirləri hazırlayır, həyata keçirir və idarə edir. Ofisin heyəti donorlarla əlaqələrin qurulub inkişaf etdirilməsi sahəsində bütün fəaliyyət və strategiyaları idarə edirlər. Eləcə də ofisi fondlar və korporasiyalar üçün qrant təkliflərini inkişaf etdirmək, illik fandreyzinq proqramlarını inkişaf etdirmək və həyata keçirmək, hərtərəfli təşviqat proqramını inkişaf etdirmək missiyası daşıyır.
İnkişaf ofisində aşağıdakı mərkəzlər fəaliyyət göstərir:
- Peşə mərkəzi
- Əlilliyi olan tələbələr üçün mərkəz
- Məzunlarla iş mərkəzi
Peşə Mərkəzi
redaktəXəzər Universiteti Peşə-Məşğulluq Mərkəzi ABŞ Avrasiya Fondunun dəstəyi ilə yaradılmışdır. Mərkəzin əsas məqsədi yuxarı kurs tələbələri və məzunlara uğurlu karyeralarının qurulmasında yardımçı olmaqdır.
Mərkəz müxtəlif beynəlxalq və yerli təşkilat və şirkətlərlə əlaqə saxlayır, mövcud iş yerləri ilə bağlı məlumatlar toplayır. Mərkəzin təşkil etdiyi iş yarmarkalarında tələbə və məzunlar işəgötürənlərlə birbaşa ünsiyyətdə olurlar.
Mərkəzdə tələbə və məzunlara müxtəlif beynəlxalq proqramlar, o cümlədən tələbə mübadiləsi, beynəlxalq təqaüd və maliyyə mənbələri haqqında məlumatlar da verilir. Bu proqramlarda iştirak etmək üçün zəruri olan sənədləşmələrin düzgün yazılması ilə bağlı məsləhətlər verilməsi də mərkəzin fəaliyyət dairəsinə daxildir. Mərkəzin əməkdaşları müxtəlif yerli və beynəlxalq treyninqlərdə iştirak edirlər.
Əlilliyi olan tələbələr üçün Mərkəz
redaktə"Əlilliyi olan tələbələr üçün Mərkəz"in fəaliyyəti əlilliyi olan tələbələrə aid məsələləri təşkil və idarə etməkdən ibarətdir. Mərkəzin əsas funksiyası əlilliyi olan tələbələrə təhsildə dəstək olmaq üçün onları məlumatlar və xidmətlərlə təmin etməkdən ibarətdir. Mərkəz əlilliyi olan tələbələri lazımi avadanlıqlarla təmin edəcək və həmçinin ehtiyac olduqda onların əlilliyinə uyğun imtahanların təşkil olunmasına yardım göstərəcəkdir.
Mərkəz aşağıdakı əlilliyi olan tələbələrə yardım və xidmət göstərəcək: tam və ya qismən görmə qabilliyətini itirmiş, fiziki məhdudiyyətli və nitq məhdudiyyəti olanlar. Mərkəzin koordinatoru bütün fakültələrə əlilliyi olan tələbələrə necə yardım və dəstək göstərmək haqqında təlimatlar təqdim edəcəkdir.
Beynəlxalq Əlaqələr Ofisi
redaktəXəzər Universitetinin Beynəlxalq Əlaqələr Ofisi, Universitetin beynəlxalq əməkdaşlıq və şəbəkə quruculuğu, beynəlxalq tələbə qəbulu, qəbul və iştirak, daxil olan/məzun olan tələbələr və işçilər üçün mübadilə proqramları və s. daxil olmaqla Universitetin ümumi beynəlxalq strategiyasından məsuldur. Beynəlxalq Əlaqələr Bürosu Xəzər Universitetinin beynəlxalq tələbə və alimlərinə/qonaqlarına məsləhət xidmətlərinə də rəhbərlik edir.
Dünya Məktəbi
redaktəDünya Məktəbi Azərbaycanda ilk özəl universitet olan Xəzər Universitetinin yaradıcısı, professor Hamlet İsaxanlı tərəfindən 1998-ci ildə XƏZƏR Universiteti nəzdində təsis edildi. Məktəb sonrakı inkişaf mərhələsində iki təsisçi – Hamlet İsaxanlı və Nailəxanım İsayeva tərəfindən yenidən quruldu.
Dünya Məktəbi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2012–2013-cü tədris ilində "İlin ən yaxşı məktəbi" adına layiq görülmüşdür.
Məktəbdə tədris 3 dildə – Azərbaycan, rus və ingilis dillərində aparılır. Məktəbin əməkdaşları və müəllimləri müxtəlif ölkələrdə təlim keçmiş, təhsil və tədrisdə beynəlxalq təcrübəni tətbiq edən mütəxəssislərdir. Məktəbin məzunları dünyanın tanınmış ali təhsil ocaqlarında təhsil alırlar. 2016-cı il sentyabr ayından etibarən Sumqayıt şəhərində də Dünya məktəbi fəaliyyət göstərməyə başlamışdır. Həm Bakı, həm də Sumqayıt Dünya məktəbində şagirdləri mümkün qədər çox öyrətmək əvəzinə, fikirləşməyi öyrətmək prinsipi əsas götürülür və tədris prosesinin təşkili bu yöndə qurulur.
Xəzər Media
redaktəNəşriyyat
redaktəFəaliyyətdə olduğu dövrdən Xəzər Universitetində Nəşriyyat (Khazar University Press) fəaliyyət göstərir.
Xəzər Universiteti Nəşriyyatı — universitetin kitab, jurnal və digər çap məhsullarını, eləcə də kənardan müraciətləri dəyərləndirən və nəşrə hazırlayan bir qurumdur.
Nəşriyyatın fəaliyyət dairəsinə dərslik, monoqrafiya, konfrans materialları, elmi-tədqiqat jurnalları, tərcümə layihələri (ingilis və başqa dillərdən Azərbaycan dilinə və həmçinin, Azərbaycan və rus dillərindən ingilis və başqa dillərə tərcümə olunmuş kitab və məqalələr), eləcə də bədii ədəbiyyat nəşri daxildir.
Xəzər Universiteti Nəşriyyatı öz məhsulları və fəaliyyəti ilə beynəlxalq aləmdə də tanınır, onun nəşrləri və əməkdaşları bir sıra ölkələrdə sərgi, yarmarka, treninq və digər proqram və tədbirlərdə iştirak edirlər.
Xəzər Universiteti Nəşriyyatı Azərbaycan ISBN agentliyi və Azərbaycan ISMN agentliyi — beynəlxalq kitab və musiqi əsərlərinin standartlaşdırılması Milli Agentliyi kimi də fəaliyyət göstərir.
Xəzər Humanitar və Sosial elmlər jurnalı
redaktəBakıda, Xəzər Universitetində nəşr edilən, Humanitar və Sosial Elmlər üzrə tədqiqatların nəticələrini özündə əks etdirən, ildə 4 dəfə dərc olunan beynəlxalq elmi jurnaldır.
"Xəzər Xəbər" jurnalı
redaktə"Xəzər Xəbər" jurnalı 1995-ci ilin yanvar ayında Xəzər Universitetinin qəzeti kimi fəaliyyətə başlamış, müxtəlif səpkili xəbərləri, elmi və publisistik yazıları özündə ehtiva edən və ayda bir, bəzən iki dəfə dövriliklə meydana çıxan mətbu orqanı olmuşdur. 1997-ci ilin yanvar ayından başlayaraq Xəzər Xəbər jurnal şəklində çıxmağa başlamış və tezliklə ayda iki dəfə olmaqla sabitləşmişdir. 2000-ci ilin aprel ayından başlayaraq jurnalın hər sayı 40 səhifəlik həcmdə nəşr olunmuşdur. 2003-cü ilin aprel ayından başlayaraq jurnal mərkəzində hər sayıda dəyişən şəkillər olmaqla mavi rəngli cilldə çıxmışdır. Nəhayət, 2010-cu ilin yanvar ayından etibarən "Xəzər Xəbər" jurnalı yeni formatda nəşr olunur; ayda bir dəfə 80 səhifə həcmində və qismən rəngli olmaqla jurnal daha məzmunlu və daha gözəl şəkil aldı.
Təsisçisi Xəzər Universiteti, baş redaktor u Xəzər Universitetinin qurucusu və rektoru professor Hamlet İsaxanlı dır. Redaksiya heyətinə Azərbaycan ın görkəmli elm və mədəniyyət xadimləri daxildir.
"Xəzər Xəbər" məzmununa görə elmi-kütləvi, ədəbi-publisistik nəşr kimi fəaliyyət göstərir. Jurnalda azərbaycan, ingilis, rus dillərində və Türkiyə türkcəsində tələbə həyatı, təhsil yenilikləri, elm, incəsənət, siyasət, ədəbiyyat, mədəniyyət, turizm və idman a aid müxtəlif materiallar və maraqlı xəbərlər dərc olunur.
Xəzər Xəbər jurnalı Xəzər Universitəsi Nəşriyyatı nın məhsuludur və Xəzər Universitetinin mətbəəsində çap olunur. Jurnal abunə yolu ilə və pərakəndə satış vasitəsilə yayılır.
"Xəzərin Səsi" radiosu
redaktə2009-cu ildə Xəzər Universitetində yaradılmış və 2010-cu ildən müntəzəm fəaliyyətə başlamış
Azərbaycan da ilk ali məktəb internet radiosu olan "Xəzərin səsi" (Voice of Khazar) geniş əhatə dairəsinə malikdir. 24 saat yayımlanan bu internet radioda xalq mahnıları, aşıq musiqisi, Azərbaycan və dünya klassik musiqisi, muğam, oyun havaları, bəstəkar mahnıları, Azərbaycan və xarici estrada musiqisi səsləndirilir. Xəbərlər (dünya, Azərbaycan, Xəzər Universiteti) oxunur, müxtəlif program və müsahibələr təşkil olunur. Yaradıcı heyət tələbələrdən ibarətdir. Radionun təsisçisi Xəzər Universitetinin təsisçisi və Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, icraçı direktor Alik Əlioğlu dur.
-
Neftçilər kampusu
-
Neftçilər kampusu
-
İçərişəhər kampusu
Muzeylər
redaktəXalça muzeyi
redaktəAzərbaycan qədim zamanlardan bəri dünya xalçaçılıq mərkəzlərindən biri olmuşdur. Mütəxəssislər AzərbaycandaQuba, Şirvan, Qarabağ, Təbriz, Gəncə, Qazax kimi əsas xalçaçılıq məktəblərini qeyd edirlər. Xəzər Universitetinin Xalça Müzeyi həm muzey, həm də emalatxana kimi fəaliyyət göstərir. Peşəkar sənətkarların başçılıq etdiyi muzey və emalatxanada toplanan kiçik və böyük ölçülü xalça və başqa toxunma əşyalar əsasən tələbələr tərəfindən hazırlanmışdır. Müzey və emalatxana incəsənət üzrə seçmə fənn götürərək kredit qazanmaq istəyən tələbələrin istifadəsi üçün də açıqdır.
Zərgərlik muzey-mərkəzi
redaktəXəzər Universitəsi nəzdində zərgərlik muzeyi-təlim mərkəzi fəaliyyət göstərir. Xəzər Universiteti zərgərlik mərkəzində daha çox gümüş üzərində iş aparılır. Bu mərkəz zərgərlik fənnini seçən tələbələr üçün laboratoriya rolunu da oynayır. Burada emalatxana işlərinə peşəkar zərgər rəhbərlik edir.
Kukla muzeyi
redaktəXəzər universitetində kukla muzeyi 2010-cu ildə yaradılmışdır. Muzey tanınmış jurnalist, xeyirxah insan Tahirə İskəndərovanın övladlarının Dünya məktəbinə bağışladığı kukla eksponatları əsasında yaradılmışdır. Muzeydə 400-dən çox kukla eksponatları var. 2010-cu il aprel ayının 21-də muzeyin rəsmi açılış mərasimi keçirildi.
İdman
redaktəXəzər Universitetində müxtəlif idman bölmələri fəaliyyət göstərir. Tələbələr idmanın müxtəlif növləri üzrə yerli və beynəlxalq yarışlarda iştirak edir, müxtəlif yarışların, o cümlədən Avropa və dünya çempionatlarının iştirakçısı və qalibləri olmuşlar.
Müxtəlif vaxtlarda universitetdə futbol, basketbol və şahmat üzrə peşəkar idman klubları fəaliyyət göstərmişdir.
"Xəzər Universiteti" peşəkar futbol klubu 1998–2004-cü illərdə Azərbaycanın peşəkar futbol çempionatında çıxış etmiş, beynəlxalq yarışlarda, o cümlədən UEFA İntertoto Kubokunda iştirak etmişdir. Hazırda milli çempionatın aparıcı komandalarından olan Keşlə Futbol Klubu məhz "Xəzər Universiteti" klubunun bazasında yaradılmışdır.
Xəzər Universitetinin kişi və qadınlardan ibarət basketbol komandaları tək Azərbaycanda deyil, İran, Gürcüstan, Rusiya və başqa ölkələrdə keçirilmiş müxtəlif beynəlxalq yarışlarda iştirak etmiş və uğurlar qazanmışdır.
"Xəzər Universiteti" Şahmat Klubu bir çox milli və beynəlxalq yarışlara, o cümlədən peşəkar şahmatçıların (şahmat üzrə keçmiş dünya çempionu Anatoli Karpov, qadınlar arasında keçmiş dünya çempionu Nona Qaprindaşvili və s.) iştirakı ilə keçirilən görüşlərə ev sahibliyi etmişdir.
Beynəlxalq əlaqələr
redaktəXəzər Universitetində tədris dili ingilis dilidir və bu dünya təhsil sisteminin nailiyyətləri və ənənələrindən bəhrələnməyə, eləcə də dünyanın qabaqcıl universitetləri ilə tələbə, alim və müəllim mübadiləsini uğurla həyata keçirməyə kömək edir. Akademik keyfiyyət və beynəlxalq standartların təmin olunmasında geniş beynəlxalq əlaqələr və əməkdaşlıq proqramları mühüm rol oynayır. Xaricdən dəvət edilmiş mütəxəssislərin, eləcə də xaricə göndərilən müəllim və tələbələrin sayına görə Azərbaycanın və geniş bölgənin ən qabaqcıl ali məktəblərindəndir.
Xəzər Universitetinin bir sıra müəllimləri və yuxarı kurs tələbələri, eləcə də magistrant və doktorant ları müxtəlif beynəlxalq fondların və proqramların (ACTRA/ACCELS Undergraduate exchange Program, British Chevening Program, German DAAD Program, Muskie Fellowship Program, IREX Contemporary Program, Freedom Support Act Program, British Council Scholarships Program, Fulbright Scholarship və s.) dəstəyi ilə məşhur хarici universitetlərdə uzun və ya ortamüddətli staj keçmiş və ya təhsil almış, müxtəlif ölkələrdə konfranslarda, seminarlarda iştirak etmişlər. Bu əməkdaşlıq proqramları çərçivəsində həmçinin yüzlərlə хarici mütəxəssislər "Xəzər"də işə cəlb olunmuşlar.
Xəzər Universiteti bir sıra beynəlxalq və regional universitetlər assosiasiyasının və başqa təşkilatların üzvüdür. Məsələn:
- Avropa Universitet Assosiasiyası, (EUА – European University Assosiation);
- Qara Dəniz Universitetləri Şəbəkəsi (BSUN – Black Sea Universities Network);
- Xəzər Dənizi Bölgə ölkələri Universitetlər Assosiasiyası (CRCUA – Caspian Region Countries Universities Association);
- Avrasiya Universitetlər Birliyi;
- Neft Mühəndisləri Cəmiyyəti (SPE – Society of Petroleum Engineers);
- Təhsildə Əməkdaşlıq üzrə Qafqaz Beynəlxalq Konsorsiumu (CICAC – Caucasus International Consortium for Academic Cooperation);
- Dünya Səhiyyə Təşkilatı (World Health Organization); Beynəlxalq Tibb Təhsili Direktoriyası (IMED – International Medical Education Directory) və s.
Xəzər Universitəsi Tacis-Tempus, Erasmus, Avrasiya fondu, Soros (Corc Soros) fondu, Amerika Hüquqşünaslar Assosiasiyası, İREХ, Fulbright, BP, StatoilHydro, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Sasakawa Peace Foundation, Japan Foundation, Amerika Dövlət Departmenti, Dünya Bankı, Asiya İnkişaf Bankı, Norveç hökuməti, UNESCO və onlarla digər təşkilatlarla geniş əməkdaşlıq proqramları həyata keçirir.
Qafqaz Universitetlər Birliyinin üzvüdür.[3]
Rektorlar
redaktəO, 1991-ci ildən 2010-cu il sentyabrın 6-na qədər rektor vəzifəsini də daşımışdır. 6 sentyabr 2010-cu ildən başlayaraq təsisçilikdən əlavə professor Hamlet İsaxanlı Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri kimi fəaliyyətə başlamışdır.
- Prof. Hamlet İsaxanlı (1991–2010) — 1991-ci ildən 2010-cu il sentyabrın 6-na qədər rektor vəzifəsini də daşımışdır. 6 sentyabr 2010-cu ildən başlayaraq təsisçilikdən əlavə professor Hamlet İsaxanlı Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri kimi fəaliyyətə başlamışdır.
- Prof. John Ryder (Sentyabr, 2010–2012)
- Dr. Hassan Niknafs
- dos.İradə Xəlilova
Fakültələr
redaktəHumanitar, Təhsil və Sosial elmlər
redaktəHumanitar, Təhsil və Sosial elmlər fakültəsi Xəzər Universitetində yaradılan ilk fakültələrdən biridir. 1991-ci ildə əsası qoyulan Xəzər Universitetində 1992-ci ildən Humanitar fakültəsinin yaradılması ilə bağlı qərar qəbul edilmişdir. Fakültənin nəzdində ilk olaraq iki departament (kafedra), "İngilis dili və ədəbiyyatı" departamenti və "Jurnalistika" departamentləri, ardınca müxtəlif humanitar və sosial elm sahələrinin tədrisi və tədqiqini nəzərdə tutan çoxfənnli (multidissiplinar) akademik vahid kimi "Fəlsəfə və Sosiologiya" və "Tarix" departamentləri yaradıldı.
Hüquq
redaktəHüquq fakültəsi Xəzər Universitetinin əsası qoyulduğu 1991-ci ildə yaradılmışdır. Fakültənin tədris prosesində Azərbaycan və ingilis dillərindən istifadə olunur.
İqtisadiyyat və Menecment
redaktəƏsası 1991-ci ildə qoyulmuşdur. Fakültə Azərbaycanda regional tələblərə uyğun açıq Qərb təlim sisteminin tətbiqi və inkişafında birinci olmuşdur. İqtisadiyyat və Menecment fakültəsi ali təhsilin bakalavr, magistratura və doktorantura pillələri üzrə proqramlar təklif edir.[mənbə göstərin]
Təbiət elmləri və mühəndislik
redaktəMövcud elm tutumlu sənaye müəssisələrində istehsal proseslərini təşkil etmək və innovativ texnologiyalarla işləmək bacarığına malik mütəxəssislərin hazırlanması, yüksək biliyə malik müəllimlərin yetişdirilməsini nəzərə alaraq, 1 fevral 2019-cu il tarixindən Təbiət elmləri və Mühəndislik fakültəsi, Mühəndislik və Tətbiqi elmlər fakültəsinin əsasında yaradılmışdır.
Təhsil
redaktə2003-cü ildə ibtidai təhsilin metodikası (ibtidai məktəb müəllimliyi) ixtisası üzrə bakalavr pilləsinə tələbələrin qəbulu ilə ayrı fakültə kimi rəsmi fəaliyyətə başlayıb.
Tibb və stomatologiya
redaktəTibb fakültəsi Xəzər Universitetində fəaliyyətə başlayan ilk fakültələrdəndir. 1992-ci ilin dekabrında Azərbaycan Respublikası Təhsil Qanunu qəbul edildikdən sonra həmin qanunun 31-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.93-cü il tarixli 60 saylı qərarı ilə Təhsil Nazirliyi nəzdində Dövlət Ali Ekspert Komisiyyası (DAEK) yaradıldı. Bu Komissiyanın əsas işi Azərbaycanda Təhsil Qanunu əsasında özəl təhsil müəssisələrinin yaranma qaydalarının hazırlanması, fəaliyyət normativlərinin müəyyənləşdirilməsi və akkreditasiya olunması idi. Xəzər Universiteti bu komissiyada ekspertizadan keçən ilk özəl universitet oldu. Bu komissiyasının 10 aprel 1993-cü il tarixli 9/1 saylı qərarında bir sıra ixtisaslarla yanaşı universitədə ümumi müalicə işi üzrə kadr hazırlanması da qeyd olundu.[mənbə göstərin]
İstinadlar
redaktə- ↑ Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzi — Xəzər Universiteti, 2010, Bakı
- ↑ 1 2 Xəzər Universitetində Konfutsi İnstitutunun filialı açıldı. [ölü keçid] khazar.org, 17.04.2013 (az.)
- ↑ Tüm Uyeler Arxivləşdirilib 2019-02-15 at the Wayback Machine. kunib.com