Mikena Medeniyyeti - Wikipedia
Mikena sivilizasiyası[1] və ya Mikena mədəniyyəti[1] — e.ə. II minillikdə Peloponnesdə inkişaf etmiş sivilizasiya.
Təxminən e.ə. 2200-cü ildə yunan dilinin erkən formasında danışan hind-avropa xalqları yunan yarımadasını işğal etdi və e.ə. 1600-cü ildən etibarən öz kiçik şəhərlərini qurmağa başladılar. Minoylular ticarət əlaqələri sayəsində onların mədəni inkişafına təsir etdilər. Yunan və Minoy elementlərinin birləşməsi nəticəsində Mikena sivilizasiyası yarandı. Mikena e.ə. 1600 və 1200-cü illər arasında Yunanıstanın əsas şəhəri idi. Mikena təxminən e.ə. 1500-cü ildən sonra Egey dənizi ətrafında aparıcı sivilizasiyaya çevrilmiş və hətta Kritdə belə dominantlıq qazanmışdı.
İlk dəfə arxeoloqlar ona aid abidələri Mikena şəhərini qazarkən aşkar etmişdirlər, ona görə də bu mədəniyyət Mikena və ya Krit - Mikena mədəniyyəti adlandırılmışdır. O vaxtlar Peloponnesdə axey tayfaları məskunlaşmışdı. Yerli tayfalar yunan dilinə uyğunlaşmış Krit yazısından istifadə edirdilər. Krit faciəsi adada yaradılmış mədəniyyəti tam məhv edə bilmədi. Oradan üzərində bu cür yazı nümunələri olan olan gil lövhələr tapılmışdır.
Arxeoloji qazıntı işləri
redaktəAlman biznesmeni Henrix Şliman 1876-cı ildə Yunanıstanda qazıntı işlərinə başladı. O, böyük miqdarda qızıl olan qəbiristanlıq ərazi aşkarladı. Şlimanın rəhbərlik etdiyi qazıntı işləri Yunanıstanda Mikena adlanan tərk edilmiş ərazidə aparılırdı. İliadada Mikenanın Aqamemnonun vətəni olduğu bildirilir və bu şəhər “qızılla zəngin Mikena” adlanırdı. Təəssüf ki, Şlimanın apardığı qazıntı işləri uzaq keçmişin öyrənilməsində tamamilə faydalı olmadı, o, həddən artıq coşqunluğu və elmi prosedurlara etinasızlığı ilə dəlilləri məhv etdi və xırda, lakin lazımlı detallara məhəl qoymadı. Buna baxmayaraq, hər kəs Şlimanın kəşflərinin çox maraqlı və əhəmiyyətli olduğunu bildirmişdi. Şliman əvvəllər əfsanə hesab edilən faktların, əslində, həqiqət olduğunu göstərdi.
20-ci əsrin ən böyük elmi nailiyyətlərindən biri Krit və yunan tarixi (e.ə. 1500 və 1400-cü illəri əhatə edən) haqqında biliklərimizdə köklü dəyişikliklər etdi. Alimlər əvvəllər belə hesab edirdilər ki, Yunanıstan o dövrdə hələ də Kritin yarıbarbar iqtisadi koloniyası olmuş və e.ə. 1500 və 1400-cü illər arasında Kritdə baş verən daxili dəyişikliklər “yeni sülalə”nin yaranmasına təsir etmişdi. Həm Kritdə, həm də Yunanıstanda eyni xətti yazının (“Xətti yazı B”) müxtəlif nümunələri tapılmışdı. Lakin alimlər bu yazının Kritdə yarandığını və sonradan Yunanıstana yayıldığını güman edirdilər. 1952-ci ildə gənc ingilis arxeoloq Maykl Ventris xətti yazı B-ni deşifrə edə bildi və bu yazının yunan dilinin erkən formasında yazıldığını sübut etdi. O zaman Ventrisin 33 yaşı vardı. O, 4 il sonra dəhşətli avtomobil qəzasında vəfat etmişdi. Ventrisin kəşfi antik yunan tarixi haqqında biliklərdə köklü dəyişikliklər etdi. Bu kəşf Minoy erasının sonlarına doğru yunanların Krit adasında hakimiyyəti ələ keçirdiklərini sübut edirdi.
Mikenanın çiçəklənməsi
redaktəHal-hazırda alimlər razılaşırlar ki, mikenalılar e.ə. 15-ci əsrdən sonra Egey dünyasının hökmdarı titulunu minoyluların əlindən almışdılar. Lakin onlar bunun necə baş verdiyinə tam əmin deyillər. Ya Kritdə baş verən dəhşətli zəlzələ yerli idarənin zəifləməsinə səbəb olmuş və materiklilərə adanın idarəsini ələ keçirməyə imkan vermiş, ya da ki mikenanlılar Kriti asanlıqla işğal edəcək qədər güclənmişdilər. Mikenalılar e.ə. 1500 və 1400-cü ilər arasında Krit adasında tərəqqi və bədii nailiyyətlər erasını davam etdirmişdilər. Lakin təxminən e.ə. 1400-cü ildə yunan işğalçılarının yeni dalğası Kriti zəbt etdi, Knosu dağıtdı və Minoy sivilizasiyasına son qoydu. Bu işğalın nə üçün belə dağıdıcı olması naməlum olaraq qalır. Lakin bu hadisə Yunanıstanın təxminən 2 yüz il ərzində Egey dünyasının rəqibsiz hökmdarına çevrilməsi ilə nəticələndi. E.ə. 1250-ci ildə mikenalılar Kiçik Asiyadakı troyalılar ilə müharibədə qalib gəldilər, lakin onların öz tənəzzülləri də üfüqdə idi.
Tənəzzül
redaktəE.ə. 1200 və 1100-cü illər arasında dorilər (dəmir silahları olan barbar şimallı yunanlar) mikenalıları özlərinə tabe etdilər. Əvvəllər mikenalıların istifadə etdiyi bürünc silahlar dəmir silahlarla müqayisədə daha çox istifadə edilirdi, lakin Qərbi Asiyada və Şərqi Avropada bürünc əldə etmək üçün istifadə olunan mis və qalaya nisbətən dəmir filizi daha geniş yayılmışdı, buna görə də dəmir silahlar daha ucuz idi və beləliklə əksər döyüşçülər də dəmir silahlardan istifadə edirdilər. Dorilər silahqayırmadan başqa bütün sahələrdə primitiv idilər, buna görə də onların hakimiyyəti yunan tarixində e.ə. 800-cü ilə qədər davam edən qaranlıq dövrü başlatdı.
Mikena və Minoy sivilizasiyalarının oxşar və fərqli cəhətləri
redaktəMikena (yaxud Axey) mədəniyyəti hələ e.ə. 1700-cü ildə formalaşmağa başlamışdı. Əvvəllər bu mədəniyyət Krit sivilizasiyasının güclü təsiri altında olmuşdur. Onlardan bir sıra tanrıların adları, su kəməri, kanalizasiya, geyim formaları, freska təsvirləri və s. mənimsənilmişdi. Lakin bütün bunlara baxmayaraq, Miken sivilizasiyasında da spesifik, yalnız onlara məxsus cəhətlər inkişaf etdirilmişdir. «Şaxta qəbirlər» bu mədəniyyətin ən qədim abidələrindəndir. Qəbirlərdə ölülərin sümükləri ilə yanaşı bəzək əşyaları, qablar, paltarlar, silahlar, qızıl maskalar və s. də tapılmışdır. Burada da Minoyda olduğu kimi mədəniyyət mərkəzləri saraylarda cəmlənmişdi.
Minoy və Mikena sivilizasiyaları bir-birilə sıx bağlıdır. Hətta peşəkar mütəxəssislər belə bir sivilizasiyanın nə zaman bitib, digərinin nə zaman başladığını dəqiq müəyyənləşdirməkdə çətinlik çəkirlər. “Xətti yazı B”dən əvvəl mövcud olan iki yazı forması yalnız Kritdə aşkarlanmış və hələ də deşifrə edilməmişdi. Bu fakt problemi daha da mürəkkəbləşdirir.
Mikenalılar minoylulara nisbətən daha döyüşkən olmuşdular, lakin ən yeni elmi araşdırdmalar bu fərqləri şişirtdiyimizi göstəririr. Kritdə olduğu kimi, Yunanıstanda da şəhər sivilizasiyanın mərkəzi idi – Mikenada əsas şəhərlər Mikenanın özü, Pilos və Tirins idi. Hər bir şəhər və şəhərətrafı ərazi “vanaks” adlanan hökmdar tərəfindən idarə olunurdu. Krit kimi Mikena dövləti də bürokratik monarxiya idi. “Xətti yazı B” ilə yazılmış daş salnamələrin bir neçəsi deşifrə edildiyinə görə biz bu monarxiya haqqında bəzi faktları bilirik. Onların hamısı ali idarə aparatının qeydləridir. Pilosdan tapılmış salnamələrdə hökmdarın təbəələrinin iqtisadi həyatı haqqında ən vacib detalları görürük: verilmiş mülkün dəqiq sahəsi; kiminsə sahib olduğu qab-qacağın sayı; başqa birinin iki öküzünə verilən şəxsi adlar (“Parlaq” və “Qaraşın”). Bu cür detallı siyahılar dövlətin mərkəzləşdirilmiş olmasını və öz vətəndaşlarının iqtisadi fəaliyyətinə tam nəzarət etdiyini göstərir.
Minoy və Mikena bürokratik monarxiyalarının oxşar olmalarına baxmayaraq, bu iki yaxın sivilizasiya arasında əhəmiyyətli fərqlər də var idi. Mikenada quldarlıq sisteminin möcvud olması fərqlərdən biri idi. Bundan əlavə, Mikena cəmiyyəti daha çox müharibə yönümlü idi. Mikena şəhərləri tez-tez bir-birilə müharibə apardığına görə, şəhərlər təpələrin zirvəsində tikilirdi və möhkəm müdafiə olunurdu. Kritlə müqayisədə daha sərt və barbar həyat tərzi sürdüklərinə görə, Mikena hökmdarları özləri üçün böyük qəbirlər tikdirirdilər. Onlar burada ən gözəl xəncərlər və başqa hakimiyyət və var-dövlət rəmzi olan əşyalar ilə birgə dəfn edilirdilər.
İncəsənət
redaktəMikena incəsənəti Minoy incəsənəti qədər zərif deyildi. Şübhəsiz ki, mikenalılar minoylu sələfləri qədər artistik incəlik və zərafətə malik deyildilər. Lakin e.ə. 1500 və 1400-cü illər arasında Knossda işlənmiş Mikena incəsənət nümunəsi minoylulara məxsus əsər ilə müaqayisədə daha sərt və simmetrik idi, buna baxmayaraq ondan tamamilə fərqlənmirdi. Bundan əlavə, minoylulara məxsus “Parisli qadın” freskası və təxminən e.ə. 1300-cü ilə məxsus, Mikenanın Tirins şəhərində aşkarlanmış qadın təsvirli freska arasında çox yaxın stilistik oxşarlıqlar var. Lakin Mikena incəsənətinin ən gözəl xüsusiyyətlərini Minoy incəsənətindən aldığını söyləməklə onun əhəmiyyətini kiçiltmək düzgün deyil. Mikena incəsənətinə məxsus zərif və mükəmməl işlənmiş naxışlı xəncərin Kritdə antesendenti yoxdur.
Digər xalqlara təsirləri
redaktəMikena sivilizasiyası digər xalqların mədəniyyətinə əhəmiyyətli dərəcədə təsir etməmişdir. Minoy sivilizasiyası Mikenaya nisbətən başqa mədəniyyətlərə daha az təsir etmişdi, o e.ə. 14-cü əsrdə özündən sonra heç bir iz qoymadan məhv olmuşdu. Lakin mikenalılar özlərindən sonra bəzi izlər buraxmışdılar. Sonralar yunanlar Zevs, Hera, Hermes və Poseydon kimi bəzi Mikena tanrı və ilahələrinə sitayiş etmişdilər, lakin onların panteondakı rolunu tamamilə dəyişmişdilər. Bundan əlavə, yunanlar da mikenalılar kimi idmanı çox sevirdilər və onların çəki və ölçü sistemini qəbul etmişdilər, lakin bu əlaqələrin doğruluğu naməlum olaraq qalır. Homer mikenalıların Troyanı uğurla mühasirəyə almasını xatırlayır, lakin onun nələri unutduğunu da hesaba qatmaq lazımdır. E.ə. 8-ci əsrdə Homer (bu ad altında bizə bir çox müəllif məlumdur) Mikena bürokratik monarxiyasının quruluşunu tamamilə unutmuşdu. Əslində, mikenalılar və yunanlar arasındakı bu uçurum xeyirə idi. Bəzi tarixçilər hesab edirlər ki, despot Mikenanın dorilər tərəfindən dağıdılması daha azad və sivil yunan dövlətlərinin yaranması üçün zəruri idi.
Lakin Minoy və Mikena sivilizasiyaları digər mədəniyyətlərə az da olsa təsir etmişdilər, bu təsirlər ən azı 4 səbəbə görə əhəmiyyətlidir. Birincisi, onlar Avropada ən erkən sivilizasiya idilər. Minoydan əvvəl bütün siviliasiyalar Şərqdə yaranmışdı, lakin sonra Avropa bir-birinin ardınca böyük sivilizasiyaların çiçəklənməsinə şahidlik etmişdi. İkincisi, minoylular və mikenalılar Avropa dəyərlərinə və nailiyyətlərinə birbaşa olmasa da, dolayı yollarla təsir etmişdilər. Minoy və Mikenanın siyasi quruluşu bir çox Asiya dövlətlərində olduğu kimi idi. Lakin, xüsusilə, Minoy incəsənəti Şərq dövlətlərinin incəsənətindən fərqlənirdi. Üçüncüsü, Minoy sivilizasiyası (qismən də Mikena sivilizasiyası) öz dünyəvi və proqressiv xarakterinə görə əhəmiyyətli idi. Egey xalqlarının rahatlıq və var-dövlət düşkünlüyü, əyləncə sevgisi, həyat eşqi və riskə olan cəsarəti buna nümunədir. Nəhayət, qədim Assuriya, Babil və hətta Qədim Misir son nəfəsini “zireh içindəki cəsədlər” kimi verdiyi halda, Krit öz son nəfəsini divarsız şəhərlərdə keçirilən şən festivallar arasında vermişdi.
Həmçinin bax
redaktəMənbə
redaktə- Western Civilizations, Robert E. Lerner, Standish Meacham, Edward McNall Burns.
- ↑ 1 2 Enqomi // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 7-ci cild: Dərman – Enoftalm (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2016. 608 səh. ISBN 978-9952-441-12-3.