Avtomobil - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Avtomobil (q.yun. αὐτός — özü, lat. mobilis – hərəkət edən) – mühərriklə hərəkətə gətirilən,sərnişin, yük və xüsusi avadanlıq daşıyan nəqliyyat vasitəsidir.[1] Avtomobil hərəkət etdirici orqanı ilə (təkər, tırtıl, xizək) dayaq səthi (yol, torpaq) arasında yaranan ilişmə qüvvəsi nəticəsində hərəkət edir; minik avtomobili, yük avtomobili, avtobus və xüsusi təyinatlı avtomobillərə ayrılır. Bu avtomobil tipləri də müxtəlif əlamətlərə görə təsnif olunur. Məsələn: minik avtomobili mühərrikinin həcminə, qaabarit ölçülərinə, kuzasının (kuzovunun) tipinə (qapalı, açılabilən və açıq kuzalı) görə siniflərə ayrılır. Təyinatına görə nəqliyyat, xüsusi və yarış (idman) avtomobilləri olur. Nəqliyyat avtomobili yük, yük-sərnişin və sərnişin daşıyır. Sərnişin avtomobili minik avtomobili və avtobuslara ayrılır. Xüsusi avtomobillər üzərində quraşdırılmış müxtəlif təyinatlı (tikinti, sanitar, yanğın və s.) qurğuları daşımaq üçündür. Yarış
avtomobil xüsusi konstruksiyalı, yüksək sürətli maşınlardır.
Tarixi
redaktəİlk avtomobil cizgiləri Leonardo da Vinçiyə aid edilir. 1447-ci ildə o, əzələ gücü ilə hərəkətə gətirilə bilən zirehli arabanın layihəsini işləyir. 1600-cü ildə hollandiyalı riyaziyyatçı Simon Stevin külək enerjisi ilə işləyən 30 nəfərin daşınmasına imkan verən araba düzəldir. XVIII əsrdən başlayaraq "özügedən" (atsız, öküzsüz və başqa qoşqusuz) araba yaratmaq üçün təşəbbüslər göstərilirdi. 1769-cu ildə fransız ixtiraçısı Nikolas Yozef Kuqnot ilk dəfə olaraq buxarla işləyən hərbi avadanlıqları dartmaq üçün üç təkərli araba düzəldir. Gücü 2 a.q. olan buxar mühərriki ilə işləyən araba 3 t yükü 4 km/saat sürətlə daşıya bilirdi. Onun bu maşını nəinki avtomobilin, hətta paravozun əcdadı hesab olunur. Bir neçə ildən sonra İngiltərədə və Almaniyada da buxar arabaları meydana gəldi. Buxar mühərriki ilə işləyən avtomobillər ağır və istifadə üçün rahat olmadığından geniş tətbiq edilmədi. XIX əsrin əvvəlində yığcam və güclü daxili yanma mühərriklərinin yaranması ilə avtomobilqayırmanın inkişafı üçün geniş imkanlar açılır. 1860 ildə fransalı mexanik Eten Lenuar qaz mühərriki yaratsa da, onu avtomobilin üzərinə qoymaq cəhdi baş tutmadı.
1876-cı ildə alman mühəndisi Nikolaus Otto və Y. Langen birlikdə qaz mühərrikini daha səmərəli etməyə nail oldular. İlk avtomobil yaranana qədər onun üzərində quraşdırılan aqreqat və mexanizmlərdən çoxu artıq kəşf olunmuşdu: diferensial (O. Pekker, 1828, Fransa), pnevmatik şinlər (R. Tompson, 1845; Con Denlop, 1888, İngiltərə), sapfada oturdulmuş idarəedilən qabaq təkərlər (Q. Langenşperger, 1816, Almaniya), asılı olmayan asqılar (A. Bolle, 1878, Fransa) və s. Dördtaktlı tsikl üzrə işləyən daxiliyanma mühərriki 1861-ci ildə N. Otto tərəfindən kəşf edilmişdir. Daxiliyanma mühərriki maye yanacaqla işlədildikdən və mühərrikin yığcam, yüngül tipləri yaradıldıqdan sonra nəqliyyatda geniş tətbiq edildi.
1885-ci ildə Qotlib Daymler (Almaniya) özünün benzin mühərrikli motosikletini yaratmış, 1886-cı ildə isə onun həmyerlisi Karl Benz üzərində eyni tip mühərrik (0,75 a.q. gücündə) qoyulmuş üçtəkərli avtomobil üçün patent almışdır. XIX əsrin sonlarında akkumulyator batareyasından qidalanan elektrik avtomobillərinin yaradılması sahəsində təcrübələr aparılırdı. Sonrakı illər avtomobillərin sənaye istehsalının başlanğıcı oldu. 1890 ildə "Panar-Levassor" və "De Dion-Buton" (Fransa) Avtomobilləri, 1892 ildə isə Henri Fordun ilk avtomobili həyata vəsiqə aldı. O ilk dəfə olaraq sənayedə axın xəttini tətbiq etmiş və bunla da istehsalatda işin təşkilinin yeni formasını tətbiq etmişdir. Onun düzəltdiyi avtomobillər uzun müddət şöhrət qazanmışlar.
1908-ci ildə Rus-Baltik vaqon zavodunda "Russo-Balt" avtomobili hazırlandı. 1913-cü ildə amerikalı sahibkar H.Fordun "Ford-T" avtomobilinin istehsalına başlanması avtomobillərin kütləvi istehsalının əsasını qoydu.
Avtomobillərin çoxu o zaman "Mersedes-Simplex" modeli əsasında hazırlanırdı. Bu avtomobil qabaqda yerləşdirilmiş bir mühərrikdən, ötürmə və hərəkəti çarxalara ötürən vallardan ibarət idi. 1888-ci ildə Zigfried Markus (Siegfried Marcus) Benz və Daimlerdən asılı olmayaraq dördtaktlı mühərriklə işləyən avtomobili düzəldir və patentləşdirir. Bu gələcək avtomobilin xüsussiyyətlərinin əksəriyyətini özündə əks etdirən bir maşın idi. İlk sürət rekordunu 1898-ci ildə fransız Gaston de Chasseloup-Laubat elektrik avtomobildə 64,14 km/saat sürətlə hərəkət edərək vurur. 1891-ci ildə Fransada Pegeot avtomobil zavodu yaradılır. 1892-ci ildə alman mühəndisi Rudolf Diezel öz yeni mühərriki üçün patent alır və bununla Otto prosesini modifikasiya etmiş olur. 1899-cu ildə Camille Jenatzy"La Jamais Contente" elektrik avtomobilində 100 km/saat sürətini əldə edir.
XIX əsrin sonunda kolbalı mühərrikin tətbiqinə qədər bir neçə müxtəlif ötürmə növləri bir-biri ilə rəqabətdə idilər. 1900-cu ildə məlum olan rəqəmdən bu aydın görünür ki, cəmi 4192 avtomobildən 1688-i buxar, 1575-i elektrik avtomobili, 929-u isə benzinlə işləyən avtomobil idi.
1920-ci ilə qədər davam edən bu rəqabətdən benzinlə işləyən avtomobillər qalib çıxır. Benzinin neftdən asan və ucuz alınması onun üstünlüyünü göstərmişdir. Daha sürətlə və uzaq məsafəni qət etmək elə ilk vaxtlardan avtomobilqayıranların qarşısında duran əsas məsələ olub və bu gün də öz aktuallığını itirməmişdir.
Konstruksiyası
redaktəMüasir avtomobillər bir neçə struktur və mexaniki sistemdə birləşdirilmiş çoxsaylı detallardan ibarətdir. Avtomobilin konstruktiv bloklarına avtomobil mühərriki, avtomobil kuzası (kabinə) və avtomobil transmissiyasını, hərəkət (gediş) hissələrini, idarəetmə sistemini, asqısını, yükdaşıyıcı sistemini birləşdirən şassi daxildir. Avtomobil mühərriki kimi, əsasən, daxiliyanma mühərriklərindən istifadə olunur. Bəzi hallarda avtomobilə müxtəlif tipli, bir-biri ilə transmissiya ilə əla qələndirilmiş bir neçə mühərrik (məsələn: daxiliyanma mühərriki və elektrik mühərriki) quraşdırıla bilər (hibrid ). Kuza sürücü, sərnişin, yük və ya xüsusi avadanlıqlar üçündür. Bəzi hallarda kuza yüksaxlayan sistem (daşıyıcı kuza) funksiyasını da yerinə yetirir. Şassinin vəzifəsi güc qurğusunun yaratdığı burucu momenti hərəkətetdirici orqanlara ötürmək, dayaq səthi ilə əlaqə yaratmaq, avtomobilin sürətini və hərəkət istiqamətini dəyişdirməkdir. Transmissiya güc qurğusundan (mühərrikdən) aldığı mexaniki enerjini (burucu momenti) artıraraq hərəkətetdirici orqanlara ötürür.
Transmissiya mexaniki, elektromexaniki və hidromexaniki olur. Daha geniş yayılmış mexaniki transmissiya ilişmə muftası, sürətlər (ötürücülər) qutusu, kardan ötürməsi, baş ötürücü, diferensial və yarımoxlardan ibarətdir. İlişmə muftası güc qurğusunu transmissiyadan qısa müddətdə ayırmaq və səlis birləşməsini təmin etmək üçündür. Sürətlər qutusu hərəkətetdirici orqanlara ötürülən burucu momenti (dartıcı qüvvəni) geniş diapazonda dəyişdirir və avtomobilin geriyə hərəkətini təmin edir. Kardan ötürməsi vallarının oxları bir düz xətt boyunca yerləşməyən və ya oxlarının vəziyyəti qarşılıqlı dəyişən iki mexanizm arasında burucu momenti ötürür. Baş ötürücü sürətlər qutusundan hərəkətetdirici orqanlara gələn burucu momenti artırır. Diferensial baş ötürücüdən verilən burucu momenti hərəkətetdirici orqanlar, körpülər arasında paylamaqla, yarım oxların müxtəlif bucaq sürəti ilə fırlanmasını təmin edir. Hərəkət hissələri çərçivə, körpülər, asqılar və təkərlərdən (hərəkət etdirici hissədən) ibarətdir. Çərçivə avtomobilin kuzasını, kabinəsini və bütün mexanizmlərini öz üzərində birləşdirir. Əksər minik avtomobilləri və bir sıra avtobuslarda çərçivəni kuza əvəz edir. Belə avtomobil daşıyıcı (yüksaxlayan) kuzalı avtomobil adlanır. Körpülər çərçivə və kuzadan şaquli yükləri təkərlərə və eyni zamanda itələyici, tormoz və yan qüvvələri təkərlərdən çərçivəyə ötürür.
Asqı avtomobilin çərçivəsi və ya kuzası ilə körpüləri (oxları) arasında elastik rabitə rolunu oynayır. Avtomobilin əsas hərəkətetdirici hissəsi fırlanma hərəkətini irəliləmə hərəkətinə, burucu momenti dartıcı qüvvəyə çevirən təkərlərdir. Bəzən avtomobillərdə kombinəli hərəkətetdiricilərdən istifadə olunur. Məsələn: avtomobilin keçicilik qabiliyyətini artırmaq üçün təkərli-tırtıllı, avtomobilə amfibiya xüsisiyyəti vermək üçün təkər və suatan hərəkət qurğusu tətbiq edilir.
İdarəetmə sistemləri avtomobilin hərəkət sürətini və istiqamətini dəyişməyə xidmət edir və sükan idarəetməsi və tormoz (əyləc) sistemlərindən, eləcə də mühərrikin, transmissiyanın və s. idarəetmə sistemlərindən ibarətdir. Sükan idarəetməsi avtomobilə verilən hərəkət istiqamətini saxlayır, yaxud dəyişir və onun manevrini təmin edir. Bu sistem sükan mexanizmindən (sükan çarxından vala verilən burucu momenti artırır), sükan ötürməsindən və bəzi avtomobillərdə sükan gücləndiricisindən ibarətdir. Sükan idarəetmə sistemi avtomobilin hərəkət təhlükəsizliyini təmin edən əsas mexanizm olduğu üçün onun konstruksiyası daim təkmilləşdirilir, sürücünün fizioloji vəziyyətindən (yorğunluğu, səhhəti, yaşı) və peşəkarlığından asılı olan qəza vəziyyətlərini azaltmaq üçün avtomatlaş dırılma səviyyəsi daim yüksəldilir.
Tormoz (əyləc) sisteminin vəzifəsi hərəkət edən avtomobilin sürətini azaltmaq, onu dayandırıb yerində saxlamaqdır. Avtomobilin tormoz sistemi tormoz mexanizmindən (avtomobilin hərəkətinə qarşı müqavimət yaradır), tormoz ötürməsindən (sürücünün pedalda və ya lingdə ya ratdığı qüvvəni tormoz mexanizminə ötürür) və bəzi avtomobillərdə tormoz gücləndiricisindən (sürücünün pedala göstərdiyi təsir qüvvəsini artıraraq tormoz mexanizminə ötürür) ibarətdir. Minik və kiçik tonnajlı yük avtomobillərinin hidravliki tormoz ötürmələrində, adətən, vakuum və ya pnevmatik tormoz gücləndiriciləri tətbiq edilir. Avtomobillər işçi, ehtiyat, dayanma və köməkçi (yavaşıdıcı) tormoz sistemləri ilə təchiz olunur. Tormoz sisteminin işinin etibarlılığını yüksəltmək üçün o, əla hiddə ötürmələrlə təmin edilir, yəni bir pedaldan istifadə etməklə, qabaq və arxa tormoz mexanizmləri ayrılıqda idarə edilir və ya ikikonturlu tormoz ötürməsi tətbiq edilir (tormoz sisteminin rezervləşdirilməsi).
Avtomobilin elektrik avadanlığı elektrik mənbələri (akkumulyator batareyası və generator) və işlədicilərindən ibarət olub, mühərrikin alışdırma və işəsalma sistemlərini, avtomobilin daxili və xarici işıqlandırma, siqnal cihazlarını, həmçinin əlavə avadanlıqları elektrik cərəyanı ilə qidalandırmağa xidmət edir. Sürücü və sərnişinlər üçün rahat və təhlükəsiz şərait yaratmağa xidmət edən avadanlıqlar, məsələn: avtomobil salonunun qızdırıcısı, kondisioneri, külək şüşəsini yumaq və təmizləmək üçün quruluş, şüşələrin elektrik qızdırıcısı və s. əlavə avadanlıqlara aiddir. Konstruksiyanın təkmilləşdirilməsi avtomobilin hərəkətinin və onun aqreqat və mexanizm lə rin də gedən işçi proseslərin maksimal avtomatlaşdırılması istiqamətində gedir. Hazırda mühərrikin alışdırma və qida sistemlərinin, tormoz sisteminin, baş ötürücü və diferensialın idarə olunmasında avtotron avadanlıqlar geniş tətbiq edilir.
Avtomobillərin xüsusiyyətləri
redaktəAvtomobilləri xarakterizə edən əsas xüsusiyyətlər funksional, istehlak xüsusiyyətləri və ictimai təhlükəsizlik səviyyəsidir. Avtomobillərin öz əsas funksiyasını (sərnişin, yük, avadanlıq daşımaq) səmərəli yerinə yetirməsi onların nəqliyyat vasitəsi kimi funksional xüsusiyyətidir. Bu xüsusiyyətlərə dartı-sürətlənmə və tormozlanma, idarəolunma, dayanıqlıq, yanacaq qənaətliliyi, manevretmə, keçicilik qabiliyyəti, hərəkət səlisliyi və s. daxildir.
İstehlak xüsusiyyətləri sürücü və sərnişini qane edən rahatlıq səviyyəsi (qızdırıcı, kondisioner, iqlim nəzarətçisi və s.), audiosistemin keyfiyyəti, servointiqal (elektrik şüşəqaldırıcılar, qapıların məsafədən kilidlənməsi və s.), salonun üzlük materialının keyfiyyəti, ətraf mühitlə əlaqə qurğularının (telefon, televizor, naviqasiya sistemi) olması, xarici görünüşü, dəbə uyğunluğu və s.-dir.
Avtomobilin ictimai təhlükəsizlik səviyyəsini (aktiv, passiv, qəzadan sonrakı və ekoloji) təmin edən vasitələr dövlət tərəfindən tənzimlənir və avtomobilin xəttə buraxılmasından əvvəl, eləcə də bütün istismar müddətində ona nəzarət edilir. Aktiv təhlükəsizlik vasitələri (məsələn: sükan idarəsinin gücləndiriciləri) yol-nəqliyyat hadisələrinin başvermə ehtimalının azaldılmasına, passiv təhlükəsizlik vasitələri (təhlükəsizlik kəmərləri, qəza yastıqları) isə hadisələrin nəticələrini yüngülləşdirməyə xidmət edir. Qəzadan sonrakı təhlükəsizlik qəzaya düşmüş avtomobil dayandıqdan sonra qəzanın nəticələrini tez aradan qaldırmaq və yeni qəza vəziyyətinin yaranmasının qarşısını almaq imkanı, ekoloji təhlükəsizlik avtomobilin ətraf mühitə zərərli təsir dərəcəsi ilə xarakterizə olunur.
Avtomobillərin təsnifatı
redaktəYük
redaktə- Yükqaldırma qabiliyyətinə görə
- Xüsusi kiçik yükqaldıran — 1 tona qədər
- Kiçik yükqaldıran — 1–2 ton
- Orta yükqaldıraın — 2–5 ton
- Böyük yükqaldıran — 5 tondan yuxarı
- Xüsusi ağır yükqaldıran avtomobillər — böyük ölçüyə və çəki məhdudiyyətinə malik deyillər.
- Yükü daşıma görünüşünə görə
- Kuza xüsusiyyətinə
- Özüboşaldanlar
- Bortlu
- Bağlı
- Tentli
- Avtobeton qarışdırıcı
- Özüyükləyən avtobeton qarışdırıcı
- Avtoçənlər
- Avtorefrijator
- Avtodaşıyıcı
- Konteyner
- Dartıcı
Sərnişin
redaktə- Uzunluğuna görə
- Xüsusi kiçik ( 5 metrə qədər)
- Kiçik (6 m — 7,6 m)
- Orta (8 m — 9,5 m)
- Böyük (10,5 m — 13,0 m)
- Xüsusi böyük (18,9 m və böyük)
- Təyinatına görə
- Şəhər
- Şəhər ətrafı
- Məktəb
- Kənd tipli
- Şəhərlər arası
- Turistik
Minik avtomobili (9 nəfərə qədər)
redaktə- Kuzasına görə
Xüsusi
redaktə
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəMənbə
redaktə- Avtomobil // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 405–407. ISBN 978-9952-441-05-5.
- Долматовский Ю. А. Автомобиль за 100 лет. М, 1986
- Məmmədov Y. Ə. Avtomobil nəqliyyatı vasitələrinin istismar xüsusiyyətləri nəzəriyyəsi və hesabatı. Bakı, 2005
- ↑ Автомобил // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 75.