Memmedrza Seyxzamanov - Wikipedia
Məmmədrza Şeyxzamanov (4 avqust 1915[1], Yelizavetpol – 25 yanvar 1984[1], Bakı) — görkəmli Azərbaycan-sovet teatr və kino aktyoru,[2] Azərbaycan SSR xalq artisti (1974).[3]
Məmmədrza Şeyxzamanov | |
---|---|
Məmmədrza İsa oğlu Şeyxzamanov | |
Doğum tarixi | 4 avqust 1915[1] |
Doğum yeri | |
Vəfat tarixi | 25 yanvar 1984[1] (68 yaşında) |
Vəfat yeri | |
Həyat yoldaşı | Nigar Məmmədova (Şeyxzamanova) (1921–1997) |
Uşaqları |
Kəmalə Şeyxzamanova (1939–2012) Afaq Şeyxzamanova (1956) Aytən Şeyxzamanova (1962) |
Atası | Hacı İsa Şeyxzamanov |
Anası | Balacaxanım |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1936–1984 |
Mükafatları | |
IMDb | ID2365593 |
Həyatı
redaktəMəmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub. 2 yaşında ikən atasını itirib. Və o andan etibarən ailənin bütün yükünü anası Böyükxanım çiyinlərində daşımalı olur. 1917-ci ilə qədər evdar qadın olan anası inqilabdan sonra Gəncədəki toxuculuq fabrikində işləməyə başlayır. Bununla da evinə çörək pulu qazanır. Mənəvi xəzinəmiz olan Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurun dediyinə görə, 1918–20-ci illərdə mövcud olan 23 aylıq cümhuriyyətimiz süquta uğrayandan sonra müstəqillik tərəfdarları arasında aparılan "təmizlənmələr" Şeyxzamanovlar nəslinə də əlini çəkir. Məmmədrzanın məmur babası Nağı Şeyxzamanov və yaxın qohumları repressiyaya məruz qalırlar. Bu da ailənin bəxtinə, taleyinə kədərli bir iz salır. Onlar hər xırda şeylərə görə təqiblərə məruz qalır, olmazın çətinliklər və problemlərlə üzləşirdilər. Bu çətinliklər Məmmədrza Şeyxzamanovun sənətində də az-çox özünü büruzə verməkdə idi. Ona layiq olduğu xalq artisti adını da çox sonralar, 1974-cü ildə verdilər. Bunların hamısını Maarif Teymura Məmmədrza Şeyxzamanovun özü danışmışdı…
1929-cu ildə ibtidai məktəbi bitirən Məmmədrza orta məktəbə daxil olur. O, müəllimlər və şagirdlər arasında istedadı, tərbiyəsi, savadı və biliyi ilə fərqlənirdi. Aktyorluq sənətinə olan maraq və həvəs isə hələ məktəb illərində öz "toxumlarını səpməkdə" idi. Ona görə də orta məktəbdə oxuya-oxuya teatr studiyasına daxil olur. 1934-cü ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılovun təşəbbüsü ilə teatra dəvət edilir. İlk dəfə Ə. Həmidin "Hind qızı" tamaşasında Brahma adlı kiçik rolda çıxış edir. Bu, gələcək aktyorun peşəkar teatr səhnəsinə, sənət zirvəsinə doğru aparan yolda atdığı ilk müvəffəqiyyətli addımı olur. Teatrda işləyərkən peşəkar yaradıcılıq tələbləri ilə tanış olur, Azərbaycanda aktyorluq sənətinin gözəl ənənələrini mənimsəyir. Çalışdığı dövrdə "Vaqif" (Eldar), "Fərhad və Şirin" (Fərhad), "Yaşar" (İmamyar), "İki qardaş" (Yuri) və digər tamaşalarda yaddaqalan obrazlar yaradır. 1954-cü ildə Mədəniyyət Nazirliyinin əmrilə M. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başlayır. Və elə o vaxtdan etibarən də sənət yolundakı "yaşıl işığı" daha da gur yanmağa başlayır. Yaratdığı müxtəlif səpkili obrazlarla daha çox tanınır və sevilir. Teatrda "Göz həkimi"ndə Şahbazov, "Qış nağılı"nda Poliksen, "Fərhad və Şirin"də Xosrov, "Vaqif"də Qacar, "Otello"da Otello, "Aydın"da Aydın, "Qaçaq Nəbi"də Qaçaq Nəbi, "Vaqif"də Eldar kimi bir-birindən fərqlənən, psixoloji, dramatik obrazları özünəməxsus şəkildə yaradır. Rollarını o qədər böyük aktyorluq məharəti ilə ifa edirdi ki, obrazın xarakterini aça bilirdi. Bunları azman aktyorumuz, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Əliabbas Qədirov xatırlayır. Deyir ki, Məmmədrza Şeyxzamanov çox cazibədar və nadir aktyor olub. Onun səslər içində seçilən, əsl səhnə və kino səsi vardı. Elə bir səs ki, kimə məxsus olduğu zamanındaca bilinirdi. Onlar "Mahnı dağlarda qaldı", "İblis", "Zamanın hökmü" və digər tamaşalarda tərəfmüqabilləri kimi çıxış ediblər. Məmmədrza Şeyxzamanov qəhrəman obrazlarını, komik rolları daha məharətlə ifa edirdi. Buna baxmayaraq, müxtəlif xarakterli, müxtəlif səpkili obrazların öhdəsindən də bacarıqla gəlirdi. Çünki hərtərəfli inkişaf etmiş aktyor idi. Həyatda da o, təkrarolunmaz və xaraktercə mətin, zəngin dünyagörüşə malik bir şəxsiyyət olub. Mərd idi. Heç kimdən qorxmazdı. Ürəyindən keçən sözü üzə deyərdi, arxaca danışmazdı. Düzlüyü çox sevirdi. Kimliyindən asılı olmayaraq, həmişə həqiqətin tərəfdarı olardı. Elə üzünə baxanda görünürdü ki, yerini bilən adamdır. Şit, yersiz zarafatları xoşlamırdı. Amma yaxın adamları, yoldaşları arasında duzlu, məzəli zarafatları da əskik olmazdı. Bir sözlə, o, əsl Azərbaycan kişisinin tipik nümunəsi idi.
Məmmədrza Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə çıxır. "Bəxtiyar" filmində Rəcəbov rolu ilə. Bununla da kino yolunda ilk uğurlu cığırı açılır. Daha sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Dövlət Kinostudiyasının istehsal etdiyi filmlərin çoxunda çəkilir. Müxtəlif illərdə "Qızmar günəş altında"da Alı kişi, "Leyli və Məcnun"da Dərviş, "Bir qalanın sirri"ndə həkim Eldostu, "Onu bağışlamaq olarmı"da polkovnik Qurbanov, "Qatır Məmməd"də Gəncə qubernatoru, "Nəsimi"də Şeyx Əzəm kimi obrazlar yaradır.
1963-cü ildə böyük sənətkarımız Adil İsgəndərovun Sabit Rəhmanın ssenarisi əsasında quruluş verdiyi musiqili komediya filmində — "Əhməd haradadır"da Şirin kişi rolunda çıxış edir. "Əhməd haradadır" filmi Azərbaycanın sənət rəmzi sayılan Adil İsgəndərovun quruluşçu rejissor kimi çalışdığı yeganə film olub. Hələ Akademik Dram Teatrının direktoru vəzifəsində çalışarkən Sabit Rəhman, Səməd Vurğun, İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı kimi yazıçı-dramaturqlarla yaxından tanış idi, müdir təyin olunandan sonra da bu dostluq əlaqələri davam edirdi. O zaman ekranlaşdırılması üçün kinostudiyanın "papka"sında bir neçə əsər saxlanılırdı. Lakin Adil İsgəndərovun "Əhməd haradadır" xoşuna gəlir və ona kino çəkməyi qərara alır. Filmdəki rolları ifa edəcək aktyorları isə rejissor özü seçir. O, Nəcibə Məlikova, Məmmədrza Şeyxzamanov, Mustafa Mərdanov, Əliağa Ağayev, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu kimi tanınmış sənətçilərlə yanaşı Səyavuş Şəfiyev, Töhfə Əzimova, Səyavuş Aslan, Novruz Axundov, Eldəniz Zeynalov… kimi gənc aktyorları da çəkir. O zaman Azərbaycanın kino tarixində ilk dəfə olaraq 5 aktyoru təyinatla kinostudiyaya göndərirlər. Onları — Xamis Muradov, Elxan Qasımov, Tofiq Məmmədov, Əbdül Mahmudbəyov və Fikrət Əliyevi "Adil İsgəndərovun beşliyi" adlandırırdılar. Rejissorun təşəbbüsü ilə bu beşlik filmdə epizodik rollarda, kütləvi səhnələrdə iştirak edir, rejissor, assisent köməkçisi kimi çalışırdılar. Elxan Qasımov isə sürücü Əhməd obrazını yaradır. Filmin çəkilişləri Bakıda, Gəncədə, Göy-göldə, Şamxorda və Hacıkənddə aparılırdı. Bütün rəqs səhnələri və Bəşir Səfəroğlunun iştirak etdiyi kadrlar "Yaşıl teatr"da çəkilirdi. Əbdül Mahmudbəyov xatırlayır ki, filmdə Azərbaycanın azman sənətkarları ilə çiyin-çiyinə çalışdıqları üçün fəxr edir, onlardan sənətin sirlərini öyrənməyə can atırdılar. Onda Məmmədrza Şeyxzamanovun sənəti ilə bahəm şəxsiyyəti də onu heyran etmişdi. Böyük aktyor, maraqlı insan olan Məmmədrza Şeyxzamanov əsl teatr və kino xadimiydi. O, elə sənətkarlardan idi ki, böyüklüyündən, peşəkarlığından istifadə edərək heç bir tələb irəli sürməzdi. Rahat və yaradıcı sənətkar olduğundan onunla çalışmaq asandı və hamıya xoş təsir bağışlayırdı. Ümumiyyətlə, səxavətli, qəlbi təmiz, ürəyi açıq insan olub Məmmədrza Şeyxzamanov. O, hamıyla öz dili ilə danışırdı. Böyüklə böyük, uşaqla uşaq kimi rəftar edərdi. Yaxınları, dostları və tanışları arasında isə bir ləqəbi vardı — "Yaxşı kişi".
1975-ci ildə Məmmədrza Şeyxzamanov daha bir yaddaqalan obrazını yaradır. Rasim Ocaqovun İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi "Tütək səsi" filmində İsfəndiyar kişi rolunda çıxış edir. Ümumiyyətlə, yumşaqlıq, kövrəklik, humanistlik və sülhsevərlik Məmmədrza Şeyxzamanovun xasiyyətinə xas olan cəhətlərdən idi.
Məmmədrza Şeyxzamanov 1984-cü il yanvarın 25-də 68 yaşında vəfat etmişdir.[4]
Mükafatları
redaktə- Azərbaycan SSR xalq artisti — 01.06.1974[3]
Teatr sahəsində rolları
redaktəGəncə Dövlət Dram Teatrı
redaktə- Bədəl-"Hacı Qara", (Mirzə Fətəli Axundzadə)-1934;
- Brahma-"Hind qızı", (Ədülhəq Hamid)-1934;
- Sergey bəy-"Namus", (Aleksandr Şirvanzadə)-1935;
- Naşatr-"Küləklər şəhəri", (Vladimir Kirşon)-1935;
- Turqut-"Od gəlini", (Cəfər Cabbarlı)-1935;
- Şeyx Mərvan-"Şeyx Sənan", (Hüseyn Cavid)-1936;
- Karapet-"1905-ci ildə", (Cəfər Cabbarlı)-1936;
- Fuad-"Almaz", (Cəfər Cabbarlı)-1936;
- Birinci qonaq-"Namus", (Aleksandr Şirvanzadə)-1937;
- Mehtər Kərim-"Lənkəran xanın vəziri", (Mirzə Fətəli Axundzadə)-1937;
- Doktor-"Həyat", (Mirzə İbrahimov)-1937;
- Aleko-"Qaraçılar", (Aleksandr Puşkin)-1937;
- Oroyçqe-"Üzləşdirmə", (Lev Şeynin)-1938;
- Polismeyster-"1905-ci ildə", (Cəfər Cabbarlı)-1938;
- Arçil-"Vətən namusu", (Georgi Midivani)-1938;
- Birinci kamerdiner-"Məkr və məhəbbət", (Fridrix Şiller)-1938;
- Dudukin-"Günahsız müqəssirlər", (Aleksandr Ostrovski)-1938;
- Rəbi-"Od gəlini", (Cəfər Cabbarlı)-1938;
- Hacı Baxşəli-"Ölülər", (Cəlil Məmmədquluzadə)-1939;
- Eldar-"Vaqif", (Səməd Vurğun)-1939;
- Kərəmov-"Toy", (Sabit Rəhman)-1939;
- Quş Hacı-"Şərqin səhəri", (Ənvər Məmmədxanlı)-1939;
- İmamyar-"Yaşar", (Cəfər Cabbarlı)-1939;
- Afşin-"Babək", (Əbil Yusifov)-1940;
- Surxay-"Aydın", (Cəfər Cabbarlı)-1940;
- Doktor Söhbət-"Xanlar", (Səməd Vurğun)-1940;
- Nəbi-"Qaçaq Nəbi", (Süleyman Rüstəm)-1941;
- Bərbərzadə-"Xoşbəxtlər", (Sabit Rəhman)-1941;
- Yuri-"İki qardaş", (Mixail Lermontov)-1941;
- Sergey Lukonin-"Vətən oğlu", (Konstantin Simonov)-1941;
- Fərhad-"Fərhad və Şirin", (Səməd Vurğun)-1947;
Akademik Milli Dram Teatrı
redaktə- Maksuel-"Dərin köklər", (Ceyms Qou və Arno D'Nyusso)-1954;
- Qoca Baxşı-"1905-ci ildə", (Cəfər Cabbarlı)-1955;
- Şahbazov-"Göz həkimi", (İslam Səfərli)-1955;
- Poliksen-"Qış nağılı", (Uilyam Şekspir)-1955;
- Luicci Ferrero-"Uzaq Sahillərdə", (İmran Qasımov)-1956;
- Hacı Qismətulla-"Qardaşlar", (Rəsul Rza)-1956;
- Ömər Cəfəroviç-"Yadigar", (İslam Səfərli)-1956;
- Şeyx Mərvan-"Şeyx Sənan", (Hüseyn Cavid)-1956;
- Qılınc-"Cavanşir", (Mehdi Hüseyn)-1957;
- Nəbi-"Qaçaq Nəbi", (Süleyman Rüstəm)
- Əşrəf-"İliç buxtası", (Cabbar Məcnunbəyov)-1958;
- Xosrov-"Fərhad Və Şirin", (Səməd Vurəun)-1959;
- Kəndli-"Tufanlı il", (Aleksey Kapler)-1959;
- Nikita-"Daş qartal", (Pavel Maklyarevski)-1959;
- Valeh Mənsur-"Ana Ürəyi", (İslam Səfərli)-1960;
Filmoqrafiya
redaktə- Arvadım mənim, uşaqlarım mənim (film, 1978) (Toy) — rol: Xan dayı
- Bəxtiyar (film, 1955) — rol: Professor Rəcəbov
- Bir aktyorun hekayəti. Məmmədrza Şeyxzamanov (film, 2014)
- Bir qalanın sirri (film, 1959) — rol: Eldostu
- Birisigün, gecəyarısı... (film, 1981) — film səsləndirən: Abdullayev (Cahangir Aslanoğlu)
- Bizim Cəbiş müəllim (film, 1969) — rol: Poçtalyon
- Bizim küçə (film, 1961) — film səsləndirən: Rus zabiti (Mixail Şveytser)
- Böyük dayaq (film, 1962) — rol: Şərəfoğlu
- Cırtdanın yeni sərgüzəşti (film, 1973) — film səsləndirən: Uçan xalça
- Çarvadarların izi ilə (film, 1974) — rol: Əli kişi
- Dantenin yubileyi (film, 1978) — rol: Aristokes
- DHD (film, 1982) — film səsləndirən: Dadaş (Dadaş Kazımov)
- Əhməd haradadır? (film, 1963) — rol: Şirin
- Əmək və qızılgül (film, 1962) — film səsləndirən
- Ən vacib müsahibə (film, 1971) — rol: Zaurun atası
- Əzablı yollar (film, 1982) — rol: nağılçı
- Gilas ağacı (film, 1972) — rol: Qulam
- Gözlə məni (film, 1980) — film səsləndirən: Həsənəli (Ələddin Abbasov)
- Həyat bizi sınayır (film, 1972) — rol: Murtuz
- Xatirələr sahili (film, 1972) — film səsləndirən: Əhməd dayı (Ələddin Abbasov)
- İstintaq (film, 1979) — rol: Qonaq;film səsləndirən: Almazovun əmisi (Ağasadıq Gəraybəyli)
- İyirmialtılar (film, 1966) — film səsləndirən: Xaçaturov (Adil İsgəndərov)
- Kəndlilər (film, 1939)
- Kölgələr sürünür (film, 1958) — rol: Qafar Niyazov
- Qanlı zəmi (film, 1985) — rol: Kəndli Qoca
- Qara daşlar (film, 1956)
- Qaraca qız (film, 1966)(film, kinoalmanax) (Liftçi Qız) — rol: Rəssam
- Qatır Məmməd (film, 1974) — rol: Qubernator
- Qeyri-adi ov (film, 1974) — rol: Kənd ağsaqqalı
- Qəmbər Hüseynli (film, 2007)
- Qızıl uçurum (film, 1980) — rol: Qurban
- Qızıl qaz (film, 1972) — rol: Mahmud
- Qızmar günəş altında (film, 1957) — rol: Əmir dayı
- Qiymətli tüstü (film, 1978)
- Qorxma, mən səninləyəm — film səsləndirən: Kəndli
- Leyli və Məcnun (film, 1961) — rol: Dərviş
- Mən mahnı qoşuram (film, 1979) — film səsləndirən: Bəhmən dayı (Konstantin Dauşvili)
- Nəsimi (film, 1973) — rol: Şeyx Əzəm
- Nizami (film, 1982) — film səsləndirən: Mütəzzil (Vsevolod Yaqut)
- Onu bağışlamaq olarmı? (film, 1959) — rol: Polkovnik Qurbanov
- Ögey ana (film, 1958) — film səsləndirən: Hüseyn dayı (Ələsgər Ələkbərov)
- Pəncə... Qulaq... Palaz... Tikan... (film, 1976) — film səsləndirən: Bayquş
- Sən niyə susursan? (film, 1966) — film səsləndirən: Kənd müəllimi (Ağarza Quliyev)
- Skripkanın sərgüzəşti (film, 1972) — film səsləndirən: Odessalı
- Tütək səsi (film, 1975) — rol: İsfəndiyar kişi
- Vulkana doğru (film, 1977) — rol: Usta Ramazan
- Yeddi oğul istərəm... (film, 1970) — rol: Kərəm
- Yerli kadr təsdiqə gedir (film, 1973)
İstinadlar
redaktə- ↑ 1 2 3 4 https://azertag.az/xeber/bu_gun_xalq_artisti_memmedrza_seyxzamanovun_dogum_gunudur-2718856.
- ↑ Abbaslı, T. Məmmədrza Şeyxzamanov: Teatr səhnələrində minbir cür, kino-ekranlarda Professor, Çalpapaq Kərəm, Şərəfoğlu, Şirin kişi…: [rejissor Tofiq Tağızadənin eyniadlı filminin 50 illiyi haqqında] //Mədəniyyət.- 2015.- 5 avqust.- S.15.
- ↑ 1 2 Respublikanın incəsənət işçilərinə Azərbaycan SSR-in fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 iyun 1974-cü il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ Mükərrəmoğlu, M. Sənətkar ömrünün yadigarları: Məmmədrza Şeyxzamanov — 100 //Xalq qəzeti.- 2015.- 13 avqust.- S.6.