Mustafa Merdanov - Wikipedia
Mustafa Həşim (Haşım) oğlu Mərdanov (27 fevral (11 mart) 1894, Mərənd – 28 dekabr 1968, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1943).
Mustafa Mərdanov | |
---|---|
1962 – 1969 | |
Əvvəlki | Mərziyyə Davudova |
Sonrakı | Mehdi Məmmədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 fevral (11 mart) 1894 |
Doğum yeri | |
Vəfat tarixi | 28 dekabr 1968 (74 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | aktyor |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMustafa Mərdanov 27 fevral 1894-cü ildə Mərənddə anadan olub. Rejissor Səməd Mərdanovun qardaşıdır. O hələ uşaqkən ailələri Tiflisə köçmüş və 1924-cü ilə qədər burada yaşamışdılar. Atası Həşim kişi oğlunu ali təhsilli ziyalı kimi görmək istəyirdi. Bu arzu ilə də onu Tiflis gimnaziyasına təhsil almağa göndərir, amma Mustafa teatra daha böyük maraq göstərirdi. 1917-ci ildə gimnaziyanı bitirən Mustafa Mərdanov Rostova gedərək oradakı Tibb Universitetinə daxil olur, eyni zamanda da dram studiyasında çalışır, lakin Rostov mühitinə alışa bilməyərək 1918-ci ildə yenidən Tiflisə qayıdır.[1]
Ali təhsil almaq arzusu ilə Moskvaya gedən gənc aktyor orada Dövlət Teatr Sənəti İnstitutuna daxil olur, məşhur sənətkarlardan bu peşənin incəliklərini öyrənir. 1924-cü ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirərək Bakıya gəlir, ömrünün sonunadək Azərbaycan Dövlət Dram Teatrında çalışır.[1]
Mustafa Mərdanov 28 dekabr 1968-ci ildə Bakıda vəfat etmişdir.
Fəaliyyəti
redaktəTiflisin mədəni mühiti onun həyata baxışını hələ uşaqkən formalaşdırmışdı. Buradakı kişi gimnaziyasına daxil olan gənc Mustafa teatra böyük maraq göstərirdi. Şəhərin müsəlman dram dərnəklərində 1910-cu ildən çıxış edən Mustafa Mərdanov 1921–1922-ci illərdə Tiflis Azərbaycan Dövlət Teatrının direktoru vəzifəsində çalışır. 1924-cü ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirərək Bakıya gəlir və burada Azərbaycan Dövlət Dram Teatrında öz fəaliyyətini davam etdirir. Yüksək aktyorluq texnikası, obrazı özününküləşdirmək bacarığı, yumşaq yumor onun sənəti üçün çox xarakterik olan cizgilər idi. Mustafa Mərdanovun hələ ilkin olaraq yaratdığı rollarda klassik ənənələr çox güclü idi. Onun ətrafında böyük sənətkarlar çalışırdı. Azərbaycanın formalaşmış aktyor məktəbi Mustafa Mərdanov üçün də əsl təcrübə məktəbinə çevrildi. Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov və onlarla sənətkardan öyrəndikləri bu aktyorun sənət yoluna işıq saldı, onu yeni yaradıcılıq axtarışlarına ruhlandırdı. "Hacı Qara"da Kərəməli, "Yağışdan çıxdıq yağmura düşdük"də Qəmbər, "Nadir Şah"da Ədhəm kimi rolları Tiflis teatrında yaradan aktyor, Bakı teatrında daha ciddi rollar oynamalı oldu.[1]
O vaxtlar Mustafa Mərdanovun Xlestakovunu ("Müfəttiş") qəzetlər kifayət qədər tərifləyirdilər. İmamverdi ("Sevil"), Luka ("Həyatın dibində"), Şmaqa ("Günahsız müqəssirlər"), Poloni ("Hamlet") və onlarla səhnə qəhrəmanları onun ifasında uğurlu alınırdı.[1]
Mustafa Mərdanov teatrda işlədiyi vaxtlar tez-tez filmlərdə də çəkilməyə dəvət alırdı.[2]
Muzdur Qulu (Bismillah (film, 1925)|"Bismillah") onun kinoda ilk rolu idi. Bu film Abbas Mirzə Şərifzadənin ilk rejissor işi idi. Səssiz kino nümunələrindən olan bu film 1925-ci ildə Bakı ekranlarına çıxarılmış və orada Mustafa Mərdanov da maraqlı rol ifa etmişdi. Bir il sonra isə ekranlarda Aleksandr Litvinovun "Müxtəlif sahillərdə" ("Əlbəyaxa") filmi göstərildi. Aktyor bu filmdə Abbas rolunda çəkilib. Filmdə onun qəhrəmanı yerli mütəxəssisdir. Amerikadan dəvət olunmuş mütəxəssislərlə Abbasın tərəfdarları arasında baş verən münaqişə filmin əsasını təşkil edir. Mustafa Mərdanovun kinoda ilk böyük rolu isə "Hacı Qara" filmindəki Kərəməli oldu.[1]
Sonralar onu daha tez-tez filmlərə dəvət edirdilər. 1929-cu ildə çəkilən "Sevil" filmində aktyor Atakişinin rolunu ifa etdi.[1]
1932-ci ildə kinorejissor Nikolay Şengelaya "Azərfilm"də çəkdiyi "26 komissar" filmində Mustafa Mərdanova menşevik rolunu vermişdi. Bu rol kiçik də olsa öz hərəkətləri, jestləri ilə yadda qalır.[1]
Ümumiyyətlə, 20-ci illərin sonu, 30-cu illərin əvvəllərində yaranmış əksər filmlərdə bu aktyora rollar verilirdi və o da səssiz kinonun imkanları daxilində öz personajlarına həyat verirdi. Digər menşevik rolunu isə o, "Bakılılar" filmində yaratmışdı.[1]
Amma qardaşı, məşhur kinorejissor Səməd Mərdanovun "Kəndlilər" filmi aktyorun yaradıcılığında yeni bir hadisə idi. Belə ki, o, filmdə iki rol yaradırdı. Bir-birinə zidd olan kəndli Təhməz və menşevik rolları aktyor sənəti baxımından olduqca təqdirəlayiqdir.[1]
Mustafa Mərdanov, demək olar ki, hər il filmə çəkilirdi. "Kəndlilər"dən sonra 1940-cı ildə "Yeni horizont" (trest müdiri), 1941-ci ildə "Səbuhi" (akademiya rəisi) filmlərində çəkilib. Bu rolları kiçik olsa belə tamaşaçı diqqətindən yayınmır.[1]
Müharibə Azərbaycan kinematoqrafının inkişafına öz təsirini göstərsə də, bu illərdə də filmlər yaranmışdır. Çox təəəsüf ki, Mustafa Mərdanov bu illərdə çəkilən filmlərə dəvət olunmamışdır. O, yenidən 1955-ci ildə "Görüş" filmində çəkildi. Burada adi kolxozçu rolunu ifa edən aktyor, bir il sonra "Qara daşlar"da Dəmirov kimi çox ciddi rolda görsəndi.[1]
Onun ən uğurlu rollarında biri "O olmasın, bu olsun" filmindəki "intellegent" Həsən bəy oldu. Bu obraz Mustafa Mərdanovun yeni aktyorluq keyfiyyətlərini üzə çıxardı. O, filmdəki çox güclü aktyor ansamblı içərisində öz məxsusi ifa tərzi ilə seçilə bilir. Xüsusilə, qonaqlıq səhnəsində Məşədi İbadla dialoqu tamaşaçıda xoş əhvali-ruhiyyə doğurur. "Əhməd haradadır?" filmində Məhəmməd kişi rolu aktyorun yaradıcılığında xüsusi əhəmiyyət daşıyır. Bu, aktyorun ömrünün yetkin çağında yaratdığı son rollardan biri idi. Bundan sonra o, 1968-ci ildə "Qanun naminə" filminə çəkilmişdir. Murtuzov rolu ilə aktyor ömrünün son akkordlarını vurdu. Müstəntiq Murtuzov əslində yaramaz, öz peşəsinə xəyanət edən, min bir fırıldaqdan çıxan insandır. O, hər vəch ilə Mehmandan qisas almağa çalışır. Çünki bu rüşvətxor müstəntiqin əməllərinə Mehmanın gəlişi ilə son qoyulmuşdu. Mustafa Mərdanov bu rolu çox təbii yaradır, o, mənfi tip olsa da, tamaşaçının yadında qalır.[1]
Mustafa Mərdanovun "50 il Azərbaycan səhnəsində xatirələrim" kitabı 1959-cu ildə çap edilmişdir. Ölümündən sonra – 1973-cü ildə "Mənim müasirlərim" xatirə kitabı nəşr edilib oxuculara çatdırılmışdır.[1]
Mustafa Mərdanov bir neçə il Teatr Xadimləri İttifaqına rəhbərlik etmişdir.[1]
Mükafatları
redaktə- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — may 1935
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 17 iyun 1943
- "Qırmızı əmək bayrağı" ordeni — 22 iyul 1949; 9 iyun 1959[3]
- "Qafqazın müdafiəsinə görə" medalı — 1945
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1946
Teatr səhnəsindəki rolları
redaktəTiflis teatrı
- "Hacı Qara" — Kərəməli
- "Yağışdan çıxdıq yağmura düşdük" — Qəmbər
- "Nadir Şah" — Ədhəm
Azərbaycan Dövlət Dram Teatrı
- Xlestakov ("Müfəttiş")
- İmamverdi ("Sevil")
- Luka ("Həyatın dibində")
- Şmaqa ("Günahsız müqəssirlər")
- Poloni ("Hamlet")
- "Tələbələrin kələyi"
- Montekki ("Romeo və Cülyetta")
- Əbdül ("Solğun çiçəklər")
- Sadıqov ("Atayevlər ailəsi")
- Mürşüd ("Xoşbəxtlər")
- Vəzir ("Vaqif")
- Malvoliyo ("On ikinci gecə")
- Martiros ("Namus")
Filmoqrafiya
redaktəAktyor kimi
- Bismillah (film, 1925) (tammetrajlı bədii film) (rol: muzdur Qulu)
- Müxtəlif sahillərdə (film, 1926) (tammetrajlı bədii film) (rol: Abbas)
- Hacı Qara (film, 1929) (tammetrajlı bədii film) (rol: Kərəməli)
- Sevil (film, 1929) (tammetrajlı bədii film) (rol: Atakişi)
- Lətif (film, 1930) (tammetrajlı bədii film) (rol: Ələsgər)
- 26 komissar (film, 1932) (tammetrajlı bədii film) (rol: menşevik)
- Bakılılar (film, 1938) (tammetrajlı bədii film) (rol: menşevik)
- Kəndlilər (film, 1939) (tammetrajlı bədii film) (rollar:Təhməz; menşevik)
- Yeni horizont (film, 1940) (tammetrajlı bədii film) (rol: trest müdiri)
- Səbuhi (film, 1941) (tammetrajlı bədii film) (rol: akademiya rəisi)
- Fətəli xan (film, 1947) (tammetrajlı bədii film) (rol: Şirin kişi)
- Görüş (film, 1955) (tammetrajlı bədii film) (rol: Əsgər)
- Qara daşlar (film, 1956) (tammetrajlı bədii film) (rol: Dəmirov)
- O olmasın, bu olsun (film, 1956) (tammetrajlı bədii film) (rol: Həsən bəy)
- Səhər (film, 1960) (tammetrajlı bədii film) (rol: Əhməd kişi)
- Əmək və qızılgül (film, 1962) (tammetrajlı bədii film) (rol: poçtalyon)
- Əhməd haradadır? (film, 1963) (tammetrajlı bədii film) (rol: Məmməd kişi)
- Qanun naminə (film, 1968) (tammetrajlı bədii film) (rol: müstəntiq Murtuz Murtuzov)
Rejissor assistenti kimi
- Vulkan üzərində ev (film, 1929) (tammetrajlı bədii film)
Səsləndirdiyi filmlər
- Bəxtiyar (film, 1955) (tammetrajlı bədii film) (rus müdir)
- Romeo mənim qonşumdur (film, 1963) (tammetrajlı bədii film) (Kolumb)
İştirak etdiyi film
- Azəri teatrının ustaları (film, 1966) (tammetrajlı sənədli film)
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Ağakişi Kazımov. "Səhnəyə həyatilik gətirən sənətkar" (az.). "Azərbaycan" qəzeti. 22 aprel 2014. 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-10.
- ↑ Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
- ↑ "AZƏRBAYCAN TEATRI 140". anl.az. 2022-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-03.
Mənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 23.
- Zümrüd. Mustafa Mərdanov – 120: Milli kinomuzun sənət fədaisi: [görkəmli teatr və kino aktyorunun yubileyi haqqında] //Səs.- 2014.- 15 yanvar.- S. 13.