Besir Seferoglu - Wikipedia
Bəşir Səfər oğlu Səfərov (11 mart 1925, Rustov, Quba rayonu, Azərbaycan – 23 mart 1969, Bakı) — Azərbaycan-sovet teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1968).
Bəşir Səfəroğlu | |
---|---|
Doğum adı | Bəşir Səfərov |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (44 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ |
Həyat yoldaşı | Minürə Səfərova |
Uşaqları |
Zümrüd Talıbova (Səfərova) Afaq Bəşirqızı |
Fəaliyyəti | teatr və kino aktyoru |
Fəaliyyət illəri | 1944–1969 |
Mükafatları | |
IMDb | ID6958125 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəBəşir Səfəroğlu 11 mart 1925-ci ildə Quba rayonunun Rustov kəndində doğulub.[1] Yeddi illik təhsilini Bakıda alıb və ailə vəziyyətinin ağırlığı ilə əlaqədar məktəbdən uzaqlaşmalı olub. On dörd yaşından etibarən şoferlər klubunun dram dərnəyinə gedib. Kiçik intermediyalarda, birpərdəli məsxərələrin tamaşalarında kiçik rollar oynayıb. 1941-ci ilin axırlarında İkinci Dünya müharibəsinə yollanan Bəşir 1942-ci ildə hərbdən kontuziyalı qayıdıb. Dili tutulub və qulaqları çox ağır eşidib. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib. Rejissor Niyaz Şərifov ona məsləhət görüb ki, müntəzəm olaraq teatrın tamaşalarına gəlsin. O, tamaşalara baxmağa başlayıb. Bir müddət sonra isə onu truppaya aktyor qəbul ediblər. Ardınca keçirtdiyi ani həyəcan onun dilinin açılmasına səbəb olub və o, aktyor kimi fəaliyyətə başlayıb.
Fəaliyyəti
redaktəBəşir Səfəroğlu Üzeyir və Zülfüqar Hacıbəyovun klassik operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli, satirik, yumoristik, məzhəkəli rollarda çıxış edib.
Aktyor yaradıcılığında xüsusi yer tutan əsas rolları: Möhsün ("Beş manatlıq gəlin", dramaturq Məmməd Səid Ordubadi və bəstəkar Səid Rüstəmov), Qaradavoy və Çiko ("Keto və Kote", Vladimir Dolidze), Usta Məhərrəm, Qoçu Əsgər və Məşədi İbad ("Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Uzun və Nəcəf ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov), Qədir və Gülümsərov ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov), Səlyanski və Qəhrəman ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov), Ohan yüzbaşı və Hacı Qara ("Xəsis", Mirzə Fətəli Axundzadənin əsəri əsasında Şəmsi Bədəlbəylinin işləməsi. Bəstəkarlar Vasif Adıgözəlov və Ramiz Mustafayev), Kazbek ("Kəndimizin mahnısı", dramaturq Kərim Kərimov, şeirlərin müəllifi Ənvər Əlibəyli və bəstəkar Zakir Bağırov), Şulu, Muxtar bəy ("Əlli yaşında cavan" və "Evliykən subay", Zülfüqar bəy Hacıbəyov), Mir İsmayıl ("Qızıl axtaranlar", Həsən Seyidbəyli və Tofiq Quliyev), Baləmi ("Rəisin arvadı", Məhərrəm Əlizadə və Səid Rüstəmov), Qiya ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota Milorava), Əli Dinməzov ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov), Hacı Kərim ("Hacı Kərimin Aya səyahəti", dramaturqlar Qulamrza Cəmşidi ilə Əbülfəz Hüseyni və bəstəkar Azər Rzayev), Qoçu ("Keçmişin məişət səhnələri", Soltan Dadaşov və Vasif Adıgözəlov), Nadir və Azay ("Qızılgül", Məhərrəm Əlizadə və Soltan Hacıbəyov), Murtuzov, Dayandur, Polis rəisi ("Özümüz bilərik", "Olmadı elə, oldu belə" və "Milyonçunun dilənçi oğlu", Şıxəli Qurbanov və Süleyman Ələsgərov), Darçmov ("Səndən mənə yar olmaz", Məhərrəm Əlizadə və Əşrəf Abbasov), Firuzbala ("Altı qızın biri Pəri", Məhərrəm Əlizadə və Tofiq Bakıxanov ilə Nəriman Məmmədov), Səbrəli ("Bizə bircə xal lazımdır", Qulamrza Cəmşidi ilə Bəşir Səfəroğlu və Telman Hacıyev), Qasiyane ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota Milorava. Tərcümə edəni Adil Babayev), Əsgər Nəcəfoviç ("Ləpələr", Əliağa Kürçaylı və Arif Məlikov).
Bəşir Səfəroğlu "Azərbaycanfilm"in istehsal etdiyi "Əhməd haradadır?" və "Ulduz" filmlərində Sərxoş və Gülümsərov, "Tacikfilm"in çəkdiyi "Xoca Nəsrəddinin 12 qəbri" kinolentində Xacə Nəsrəddin rollarını ifa edib.
Altmışıncı illərin ortalarında Azərbaycan Dövlət Filarmoniyasında "Gəlməli, görməli, gülməli" miniatür teatrı təşkil olunub. Onun üzvləri xalq artisti Əliağa Ağayev, əməkdar artist Müxlis Cənizadə, aktrisa Ofeliya Abbasova (Məmmədzadə) və Bəşir Səfəroğlu idilər. Bu kollektivdə Bəşir Səfəroğlu onlarla satirik obraz yaradıb.
Rejissor Rauf Kazımovski görkəmli gülüş ustası Bəşir Səfəroğlu haqqında eyni adlı bədii-sənədli televiziya filmi çəkib.
Sənət uğurlarına görə 29 iyun 1964-cü ildə Bəşir Səfəroğluna "Azərbaycan SSR əməkdar artisti", 25 iyun 1968-ci ildə "Azərbaycan SSR xalq artisti" fəxri adları verilib.
Bəşir Səfəroğlu Bakıda, 44 yaşında, 23 mart 1969-cu ildə vəfat edib. Məzarı Bakıdakı Fəxri Xiyabandadır.
Ailəsi
redaktə- Afaq Bəşirqızının atasıdır.
Xatirəsi
redaktəBakı, Quba və Siyəzən şəhərlərinin mərkəzi küçələrindən biri, eləcə də Quba şəhərindəki Quba rayon Mədəniyyət Mərkəzi və Yevlax Şəhər Xalq Teatrı Bəşir Səfəroğlunun adını daşıyır.[1]
Filmoqrafiya
redaktəƏdəbiyyat
redaktə- Abbaslı, T. O… yandı…: Özü də telesəhnəciklərdən birində dediyi kimi, "yavaş-yavaş" yox, atəş-atəş yandı!: [aktyor Bəşir Səfəroğlu haqqında] //Mədəniyyət.- 2015.- 11 mart.- S.13.
- Bəşir Səfəroğlunun doğum günüdür: Afaq Bəşirqızı: 46 ildir həyatda yoxdur və bu, məni çox kədərləndirir: //Üc nöqtə.- 2015.- 11 mart.- S.13.
- Hüseynov, F. Bəşir Səfəroğlunun 90 illiyi ilə bağlı xatirə mərasimi keçirilib: [Fəxri xiyabanda] //Mədəniyyət.- 2015.- 13 mart.- S.5.
- Kazımzadə, A. Güldürən və düşündürən komediya ustası: Bəşir Səfəroğlu-90 //Azərbaycan.- 2015.- 15 mart.- S.6.
- Süleymanova, A. Ölünü güldürən aktyor – Səfəroğlu Bəşir… //Kaspi.- 2015.- 13 mart.- S.11.
İstinadlar
redaktə- ↑ 1 2 "Azərbaycan Milli Ensiklopediyası, 3-cü cild, Bakı-2011, səhifə 586". 2021-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-12.