Siyezen - Wikipedia
Siyəzən — Azərbaycanın Siyəzən rayonunun inzibati mərkəzi. 1954-cü ildə rayon tabeli şəhər statusu almışdır.[2]
Şəhər | |
Siyəzən | |
---|---|
41°04′42″ şm. e. 49°06′22″ ş. u.HGYO | |
Quraqlıq | |
Rayon | Siyəzən rayonu |
Başçı | Novruz Novruzov |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 55 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 41.251[1] nəfər |
Sıxlığı | 1km-54 insan |
Milli tərkibi | azərbaycanlılar |
Rəsmi dili | Azərbaycan Dili |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəSiyəzən rayon kimi ilk dəfə 11 fevral 1940-cı ildə təşkil olunmuş və 1959-cu ildə ləğv edilərək Dəvəçi rayonunun tərkibinə verilmişdir. 2 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Siyəzən rayonu 1959-cu il sərhədləri daxilində yenidən bərpa olunmuşdur. 1950-70-ci illərdə Siyəzəndə neftçıxarmanın sürətli inkişafı rayonun dağ kəndlərinin dağılmasına gətirib çıxarmışdır. Qızıl-Burun dəmir yolu stansiyası bu prosesin hesabına böyüyərək Siyəzən şəhərinin yaranmasına səbəb olmuşdur.
Mədəniyyəti
redaktəGilgilçay səddi – Erkən orta əsrlərdə Azərbaycanda inşa edilmiş ən böyük müdafiə səddidir.
İlkin orta əsrlərdə Azərbaycanı şimaldan bir neçə möhtəşəm sədd qoruyurdu. Onlardan Dərbənd qalası ölkənin şimal sərhəddində idisə, Gilgilçay səddi Şirvanın içərilərində çəkilmişdi. Ərəbdil qaynaqlarında "Sur ət-Tin" ("Gil divar") adlandırılan bu səddin əsasının Sasani hökmdarı Qubad (488-531) zamanında qoyulduğu bildirilir. Gilgilçayın Xəzərə töküldüyü yerdən başlayan səddin divarları Babadağı zirvəsinə doğru 60 km-cən uzanır. Gilgilçay ətrafında V əsrin sonu VI əsrin əvvəllərində tikilmiş bir-birindən 220 m aralı iki divardan ibarət gil sədlər mövcuddur. I Qubad (488-531) onlan Xəzər dənizi ilə Qafqaz dağlarının qollan arasındakı keçiddə, Beşbarmaq dağının başında tikdirmişdi. Həmin istehkamlar Barmaq divan adlanırdı. Gilgilçay səddi, bəzi mənbələrə görə, məşhur Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamıdır. Bu sədd faktiki olaraq şimaldan cənuba keçilməsi mümkün olan bütün yolları bağlayır. Səddin üzərində hər 32,5 metrdən bir bürc və ya qüllə ucaldılıb. Səddə ən böyük bürcün hündürlüyü 14,7, eni isə 7,2 metrdir. Divarlar və bürclər əsasən bişmış və çiy kərpicdən hörülüb.
Beşbarmaq dağı - Beşbarmaq dağı və ya Baş Bərmək dağı — karbonat tərkibli breksiyalaşmış əhəngdaşlarından (dolomitlərdən) ibarət qaya parçası "səhra aysberqi"ni xatırladır və Bakı-Siyəzən avtomobil yolunun 95 km-də əzəmətlə ucalır. Beşbarmaq dağı dəniz səviyyəsindən 445 m yüksəklikdədir. Bu qayanın digər adı isə Xıdır Zində piridir. Qaya üzərində çoxlu sayda karst tipli boşluqlara, yuvacıqlara rast gəlmək mümkündür. Dağın əmələ gəlməsində ilkin versiyalardan biri kimi tektonik hərəkətlərin təsirindən karbonat tərkibli süxurların sıxılması və nəticədə belə bir mənzərənin yaranması göstərilir. Qayaya şərq və qərbdən baxarkən o, insan əlində olan barmaqları xatırladır və çox güman ki, elə buna görə də bu qayaya Beşbarmaq adı verilib.
Beşbarmaq səddi - Xəzərsahili keçidini bağlayan üçüncü səddir. Gilgilçaydan cənubda Qafqaz silsiləsindən ayrılmış Beşbarmaq dağının sərt enişli ətəyindən başlayıb dəniz sahili qumsallığınacan uzanırdı. Beləliklə, qərbdən Beşbarmaq dağı şərqdən gil davarla qapanmış uzunsov sədd dar sahil keçidini bütünlüklə kəsmişdi. Azərbaycanın şimal-şərq sərhədlərində ilkin orta əsrlərdə çəkilmiş Beşbarmaq səddi Gilgilçay səddi və Dərbənd səddi ilə birlikdə - dövrün istehkam tikintisinin yüksək inkişaf səviyyəsi ilə yanaşı, siyasi-hərbi durumunu da əks etdirir. Fərziyyəyə görə, onlar III-VII əsrlərdə (əvvəl Beşbarmaq, sonra Gilgilçay, axırda isə Dərbənd müdafiə səddi) çəkilmişdi. İnşa texnikasına görə Beşbarmaq və Gilgilçay səddləri Dərbənd səddinə nisbətən saya və qədimdir.
Çıraqqala - Siyəzən rayonunun ərazisində, Baki şəhərindən 150 km aralı Çaraqqaya adlanan sıldırım qayanın zirvəsində 1232 metr hündürlükdə qərar tutub. Neçə yüz ildir zamanın tufanlarına, dövrün qasırğalarına mətanətlə sinə gərərək ulularımızın şanlı tarixini bu günümüzə qədər yaşatmaqdadır. Alimlərin dediyinə görə, Çıraqqala əsasən istehkam qarovulxana məqsədilə Sasani hökmdarları tərəfindən IV-VI əsrlərdə tikilmişdir. Gilgilçay səddinin baş qarovulxanası olub. Buradan geniş bir ərazini nəzarət altında saxlamaq mümkündür. Düşmənin gəlişini görüb tonqallar vasitəsilə ətrafa xəbər vermək mümkündür. Sonralar elə bu məqsədlə həmin qaya başında möhtəşəm qala tikilmiş və onun indi salamat qalan ən uca bürcündə tonqal qalanarmış.
Bura həm də qala rolunu oynayırmış və təqribən Xəzər dənizindən Baba dağın ətəklərinə qədər uzanan səddin üç böyük qalasından biri imiş. İki qala və səddin böyük bir hissəsi tarixin zərbələrinə davam gətirməyərək uçub dağılmış, "Çıraqqala" isə öz əzəməti, vüqarı ilə hələ də insanları heyran etməkdədir.
Çıraqqala mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formasındadır. İndi həmin bürclərin ancaq üçü salamat qalıb. 1952-ci ilə qədər bürclərin bir hissəsi,narınqala və baş bürc salamat idi. Qalaaltı deyilən yerdə naftusiya suyunun kəşfi və burada sanotoriyanın tikilməsi, qalanın isə mühafizə olunmaması onun sürətlə dağılmasına səbəb olmuşdur. Azərbaycan prezidenti Heydər Əliyevin 23 iyun 2003- cü il tarixli sərəncamı ilə Çıraqqala tarixi abidə kompleksi - qoruq elan edilmiş və onun qorunması və bərpası üçün əlaqədar təşkilatlara tapşırıqlar verilmişdir.
Dünya əhəmiyyətli abidələr:
- Beşbarmaq paralel müdafiə səddi (IV-VII əsrlər) — Bu istehkam Beşbarmaq dağının ətəklərindən Xəzər dənizinə qədər uzanırdı. Səddin bir hissəsi qalıb. Dağın ətəyində daşlardan, düzənlikdə iri çiy kərpicdən sədd bir-birindən 200 m. aralı iki divardan ibarət idi.
- Gil-gilçay müdafiə istehkamlar kompleksi (V əsr) — Abidə Siyəzən rayonunun Yenikənd, Kolanı, Eynibulaq, Daşlı Calğan, Qala-altı kəndlərindən keçərək Çıraq qala ilə birləşir.
Ölkə və yerli əhəmiyyətli abidələr:
- Pir Xəlil türbəsi (XVIII əsr) — Gil-Gilçay qəsəbəsində yerləşir. Hazırkı dövrə qədər salamat qalmışdır.
- Qala qalıqları – Dindar qalası (orta əsrlər) — Sədan kəndindən təxminən 3 km qərbdə dağın zirvəsində yerləşir. Bu qalanın bürclərindən birinin yalnız qalıqları qalmışdır.
- Şeyx Heydər türbəsi (XV əsr) — qədim Şıxlar kəndinin qalıqlarından qərbdə kənd qəbiristanlığının içərisindədir. Türbə uçulub dağılmışdır.
- Karvansaray qalıqları (XV-XVII əsrlər) — Bakı-Dəvəçi şose yolunun 87 km. sağ tərəfində yerləşir.
- Şəhərgah (orta əsrlər) — Siyəzən şəhərinin şimal hissəsində yerləşir.
- Su ovdanı (1906) — Zarat kəndinin yaxınlığında yerləşir.
- Daş mağara — Dib kəndində yerləşir.
- Dəmiryol vağzalı (1898) — Gil-Gilçay stansiyası.
- Dəmiryol vağzalı (1913) — Zarat stansiyası.
- Su kəməri (1906) — Siyəzən şəhərinin yaxınlığında yerləşir.
- Dəmiryol vağzalı (1913) — Qızılburun stansiyası.
- Su anbarı (1913) — Qızılburun stansiyasının yaxınlığında yerləşir.
Xatirə abidələri:
- Cəfər Cabbarlının heykəli.
- Mikayıl Müşfiqin heykəli.
- "1941-1945" abidə kompleksi.
- "20 Yanvar" abidə kompleksi.
- "Neftçi şəhidlər" abidə kompleksi.
Coğrafiyası və iqlimi
redaktəSiyəzən rayonu Azərbaycanın şimalında, Böyük Qafqaz dağları ilə Xəzər sahilində olan Samur-Dəvəçi ovalığında yerləşir. Ovalığın cənub-şərqində yarımsəhra landşaftı, dağətəyi hissələrdə isə boz-çəmən, şabalıdı-qəhvəyi, qismən qara torpaqlar yerləşməklə, meşə-çəmən landşaftı xarakterikdir. Ərazisi əsasən neft və təbii qaz, həmçinin əhəng daşı, çınqıl, gil və s. təbii ehtiyatlarla zəngindir. Rayonda yarımsəhra və quru çöl iqlimi hakimdir. Rayon ərazisindən keçən Ata-çay və Gil-gilçay çayları dağlıq ərazilərdən başlanmaqla yağış və qismən qar suları ilə qidalanır. Siyəzən rayonu Azərbaycanın şimal zonasında respublikanın paytaxtı Bakı şəhərindən 100 km məsafədə Xəzər dənizinin sahilində yerləşməklə iki tərəfdən Xızı və Dəvəçi rayonları ilə həmsərhəddir. Siyəzən rayonunun ərazisindən respublika əhəmiyyətli avtomobil və dəmir yolları keçir. Bakı-Quba magistral avtomobil yolunun 40 kilometri, Bakı-Mahaçqala dəmir yolunun isə 47 kilometri rayon ərazisinə düşür. Rayon ərazisində 4 dəmir yolu stansiyası fəaliyyət göstərir. Bunlar Qızıl-Burun, Zarat, Siyəzən, Gil-gilçay dəmir yolu stansiyalarıdır.
Əhalisi
redaktəSiyəzən rayonunun 42,6 min nəfər əhalisinin 59,2 %-i Siyəzən şəhərində yaşayır. Rayonda 50-yə qədər ləzgi və rus ailələri azərbaycanlılarla mehriban şəraitdə yaşayır. Rayonda 96 qaçqın və məcburi köçkün ailəsi məskunlaşmışdır. Respublikamızın ərazi bütövlüyü uğrunda erməni qəsbkarlarına qarşı müharibədə 71 nəfər şəhid, 48 nəfər əlil olmuşdur.
Əhalinin ümumi sayı 42604
Şəhər əhalisinin sayı, [%] 66.0
Kənd əhalisinin sayı, [%] 34.0
Əhalinin orta sıxlığı 57
Əhalinin cins qrupları üzrə sayı: (kişilər), [%] 50.0
Əhalinin cins qrupları üzrə sayı: (qadınlar), [%] 50.0
Əhalinin yaş qrupları üzrə sayı: (uşaqlar), [%] 12.0
Əhalinin yaş qrupları üzrə sayı: (18 yaşa qədər), [%] 23.0
Əhalinin yaş qrupları üzrə sayı: (18-dən 55-60-a), [%] 55.0
Əhalinin yaş qrupları üzrə sayı: (təqaüdçülər), [%] 8.0
Ali təhsilli əhalinin sayı, [%] 4.0
Orta təhsilli əhalinin sayı, [%] 40.0
Məskunlaşmış qaçqınların sayı 215.0
Məskunlaşmış məcburi köçkünlərin sayı 131.0
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
Görkəmli şəxsləri
redaktə- Rasim Qurbanov — AMEA - nın ədəbiyyat üzrə aparıcı elmi işçisi. Fəlsəfə doktoru, Rusiya-Humanitar universitetinin fəxri professoru, Avrasiya İnzibati Elmlər Akademiyasının müxbir üzvü.
- Füzuli Hacıyev - Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı (1995-2002), Lerik Rayon İcra Hakimiyyətinin başçısı (2002-2007).
- Fuad Hacızadə - Texnika elmləri doktoru
- Elşən Hacızadə - İqtisad elmləri doktoru, professor
- Bəybala Abbasov - Tibb elmləri doktoru, professor
Ərazisi
redaktəÜmumi ərazi, [kv.km] 703.00
Məhsuldar torpaqların ümumi sahəsi, [kv.km] 386.00
Kənd təsərrüfatına yararsız torpaqların sahəsi, [kv.km] 168.00
Heyvandarlıq üçün otlaqların sahəsi, [kv.km] 467.00
Əkilmiş torpaqların ümumi sahəsi, [kv.km] 17.00
Meyvə bağlarının ümumi sahəsi, [kv.km] 1.00
Şoran torpaqların ümumi sahəsi, [kv.km] 45.00
İqtisadiyyatı
redaktəSiyəzən rayonunun iqtisadiyyatının əsasını neft və qazçıxarma sənayesi təşkil edir. Rayonun ümumi məhsul buraxılışı 2005-ci ildə 39,3 mln manat olmuşdur. Rayonda pərakəndə əmtəə dövriyyəsi isə 12.7 mln manatdır. Həmçinin rayonda 2005-ci ildə 11,7 mln manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur. Kənd təsərrüfatında isə taxılçılıq, heyvandarlıq və tərəvəzçilik mühüm yer tutur. 2005-ci ildə 21,6 mln manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, onun da çox hissəsi heyvandarlığın (92,7%) payına düşür. Son illər rayonda quşçuluq daha yaxşı inkişaf etmiş sahələrdən hesab olunur. Hazırda rayon ərazisində "Siyəzən-Broyler" ATSC fəaliyyət göstərir.
Siyəzən Şərab zavodu 1970-ci ildə qurulmuş, 1990-cı illərdə isə fəaliyyətini dayandırmışdır.
İstinadlar
redaktə- ↑ AZƏRBAYCAN RESPUBLİKASI SİYƏZƏN RAYON İCRA HAKİMİYYƏTİ
- ↑ Президиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 9
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1959).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1970).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1979).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1989).
Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Şəhər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |