Eliaga Agayev - Wikipedia
Əliağa İsmayıl oğlu Ağayev (9 (22) mart 1913, Bakı – 13 noyabr 1983, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1954).
Əliağa Ağayev | |
---|---|
Doğum tarixi | 9 (22) mart 1913 |
Doğum yeri | |
Vəfat tarixi | 13 noyabr 1983 (70 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşı | |
Fəaliyyəti | teatr aktyoru, kino aktyoru, aktyor |
Fəaliyyət illəri | 1936–1983 |
Teatr |
Gənc Tamaşaçılar Teatrı (1936–1961) Akademik Milli Dram Teatrı (1961–1983) |
Mükafatları |
|
IMDb | ID0012905 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAzərbaycan komediya aktyorluğunun parlaq simalarından olan, səhnəyə hər tamaşada ilk gəlişindən milli teatr tariximizdə bir kimsədə görünməmiş duzlu, cəlbedici və qeyri-adi səsi ilə tamaşaçıları ovsunlayan Əliağa İsmayıl oğlu Ağayev 22 mart 1913-cü ildə[1] Bakıda doğulub. Erkən yaşlarından atasını itirib. 1930-cu ildə yeddinci sinfi bitirərək Paris kommunası adına gəmi təmiri zavodu nəzdindəki sənət məktəbində oxuyub. İki il sonra oranı bitirərək zavodun özündə gəmi çilingəri işləyib. Bəm və şirin zümzüməli səslə işdə də dodaqaltı oxuyan Əliağa zavodun dram dərnəyinə yazılıb. İlk rolu Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasında Hacı Qaradır.
Fəaliyyəti
redaktəƏliağa Ağayev 1936-cı ildə Gənc Tamaşaçılar Teatrının (əvvəlki adı Fəhlə Uşaqlar Teatrı idi) kollektivinə daxil olub. Peşəkar teatrda səhnəyə ilk dəfə Jül Vernin "Kapitan Qrantın uşaqları" dramının tamaşasında Dlk rolunda çıxıb. Qısa müddətdə fitri istedadı ilə teatrın yaradıcılıq iqlimini mənimsəyən Əliağa Ağayevə tədricən repertuarın əksər tamaşalarında rollar tapşırılıb. Aktyor GTT-də müasir dramaturqların əsərlərində, klassik milli və tərcümə əsərlərində koloritli silsilə rollar yaradıb.
Müxtəlif çeşidli rolları, xüsusən "O olmasın, bu olsun" bədii filmindəki Məşədi İbad obrazı ilə respublikadan kənarda da şöhrətlənən Əliağa Ağayev 1961-ci ilin payızında Akademik Milli Dram Teatrının kollektivinə qəbul olunub. Bu teatrda ilk orijinal rolu Şıxəli Qurbanovun "Əcəb işə düşdük" komediyasında (2 dekabr 1961) Abış Surxayeviç obrazıdır.
İyirmi iki il Akademik teatrda işləyən sənətkar bu səhnədə Vasin ("Tanya", Aleksey Arbuzov), Allanəzər ("Kimdir müqəssir?", Hüseyn Muxtarov), Qulaməli, Alışov, Nağı ("Közərən ocaqlar", "Kəndçi qızı" və "Yaxşı adam", Mirzə İbrahimov), Birinci məzarçı, Stefano ("Hamlet" və "Fırtına", Uilyam Şekspir), Rista Podoroviç ("Nazirin xanımı", Branislav Nuşiç), Pişta Orbek ("Füsunkar qız", Mikolaş Dyarfaş), Keşiş Bazilo ("Bu qadın mənimdir", Raymonda Juniyor), Çakan Yemelyan ("Daşqın", Anatoli Safronov), Anatoli Novoseltsov ("Sevgi… sevgi…", Emil Braginski və Eldar Ryazanov), Miçiç Kotryans ("Xanuma", Avksenti Saqareli), Rüstəm Zaloviç, Ağadayı ("Kölgələr pıçıldaşır" və "Mənziliniz mübarək!", Seyfəddin Dağlı), Səfər ("Söz yarası", Qeybulla Rəsulov), Sərxan ("Görünməmiş toy", Arkadi Arkanov və Qriqori Qorin), Divanbəyi, Kərəməli ("Xırs quldurbasan" və "Hacı Qara", Mirzə Fətəli Axundzadə), Tosun ("Səyavuş", Hüseyn Cavid), Nəsir bəy, Aslan, Bərbərzadə, Kərəmov, ("Küləklər", "Yalan", "Xoşbəxtlər" və "Toy", Sabit Rəhman), Vəzir ("Karıxmış Sultan", Taufiq əl Hakimi), Hacı Əbdüləzim ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), Mirzə Səməndər, Babakişi ("Almaz" və "Sevil", Cəfər Cabbarlı), Osman ("Bağ qonşuları", Hay Vahid), İbiş İbişli ("Adamın adamı", Anar) … rollarında çıxış edib. Əliağa Ağayev kinoda Məşədi İbaddan əlavə Xan ("Sehrli xalat"), Şıxəli ("Görüş") kimi irihəcmli rollarla yanaşı, "Əhməd haradadır?" (Kassir), "Qanun naminə" ("Mehman". Anbardar), "Bir məhəlləli iki oğlan" (Feyzi) və digər filmlərdə yaddaqalan epizod surətlərə də çəkilib.
Televiziyanın fondunda aktyorun iştirak etdiyi tamaşaların və satirik səhnəciklərin lentləri saxlanır.
Həmişə populyar və sevilən aktyor olmuş Əliağa Ağayev 17 iyun 1943-cü ildə respublikanın əməkdar artisti, 27 fevral 1954-cü ildə xalq artisti fəxri adları ilə təltif olunub. Səhnə görkəmi ilə ağır olan Əliağa Ağayev obrazın ifasında çox sərbəst, hərəkətlərində çevik, danışığında duzlu və məzəli idi. Yaradıcı aktyor obrazın xarakterini ilk əvvəl danışıqda tapır, sonra onun bədii məzmununa uyğun formanı dəqiqləşdirirdi. Əliağa Ağayev ilk növbədə komik xarakter aktyoru idi və buna görə də komizmi zahiri əlamətlərdə deyil, surətin təbiətində, daxili varlığında, düşüncə tərzində canlandırmağa üstünlük verirdi. Həm zahiri əlamətlər cəhətdən, həm də daxilən rolun ifasında istifadə etdiyi vasitələrin məntiqi ahəngdarlığına çalışırdı. Həyatda da şuxluğu xoşlayan Əliağa Ağayev 13 noyabr 1983-cü ildə pərəstişkarları və dostları ilə süfrə arxasında lətifə söyləyib güldüyü yerdəcə gözlərini əbədi qapayıb. Məzarı Bakıda, Yasamal qəbiristanlığındadır.
Mükafatları
redaktə- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943
- "Qırmızı əmək bayrağı" ordeni — 9 iyun 1959
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 27 fevral 1954
Filmoqrafiya
redaktə- 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)
- Arşın mal alan (film, 1965)
- Baldızoğlu (film, 1977)
- Bəşir Səfəroğlu (film, 1969)
- Bir məhəllədən iki nəfər (film, 1957)
- Bizim Cəbiş müəllim (film, 1969)
- Bizim küçənin oğlanları (film, 1973)
- Böyük ömrün anları (film, 2006)
- Dəli Kür (film, 1969)
- Dərviş Parisi partladır (film, 1976)
- Evin kişisi (film, 1978)
- Evlənmək istəyirəm (film, 1983)
- Evləri köndələn yar (film, 1982)
- Əhməd haradadır? (film, 1963)
- Görüş (film, 1955)
- Hədiyyə (film, 1974)
- "Kazbek" qutusu (film, 1958)
- Koroğlu (film, 1960)
- Qanlı zəmi (film, 1985)
- Qanun naminə (film, 1968)
- Qara daşlar (film, 1956)
- Mənim əziz atam (1970)
- Məşədi İbad-80, yaxud köhnə tanışlar (film, 1980)
- Min birinci söz (film, 1997)
- Musiqi müəllimi (film, 1983)
- O olmasın, bu olsun (film, 1956)
- Papaq (film, 2007)
- Salam, Zeynəb! (film, 1982)
- Sehrli sandıq (film, 1973)
- Sehrli xalat (film, 1964)
- Şərikli çörək (film, 1969)
- Sonuncu qarış (film, 1958) (Lenfilm)
- Telefonçu qız (film, 1962)
- Üzeyir ömrü (film, 1981)
- Yeganə əlac (film, 1981)
- Yeni üsul (film, 1974)
- Yoxlanılmış, inanılmış... (film, 1971)
İstinadlar
redaktə- ↑ "Səda - Novruzda dünyaya gələn görkəmli şəxsiyyətlər (22.03.2016)". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-22.
Mənbə
redaktə- "Gülə-gülə ölən Əliağa Ağayev son filmində niyə ağlamışdı?" //Kaspi.- 2011.- 5 aprel.