Azerbaycanda Turizm - Wikipedia
Azərbaycanda turizm — Azərbaycan Respublikası ərazisindəki turizm bazaları, istirahət mərkəzləri və səyahətlər. Turizm üzrə rəqabətqabiliyyətlilik siyahısında Azərbaycan 148 ölkə arasında 39-cu yerdə qərarlaşmışdır. Turizm Azərbaycanda iqtisadiyyatın ayrıca sektoru kimi mövcuddur. Ümumdünya Səyahət və Turizm Şurasının hesabatına əsasən Azərbaycan 2010–2016-cı illərdə turizmin ən sürətlə inkişaf etdiyi 10 öklə arasına daxil olmuşdur.
Tarixi
redaktəQədim və Orta əsrlərin ticarət karvanları mərhələləri
redaktəAzərbaycan dövlətinə ilk səyahətlər ticarət, dini, siyasi və dərketmə məqsədləri ilə əlaqəli olmuşdur. Qədim Azərbaycan ərazisindən keçən ticarət karvanlarının hərəkətini ilk səyahətlər hesab etmək olar. Hələ eramızdan əvvəl Azərbaycanda olmuş səyyah və alimlərdən Plininin, Plutarxın, Herodotun, Ptolomey və Strabonun adlarını çəkmək olar.
Azərbaycan hələ qədim dövrlərdə Böyük İpək Yolu üzərində mühüm dayanacaq kimi tanınan bir ölkə olmuşdur. Antik müəlliflərin məlumatlarına görə Böyük İpək Yolunun ən fəal hərəkətli trasslarından biri Qafqaz Albaniyasının ərazisindən (Müasir Azərbaycan Respublikasının ərazisində yerləşən qədim dövlət) keçirdi. Bu yol elmi dairələrdə Strabon yolu kimi daha məşhurdur. Belə ki, filosof və tarixçi Strabon bu yol haqqında ilk dəfə müfəssəl surətdə ətraflı məlumat vermişdir. Strabonun yazdığına görə hind mallarının böyük əksəriyyəti Orta Asiya ərazisindən keçərək çaylarla Gürgan (Xəzər) dənizinə, sonra dəniz vasitəsilə Albaniyaya və Kir (Kür) çayı ilə İberiyaya (Şərqi Gürcüstan), oradan isə Pont Evksinskiyə (Qara dənizə) aparılırdı. Böyük İpək Yolu trassları üzərində yerləşən şəhərlərin mühüm rolu qeyd olunurdu.
Hələ qədim zamanlardan marşrut boyu yerləşən şəhərlər beynəlxalq status alırdı. Çünki əcnəbi tacirlər və karvanları qəbul edən və xidmət göstərən belə şəhərlər müvafiq infrastrukturlara malik olmalı idilər. Çoxillik arxeoloji tədqiqatlar göstərir ki, Böyük İpək Yolu ilə gətirilən antik mallar əsas anbar məntəqələrində Mingəçevirdə yerləşdirilir və buradan da Qafqaz Albaniyasının digər şəhərlərinə göndərilirdi. Bu şəhərlərin əksəriyyəti Mingəçevirin yaxınlığında yerləşirdi. Antik mənbələrdə qeyd olunan Qafqaz Albaniyası paytaxtı – Qəbələ, Şamaxı və Bərdə şəhərlərində aparılan çoxillik irimiqyaslı arxeoloji qazıntılar bu məlumatları təsdiq edir. Bu cür təsəvvür etmək olar ki, Orta Asiya, Hindistan və Çindən Mingəçevirə gətirilən malların bir hissəsi Gürcüstana və Qara dəniz sahillərinə göndərilir, bir hissəsi isə Mingəçevirdən ticarət yolu (trassı) ilə yayılırdı. Bu trasslardan biri Bərdədən cənuba Naxçıvan–Kiçik Asiya istiqamətində digəri isə Mingəçevirdən Qəbələ–Böyük Qafqaz sıra dağlarının cənub ətəkləri və Xəzər sahili boyunca Şamaxı–Dərbənd Şimali Qafqaz istiqamətində gedirdi.
İpək yolu trassı üzərində Təbriz, Marağa, Ərdəbil, Gəncə, Naxçıvan, Ordubad, Nuxa (Şəki) Azərbaycanın şimalında mühüm beynəlxalq ticarət mərkəzlərinə çevrilmişdi.
Böyük coğrafi kəşflərdən XIX əsrin sonlarına qədər olan mərhələ
redaktəRusiyadan İrana və Hindistana gedən dəniz və quru yollarının ayrıcında yerləşən Bakının XIV əsrin ortalarında Qərblə Şərq arasında ticarət əlqələrində böyük rolu var idi. Ağ dənizdən Volqa çayı vasitəsilə Xəzər dənizinə və sonra İran və Hindistana aparan Volqa–Xəzər dəniz yolu, Bakıda yeni karvansaraların tikilməsinə səbəb oldu, bunların ölüçüləri əvvəlki dövrlərdə inşa edilənlərə nisbətən daha böyük idi. Müxtəlif zamanlarda Azərbaycana səyahət edən tarixçilər və səyyahlar karvansaraları öz səyahətnamələrində qeyd etmişlər. Hazırda bunlardan Multanı (XII–XIV), Buxara (XIV–XVI), Fars, Ləzgi və s. bizim günlərə gəlib çıxmışlar.
Müxtəlif dövrlərdə Azərbaycanda olmuş səyyahların, tacirlərin, diplomatların (Marko Polo, Ryui Qonzales Klaxvio, Afanasi Nikitin, İosafat Barbaro, Ambrozio Kontarini, Antoni Cenkinson, Vincensi Alesandri, Sadko, Övliyə Çələbi, Fedor Kotov) səyahətnamələrində olan qeydlər Azərbaycan xalqının hələ o zaman ümumdünya tarixi tərəqqi prosesində layiqli yer tutduğunu göstərir.
XIX əsrin sonu XX əsrin ortalarına qədər olan kütləvi turizm mərhələsi
redaktəXIX əsrin sonlarında XX əsrin əvvəllərində Bakının karvansaralarında qonaqlar üçün komfort şərait yaratmaq məqsədilə karvansara binalarında yenidənqurma işləri aparılaraq, onlar mehmanxana kimi istifadə olunurdu. Rusiya imperiyası tərkibinə daxil olduqdan sonra Azərbaycanda turizm–ekskuriya işinin inkişafı Rusiya ilə bağlı olmuşdur. Azərbaycanda mütəşəkkil turizmin tarixi 1908-ci ilə aid etmək olar. Belə ki, 1908-ci ildə Krım–Qafqaz dağ klubunun filiallarından biri Bakıda açılmışdı. Bakı bölməsi həm uzaq, həm yaxın ekskursiya səfərlərinin təşkili ilə məşğul olurdu. XIX əsrin sonu XX əsrin əvvələrində turizmin inkişafına elmi və həvəskar cəmiyyətlər (coğrafiya cəmiyyəti, təbiəti sevənlər cəmiyyəti, xalq universitetləri cəmiyyəti və b.) diqqət yetirməyə başladılar.
XIX əsrin sonlarından sonrakı mərhələ
redaktə"Rusya Turizm Cəmiyyəti" (RTC), 1929-cu ildə "Proletar Turizm Cəmiyyəti" (PTC) adlanana qədər ölkədə əsas turizm hərəkatının mərkəzinə çevrilmiş, müxtəlif şəhərlərdə o cümlədən Bakıda yerli şöbələri açmışdı. Cəmiyyətin (yəni RTC-nin) əsas vəzifələri – zəhmetkeşlər arasında özfəaliyyət turizminin inkişafı, turizmə geniş, mütəşəkkil ictimai hərəkat forması vermək, diyarşünaslıq elementlərinin turizmə təqbiq olunması və.s. idi. PTC əsas məqsədi isə turizmin tətbiq olunması, kütləvi hərəkata çevrimək, zəhmetkeşlərin müxtəlif təbəqələrini (əsasən az təminatlı) əhatə etmək, turizmdən onların siyasi və mədəni səviyyəsinin artmasına vasitə kimi istifadə etmək olmuşdu. PTC–nin vəzifələri ölkədə sosializm quruculuğunun məqsədləri ilə tam uyğun idi. Ona görə də 1930-cu ilin mart ayında SSRİ Xalq Komissarlığı "Sovtur" səhmdar cəmiyyətini ilə PCT–nin birləşdirilməsi haqqında qərar qəbul etdi və Ümumdünya Könüllü Proletar turizm və ekskursiyaçılar cəmiyyəti (ÜKPTEC) yaradıldı.1922-ci ildə Bakıda ilk ekskursiyaçı dərnəkləri yaradıldı. Ekskurisyalar əsasən Bakının zavod, fabrik və neft mədənlərində çalışan fəhlələrin digər istehsalat sahələri ilə tanış olmaq xarakteri daşıyırdı. Yay aylarında Xəzər sahilinə – Mərdəkan, Şüvəlan, Buzovna, Türkan,Zığ, Artyom adası və Şıx zolağına istiraht məqsədli eksursiyalar təşkil olunurdu. 1927-ci ildə 450 esksurisya gəzintisi keçirilmişdi. Bu illərdə Azərbaycanda turizm-ekskursiya fəaliyyəti ilə məşğul olan ən fəal Həmkarlar İttifaqları olmuşdur. Azərbaycanda 1929-cu ildən Proletar turizm və ekskursiyalar cəmiyyətinin bölməsi kimi fəaliyyət göstərən AZ. PTEC 1935-ci ildən Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi nəzdində fəaliyyətə başladı.Bununla əlaqədar Azərbaycan SSR Xalq Komissarları Şurasının 11 may 1935-ci il tarixli 476 saylı qərarı turizm ekskursiya işini daha da yaxşılaşdırmaq məqsədilə bir sıra tədbirlər görüldü. Kirovabad (Gəncə) şəhərində Az.PTEC Kirovabad raysovetinin bazası yaradıldı. Hacıkənddə turbaza 3 ev kirayəyə götürüldü. Göygölün sahilində 20 yerlik çadır düşərgəsi təşkil olundu.
Müstəqillik dövrünə qədər (1950–1991)
redaktəTuristlərin səyahətlərinin və istirahətlərinin maraqlı keçməsi üçün turbazalarda velosiped və atlarla yürüşlər və gəzintilər təşkil olunurdu. 1936-cı ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsi turizmin ölkədə gələcək inkişafın könüllü özfəaliyyət cəmiyyəti çərçivəsində az səmərəli olduğunu nəzərə alaraq, 17 aprel 1936-cı il tarixli qərarı ilə Proletar turizmi və ekskursiyalar cəmiyyətini ləğv etdi. 1940-cı ildən turizm sahəsində fəxri adlar tətbiq olunmağa başladı. Xüsusi xidmətlərə görə "SSRİ turisti" döş nişanı ilə təltif olunurdular. İkinci dünya müharibəsi illərində bütün SSRİ–də olduğu kimi Azərbaycanda da turizm ekskursiya fəaliyyəti dayandırıldı. Müharibədən sonrakı illərdə idman, özfəaliyyət, ailəvi və uşaq turizmi geniş vüsət tapmağa başladı.
1950-ci il sentyabr ayında Bakı turist bazası yaradıldı. O vaxtlar bu baza Nizami adına istirahət parkında yerləşdirildi. 1957-ci ildə Mingəçevirdə və Hacıkənddə turist bazaları təşkil olunur. 1958-ci ildə Zaqatalada, 1960-cı ildə Şuşada və Göygöldə turist bazaları fəaliyyətə başladı. Qeyd etmək lazımdır ki, Azərbaycan Turizm ekskursiyalar idarəsi 1962-ci ildən Turizm üzrə Azərbaycan Respublika Şurası, 1969-cu ildən Turizm Ekskursiyalar üzrə Azərbaycan Respublika Şurası adlandırıldı. Zəhmətkeşlərin yay istirahətinin təşkili üçün 1962-ci ildən Nabranda (Xaçmaz rayonu) Bakı turist bazasının filialı kimi 150 nəfərlik "Sputnik" turist çadır düşərgəsi yaradıldı. 1963-cü ildə Bakıda turist klubu, Nabranda "Xəzər" turist bazası, 1965-ci ildə Bakıda, iki ildən sonra Gəncədə, Sumqayıtda, 1969-cu ildə Naftalanda və Bakının Mərdəkan qəsəbəsində ekskursiya büroları yaradıldı. 1970-ci ildə Zaqatalada və 1972-ci ildə Şuşada turist bazalarının yeni əsaslı binaları, 1975-ci ildə Qəbələdə Qafqaz və Xaçmaz rayonunun Nabran bölgəsində "Dostluq" turist bazası, elə həmin il Bakıda "Qarabağ" turist mehmanxanası istifadəyə verildi. Bir qədər əvvəl isə Xankəndində (1971) və Mingəçevirdə (1972) ekskursiya büroları açıldı.
Sonrakı illərdə Azərbaycanın müxtəlif rayonlarında; Naxçıvanda 1978-ci ildə ilk turizm təşkilatı (Səyahətlər və ekskursiyalar bürosu) yaradıldı. 1970–1987-ci illər ölkədə sosial turizmin perspektiv inkişafı ilə xarakterizə olunurdu. Xarici turizmin maddi–texniki bazasını genişləndirmə məqsədilə 1973-cü ildə Bakıda Azərbaycan Respublikasında ən böyük mehmanxana kompleksi olan 1942 yerli Azərbaycan mehmanxanası istifadəyə verildi. 1978-ci ildə "İnturist" səhmdar cəmiyyətinin tabeliyində 200 yerlik komfortlu Moskva mehmanxanası da əlavə edildi.
1983-cü ildə Xəzərin Azərbaycan sahillərində Ümumittifaq əhəmiyyətli kurort zonasının yaradılması barədə müvafiq qərar qəbul olundu. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Sovetinin 1984-cü il 2 oktyabr tarixli 381 saylı qərarına əsasən Azərbaycan Respublikasında 2000-ci ilə qədər Turizmin inkişaf sxemi tərtib edildi.
Turizm sahəsi ilə məşğul olan mütəxəssislərin fikrincə Azərbaycan turizmi ən yüksək inkişaf səviyyəsinə 1987-ci ildə nail olmuşdur. Həmin il respublikaya xarici ölkələrdən 50, SSRİ–nin müxtəlif bölgələrindən isə 250 minə yaxın turist gəlmişdir. Azərbaycana turist axını gücləndiyindən Lənkəran və Mingəçevir şəhərlərində hərəsi 300, Şuşa şəhərində 200 yerlik yeni turist mehmanxanalarının tikintisinə, Bakı şəhərindəki Qarabağ turist mehmanxanasında isə yenidənqurma işlərinə başlanıldı.
1988-ci ildə Dağlıq Qarabağ muxtar vilayətində və onun ətrafında baş verən hadisələr nəticəsində Azərbaycana daxili və xarici turistlərin axını xeyli azalmışdır. Xankəndi, Şuşa, Sumqayıt, sonra isə Bakıda fövqəladə vəziyyətin tətbiqi, əslində respublikanın bu regionlarında bir sıra turizm təşkilatlarının fəaliyyətlərinin dondurulmasına səbəb oldu. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri düşmənçilik siyasəti Azərbaycana yüz minlərlə qaçqının gəlməsi ilə nəticələndi. Azərbaycan hökumətinin qərarı ilə 1988-ci ilin dekabrında Ermənistandan qovulmuş azərbaycanlıların respublikanın turist bazarlarında yerləşdirilməsinə başlanıldı.
Müstəqillikdən sonrakı mərhələ
redaktə1990-cı ilin I rübündən etibarən Azərbaycanda fəaliyyət göstərən ümumittifaq və beynəlxalq turist marşrutları ləğv olundu. Müharibə və sərhədlərdəki qeyri–stabil vəziyyət turizm sistemində başqa problemlərin yaranmasına da səbəb olmuşdur. Məsələn, Həmkarlar ittifaqları sistemində mövcud olan 10 turist bazasının ikisi işğal olunmuş ərazilərdə qalmış, qalan yerlərə isə yuxarıda qeyd olunan kimi məcburi köçkünlər yerləşdirilmişdir. 1991-ci ilin sentyabrında mövcud olan xarici turizm üzrə idarə ləğv olundu, onun yerinə isə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xarici Turizm Şurası yaradıldı.
Turizmin inkişaf tendensiyası bu gün
redaktəTurizmin inkişaf tendensiyası ölkənin ali qanunvericilik aktlarında öz əksini tapdı. 1999-cu ildə Milli Məclisdə "Turizm haqqında" qanun qəbul edildi. 27 iyul 1999-cu ildə Heydər Əliyev "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" fərman imzaladı. Bu qanun Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönəlmiş dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyənləşdirdi, turizm sahəsində münasibətləri tənzimləyərək, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydalarını müəyyən etdi.
2001-ci ilin sentyabr ayının 25-də Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) XIV Baş Assambleyasında Azərbaycan Respublikası bu beynəlxalq turist təşkilatına üzv oldu. Bu isə, öz növbəsində, respublikamıza turizm fəaliyyəti üzrə tövsiyələr və praktiki kömək edilməsinə imkan yaratdı.
2001-ci ildə ilk dəfə olaraq Azərbaycanı tam genişliyi ilə təbliğ edən "Welcome to Azerbaijan" adlı xüsusi disk hazırlandı və ÜTT-nin Baş Assambleyasına təqdim olundu. Bununla yanaşı, diskin "Turizm in Azerbaijan" adlı veb səhifəsi yaradıldı. 2002-ci ildə ilk dəfə Bakıda xarici ölkələrin turizm şirkətlərinin iştirakı ilə Beynəlxalq Turizm Sərgisi təşkil olundu və ÜTT-nin dəstəyini qazandı. Birinci beynəlxalq sərginin açılışı zamanı ulu öndər Heydər Əliyevin sərgi iştirakçılarına təbrik məktubu oxunarkən necə fərəhləndiyimizi və qürur hissi duyduğumuzu izah etmək çətindir. Deməli, Azərbaycan adlı vətənimiz bütün dünyada turizm məkanı kimi qəbul olunmuş və tanınmağa başlamışdı.[1]
Ölkədə turizmi inkişaf etdirmək və turizm ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə respublika Prezidentinin 2002-ci il 27 avqust tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında 2002–2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı" təsdiq olundu.
Artıq XXI əsrin başlanğıcında Bakıda, Gəncədə, Naxçıvanda və ölkənin digər şəhərlərində xarici qonaqları qəbul edə bilən müasir mehmanxana və hotellər fəaliyyət göstərirdi. Respublikamızın bütün regionlarını əhatə edən 100-dən artıq turizm firması xarici turistlərin qəbulu və yerli əhaliyə turist xidməti ilə məşğul olur, 149 mehmanxana rəsmi qeydiyyatdan keçmişdir. Həmin hotellərdə yerlərin ümumi miqdarı 5000-dən artıqdır. Turizm üçün əlverişli regionlarda müasir səviyyəli özəl müalicə və istirahət mərkəzləri istifadəyə verilib. Respublikamıza gələn xarici qonaqların sayı 1 milyon nəfəri ötüb keçib.
2003-cü ildə "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında", 2004-cü ildə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" haqqında Prezident fərmanları ölkə iqtisadiyyatının, o cümlədən turizm sektorunun inkişafı yolunda mühüm addımlar oldu. Hazırda Azərbaycan turizmi yüksələn xətt üzrə inkişaf etməkdədir. 2008-ci ildə Azərbaycana gələn turistlərin sayı bir milyon üç yüz min nəfəri ötüb keçdi. 2009-cu ilin aprel ayında Bakıda Heydər Əliyev adına İdman və Konsert Kompleksində (Heydər Əliyev adına İdman Arenası) artıq 8-ci dəfə Beynəlxalq Turizm Sərgisi keçirildi. Sərgidə 20 ölkədən 78 turizm müəssisəsi iştirak etmişdir.
"2009–2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı" Azərbaycanda yaxın gələcəkdə turizm-kurort sahələrinin planlı surətdə inkişaf etdirilməsinə və səmərəli istifadəsinə zəmin yaradır.
2022-ci ildə Dövlət Turizm Agentliyinin məlumatına görə, qış mövsümündə Azərbaycana ən çox Rusiya, Türkiyə, İran və ərəb ölkələrindən qonaqlar gəlir və otellərdə qalan qış turizmi regionlarının 40% xaricilərdir.[2]
2023-cü ilin yanvarında Azərbaycan Xarici İşlər Nazirliyi ölkəyə gəlmək istəyən əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə elektron viza ərizəsi formasını doldurmaq imkanı verən “Viza Müraciət Portalı”nı istifadəyə verib. Daha sonra onlar bu anketi təsdiqləyib, baxılmaq üçün respublikanın diplomatik nümayəndəliklərinə və konsulluqlarına göndərə bilərlər.[3]
Azərbaycanda fotosafari turlarının həyata keçirilməsi üçün geniş imkanlar var. Ölkənin müxtəlif guşələrində xüsusi mühafizə olunan təbiət əraziləri — milli parklar, qoruqlar xarici turistlərin belə turlara cəlb edilməsində mühüm rol oynaya bilər[4].[1]
Statistika
redaktəÖlkə | Sayı |
---|---|
Rusiya | 853 082 |
Gürcüstan | 537 710 |
İran | 362 597 |
Türkiyə | 301 553 |
BƏƏ | 102 360 |
İraq | 62 454 |
Ukrayna | 57 756 |
Səudiyyə Ərəbistanı | 33 273 |
Qazaxıstan | 31 994 |
Böyük Britaniya | 29 514 |
Özbəkistan | 16 093 |
Almaniya | 13 042 |
Belarus | 12 320 |
ABŞ | 12 291 |
İsrail | 10 814 |
İtaliya | 8 654 |
Türkmənistan | 7 637 |
Səudiyyə Ərəbistanı | 7 463 |
ÇXR | 7 363 |
Hindistan | 6 012 |
Fransa | 5 785 |
Cəmi | 2 691 998 |
Ölkə | Cəmi gələnlərin sayı |
---|---|
Rusiya | 880 029 |
Gürcüstan | 610 556 |
Türkiyə | 291 499 |
İran | 241 124 |
BƏƏ | 94 031 |
Səudiyyə Ərəbistanı | 73 284 |
İraq | 67 514 |
Ukrayna | 57 707 |
Hindistan | 39 051 |
Türkmənistan | 28 305 |
Cəmi | 2 849 581 |
Ölkə | Cəmi gələnlərin sayı |
Turistlərin faizi (%) |
---|---|---|
Rusiya | 932 984 | 90 |
Gürcüstan | 725 465 | 83 |
Türkiyə | 316 628 | 92 |
İran | 255 628 | 93 |
Səudiyyə Ərəbistanı | 107 230 | 97 |
BƏƏ | 68 346 | 98 |
Hindistan | 65 118 | 96 |
Ukrayna | 59 116 | 93 |
Türkmənistan | 52 127 | 86 |
İraq | 50 723 | 93 |
Cəmi | 3 170 373 | 90 |
İl | Sayı |
---|---|
2006 | 900 000 |
2007 | 1 100 000 |
2008 | 1 400 000 |
2009 (9 ay) | 1 000 988 |
2010 | 1 850 000 |
2011 | 2 239 000 |
2012 | 2 484 048 |
2013 | 2 508 904 |
2014 | 2 297 804 |
2015 | 2 006 176 |
2016 | 2 242 783 |
2017 | 2 691 998 |
2018 | 2 849 600 |
2019 | 3 170 000 |
2020 | 1 299 400 |
Azərbaycanda mövcud olan və perspektivli turizm növləri
redaktəŞəkillər
redaktə-
Şirvanşahlar saray kompleksi, Bakı (UNESCO Ümumdünya irsi)
-
Qız qalası, Bakı (UNESCO Ümumdünya irsi)
-
İçəri şəhər, Bakı (UNESCO Ümumdünya irsi)
-
Bibiheybət məscidi, Bakı
-
Şahdağ Turizm Mərkəzində yerləşən istirahət mərkəzi
-
Qubada mənzərə
-
Lerikdə şəlalə
-
İsmayıllıda vədi
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Places to visit in Azerbaijan". outdoorcaucasus.com. 2020-01-16 tarixində arxivləşdirilib.
- ↑ "Зимний туризм в Азербайджане - из каких стран самый большой приток туристов?" (rus). news.day.az. 2022-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-20.
- ↑ "МИД Азербайджана запустил портал заявлений-анкет для получения визы" (rus). news.day.az. 2023-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-26.
- ↑ İlham Əliyev yeni yaradılan Şamaxı Safari Parkı ilə tanış olub Arxivləşdirilib 2021-07-26 at the Wayback Machine. president.az, 02.10.2017 (az.)
- ↑ "Number of foreign citizens arrived to Azerbaijan by countries". 2019-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2022-06-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-07-08.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2022-06-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-07-08.