Cikaqo - Wikipedia
Çikaqo (ing. Chicago, /Şikaqo/ oxunur) — Amerika Birləşmiş Ştatlarının ən böyük şəhərlərindən biri, İllinoys ştatında yerləşir.
Çikaqo | |||||
---|---|---|---|---|---|
Chicago | |||||
|
|||||
41°51′00″ şm. e. 87°39′00″ q. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 179 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi dili | |||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | 872, 312, 773 | ||||
Poçt indeksi | 60601–60827 | ||||
Digər | |||||
chicago.gov | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Çikaqo nəhəng meqapolis olmaqla Şimali Amerikanın ən böyük maliyyə və nəqliyyat mərkəzidir. O, Miçiqan gölünün cənub-qərb sahili boyunca uzanaraq şəhəryanı qəsəbələrlə birgə "Böyük Çikaqo" adlanan aqlomerasiya yaradır. Onun ərazisində 9,6 milyondan çox, şəhərin özündə isə 3 milyona yaxın insan yaşayır. Bu, Nyu-York və Los-Ancelesdən sonra əhalisinə görə ABŞ-də üçüncü şəhərdir[3].
Şəhərin əlverişli coğrafi mövqeyi sərnişin və yük daşımalarının inkişafına şərait yaratmışdır. Miçiqan gölündəki dənizlə Sankt-Lorens kanalı ilə birləşən yerli Harbor çay limanı ABŞ-də ən iri limandır. Sərnişin axınına görə O`Hara hava limanı ölkədə liderdir. O, saatda orta hesabla 200 təyyarə göndərir və qəbul edir.
Bir neçə onilliklər bundan öncə Çikaqo iqtisadiyyatının aparıcı sahəsi ət sənayesi idi. Bu gün o, öz yerini ağır sənayeyə – qara metallurgiya, kimya və maşınqayırma sahələrinə verərək artıq ikinci yerdədir. Şəhərin "The Loop" adlanan işgüzar mərkəzində ABŞ-nin şimalında ən iri banklar, korporasiya və trest idarələrinin binaları cəmləşir. Burada həmçinin hər il milyonlarla turistləri cəlb edən butiklər, restoranlar, bahalı otellər, ən məşhur sərgi zalları yerləşir[4].
Küləklər şəhəri
redaktəÇikaqonu həm də küləklər şəhəri adlandırırlar. İnsan məskunlaşmaları burada əvvəllər də olsa da, Çikaqonun tarixi 1833-cü ildən başlayır. Burada bir neçə ailə yaşayan balaca kənd var idi. Şəhər statusunu o, buraya dəmir yolunun çəkildiyi 1880-cı ildə əldə edir. Çikaqonun adı hinduların shikaakwa-dan (vəhşi soğan) hazırlanan ənənəvi xörəyindən götürülür.
Çoxlu sayda göydələn və hündür evlərin olduğu bu şəhərin müasir siması 1871-ci ildə baş vermiş faciəvi hadisənin – yanğının sayəsində yaranmışdır. Yanğın nəticəsində əhalinin üçdəbir hissəsi evini itirmişdir ki, bu da yerli hakimiyyətdən təcili olaraq problemin həllini tələb edirdi. Çikaqonun əvvəlki plan əsasında qurulması qeyri-praktik hesab olunduğundan şəhər tamamilə yeni konsepsiya üzrə rekonstruksiya edildi. Burada əsas ideya ərazini dərininə yox, hündürlüyünə yüksəltmək idi. Beləliklə də Miçiqan gölünün sahilində bir-birinin ardınca yüksək binalar yaranmağa başladı.
Bu gün şəhərin çoxlu sayda ləqəbi var, lakin ən çox işlənən "küləklər şəhəri" ləqəbidir. Onun mənşəyi həm hava şəraiti, həm də siyasətlə əlaqələndirilir. Doğrudan da, göldən çox güclü küləklər əsir, küləyin şiddəti çoxlu sayda göydələnlərin hesabına daha da güclənir. Lakin ilk dəfə bu ləqəb 1893-cü ildə "The New York Sun" qəzetinin redaktoru Çarlz Dana tərəfindən işlədilmişdir. O, Ümumdünya Kolumbiya sərgisində Amerika siyasətçilərinin mənasız nitqlərindən, bu tədbirdən yalnız öz şəxsi reytinqini qaldırmaq məqsədilə istifadə etdiklərindən narazı idi[5].
Mədəniyyət və turizm
redaktəÇikaqo hər il milyonlarla turistin gəldiyi bənzərsiz bir şəhərdir. Hər kəs burada özünə yaxın olanı axtarır: Miçiqan gölünün bənzərsiz çimərliklərində qızmar günəş şüalarından həzz alır, saatlarla nəhəng göydələnlər arasındakı balaca küçələrlə gəzir, konfransa və ya təmtəraqlı butiklərdə növbəti endirimlərə tələsir.
Gündüzlər hərəkətdə olan şəhər atmosferi gecələr daha da canlanır. Minlərlə gecə klubları qonaqlarını əyləncəli şou proqramları, caz gecələri və dadlı mətbəxi ilə qarşılayır. Və heç kimi "quru qanun" illərində Çikaqonun küçələrində ağalıq edən məşhur mafioz Al Kapone haqqında əfsanələr qorxutmur. Yeri gəlmişkən, əhalinin özü də şəhərin adının məhz bu şəxslə bağlanmasından narazıdır. Lakin keçmişdən yaxa qurtarmaq mümkün deyil. Buna görə də şəhərdə ekskursiyada olan qonaqların gəzib dolaşmaq istədikləri ən populyar yer qanqster və mafiozların ağalıq etdikləri kriminal məhəllələrdir.
Şəhər daha çox musiqi ənənələri ilə diqqət cəlb edir, burada caz və blyuz musiqisi geniş yayılıb. House musiqi janrı bu şəhərdə təşəkkül tapıb. Çikaqo cazın vətəni hesab olunur. Hər il burada məşhur Çikaqo caz festivalı keçirilir. Şəhərdə ən məşhur caz klubu Green Mill Jazz Club-dur. Onun yerləşdiyi yeri yerli əhali bilir, buna görə onu tapmaq çətin deyil. Maraqlıdır ki, bir vaxtlar bu kluba Al Kaponenin sağ əli hesab olunan MakQurn rəhbərlik edirdi.
Çikaqo həm də muzeyləri ilə məşhurdur. Şəhərətrafı qəsəbələrdən biri Oak park milli tarixi rayon kimi mühafizə edilir. Ernest Heminquey burada doğulub[6].
Bu gün Çikaqo piyada gəzintisi üçün ABŞ-nin ən cazibədar şəhərlərindən biri hesab olunur. Çoxlu sayda göydələnlərə, sənaye binalarına, memarlıq abidələrinə və digər tikililərə baxmayaraq, şəhərdə yaşıllıq çoxdur. Onun sahəsinin praktiki olaraq üçdəbir hissəsini bağlar və parklar təşkil edir. Şəhərin sahilyanı hissəsi daha gözəldir. Buradakı güllü-çiçəkli bağlarda və əyləncə parklarında həm böyüklər, həm də uşaqlar vaxtlarını şən keçirə bilər.
North Michigan Avenue alış-veriş edənlər üçün cənnətdir. Burada şəhərin ən dəbdəbəli butikləri, məşhur supermarketləri və dükanları yerləşir. İl boyu bu mağazalarda müxtəlif endirimlər və digər aksiyalar təşkil olunur. Alış-veriş üçün buraya təkcə turistlər yox, "Böyük Çikaqo"nun öz sakinləri də gəlir[7].
Görkəmli şəxsiyyətləri
redaktə- Frank Lloyd Rayt — memar
- Enriko Fermi — fizik
- Milton Fridmen — iqtisadçı
- Teodor Şults — iqtisadçı
- Herbert Saymon — iqtisadçı
- Rocer Ebert — ssenarist, jurnalist
- Ernest Heminquey — yazıçı, jurnalist
Qardaş şəhərlər
redaktəMaraqlı faktlar
redaktə- Çikaqo və Bakı eyni ləqəbi daşıyır: Küləklər Şəhəri.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ United States. Bureau of the Census 2016 U.S. Gazetteer Files (ing.). Washington, D.C.: U.S. Census Bureau, 2016.
- ↑ 2020 United States Census. / red. ABŞ əhalinin siyahıya alınması bürosu
- ↑ "Çikaqo – küləklər şəhəri. newtimes.az". 2015-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-17.
- ↑ "ABŞ-nin ikinci iqtisadi mərkəzi". 2015-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-17.
- ↑ "Küləklər şəhəri". 2015-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-17.
- ↑ "Ən məşhur mədəniyyət mərkəzləri. ann.az". 2011-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-09.
- ↑ "Parklar, göydələnlər və gecə əyləncələri şəhəri". 2015-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-17.