Salar Ibn Yezid - Wikipedia
Salar ibn Yəzid – Şirvanşahlar dövlətinin on beşinci hökmdarı, Şirvanşah Yəzid ibn Əhmədin oğlu.
Salar ibn Yəzid | |
---|---|
Şirvanşahlar Dövlətinin XV hökmdarı | |
1050 – 1063 | |
Əvvəlki | Buxtnassar Əli ibn Əhməd |
Sonrakı | I Fəribürz |
Şəxsi məlumatlar | |
Doğum yeri | Şamaxı |
Vəfat tarixi | |
Vəfat yeri | Şamaxı |
Atası | Yəzid ibn Əhməd |
Həyat yoldaşı | Əbüləsvar Şavur ibn Fəzlin qızı |
Uşaqları |
I Fəribürz Güzdəhəm ibn Salar |
Fəaliyyəti
redaktəŞirvanşah Buxtnassar Əli ibn Əhmədin hakimiyyətinin birinci ilində onun əmisi Salar ibn Yəzid hakimiyyət çevrilişi edərək Şamaxı qalasını ələ keçirmişdir. Şamaxı qalasının süqutundan sonra Şirvanşah Buxtnassar Şirvanı tərk edərək Arrana qaçmış və Beyləqan yaxınlığında əmisi Salar ibn Yəzidin döyüşçüləri tərəfindən ələ keçirilərək ölüdürülmüşdür.[1]
Münəccimbaşının məlumatına görə Salar h.445 (1053)-ci ildə Malu (Maluğ) qalasını tutaraq möhkəmləndirmiş, orada qarnizon yerləşdirmiş, ərzaq və silahla təchiz etmişdi. O, qalanın yaxınlığında ətrafında istehkamlar qurulmuş şəhər (mədinə) saldırmış, oraya əhali köçürmüş və cümə məscidi tikdirmişdi. Salar "kafirlərlə", ehtimal ki, (Dağıstanın islamı qəbul etməyən əhalisi ilə) müharibəni davam etdirmiş və Şirvanı onların basqınlarından qorumuşdur.[2]
O, on beş il hökmranlıq etdikdən sonra h.455-ci il, şənbə günü səfər ayının 18-də (20 fevral 1063) ölmüşdür. Salar Şəddadi Əbüləsvar Şavur ibn Fəzllə qohumluq münasibətlərində olmuş, onun qızı ilə evlənmişdir.[3]
Onun adına üzərində dörd sətirlik yazı olan sikkə zərb edilmişdir. "Məhəmməd Rəsulullah! Kömək edən Şah, Əbu... – ... Salar ibn Yəzid, Şirvanşah." [4]
Salar ibn Yəzidin adı Qəffarinin "Cahan ara" əsərində də yad edilir. Bütün bu məlumatlara əsasən A. Bakıxanov onun adını çəkir.[5] Lakin akademik Minorski qeyd edir ki, Şirvanşahların Qəffari tərəfindən verilmiş şəcərəsi səhvdir, belə ki, burada Saların atasının adının Yəzid ibn Əhməd deyil, Yəzid ibn Məzyəd olduğu göstərilir.[6]
Abşerondakı Buzovna kəndində, qədim qüllənin xarabalıqlarında üzərində yarım silinmiş kitabə olan daşlar tapılmışdır. İ.Berezin onun məzmununu belə oxumuşdur: "Bu ibnanı böyük və nəcabətli insan, hər şeyin dərin bilicisi, etiqadın parlaq ulduzu müsəlmanların ən yaxşısı, padşah Məlik Salar 53-cü ildə tikdirmişdir".[7][8]
Hal-hazırda Sankt-Peterburqda Şərqşünaslıq institutunda saxlanılan həmin iki daş kitabədən Y.A.Paxomov da bəhs edərək, onun aşağıdakı oxunuşunu vermişdir: "İqamətgahın və ibnanın sahibi, sədr... müdrik, alicənab, kamil... icmanın və dinin məşəli, islamın kamilliyi Şah məlik Salar h.53-cü ilin (Dörd) yüz üç və beşinci ilin rəcəb ayı".[9]
İ. Berezin qeyd edir ki, "görünür, yüzlük rəqəmi pozulmuşdur və Məlik Salar haqqında mənə heç kim doğru bir söz deyə bilmədi". [10] S. Aşurbəyli isə qeyd edir ki, "İ. Berezin mətni dəqiq oxumamışdır. Münəccimbaşının məlumatına görə, Məlik Salar (ibn Yəzid) Şirvanşah olmuş və təqribən h.441 (1049)-ci ildən 455 (1063)-ci ilədək, yəni 15 il hakimiyyət sürmüşdür. Beləliklə, Y.A.Paxomovun oxuduğu h.53-cü il tarixi h.453 (1061)-cü il kimi düzəldilməlidir ki, bu da həqiqətə uyğundur." [11]
Ailəsi
redaktə- Atası Yəzid ibn Əhməd. Şirvanşah (991-1027) və Dərbənd əmiri (1019-1021).
- Həyat yoldaşı. Arran əmiri Əbüləsvar Şavurun qızı, Şəddadilər sülaləsindən.
- Oğlu I Fəribürz. Varisi.
- Oğlu Güzdəhəm ibn Salar
- Qardaşı Ənuşirəvan ibn Yəzid. Atasına qarşı üsyan qaldırdığı üçün həbs edildi, həbsdə öldü.
- Qardaşı Mənuçöhr ibn Yəzid. Şirvanşah (1027-1034)
- Qardaşı Əbu Mənsur Əli ibn Yəzid. Şirvanşah (1034-1043)
- Qardaşları Mənuçöhr və Əbu Mənsur Əlinin həyat yoldaşı Sitt bint Fəzl. Arran əmiri Fəzl bin Məhəmmədın qızı, Şəddadilər sülaləsindən.
- Qardaşı Qubad ibn Yəzid. Şirvanşah (1043-1049)
- Qardaşı qızı. Səlcuq əmiri Qaratəkinin həyat yoldaşı.
- Qardaşı Əhməd ibn Yəzid
- Qardaşı oğlu Buxtnassar Əli ibn Əhməd (1049-1050). Salar tərəfindən taxtdan salınmışdır.
- Qardaşı Məmlan ibn Yəzid
- Bacısı Şəmkuyyə. Haşimilər sülaləsindən Dərbənd əmiri II Əbdülmalikin (1034-1043) həyat yoldaşı.
SƏLƏF Buxtnassar Əli ibn Əhməd |
Salar ibn Yəzid Kəsranilər |
XƏLƏF I Fəribürz |
Döyüş və hakimiyyət mübarizəsi xronologiyası
redaktəTarix | Hadisə | Müttəfiqlər | Qarşı tərəf | Yer | Vəzifəsi | Nəticə |
---|---|---|---|---|---|---|
1050-ci il | Şamaxı qalasının fəthi | — | Buxtnassar Əli ibn Əhməd | Yezidiyyə | şahzadə | qələbə |
1050-ci il | Buxtnassar Əli ibn Əhmədin qətli | — | Buxtnassar Əli ibn Əhməd | Beyləqan | Şirvanşah | qələbə |
1053-cü il | Malu qalasının fəthi | — | — | Malu qalası | Şirvanşah | qələbə |
İstinadlar
redaktə- ↑ Mинopcкий. Иcтopия Шиpвaнa, c.56
- ↑ Mинopcкий. Иcтopия Шиpвaнa, s.l 17, пpимeчaниe 25
- ↑ Mинopcкий. Иcтopия Шиpвaнa, s.56-57, ərəb mətni, §18-19, s. 12-13
- ↑ E.A.Пaxoмoв. Apaбcкиe и пpикacпийcкo-иpaнcкиe фeoдaлы в Aзepбaйджaнe X-XI вв. Cб. Пaмя и aкaд. H.Я.Mappa. M.-Л., 1939, c.423
- ↑ Бaкиxaнoв, c.86
- ↑ Mинopcкий, c.169, ərəb mətni, §48, s.29-30
- ↑ K.Cпaccкий-Aвтoнoмoв. Kpeпocть, Бaкy 18 нoябpя 1851 г. Kaвкaзcкий кaıeндapь нa 1856 г., c.511-512
- ↑ И.П.Бepeзин. Путе-шecтвиe пo Bocтoкy, т.l, ч.III, Kaзaнь, 1849, c.65.
- ↑ E. A .Пaxoмoв. Cтapинныe oбopoнныe coopyжeния Aпшeрона Tpyды ин-тa AH Aзepб. CCP, т.l, 1947, c.70-72
- ↑ Бepeзин, c.65
- ↑ S. Aşurbəyli – Şirvanşahlar dövləti, Bakı, 2007