Beyleqan - Wikipedia
Bu məqalə Beyləqan şəhəri haqqındadır. Beyləqan rayonu üçün Beyləqan rayonu səhifəsinə baxın. |
Beyləqan — Azərbaycan Respublikasının Beyləqan rayonunun Beyləqan şəhər inzibati ərazi dairəsində şəhər,[1] Beyləqan rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Beyləqan şəhər inzibati ərazi dairəsi Beyləqan şəhər inzibati ərazi vahidi hesab edilmişdir.[2]
Şəhər | |
Beyləqan | |
---|---|
39°46′09″ şm. e. 47°36′56″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 60 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Digər | |
beylaqan-icra.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBeyləqanda aparılan arxeoloji qazıntılar nəticəsində IX–XI əsrin əvvəllərində burada dəmirçilik, misəritmə, dulusçuluq və zərgərlik sənətlərinin inkişafını göstərən materiallar aşkar edilmişdir. Beyləqan metallurqları təkcə silah, təsərrüfat və məişətdə işlənən məmulatlar yox, həm də əmək alətləri istehsal edirdilər.
Bu dövrdə soyuq və isti döymə, tökmə, lehimləmə, məftilçəkmə, ştamplama, zərbetmə kimi texniki vasitələrdən istifadə olunurdu. IX–XI əsrlər dövrü erkən şirlik məmulatlarının meydana gəlməsi ilə səciyyələnir. Həmin məmulatın kütləvi istehsalı onların şəhər əhalisinin məişətində əhəmiyyətli yer tutduğunu göstərir. Bu dövrdə şirsiz və şirli keramikanın əsas növləri qazan, küp, səhəng, bardaq, kasa, dopu, boşqab, çıraq, duzqabı və s.idi. Çıraqlarda Bakıdan gətirilən neft yandırılırdı. Beyləqanda keramika istehsalı IX əsrdən geniş inkişafa başlayır və XII–XIII əsrin əvvəllərində yüksək səviyyəyə çatır.[3]
IX–X əsrlərdə Beyləqanda keramika məmulatının bişirilməsi texnikası təkmilləşir, yüksək keyfiyyətli məişət və inşaat keramikası istehsal etməyə imkan verən iki yaruslu dulus kürələri meydana gəlir.
Bu kürələr şəhərin kənarında, sənətkarlar məhəlləsində yerləşirdi. Beyləqanda bu dövrdə yandırıcı bomba kimi və müxtəlif mayelərin daşınmasında istifadə olunan çoxlu miqdarda sferokonuslar hazırlanırdı.
Bədii tərtibatı ilə seçilən Beyləqan keramikası Azərbaycanın başqa şəhərlərinə də aparılırdı. IX–X əsrlərdə Beyləqanda kütləvi surətdə şüşə istehsal edilməsini çoxlu tapıntılar – şüşə qablar içərisində istehsal çıxdaşının, yaşıl, mavi, bənövşəyi, sarı, göy və qara rəngli şüşədən bəzək əşyalarının olması sübut edir. Beyləqan ustaları şüşəni dartıb uzatmaqla ondan halqalar, bilərziklər, xırdalamaqla muncuqlar, xüsusilə gözmuncuğu düzəldirdilər. Şüşə məmulatının əsas kütləsini məişət qabları – dərin kasalar, bardaqlar, qədəhlər, ətir şüşələri təşkil edirdi.
Beyləqan sənətkarları orta əsr Azərbaycan şəhərləri üçün səciyyəvi olan bütün sənətlərlə – sümük və ağac üzərində bədii oyma, dabbaqlıq, habelə toxuculuq, ipəkçilik və xalçaçılıqla məşğul olurdular.
Beyləqanda tapılmış çoxlu sikkə (300-dən çox) və sikkə dəfinələri, əmtəə-pul münasibətlərinin və ticarətin göstəricisidir. Çoxu xəlifələrin, yaxud onların valilərinin adından kəsilən bu sikkələr "Arran" adlı sikkəxanada zərb edilirdi. Y.A.Paxomov həmin sikkəxananı Beyləqanda yerləşdirirdi. Fəlslər, əsasən, şəhərdaxili ticarətdə, dirhəmlər Beyləqandan, Şirvan və bütövlükdə Qafqazdan çox-çox uzaqlarda da işlənirdi. Buradan IX əsrə aid əl-Bab (Dərbənd), əl-Bəsrə və Məaden Bəcuneys şəhərlərində zərb edilən və Beyləqanın ticarət əlaqələrindən xəbər verən sikkələr tapılmışdır. Artıq IX–XI əsrin əvvəllərində Beyləqan təkcə kustar istehsalı sahəsində deyil, eləcə də ticarət sahəsində feodal şəhəri kimi tam təşəkkül tapmışdı. Burada sənətkarlıq, bazar, əmtəə istehsalına çevrilirdi.[4][5]
"Əcaib əd-Dünya"da deyilir:
"İslamın hökmdarı və padşahı, dünya və din yolunda müzəffər mərhum sultan Əbu Bəkrin zamanında xeyli abadlaşdırıldı; orada çoxlu qəsrlər, köşklər tikildi. Qədimdə bu şəhərdə su yox idi və bu səbəbdən adamlar, şəhərin əhalisi əzab-əziyyət çəkirdi; Arazdan ora bir neçə kanal çəkilmişdir. Nəql edirlər ki, şəhər onların (Əbu Bəkr və Özbək) xeyirxah əməllərindən parladı. Çoxlu evlər tikildi və əyanlar (bozargan) oraya köçdülər. Orada (şəhərdə) bol nemətlər və çoxlu bazar yerləri vardır. Oranın malları: gəzz-gəşide, yaxşı nar, üzüm, portağal (narənc); kəklik, qırqovul, balıq çoxdur. Yerli mallar, Şirvan və Dərbənd (malları) boldur. Oranın havası cənnət havasını xatırladır: nə soyuqdur, nə də isti. (Şəhər) şahların daimi yaşayış yeri idi".[6]
Beyləqanda aparılan arxeoloji qazıntılar nəticəsində şəhər təsərrüfatı iqtisadiyyatının və sənətkarlıq istehsalının yüksək səviyyəsini təsdiq edən xeyli materiallar əldə olunmuşdur. Şəhər sənətkarlığının bir çox sahələri – metalişləmə, ipəkçilik, xalçaçılıq, toxuculuq, dulusçuluq, zərgərlik, şüşə istehsalı, daşişləmə, ağacişləmə, dabbaqlıq və s. intensiv şəkildə inkişaf edirdi. XI–XIII əsrin əvvəllərində ölkənin başqa şəhər və vilayətlərinə də aparılan şirli saxsı qablar, kərpic və kaşı istehsalı xüsusilə vüsət almışdı. Şirli qablanrı n dekor texnikası son dərəcə yüksək səviyyəyə çatmışdı. Bu qabların valehedici koloriti istedadlı naxışçəkən rəssamların olduğunu göstərir. Zərgərlik sənəti də səviyyəcə ondan geri qalmırdı.
Beyləqan zərgərləri qızıl emalına da mürəkkəb texniki üsullar – məftilçəkmə, danə düzmə, cilalanmanın təkmilləşdirilməsi və s. tətbiq edirdilər. Beyləqan ustaları şüşə məmulatı istehsalında da böyük uğurlar qazanmışdılar. XII–XIII əsrlərdə Beyləqanda feodallar və əyanlar üçün böyük evlər (köşklər) tikmiş təcrübəli bənna-memarlar var idi. Arxeoloji materiallar və mənbələrin məlumatları əsasında XI əsrin sonu-XIII əsrin əvvəllərində Beyləqanda inkişaf etmiş otuzdan çox sənət və peşənin siyahısı tərtib olunmuşdur. Bunlar dəmirçilər, silahqayıranlar, misgərlər, zərgərlər, qalayçılar, daşyonanlar, bənnalar, rəngsazlar, ağacişləmə ustaları, əhəngçilər, kankanlar, dülgərlər, xarratlar, dulusçular, şüşə ustaları, toxucular, ipəkçilər, boyaqçılar, yunqırxanlar, daraqçılar, dərzilər, paltaryuyanlar, nəqqaşlar, dabbaqlar, çəkməçilər, pinəçilər, sərraclar, əttarlar, əczaçılar, çörəkçilər, baqqallar, qəssablar, dəlləklər, yağçalanlar, çaxırçılar, hamballar idi.[7]
Monqolların Qafqaz ölkələrinə hücumlarında baş verən hadisələrin müasiri olan Yaqut Beyləqanın işğalı haqqında aşağıdakıları yazır: "Tatarlar h.617 (1220/l)-ci ildə şəhərə girdilər, əllərinə keçən adamların hamısını qırdılar, şəhəri talan etdilər, sonra isə yandırdılar. Lakin onlar çıxıb gedən kimi əhalinin qaçmış hissəsi yenidən şəhərə qayıtdı; bir azdan başqaları da onlara qoşuldu, belə ki, hazırda (yəni, 1227-ci ildə – S.A.) şəhər yenidən məskunlaşmışdır". Йaкyт Xaмaви, I, 797
İbn əl-Əsir, Zəkəriyyə Qəzvini və digər müəlliflər də h.618 (1221)-ci ilin ramazan ayında monqol istilaçılarının Beyləqanı tutaraq qarət etdiklərini, şəhərin evlərini, divar və darvazalarını, əhalisini qırdıqlarını, "…qılıncı sıyırıb nə cavanları, nə qocaları, nə də qadınları sağ buraxmadıqlarını"[8] xəbər verirlər.
Zəkəriyyə əl-Qəzvini monqolların Beyləqanı mühasirəyə almasını belə təsvir edir:
"Beyləqan Arran ölkəsində tanınmış böyük bir şəhərdir. Hündür divarları var. Onu Qubad şah saldırmışdır. Nəql edirlər ki, nə onun özündə, nə də həndəvərində bir dənə də olsun daş yoxdur. Beyləqana yaxınlaşan tatarlar şəhərin uca divarını görüb onu mancanaqla dağıtmaq istədilər, lakin bir dənə də daş tapa bilmədilər ki, mancanağa qoyub atsınlar. Bu zaman onlar uca çinarları gördülər, onları mişarla doğradılar, kötüklərini mancanağa qoyaraq divarlar dağılana qədər atdılar. Monqollar şəhəri talan edib, əhalisini qırdılar".[9][10]
1227-ci ildə Beyləqana gələn Xarəzmşah Cəlaləddin Məngburni şəhəri elə dağıdılmış vəziyyətdə görür ki, onun yenidən məskunlaşdırılmasına ümid yox idi. Xarəzmşahın vəziri Şərəf əl-Mülkün şəhəri və onun monqollar tərəfindən dağıdılmış suvarma sistemini bərpa etmək üçün gördüyü işlərin Ən-Nəsəvi, s.175 nəticəsi müvəqqəti oldu. Beyləqan ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində mənbələrin məlumatları təsdiq edilərək, dağıntılar və kütləvi yanğın izləri üzə çıxarıldı. Tapılan dəfn olunmamış insan skeletləri, şübhəsiz bəhs olunan hadisələrin qurbanlarındandır.[11] Beyləqan monqollar tərəfindən ikinci dəfə 1235-ci ildə zəbt edilmişdi. Bundan sonra şəhər boşalmışdı.
Həmdullah Qəzvini 1340-cı ildə Beyləqan haqqında aşağıdakıları yazır:
"Beyləqan beşinci iqlimdə yerləşir. Onun uzunluq dairəsi 830321, en dairəsi isə 390551-dir. O, Sasani hökmdarı Firuzun oğlu Qubad tərəfindən salınmışdır. Hal-hazırda (yəni, 1340-cı ildə) xarabalığa çevrilmişdir. Evlərin çoxu bişmiş kərpicdən tikilmişdi. İqlimi istidir. Burada dənli bitkilər – əla buğda, çəltik, pambıq becərilir".[12]
Q. Əhmədovun qetd edirki, bu məlumat bilavasitə şəhərin özünə deyil, onun aqrar rayonuna aiddir.[13]. Həmdullah Qəzvininin məlumatına görə, Beyləqan 1340-cı ildə xarabalıq içində idi. Növbəti istilaçıların Beyləqanın keçmiş əzəmətini bərpa etmək üçün göstərdikləri bütün cəhdlər nəticəsiz qaldı və artıq XV əsrədək şəhər tamamilə boşalaraq süqut etdi və "ora yalnız həşəratların, bayquşların, ilan və əqrəblərin məskəninə çevrildi".[14][15]
Əhali
redaktəTexniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
Tarixi abidələri
redaktəŞəkillər
redaktə-
Heydər Əliyev mərkəzi
-
Olimpiya-İdman mərkəzi
-
Gənclər mərkəzi
-
Bayraq muzeyi
-
Beyləqan şəhər stadionu
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı". 26 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 September 2022.
- ↑ S. Aşurbəyli – Şirvanşahlar dövləti, Bakı, 2007
- ↑ Г.M.Axмeдoв. Cpeднeвeкoвый гopoд Бaйлaкaн. Бaкy, 1979 c.26–38
- ↑ Пaxoмoв. Moнeты Aзepбaйджaнa, вып.I, c.41, 44–45
- ↑ Aджaиб aд-дyнйa, c.199. Cвeдeния "Дикoвинoк миpa", c.201–202
- ↑ Axмeдoв. Cpeднeкoвый ropoд Бaйлaкaн, c.52–65
- ↑ İbn əl-Əsir, s.140
- ↑ 3aкapийa aл-Kaзвини, c.345
- ↑ Д.З.Бyниятoв. Maтepиaлы, c.52.
- ↑ Axмeдoв. Cpeднeвeкoвый гopoд Бaйлaкaн, c.85–86.
- ↑ Həmdullah Qəzvini. Nüzhət əl-Qülub, s.92.
- ↑ Axмeдoв. Cpeднeвeкoвый гopoд Бaйлaкaн, c.87
- ↑ Həmdullah Qezvini. Nüzhət əl-Qülub, s.92
- ↑ Şərəf əd-Din Ə1i Yəzdi. Zəfər-namə, c.I, Tehran, s.37.
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1939).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1959).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1970).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1979).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1989).
Xarici keçidlər
redaktə Beyləqan rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |