Bir Cenub Seherinde Film 1969 - Wikipedia
Bir cənub şəhərində filmi rejissor Eldar Quliyev[1] tərəfindən 1969-cu ildə ekranlaşdırılmışdır. Neorealizm stilində cəkilmiş ilk Azərbaycan filmi, Eldar Quliyev isə bu stildə film çəkən ilk Azərbaycan rejissorudur. Film "Azərbaycanfilm" kinostudiyasında[2] istehsal edilmişdir. Sosial kinopovestdə hələ də insanların şüurunda keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması məsələləri ön plana çəkilmişdir.[2] Filmdə əsas rolları Həsən Məmmədov, Eldəniz Zeynalov, Hacımurad Yegizarov, Məcid Dadaşov, Natella Adıgözəlova, Sadıq Hüseynov, Süsən Məcidova, Tatyana Xaritonova, Əsəd Məmmədov, Yusif Vəliyev və Sadıq Həsənzadə ifa edirlər.
Bir cənub şəhərində | |
---|---|
| |
Janr | dram |
Rejissor | Eldar Quliyev |
Əsərin müəllifi | Rüstəm İbrahimbəyov |
Ssenari müəllifi | Rüstəm İbrahimbəyov |
Baş rollarda |
Həsən Məmmədov Eldəniz Zeynalov Hacımurad Yegizarov Məcid Dadaşov Natella Adıgözəlova |
Operator | Rasim Ocaqov |
Bəstəkar | Fərəc Qarayev |
Rəssam | Kamil Nəcəfzadə |
İstehsalçı | "Azərbaycanfilm" kinostudiyası |
İlk baxış tarixi | 27 yanvar 1969 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 75 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1969 |
Texniki məlumatlar |
8 hissə 2199,3 metr |
Rəng | ağ-qara |
IMDb | ID4263876 |
Məzmun
redaktəLirik-psixoloji dram çox da böyük olmayan cənub şəhərlərindən birinin adamları, onların həyatı və əməyi haqqındadır. Burada hələ də insanların şüurunda keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması məsələləri ön plana çəkilmişdir.[2] Filmin mərkəzində yeniliklə köhnəliyin mübarizəsi, insanın köhnəlmiş adətlərin əsarətindən xilas olması prosesi durur.[3]
Çəkilişlərdən öncə
redaktəRasim Ocaqov: Bir gün, o zaman musiqi redaktoru işləyən Emin Sabitoğlu kinostudiyanın çayxanasında mənə dedi ki, yeni bir ssenari gəlib, müəllifi Maqsudun qardaşıdır, oxumamısansa, məsləhət görürəm. Nəsə qeyri-adi bir şeydir. Səhəri gün Emin "Bir Cənub şəhərində" adlı ssenarini gətirib mənə verdi. Oxudum. Əsər məni özünün sərt realizmi, cəsarətli müəllif mövqeyi ilə təsirləndirdi. Bu ssenarini yeniruhlu, yeni estetik baxışlara malik rejissor çəkməliydi. Elə həmin il mənim həyatda və sənətdə kumirim olan Tofiq Quliyevin oğlu Eldar Kinematoqrafiya İnstitutunu bitirib Bakıya gəlmişdi. Məsləhət görüldü ki, bu ssenari əsasında filmi gənc rejissor Eldar Quliyev çəksin.[4]
Tofiq Quliyev: Moskvada kino institutunu bitirib Bakıya qayıtdıqdan sonra bir gün mənə dedi ki, R. İbrahimbəyovun "9-cu Xrebtovıda" hekayəsini oxuyub, çox xoşuna gəlib, onu ekranlaşdırmaq istəyir. Bu əsəri mən də oxumuşdum. Bizim həyatımız haqqında əsl həqiqətləri olduğu kimi təcəssüm etdirən çox cəsarətli əsər idi. Mən onu fikrindən daşındırmağa çalışdım, dedim ki, institutu təzəcə qurtarmısan, belə kəskin mövzulu əsərə müraciət etmək sənin üçün tezdir. Cavansan, başqa mövzu seç, sənin üçün çətin olar. O, fikrindən dönmədi. "Bir cənub şəhərində" filmini çəkdi.[5]
Çəkilişlər
redaktəEldar Quliyev: Bütün çəkilişləri Təzə Pir məscidinin arxasında və Mustafa Sübhi küçəsində aparmışdıq.[6]
Rasim Ocaqov: Mən filmin operatoru idim. Zənnimcə, bunu Eldar da təsdiq edə bilər, o filmdə operator işi, həqiqətən də, uğurlu alınıb. Bakının o köhnə məhəllələrini çəkəndə mənim təklifim və təkidimlə divarlar, evlər başdan-başa ağardılmışdı. Bu ağ divarların, ağ evlərin qarşısında səhərdən-gecəyədək qarageyimli adamlar dayanıb, qanlı oyunların baş verəcəyini gözləyirlər.[4]
Çəkilişlərdən sonra
redaktəHeydər Əliyev: "Bir cənub şəhərində" filmi çəkiləndə mən DTK-da işləyirdim. Bu filmin yaranması böyük səs-küy doğurmuşdu. Deyirdilər ki, belə olmaz, bu, bizi ləkələyir, korlayır. Rəhmətlik Cəfər Cəfərov da mənə zəng elədi ki, belə bir məsələ var, xahiş edirəm, sən də baxasan, münasibət bildirəsən. Mənə də çox siqnallar, materiallar, şikayətlər gəldi ki, bu, xalqımızı ləkələyir. Xatirinizdədir, mən kinostudiyaya gəldim, filmə baxdım. Yenə də Şolokovun onun qarşısını Moskvada nə üçün aldığını sizə deyim. Yadınızdadırmı, filmdə belə bir epizod var ki, milisə bir manat pul verirlər. Şolokov demişdi ki, nə təhər ola bilər, milis işçisi bir manat pul alır? Belə şey olmaz. Filmi buraxmırdı. Biz filmi buraxdırdıq və hesab edirəm ki, o, bizim kinematoqrafiyanın həyatında çox böyük hadisə oldu.[7]
Film ekranlara çıxdıqdan sonra "Kommunist" qəzeti onun Azərbaycanı və azərbaycanlıları bütün ölkədə biabır etdiyini yazdı. Lakin "Bakinskiy raboçiy" yazırdı: "Nəhayət ki, otağın nəfəsliyi açıldı və Azərbaycan kinosuna təzə nəfəs gəldi".[8]
Maraqlı faktlar
redaktə- Film rejissor Eldar Quliyevin böyük kinoda ilk işidir.
- Film yazıçı Rüstəm İbrahimbəyovun "9-cu Xrebtovı" povesti üzrə ekranlaşdırılmışdır.[2]
- Film ssenarist Rüstəm İbrahimbəyovun Azərbaycan kinosunda ilk işidir.
- Səfərəlinin basdırıldığı səhnədə milis işçisi Mustafa Muraddan 1 manat istəyir. Ancaq filmin M. Qorki adına kinostudiyada rus dilinə dublyaj edilmiş versiyasında dərman resepti istəyir. Hər halda sovet milis işçisinin vətəndaşdan pul istəməsi Moskvada qəbul edilməyib və ssenaridə dəyişiklik edilib.
- Filmin azərbaycan dilində olan versiyasında finalda Muradın Tofiqi öldürüb-öldürmədiyi və ya yaraladığı müəmmalı görünür. Rus dilinə dublyaj edilmiş versiyasında finaldakı dialoqdan bəlli olur ki, Murad Tofiqi nə öldürür, nə də yaralayır. Sadəcə onu milisə izahat yazmaq üçün çağırırlar.
- Filmin başlanğıcı 2 versiya ilə çəkilib. Bir versiyasında titrlərin arxa fonunda Babaş Bakının yollarında qaçır və xəyali olaraq maşın sürür. Başqa versiyada və həmçinin, rus dilində olan versiyada sadəcə Bakının küçələri göstərilir.
- Səfərəlinin basdırılması səhnəsində molla Quran oxuyur. Eyni səsi biz rejissorun çəkdiyi Babək filmində də xəlifənin ölüm yatağında eşidirik.
- Həsən tramvayda "Lalələr" mahnısını zümzümə edir.
- Rənayla Murad yeməkxanada oturanda arxada xidmətçi "Girdim yarın bağçasına" mahnısını zümzümə edir.
- Məhəllədə toy maşınları hərəkət edəndə orkestrin ifasında "Arzu qızım" mahnısının musiqisi səslənir.
Rəy
redaktəYuri Xanyutin: "Bir cənub şəhərində" filminin Azərbaycan kino tarixində novatorluğu – düşüncə tərzində, bədii-estetik formasında qabarıq görünür. "Film janrına görə komediya – daha dəqiq desək mənəviyyatın tragikomediyasıdır. Burada ekzotikanı axtarmaq düzgün deyil, bu hər şeydən əvvəl dəqiq göstərilən reallıq, ətrafa aydın müşahidəçilik, düşüncə ilə yanaşmaq qabiliyyətidir. Dəqiq ideyası, mənəviyyatı mövqedir.[9]
Mükafat
redaktə2000-ci ildə filmin quruluşçu rejissoru Eldar Quliyevə, ssenari müəllifi Rüstəm İbrahimbəyova, quruluşçu operatoru Rasim Ocaqova filmin ekranlara buraxılmasının 30 illiyi münasibətilə "Humay" mükafatı verilmişdir.[2]
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifi: Rüstəm İbrahimbəyov
- Quruluşçu rejissor: Eldar Quliyev
- Quruluşçu operator: Rasim Ocaqov
- Quruluşçu rəssam: Kamil Nəcəfzadə
- Geyim rəssamı: Kamil Nəcəfzadə
- Bəstəkar: Fərəc Qarayev
- Səs operatoru: Vladimir Savin
- Rejissor: S. Ələsgərov
- Operator: V. Həsənov
- Montaj edən: Tamara Nərimanbəyova
- Qrim rəssamı: S. Pozdeyeva
- Mahnı mətni: Vaqif Səmədoğlu
- Redaktor: Yusif Səmədoğlu, N. İbrahimova
- Rejissor assistenti: R. Atakişiyev, Rafiq Dadaşov (R. Dadaşov kimi)
- Operator assistenti: Ələsgər Ələkbərov
- Rəssam assistenti: N. Viçina, T. Məlikzadə
- Filmin direktoru: Rimma Abdullayeva
- Çalır: Rafiq Babayevin İdarəsilə Caz Ansamblı
Rollarda
redaktə- Həsən Məmmədov — Murad
- Eldəniz Zeynalov — Tofiq
- Hacımurad Yegizarov — Cahangir
- Məcid Dadaşov — Həsən
- Natella Adıgözəlova — Rəna
- Sadıq Hüseynov — Babaş
- Süsən Məcidova — Mənsurə
- Məmməd Cəfərov (aktyor) — İbrahim
- Tatyana Xaritonova — Marina
- Alim Məmmədov — Sabir
- Yusif Vəliyev — Səfərəli
- Sadıq Həsənzadə — Mustafa
- Ofeliya Məmmədzadə — Ağabalanın arvadı
- Nazim Ağayev (müğənni) — məhəllə sakini
- Kamil Məhərrəmov — məhəllə sakini
- Fazil Salayev — Fazil
- Məmmədkamal Kazımov — Çəkməçi Davud
- Bilqeyis Ələsgərova — Səkinə
- Almaz Əsgərova — Solmaz
- Ramiz Məlik — Vasif
- Tələt Rəhmanov — Xəlilov
- F. Sevastyanov — mitinqdə çıxış edən
- Hacıməmməd Qafqazlı — molla
- Boris Savçenko — Semyon
- Bahadur Əliyev — Muradın iş yoldaşı
- Məmməd Cəfərov — Cahangirin atası
- N. Sostina
- Ə. Əliyev
- T. Cəfərov
- Ə. Xəlilov — məhəllə sakini
Filmi səsləndirənlər
redaktə- Hamlet Xanızadə — Xəlilov (Tələt Rəhmanov) ;Ağabala(titrlərdə yoxdur)
- Rafiq Əzimov — Sabir (Əsəd Məmmədov) (titrlərdə yoxdur)
- Həsənağa Turabov — Cahangir (Hacı Murad Yagizarov) (titrlərdə yoxdur)
- Əminə Yusifqızı — Rəna (Natella Adıgözəlova) (titrlərdə yoxdur)
- Sadıq Hüseynov (aktyor) — Mustafa (Sadıq Həsənzadə) (titrlərdə yoxdur)
- Ətayə Əliyeva — Mustafanın arvadı (titrlərdə yoxdur)
- Süleyman Ələsgərov (aktyor) — İbrahim (Məmməd Cəfərov (aktyor)) (titrlərdə yoxdur)
- Dadaş Kazımov — Çəkməçi Davud (Məmmədkamal Kazımov) (titrlərdə yoxdur)
- Hökümə Qasımova — Səkinə (Bilqeyis Ələsgərova) (titrlərdə yoxdur)
İstinadlar
redaktə- ↑ Hacımusalı, O. İki ölüm arasındakı həyat: [Rüstəm İbrahimbəyovun yazdığı ssenari əsasında yaranan "Bir cənub şəhərində" filmi haqqında] //Xalq cəbhəsi.- 2011.- 11 noyabr.- S. 14.
- ↑ 1 2 3 4 5 Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh.66.
- ↑ Azərbaycanda teatr və kino sənətinin inkişafı [1] Arxivləşdirilib 2018-01-10 at the Wayback Machine
- ↑ 1 2 "Rasim Ocaqov: "Mən kinoda sözümü demişəm!"". 2013-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-30.
- ↑ "Tofiq Quliyevin kino musiqisi". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-30.
- ↑ "Eldar Quliyev: "Kino sənəti böyüdücü şüşədir"". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-30.
- ↑ "Eldar Quliyev: "Heydər Əliyev tapşırdı ki, bir milyon ayırın..."". 2021-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-30.
- ↑ "Aydın Kazımzadə: "Azərbaycan kinosunun tarixi üç dəfə dəyişib."". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-30.
- ↑ "Eldar Quliyev". 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-30.
Mənbə
redaktə- Газ. "Бакинский рабочий". 29 марта 1970 года.
- "Problem, həlli, mübahisələr" //Kommunist.- 1970.- 31 mart.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 222; 304.
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 141; 143–144; 164–166; 222.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.