Baki Bulvari - Wikipedia
Bakı bulvarı (rəsmi adı: Dənizkənarı Milli Park) — Azərbaycanın Bakı şəhərində, Xəzər dənizinin sahilində yerləşən bulvar. Bakının simvol və ən görməli yerlərindən biri olaraq qəbul edilir.
Bakı bulvarı | |
---|---|
Dənizkənarı Milli Park | |
| |
Məlumatlar | |
Parkın tipi | Bulvar |
Ölkə | |
Yerləşməsi | Bakı, Azərbaycan |
Yaradılıb | 1909 |
Tabeçiliyi | Dənizkənarı Bulvar İdarəsi |
Statusu | İlboyu açıq |
Ən yaxın ictimai nəqliyyat |
Sahil metrostansiyası İçərişəhər metrostansiyası |
Saytı | bulvar.gov.az |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəİlk işlər
redaktəBakı bulvarının ərazisində ilk tikinti işlərinə XIX əsrin əvvəllərində başlanılmışdır. Həmin dövrdə esplanadanın tikintisi yenicə başlayırdı və İçərişəhərin sahil zolağı hələ boş idi. XIX əsrin ikinci yarısında bu ərazidə mövcud olan ensiz sahil zolağı əsasən iqtisadi məqsədlər üçün istifadə edilirdi. Burada anbarlar və körpülər yerləşirdi. 1860-cı illərdə "Qafqaz və Merkuri" paraxod şirkəti körpü və digər qurğuların tikintisini həyata keçirmişdir. Bu qurğuların tikilməsi nəticəsində sahil zolağı 2 hissəyə bölündü:
- Qərb istiqamətində: Qala boyunca – Aleksandrovski sahili;
- Şərq istiqamətində: Bolşaya Morskaya prospektinə qədər Petrovski sahili
Lakin belə vəziyyət şəhər strukturuna üzvi şəhərsalma elementi kimi daxil ola biləcək vahid sahil küçəsinin yaranmasına xidmət etmirdi. Sahil küçələrinin təsadüfi təmiri və rekonstruksiyası ümumi şəhərsalma problemini həll etmirdi. Belə ki, qərbdəki neft mədənlərini şərqdə yerləşən emal zavodları ilə birləşdirən mühüm nəqliyyat arteriyası kimi sahil küçəsi, demək olar ki bütün gün ərzində hərəkətdə olan nəqliyyat üçün kifayət qədər buraxılış gücünə malik deyildi. Eyni zamanda şəhər əhəmiyyətli dərəcədə böyümüş, mərkəzi hissəsi genişlənmiş və sahilin tənzimlənməsi artıq şəhər həyatının tələbinə çevrilmişdi. Həm də dəniz sahilində suyun azalması bu məsələnin həllinin zəruri olduğunu göstərirdi.
Sahil küçəsinin salınması
redaktəSahildə aparılan işlərlə bağlı ilk addımlar 1868-ci ilədək Bakı şəhərinin memarı olmuş azərbaycanlı memar Qasım bəy Hacıbababəyov tərəfindən atılmışdır. 1860-cı ildə dəniz tərəfdən qala divarının sökülməsindən sonra şəhər memarı Qasım bəy Hacıbabəyov tərəfindən sahil zolağı nizamlanmışdır və o zaman Rusiya imperiyasının imperatoru olan II Aleksandrın adını daşıyan sahil küçəsi — bulvar 1865–1868-ci illərdə salınmışdır.
Memar Qasım bəy Hacıbababəyov sahil boyu ərazinin təxminən 650 metr uzunluğunda tikilməsində əhəmiyyətli mühəndis və planlaşdırma işləri aparmışdır. 1862-ci ildə memar Qasım bəy Hacıbababəyov tərəfindən bütün sahil boyunca anbar qurğularının yerləşdirilməsi haqqında layihə tərtib edilmışdir,
lakin şəhərin sürətli inkişafına 1863-cü ildə icazə verilmiş Avropa-fars tranzitin onun ərazisindən istiqaməti çox təsir etmişdi və bu da sahilin abadlığının təkmilləşdirilməsinə təkan vermişdir. 1874-cü ilə aid "Qafqaz gündəliyi"ndə bu məsələ ilə bağlı belə qeyd olunurdu:[1]
"Sahil, şəhəri dənizdən ayıran və havanın sərbəst hərəkətinə mane olan faydasız şəhər divarlarını əvəz etdi."
1865-ci ildə Bakının hərbi qubernatoru və mülki hissə idarəsinin rəisi general-leytenant Mixail Petroviç Kolyubakinin xahişi ilə şəhəri dəniz sahilindən ayıran və özünün faydasızlığı ilə havanın sərbəst hərəkətinə mane olan köhnə şəhər divarının sökülməsinə görə icazə alınmışdı. Daşların tikinti materialı kimi satılmasından 44000 rubl xeyir götürülmüşdür ki, bundan da körpünün və gözəllikdə yaxınlıqdakı şəxsi malikanələrdən heç də geri qalmayan daşla örtülmüş nəfis sahil boyunun tikintisində istifadə olunmuşdur.
1867-ci ildə bu ərazidə su kəməri çəkilmiş, fontan və digər tikililər də inşa edilmişdir. Bundan sonra dəniz sahili bulvar statusu almış və şəhərin incisinə çevrilmişdir. Bu dövrə sahilboyu ərazidə ilk evlərin tikilməsi də aiddir. Buraya sovet dövründə "Tibb işçiləri klubu"nun yerləşdiyi "Qubernator evi" də daxildir. Qalanın şərq hissəsinə və sahil zolağına bitişən məhəllələrin tikintisindən sonra şəhər strukturunda bulvarın rolu artmışdır. Məhz bu zaman sahil küçəsi mərkəzi rayonla daha yaxşı əlaqələndirilərək, 1878-ci ildə şəhər memarı O. Porfilov tərəfindən tərtib edilmiş layihəyə əsasən nəqliyyat magistralına çevrilmişdir.
1882-ci ildə Nikolaevski 32 rayonunda memar A. Koşinski tərəfindən bulvarın yeni layihəsi maraq doğurmuşdu. Layihənin ilkin versiyasına görə qala divarı ilə binalar arasında genişliyi 18 metr olacaq küçə salınması nəzərdə tutulmuşdu. Bu küçələrin bir tərəfində qala divarlarının, digər tərəfində isə binaların arxa tərəflərinin yer alması planlaşdırılmışdı, lakin bu küçənin o qədər də önəmli bir rol oynamayacağı səbəbindən memarlıq planına salınmadı. Ancaq dəniz tərəfdən qala divarları söküldükdən sonra dəniz sahilinin memarlıq baxımından tərtibatına ehtiyac duyulmuşdur.
1897-ci ildə Şəhər İdarəsi Petrovski və Aleksandrovski sahil küçələrinin nizamlanmasına dair təkliflərini Bakı Şəhər Dumasının Plan komissiyasına təqdim etdi. Şəhər İdarəsi Qara şəhərdən Mixaylovski küçəsinə qədər uzun daş sədd çəkilməsini və 30 metr enində müasir sahil zolağının təməlinin qoyulmasını təklif etmişdir. Şəhər İdarəsi, quberniya və şəhər memarlarının iştirakı ilə Plan komissiyası qərara almışdır ki, "Həm estetik olaraq şəhərin gözəlliyi baxımından, həm də hərəkət sərbəstliyini təmin etmək baxımından mövcud və planlaşdırılan sahilin eni 50 metr civarında müəyyən edilsin və Petrovski sahili ərazisində dənizin dayazlaşmasını nəzərə alıb Mixaylovski küçəsinə qədər daş sədd tikilsin." Beləliklə, şəhər çox uzun zaman ərzində dayazlaşmış sahil zolağından qurtula və 50 metr eni olan geniş səkilərə malik sahil küçəsinə qovuşa bilərdi,
lakin "Qafqaz və Merkuri" cəmiyyətinin daşdan hörülmüş anbarları vahid sahil küçəsinin yaradılmasına əngəl törədirdi və buna görə də məsələ öz həllini tapmırdı. Bakının mərkəzi rayonu öz sıx tikililəri, kiçik məhəllələri və iki-üç mərtəbəli binaları ilə İçərişəhərə yaxınlaşaraq esplanadanı bütünlüklə tuturdu. Şəhərin ticarət-sənaye fəaliyyəti çoxsaylı körpülərin, anbarların və başqa tikinti qurğularının yarandığı sahil zolağının mənimsənilməsinə səbəb olmuşdur. Şəhərin əhalisi praktiki olaraq dənizdən ayrılmışdır. 1898-ci ilə kimi Bakının dəniz fasadı praktiki olaraq yaradılmamışdır. Sahil xəttində Bayıl gəmi təmiri doklarından Ağ şəhərin sərhədlərinə kimi 45 körpü yerləşirdi ki, bunların içərisində "Qafqaz və Merkuri", "Lebed" (azərb. "Qu Quşu"), "Kaspiy" və başqaları seçilirdi.
Sahil ərazisinin özəl şirkətlərin körpüləri ilə tutulması vahid sahil küçəsinin yaradılmasına mane olurdu və buna görə də bu məsələ həllini tapmırdı. Sonradan, Bakının baş planı tərtib edilərkən Nikolay fon der Nonne, Plan komissiyasının küçənin sahil zolağı boyunca genişləndirilərək Bayılda, Qara Şəhər ərazisində Dadaşovun tərsanələrinə qədər uzadılması barədə təkliflərini nəzərə aldı, lakin tikinti bölməsində bu plana baxılarkən aydın oldu ki, təklif olunanlar sahilin planlaşdırılmasındakı mövcud uyğunsuzluqları aradan qaldırmır, belə ki, bunun üçün anbarların olduğu məhəlləni kəsmək lazım idi. Eyni zamanda, Petrovski sahilində və daha sonra şərq istiqamətində – 400 metrdən çox uzunluqda "yanaşma və digər yolları olmayan, zolaq körpü kimi fəaliyyət göstərən ibtidai şəkildə olan sahildə" işlərə başlamaq tələb olunurdu. Sahildə daş hasarın tikilməsi işləri davam etdirilsə də, ticarət firmaları və paraxod şirkətlərinin çoxsaylı fərdi körpüləri dəniz sahilini o qədər tutmuşdu ki, aparılan abadlaşdırma tədbirləri də nəticə vermirdi.
Sovet hakimiyyəti qurulana qədər yaşayış məhəllələri sərhədində Petrovski sahil küçəsi şəhər ərazisinin ən baxımsız və səliqəsiz hissəsi olaraq qalmaqda idi. Bilavasitə olaraq İçərişəhərə birləşən Aleksandrovski sahil küçəsi Şəhər İdarəsinin xüsusi diqqətində idi. Belə ki, qubernatorun rezidensiyası və mənzili burada yerləşirdi. Sahil zolağı genişləndirildikdən və tökmə qrunt üzərində möhtəşəm bulvar (1909) tikildikdən sonra şəhərin planlaşdırma strukturu və memarlıq görünüşündə Aleksandrovski sahil küçəsinin rolu daha da artdı.[2] Mərkəzi məhəllələr hüdudunda sahil zolağının genişləndirilməsi işinə hələ 1900-cü illərdən – Bağ Komissiyası dekorativ ağaclar şitilliyi yaratmaq qərarına gəldikdən və onların yetişdirilməsi üçün sahildə torpaq tökülmüş yeri seçdikdən sonra başlanılmışdır.
1902-ci ildə Şəhər Duması Bakının dənizkənarı şəhər olduğunu, sahil zolağında çoxsaylı körpülərin olmasını nəzərə alaraq, əhaliyə bulvar şəklində dənizə bir çıxış verməyi qərara alır.[2] Sahil zolağının abadlığı zəruri idi, bunu sahilyanı ərazinin mülki mühəndis K. B. Skureviç tərəfindən tərtib edilmiş layihəsini təqdir edən şəhər Duması və İdarəsi də etiraf edirdi. Bağ Komissiyasının 1902-ci il iclasında təqdim olunmuş layihə müzakirə edilmişdir.
Layihəyə görə, sahilboyu nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan 20 metr enində küçə yaradılmalı idi. Yeni küçə və II Aleksandr sahili arasındakı bütün əraziyə münbit torpaq tökmək lazım idi, çünki dəniz suyu hopmuş və tikinti zibilləri qalanmış torpaq burada yaşıllıqlar salınması üçün yaramırdı. Çiçəkliklərin salınması və ağacların əkilməsi yalnız bulvarın geniş hissəsində nəzərdə tutulurdu. Bağ Komissiyası sahil bulvarının layihəsinə baxış zamanı sahil küçəsinə iki çıxışla kifayətlənməyi tələb etdi: "Qafqaz və Merkuri" şirkətinin binası və daş körpü.[2] Komissiya xiyabanın eninin (14,3 metr) artıq olduğunu hesab edərək, onu ortadan ağaclar əkərək bölməyi məsləhət bildi. Beləliklə, bulvar 7 metr enində iki xiyaban şəklinə düşdü.
Layihənin müzakirəsi zamanı həmçinin əkiləcək bitki növləri və onların bulvarın torpağında bitməsi imkanları haqqında məsələ həll olundu. Qeyd edildi ki, bulvarın planlaşması birinci dərəcəli iş sayılır. Buna görə də müsabiqələr təşkil etmək, şəhər üçün çox xərc tələb edən bulvarın təşkili kimi bu işi bacarıqla və kamil müzakirədən sonra aparmaq lazımdır. Bağçıları-yeni yaşıllıqlar salınması üzrə mütəxəssisləri də dəvət etmək olar. Görünür ki, şəhər ictimaiyyəti mövcud bağ parklarının kifayət qədər olmadığını başa düşərək, belə məsuliyyətli bir ərazidə yaxşı bulvar yaratmağa çalışırdı. Müsabiqəyə ehtiyac qalmadı. K. B. Skureviç və şəhər bağçısı Vasiliev birlikdə ətraflı layihə işləyib hazırladılar. Bulvarın təşkili ilə sahil ərazisi abad şəkil alsa da, şəhər hələ də körpülərin əlində "dustaq" idi. Dənizkənarı bulvarın yaradılması məsələsi Şəhər Upravası tərəfindən dəfələrlə müzakirə edilsə də, yalnız 1909-cu ildə praktiki addımlar atıldı. Əvvəlcə "Qafqaz və Merkuri" cəmiyyətinin körpüsündən Seyid Mirbabayevin evinə (Kukla teatrından Azneft meydanına kimi) qədər olan sahilboyu ərazinin abadlaşdırılması qərara alınmışdı. Aleksandrovski sahil küçəsinin monumental tikintisi, tökmə qrunt və su üzərindəki tikintiyə nisbətən daha az diqqət cəlb edirdi. "Azneft" binasının qarşısındakı meydandan Qafqaz və Merkuri cəmiyyətinin daş anbarlarına qədər olan ərazidə zaman-zaman dar dalanların bir-birindən ayırdığı ikimərtəbəli evlər yerləşirdi. Sahil küçəsinin birtipli evlərlə tikintisi ilə şəhərin ən yaxşı hissəsi tutulmuşdu.[2]
1909-cu ildə Bakı Şəhər Upravasının tikinti şöbəsinin rəisi, mühəndis və təşkilatçı Məmmədhəsən Hacınski bulvarın abadlaşması işinə həvəs və enerji ilə başladı. M. Hacınski ilk gündən bu vəzifədə Bakı şəhərinin Baş planının həyata keçirilməində, bağ və bağçaların, bulvarın, yolların və meydanların genişləndirilməsində və yenilərinin çəkilməsində, yeni binaların tikintisində yaxından iştirak etmiş, Bakının ən məşhur abidələrindən biri — Şirvanşahlar tarixi abidəsinin qorunması və bərpası, bulvarın genişləndirilməsi üçün dəniz sahilinin qurudulub torpaq tökülməsi və s. haqqında Bakı Duması qarşısında məsələ qaldırmışdır. M. Hacınski eyni zamanda Bakının ictimai və siyasi həyatında da yaxından iştirak etmişdi. Sahilyanı bulvarın tikintisi üçün Duma 60.000 rubl vəsait ayırmışdı. Hacı Zeynalabdin Tağıyevin maliyyə yardımı ilə həyata keçirilən dənizkənarı bulvarın kompleks tikintisinə rəhbərlik etməsi M. Hacınskinin əmək haqqını ayda altı min rubla qədər yüksəldir və həmin layihələr iki il ərzində yerinə yetirilərək başa çatır. 9 aprel 1909-cu il tarixli "Kaspi" qəzetinin 77-ci sayında iki gün əvvəl Şəhər Dumasının iclasında Dənizkənarı bulvarın tikintisi ilə bağlı M. Hacınskinin məruzəsi şərh olunur. Bu şərhdən göründüyü kimi, məruzəçi "şəhər əhalisinin asudə vaxtını keçirməsi üçün şəhərdə yeganə olan Mixaylovski bağı azlıq edir və günün tələblərinə cavab vermir" deməklə yanaşı, yeni salınacaq "dənizkənarı bulvardakı çiçək və sərinləşdirici su köşklərinin icarəsinin şəhər büdcəsinə müntəzəm olaraq ayda 4–6 min rubl gətirəcəkdir" fikri ilə bu layihənin iqtisadi cəhətdən sərfəli olduğunu da önə çəkir. M. Hacınskinin rəhbərliyi altında bulvarın layihəsinin hazırlanması işinə şəhərin bir çox binalarının müəllifi memar Adolf Eyxler də qoşuldu. Bulvar üçün modern stildə gurultulu adlar altında "Olimpiya" (sinematoqraf üçün, əvvəl kinoteatrı belə adlandırıdılar) və "Eldorado" (restoran üçün) iri pavilyonların layihəsi işlənib hazırlandı.
Bulvarın özünəməxsus dəniz fasadı olduğunu başa düşən Şəhər İdarəsi proqramı daha da genişləndirməyi və bulvarı gözəlləşdirəcək möhtəşəm binalarla bəzəməyi qərara aldı. Bakı Şəhər Dumasının 4 noyabr 1909-cu il tarixli iclasının çıxarışına əsasən bulvarın Daş körpüdən "Qafqaz və Merkuri" cəmiyyətinin körpülərinə qədər uzadılması nəzərdə tutulurdu. Bulvarın salınması üçün 40.000 rubl vəsait tələb olunurdu. İllik vəsait isə 18.000 rubl idi. Şəhər İdarəsi qərara gəldi ki, bu xərclər gəlir gətirən ticarət obyektləri hesabına ödənilməlidir. Bunların sırasında köşklər və dəniz çimərliklərinin inşası da nəzərdə tutulurdu. Şəhər hakimiyyəti Bakının dəniz sahilində dəniz çimərliklərinin olmamasını böyük çatışmazlıq hesab etdi və məsələni həll etmək qərarına gəldi. M. Hacınski ən yaxşı layihə müsabiqəsi uğrunda güclü mübarizə aparırdı. O, dumada iştirak edərək qeyd etdi ki, "bu adi, siravi layihə deyil. Burada incə zövqə malik, belə işi sevən mütəxəssis lazımdır. Ancaq bu xüsusiyyətlər hər bir memara xas deyil. Gözəl texnik olmaq olar, lakin belə xüsusiyyətlərə sahib olmaq olmaz. Azca xərc tələb olunur, buna xəsislik etmək olmaz. Burada fantaziya, gözəllik lazımdır".
M. Hacınskinin çıxışından sonra Duma müsabiqəni elan etmək üçün qərar qəbul etdi. Təkcə restoranı olan dəniz çimərliyi üçün deyil, həm də 13 müxtəlif təyinatlı köşk üçün layihə hazırlanması haqqında müsabiqə elan edildi. Bulvarın planlaşdırılması və yaşıllıqların salınması üçün yerlərin seçilməsi müəlliflərin öz öhdəsinə buraxıldı. Layihələrə baxış və mükafatların təsis edilməsi işi Sankt Peterburqdakı Memarlar cəmiyyətinə tapşırıldı. Eyni zamanda bulvarın yaradılması ilə əlaqədar əvvəllər açıq dənizə axıdılan çirkab sularının indi borularla kollektora yönəldilməsi məsələsi yarandı. Beləliklə, bulvarın təşkili, yaşıllaşdırma, dənizkənarı obyektlərin tikilməsi və kanalizasiya sisteminin təşkili kimi bir sıra vəzifələrin yaranmasına səbəb oldu.
Müsabiqədə iştirak etmək üçün Bakıda yaşayan bütün mülki mühəndis və memarlar (30 nəfər) o cümlədən Zivər bəy Əhmədbəyov, İosif Ploşko, İvan Edel və digərləri dəvət olundu. Onların çoxu xüsusi sifarişlərlə məşqul olduqlarına görə bu müsabiqədə iştirak edə bilmədilər. "Speşno", "Esplanada" və "Zvezda" devizləri altında cəmi 3 layihə öz vaxtında təqdim olundu. Mülki mühəndis Q. M. Termikelovun "Zvezda" adlı layihəsi birinci yerə layiq görüldü.
Hələ 1884-cü ildə şəhərlilər Aleksandrovski sahilində, dənizkənarı bulvarda Qız qalası ilə üzbəüz çimərliyə gedirdilər. Mülki mühəndis Mixail Dmitreviç Botovun layihəsinə əsasən taxtadan Aleksandrovski dəniz çimərliyi inşa edilmişdi. Heç bir mıx vurulmadan yaradılmış, şirin su ilə təchiz edilmiş çimərlikdə günəş vannası qəbul etmək üçün meydança, uşaqlar üçün kiçik hovuzlar var idi. Burada iki yarus var idi. Birinci yarus tramplinlə idi, ikinci yarusun üzərindən isə o zaman təmiz dəniz suyuna ən cəsarətlilər tullanırdılar.
Çimərliklərin tikintisinə dair hesabatda qeyd olunurdu ki, hələ 1898-ci ildə Şəhər İdarəsi Petrovski dənizkənarı sahilində çimərliklərin tikintisi üçün P. Osipova və Aleksandrovski dənizkənarı sahilində H. Dadaşov və İ. Yakova 12 il müddətində hər yer üçün 300 rubl məbləğində su məkanı ayırmışdı. 1910-cu ildə kirayənin vaxtı bitdiyinə görə çimərliklərin sahibləri Şəhər İdarəsinə vaxtın uzadılması ilə bağlı müraciət etdilər. Şəhər İdarəsi kirayənin vaxtının 1 il daha uzadılması haqqında qərar verdi.
1911-ci ildə Petrovski sahilində fəaliyyət göstərən çimərlik köhnəldiyinə görə sökülmüşdü. Aleksandrovski sahilindəki çimərlik yeni çimərliklərin tikintisinə (1914) qədər qalmışdı. 1911-ci ildə Dumanın qərarı ilə çimərliyin tikintisi ilə əlaqədar müsabiqə elan edilmişdi. Müsabiqə nəticəsində yeni çimərlik üçün ayrılmış yer Aleksandrovski sahili seçilərək, keçmiş "Provodnik" körpüsünün qarşısı seçilmişdi. 1914-cü ildə mülki mühəndis Nikolay Qriqoreviç Bayevin layihəsinə əsasən köhnə dəniz çimərliklərinin yerləşdiyi ərazidə yeni dəniz çimərlikləri inşa edildi. Yüklərlə dolu olan çoxsaylı körpülərin arasında dəniz çimərlikləri dənizkənarı sahilə xüsusi görünüş verirdi.
Dəniz çimərliklərinin tikilməyi münasibətilə 1914-cü ildə "Kaspi" qəzeti belə yazırdı:[3]
"Su üzərində ucalan Bakı dəniz çimərliyi diqqəti cəlb edən gözəl bir binadır. Nitsa istisna olmaqla Avropada heç yerdə su üzərində belə gözəl və geniş ikinci bir bina yoxdur".
Dəniz aviasiyası zabit məktəbinin Bakı filialının təntənəli açılışı 1915-ci il noyabrın 22-də Dənizkənarı bulvarda M. Hacınskinin rəhbərliyi altında olub. "Kaspi" qəzeti açılış zamanı pilotların göstərdikləri nümayişi möhtəşəm mənzərə adlandırmışdı. Məktəbin açılışına Bakının 500-dən artıq görkəmli ictimai xadimi — neft sənayesinin, ali təhsil ocaqlarının, bankların nümayəndələri, elm adamları, din xadimləri və digərləri dəvət olunmuşdular.
İlk əvvəl bulvarın ərazisinə "Qubernator bağı", sonralar isə Batumi botanik bağından bitkilər gətirilmişdi. Ümumilikdə 1920-ci ildə Bakının yaşıllıq zonası 20,26 hektar təşkil edirdi. Oktyabr inqilabına qədərki bulvardan yeganə xatirə polyak mühəndis İosif Ploşko tərəfindən tikilmiş, "Fenomen" kinoteatrı kimi istismara verilmiş Azərbaycan Dövlət Kukla Teatrının binasıdır. "Kaspi" qəzetinin 1910-cu il 17 iyun nömrəsində qeyd olnumuşdu ki, binanın tikintisi fərdi sahibkarlara təxminən 60.000 rubl məbləğinə başa gəlib.
Sovet dövrü
redaktə1920-ci illər
redaktə1930-cu illər
redaktə1930-cu illərdə sahildəki bir sıra körpülər söküldükdən sonra bulvarın ikinci növbəsi tikilir. Kukla teatrından Bülbül prospektinə qədər olan ərazi abadlaşdırılır. Bulvarın növbəti inkaşafı 1936–1938-ci illərə təsadüf edir. Bu zaman artıq əks istiqamətdə — Azneft meydanından köhnə İnturist mehmanxanasına kimi olan sahədə işlər tamamlanır. Burada yaşıllaşdırma və quruculuq işləri də həyata keçirilir. Dənizkənarı bulvar bir istirahət məkanı kimi Bakı sakinləri üçün idman və bədən tərbiyəsi ilə məşqul olmağa əlverişli şərait yaradırdı.
Dənizkənarı parkın ərazisində Sovet dövründə ilk əhəmiyyətli obyekt 1936-cı ildə tikilmiş paraşüt qülləsi hesab edilir.[4] 75 metr hündürlüyündə olan qüllə bütün Sovet İttifaqı ərazisində ən hündürü hesab edilirdi.[4] Bu qüllə Bakı Şəhər Sovetinin təşəbbüsü ilə "Bakinskiy Raboçiy" maşınqayırma zavodunda hazırlanmışdır.[4] Paraşütdən tullanmaq idman növünə marağı olan hər kəs buradan istifadə edirdi. Burada gənclərin ilk hərbi hazırlığı üzrə paraşüt tullanmaları təlimləri də keçirilirdi.[4] Paraşüt qülləsinə 20, 25, 60 metrlik yüksəkliklərdən tullanmaq imkanı var idi.[4]
1940-cı illər
redaktə1946–1950-ci illərdə Bakı limanında idman cəmiyyətləri ("Dinamo", "Neftçi", "Burevesnik", "Vodnik", "DOSAAF", "KKF") meydana gəldi və burada su polosu, üzmək və tramplindən suya atlanmaq üçün şərait yaradılmışdı. Eyni zamanda burada dəniz gəzintiləri və idman yarışlarının dənizdə keçirilməsi təşkil olunurdu.
1950-ci illər
redaktə1960-cı illər
redaktə1960-cı illərdə bulvar Əliş Ləmbəranskinin təşəbbüsü ilə bulvar yenilənərək 2,7 km-ə qədər genişləndi. Bulvarda həm də "Sadko", "Sahil" kafe-restoranları, SSRİ-də ilk dəfə olaraq vant konstruksiya örtüyünün istifadəsi tikilmiş "Bahar" uşaq kinoteatrını və eyni zamanda "Kiçik Venesiya" kimi mühüm yerlər yaranmışdı.
"Mirvari" kafesi 1962-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir.[5] O, layihənin eskizini Skandinaviya ölkələrində məzuniyyətdə olarkən əldə edir. O, burada 1958-ci ildə ispan memarı Feliks Kandela tərəfindən Mexikoda inşa edilmiş "Los Manantiales" restoranın şəklini görəndən sonra qərara gəlir.[6]
Bu məkanı layihələndirmək memar Vadim Şulqinə həvalə olunmuşdu.[7] Memar "Mirvari"ni layihələndirərkən əsasən quruluşun orijinallığına fikir vermişdi.[8] Tikilinin konstruktoru dövrün peşəkarlarından olan N. Nikonov seçilmişdi.[8] 1962-ci ildə kafe hazır olur.[8]
1967-ci ildə memar Mikayıl Hüseynov tərəfindən bütün dənizkənarı bulvarın yenidənqurmasının yeni layihəsi verilmişdi. Dənizkənarı bulvarda memar Mikayıl Hüseynovun layihəsinə əsasən "Azadlıq" meydanı rayonunda dənizə enməklə bitən esplanada quraşdırılmış, ərazi şəlaləli fəvvarələrlə, yaşıllaşdırılmış parterlərlə bəzədilmişdi.
1970-ci illər
redaktə1970-ci illərdə respublikada və Bakı şəhərində yaşıllaşdırma və abadlaşdırma işlərinin genişləndirilməsi nəticəsində Dənizkənarı Bulvarda da yenidənqurma işləri aparıldı. Bulvar şərq və qərb istiqamətlərində genişləndirilərək uzunluğu 3,7 kilometrə çatdırıldı.
1980-ci illər
redaktəMüstəqillik dövrü
redaktə1990-cı illər
redaktəAzərbaycan Prezidenti Heydər Əliyev 1998-ci il dekabrın 29-da bulvara Milli Park statusu verilməsi haqqında Fərman imzaladı.[9]
2000-ci illər
redaktəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2001-ci il tarixli 132 nömrəli qərarına əsasən, Dənizkənarı Milli Park ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri sırasına daxil edildi.[9]
Dənizkənarı Bulvarın təbii landşaftının bərpası, onun tarixi simasının saxlanılması, ərazinin zəngin florasının inkişaf etdirilməsi, bulvarın mühafizə olunması, burada sosial-mədəni tədbirlərin həyata keçirilməsi məsələlərinin həllini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci il yanvarın 10-da Dənizkənarı Bulvar İdarəsinin yaradılması haqqında Fərman imzaladı.[9] Bu Fərmandan sonra Dənizkənarı Milli Parkın əsaslı şəkildə abadlaşdırılmasına başlanıldı.[9] Görülən abadlıq işləri sayəsində parkın yaşıllıq zolağı xeyli genişləndirildi. Burada yeni ağac (palmalar, Argentinadan gətirilmiş baobablar, Meksikadan gətirilmiş kaktuslar və s.) və gül növləri əkildi.[9]
2010-cu illər
redaktə2015-ci ildə ilk Avropa Oyunları ilə bağlı Dənizkənarı Bulvarda bir sıra yeniliklər tətbiq edildi, o cümlədən bulvar hər iki istiqamətdən və dəniz gəzintisi marşrutu genişləndirilib, bulvarda fəaliyyət göstərən bütün kafe və restoranlarda POS-terminalların olması təmin olunub və bulvarın ərazisindəki obyektlərin hamısında "Wi-Fi" sisitemi tətbiq edilib.[10]
2020-ci illər
redaktəPopulyar mədəniyyətdə
redaktəİstinadlar
redaktə- ↑ "Qafqaz gündəliyi". 1874
- ↑ 1 2 3 4 "110 yaşlı Bakı Bulvarı necə yaradılmışdı - TARİXİ ARAŞDIRMA". azvision.az. azvision.az. 2019-04-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2020.
- ↑ "Kaspi" qəzeti. 1914-cü il, № 136
- ↑ 1 2 3 4 5 "PARAŞÜT QÜLLƏSİ". bulvar.gov.az. bulvar.gov.az. 2020-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 mart 2020.
- ↑ Касим-заде, 1967
- ↑ Буланова О. Жемчужина стиля // Эхо : газета. — 2015. — 15 августа.
- ↑ Советское декоративное искусство 1945–1975. — М.: Искусство, 1989. — С. 237. — 392 с.
- ↑ 1 2 3 "MİRVARİ KAFESİ". bulvar.gov.az. bulvar.gov.az. 2020-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 mart 2020.
- ↑ 1 2 3 4 5 "Baku boulevard: History". bulvar.gov.az. bulvar.gov.az. 2020-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2020.
- ↑ "Trend.az". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-24.