Zakir Memmedov Filosof - Wikipedia
Zakir Məmmədov (Məmmədov Zakir Cabbar bəy oğlu; 16 avqust 1936, Seyidli, Ağdam rayonu – 2 mart 2003, Bakı) — fəlsəfə elmləri doktoru; professor; AMEA-nın müxbir üzvü.
Zakir Məmmədov | |
---|---|
Doğum tarixi | 16 avqust 1936 |
Doğum yeri | |
Vəfat tarixi | 2 mart 2003 (66 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | fəlsəfə |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yerləri | |
Təhsili |
|
Üzvlüyü |
Həyatı
redaktəZakir Məmmədov 16 avqust 1936-cı ildə Ağdamda anadan olmuşdur.[1]
Anası Hüsnü xanım Murtuza bəy qızı Məmmədbəyova, atası Cabbar bəy İsmayıl bəy oğlu Vəlibəyovdur. Cabbar bəy Vəlibəyov Baharlı tayfasına mənsub, dövrünün görkəmli ziyalılarından idi. Baharlı kəndində böyük torpaq sahibi olan Cabbar bəy öz evində məktəb açaraq müəllimlik fəaliyyəti ilə məşğul olmuş, yeni tipli məktəbin əsasını qoymuşdur[2].
Cabbar bəy repressiyaya məruz qalmış, Sibirə sürgün edilmişdir. Həbs edilərkən Cabbar bəyin evindəki bütün sənədlər və kitablar götürülmüşdür. Buna görə də Zakir Məmmədovun doğum haqqındakı şəhadətnaməsi itmişdir. Sonralar ona kənd soveti tərəfindən 1939-cu ildə doğulması haqqında şəhadətnamə verilmişdir[3].
Zakir Məmmədov siyasi təqib şəraitində böyümüş, bunun üçün dayısı Məmməd Məmmədovun məsləhəti ilə anasının soyadına keçirilmişdir. Məlumdur ki, sovet hakimiyyəti qurulduqdan sonra bəy nəslinə mənsub olanların əksəriyyətinin soyadındakı bəy sözünü ixtisar edərək onlara pasport verilirdi. Buna görə də alimin soyadı Məmmədbəyov deyil, Məmmədov olmuşdur.[4]
Zakir Məmmədov orta məktəb illərindən bədii yaradıcılıqla məşğul olmuş, şeirlər yazmış, rəsmlər çəkmişdir. Onun şeirləri rayon qəzetində dərc edilmiş, çəkdiyi rəsmlər məktəb sərgisində, sulu boya ilə çəkdiyi "Gənc miçurinçilər" tablosu isə 1955-ci ildə Respublika sərgisində nümayiş etdirilmişdir. "Yoldaşlıq köməyi" adlı bir mənzum pyesi 1955-ci ildə Ağdam pionerlər evinin özfəaliyyət kollektivi,1956-cı ildə isə Bərdə pionerlər evinin özfəaliyyət kollektivi tərəfindən tamaşaya qoyulmuşdur.[5]
Orta məktəbdə oxuduğu illərdə Zakir Məmmədovun bədii yaradıcılığı haqqında Ağdamda çap edilən "Lenin yolu" (indiki "Ağdam") qəzetində məqalələr dərc edilmişdir.
Zakir Məmmədov 1957-ci ildə Ağdam 1 saylı orta məktəbi medalla bitirmiş, elə həmin ildə də Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin yeni açılan ərəb şöbəsinə daxil olmuşdur.[6]
Zakir Məmmədov universitetdə birinci kursda təhsil alarkən, 29 noyabr1957-ci ildə atası Cabbar bəy Azərbaycan SSR Ali məhkəməsinin qərarı ilə bəraət almışdır.[5]
Zakir Məmmədov universitetdə təhsil aldığı illərdə əla təhsilə və ictimai işə görə Az. LKGİ-nin fəxri fərmanı ilə təltif edilmişdir. Çox tirajlı Universitet qəzetində şeirlər, ərəbcədən tərcümələr dərc etdirmişdir. O, elmi fəaliyyətlə məşğul olduğu dövrdə də, şeirlər yazmışdır.
Zakir Məmmədov Azərbaycanda ərəbşünaslıq məktəbinin əsasını qoymuş Ələsgər Məmmədovdan ərəb dilini mükəmməl öyrənərək 1962-ci ildə universiteti bitirmişdir. Elə həmin il AMEA-nın Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir.[5]
1962–1963 illərdə Misirdə Asuan SES-in inşasında ilk azərbaycanlı ərəbşünas tərcüməçi kimi çalışmışdır. 1964-cü ilin 1 yanvarından AMEA-nın Fəlsəfə sektorunda (indiki Fəlsəfə və Hüquq İnstitutu) işə başlamışdır.
"Siracəddin Urməvinin məntiqi görüşləri" adlı namizədlik dissertasiyasını 1967-ci ildə tamamlasa da, 1969-cu ildə müdafiə etmişdir. "Azərbaycanda XI–XIII əsrlərdə fəlsəfi fikir" adlı doktorluq dissertasiyasını 1974-cü ildə tamamlamış, monoqrafiya kimi 1978-ci ildə çap etdirmiş, doktorluq dissertasiyası kimi 1990-cı ildə müdafiə etmişdir. Zakir Məmmədov 1969-cu ildən 1970-ci ilə qədər Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor vəzifəsində (yarımştat) işləmiş, milli fəlsəfəmizə dair materialların Azərbaycan Sovet Ensiklopediyasında geniş yer tutmasına çalışmışdır. Azərbaycanın peşəkar filosofları məhz onun tədqiqatı sayəsində bu on cildlik əsərə düşmüşdür (42 məqalə).[5]
2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 30-dan çox elmi kitabın (çap edilmiş və edilməmiş), 250 elmi məqalənin, o cümlədən xaricdə çıxmış 6 elmi məqalənin müəllifidir. Uzun müddət fəlsəfə, Azərbaycan fəlsəfəsi tarixi, Şərq fəlsəfəsi tarixi fənlərini dövlət ali məktəblərində, əsasən də Bakı Dövlət Universitetində tədris etmişdir.
AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda (indiki Fəlsəfə və Hüquq İnstitutu) 1997-ci ildən həyatının sonuna qədər təsis etdiyi Şərq fəlsəfəsi tarixi və dinşünaslıq şöbəsinin müdiri işləmişdir.[5]
2 mart 2003-cü ildə Bakıda vəfat etmişdir.
Elmi fəaliyyəti
redaktəZ. C. Məmmədovun elmi yaradıcılığı əsas etibarilə Şərq fəlsəfəsi tarixi və dinşünaslıq məsələlərinə həsr edilmişdir. Onun tədqiqatlarına qədər elə hesab edilirdi ki, Şərqdə, o cümlədən Azərbaycanda peşəkar filosoflar yaşamamışlar, yaradıcılığından əldə cüzi material olan Bəhmənyar isə (XI əsr) istisnadır.
Zakir Məmmədov elmi axtarışlar aparıb, Şərq dillərində yazıb yaratmış Azərbaycan filosoflarının və mütəfəkkirlərinin dünyanın müxtəlif ölkələrində cap olunmuş, habelə əlyazması şəklində saxlanılan zəngin irsini üzə çıxarmış, onların fəlsəfəsini (varlıq təlimi və idrak nəzəriyyəsini), məntiqini, ictimai-siyasi və etik görüşlərini işləyib hazırlamışdır. Z. C. Məmmədov sübuta yetirmişdir ki, həmin dövrdə Şərqdə, o cümlədən Azərbaycanda dini-fəlsəfə yanaşı, elmi-fəlsəfə də vardı.[7]
Zakir Məmmədov sübut etmişdir ki, Şərq peripatetizmini türk filosofu Əbunəsr Farabi, digər ikisini – sufizmin panteist sistemini Azərbaycan filosoflarından Eynəlqüzat Miyanəci və işıq və qaranlıq prinsipinə əsaslanan işraqilik təlimini Şihabəddin Yəhya Sührəvərdi yaratmışlar.
Zakir Məmmədov Eynəlqüzat Miyanəci, Şihabəddin Ömər Sührəvərdi, Şihabəddin Yəhya Sührəvərdi, Əfzələddin Xunəci, Siracəddin Urməvi və başqa Azərbaycan filosoflarının əsərləri, habelə Bəhmənyarın üç kitabdan (məntiq, metafizika, fizika) ibarət "Təhsil" traktatı əsasında "Azərbaycanda XI–XIII əsrlərdə fəlsəfi fikir" monoqrafiyasını yazmışdır. "Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri" (azərbaycanca 1986, rusca 1993) kitabında görkəmli şəxsiyyətlərin əksəriyyəti – Əhməd Bərdici, Məhəmməd Bərdəi, Əbunnəcib Sührəvərdi, Əminəddin Təbrizi, Siracəddin Urməvi, Tacəddin Məhəmməd Urməvi, Şəmsəddin Xoylu, Nəcməddin Naxçıvani, Şihabəddin Xoylu, Mühyiddin Bərdəi, Məhəmməd Qarabaği, Kəmaləddin Ərdəbili, Əhməd Ərdəbili, Rəcəbəli Təbrizi və b. haqqında mənbələr əsasında tədqiqatlar ilk dəfə olaraq Zakir Məmmədov tərəfindən aparılmışdır.
Alimin bütün tədqiqatları ilk mənbələr əsasında olmuş, buna görə həmin əsərlərin Azərbaycana gətirilməsi üçün böyük əmək sərf etmişdir. Belə ki, onun tədqiqatlarına qədər Bəhmənyarın "Metafizikanın mövzusu" və "Mövcudatın mərtəbələri" adlı kiçik həcmli iki əsəri məlum idi. Tədqiqatçı filosofun geniş həcmli "Təhsil" əsərinin varlığını aşkara çıxarmışdır. Onun əlaqədar təşkilatlara çox saylı müraciətləri hesabına həmin əsər Azərbaycana gətirilmişdir. Alim "Təhsil" əsərini ilk dəfə olaraq tam halda tədqiqata cəlb etmişdir. Bəhmənyarın "Metafizikanın mövzusu", "Mövcudatın mərtəbələri" əsərləri ilə bərabər "Təhsil" kitabı da Zakir Məmmədov tərəfindən tam şəkildə Azərbaycan dilinə tərcümə edilmiş, "Təhsil" kitabının kiçik bir hissəsi, iki əsər isə bütöv şəkildə "Şərq fəlsəfəsi (IX–XII əsrlər)" kitabında (Bakı, 1999) çap edilmişdir.[5]
Mənbələr əsasında orta əsr Şərq filosoflarının təlimlərini hərtərəfli və geniş şəkildə araşdırmış Zakir Məmmədov Azərbaycanda onların yeganə tədqiqatçısı oımuşdur. O, dünya şöhrətli filosoflarımızın irsini tədqiq etməklə bərabər, onların elmi ictimaiyyət tərəfindən tanınması uğrunda da çalışmışdır. Alimin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti İşraqilik təliminin banisi Şihabəddin Yəhya Sührəvərdinin vəfatının 800 illik yubileyinin keçirilməsi ilə əlaqədar 2 aprel 1991-ci ildə qərar (9/11) qəbul etmişdir. Həmin qərara əsasən 25 dekabr 1991-ci ildə Fəlsəfə və Hüquq İnstitutunda (indiki Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu) işraqi filosofun yubileyi keçirilmişdir.
Şihabəddin Yəhya Sührəvərdinin fəlsəfi irsinin yeganə tədqiqatçısı Zakir Məmmədov filosofun bir çox əsərlərini Azərbaycan dilinə tərcümə etsə də, yalnız ikisi çapdan çıxmışdır. Tədqiqatçı Ş. Y. Sührəvərdinin "Filosofların görüşləri" əsərini ərəbşünas alim Tariyel Həsənovla birlikdə Azərbaycan və rus dillərinə tərcümə etmiş və bu əsər ilk dəfə 1986-cı ildə, ikinci dəfə 1999-cu ildə çapdan çıxmışdır. Filosofun "İşıq heykəlləri" kitabını Azərbaycan dilinə tərcümə edərək Zakir Məmmədov şəxsi vəsaiti hesabına ilk dəfə 1989-cu ildə, ikinci dəfə 1999-cu ildə nəşr etdirmişdir[2].
Zakir Məmmədovun təşəbbüsü ilə Bəhmənyarın anadan olmasının 1000 illik yubileyini 1993-cü ildə keçirmək barədə Azərbaycan MEA Rəyasət Heyəti (1 iyul 1992-ci il, qərar 10/16) və Azərbaycan Respublikası Nazirlər Kabineti (5 noyabr 1992-ci il, qərar 607) qərarlar qəbul etmişdi. Bu münasibətlə Fəlsəfə və Hüquq İnstitutunda üç elmi sessiya, bir çox ali məktəblərdə konfranslar keçirilmişdir. Alimin təşəbbüsü ilə 1998-ci ildə Siracəddin Urməvinin anadan olmasının 800 illik yubileyi münasibətilə əlaqədar Azərbaycan MEA Rəyasət Heyəti tərəfindən (11 mart 1998-ci il, qərar 8/4) qərar qəbul edilmişdir. Zakir Məmmədov bu dövrdə Siracəddin Urməvinin, Əfzələddin Xunəcinin anadan olmalarının 800 illik yubileylərini, 1999-cu ildə Eynəlqüzat Miyanəcinin anadan olmasının 900 illik yubileyini qəzet və jurnallarda məqalələr çap etdirməklə keçirmişdi.
Zakir Məmmədov 2000-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Nəsirəddin Tusinin anadan olmasının 800 illiyi haqqında verdiyi fərmanla Dövlət yubiley komissiyasının üzvü seçilmişdir. Tədqiqatçı Nəsirəddin Tusinin irsini hərtərəfli və geniş şəkildə araşdırmışdır. Məhz Zakir Məmmədovun tədqiqatından məlum olur ki, 1266-cı ildən Marağa rəsədxanasında Nəsirəddin Tusi ilə bir yerdə çalışan azərbaycanlı mühəndis Kəriməddin Əbubəkr Mahmud oğlu Səlmasinin düzəltdiyi cihazlar arasında içiboş yer kürəsi modeli də varmış. Üzərində iqlimlərin təsviri verilmiş bu fiqur coğrafi qlobus idi. Bununla da Zakir Məmmədov elm aləmində ilk coğrafi qlobusun alman alimi Martin Böhaymın (1459–1507) hazırlaması haqqında fikri elmi fakt əsasında təkzib etmişdir. [3].
Tarixən görkəmli Azərbaycan filosoflarının təlimləri fəlsəfi məktəbə çevrilərək, əsrlər boyu alimlər üçün örnək olmuşdur. Onların ideyaları sonralar Şərq aləmi ilə məhdudlaşmayıb, Avropa ölkələrinə də yayılmışdır. Görkəmli Azərbaycan filosof-alimi Zakir Məmmədov dünya fəlsəfi tarixinin orta əsrlərində (1000 illik dövrdə) Şərq, həmçinin Azərbaycan filosoflarının elmi-fəlsəfi dünyagörüşlərinin geniş olduğunu göstərə bilmişdir.[5]
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə hazırlanmış Zakir Məmmədovun "Seçilmiş əsərləri" (Bakı, Elm, 2015) kitabında "Azərbaycanda XI–XIII əsrlərdə fəlsəfi fikir"(Bakı-Elm-1978), "Bəhmənyarın fəlsəfəsi" (Bakı-Elm-1983), "Nizaminin fəlsəfi düşüncələri" (Bakı-Elm-2000), "Азербайджанские философы и мыслители средневековья" (Баку-Элм-1993) monoqrafiyaları və əlyazması şəklində müəllifin şəxsi arxivindən çapa hazırlanmış "Orta əsr türk qaynaqlarında fəlsəfi fikir" əsəri daxil edilmişdir.
Zakir Məmmədovun həyatı, fəaliyyəti və əsərləri haqqında onlarla məqalələr yazılmışdır.
Orxan Zakiroğlunun (Baharlı) "Ağdamın adlı-sanlı pedaqoqları, alimləri" (Bakı, Sabah, 2001), "Şərq tarixi: Baharlılar" (I kitab, Bakı, 2013), "Şərq tarixi: Baharlılar.(Ensiklopedik məlumat kitabı)" (II kitab, Bakı, 2013), "Mirzə Vəli bəy ocağı (sələfləri, xələfləri)" (Bakı, 2015), "Xanlar xanı Bayram xan (sələfləri, xələfləri)" (Bakı, 2015), "Hatəmxan ağa nəslinin tarixi şəxsiyyətləri" (Bakı, 2015), "Məhəmmədxan ağa nəslinin tarixi şəxsiyyətləri" (Bakı, 2015), "Çəmənli oymağı və Hatəmxan ağa nəsli" (I kitab, Bakı, 2016), "Veysəlli oymağı və Məhəmmədxan ağa nəsli" (I kitab, Bakı, 2016), "Ağdam şəhər 1 nömrəli orta məktəbin tarixi (1883–1993)" (I kitab, Bakı, 2016), "Qarabağın Seyidli oymağı" (I kitab, Bakı, 2017) adlı kitablarında Zakir Məmmədovun həyatı və yaradıcılığı haqqında geniş məlumat verilmişdir.
Dövrü mətbuatda Zakir Məmmədovun xatirəsinə və elmi fəaliyyətinə həsr edilmiş çoxlu sayda məqalə dərc edilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası və Mərkəzi Elmi Kitabxana tərəfindən "Elm" nəşriyyatında 2010-cu ildə Azərbaycan, rus və ingilis dillərində çap edilən Zakir Məmmədov – "Azərbaycanın elm və mədəniyyət xadimləri" silsiləsindən olan biblioqrafik göstəricidə filosofun həyat və fəaliyyəti hərtərəfli şəkildə öz əksini tapmışdır. Biblioqrafik göstəricidə Zakir Məmmədovun əsərləri, tərcümələri barədə məlumat verilir, həyat və yaradıcılığı haqqında ədəbiyyat da göstərilir.
Ülkər Məmmədovanın "Yazaraq yaşayan alim" (Bakı, "Elm", 2012, 140 səh.) kitabı AMEA-nın müxbir üzvü Zakir Məmmədovun anadan olmasının 75 illiyinə həsr edilmişdir. Kitabda alimin həyatı, elmi və bədii fəaliyyəti geniş şəkildə işıqlandırılır.
Filoloq alim Ülkər Məmmədova Zakir Məmmədovun qızıdır.
Əsas elmi əsərləri
redaktə- Azərbaycanda XI–XIII əsrlərdə fəlsəfi fikir. Bakı, 1978;
- Bəhmənyarın fəlsəfəsi. Bakı, 1983;
- Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri. Bakı, 1986;
- Siracəddin Urməvi. Bakı, 1990;
- Şihabəddin Yəhya Sührəvərdi (qısa biblioqrafik məlumat). Bakı, 1991;
- Eynəlqüzat Miyanəci. Bakı, 1992;
- Азербайджанские философы и мыслители средневековья. Баку, 1993;
- Azərbaycan fəlsəfəsi tarixi. Bakı, 1994;
- Şərq fəlsəfəsi [IX-XII əsrlər] (tərcümə əsərlərin toplusu). Bakı, 1999;
- Nizami Gəncəvinin fəlsəfi düşüncələri. Bakı, 2000;
- Azərbaycan fəlsəfəsi tarixi. Bakı, 1994 (kiril), 2006;
- Şihabəddin Yəhya Sührəvərdi. Bakı, 2009.
- Seçilmiş əsərləri. Bakı, 2015
- Məhəmmədhəsən bəy Vəliyev (Baharlı). Bakı, 2015
Xarici dillərdəki bəzi əsərləri
redaktə- Азербайджанские философы и мыслители средневековья. Баку: Элм, 1993.
- Сухраварди Шихабад-дин Йахйа. Воззрения философов. (с арабского). Примечания// Баку: Элм, 1986. Перевод с Т.Б.Гасановым
- Философская мысль в Азербайджане в XI–XIII вв. Материалы XII научной сессии посвященной итогам научно-исследовательских работ республики по координируемым АН Аз.ССР проблемам естественных и общественных наук за 1974 г. Баку: Элм, 1975. С. 79–80
- К вопросу о системе и методе восточного перипатетизма //Сб. "Аль-Фараби и развитие науки и культуры стран Востока". Алма-Ата, 1975. С.16–19
- К характеристике теории эманации в философии ишракийa //Доклады АН Азерб. ССР. 1975.-№ 5. С. 62–64
- О приоритете Айналкузата Миянеджи в обосновании пантеистической философии суфизма// Доклады АН Азерб. ССР.- 1978.- № 5. C. 75–78
- Новое исследование о Фахраддине Рази // Известия АН Азерб. ССР.-1981.-№ 3. C. 122–123
- Бахманяр – виднейший ученик Ибн Сино //Сб. "Ибн Сино и средневековая философия". Душанбе, 1981. C. 120–127
- Основные философические течения в Азербайджане в XI–XIII веках// Методологические вопросы истории развития средневековой философии народов Закавказья. Баку: Элм, 1982. С. 208–225
- Об aктуальных проблемах философской и общественной мысли Зарубежного Востока. (Душанбе, "Дониш", 1983)// Известия АН Азерб. ССР.-1985.-№ 3 (совместно с А.Мамедовым). С. 129–131
- Азербайджанские представители школы Ибн Сины //Сб. "Торжество разума". Душанбе, Изд. "Дониш", 1988. C. 122–127
- К вопросу о логике Сираджеддинa Урмави //Сб. "Из истории средневековой восточной философии". Баку: Элм.-1989. С. 81–95
- "Ал-Джами ас-Сахих" – Авторитетный источник для Азербайджанских мыслителей//Материалы международной конференции "Имам ал-Бухари и его вклад в мировую культуру". Самарканд 23 октября, 1998 г. Издательство "Фан" Академии наук Республики Узбекистан.с. 219
- "Ал Жомиъ Ас-Сахих" Озарбайжон мутафаккирлари учун муътабар манба сифатида. //"Имом ал-Бухорий ва унинг дуне маданиятида тутган урни". Мавзуидаги халкаро конференция Материаллари. Самарканд 1998 йил, 23 октябрь. Узбекистон Республикаси ФА "Фан" нашриети. C. 41–44
- "As-Jami as-Sahih" as an authoritative source for Azerbaijan thinkers. //Transactions of the international conference "Imam al-Bukhari and his place in world culture". Samarkand oktober 23, 1998. "Fan" Publishing house Academy of sciences of the Republic of Uzbekistan.- pg. 145–146
- Gazi Seracettin Urmevi ve Mevlana// "Türkçemin sesi" dergisi, № 5 İzmir, 2000
- شهاب الدين يحيى السهروردي. عقائد الحكماء
المقدمة و الملاحظات: لذاكر محمدوف دار /العلم للنشر، باكو، 1986
İstinadlar
redaktə- ↑ "Zakir Cabbar oğlu Məmmədov (1936-2003)". azerbaycanli.org (az.). Effektiv Təşəbbüslər Mərkəzi. 2013-04-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2016.
- ↑ 1 2 Aytək Zakirqızı (Məmmədova). Milli fəlsəfi irsimizin əvəzedilməz tədqiqatçısı. "Elm" qəzeti, 31 oktyabr 2006-cı il
- ↑ 1 2 Aytək Zakirqızı (Məmmədova). Əqidə fədaisi. "Xural" qəzeti, 3 – 9 avqust, 10 – 16 avqust, 17 – 23 avqust 2003-cü il sayları
- ↑ Ülkər Məmmədova, "Yazaraq yaşayan alim", Bakı, "Elm", 2012.
- ↑ 1 2 3 4 5 6 7 "Zakir Cabbar bəy oğlu Məmmədov – biblioqrafik göstərici" [ölü keçid], Bakı, "Elm", 2010. (Azərbaycan, rus və ingilis dillərində). ISBN 978-9952-453-44-7
- ↑ Orxan Zakiroğlu (Baharlı). "Ağdamın adlı-sanlı pedaqoqları, alimləri". Bakı, "Sabah", 2001.
- ↑ Orxan Zakiroğlu (Baharlı). "Ağdamın adlı-sanlı pedaqoqları, alimləri". Bakı, "Sabah", 2001.