Patrona Xelil Usyani - Wikipedia
Patrona Xəlil üsyanı – 1730-cu ildə İstanbulda baş verən və III Əhmədin taxtdan endirilməsi ilə nəticələnən üsyan.[1][2]
Üsyandan əvvəlki vəziyyət
redaktəYeniçəri ocağına məsub olan və bir müddət donanmada ləvənd olaraq çalışdığı üçün Patrona ləqəbiylə anılan Xəlilin adıyla tarixə keçən üsyan, mənbələrdə Patrona Xəlil və ya qısaca Patrona üsyanı olaraq qeyd edilir. Üsyan 1718 tarixli Pojarevatsk sülhü ilə başlayan ardıcıl siyasi, iqtisadi və sosial inkişafa qarşı etirazların nəticəsidir. Dövrün sədrəzəmi Nevşəhərli Kürəkən İbrahim Paşanın, Osmanlı ordusunun Avstriyaya qarşı məğlubiyyətindən sonra sülh tərəfdarı siyasət yeritməsi səbəbilə orduyla münasibətlərinin pisləşməsi, Belqrad və Temeşvar kimi önəmli mövqelərin itirilməsi, Nevşəhərli İbrahim Paşa sədrəzəm olduqdan sonra ordunu məmnun etmək üçün heç bir səbəb olmadan Səfəvilərə müharibə elan etməsi və bu mübarizədə Osmanlıların məğlub olması əhalinin müxtəlif təbəqələri arasında narazılıqlara səbəb olmuşdu. Digər tərəfdən uzun müddətdir ki, davam edən müharibələrin səbəb olduğu iqtisadi böhran, əvvəlcə müvəqqəti olaraq yığılsa da, sonralar daimi vergiyə çevrilən ağır “imdadiyyə” vergisi, önəmli dövlət vəzifələrinin ömürlük verilməsi kimi icra olunan bəzi tədbiqlər, xüsusilə aşağı təbəqənin vəziyyətini ağırlaşdırmışdı. Başda Sultan Əhməd və kürəkəni Nevşəhərli İbrahim Paşa olmaqla, dövlət adamlarının israfçılığa səbəb lüzumsuz məsrəfləri, boş qalan bəzi vəzifələrin qeyri-qanuni şəkildə guya doluymuş kimi göstərərək gəlirlərinin xəzinəyə yönləndirilməsi də xalqın etirazına və dövlət adamlarına olan nifrətə səbəb olmuşdu. XVII əsr boyunca böyük şəhərlərə köç hələ də davam edir, bu da əyalətlərin boşalmasına, istehsalın aşağı düşməsinə və gəlirlərin azalmasına səbəb olurdu.
Sonradan Lalə dövrü olaraq anılan Nevşəhərli İbrahim Paşanın sədarəti dövründə ilk türk mətbəəsinin açılması, tərcümə heyətinin qurulmasıyla şərq və qərb ədəbiyyatlarından tərcümələrin hazırlanması, kitabxanaların açılması, bir müddətdir diqqətlərdən yayınan çini sənətinin yenidən inkişaf etdirilməsi, kağız və parça emalatxanalarının qurulması, rəsmi yanğınsöndürmə qurumu olan Tulumbaçılar ocağının təşkili kimi işlər isə əhalinin yalnız müəyyən bir qismini təskin edirdi. Fransız memarlığının təsiri ilə hazırlanan köşk və qəsrlərin inşası və bununla bağlı olaraq dəbədəbəli həyat tərzi və israfın artması İstanbul əhalisinin etriazlarını alovlandırdı. Sarayın adət-ənənələrdən uzaqlaşması, hətta müqəddəs Ramazan ayında belə şənliklərin davam etməsi üləma zümrəsinin də əhalini dəstəkləməsinə səbəb olmuşdu. Bəzi saray qadınlarının ənənələrə zidd geyim və hərəkətləri, əyləncələrə qatılmalarının səbəbkarı isə məhz Nevşəhərli İbrahim Paşa göstərilirdi.
Digər yandan Nevşəhərli İbrahim Paşanın öz rəqiblərini mərkəzdən uzaqlaşdırması, qohumlarını və yaxın adamlarını yüksək vəzifələrə gətirməsi siyasi gərginliyə səbəb olurdu. Kürəkənləri kaptan-ı dərya Qaymaq Mustafa Paşa ilə sədarət kəndxudası Mehmed Paşa arasındakı rəqabət isə bu gərginliyin artmasına səbəb olurdu. Sədrəzəmin bu iki kürəkənini quda etməsi belə, bu rəqabətə son qoymadı. Mərzifonlu Mustafa Paşanın qızı Fatma xanımın oğlu olan Qaymaq Mustafa Paşanın gözü sədarətdə idi. Bu səbəblə Nevşəhərli İbrahim Paşa kiçik kürəkəni Mehmed Paşaya tərəfdarlıq edirdi. Səfər elan edildikdən sonra kaptan-ı dəryalığa əlavə olaraq İstanbul naibi də seçilən Qaymaq Mustafa Paşa bundan istifadə etdivə məqsədinə çatmaq üçün tərəfdar toplamağa başladı. Üsyan üçün şərait əlverişli idi. Belə ki, İstanbul əhalisi və qapıqulu əsgəri hazır vəziyyətdə gözləyirdilər. Qaymaq Mustafa Paşa bu üsyanın rəhbərliyini, əvvəlcədən tanış olduğu, edamdan xilas etdiyi yeniçəri ocağına üzv olan və əslən alban olan Patrona Xəlilə tapşırmışdı. Patrona Xəlil o vaxta qədər bəzi siyasi hadisələrə qarışmış, Niş və Vidin ayaqlanmalarında iştirak etmiş, iki dəfə edamdan xilas olmuşdu. İstanbula gələrək ticarətlə məşğul olmuş, hamamlarda işləməyə başlamışdı və əhalinin narazılıqlarından xəbərdar olmuşdu. Qaymaq Mustafa Paşa əhalinin dəstəyini almaq üçün Aya Sofya müəzzini İspirizadə Əhməd Əfəndidən istifadə etdi. Bu əsnada səbəbsiz yerə vəzifədən alınan və sədrəzəmlə şəxsi anlaşmazlığı olan İstanbul qazısı Zülali Həsən Əfəndi də üsyan “komitəsinə” daxil olmuşdu. Patrona Xəlil üləma zümrəsindən olan bu iki şəxsdən başqa, Zağarçı dəstəsindən Muslu Beşe və qəhvəçi Əmir Əli ilə birlikdə üsyan planını hazırladı. Plana görə, üsyana bütün İstanbul əhalisi, hətta şəhərin dilənçiləri belə qatılmalı idi.
Üsyanın birinci mərhələsi
redaktəÜsyançılar 25 sentyabr 1730-cu il tarixində Bəyazid məscidi önündə toplandı və Qapalı çarşıya girərək bütün dükanları bağladılar. Ayaqlanan əhalinin iştirakı ilə daha da artan üsyançılar silahlanaraq Ətmeydanına gəldilər. Qaymaq Mustafa Paşanın əmriylə, burada üsyana qatılmaq istəməyən yeniçərilər Patrona Xəlilin təkidiylə üsyançılara qoşuldular. O əsnada padşahla sədrəzəm Üsküdarda Xədicə Sultanın sarayında idi. Bir qrup üsyançı qayıqlarla Üsküdara keçdi və saraydan bəzi şəxsləri öldürüb padşaha və vəzirinə göz dağı verdi. İstanbulun təhlükəsizliyindən məsul olan Qaymaq Mustafa Paşa isə o sənada Çəngəlköydəki köşkündə idi. Qızının toy mərasimi səbəbilə Üsküdardan şəhərə gələn sədarət kəndxudası Mehmed Paşa vəziyyəti Qaymaq Mustafa Paşaya və yeniçəri ağası Həsən ağaya bildirsə də, üsyançılara qarşı heç bir tədbir görülmədi. Yanındakı 300 yeniçəri ilə şəhəri gəzən Həsən ağa isə üsyançıları yola gətirməyə çalışırdı ancaq yanındakı yeniçərilərin də üsyana qoşulması ilə öz köşkünə hücum edilməsindən qorxan Həsən ağa da Üsküdara qaçdı. Qaymaq Mustafa Paşa isə ikiüzlü siyasət yeridərək bir yandan köşkündə üsyan rəhbərləri ilə müzakirələr aparırı, digər yandan isə Sultan Əhmədin yanında yer alır, sədrəzəmlə sədarət kəndxudası Mehmed Paşanın üsyançılara təslim edilməsini təklif edirdi. Nevşəhərli İbrahim Paşanın bu üsyanı qanla yatırmaq təklifi isə Rumeli başqazısı Başmaqçızadə Abdullah Əfəndi və padşahın bacısı Xədicə Sultan tərəfindən etirazla qarşılandı. Xədicə Sultan isə qardaşına bu kimi hallarda vəzirlərini qurban verməyi təklif edirdi. Həmin gecə dövlət adamları ilə birlikdə saraya qayıdan Sultan Əhməd və sədrəzəminin heç bir tədbir görməməsi, ertəsi gün üsyançıların şəhərə hakim olmasına səbəb olmuşdu. O ana qədər yalnız bəzi dövlət damlarının evlərinə hücumlar edilmişdi. Bu səbəblə çıxan bu üsyan saray tərəfindən önəmsiz görülürdü. Ancaq üsyanın ikinci günü acemi oğlanların və yeniçəri ocağındakı nüfuzlu şəxslərin də ayaqlanması ilə üsyan hərbi ayaqlanmaya çevrildi. Üsyançılara üləmanın da qatılması və xüsusilə də, yeni təyin edilən İstanbul qazısı Dəli İbrahim Əfəndinin üsyançılara istədikləri fətvaları yazması üsyanın qanuni formaya gətirdi. Artıq üsyançıların sayı 4 minə çatmışdı.[3]
Yeniçəri ocağının bəzi vəzifələrində dəyişiklik aparan Patrona Xəlil bu vəzifələrə öz tərəfdarlarını gətirdi. Hadisələrin təqsirkarı olaraq kürəkənini görən Nevşəhərli İbrahim Paşanın təkidiylə kaptan-ı dəryalıqdan alınan Qaymaq Mustafa Paşanın yerinə padşahın digər kürəkəni Abdi Paşa gətirildi və üsyançılara qarşı donanmanın hazırlanması əmrini aldı. Bu əsnada üsyançılarla razılığa gəlmək istəyən Sultan Əhməd saray ağalarından birini 25 bostançı ilə birlikdə Ətmeydanına göndərdi. Saray ağasının gətirdiyi xəbərə görə, üsyançılar başda sədrəzəm, şeyxülislam və sədarət naibi Mehmed Paşa olmaqla 37 nəfərin təslim edilməsini istəyirdilər. Tələb edilənlər arasında Qaymaq Mustafa Paşanın olmaması Nevşəhərli İbrahim Paşanın şübhələrini artırdı. Bəzi mənbələrə görə bu əsnada Qaymaq Mustafa Paşa həbs edilmiş və bir müddət sonra da öldürülmüşdür. Ancaq digər mənbələrdə üsyançıların sonradan verdikləri siyahıda Qaymaq Mustafa Paşanın da olduğu və bu siyahıya görə onun da qətlə yetirildiyi qeyd edilir.
Sultan Əhməd sancağ-ı şərifin çıxarılaraq Ortaqapıda asılmasını və hamının bunun altında toplanmasını istəsə də, bu da bir nəticə vermədi. Çünki xalq artıq saraydan üz döndərmişdi. Digər yandan tərsanəyə gedən kaptan-ı dərya Abdi Paşa üsyançıların buranı da ələ keçirdiyini gördü və onlara qatılmağa məcbur oldu. Bu əsnada illərdir şeyxülislamlıq vəzifəsini zəbt edən Abdullah Əfəndi sədrəzəmə qarşı müxalifətə başladı. Şeyxülislam fətvası ilə üsyançıların qətli qərarlaşdırılsa da, saray bostançıları üsyançılara qarşı hücuma keçməkdən çəkindi. Vəziyyətin gərginliyini anlayan Sultan Əhməd üsyançıların tələb etdiyi şəxslərdən kürəkəni Nevşəhərli İbrahim Paşanı, Qaymaq Mustafa Paşanı və kəndxuda Mehmed Paşanı 1 oktyabr 1730 tarixində gecə vaxtı edam etdirərək baş bostançıya təslim etdi. Üləma zümrəsindən tələb olunanlar isə sürgünə yollandı. Öküz arabası ilə saray qapısına çıxarılan cəsədlər üsyançılar tərəfindən parçalanaraq Ətmeydanına qədər sürükləndi.
Ancaq üsyançılar bu edam və sürgünlərlə kifayətlənmədi. Bu dəfə də can qorxusuna düşən üsyançılar Sultan Əhmədi taxtdan endirməyə qərar verdilər. Əslində üsyandan bir gün öncə şeyxülislama və Aya Sofya müəzzininə verilən sənədlərdə “Biz Mahmûdü’l-hısâl bir padişah isteriz” deyərək niyyətlərini bildirmişdilər. Yatırılan üsyanın yenidən alovlanması üçün təslim edilən cəsədin sünnətsiz olduğunu və cəsədin Nevşəhərli İbrahim Paşaya aid olmadığını bəhanə edənlər yenidən Ətmeydanında toplandı. Sultan Əhməd vəziyyəti öyrənmək üçün Zülali Həsən Əfəndini, İspirizadə Əhməd Əfəndini və baş qapıçı Dərviş Mehmedi Ətmeydanına göndərdi. Ancaq bu heyət üsyançılara sakitləşdirmək yerinə, padşahın taxtdan necə endirləcəyi barədə müzakirələr aparıb saraya qayıtdılar. Padşaha vəziyyəti izah etmək üçün İspirizadə Əhməd Əfəndi seçildi. Sultan Əhmədin hüzuruna çıxan İspirizadə olduqca sərt bir şəkildə səltənətinin sona çatdığını bildirdi. Ardından Sultan Əhməd özünün və övladlarının canına təminat aldı və qardaşı oğlu Şahzadə Mahmudu öz əlləri ilə taxta oturdaraq ona tabe olduğunu bildirdi (2 oktyabr 1730). Yeni padşah Alay köşkündə qəbul etdiyi Patrona Xəlilə hədiyyələr təqdim etdi.[4][5]
Üsyanın ikinci mərhələsi
redaktəÜsyançılar əvvəlcə heç bir rəsmi vəzifəyə gətirilmədən dövlət məsələlərinə müdaxilə etməyə başladı. Patrona Xəlil Sultan Mahmuddan əhali üzərinə yüklənən ağır vergilərin ləğvini istədi. Padşahın ona üsyanın yatırılması vəziyyətində 100 min qızıl təklif etməsinə qarşılıq olaraq, bütün İstanbulun və onun sərvətinin özünə aid olduğunu bildirdi. Yeniçəri ağası Kəl Mehmed ağa isə İstanbulun təhlükəsizliyini və xalqın iaşə məsələlərini qismən də olsa, həll etmişdi. Ancaq bir müddət sonra Patrona Xəlil dövlət gəlirlərini və vəzifə yerlərini öz yandaşları arasında böüşdürməyə başladı. Sədarətdə Sultan Əhmədin kürəkəni Silahdar Mehmed Paşa qalsa da, şeyxülislamlığa Mirzəzadə Şeyx Mehmed Əfəndi, başqazılıqlara isə Başmaqçızadə Abdullah Əfəndi ilə Zülali Həsən Əfəndi təyin olundu. Rüşvət qarşılığında vəzifələri satmağa başlayan Patrona Xəlil, Boğdan hakimliyinə təyin etdiyi Yanakidən 500 qızıl almışdı. Təqsirli gördüyü hamını qurduğu məhkəmədə mühakimə edərək edam etdirirdi. Bir neçə həftə ərzində 3 min kisə qızıl sərvəti olmuşdu. 400 nəfərlik heyətilə əvvəlcə Şahzadəbaşı səmtindəki köşkdə, daha sonra isə dəftərdar İzzət Əli Paşanın köşkündə yaşamağa başlayan Patrona Xəlil Ətmeydanındakı qərargahından İstanbuldakı məsələləri həll edərkən, Sultan Mahmud əyalətlərdəki vəziyyəti yaxşılaşdırmağa başlamışdı. Validə Saliha Sultan tərəfindən “ikinci oğlum” olaraq anılan Patrona Xəlil şəhərdə terror əsdirirdi.[6] Dükanlara, köşklərə basqınlar olur, İstanbul qazısı Dəli İbrahim Əfəndinin təşviqiylə Kağıthanə səmtindəki 120 köşk padşahın verdiyi fərmana zidd olaraq dağıdılmışdı. Bundan qəzəblənən Sultan Mahmud günahlarının bağışlanması şərtilə Ətmeydanındakı çadırlarını dağıdaraq üsyanını yatırılmasını əmr verdi. Nəhayət iki həftənin ardından İstanbulda dükanlar açıldı və sosial həyat bərpa olundu. Bu əsnada üsyançılar sədrəzəmlik, sədarət naibliyi, kaptan-ı dəryalıq kimi vəzifələrə namizəd olurdular. Ardından yeniçəri ağası Kəl Mehmed ağanın sədrəzəm, Patrona Xəlilin isə sədarət naibi olması təklif edildi. Tərəfdarları olan Zülali Həsən Əfəndi və Dəli İbrahim Əfəndi ilə birlikdə dövləti ələ alacaqlarını planlaşdıran üsyançılar 5 noyabrda bir yeniçərinin öldürülməsi ilə yenidən ayaqlandılar. Ancaq bu dəfə üləma və əhali üsyançılara dəstək vermədilər.[7][8]
Üsyanın yatırılması
redaktəNəhayət üsyançıların aradan qaldırılması üçün saray daxilində və xaricində iki ayrı heyət yaradıldı. Daxildəki heyətin rəhbərliyinə Hacı Bəşir ağa, saray xaricindəki heyətin başına isə o əsnada paytaxtda olan Krım xanı I Arslan Gəray gətirildi. Daha sonra bu iki qrup kaptan-ı dərya Xoca Mehmed Paşanın əmrində birləşdi. Sərt tutumu ilə fərqlənən Qabaqulaq İbrahim ağa saraya rahat gəlib getməsi üçün kəndxudalığa gətirildi. Bu qrupa Muhsinzadə Abdullah Əfəndi də daxil edildi. Bu əsnada üsyançılara müxalif olan yeniçəri zabitlərinə 5 min qızıl bəxşiş paylandı.[9] Üsyançılar isə aqibətlərini başa düşmüş, bu səbəblə paytaxtdan uzaqlaşmaq üçün səfər elan edilməsini tələb etdilər. 23 noyabrda səfər məsələsinin müzakirəsi üçün sədrəzəmin köşkündə məclis quruldu. Ancaq burada qərar qəbul edilmədi. O əsnada Zülali Həsən Əfəndi Arslan Gəraya, üsyançıların sədrəzəmi, şeyxülislamı və Darüssəadə ağasını istəmədiklərini bildirmişdi. Arslan Gəray isə Patrona Xəlili və adamlarını saraya çağıraraq bu müzakirənin padşahla birlikdə aparılmasını təkklif etdi. 25 noyabr günü saraya Sünnət otağında aparılan ikinci məclis üçün bütün tədbirlər görüldü.[10][11]
Bu məclisə Patrona Xəlil, Muslu Beşe, Kəl Mehmed ağa, Murtuz ağa, Zülali Həsən Əfəndi, İstanbul qazısı İbrahim Əfəndi kimi üsyançılar və üsyana dəstək verənlər qatıldı. Yanlarında gətirdikləri 25-30 nəfərlik mühafizə qrupu sarayın birinci qapısında saxlanıldı. İkinci qapıda isə 10 nəfər saxlanıldı və üçüncü qapıdan sadəcə 5-6 nəfərlik bir heyət saraya daxil oldu. İrəvan köşkündə aparılan müzakirədə Patrona Xəlilə Rumeli, Muslu Beşəyə Anadolu bəylərbəyliyi, Kəl Mehmed ağaya isə vəzirlik verilərək Səfəvilər üzərinə hazırlanacaq səfərə hazırlaşmaları əmr edildi. Üsyançılara xələt geyindiriləcəyi əsnada əvvəlcədən köşkün zirzəmisinə gizlədilən Pəhləvan Xəlil ağa idarəsindəki 32 silahlı şəxs sədrəzəmin verdiyi işarəylə hərəkətə keçdi. Patrona Xəlil, Kəl Mehmed ağa və Muslu Beşə qətlə yetirildi və digərləri təsim oldu. Ardından ikinci qapıda saxlanılanalar öldürüldü. Hadisələri eşidən birinci qapıdakılar isə qaçdılar. Anadoluya qaçanların ələ keçirilmələri üçün fərmanlar yazıldı. Üsyan rəhbərlərinin öldürülməsiylə şəhərdə nibi sükunət təmin edilsə də, ixtişaşlar bir müddət davam etdi. Yeni sədrəzəm İbrahim Paşanın əmriylə sancağ-ı şərif çıxarıldı və əhalinin sancağın altında toplanması əmr edildi. əvvəlki üsyandan böyük zərər görən əhali əllərinə aldıqları balta və odunlarla Ətmeydanına getdi və buradakı üsyançıları zərərsiləşdirdi. Beləliklə, çıxan ikinci üsyan da yatırıldı.[12][13]
Mənbə
redaktə- Hammer, HEO, XIV, 219-249;
- Danişmend, Kronoloji, IV, 17-21;
- Ahmed Refik Altınay, Lâle Devri, İstanbul 1973, tür.yer.;
- a.mlf., Onikinci Asr-ı Hicrîde İstanbul Hayatı (1689-1785), İstanbul 1988, s. 109-112, 123-125;
- a.mlf., “Patrona Halil”, Şehbâl, IV/73, İstanbul 1329, s. 4-6;
- Necati Kotan, Patrona Halil ve İsyanı, Adana 1973;
- Songül Çolak, “Patrona Halil Ayaklanmasını Hazırlayan Şartlar ve İsyanın Payitahttaki Etkileri”, Türkler (nşr. Hasan Celal Güzel v.dğr.), Ankara 2002, XII, 525-529;
- Bekir Sıtkı Baykal, “Patrona Halil Ayaklanması ile İlgili Kaynaklar Hakkında”, TTK Bildiriler, IV (1952), s. 177-182;
- R. W. Olson, “The Esnaf and the Patrona Halil Rebellion of 1730: A Realignment in Ottoman Politics”, JESHO, XVII (1974), s. 329-344;
- A. Matkovski, “l’Insurrection de Patrona Halil à Istanbul 28 September 1730 et sa repercussion en Macedonie”, Balcanica, sy. 13-14, Belgrad 1982-83, s. 105-115;
- İsmet Parmaksızoğlu, “Patrona İhtilâli”, TA, XXVI, 438-441;
- A. H. de Groot, “Patrona Khalīl”, EI² (Fr.), VIII, 296.
İstinadlar
redaktə- ↑ Destârî Sâlih Tarihi: Patrona Halil Ayaklanması Hakkında Bir Kaynak (nşr. Bekir Sıtkı Baykal), Ankara 1962
- ↑ 1730 Patrona İhtilâli Hakkında Bir Eser: Abdi Tarihi (nşr. Faik Reşit Unat), Ankara 1943
- ↑ N. Jorga, Osmanlı İmparatorluğu Tarihi (trc. Nilüfer Epçeli), İstanbul 2005, IV, 337-340
- ↑ Münir Aktepe, Patrona İsyanı 1730, İstanbul 1958
- ↑ Reşat Ekrem Koçu, Patrona Halil, İstanbul 1967
- ↑ Uzunçarşılı, Osmanlı Tarihi, IV/1, s. 199-218
- ↑ Şem‘dânîzâde, Müri’t-tevârîh (Aktepe), I, 6-20
- ↑ Ferâizîzâde Mehmed Said, Gülşen-i Maârif, İstanbul 1252, II, 1248-1261
- ↑ Mustafa Nûri Paşa, Netâyicü’l-vukūât (nşr. Mehmed Gālib Bey), İstanbul 1327, III, 30-32
- ↑ K. Mikes, Türkiye Mektupları (trc. Sadettin Karatay), Ankara 1945, II, 44
- ↑ Çelebizâde Âsım, Târih, İstanbul 1282, s. 611, 615 vd., ayrıca bk. tür.yer.
- ↑ Marsigli, Osmanlı İmparatorluğunun Askeri Vaziyeti, s. 295-359
- ↑ Subhî, Târih, vr. 6a-11b, 16a-23a, 25a vd.