Patron Xelil - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Patrona Xəlil (türk. Patrona Halil; 1690 – 25 noyabr 1730, İstanbul) — 23-cü Osmanlı sultanı III Əhmədin taxtdan endirilməsinə səbəb olan üsyanın rəhbəri.
Haqqında
redaktəƏslən albandır və təqribən 1690-cı ildə Bitolada dünyaya gəlmişdir. Gənclik illərində Yeniçəri ocağının 17-ci bölüyünə yazılmış, ocağa bağlı olduğu illərdə Niş və Vidin qalalarında Osmanlı hakimiyyətinə qarşı hazırlanan ayaqlanmalarda iştirak etmişdir. Daha sonra burdan qaçaraq İstanbula gəlmiş, bir müddət kaptan-ı dəryanın kəndxudasının Patrona adlanan gəmisində ləvənd olaraq çalışmışdır. Bu səbəblə bir çox qaynaqlarda Patrona Xəlil olaraq anılır. Bu illər ərzində işlədiyi cinayətlər səbəbilə 2 dəfə ölüm hökmü ilə cəzalandırılsa da, xilas edilmişdir. Sonuncu dəfə isə kaptan-ı dərya Qaymaq Mustafa Paşa tərəfindən xilas edilmiş, bunun qarşılığında isə onun əmriylə məşhur Patrona Xəlil üsyanını başlatmışdır.
O günlərdə İstanbulun və imperiyanın vəziyyəti ağırlaşmışdı. Belə ki, ağırlaşdırılan vergilər, rüşvətin və israfçılığın artması azmış kimi, heç bir səbəb olmadan Səfəvilər üzərinə müharibə elan edilmiş, cəbhədən ard-arda məğlubiyyət xəbərləri gəlməkdə idi. Nəhayət, Təbriz şəhərinin əldən getməsi və bu xəbərin saraydan və əhalidən gizlədilməsi öyrənildi və əhalinin etirazlarını alovlandıran Patrona Xəlil 25 sentyabr 1730 tarixində əhalini Ətmeydanına topladı. Başlayan üsyan hədəf seçilən sədrəzəm Nevşəhərli İbrahim Paşanın və onun iki kürəkəninin qətlinə, daha sonra isə dövrün padşahı Sultan Əhmədin taxtdan endirilməsinə gətirib çıxardı. Yeni padşahın taxta keçməsinə baxmayaraq Patrona Xəlil və digər üsyan rəhbərləri dövlət məsələlərinə müdaxilə etməyə, paytaxtda və ətraf bölgələrdə iğtişaş törətməyə davam edirdilər.
Nəhayət, 25 noyabr 1730 tarixində yandaşları ilə birlikdə saraya dəvət olunan Patrona Xəlil İrəvan köşkündə toplanan qurma divan məclisi əsnasında qətlə yetirildi. Ardından ikinci qapıda onları gözləyən təxminən 10 nəfər öldürüldü. Hadisələri eşidən birinci qapıdakılar isə qaçdılar. Anadoluya qaçanların ələ keçirilmələri üçün fərmanlar yazıldı. Üsyan rəhbərlərinin öldürülməsiylə şəhərdə nibi sükunət təmin edilsə də, ixtişaşlar bir müddət davam etdi.