Qizlar Agasi - Wikipedia
Qızlar ağası, Hərəm ağası, və ya Darüssaade ağası — Osmanlı dövlətində hərəmxanada olan ən yüksək vəzifə sahibinə verilən addır.
Qızlar ağası sultan və sədrəzəmdən sonra Osmanlı dövləti sarayında 3-cü ən yüksək vəzifə. Sarayın, cinsi funksiyası yox edilmiş (xədim edilmiş) qara irqdən olan kişi qulları arasından seçilirdi[1]. Padşahın hüzuruna lazım olduğu zaman çəkinmədən çıxa bilmə səlahiyyətinə malik idi. Qızlar ağası padşahın hüzurunda samur bir kürk geyinirdi. Sarayın təhlükəsizliyini təmin edən Odunçuların komandanlığını edərdi. Padşahla sədrəzəm arasında və padşahla Validə Sultan arasında əlaqəni təmin edərdi. Hərəmxanaya yeni qul qadınların alınması, hərəmxanadakı nikah, sünnət toyu və digər mərasimlərinin keçirilməsi həmişə Qızlar ağasının məsuliyyəti altında idi. Hərəmxanada böyük bir günah işləyən qul qadınların bir kisə içinə salınaraq Topqapı Sarayının dərhal önündə olan körfəzin sularına atılaraq boğdurulması vəzifəsini də Qızlar ağası icra edərdi. Əvvəllər Qızlar ağasının mövqeyi ağ irqdən bir qul olan Qapı ağasından daha aşağı idi. Ancaq xüsusilə XVII əsrdə nüfuzları çox artıb. Padşaha olan yaxınlığı səbəbindən protokoldakı yerləri zaman Qapı ağasının da üzünə çıxdı.
Qızlar ağası hər zaman qara irqdən olan kişilər arasından seçilirdi. Osmanlı sarayında hər zaman yüzlərlə qara qul çalışardılar[2]. Bu qara qulların cinsi funksiyaları yetkinlik yaşına çatmaqdan əvvəl məhv edilmiş (xədim edilmiş) olurdu. Osmanlılar bir kişinin xədim edilməsini İslam dininə zidd qəbul etdikləri üçün özləri bu qulları xədim etməzdilər amma əvvəlcədən xədim edilmiş kölələri satın almaqda bir problem görmürdülər[3]. Xədim edilmiş qara qullar əsasən Misir və Sudan kimi ölkələrdən Misirli Xristian və ya Yəhudi qul tacirləri tərəfindən İstanbula gətirilib satırlar, bəzən də saraya hədiyyə olaraq təqdim edərdilər. Bəzi qara kölələr özləri üçün daha yüksək imkanlar tapmaq məqsədilə öz istəkləri və ya ailələrinin istəkləri ilə xədim edilib qul olurdular. Digər qara qullar isə bəzən bir günah işlədikləri üçün cəza olaraq, bəzən də kölə tacirləri tərəfindən ələ keçirilib heç bir günah etmədikləri halda qazanc məqsədilə xədim edilib qul kimi satardılar.
Xədim edilmiş qara qulların Osmanlı sarayında geniş şəkildə vəzifə almalarının bir çox səbəbi var idi. Əvvəlcə qadınlarla cinsi əlaqə qurmaması səbəbindən hərəmxanada çalışmalarında bir eyib görülmürdü[4]. Həmçinin erkən yaşda xədim edilmiş olduqları üçün daha yumşaq bir şəxsiyyətə sahib olduqlarına inanılırdı. Heç vaxt uşaqları olmayacağı üçün və heç qohumları da olmadığı üçün padşah və saraya olan sədaqətlərinə şübhə edilmirdi. Hərəmə gələn bu qara kölələr ən aşağı rütbədə xidmətə başlayardılar. Sonra növbə ilə naşı ağası, növbə kalfa, orta, hasil, on ikinci nəticəli, yaylabaşı qulamı, yeni saray əvvəl qapı qulamı olurdular və ən uğurlu olanları Qızlar ağası təyin olunardı. Vəzifədən azad olunduqları təqdirdə Misirə göndərilərək onlara ömür boyu bir maaş təyin edilərdi.
Xarici keçidlər
redaktə- ↑ "Harem Ağaları". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-02.
- ↑ Osmanlıda Harem Ne Zaman Kuruldu[ölü keçid]
- ↑ "İnsanın hadım edilmesi, haramdır". 2016-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-02.
- ↑ "Osmanlı Tarihinin en çok tartışılan konuları arasındadır Padişahın aile hayatı veya Harem". 2020-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-02.