Ii Selim - Wikipedia
II Səlim və ya Sarı Səlim və ya Sərxoş Səlim (osm. سليم ثانى — Selîm-i sânî, türk. İkinci Selim; (28 may 1524, İstanbul – 15 dekabr 1574, İstanbul) — 11. Osmanlı sultanı və 90-cı İslam xəlifəsi, Sultan Süleyman Qanuni və Xürrəm Sultanın oğlu.[1][2] Qardaşı Şahzadə Bəyazidlə taxt uğrunda mübarizədə atasının dəstəyi ilə qalib gəlmişdir. Atasının vəfatından sonra 1566-cı ildə taxta çıxmışdır. Hakimiyyətə gələn kimi ilk səfərini qərb istiqamətinə etmiş və ölkə sərhədlərini Mərkəzi Avropaya qədər genişlətmişdir. Kipr adasının və Tunisin fəthi ilə Osmanlı İmperiyası Aralıq dənizində güclü mövqe sahib olmuşdur. Turqut Rəis kimi dənizçisi, Sokullu Mehmed Paşa kimi sədrəzəmi, Əbus-Səud Əfəndi kimi şeyxülislamı və Memar Sinan kimi memarı ilə ən şanslı Osmanlı sultanlarından biri olmuşdur. Atasından 14.892.000 km2 olaraq aldığı imperiyanın sərhədlərini genişlədərək 15.192.000 km2-ə çatdırmışdır. 15 dekabr 1574-cü ildə 50 yaşında vəfat etmiş, cənazəsi Ayasofya Məscidindəki Sultan Səlim türbəsinə dəfn edilmişdir.
II Səlim | |
---|---|
سليم ثانى | |
24 sentyabr 1566 – 15 dekabr 1574 | |
Əvvəlki | I Süleyman |
Sonrakı | III Murad |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ədirnə, Osmanlı İmperiyası |
Vəfat tarixi | (50 yaşında) |
Vəfat yeri | İstanbul, Osmanlı İmperiyası |
Dəfn yeri | Sultan Səlim türbəsi |
Fəaliyyəti | rəhbər |
Atası | Sultan Süleyman Qanuni |
Anası | Xürrəm Sultan |
Həyat yoldaşı | Nurbanu Sultan |
Uşaqları | |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Şahzadəliyi
redaktəŞahzadə Səlimin uşaqlığı İstanbulda Köhnə Sarayda keçmişdir. 27 iyun 1530 tarixində böyük qardaşları Şahzadə Mustafa və Şahzadə Mehmedlə birlikdə At Meydanında üç həftə davam edən mərasimlə sünnət edildi. 16 yaşına qədər davam edən saray təhsili almışdır. 1542 tarixində 16 yaşlı Şahzadə Səlim Konya sancaqbəyliyinə təyin olundu. 2 il bu vəzifədə qaldıqdan sonra, 1544 tarixində Manisa sancaqbəyliyinə gətirilərək 1558 tarixinə qədər bu vəzifədə qaldı. Manisadakı illərini əyləncə və ov səfərləri ilə keçirtməsi səbəbilə 1558 tarixində yenidən Konya sancaqbəyi təyin edildi və 1562 tarixinə qədər bu vəzifədə qaldı.[2]
Şahzadə Səlim 1553 tarixindən sonra atası I. Süleyman hələ sağ ikən qardaşı ilə taxt mübarizəsinə girişdi. I. Süleymanın şahzadələrindən Mustafa, Mahmud, Murad, Mehmed, Abdullah və Cahangir atasının sağlığında müxtəlif səbəblərdən vəfat etmişdir. Anası Xürrəm Sultanın entriqaları ilə qardaşı Şahzadə Bəyazidlə birlikdə taxt varisi olaraq qaldı. Amasiya sancaqbəyi olan Şahzadə Bəyazid dəli qanlı və üsyankar təbiətli idi. 29 may 1559 tarixində Konya yaxınlarında qarşı-qarşıya gələn şahzadələr müharibəyə başladılar. Atasının dəstəyi ilə qalib gələn Şahzadə Səlim bir qrup əsgərlə qalan qardaşını Anadoluda sıxışdırdı. Atasının orduyla birlikdə hücuma keçdiyinə eşidən Şahzadə Bəyazid öncə Amasiyaya, daha sonra Səfəvilərə sığındı. Qanuni I Təhmasiblə olan yazışmalarında üsyankar oğlunun geri verilməsini tələb etmiş, bundan sonra I Təhmasib 25 sentyabr 1561 tarixində Şahzadə Bəyazid və 5 oğlunu boğduraraq cənazələrini İstanbula göndərdi. Bununla da, Şahzadə Səlim taxtın tək varisi oldu və paytaxta daha yaxın olması səbəbi ilə 1562 tarixində Kütahya sancaqbəyliyinə gətirildi.
Taxta keçməsi
redaktəŞahzadə Səlim atası I Süleymanın son səfəri olan Zigetvar səfərinə qatılmamışdı. Kütahya yaxınlarında ovdaykən atasının təxminən 2 həftə əvvəl vəfat etdiyini, bu ölümü gizli saxlamaq məqsədilə Sədrəzəm Sokullu Mehmed Paşanın fəthnamə adıyla yolladığı məktubdan öyrəndi. Dərhal lələsi Hüseyn Paşa və mühasibi Cəlal bəyin də daxil olduğu kiçik bir heyətlə İstanbula yola düşdü. 30 sentyabrda paytaxta çatan Səlim səltənət qayığıyla Topqapı sarayına dəniz yolu ilə keçdi. Cülus mərasimi üçün dövlət xəzinəsi səfər hələ də davam etdiyi üçün açılmadı. Əvəzində bacısı Mihrimah Sultandan 50.000 qızıl sikkə borc alındı.[2] Sultan Səlim dərhal 2 gün sonra ordunu və atasının cənazəsini qarşılamaq üçün İstanbuldan ayrıldı və 15 gün ərzində Belqrada çatdı. Belqradda qılınan cənazə namazı ilə atasının cənazəsini İstanbula yollamış, özü isə Belqradda qalaraq ordu ilə birlikdə dekabr ayında paytaxta gəlib çıxmışdır.
Hakimiyyət illəri
redaktəII Səlim Osmanlı tarixində dövlət işləri ilə məşğul olan ancaq səfərlərə qatılmayan ilk sultandır. Ordu idarəsini qızı Əsməxan Sultanın əri və Sədrəzəmi Sokullu Mehmed Paşaya həvalə etdi. Bundan başqa cülus bəxşişinin elm adamlarına da ödənməsi adəti məhz onun dövründən başlamışdır.
Saqqız adasının fəthi
redaktəSultan II Səlimin atası I Süleymanın ölümündən sonra fəth etdiyi ilk yer olaraq bilinir. Sokullu Mehmed Paşa idarəsindəki birliklər 1566 tarixində adanı fəth edərək İstanbul boğazının təhlükəsizliyini təmin etdi.
Yəmənin yenidən fəthi
redaktəYəmən 1517-ci ildə Osmanlı hakimiyyəti altına girmiş, Xədim Süleyman Paşanın 1538 tarixli Hindistan səfəri ilə Osmanlı torpaqlarına qatılmışdır. 1567-ci ildə bölgədə Zeydi imamı Topal Mutahhar rəhbərliyi ilə üsyan çıxmış, üsyanı yatırmaq üçün Özdəmiroğlu Osman Paşa və Şam bəylərbəyi Lələ Mustafa Paşa Yəmən sərdarlığına gətirildi. 1568-ci ildə Yəmən səfərində Taiz və Qahirə qalalarından sonra 15 mayda Ədən, 26 iyulda isə Səna qalalarını fəth edən Osmanlı ordusu Yəməni yenidən Osmanlı torpaqlarına birləşdirdi.[3]
Avstriya ilə münasibət
redaktəQanuni Sultan Süleyman dönəmində imzalanan 1562 tarixli sülh müqaviləsi 1566 tarixində pozulmuş, Zigetvar müharibəsi ilə Osmanlı ordusu qalib gəlmişdi. Hər iki tərəfin sülh meyilli olması ilə 17 fevral 1568 tarixində Ədirnə sülhü imzalandı. Sülhün şərtlərinə görə Avstriya Şimali Macarıstan üçün ödədiyi 30.000 düka qızıl vergisini ödəməyə davam etməli idi.
Sumatra səfəri
redaktəİndiki İndoneziyaya məxsus Sumatra adasının şimal-qərbində yerləşən Açe Sultanlığı bölgədəki sərvətlərə göz dikən portuqalların hədəfinə çevrilmişdi. Gündən günə artan portuqal təzyiqinə dözməyən dönəmin Açe sultanı Əlaüddin şah İstanbula yardım üçün elçi heyəti yolladı. Bu heyət 1566 tarixində İstanbula çatanda I Süleymanın ölüm xəbəri yenicə gəlmişdi. Hakimiyyətə yeni gələn II Səlim heyətə hər cür köməkliyi göstərəcəkləri barədə söz verdi. 1569 tarixində Osmanlının Qırmızı dəniz admiralı Qurdoğlu Xeyrəddin Xızır rəis idarəsindəki 22 gəmilik Osmanlı Donanması Hind okeanı üzərindən adaya yardıma gəldi. Bununla da Açe sultanlığı Osmanlı hakimiyyətini qəbul etmişdir.[4]
Don-Volqa kanal planı
redaktəRusiyanın 1552 tarixində Qazan xanlığını, 1556 tarixində Həştərxan xanlığını işğal etməsilə şimal sərhədləri ilk dəfə təklükə altına düşdü. Sokullu Mehmed Paşanın hazırladığı plana görə, Don və Volqa çaylarını bir kanalla birləşdirilərək Qara dəniz və Xəzər dənizii arasında əlaqə yaradılmalı, bununla da həm rusların cənuba irəliləməsinin qarşısı alınacaq, həm də Səfəvilərlə olan döyüşlərdə donanmadan istifadə edilməsi təmin olunacaqdı. avqust 1569 tarixində Kəfə sancaqbəyi Qasım Paşa tərəfindən başladılan çalışma işləri rusların hücumu, ağır qış şəraiti və Krım xanlığının təxribatları ilə yarım buraxıldı.[5]
Həştərxan səfəri
redaktəOsmanlı dövləti Don-Volqa kanalı inşasına başlamazdan qabaq 1556 tarixindən bəri rusların əlində olan Həştərxanın geri alınması üçün səfərə çıxdı. 1569-cu ilin sərt qış aylarında başlayan mühasirə rus çarı IV İvanın Serebiyanov rəhbərliyi ilə göndərdiyi 20.000 nəfərlik ordunun gəlişindən 16 gün sonra başa çatdı.[6]
Krım xanlığının Moskva səfərləri
redaktəKrım xanı Dövlət Gəray xan Osmanlı dövlətinin Rusiya siyasətini bəyənmirdi və bu səbəbdən rus təhlükəsini birdəfəlik aradan qaldırmaq üçün 120.000 nəfərlik orduyla səfərə çıxdı. Oka çayını keçərək burada 6.000 nəfərlik rus ordusunu məğlub edən Dövlət Gəray xan Moskvanı hədəf seçdi. 24 may 1571 tarixində Moskvanı yandıraraq bütün şəhəri xarabalığa çevirən Dövlət Gəray xan rus əsgərlərinin geriyə çəkilməsi səbəbilə tam qalibiyyət əldə edə bilmədi. Bir il sonra yenidən Moskvaya hücum edən Krım ordusu bu dəfə qarşılarında 60.000 nəfərlik rus ordusunu gördü. 30 iyul — 3 avqust müddətində baş verən döyüşdə Krım ordusu ağır məğlubiyyətə uğradı və geri çəkildi.
Kıbrıs (Kipr) fəthi
redaktəŞərqi Aralıq dənizi I Süleyman dönəmində Osmanlının daxili dənizinə çevrilmişdi. Ancaq venesiyalı dəniz quldurlarının sığınacaq yeri olan Kipr adası hələ də fəth olunmamışdı. Kiprin fəth edilməsinin səbəbləri bunlardır :
- I Süleymanın oğlu II Səlimə "Kipri fəth etmək bizə nəsib olmazsa, sən fəth elə" şəklində vəsiyyət etməsi, bunun qarşılığında II Səlimin "Əgər padşah olsam, Kipri quldurların başına yıxacam" deməsi;
- Aralıq dənizi ilə Misirdən II Səlimə göndərilən hədiyyə dolu gəminin quldurlar tərəfindən qaçırılması və bütün əsgərlərin zindana atılması.
Bu və başqa səbəblərdən sədrəzəm Sokullu Mehmed Paşanın etirazlarına baxmayaraq 15 may 1570 tarixində osmanlı donanması səfərə çıxdı. 18 may 1570-ci ildə Kevkeban qalası, 2 iyul 1570-ci ildə Leftari qalası, 9 iyul 1570-ci ildə Girne qalası, 9 sentyabr 1570-ci ildə Lefkoşa və nəhayət 1 avqust 1571-ci ildə Magosa qalası fəth edildi və bununla Kiprin fəthi tamamlandı.
İnəbaxdı döyüşü
redaktəKiprin türklər tərəfindən fəth edilməsi Qərbi Avropada əks səda doğurdu. Venesiyanın təkidi ilə ispanlar, genuyalılar, Papa donanması və Malta əsgərləri də daxil olmaqla "Müqəddəs ittifaq" yaradıldı. Avstriyalı admiral Don Juan idarəsindəki Xaçlı donanması qarşısında Müəzzinzadə Əli Paşa idarəsindəki Osmanlı donanması məğlub oldu. Osmanlı donanması tarixdə ilk dəfə yandırıldı. Ancaq bu məğlubiyyətin nəticələri elə də ağır olmadı. Dövrün sədrəzəmi Sokullu Mehmed Paşa bu vəziyyəti Venesiya elçisinə belə açıqlamışdır:
"Biz Kipri almaqla sizin qolunuzu kəsdik, siz donanmamızı yandırmaqla uzanmış saqqalımızı kəsdiniz. Kəsilən qol bir daha yerinə gəlməz, ancaq kəsilən saqqal yerinə daha gur çıxar"
Donanmanın yenidən inşası və Venesiya ilə sülh
redaktəOsmanlı hakimiyyəti donanmanın məğlub olması xəbərini döyüşdə ən uğurlu olan Uluç Əli Paşadan aldı. Bundan sonra kaptan-ı dərya elan edilən Uluç Əli Paşa sədrəzəm Sokullu Mehmed Paşanın əmriylə yeni bir donanma qurmağa başladı. Qısa zamanda qurulan yeni donanma 1572-ci ilin yayında Aralıq dənizinə açıldı. İspaniyanın da ittifaqı tərk etməsiylə tək qalan Venesiya sülh istədi. 1573 tarixində imzalanan sülh andlaşması ilə Venesiya Kiprin fəthini və döyüş təzminatı ödəməyi qəbul etdi.
Tunis səfəri
redaktə1573-cü ildə Venesiyanı sülh bağlamağa vadar edən bu böyük donanmanın ilk hədəfi 1574 tarixində İspaniya tərəfindən işğal olunan Tunis qalası oldu. Bu qala 1534 tarixində Barbaros Xeyrəddin Paşa tərəfindən fəth edilmiş, ancaq ertəsi il V Karl idarəsindəki ordu tərəfindən geri alınmışdı. Xüsusilə də Turqut Rəisin fəthlərilə Şimali Afrikada sıxışıb qalan alman-ispan hakimiyyəti Uluç Əli Paşa idarəsindəki donanma tərəfindən 13 sentyabr 1574 tarixində fəth edildi. Elə həmin il Tunis əyaləti quruldu.
Xeyriyyə işləri
redaktəMəkkə-i mükərrəmənin su yollarının təmiri, Məscid-i Haramın mərmər qübbələrlə bərpası, Lefkoşa Səlimiyə Məscidi, Əziz Əfəndi təkkəsi, Navarin limanındakı qüllə məhz onun tərəfindən inşa edilmişdir. Dövrün məşhur memarı Memar Sinana 1571 tarixində Ədirnə şəhərində Səlimiyə Məscidini inşa etdirmişdir.
Ailəsi
redaktəHərəmxanası
redaktə- Nurbanu Sultan
- Səlimiyə Sultan
Oğlan uşaqları
redaktə- III. Murad
- Şahzadə Abdullah — 1568-ci ildə öldürülmüşdür (Xürrəm Sultan türbəsində dəfn olunmuşdur).
- Şahzadə Osman — 22 dekabr 1574 tarixində öldürülmüşdür (Sultan Səlim türbəsində dəfn olunmuşdur).
- Şahzadə Mustafa — 22 dekabr 1574 tarixində öldürülmüşdür (Sultan Səlim türbəsində dəfn olunmuşdur).
- Şahzadə Süleyman — 22 dekabr 1574 tarixində öldürülmüşdür (Sultan Səlim türbəsində dəfn olunmuşdur).
- Şahzadə Mehmed — 1572-ci ildə vəfat etmişdir (Xürrəm Sultan türbəsində dəfn olunmuşdur).
- Şahzadə Abdullah — 22 dekabr 1574 tarixində öldürülmüşdür (Sultan Səlim türbəsində dəfn olunmuşdur).
- Şahzadə Cahangir — 22 dekabr 1574 tarixində öldürülmüşdür (Sultan Səlim türbəsində dəfn olunmuşdur).
Qız uşaqları
redaktə- Gövhərxan Sultan (1544–1623)
- Əsməhan Sultan (1544–1585)
- Şah Sultan (1544–1577)
- Fatma Sultan (1548–1580)
- Ayşə Sultan
İstinadlar
redaktə- ↑ Uzunçarşılı, İsmail Hakkı (1951, yeni ed. 1988), Osmanlı Tarihi: Cilt. III/1 II. Selim'in Tahta Çıkışından 1699 Karlofça Andlaşması'na Kadar, Ankara:Türk Tarih Kurumu Yayınları
- ↑ 1 2 3 Sakaoğlu, Necdet, (1999), Bu Mülkün Sultanları, İstanbul:Oğlak ISBN 9753293006, say.149–160
- ↑ Turan, Serafeddin (1958), "Lala Mustafa Paşa Hakkında Notlar ve Vesikalar", Belleten C.22, say. 551–593.
- ↑ Safvet Bey (1329), "Şark Levendleri: Osmanlı Bahr-i Ahmer Filosunun Sumatra Seferi Üzerinde Vesikalar", Tarih-i Osmani Encümeni Mecmuası C.4, say. 1521–1540 (Osmanlıca)
- ↑ İnalcık, Halil (1948), "Osmanlı-Rus Rekabetinin Menşei ve Don-Volga Kanalı Teşebbüsü (1569)", Belleten C.12 Say.349–402.
- ↑ Kurat, Akdes Nimet (1966) Turkiye ve Idil Boyu . 1569 Astarhan Seferi. Ten-Idil Kanali ve XVI–XVII Yuzyil Osmanli Rus Munasebetleri Ankara
Xarici keçidlər
redaktəII Səlim Doğum: 28 May 1524 Vəfat: 12 Dekabr 1574
| ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri Sultan Süleyman Qanuni |
Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı 5 Eylül 1566-12 Dekabr 1574 |
Xələfləri III Murad |
Sünni İslam titulları | ||
Sələfləri Sultan Süleyman Qanuni |
İslam Xəlifəsi (خلافة إسلامية) |
Xələfləri III Murad |