Qerbi Avropa - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Qərbi Avropa — Avropanın qərbində tarixi-geosiyasi bölgə.
Tarixi
redaktəƏrazisi
redaktəQərbi Avropa ölkələrinin vahid ərazisi Norveç dənizindən Aralıq dənizinədək 5000 km uzanır. Onların ümumi sahəsi 3,8 milyon km²-dir, bu Yer kürəsinin quru ərazisinin 2,5%-nə bərabərdir. Qərbi Avropa iqtisadi və siyasi cəhətdən bir-biri ilə sıx qarşılıqlı əlaqədə olan 24 müstəqil dövlət və həmçinin Cəbəllüttariq yerləşir. Bu ölkələrdən dördü G8 qrupuna daxil olan başlıca İnkişaf Etmiş Ölkələrdir. Kiçik dövlətlər olan qalan 14 ölkə (mikrodövlətlər istisna olmaqla) Qərbi Avropada xüsusi mövqe tuturlar. Mikro dövlətlər isə xüsusi qrup əmələ gətirir. Qərbi Avropa dövlətlərinin iqtisadi-coğrafi mövqeyi üç başlıca əlamətlə səciyyələnir.
- Bir-birinə nəzərən sıx qonşuluq mövqeyi
- Əksər ölkələrin dəniz sahilində olması və onların ən gediş-gəlişli dəniz yollarının yaxınlığında yerləşməsi
- Ümumi Avropa əməkdaşlığının inkişafı üçün Şərqi Avropa ölkələri ilə geniş quru və dəniz sərhədlərinə malik olması
Dövlət quruluşuna görə Qərbi Avropa ölkələrinin 12-si respublika, digər 12-si isə monarxiyadır. Burada həm federativ, həm də unitar dövlətlər var.
Əhalisi
redaktə2009-cu statistikasına görə Qərbi Avropa əhalisinin sayı 409 milyon nəfərdir, bu da dünya əhalisinin 6%-nə bərabərdir. Son illər Qərbi Avropada əhalinin artımı olduqca yavaş gedir. Belə demoqrafik vəziyyət Qərbi Avropanı dünyanın başlıca əmək immiqrasiyası mərkəzlərindən birinə çevirib. Hal-hazırda Qərbi Avropada 40 milyona yaxın immiqrant yaşayır. Milli tərkibinə görə regionun əhalisi nisbətən yekcinsdir. Yerli əhalinin əksəriyyəti Hind-Avropa dillərində danışır. Regionda əhalinin sıxlığı çox yüksəkdir. Orta hesabla hər km²-ə 100 nəfər düşür. Lakin Qərbi Avropanın ayrı-ayrı regionlarında əhalinin sıxlığı olduqca müxtəlifdir. Əhalinin yerləşməsi şəhərlərin coğrafiyası ilə müəyyən edilir. Dünyanın ən çox urabnizasiyalaşmış regionlarından bir olan Qərbi Avropada əhalinin 2/3 hissəsini, bir sıra ölkələrdə (Belçika, Almaniya, Niderland) isə 80%-dən çoxunu şəhər əhalisi təşkil edir. İlk şəhər aqlomerasiyaları məhz Qərbi Avropada yaranmış və inkişaf etmişdir. London və Paris dünyanın ən iri aqlomerasiyalarından biri hesab olunur.
İqtisadiyyatı
redaktəQərbi Avropa bir sıra iqtisadi göstəricilərinə görə, xüsusi ilə xarici ticarət dövriyyəsinə görə ABŞ-ni ötüb keçmişdir. Qərbi Avropa həm də mühüm maliyyə mərkəzidir. London və Sürix onun maliyyə "paytaxtları" hesab olunurlar. Qərbi Avropanın təsərrüfat siması ilk növbədə inkişaf etmiş sənaye ilə, xüsusilə maşınqayırma və kimya sənayesi ilə təmsil olunur. Regionun iqtisadiyyatının özəyini Avropa Birliyi ölkələri, ilk növbədə G8 qrupuna daxil olan Almaniya, Böyük Britaniya, Fransa və İtaliya təşkil edir. Təsərrüfatın müxtəlif sahələrinə malik olan bu ölkələr, regionun ümumi sənaye məhsulunun 75%-ni istehsal edir. Qərbi Avropada iqtisadiyyatın ərazi strukturu olduqca müxtəlifliyi və mürəkkəbliyi ilə fərqlənir. Ümumiyyətlə, hələ 19-cu əsrdə formalaşan sənayenin coğrafiyası indi də öz mənzərəsini saxlayır. İnkişafın əsas mərkəzi İngiltərənin cənub-şərqindən başlayaraq Fransanın şimalından, Belçikadan, Almaniyanın qərbindən, Reyn və onun vadilərindən keçməklə Şimali İtaliyaya qədər səkkiz ölkənin ərazisi üzrə təqribən 1.500 km uzanır. Regionun ərazisinin 1/5-ni tutan sənaye zolağında Qərbi Avropa əhalisinin yarısı və sənaye potensialının 75%-i təmərküzləşmişdir. 19-cu əsrdən etibarən Qərbi Avropanın iqtisadiyyatının ərazi strukturunda mühüm dəyişikliklər iri sənaye port komplekslərinin (Rotterdam, Marsel və s.) yaranması, Şimal dənizinin neft və qaz yataqlarının mənimsənilməsi, geri qalmış bölgələrin sənayeləşdirilməsi və sənayenin təmərküzləşməsinin qarşısının alınması ilə əlaqədardır. Xüsusilə Avropa İttifaqı çərçivəsində inteqrasiya prosesinin güclənməsi regionun iqtisadiyyatının coğrafiyasında ciddi dəyişikliklər edir.
Qərbi Avropanın kənd təsərrüfatı istehsal həcminə görə ABŞ-dən geri qalmasına baxmayaraq, yüksək məhsuldarlığı və əmtəəliyi ilə fərqlənir. Buğda istehsalının məhsuldarlığına (hər hektardan 60–70 sentner) Qərbi Avropa dünyada birinci yeri tutur. Qərbi Avropa ərzaq məhsulları ilə əhalinin tələbatını demək olar ki, ödəyir. Burada yalnız tropik əkinçilik məhsulları və yem taxılı idxal olunur. Qərbi Avropanın əksər ölkələrinin kəənd təsərrüfatında heyvandarlıq başlıca yer tutur. Hər yerdə ixtisaslaşdırılmış və və yüksək mexanikləşdirilmiş kapitalist təsərrüfatı üstünlük təşkil edir.
Nəqliyyat
redaktəQərbi Avropa yüksək inkişaf etmiş nəqliyyat sisteminə malikdir. Yük daşıma məsafəsinin uzunluğuna görə region ABŞ-dən geri qalır, lakin nəqliyyat şəbəkəsinin sıxlığına görə dünyada birinci yeri tutur. Xüsusilə avtomobil nəqliyyatı ilə beynəlxalq və tranzit daşınmanın mühüm əhəmiyyəti var. Dəniz nəqliyyatı çox qədim dövlərdən bəri Qərbi Avropa xalqlarının həyatında mühüm rol oynamış və indi də oynamaqdadır. Nəqliyyat növləri arasında daşınmanın bölgüsündə boru kəməri və hava nəqliyyatının payı getdikcə artır. Qərbi Avropadan nəqliyyat əlaqələri üçün keçilməz maneələr yaradan təbii sədlər demək olar ki, qalmamışdır. Bir çox dəmir və avtomobil yolları, boru kəmərləri Alp dağlarını kəsib keçir. Bərə körpüləri Şimal və Baltik dənizinin sahillərini birləşdirir. Qərbi Avropa dövlətləri ABŞ-yə nisbətən beynəlxalq ticarətə daha geniş cəlb olunmuşdur. Xüsusilə dar ixtisaslaşdırırlmış istehsal ilə fərqlənən Qərbi Avropanın kiçik ölkələri xarici ticarətdən daha çox asılıdır.
Qərbi Avropadakı Dövlətlər
redaktəQərbi Avropadakı dövlətlərin siyahısı:
Ölkə adı | Əhalisi (2009-cu il) |
Paytaxtı |
---|---|---|
Avstriya | 8.355.260 | Vyana |
Belçika | 10.665.867 | Brüssel |
Danimarka | 5.511.451 | Kopenhagen |
Finlandiya | 5.244.749 | Helsinki |
Fransa | 64.351.000 | Paris |
Almaniya | 82.002.356 | Berlin |
Yunanıstan | 11.305.118 | Afina |
İslandiya | 319.368 | Reykyavik |
İrlandiya | 4.465.540 | Dublin |
İtaliya | 60.053.442 | Roma |
Lüksemburq | 493.500 | Lükmburq |
Niderland | 16.486.587 | Amsterdam |
Norveç | 4.799.252 | Oslo |
Portuqaliya | 10.627.250 | Lissabon |
İspaniya | 46.661.950 | Madrid |
İsveç | 9.256.347 | Stokholm |
İsveçrə | 7.700.202 | Bern |
Böyük Britaniya | 61.634.599 | London |
Cəmi | 408.480.692 |