Fidan Qasimova - Wikipedia
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Fidan Əkrəm qızı Qasımova (17 iyun 1947, Bakı) — Azərbaycanın opera müğənnisi, Azərbaycan SSR xalq artisti (1982), SSRİ xalq artisti (1988), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984).
Fidan Qasımova | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 17 iyun 1947 (77 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera müğənnisi, musiqi pedaqoqu, aktrisa |
Fəaliyyət illəri | 1974-cü ildən |
Janrlar | opera, romans |
Səs tembri | soprano |
Təhsili | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəFidan Əkrəm qızı Qasımova 17 iyun 1947-ci ildə Bakıda dünyaya gəlmişdir. Nadir soprano sahibinin dünyaya göz açdığı ziyalı ailəsi, boya-başa çatdığı mühit onun musiqiyə bağlanmasının ilkin mənbəyi olub. Fidan və kiçik bacısı Xuraman Qasımova bacılarının valideynləri daim incəsənətlə bağlı olub, şeir yazıb, musiqiyə meyl göstəriblər. Niyazi, Fikrət Əmirov, Tofiq Quliyev və Bakı musiqi elitasının digər nümayəndələri tez-tez bu ailənin evində olublar. O zaman 4 yaşlı balaca Xuraman qonaqların xahişi ilə oxuyar, Fidan isə qonşu otağa keçərək daha çox skripkada çalardı. Hər iki qızın musiqiyə meyli uşaqlıqdan formalaşıb.
Bülbül adına musiqi məktəbini bitirdikdən sonra Fidan 1966-cı ildə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, məhz parlaq istedadı və zəhməti sayəsində eyni vaxtda iki ixtisas — skripka və vokal üzrə təhsil almışdır. Təbii ki, qabaqcadan seçdiyi yola ciddi hazırlaşmaq lazım idi. 1974-cü ildə Moskva Konservatoriyasının aspiranturasını bitirdikdən sonra Bakıya qayıtmış, həmin vaxtdan M. F. Axundzadə adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuş, həmçinin Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərs deməyə başlayıb.
Azərbaycanın (1982), SSRİ-nin (1988) xalq artisti fəxri adlarına layiq görülmüş, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984) olan F. Qasımova 1990-cı ildən Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, 1992-ci ildən Türkiyənin İstanbul Dövlət Konservatoriyasının professorudur. Onun əməyi müstəqil Azərbaycan dövlətində layiqli qiymətini alıb. Heydər Əliyev tərəfindən "Şöhrət" ordeninə (17 iyun 1997), prezident İlham Əliyevin sərəncamı ilə isə "Şərəf" ordeninə (2010) və "İstiqlal" ordeninə (2017) layiq görülüb.[1]
F. Qasımovanın 2008-ci ildə "Besame mucho" adlı albomu buraxılıb. "Eta Production" studiyasında yazılmış disk ölkənin birinci xanımı Mehriban Əliyevaya həsr olunub. Böyük sənətkarın adı "Dünyanın 100 qadını" kitabına salınıb.
Bakı Musiqi Akademiyasının professoru F. Qasımova son illər istedadlı gənclərə xeyli vaxt sərf edir, yorulmadan yeni gənc vokalçılar nəslini yetişdirməklə məşğul olur. Onların arasında beynəlxalq müsabiqələr diplomantları və laureatları da az deyil.
- Müğənni Xuraman Qasımovanın bacısıdır.
Yaradıcılığı
redaktəFidan Qasımovanın yaratdığı unudulmaz obrazlar qalereyası — Dezdemona, Aida ("Otello", "Aida", Cüzeppe Verdi), Toska, Turandot, Mimi, Çio-Çio-san ("Toska", "Turandot", "Bohema", "Çio-Çio-san", Cakomo Puççini), Mikaela ("Karmen", Jorj Bize), Tatyana ("Yevgeni Onegin", Pyotr Çaykovski), Nigar ("Koroğlu", Üzeyir Hacıbəyli), Marqarita ("Faust", Şarl Fransua Quno), Sevil ("Sevil", Fikrət Əmirov) və digərlərindən ibarətdir. Onun zəngin repertuarına Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəyli, Asəf Zeynallı, Qara Qarayev, Arif Məlikov, Niyazi; rus bəstəkarlarından Mixail Qlinka, Pyotr Çaykovski, Sergey Raxmaninov; Qərbi Avropa bəstəkarlarından A. Stradella, İohan Sebastyan Bax, Georq Fridrix Hendel və başqalarının kamera-vokal əsərləri, eləcə də Azərbaycan xalq mahnıları — "Laçın", "Qubanın ağ alması", "Girdim yarın bağçasına", "Evləri var xana-xana" və s. daxildir[2].
Geniş konsert proqramları ilə dəfələrlə ABŞ, Almaniya, Böyük Britaniya, İsveç, Avstriya, Meksika, Rusiya, Fransa, İtaliya, Danimarka, Kuba, Türkiyə və dünyanın digər ölkələrində qastrolda olan sənətçi musiqisevərləri heyran qoymuşdur. Keçən əsrin 70-ci illərində böyük sənətkar Müslüm Maqomayev italyan tanışlarına fərəh hissi ilə Fidan Qasımova ilə bir məktəbdə oxuduğunu söyləmişdi[3].
XX əsrin məşhur dirijoru Y. Mravinski Fidan Qasımovanın səsinin vokal və texniki imkanlarının ona məhz opera, kamera müğənnisi olmaq imkanı verdiyini xüsusilə qeyd edib. Görkəmli bəstəkar Qara Qarayev sənət yoluna təzəcə qədəm qoymuş Fidanın səsini fleytanın incə səsinə bənzədib, maestro Niyazi isə onu parıltılı tünd mirvari daşla müqayisə edib. Hələ 20 yaşında gənc qızın maestro tərəfindən ona təklif edilmiş Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) yaradılmasının 50 illik yubileyi münasibətilə keçirilən tədbirdə A. Zeynallının "Ölkəm" mahnısını uğurla ifa etməsi vokal sənətinin körpə fidanının ilk səhnə triumflarından olub.
Məşhur operalardan ən çətin ariyalar Fidan Qasımovaya uğurlar gətirib. 1973-cü ildə İsveçrənin paytaxtı Cenevrədə keçirilmiş vokalistlərin beynəlxalq müsabiqəsinin finalında C. Puççininin "Bohema" operasından oxuduğu Miminin ariyası Avropa musiqisevərlərini sehrləmiş, münsiflər heyəti onu gümüş medala layiq görmüşdü. Təsadüfi deyil ki, bir il sonra "Berlinqske Tidende" qəzetində gənc qızın ifası o dövrün əfsanəvi opera müğənnisi Mirella Freni ilə müqayisə edilmişdi. Fidan Qasımova lətif ifası, hər musiqi frazasını dəqiq çatdırması, mahir sənətkarlığı sayəsində bir-birindən nüfuzlu müsabiqələrə qatılıb. 1975-ci ildə Niderlandda keçirilən beynəlxalq müsabiqənin iştirakçısı olub, 1977-ci ildə İtaliyada musiqiçilərin C. Viotti adına müsabiqəsinin birinci mükafatına layiq görülüb. Sənətçi beynəlxalq müsabiqələr laureatı adına layiq görülmüş ilk azərbaycanlı qadın müğənnidir.
Musiqi tənqidçiləri F. Qasımova haqqında "Maria Kallas və Renata Tibaldi kimi oxuyur" yazaraq müğənninin ifasından heyrətləndiklərini gizlətməyib, onun səs çalarını, səhnə mədəniyyətini, zahiri gözəlliyini, fitri istedadını, fərdiliyini xüsusilə qeyd edib, xarici mətbuat onun sənətini "Xəzər sahilindən olan möcüzə" və digər adlarla dəyərləndirib.
Azərbaycanın və SSRİ-nin xalq artisti Fidan Qasımova 2015-ci ildə Böyük Britaniyanın Kembric Universitetinin tərtib etdiyi ensiklopediyada dünyanın ən tanınmış ifaçısı adına layiq görülərək xüsusi diplomla mükafatlandırılıb. Fidan Qasımova Azərbaycanın musiqi mədəniyyətində bu ali mükafata layiq görülən yeganə ifaçıdır.[4]
2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuşdur.[5]
Filmoqrafiya
redaktə- Kədərimiz... Vüqarımız...
- Maestro Niyazi (film, 2007)
- Rəşid Behbudov 20 il əvvəl (film, 1996)
- Torpaq. Dəniz. Od. Səma (film, 1967)
- Üç eskiz (film, 1978)
- Ürəkdən ürəyə (film, 2007)
- Üzeyir ömrü (film, 1981)
İstinadlar
redaktə- ↑ APA TV. "Fidan Qasımovaya "İstiqlal" ordeni təqdim olundu" (az.). Youtube.com. 16.06.2017. 2017-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-16.
- ↑ Azərbaycanın xalq artisti dünyanın ən tanınmış ifaçısı oldu Arxivləşdirilib 2015-07-07 at the Wayback Machine anspress.com
- ↑ "Arxivlənmiş surət". 2015-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-21.
- ↑ "Azərbaycanın xalq artisti dünyanın ən tanınmış ifaçısı oldu". 2015-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-21.
- ↑ AzərTAc. "Деятелям культуры и искусства вручена юбилейная медаль «100-летие Гейдара Алиева (1923–2023)»" (Turoyo). AzərTAc. 07.05.2024. İstifadə tarixi: 2024-05-08.