Baki Xanlarinin Evi - Wikipedia
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Bakı xan sarayı və ya Bakı xanlarının evi — İçərişəhərdə yerləşən XVII–XVIII əsrlərə aid saray tipli yaşayış binaları kompleksidir. Kompleksin inşasına 1754-cü ildə Əbdülrəhim bəy və Mehdiqulu bəyin sifarişi ilə başlanılmışdır. Kompleksin ilk tikililəri Böyük Qala küçəsi boyunca tikilmiş, sonrakı yüzillik ərzində, yəni XIX əsrin sonlarına kimi həyət istiqamətində də tikililərin sayı artırılmışdır.
Bakı xan sarayı | |
---|---|
40°19′ şm. e. 49°52′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Aidiyyatı | Bakı xanlığı |
Tikilmə tarixi | XVII-XVIII əsrlər |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Sahəsi | 20 ha |
Vəziyyəti | bərpa olunub |
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower | |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
İstinad nöm. | 958 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 69, 70, 71, 73 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Kateqoriya | Memarlıq abidələri |
Vikianbarda əlaqəli mediafayllar |
Bakı xan sarayının dövümüzə çatmış ilk tarixi planında beş daxili həyət ətrafında formalaşmış geniş yaşayış kompleksi əksini tapıb. Xan ailəsinə məxsus olmuş ilk böyük həyət birinci yerləşir. Onun ərazisini mərkəzində kiçik hovuzu olan bağ tutur. Kompleks ərazisinə daxil olan çoxsaylı binalardan dövrümüzə yalnız fasadı Böyük qala küçəsinə baxan tikililər və həyətdə iki müstəqil bina çatmışdır.
Bakı xan sarayı ərazisində ilk dəfə bərpa işlərinə 1985-ci ildə başlanılmış, paralel olaraq, 1985–1986-cı illərdə həm də abidə arxeolji baxımdan öyrənilmişdir. Arxeoloji tədqiqatlar zamanı kompleks ərazisindən çoxlu sayda maddi-mədəniyyət nümunələri, yeraltı su yolları və Yeraltı hamam aşkarlanmışdır. 2015-ci ildən kompleks ərazisində arxeoloji tədqiqatlar və konservasiya işlərinə başlanılmışdır. 2018-ci ildən başlayaraq Bakı xanlarının sarayı bərpa olunmaqdadır.
Tarixi
redaktəXVIII əsrdə Azərbaycan xanlıqlarının formalaşmasından sonra saray tipli tikililər əsasən Şəki, Qarabağ, Gəncə, Quba və Bakı xanları tərəfindən (Naxçıvan və Lənkəran xan sarayları xeyli gec tikilmişdi, Dərbənd xan sarayı isə Quba xanı Fətəli xan tərəfindən tikdirilmişdi) inşa etdirilmişdir.[1] Bakı xan sarayı şəhərin qədim nüvəsi olan İçərişəhərdə tikilmişdi. Saray Şərqi Avropa üslubunda tikilmiş, divarları möhtəşəm rəsmlərlə, tavanları isə bitki ornamentləri və döyüş səhnələri ilə bəzədilmişdir.[2] L. S. Bretanitskiy də sarayın interyerlərinin gözəl rəsmlərlə bəzədilməsinə diqqət çəkərək yazır: "Sarayın divarlarında yağlı boyalarla işlənmiş və daha sonra qızıl suyuna çəkilmiş rəsmlər böyük qiymətə malikdirlər."[3]
Kompleksin inşasına 1754-cü ildə[4] Əbdülrəhim bəy və Mehdiqulu bəyin sifarişi ilə başlanılmışdır.[4] Kompleksin ilk tikililəri Böyük Qala küçəsi boyunca tikilmiş, sonrakı yüzillik ərzində, yəni XIX əsrin sonlarına kimi həyət istiqamətində də onların sayı artırılmışdır.[5] Ə. Salamzadənin fikrincə saray kompleksinin inşası üçün ən uyğun tarix XVIII əsrdir.[6] Lakin, tədqiqatçı ehtimalla deyir ki, kompleksin bir hissəsi, xüsusilə Əbdülrəhim bəyin evi XVII əsrdə tikilmiş ola bilər.[6] Bakı qalasının 1738-ci ildə tərtib edilmiş planında[qeyd. 1] hazırda sarayın yerləşdiyi ərazidə saray olması qeyd edilir.[6]
Sarayda yaşamış Bakı xanları
redaktə- 1747–1765 – I Mirzə Məhəmməd xan (Dərgahqulu xanın oğlu).
- 1765–1784 – Məlik Məhəmməd xan (I Mirzə Məhəmməd xanın oğlu).
- 1784–1791 – II Mirzə Məhəmməd xan (Məlik Məhəmməd xanın oğlu).
- 1791–1792 – Məhəmməd Qulu xan (I Mirzə Məhəmməd xanın oğlu).
- 1792–1806 – Hüseyn Qulu xan (Hacı Əliqulu Ağa xanın oğlu).
Rusiya imperiyası dövründə
redaktə1806-cı ildə Bakı xanlığının Rusiya imperiyası tərəfindən işğal edilməsindən sonra Xan sarayında rus döyüş qarnizonu yerləşdirilir. Azərbaycanın SSRİ tərkibinə qatılmasına kimi sarayın birinci həyətində bulaqlar və bağ mövcud idi. Kompleks ərazisinə yaşayış binaları ilə yanaşı kiçik məscid binası və yeraltı hamam da daxil olmuşdur.[7]
1850-ci illərə kimi Bakı xan sarayının öz görkəmini yaxşı qorumasına Prussiya və Rusiya dövlət xadimi Avqust fon Hakstauzen şahidlik edir: "Qalada, Bakının sonuncu müstəqil xanı olan Hüseynqulu xanın sarayı vardır. Mərkəzində böyük darvaza yerləşən bu böyük dördbucaqlı kompleks hazırda komendantın evidir və Avropa zövqü ilə bəzədilmişdir."[8]
Arxeoloji tədqiqatlar və restavrasiya işləri
redaktəBakı xan sarayı ərazisində ilk dəfə bərpa işlərinə 1985-ci ildə başlanılmış[5], paralel olaraq, 1985–1986-cı illərdə həm də abidə arxeoloji baxımdan öyrənilmişdir.[7] Arxeoloji tədqiqatlar zamanı kompleks ərazisindən çoxlu sayda maddi-mədəniyyət nümunələri, yeraltı su yolları və Yeraltı hamam aşkarlanmışdır.[9]
2016-cı ildən Bak xan sarayı və Yeraltı hamam ərazisində təmizləmə və arxeoloji qazıntı işlərinə başlanılmışdır. Burada XI–XIII əsrlərə aid dulus küplər, çoxlu sayda monoxrom (təkrəngli) və polixrom (çoxrəngli) qab qırıqları, ocaq yerləri tapıldı. Arxeoloji qazıntı və kəşfiyyat zamanı, eləcə də torpaq təmizləməsi zamanı saxsı borulardan səliqə ilə çəkilmiş yeraltı su kəməri aşkar edilib. Şimal-cənub istiqamətində uzanan boruların bir-birinə geydirilməsi texnikası ilə ərsəyə gələn su kəməri texnikası XIV əsrə aid idi. İçərişəhərdə şəhər mədəniyyəti IX əsrdə formalaşıb. Beş əsr sonra isə belə bir texnika əsasında kəmər qurulub[10].
2018-ci ildən Bakı xan sarayı kompleksinə daxil olan binaların restavrasiya və konservasiyasına başlanılıb.
Memarlıq xüsusiyyətləri
redaktəSaray kompleksinin memarlığı
redaktəBakı xan sarayı haqqında ətraflı məlumatlar 30 oktyabr 1809-cu ildə həyata keçirilmiş ölçmə işləri və çertyojlar sayəsində dövrümüzə çatmışdır.[qeyd. 2] Çertyojlarda "Xan sarayı və qaçmış bəylərin evləri" adlandırılan kompleksin ətraflı planları, fasadları və kəsimləri verilmişdir. Xan sarayı kompleksi Bakı qalasının Şamaxı qapısından girdikdə sol tərəfdə yerləşir.[11]
Bakı xan sarayının dövrümüzə çatmış ilk tarixi planında beş daxili həyət ətrafında formalaşmış geniş yaşayış kompleksi əksini tapıb. Xan ailəsinə məxsus olmuş ilk böyük həyət birinci yerləşir. Onun ərazisini mərkəzində kiçik hovuzu olan bağ tutur. Plana yazılmış izahlarda həmin bağ "keçmiş xan bağı" kimi qeyd edilmişdir. Digər iki həyətdəki evlərdən biri "Əbdülrəhim bəyin evi", digəri isə "Mehdiqulu bəyin evi" adlandırılmışdır. Digər iki həyətdəki evlərin kimə məxsus olması qeyd edilməmişdir.[12]
Kəsimlər və fasadlardan məlum olur ki, həyətlər ətrafında qruplaşmış yaşayış binaları ikimərtəbəli olmuşlar. Planlaşdırma xüsusiyyətlərinə görə kompleksə daxil olan binalar iki tipə bölünür. Birinci tipə aid olan binalar qarışıq planlaşdırma xüsusiyyətinə malikdir və bu baxımdan İçərişəhərdə yerləşən Şirvanşahlar sarayının plan xüsusiyyətlərini xatırladır. İkinci qrupa aid olan binalar isə birsıralı planlaşdırma xüsusiyyətinə malikdir.[12]
Planlar və fasad təsvirlərindən görünür ki, yaşayış binaları kompleksin həyətlərinə yönəlmiş iri pəncərələrə malik olmuşlar. Mehdiqulu xanın evinin ikinci mərtəbəsindəki pəncərə yerində dövrümüzə çatmış xarakterik çərçivələrdən bəlli olur ki, evlərin pəncərələri şəbəkə texnikası ilə yığılmışdır.[12] Ə. Salamzadə yazır ki, ən azından Xan sarayının balaxanasının şəbəkə pəncərələrə malik olduğunu əminliklə demək olar.[12]
Xan sarayının həyət fasadı asimmetrik həll edilməklə, kompleks ərazisinə girişi təmin edən böyük tağlı darvazanın vurğulanmasına hesablanmışdır. Sarayın birinci mərtəbəsində yerləşən kar nişlərin üstündə düzbucaqlı pəncərələr yerləşmişdir.[13]
Mehdiqulu bəyin evinin fasadı üç yaruslu girişlərlə xarakterik olsa da, evin, çertyojlarda göstərilmiş kəsimindən aydın olur ki, o, iki mərtəbəli olmuşdur.[13]
Əbdülrəhim bəyin evinin fasadı memarlıq baxımından daha yaxşı işlənmişdir. Bu bina üçün, fasadın ikiyaruslu tağlı bölünməsi xarakterikdir. Bu yanaşma, XVII əsrin dini və ictimai memarlığı üçün xarakterikdir. Ə. Salamzadə bu evin, kompleksin ən qədim hissəsi olması ehtimalını irəli sürür. Salamzadə 83 Bütün planlaşdırma xüsusiyyətləri və fasadlarının memarlıq həllinə baxmayaraq, Bakı xan sarayı kompleksinə daxil olan tikililər, Abşeron xalq yaşayış tikililəri və bəzi Ordubad evləri ilə ortaq xüsusiyyətlərə də malikdir.[13] Kompleksə daxil olan tikililər hamısı daşdan tikilmişdir. Çertyojlarda evlərin hamısının düz taxta tavanla örtülməsi göstərilmişdir. Hündür günbəz formalı taxta tavan yalnız, giriş funksiyasını yerinə yetirən kiçik otaq üzərində olmuşdur.[13]
Saray kompleksi ətrafında qəsrin və ya müdafiə divarlarının tikilməməsi , onun inşası üçün əlverişli yer seçilməsi ilə kompensasiya edilmişdir. Bir tərəfdən kompleks Şamaxı qapılarına yaxın yerləşir, digər tərəfdən isə, Xan sarayı birbaşa dənizə (hazırda Əziz Əliyev küçəsinin yerləşdiyi ərazidən) açılırdı. Beləliklə də, təhlükə yaranacağı halda, xan və onun ailəsi üçün iki çıxış yolu təmin edilmişdir.[5]
Kompleks ərazisinə daxil olan çoxsaylı binalardan dövrümüzə yalnız fasadı Böyük qala küçəsinə baxan tikililər və həyətdə iki müstəqil bina çatmışdır. Ehtimal ki, küçəyə baxan pəncərələr sonradan açılmışdır.[5] Kompleksin küçəyə açılan yeganə böyük qapısı və onun üstündə pəncərələr olmuşdur. Qapının üstündəki otaq yaşayış üçün nəzərdə tutulmamış və müşahidə yeri xarakteri (balaxana) daşımışdı.[5] Sarayın divarları guşə daşından tikilmiş və suvanmışdır. Pəncərə yerləri arxitrav formalıdır. Xan sarayı 49.6 metr uzunluq, 28 metr en və 7 metr hündürlüyə malikdir.[4]
Yeraltı hamam
redaktəİnşasında guşə daşlarından istifadə edilən hamam kompleksi İçərişəhər ərazisinin cənub-şərqində yerləşir. Dam səthində gil-əhəng qarışıqlı məhluldan izolyasiya material kimi istifadə edilmiş, daxili divarlarda isə əhəng materialından suvaq növü kimi işlədilmişdir. Daxili divar və döşəmə materialları kimi "gülbax" növlü aqlay daşlardan istifadə edilmişdir. Təxminən 340 m² sahəni əhatə edən hamam kompleksinin giriş hissəsi çənub-şərq tərəfdən olmaqla (sahəsi 2.33 m²) giriş pilləkənləri şərq divarlarına tərəf istiqamətlənmişdir.
2015-ci ildə həyata keçirilmiş qazıntı işləri nəticəsində hamam kompleksinin əsas hissəsi torpaqdan təmizlənmiş, memarlıq quruluşu təyin olunmuşdur. Həmin il bəzi otaqlarda təhlükəsizlik baxımından yalnız təmizlənmə işləri aparılmamış, yalnız bərkidilmə işləri görüldükdən sonra bu il onun tam torpaqdan açılması mümkün olmuşdur. 2016-cı ildə abidənin şərq hissəsində təhlükəli olan otaqların bərkildilməsindən sonra, arxeoloji qazıntı işlərinə başlanılmışdır. Kompleksin qərb hissəsindəki sahədə qazıntıların genişlənməsi nəticəsində 3 metr dərinliyində tikinti və divar aşkar olunmuşdu.
Xan bağı
redaktəPark ərazisində Azərbaycan florasının ayrılmaz ünsürləri olan Eldar şamı, çinar, sərv, ağcaqayın və digər ağaclar saxlanılmış, əlavə olaraq isə müvafiq sahədə gümüşvari küknar, ağ akasiya, leylan sərvi, adi yasəmən, Şərq tuyası, müxtəlif qızılgül kolları vardır.[14]
Qalereya
redaktəQeydlər
redaktəİstinadlar
redaktə- ↑ Саламзаде, 1964. səh. 78
- ↑ Каджар, Ч. Старый Баку. Баку: ОКА. 2007. 153.
- ↑ Л. С. Бретаницкий, Б. В Веймарн. Искусство Азербайджана IV – XVIII веков (Очерки истории и теории изобразительных искусств). Москва: Искусство. 1976. 260.
- ↑ 1 2 3 Таирова, 2016. səh. 230
- ↑ 1 2 3 4 5 Таирова, 2016. səh. 229
- ↑ 1 2 3 Саламзаде, 1964. səh. 84
- ↑ 1 2 Таирова, 2016. səh. 231
- ↑ Фон Гакстгаузен, А. Кавказский край (ч. II). СПб. 1857. 154.
- ↑ Таирова, 2016. səh. 232
- ↑ "Bakı xanlarının evi". 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-05.
- ↑ Саламзаде, 1964. səh. 81
- ↑ 1 2 3 4 Саламзаде, 1964. səh. 82
- ↑ 1 2 3 4 Саламзаде, 1964. səh. 83
- ↑ "BAKI XANLARI PARKI". icherisheher.gov.az. 24 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may 2019.
Ədəbiyyat
redaktə- Саламзаде, А. В. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.
- Таирова, Айдан. Дворцовый комплекс бакинских ханов. Баку: İçəri şəhər tarixdə - tarix İçəri şəhərdə, Elmi-praktik konfrans (Məqalələr toplusu), Elm və təhsil nəşriyyatı. 2016.
Həmçinin bax
redaktə- Qarabağ xan sarayı — Qarabağ xanlarının tarixi iqamətgahı
- Gəncə xan sarayı — Gəncə xanlarının tarixi iqamətgahı
- Şəki xan sarayı — Şəki xanlarının tarixi iqamətgahı
Xarici keçidlər
redaktə- Bakı xanlarının evi Arxivləşdirilib 2016-07-27 at the Wayback Machine
- Bakı xanlarının sarayı — cari layihə Arxivləşdirilib 2018-09-11 at the Wayback Machine
- İlham Əliyev İçərişəhərin bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olub
- Bakı xanları parkı — cari layihə Arxivləşdirilib 2018-09-10 at the Wayback Machine
- "İçərişəhər"də unikal memarlıq abidəsi aşkarlandı
Azərbaycan portalı Memarlıq portalı |