Azadfikirlilik - Wikipedia
Azadfikirlilik — dini ehkamların rasional qavranışının qadağan olunması əleyhinə çıxan və həqiqəti axtarmaqda zəkaya sərbəstlik verən ictimai fikir cərəyanı.
Tarixi
redaktəTarixən azadfikirlilik dinin müxtəlif formada tənqidində təzahür edir. "Azadfikirlilik" terminini ilk dəfə ingilis deisti Entoni Kollinz "Azadfikirlilik haqqında mühakimə" (1713) traktatında işlətmişdir.[1]
Quldarlıq cəmiyyətində azadfikirlili Şərq və Qərb mütəfəkkirlərinin materialist təlimlərində, xüsusən Heraklitin, Empedoklun, Demokritin, Epikürün, Lukresi Karın, Lukianın və başqalarının əsərlərində öz ifadəsini tapmışdır. Dini ideologiyanın tam hökmran olduğu orta əsrlərdə azadfikirliliyin formalarından biri elmi həqiqətlərin və dini görüşlərin müstəqil və bərabər hüquqlu əhəmiyyəti haqqında ideyanı təsdiq edən "ikili həqiqət" nəzəriyyəsi idi ki, İbn Sina, İbn Rüşd və başqaları bu nəzəriyyə ilə çıxış etmişlər. XII əsr gürcü şairi Şota Rustaveli, XVI əsr rus mütəfəkkiri Feodosi Kosoy azadfikirliliyin görkəmli nümayəndələri olmuşlar. Pyotro Pomponassi, Ulrix fon Hutten, Rotterdamlı Erazm və başqalar kimi intibah dövründə görkəmli alimlər, filosoflar, yazıçılar azadfikirlilik mövqeyindən çıxış etmişlər. Böyük Fransa inqilabı ərəfəsində azadfikirliliyin ən tanınmış nümayəndələrindən biri dinin tənqidində görkəmli rol oynayan Volter olmuşdur. Həmin dövrdə azadfikirlilik ənənələrini tanrı ideyasını inkişaf etdidən Lametri, Holbax, Didro və başqaları ardıcıl inkişaf etdirmişlər. Sonralar dini məsələri maneəsiz müzakirə etmək cəhdləri XVIII–XIX əsrlər burjua inqilabları ideoloqlarının müxtəlif ölkələrdə irəli sürdükləri vicdan azdlığı tələbində ifadə olunmuşdur. XVIII əsrdə Rusiyada azadfikirlilik ideyalarını Mixail Lomonosov, İvan Tretyakov və başqaları parlaq ifadə etmişlər. Azadfikirlilik Aleksandr Radişevin bütün yaradıcılığına xasdır. Dekabristlərin bir çoxu da, məsələn, Pyotr Borisov, Aleksandr Baryatinski, İvan Yakuşin və başqaları, azadfikirlilik mövqeyində çıxış etmişlər.[1]
XIX əsrin ikinci yarısından Qərbi Avropa ölkələrində və Rusiyada məşhur təbiətşünas alimlər azadfikirlilik prinsiplərini müdafiə etmiş və əsaslandırmışlar. Onların arasında mistikaya və rəsmi dinə qarşı mübarizə aparan alman bioloqu Erix Hekkel görkəmli yer tutur. XIX–XX əsr Qərb cəmiyyətində bir çox elm və mədəniyyət xadimi dinin qaba formalarına qarşı çıxmış, çox vaxt onun ehkam və mərasimlərini qəbul etməmiş, lakin adətən dini, dünyagörüşü kimi, bütünlükdə rədd etməmişlər. Bəzi kapitalist ölkələrində mütərəqqi və antiklerikal ruhlu ziyalıların bir qismi maarifçiliklə məşğul olan, bu sahədə ədəbiyyat buraxan xüsusi cəmiyyətlərdə birləşərək azadfikirlilik və rasionalizm mövqeyindən çıxış etmişlər. Bir sıra kapitalist ölkəsinin mütərəqqi ziyalıları xüsusi azadfikirlilər cəmiyyətləri yaratmışlar. Bu milli cəmiyyətlər 1880-ci ildə Brüsseldə yaranmış Ümumdünya Azadfikirlilər İttifaqında, 1952-ci ildə Amsterdamda yaradılmış Beynəlxalq Humanizm və Etika İttifaqında birləşmişdir.[1]
Azərbaycanda azadfikirlilik feodalizmin ilk dövrlərində zərdüştilik və xristianlıq ehkamlarına qarşı çıxan manilik, məzdəkilik, pavlikançılıq və s. təlimlərdə, sonrakı dövrlərdə isə islamın siyasi və nəzəri əsaslarına qarşı mübarizədə təzahür etmişdir. Xürrəmilik, sufilik, ismailik, hürufilik və s. kimi ictimai-fəlsəfi cərəyanlarda, şifahi xalq ədəbiyatında, məsələn, "Kitabi-Dədə Qorqud" dastanında və s., Bəhmənyar, Nizami, Xaqani, Məhsəti, Eynəlqüzat, Şəbüstəri, Nəsimi, Füzuli və s.ş kimi şair və mütəfəkkirlərin əsərlərində azadfikirlilik ideyaları qabarıq şəkildə ifadə olunmuşdur. İslam ideoloqları hər cür azadfikirliliyi boğurdular. Eynəlqüzat, Nəimi, Nəsimi və başqaları bu təqibin qurbanı olmuşlar. XIX əsrdə Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy və başqalarının görüşlərində azadfikirlilik mühüm yer tutmuş, Mirzə Fətəli Axundovun yaradıcılğında mübariz ateizm mövqeyinədək yüksəlmişdir.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Азадфикирлилик // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 133.
Əlavə ədəbiyyat
redaktə- Alexander, Nathan G. (2019). Race in a Godless World: Atheism, Race, and Civilization, 1850-1914. New York/Manchester: New York University Press/Manchester University Press. ISBN 978-1526142375
- Alexander Nathan G. "Unclasping the Eagle's Talons: Mark Twain, American Freethought, and the Responses to Imperialism." The Journal of the Gilded Age and Progressive Era 17, no. 3 (2018): 524–545.
- Bury, John Bagnell. (1913). A History of Freedom of Thought. New York: Henry Holt and Company.
- Jacoby, Susan. (2004). Freethinkers: A History of American Secularism. New York: Metropolitan Books. ISBN 0-8050-7442-2
- Putnam, Samuel Porter. (1894). Four Hundred Years of Freethought. New York: Truth Seeker Company.
- Royle, Edward. (1974). Victorian Infidels: The Origins of the British Secularist Movement, 1791–1866. Manchester: Manchester University Press. ISBN 0-7190-0557-4
- Royle, Edward. (1980). Radicals, Secularists and Republicans: popular freethought in Britain, 1866–1915. Manchester: Manchester University Press. ISBN 0-7190-0783-6
- Tribe, David. (1967). 100 Years of Freethought. London: Elek Books.