Azerbaycan Dovlet Film Fondu - Wikipedia
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Azərbaycan Respublikası Dövlət Film Fondu (ARDFF) — "Azərkinovideo" İstehsalat Birliyininin nəzdində Azərbaycan Nazirlər Kabinetinin 22 dekabr 1993-cü il tarixli sərəncamına əsasən yaradılmış, 1994-cü ildən fəaliyyət göstərən və Bakıda yerləşən film fondu. 1999-cu ildə Beynəlxalq Kino Arxivləri Federasiyasının (FİAF) üzvü seçilmişdir.
Azərbaycan Dövlət Film Fondu | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılma tarixi | 22 dekabr 1993 |
Baş qərargah | |
Rəsmi saytı | filmfond.az |
Fəaliyyəti
redaktəFond Beynəlxalq Kino Arxivləri Federasiyasının tövsiyələri əsasında beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərir. Federasiyanın Brüssel şəhərində yerləşən qərargahı ilə müntəzəm olaraq əlaqə saxlayan fond, onlardan müxtəlif adda kino ədəbiyyatları, dünya kinosunda arxiv işinin təşkili və bu sahənin inkişafındakı yeniliklər haqqında informasiyalar alır.[1]
Fondun fəaliyyəti özündə 5 əsas istiqaməti birləşdirir:
- Filmlərin bərpası və qorunması
- Milli və xarici kino sənətinin təbliği
- Arxiv material-faktlarının toplanması
- Elmi – tədqiqat və araşdırma işlərinin aparılması
- Beynəlxalq əlaqələr üzrə işlərin aparılması[2]
64.372 saxlanma vahidi həcmində film materialları, 20 minə yaxın müxtəlif fotosənədlər, 14 minə yaxın orijinal sənəd, eksponat və materiallar (filmlərin ədəbi və rejissor ssenariləri, montaj vərəqələri, diplom və prizlər və s.) Dövlət Film Fondunda qorunub saxlanılır. Eyni zamanda filmlər üzərində elmi əsaslı tədqiqat işləri də aparılır. 119 il bundan öncə çəkilmiş, Azərbaycan milli kinosunun əsasını təşkil edən ilk xronikal kadrların ("Bibiheybətdə neft fontanı yanğını" və "Balaxanıda neft fontanı", 1898-ci il) Fransanın kino arxivindən gətirilərək ARDFF-də saxlanılır. 2008-ci ildən başlayaraq ildə bir dəfə Film Fondunda qorunan ekran əsərlərindən bəhs edən "Kinobülleten" nəşr edilir, kitablar çap olunur.[3] Bu kitablar, bülleten FİAF-ın xətti ilə təşkilatın üzvlərinə göndərilir.[2]
Dövlət Film Fondunun əsas istiqamətlərindən biri də milli və xarici filmlərin təbliğatıdır. Bununla bağlı hazırlanan tədbirlər proqamı əsasında kino xadimlərinin yaradıcılıq gecələri və yubileyləri keçirilir. Azərbaycan, rus və ingilis dillərində nəşr olunan, həmçinin elektron versiyası hazırlanan filmlərin kataloqu da təbliğat fəaliyyətinin bir parçasıdır. Bəstəkar Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev və Müslüm Maqomayevin fotosənədlərinin neqativləri və pozitivləri Rusiya Federasiyası, Kanada, Gürcüstan və digər ölkələrdən Fonda gətirilmişdir. Ukraynanın Simferopol arxivindən Azərbaycanın ilk kinoaktyorlarından biri olan Xeyri Əmirzadənin sənədlərinin nüsxələri, ABŞ-dən Azərbaycanın ilk kinoaktrisası İzzət Orucovanın foto və arxiv sənədləri, "Sevil" bədii filminin (1929) çəkilişləri ilə bağlı sənədlər Fonda daxil olmuşdur. Axtarışlar zamanı bir neçə itmiş nadir səssiz filmlər tapılmışdır: "Əvəz-əvəzə" (1925), "Vulkan üzərində ev" (1928) (aktyor Ələsgər Ələkbərov ilk dəfə bu filmdə çəkilmişdir), "İki yoldaş" (1934), "Dəcəl dəstə" (1937, filmin quruluşçularından biri Şərqdə ilk qadın kinorejissor olan azərbaycanlı Qəmər Salamzadədir) və s. kinolentləri.
1939-cu ildə "Azərfilm" kinostudiyasında rejissor Mikayıl Mikayılovun çəkdiyi, lakin itmiş hesab olunan "Hazır ol" bədii filmindən bir parça, XX əsrin əvvəllərində "Pate" firmasının çəkdiyi, XIX əsrin sonlarında dəbdə olan qadın modalarının nümayişini əks etdirən kiçik çarx, 1946-cı ildə Nikitçenko qardaşlarının mürəkkəb quraşdırma üsulu ilə lentə alınmış məşhur "Yabloçko" rəqsini əks etdirən kinolent tapılıb DFF-yə təhvil verilmişdir.[2]
Fondda kino tarixi ilə bağlı qorunan fotoların sayı 12 mindən çoxdur. "Qız qalası" (1924), "Bismillah" (1925), "Sevil" (1929), "Lətif" (1930), "İsmət" (1934), "Mavi dənizin sahilində" (1935), "Almaz" (1936), "Bakılılar" (1938), "Kəndlilər" (1939), "Səbuhi" (1941), "Arşın mal alan" (1945 və 1965), "Fətəli xan" (1947), "Bakının işıqları" (1950), "Bəxtiyar" (1955), "O olmasın, bu olsun" (1956) və s. bədii, yüzlərlə sənədli, elmi-kütləvi, animasiya, Azərbaycan dilinə dublyaj olunmuş xarici filmlər, "Mozalan" satirik kinojurnalının sayları və s. kinolentlər (1990-cı ilə qədər istehsal olunmuş Azərbaycan xronikal-sənədli filmlər Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivində saxlanılır) daxil olmaqla fondda 11100 adda Azərbaycan və dünya kino əsərlərinin orijinalları və nüsxələri saxlanılır. Filmlərdən əlavə fondun arxivində kino sənətkarları ilə bağlı sənədlər, onların əlyazmaları, filmlərin istehsalına aid sənəd və materiallar, filmlərin ədəbi ssenarilər, montaj vərəqələri, rejissor ssenariləri, diplom və prizlər qorunub saxlanılır. Film Fondunda filmlərin saxlanma şəraiti qənaətbəxş olduğundan kinorejissor Şamil Nəcəfzadə öz filmlərini, tanınmış kinorejissor Ayaz Salayev özünün çəkdiyi "Yarasa" filmini, Afaq Bəşirqızı atası Bəşir Səfəroğlunun Tacikistanda çəkildiyi "Molla Nəsrəddinin 12-ci qəbri" filmini Fonda hədiyyə edib, Niyazi Bədəlovun filmləri ailəsi tərəfindən Fonda təqdim edilmişdir.
Fondun tərkibində eyni zamanda muzey də fəaliyyət göstərir. Bu muzeydə kino sənətimizin maraqlı eksponatları, xarici qonaqların Film Fonduna bağışladığı hədiyyələr, tanınmış şəxslərin şəxsi arxivi, bəzi rejissorların şəxsi əşyaları və s. mühafizə olunur. 2009-cu ilin sonunda ARDFF-də Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq Uşaq Kino Evinin açılışı olmuşdur.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Dövlət Film Fondu" (az.). medeniyyet.az. 18.02.2011. 2021-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.
- ↑ 1 2 3 "Azərbaycan Dövlət Film Fondu" (az.). filmfond.az. 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.
- ↑ "Dövlət Film Fondunun saxlama vahidi 65 mini ötüb" (az.). az.trend.az. 8 yanvar 2018. 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.